Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-785/2024 29.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar oğlunın sədrliyi, Rüstəmov Turan Adil oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanı üzrə Cavabdeh tərəfindən hesablanmış 777.6 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Cavadxan küçəsi, 2-döngə, 2 saylı evin 4 saylı mənzili onun xüsusi mülkiyyətimdədir. Qeyd edilən mənzildə 2012-ci ildən etibarən heç kəs yaşamamışdır. Həmin mənzilə qaz sayğacı qoyulan zaman evdə heç kəsin yaşamadığını bildirmişlər. Lakin sayğac onların iştirakı olmadan qoyulduqdan sonra ödəniş kartının qaz idarəsində olduğu bildirilmiş və gedib oradan götürməli olduğu və aktivləşdirməli olduğu bildirilmişdir. Həmin kart sonradan onlar tərəfindən götürülmüş, evdə ustaların işləməsi səbəbindən bir neçə dəfə kiçik məbləğdə pul ödənilmişdir. Sonuncu dəfə 2018-ci ildə sayğaca pul vurulmuşdur. 2023-cü ilin sentyabr ayında evdə yaşamağa başladıqda qaz sayğacına pulun qoyulmasının mümkün olmadığı görmüş və bununla əlaqədar cavabdeh orqana müraciət etmişdir. Onlar bildirdilər ki, sayğacın müddəti bitdiyindən sayğac dəyişilməlidir. Sayğac müddətin bitməsi ilə əlaqədar dəyişdirildi. Sonradan məlum olmuşdur ki, 2012-ci ildə həmin yeni sayğac qoyulan zaman evdə olan qaz xətləri nəzərə alaraq 370,5 manat qalıq borc yazılmışdır. Sonradan 2023-cü ildə sayğacın müddətinin bitməsi ilə bağlı dəyişdirildikdən sonra isə guya ki, tərəfindən sayğaca müdaxilə ilə əlaqədar olaraq 777,60 manat borc pul yazılmışdır. Sayğac insan əlinin çatmayacağı qədər yüksəklikdə yerləşdirilmişdir, ona hər hansısa bir formada müdaxilə mümkün deyil. Üstəlik həmin ünvanda heç bir yaşayış olmamışdır. Qaz sərfiyyatından başqa həmçinin, elektrik enerjisindən və sudan istifadə ilə əlaqədar da heç bir ödəniş edilməmişdir. Sayğaca baxış zamanı sayğacın klapanın işlək olmaması, birləşmələrin korroziyaya uğradığı aşkar edilmişdir. Buna uyğun olaraq xx.xx.2023-cü ildə qaz sayğacı dəyişilmişdir. Bundan başqa, cavabdehdən aldığı sənədlərdən bəlli olur ki, xx.xx.2011-ci il tarixdə ALARM-1 rejim aşkar olunmaması, xətaların normadan artıq olması, sayğacın istismara yararsız olması aşkar edilmişdir. Qaz itkisi, müdaxilə nəticəsinə gəlinmişdir. Sonrakı yoxlama zamanı xx.xx.2022-ci il tarixdə ALARM-1 rejimi aşkar olunması, daxilində elektron hissəyə impuls ötürücü çarxın aşkar edilməməsi, mexaniki hissədə göstərici çarxlarının biri digərinə ötürücülüyü yapışqan vasitəsilə saxlanılmasının, sayğacın istismara yararsız olmasının aşkar olunması qeyd edilmişdir. Lakin bu müddət ərzində cavabdeh orqan yalnız susmaqla kifayətlənmiş, heç bir hərəkət edilməmişdir. Hazırda heç bir günahı olmadan hər hansısa bir mövcud olmayan ziyanın ödənilməsini tələb edilməsini qanunsuz hesab edir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** saylı, xx.xx.2020-ci il tarixli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Cavadxan küçəsi, 2-ci döngə, ev 2 ünvanında yerləşən 4 nömrəli mənzil İddiaçı mülkiyyətindədir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli aktın surətinə əsasən, Cavabdeh İB-nin 14-2-2/3-5- 9852 Q-001 rəyinə əsasən sayğacın klapanı işlək deyil, yivli birləşməsində korroziya izi mövcuddur. Dəymiş ziyan hesablansın və abonent tərəfindən ödənilsin. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “X1 dair” tələbnamənin surətindən görünür ki, 6480 kub/metr qaz sərfiyyatına görə dəymiş ziyanın ödənilməsi tələb edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Abonent saldosundan görünür ki, **********00027 abonent kodu üzrə 2023-cü ilin oktyabr ayında 777.6 manat borc hesablanmışdır. İş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı yaşadığı ünvan 2 ünvanında quraşdırılmış İtron G-4 markalı 1702AZ**********16 nömrəli qaz sayğacı Zenner G-4 **********7 qaz sayğacı ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəf iddiaçıya borc hesablasa da, qaz sayğacına qaz abonenti tərəfindən müdaxilə edilməsi və ya həmin borcun əsaslı hesablanması faktını təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Bütün bunlar isə cavabdeh tərəfindən mülki hüquqdan sui-istifadədir. İddiaçının abonent koduna vurulmuş itirilmiş qazın dəyərinə görə 777.6 manat borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Beləliklə, məhkəmə hesab edir ki, saygac çıxarılan zaman onda hər hansı qüsurun olması və ya abonent tərəfindən müdaxilə edilməsi ilə bağlı heç bir qeyd aparılmadığından, həmin vaxt sayğaca müdaxilə olunması X2 əməkdaşları tərəfindən aşkar olunmadığından, ümumiyyətlə bundan sonra saygacın hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, hansı akt əsasında ziyan hesablanması sübut olunmadığından, sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunub-olunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən, iddiaçının tələbi haqlı olmaqla təmin edilməli, onun adına hesablanmış 777.6 manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. ünvan 1 ünvanı üzrə qaz sərfinə görə hesablanmış 777 (yeddi yüz yetmiş yeddi) manat 60 (altmış) qəpik borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-785/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-785/2024
29.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver