Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-805/2025 12.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı ******* və ******* nömrəli aktlar əsasında hesablanmış məbləğin silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qanunsuz və əsassız hesablanmış 40200 m3 qaz sərfiyyatına görə hesablanmış 4824 manat borcun onun üzərindən silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə saat 16:40-da ona məxsus ünvan 1, ev 97 fərdi yaşayış evində ******* nömrəli akt tərtib etmişlər. Həmin aktda qeyd olunmuşdur ki, sayğacdan əlavə kənar xətt aşkar edilmişdir və baxış zamanı aşağıdakı qaz işlədicilər qeyd edilməklə, cəmi 26352 m3 ziyan hesablanmışdır. Aktda qaz işlədici avadanlıqların paramttrləri aşağıdakı kimi göstərilmişdir.
1. QSQ (iran istehsalı) maksimal saatlıq qaz sərfi 1,5 m3 x 24 saat x 180 gün=6480 m3 2. PQ-3 maksimal saatlıq qaz sərfi 0,8 m3 x 24 saat x 360 gün=6912 m3 3.İran sobası maksimal saatlıq qaz sərfi 1,5 m3 x 24 saat x 360 gün=12960 m3 . Beləliklə, ona məxsus evində sayğacdan kənar əlavə bir kənar xətt olmuş və həmin xətt cavabdeh tərəfindən ləğv edilmişdir. Lakin cavabdeh təşkilat qaz sərfiyyatını və hesabat müddətini real zərərə uyğun hesablamamışdır. Aktda qeyd edilən qaz işlədicilərinin hamısının orta iş rejimi 24 saat, hesabat müddəti bir qaz işlədici avadanlığa görə 180 gün, digər qaz işlədici avadanlıqlara görə 360 gün hesablanmışdır. Halbuki, heç bir qaz işlədici 24 saat işləmir. Hesabat müddətini isə 180 və 360 günlük qeyd etmələri heç bir normativ hüquqi akta əsaslanmadığından qanunsuzdur. Bundan başqa cavabdeh tərəfindən qaz sayğacının elementinin dəyişdirilməsi məqsədilə 2024-cü ilin əvvəlində qaz sayğacı sökülmüşdür. Sayğac quraşdırıldıqdan sonra ona ötən ildəki kimi sayğacdan kənar qanunsuz xəttin istifadə edildiyi barədə xx.xx.2024-cü il tarixli, ******* nömrəli akt tərtib edilmişdir. Həmin aktın tərtib edilməsində onun iştirakı olmamışdır. Akt əsasında hesablanmış dəymiş ziyan tamamilə qanunsuz və əsassızdır. Aktda qaz işlədici avadanlıqların parametrləri aşağıdakı kimi göstərilmişdir. 1. QSQ (iran istehsalı) maksimal saatlıq qaz sərfi 1,2 m3 x 12 saat x 360 gün=5184 m3 2. PQ-4 maksimal saatlıq qaz sərfi 1,4 m3 x 12 saat x 180 gün=3024 m3 3.Tutumlu su qızdırıcı maksimal saatlıq qaz sərfi 1,5 m3 x 12 saat x 360 gün=6480 m3 . Cavabdeh tərəfindən itirilmiş qazın bərpası üçün dəymiş ziyan tələbnaməyə görə cəmi 14688 m3 qaz sərfiyyatı (1762,56 manat) hesablanmışdır. Həmin hesablama real zərəri əks etdirmir. Akt əsasında hesablanmış tələbnamə cavabdehin qərəzçiliyini əks etdirir. Belə ki, hər iki akt müqayisə olunduqda görünür ki, xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktda göstərilən qaz işlədici avadanlıqlar ilə xx.xx.2024-cü il tarixli, ******* nömrəli aktda göstərilən qaz işlədici avadanlıqlar, onların maksimal saatlıq qaz sərfiyyatı və hesabat müddəti arasında kəskin ziddiyyət vardır. xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktda PQ-3 (3 gözlü qaz sobası) qeyd olunmuş, amma xx.xx.2024-cü il tarixli, ******* nömrəli aktda PQ-4 (4 gözlü qaz sobası) kimi qeyd edilmişdir. Həmçinin hər iki aktda qaz işlədici avadanlıqların maksimal saatlıq qaz sərfi fərqlidir. Bundan başqa hər iki aktda qaz işlədici avadanlıqların hesabat müddətləri həm fərqli, həm də 180 və 360 günlük qeyd edilməsi heç bir normativ hüquqi akta əsaslanmadığından qanunsuzdur. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib izahatında göstərdi ki, onlar hazırki yaşadıqları evə köçməmişdən əvvəl qaz sayğacı darvazanın girişindən solda küçəyə tərəf evin fasadında quraşdırılmışdır. Lakin sonradan evdə təmir işləri ilə əlaqədar sayğacın yeri dəyişdirilək evin arxa tərəfində quraşdırılmışdır. Bununla bağlı sayğac sökülərkən evə daxil olan əvvəki giriş borusu bağlanaraq istifadəsiz şəkildə yerində qalmışdır. İkinci dəfə isə eyni əsasla akt tərtib olunmuş, həmin vaxt iştirak etməmiş, akta qol çəkməmişdir. Qaz idarəsinin əməkdaşları getdikdən sonra ona məlumat gəlmişdir ki, qanunsuz qoşulma aşkar edildiyinə görə cərimə yazmışdırlar. Bundan sonra qazın verilməsi dayandırılmış, qaz olmadığına görə gedib başqa evdə yaşamışdırlar. Əlavə qoşulma olmadığı halda cavabdeh tərəfindən qanunsuz olaraq cərimə yazıldığını qeyd edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehnə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********42-10301 reyestr nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 97 nömrəli fərdi yaşayış evi xüsusi mülkiyyətdə olmaqla İddiaçı adına rəsmi reyestrdə qeydə alınmışdır. Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, qazın alqı-satqısı ilə bağlı tərəflər arasında müqavilə bağlanmışdır. Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, aktda qeyd olunmuşdur ki, baxış zamanı sayğacdan kənar xəttdən istifadə edilməsi aşkar olunmuşdur. Aktda istehlakçı Tahirə Qurbanovanın iştirakı göstərilsə də, istehlakçı aktı imzalamamışdır. xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, 26352 m3 itirilmiş qaz sərfiyatına görə dəymiş ziyanın məbləği tələb olunmuşdur. Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, aktda qeyd olunmuşdur ki, abonent küçə daşıyıcı qaz xəttindən sayğacdan kənar əlavə xəttdən istifadə edir. Aktda istehlakçı Tahirə Qurbanovanın iştirakı göstərilsə də, istehlakçı aktı imzalamamış, imzalamamasının səbəbi imtina etməsi kimi göstərilmişdir. xx.xx.2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, 14688 m3 itirilmiş qaz sərfiyatına görə dəymiş ziyanın məbləği tələb olunmuşdur. **********00000 nömrəli abonentin saldosundan görünür ki, abonentin qaz sərfiyyatı akt tərtib olan ayda uəni 2023-cü ilin yanvar ayında 315 m3, 2024-cü ilin fevral ayında 209 m3 olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İşin hallarından görünür ki, tərəflər arasında olan hüquq münasibəti qazın alqı-satqısı barədə müqavilə öhdəliyindən əmələ gələn münasibət olsa da, mübahisə iddiaçının sayğacdan kənar əlavə xəttdən istifadə etməklə itirilmiş qaz sərfiyatına görə dəymiş zərərlə bağlıdır. Ona görə də tərəflər arasındakı mübahisəyə müqavilə öhdəliklərini deyil, deliktlərdən yaranan öhdəlikləri tənzimləyən hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 1096.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsində göstərilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Deliktlərlə əlaqədar yuxarıda şərh olunmuş hüquq normalarının məzmunundan görünür ki, mülki hüquq pozuntusu ilə (deliktlə) əlaqədar mülki məsuliyyət o halda yaranır ki, təqsirli şəxsin qanuna zidd əməli nəticəsində hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmuş olsun və təqsirli şəxsin qanuna zidd əməli ilə vurulmuş ziyan və ya zərər arasında səbəbli əlaqə olmuş olsun. Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli aktlarda qeyd olunmuşdur ki, abonent Tahirə Qurbanova tərəfindən sayğacdan kənar əlavə xəttdən istifadə edilir. Məhkəmə xx.xx.2024-cü il tarixdə abonent İddiaçı (iddiaçının) yaşadığı ünvana baxış keçirmiş, baxış zamanı müəyyən olunmuşdur ki, əvvəllər qaz sayğacı iddiaçının yaşadığı evin darvazasının girişindən solda küçəyə tərəf evin divarında quraşdırılmışdır. Lakin sonradan evdə təmir işləri ilə əlaqədar sayğacın yeri dəyişdirilərək evin arxa tərəfində quraşdırılmışdır. Bununla bağlı sayğac sökülərkən evə daxil olan əvvəki giriş borusu bağlanaraq istifadəsiz şəkildə yerində qalmışdır. «Qaz təchizatı haqqında» Qanunun 20-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı, Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinə görə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Həmin Qaydaların 6.5-4-cü bəndinə görə qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Cavabdeh Azəriqaz» İstehsalat Birliyinin əməkdaşları xx.xx.2023-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə aktlar tərtib edərək iddiaçının sayğacdan kənar şəbəkəyə qoşulmasını qeyd etsələr də, keçən müddət ərzində hər hansı tədbir (iddiaçının şəbəkədən ayrılması, qoşulan xəttin kəsilməsi) görülməmiş, yalnız akt tərtib olunaraq zərər hesablanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 77.1ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddiaçının sayğacdan kənar təbii qazdan istifadə etməsi, məhkəmə araşdırması zamanı sübut olunmadığından iddia təmin olunmalı, xx.xx.2023-cü il tarixli, ******* saylı akt üzrə 26352 m3 itirilmiş qaz sərfiyyatına görə İddiaçı hesablanmış 3162,24 manat pul və xx.xx.2024-cü il tarixli, ******* saylı akt üzrə 14688 m3 itirilmiş qaz sərfiyyatına görə hesablanmış 1762 manat pul silinməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən ödənilməmiş 68,24 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutub məhkəmə,
qət etdi : İddia təmin edilsin. xx.xx.2023-cü il tarixli, ******* saylı akt üzrə 26352 m3 itirilmiş qaz sərfiyyatına görə İddiaçı hesablanmış 3162,24 manat pul və xx.xx.2024-cü il tarixli, ******* saylı akt üzrə 14688 m3 itirilmiş qaz sərfiyyatına görə hesablanmış 1762 manat pul silinsin. Cavabdehndən dövlət rüsumu hesabına 68,24 manat alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Cavid Tağıyev