Məhkəmə qərarları › İş №2(125)-908/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-908/2024

15.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-908/2024 15.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X10 Şakir oğlunun sədrliyi, X4 iclas katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı «borcun silinməsi» tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın ləğv edilməsi, ona yazılmış 1555,20 (bir min beş yüz əlli beş manat iyirmi qəpik) manat məbləğində cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra İddiaçı nümayəndəsi Nümayəndə məhkəmənin 23 yanvar 2024-cü il tarixində keçirilən hazırlıq iclasında “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, Cavabdeh tərəfindən hesablanmış 1555,20 (bir min beş yüz əlli beş manat iyirmi qəpik) manat məbləğində borcun silinməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən evi 05 noyabr 2022-ci il tarixli, İG/39 saylı alqı-satqı və ipoteka müqaviləsinə dair əlavə razılaşma №1-ə əsasən X1 almış və ********** qeydiyyat nömrəli, 23 noyabr 2022-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında dövlət reyestrindən çıxarışa əsasən ev onun mülkiyyətindədir. Mülkiyyətində olan Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən evinin qaz sayğacının yoxlanılması ilə əlaqədar əsassız olaraq ona 31 mart 2023-cü il tarixli, ******* saylı akta əsasən qanunsuz olaraq 1555,20 manat məbləğində cərimə hesablanmışdır. Bu barədə o, qazın pulunu ödəyərkən artıq çıxılan məbləğ əsasında bilmişdir. Məsələ ilə bağlı 06 dekabr 2023-cü il tarixdə X11 İstismarı İdarəsinə müraciət etmiş və 07 dekabr 2023-cü il tarixdə idarə tərəfindən ona müraciəti əsasında ünvanlanmış məktubda sözügedən ünvan AGİS bazasında kod:**********00080 olmaqla onun adına qeydiyyata alındığı, ünvanına quraşdırılmış G-4 markalı öncədən ödənişli “İtron” tipli 1402AZ**********42 zavod nömrəli qaz sayğacı 24 avqust 2022-ci il tarixində çıxarılması, yoxlanılmağa göndərilməsi, qaz sayğacının yoxlanılması barədə 28 fevral 2023-cü il tarixli, MSK-14-2-2/3- 5-1114-1 saylı rəyinə əsasən sayğacın çıxış plastmas borusunun deşilməsi, sayğacın istismara yararsız olması, bu səbəbdən ona 12960 m3 həcmində 1555,20 manat dəyərində qaz sərfi olaraq dəymiş ziyan hesablanmışdır. Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən evi 05 noyabr 2022-ci il tarixdə aldığından, sayğac X7 əməkdaşları tərəfindən dəyişdirilərək yenisi ilə əvəz edilməsi barədə onun xəbəri olmamışdır. Qaz sayğacı 24 avqust 2022-ci il tarixində çıxarılması, yoxlanılmağa göndərilməsi barədə həmin tarixdə tərtib olunmuş aktdan da görünür ki, akt X7 əməkdaşları tərəfindən evin mülkiyyətçisi X2 iştirakı olmadan Bayramov Xəyal adlı şəxsin iştirakı ilə tərtib edilmiş və onun tərəfindən imzalanmışdır. Bu gün mülkiyyətində olan Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən evin qaz sayğacının yoxlanılması ilə əlaqədar əsassız olaraq ona 31 mart 2023-cü il tarixli, ******* saylı akta əsasən qanunsuz olaraq 1555,20 manat məbləğində cərimə hesablanmışdır. Sözügedən akt onun iştirakı olmadan tərtib edilmiş, həmin aktdan onun xəbəri olmadığı halda onun əvəzinə imza hissəsində “imtina” kimi qeyd edilmişdir. Həmçinin, o, Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən evin 05 noyabr 2022-ci il tarixli alqı-satqısından sonra “ASAN Xidmət”-də həmin evin sayğacını öz adına keçirən zaman X11 İstismarı İdarəsinin nümayəndələri ona qaz borcu ilə bağlı heç bir cərimə və ya borcunun olmadığını bildirmişlər ki, bunun məlum olması təbii ki, mümkün deyildi, çünki həmin cərimə aktı 31 mart 2023-cü il tarixdə tərtib edilmişdir. Onun tərəfindən sayğaca müdaxilənin edilməsi araşdırılmalı və sübuta yetirilməlidir. Hesab edir ki, ona hesablanmış cərimənin silinməsi qanunidir. Onu da qeyd etmək istəyir ki, qanunsuz olaraq hesablanmış cərimə nəticəsində, iddia ərizəsinə əlavə edəcəyi 01 yanvar 2023-cü il tarixdən 14 dekabr 2023-cü il tarixədək olan ödəniş cədvəlindən göründüyü kimi o, əlavə olaraq 31,1 manat məbləğində əlavə pul ödəmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddia tələbini müdafiə edərək əlavə olaraq bildirdi ki, oğlu İddiaçı abonent kodu **********00080 olan Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən evi 05 noyabr 2022-ci il tarixli, İG/39 saylı alqı-satqı və ipoteka müqaviləsinə dair əlavə razılaşma 01-ə əsasən X1 almışdır. Cavabdeh orqanın əməkdaşları tərəfindən həmin evə məxsus qaz sayğacı İddiaçı adına keçirilən zaman ona borcun olmadığı bildirilmişdir. Belə ki, oğlu İddiaçı sözügedən evi almamışdan 3 ay əvvəl cavabdeh orqanın əməkdaşları tərəfindən həmin evə məxsus qaz sayğacına baxış keçirilmiş, sayğac dövri yoxlama müddəti başa çatdığı üçün yenisi ilə əvəz edilmiş və bu barədə “Qaz sayğacının çıxarıması, quraşdırılması və istismara qəbulu haqqında” 24 avqust 2022-ci il tarixli, ******* nömrəli akt tərtib edilmişdir. Adıçəkilən akt da evin əvvəlki mülkiyyətçisi Fətəliyev Fərruxun deyil, “Bayramov Xəyal” adlı şəxsin iştirakı ilə tərtib edilmişdir. Sayğac əvəz edildikdən 7 ay sonra keçirilmiş yoxlama zamanı sayğacın plasmas borusunun deşildiyi, xətaların normadan artıq olması, sayğacın istismara yararsızlığı müəyyən edilmiş və “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli, 31 mart 2023-cü il tarixli akt tərtib edilmişdir. Sözügedən aktda guya oğlu İddiaçı aktı imzalamaqdan imtina etməsi qeyd edilmişdir. Halbuki, sözügedən akt tərtib edilən zaman oğlunun iştirakı təmin edilməmiş və aktı imzalamaqdan imtina etməmişdir. Bundan başqa, oğluna məxsus qaz sayğacı küçədə quraşdırılmış, belə olduğu halda qaz sayğacının işlək vəziyyətdə qalması üçün də məsuliyyəti İddiaçı daşımır. Həmçinin, İddiaçı tərəfindən qaz sayğacına heç vaxt hər hansı bir müdaxilə edilməmişdir. Belə olduğu halda 1555,20 manat məbləğində cərimənin yazılması absurddur. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, Cavabdeh nümayəndəsi üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib və məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; 07 dekabr 2023-cü il tarixli, 14-2-2-14/2-Q-xx-xx/2023-335 nömrəli müraciətinə baxılması haqqında məktubunda vətəndaş İddiaçı bildirilmişdir ki, ünvanda quraşdırılmış G-4 markalı öncədən “İtron” tipli, 1402AZ**********42 zavod nömrəli qaz sayğacı xx.xx.2022-ci il tarixində çıxarılmış, Dövlət yoxlanılmasına göndərilmişdir. Qaz sayğacının yoxlanılması barədə xx.xx.2023-cü il tarixli, MSK-14-2-2/3-5-1114-1 saylı rəyinə əsasən sayğacın çıxış plasmas borusu deşilmişdir. Sayğac istismara yararsızdır. Bu səbəbdən ona 12960 m3 həcmində 1555,20 manat dəyərində qaz sərfi olaraq dəymiş ziyan hesablanmışdır. xx.xx.2023-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə xx.xx.2023-cü il tarixli, MSK-14-2-2/3-5-1114-1 nömrəli aktına əsasən G-4 markalı, 1402AZ**********42 nömrəli sayğacın çıxış plasmas borusu deşilmişdir. Mövcud qaz təsərrüfatının layihə-smeta və texniki icra sənədlərinin tələbinə uyğun yeni sayğacla əvəz edilməsi və itirilmiş qazın bərpası məqsədilə dəymiş ziyan hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlər icra olunması və G-4 markalı qaz sayğacının maksimal qaz sərfi 6m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğ ödənilməsi 6x24x90=12960 m3 cəmi 12960 m3. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 24 avqust 2022-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, “İtron” tipli, G-4 markalı, 1402AZ**********42 nömrəli sayğacın çıxarılma səbəbi “dövri yoxlama müddətinin başa çatması” göstərilmiş və “Zenner” tipli, G-4 markalı, **********548 nömrəli qaz sayğacı quraşdırılmışdır. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli, 31 mart 2023-cü il tarixli aktdan görünür ki, Gəncə RQİ-nin XS üzrə TQQ və XS-nin rəis müavini Turqay Oktay, mühəndis Avarov Müseyib, çilingər Məmmədov Elçin iştirakı ilə akt tərtib edilmişdir ondan ötrü ki, istehlakçıya məxsus qeyri yaşayış sahəsində xx.xx.2023-cü il tarixində təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və aşağıdakılar müəyyən olunmuşdur: Cavabdeh İB-nin MSK-14-2-2/3-5-1114-1 nömrəli rəyə əsasən sayğacın plasmas borusu deşilmişdir. Xətalar normadan artıqdır. Sayğac istismara yararsızdır. Dəymiş ziyanın hesablanması və abonent tərərfindən ödənilməsi tələb edilmişdir. Həmin akt Turqay Oktay, Avarov Müseyib və Məmmədov Elçin tərəfindən imzalanmış, istehlakçının nümayəndəsi “Quliyev A” tərəfindən aktın imzalanmasından imtina edilməsi qeyd edilmişdir. Fotoşəkillərdən görünür ki, iddiaçıya məxsus qaz sayğacı onun evinin həyət divarına bitişik, küçədə quraşdırılmışdır. **********00080 nömrəli abonent saldosundan görünür ki, istehlakçı İddiaçı təbii qazdan istifadə qaydalarının pozulmasına görə tərtib edilən akta əsasən ona 1555,20 manat borc yazılmışdır. 05 noyabr 2022-ci il tarixli, İG/39 saylı alqı-satqı və ipoteka müqaviləsinə dair əlavə razılaşma 01-in notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikasının qanunveriliyinə uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Bankının lisenziyası və öz nizamnaməsi əsasında fəaliyyət göstərən (birinci tərəf) "xxxx" ASC-nin Gəncə filialı, X5 şəxsində təmsil olunan, (ikinci tərəf) (bundan sonra – “Kreditor - İpoteka saxlayan”), İddiaçı Fizuli oğlu (bundan sonra – Alıcı – İpoteka qoyan”) və (üçüncü tərəf) X3 (bundan sonra – “Satıcı”) (bundan sonra ayrılıqda – “Tərəf”, birlikdə isə “Tərəflər” adlanacaq) xx.xx.2022-ci il tarixli, İG/39 saylı Alqı-satqı və İpoteka Müqaviləsinə (bundan sonra – “Müqavilə”) dair hazırki Əlavə Razılaşmanı (bundan sonra – “Razılaşma”) imzalamışlar. Daşınmaz Əmlakın Kreditor - İpoteka saxlayan və Alıcı-İpoteka qoyan arasında bağlanmış xx.xx.2022-ci il tarixli, İG/39 saylı Kredit müqaviləsi (bundan sonra – “Kredit müqaviləsi”) üzrə Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu (bundan sonra – “Fond”) vəsaiti hesabına verilmiş İpoteka kreditinin təminatı qismində çıxış etdiyinin nəzərə alaraq, Tərəflər razılığa gəlmişlər ki, Kredit müqaviləsi və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”na uyğun olaraq, İpoteka krediti üzrə tələb hüququ müvəkkil bank, yəni Kreditor-İpoteka saxlayan tərəfindən geri alındığı andan Kredit Müqaviləsinin 1.1-ci bəndi və Müqavilənin 1.6.3-cü bəndi üzrə kredit üzrə illik faiz dərəcəsi 20 faiz müəyyən ediləcəkdir. 23 noyabr 2022-ci il tarixli, ********** nömrəli, **********26-11301 reyestr nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən bağ evi tam pay olmaqla, İddiaçı mülkiyyətindədir. Məhkəmə iddia tələbi ilə bağlı gəldiyi nəticəsini aşağıdakı hüquq normalarına əsasən əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə görə qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını və ötürülməsini təşkil etməlidir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarının 3.1.5-ci bəndinə əsasən qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarının 3.1.3-cü maddəsinə əsasən qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalıdır. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının “Təbii qazın ölkədaxili tariflərinin tənzimləsi barədə” 28 noyabr 2016-cı il tarixli, 18 nömrəli qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş əlavənin cədvəl bölməsinin 4.1.1-ci sətirində əhali kateqoriyasına aid istehlakçılar üçün illik istehlak həcmi, yəni təbii qazın bir təqvim ili ərzində istehlak həcmi 1700 m3-dək (1700 m3 daxil) olan hissəsi üçün dəyəri 100,0, (ƏDV ilə, manat/min m3), 4.1.2-ci sətirində 1700 m3-dən çox olan hissəsi üçün dəyəri 200,0 (ƏDV ilə, manat/min m3) müəyyən edilmişdir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər İddiaçı faktiki yaşadığı və ona məxsus olan Gəncə şəhəri, Məhsəti qəsəbəsi bağ evində quraşdırılan qaz sayğacının plasmas borusunun deşilməsi ilə əlaqədar Cavabdeh əməkdaşları tərəfindən iddiaçının sayğaca müdaxilə etməsini mübahisələndirilmiş və hesab edilmişdir ki, Cavabdeh ******* nömrəli, 31 mart 2023-cü il tarixli aktı tərtib edərkən qanunvericiliyin tələblərini pozmuşdur. Cavabdeh nümayəndəsi isə məhkəmə iclasında iştirak etmədiyindən iddiaya münasibətini öyrənmək mümkün olmamışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, Cavabdeh isteklakçı olan iddiaçının yaşadığı və ona məxsus olan ünvanda yerləşən qaz sayğacı üçün borc hesablamışdır. Cavabdeh bu hərəkətini iddiaçı tərəfindən qaz sayğacına müdaxilə etməsi faktı ilə əsaslandırır. Lakin, iş materiallarından da görünür ki, cavabdeh istehlakçı olan iddiaçıya məxsus qaz sayğacına müdaxilə edilməsini təsdiq edən heç bir sübut təqdim etməmişdir. Qaz sayğacı çıxarılarkən tərtib edilmiş 24 avqust 2022-ci il tarixli, ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktda sayğacın plombunun və digər hissələrinin toxunulmazlığının pozulması, habelə sayğaca müdaxilə olunması barədə heç bir qeyd aparılmamış, sayğac dövri yoxlama müddətinin başa çatması ilə əlaqədar çıxarılmışdır. Sayğac çıxarıldıqdan 7 ay sonra aparılmış yoxlama nəticəsində sayğacın plasmas borusunun deşildiyi, xətaların normadan artıq olduğu və sayğacın istismara yararsızlığı müəyyən edilmiş və ******* nömrəli, 31 mart 2023-cü il tarixli akt tərtib edilmişdir. Lakin həmin akt qanunla nəzərdə tutulan qaydada tərtib olunmamış, bununla aktın qanuniliyi və onda qeyd edilən xüsusatların həqiqiliyi şübhə yaratmışdır. Eyni zamanda Cavabdeh əməkdaşları tərəfindən istehlakçının yaşadığı ünvanda qaz sayğacının yoxlanılması zamanı İddiaçı iştirakı təmin olunmamış, hal şahidləri baxışın keçirilməsinə cəlb edilməmişdir. Sayğaca müdaxilə olunmadan hesablama mexanizmində xəta aşkarlanmışdırsa, buna görə fiziki şəxs olan istehlakçı məsuliyyət daşımır. Eyni zamanda iş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, iddiaçıya məxsus qaz sayğacı evinin həyət divarında bayırda küçədə yerləşir bu da onu deməyə əsas verir ki, aşkarlanmış nöqsanın qaz sayğacına hər hansı kənar şəxslərin müdaxiləsi və ya təbii aşınma nəticəsində olmasını istisna etmir. Cavabdehin abonentə borc hesablaması üçün abonentin təqsiri üzündən təbii qazdan qanunsuz istifadə faktını sübuta yetirməsi lazımdır. Cavabdeh isə həmin halı sübuta yetirə bilməmişdir. Cavabdeh tərəfindən tərtib edilmiş aktda göstərilən qüsur cavabdehə əsas vermir ki, iddiaçının sayğaca müdaxilə etdiyini güman edərək sonuncuya əlavə sərfiyyat hesablasın. İşlək sayğacın quraşdırılması və onun işlək vəziyyətdə qalması üçün məsuliyyət qaz paylayıcısının üzərinə düşdüyündən, cavabdeh öz üzərinə düşən vəzifələri icra etmədiyindən Cavabdeh tərəfindən İddiaçı 1555,20 (bir min beş yüz əlli beş manat iyirmi qəpik) manat borc heç bir faktiki və hüquqi əsasa söykənmədən hesablanmışdır. Bu baxımdan məhkəmə iddiaçının iddia tələbində qeyd etdiyi dəlilləri ağlabatan hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, 26 iyul 2007-ci il, § 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (bax, Gavazov v. Bulgaria, No. 54659/00, 06 mart 2008-ci il, § 93). Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki,cavabdeh tərəfindən tutarlı əsas gətirilmədən və faktiki olaraq cavabdehin işçilərinin lazımi dəqiqləşmə aparılmaması nəticəsində əsassız 1555,20 (bir min beş yüz əlli beş manat iyirmi qəpik) manat borc hesablanmışdır. Cavabdeh tərəfindən borcun yaranması kifayətedici aydınlıqla sübut edilə bilinməmiş və hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Buna görə məhkəmə, iddiaçının tələbini əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, tərəflər arasında yaranmış hüquq münasibətlərini tənzimləyən normalara əsaslanaraq, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbini əsaslı sayır və onun təmin edilməsi qənaətinə gəlir. Nəticə etibarilə məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən təbii qazın sərfiyyatı ilə bağlı yaranmış borcun yaranma səbəbinin və hesablanması qaydasının qanunauyğun olduğu barədə sübut təqdim edə bilmədiyindən Cavabdeh tərəfindən ******* nömrəli, 31 mart 2023-cü il tarixli akt əsasında hesablanmış 1555,20 (bir min beş yüz əlli beş manat iyirmi qəpik) manat borc qanunsuz hesablanmış olduğuna görə silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Təbii qazdan istifadə qaydalarının pozulmasına görə ******* nömrəli, 31 mart 2023cü il tarixli akt əsasında İddiaçı Cavabdeh tərəfindən hesablanmış 1555,20 (bir min beş yüz əlli beş manat iyirmi qəpik) manat məbləğində borc silinsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar