Məhkəmə qərarları › İş №2(125)-919/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-919/2022

11.08.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-919/2022 11.08.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi və əlavə əlavə ərizələrlə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən hesablanmış 432 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yaşayır. Yaşayış sahəsində təbii qazdan istifadə edir və istifadə etdiyi təbii qazın dəyərini ödəyir. Onun yaşayış sahəsində qaz sayğacı quraşdırılmışdır. O, quraşdırılmış sayğac üzrə sərfiyyatı vaxtlı vaxtında ödəmişdir. Heç bir qanun pozuntusuna yol verməmişdir. 20 dekabr 2021-ci il tarixdə Azəriqazın Gəncə RQİİ tərəfindən onun evinə quraşdırılmış sayğaca baxış keçirilmiş və ******* nömrəli akt tərtib olunmuşdur. Həmin aktda onun istifadəsində olan G-4 markalı 1202AQ**********0 nömrəli sayğacın çıxış plastmas borusunun deşilməsi göstərilmişdir. Halbuki, həmin sayğaca onun və ailə üzvlüləri tərəfindən heç bir müdaxilə olunmamışdır. Ona görə də o, həmin akta imza etməkdən imtina etmişdir. Bundan sonra o, Azəriqazın Gəncə RQİİ-nə müraciət edib aktla razılaşmadığını bildirdikdə ona 432 manat ziyan hesablandığı bildirilmişdir. O, əsassız olaraq ziyan hesablandığını deyib silinməsini tələb etsə də, heç bir nəticə alınmamışdır. Məhkəmə iclasında iddiaçı tələbini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barəsində məlumat verməmişdir. Məhkəmə mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı, xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, İddiaçı yaşadığı ünvanda quraşdırılmış İtron tipli, G-4 markalı 1202AQ**********0 nömrəli qaz sayğacının istismar müddəti bitdiyi üçün Zenner tipli qaz sayğacı ilə əvəz edilmişdir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021ci il tarixli ******* nömrəli aktdan görünür ki, İddiaçı istehlakçı olduğu ünvan 1 ünvanda yaşadığı yaşayış sahəsində MSK-29/1710-04366-1 nömrəli sayğaca baxış keçirilmişdir. Çıxış plastmas borusu baxış məqsədilə kəsilmiş, sayğacın çıxış plastmas borusu deşilmişdir. Dəymiş ziyan hesablansın və abonent tərəfindən ödənilsin. İş materiallarında olan “X1 dair” tələbnamənin surətindən görünür ki, 4320 kub/metr qaz sərfiyyatına görə dəymiş ziyanın ödənilməsi tələb edilmişdir. Tərəflər arasında mübahisə G-4 markalı 1202AQ**********0 nömrəli qaz sayğacına müdaxilə olması ilə bağlıdır. Cavabdeh bilavasitə iddiaçının yaşadığı ünvanda yerləşən qaz sayğacına müdaxilə olunduğunu, sayğacın mənfiyə işlədiyini, qaz itkisinə yol verildiyinə əsaslanaraq, iddiaçıya itirilmiş qazın bərpası üçün 432 manat borc hesablamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Beləliklə, məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixdə saygac çıxarılan zaman onda hər hansı qüsurun olması və ya abonent tərəfindən müdaxilə edilməsi ilə bağlı heç bir qeyd aparılmadığından, həmin vaxt sayğaca müdaxilə olunması X2 əməkdaşları tərəfindən aşkar olunmadığından, ümumiyyətlə bundan sonra saygacın hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, digər hallar sonradan aşkar olunduğundan və həmin akt əsasında da ziyan hesablandığından, sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunubolunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən, iddiaçının tələbi haqlı olmaqla təmin edilməli, onun adına hesablanmış borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Gəncə şəhəri, Totanlı küçəsində yerləşən 148 saylı mənzil üzrə qaz sərfinə görə İddiaçı hesablanmış 432 (dörd yüz otuz iki) manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar