Məhkəmə qərarları › İş №2(125)-925/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-925/2022

04.08.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-925/2022 04.08.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona hesablanmış 432 manat borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırmışdır ki, xx.xx.2011-ci il tarixdə quraşdırdan kartla işləyən sayğac xx.xx.2021-ci il tarixdə istismar müddəti bitdiyinə görə qaz idarəsinin əməkdaşları tərəfindən çıxarılaraq mexaniki sayğac quraşdırıldı. Əvvəlki sayğacın üstündə 1 manat 20 qəpikdən çox pul var idi. Bir aydan artıq kod №-nin verilməsini gözləmişdir ki, sərf etdiyi qaz üçün pul ödəsin. Buna görə Asan xidmət mərkəzinə müraciət etmişdir. Q.Qalibin telefon nömrəsini vermişlər, onunla telefonla əlaqə saxlanılmışdır. Həmin şəxs fevral ayında bildiriş gətirəndə ilk dəfə görmüşdür. 432 manat cərimə olunduğunu bildirmişdir, sayğaca müdaxilə etdiyini demişdir. Dəfələrlə Gəncə RQİİ-nə 432 manat cərimənin həqiqətə uyğun olmadığını, sayğaca müdaxilə etmədiyini, sayğacın mənfiyə işləmədiyini desə də, lakin heç bir müsbət cavab almamışdır, cərimənin mütləq verilməsi tələb edilmişdir. xx.xx.2022-ci ərizə ilə müraciət etmiş, həmin ərizənin cavabına ünvan səhv yazıldığına aprel ayının əvvəllərində cavab almışdır. 3 nəfərin imzası ilə tərtib olunmuş ******* №-li AKT-da göstərilir ki, xx.xx.2021-ci il saat 1500-da sayğaca baxış keçirildiyi, sayğacın hesablama mexanizminin qoruyucu örtüyü və element yuvasının qapağı alt hissədən çatlayıb, sayğac mənfiyə işləyib, xx.xx.2011-ci il Alarm -1 rejimi aşkarlanıb. 10 il ərzində sayğaca müdaxilə etmişdirsə, AkTa imza atan 3 nəfər vaxtında xəbərdarlıq edərdilər. Məhkəmə iclasında İddiaçı iddianın məzmununa uyğun izahat verərək tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin iştirakını təmin etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2021-ci il tarixli aktdan görünür ki, İddiaçı yaşadığı ünvan 1 ünvanında quraşdırılmış NRON G-4 markalı, 1002AQ**********3 nömrəli qaz sayğacın istismar müddəti bitdiyi üçün yeni elektron (Zenner G-4) tipli **********3 nömrəli qaz sayğacı ilə əvəz edilmişdir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021-ci il tarixli ******* nömrəli aktdan görünür ki, İddiaçı yaşadığı yaşayış sahəsində xx.xx.2021-ci il tarixdə saat 15:00-da təbii qazın uçotu və TQİQ-na riayət olunması vəziyyəti yoxlanılmışdır. Aktda aşağıdakılar qeyd olunmuşdur: msk-29/1710-04366-1 rəyə əsasən sayğaca baxış keçirildi. Sayağcın hesablama mexanizminin qoruyucu örtüyü və element yuvasının qapağı alt hissədən çatlayıb. Dəymiş ziyan hesablansın və abonent tərəfindən ödənilsin. İtirilmiş qazın 4320 m3 olduğu hesablanmışdır. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, xx.xx.2021-ci il tarixdə iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac yenisi ilə əvəzlənmiş, həmin vaxt sayğacın dəyişdirilməsi səbəbi kimi istismar müddətinin bitdiyi qeyd edilmişdir. Həmin vaxt çıxarılan qaz sayğacında hər hansı qüsur aşkar edilməmiş, bu barədə aktda qeydiyyat aparılmamışdır. Bundan sonra xx.xx.2021-ci il tarixdə çıxarılan sayğac yoxlamadan keçirilmiş və müəyyən edilmişdir ki, sayğacın klapanı işlək deyil, yivli birləşmələr korroziyaya uğrayıb, sayğacın hesablama mexanizminin qoruyucu örtüyü və element yuvasının qapağı alt hissədən çatlayıb. Buna görə, itirilmiş qazın 4320 m3 olduğu hesablanaraq, cavabdeh tərəfindən iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə 432 manat pul tələb edilir. Tərəflər arasında mübahisə NRON G-4 markalı, 1002AQ**********3 nömrəli qaz sayğacına müdaxilə olması ilə bağlıdır. Cavabdeh bilavasitə iddiaçının yaşadığı ünvanda yerləşən qaz sayğacına müdaxilə olunduğunu, sayğacın mənfiyə işlədiyini, qaz itkisinə yol verildiyinə əsaslanaraq, iddiaçıya itirilmiş qazın bərpası üçün 432 manat borc tələb edilir. Lakin, iş materiallarından göründüyü kimi, NRON G-4 markalı, 1002AQ**********3 nömrəli qaz sayğacı çıxarılarkən aktda onun sayğacının klapanı işlək olmaması və digər qüsurların olması ilə bağlı heç bir qeyd aparılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəf qaz sayğacına qaz abonenti tərəfindən müdaxilə edilməsini qeyd etsə də, həmin faktı təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Bütün bunlar isə cavabdeh tərəfindən mülki hüquqdan sui-istifadədir. İddiaçının abonent koduna vurulmuş itirilmiş qazın dəyərinə görə 432 manat borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Beləliklə, məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixdə saygac çıxarılan zaman onda hər hansı qüsurun olması və ya abonent tərəfindən müdaxilə edilməsi ilə bağlı heç bir qeyd aparılmadığından, həmin vaxt sayğaca müdaxilə olunması X1 əməkdaşları tərəfindən aşkar olunmadığından, ümumiyyətlə bundan sonra saygacın hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, habelə xx.xx.2021-ci il tarixli akt əsasında sayğacın klapanının işlək olmaması, yivli birləşmələrin korroziyaya uğraması, sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün və element yuvasının qapağının alt hissədən çatlaması və digər hallar sonradan aşkar olunduğundan və həmin akt əsasında da ziyan hesablandığından, sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunub-olunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən, iddiaçının tələbi haqlı olmaqla təmin edilməli, onun adına hesablanmış borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. ünvan 2 ünvanda yerləşən mənzil üzrə qaz sərfinə görə İddiaçı adına hesablanmış 432 manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar