Məhkəmə qərarları › İş №2(125)-939/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-939/2022

04.08.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-939/2022 04.08.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsassız və qanunsuz hesablanmış 518 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli akta əsasən müəyyən edilmişdir ki, hazırda yaşadığı Gəncə şəhəri, İnşaatçılar küçəsi, 13 nömrəli evin qaz sayğacının çıxış plastmas borusu deşilmiş və həmin aktın əsasında 518 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Halbuki, sayğac X1 əməkdaşları tərəfindən heç bir xəbərdarlıq edilmədən onun və ya digər şəxslərin iştirakı olmadan dəyişdirilərək yenisi ilə əvəz edilmişdir. Əvvəlki sayğacın hansı səbəbdən dəyişdirilməsi, müayinə olunması üçün laboratoriyaya göndərilməsi və yeni sayğacın dəyərinin onun tərəfindən ödənilməsi barədə ona heç bir məlumat verilməmişdir. Sayğac həyətdən kənarda ümumi istifadədə olan məhəllədə yerləşdiyindən ev sahibi olaraq onun sayğacının təhlükəsizliyini təmin etməyi faktiki olaraq mümkün deyil və bu fakt ərizəyə əlavə etdiyi foto-şəkillərlə öz təsdiqini tapır. Buna görə də iddiasının təmin edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı İsa oğlu iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş X2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçıya məxsus olan sayğac istismar müddəti bitdiyi üçün əvəzlənmişdir. Çıxarılmış sayğaclar bir qayda olaraq laborator müayinəyə göndərilir və hər hansı müdaxilənin olub-olmaması aydınlaşdırılır. Müayinə nəticəsində iddiaçıya məxsus sayğacın çıxış plastmas borusunun deşildiyi aşkar edilmişdir. Bu halda isə sayğac hesablamanı düzgün aparmır. Həmin borunun sayğacın plombu pozulmadan da deşilməsi mümkündür. Bəzi hallarda bu sayğacın yaxınlığında qaynaq işlərinin aparılması zamanı da baş verir. Sayğacın hesablama mexanizmi qeyd edilən hal nəticəsində düzgün işləmədiyindən qaydalara uyğun olaraq dəymiş ziyan hesablanmış və buna uyğun olaraq 518,40 manat borc müəyyən edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında 19 noyabr 2021-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, ünvan 1 ünvanda yaşayan abonent İddiaçı yaşadığı ünvana quraşdırılmış “Astaris” markalı, 07AZ**********7 nömrəli sayğac “Dennor” markalı, **********9 nömrəli sayğacla əvəz olunmuş, səbəb isə sayğacın istismar müddətinin bitməsi olmuşdur. İş materiallarına əlavə olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* nömrəli 25 yanvar 2022-ci il tarixli aktdan görünür ki, istehlakçı kimi qeydə alınmış İddiaçı yaşadığı ünvanda quraşdırılmış 07AZ**********7 nömrəli qaz sayğacına baxış keçirilmiş, sayğacın çıxış plastmas borusunun deşildiyi müəyyən edilmiş, dəymiş ziyanın 4320 m3 hesablanaraq abonent tərəfindən ödənilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş **********00130 nömrəli “abonentin saldosu” adlı sənədin surətindən görünür ki, 25 yanvar 2022-ci il tarixdə ünvan 2 ünvanda yaşayan abonent İddiaçı akt üzrə 518,40 manat borc hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 2.5-ci bəndinə əsasən qaz qurğuları istismara qəbul olunduqdan və qazpaylayıcı şəbəkəyə qoşulduqdan sonra 5 (beş) iş günü müddətində qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə imzalanır və həmin andan etibarən istehlakçıya qazın verilməsi müqaviləyə uyğun təmin edilir. Qaydaların 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Tərəflər 07AZ**********7 nömrəli qaz sayğacına müdaxilə olması ilə bağlı mübahisə edirlər. Cavabdeh bilavasitə iddiaçının yaşadığı ünvanda yerləşən qaz sayğacı üçün borc hesablamışdır. Cavabdeh bu hərəkətini iddiaçı tərəfindən qaz sayğacına müdaxilə faktı ilə əsaslandırır. Lakin, iş materiallarından göründüyü kimi 07AZ**********7 nömrəli qaz sayğacına müdaxilə edilməsini təsdiq edən heç bir sübut təqdim etməmişdir. Şərh olunan normalardan da göründüyü kimi fiziki şəxs olan istehlakçı yalnız plombun toxunulmazlığına görə məsuliyyət daşıya bilər. Sayğaca müdaxilə olunmadan hesablama mexanizmində xəta aşkarlanmışdırsa, buna görə fiziki şəxs olan istehlakçı məsuliyyət daşımır. İşlək sayğacın quraşdırılması və onun işlək vəziyyətdə qalması üçün məsuliyyət qaz paylayıcının üzərinə düşdüyündən məhkəmə hesab edir ki, cavabdeh Azəriqaz İB tərəfindən 4320 m3 itirilmiş təbii qaz üçün 518,40 manat borc heç bir faktiki və hüquqi əsasa söykənmədən hesablanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia təmin edilsin. ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evində təbii qazdan istifadə qaydalarının pozulmasına görə abonent İddiaçı Cavabdeh tərəfindən hesablanmış 518 (beş yüz on səkkiz) manat borc məbləği silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar