Məhkəmə qərarları › İş №2(125)-947/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-947/2025

19.05.2025 · Notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-947/2025 19.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, Cavabdeh2 ASC-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Gəncə şəhəri 2 saylı notariat ofisinə və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı «icra qeydinin ləğv edilməsi» tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Gəncə şəhəri 2 saylı notariat ofisinə və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı Gəncə şəhəri 2 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli, 8İ-3880 nömrəli icra qeydinin ləğv edilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri 2 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli, 8İ-3880 nömrəli icra qeydinə əsasən İddiaçı və X2 İK268/İST/2022 nömrəli müqaviləyə əsasən xx.xx.2022-ci il müddət üçün vaxtında ödənilməmiş 2.555 manat 98 qəpik, 1.880 manat 35 qəpik cərimə və tələkbar tərəfindən ödənilmiş 25 manat dövlət rüsumu, cəmi 4.461 manat 33 qəpik məbləğində pul vəsaiti tutularaq Cavabdeh2 ASC-yə ödənilməlidir. Belə ki, sözügedən icra qeydi əsassızdır və ləğv olunmalıdır. Çünki icra qeydi barədə İddiaçı hər hansı bildiriş və ya məlumat verilməmişdir. Bununla da qanunvericiliyin tələbinə əsasən tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməli və bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəd icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunmalı olduğu halda qeyd olunan tələblərə əməl olunmadığına, yəni tələbkar notariat ofisinə müraciət etməzdən əvvəl borcluya qeyd olunan məzmunda bildirişin göndərilməməsini, həmin bildirişin borcluya çatdırılmasını təsdiq edən sübutların olmamasına diqqət yetirmədən icra qeydi çıxartmışdır. Göründüyü kimi, Gəncə şəhər 2 saylı notariat ofisi icra qeydini təsdiq edərkən, mühüm əhəmiyyət kəsb edən halı, yəni icra qeydinin aparılacağı ilə bağlı borclunun məlumatlı olub olmamasını və bununla da tələbin mübahisəsiz olduğunu müəyyən etməmiş, tələbkardan borcluya icra qeydinin aparılması ilə bağlı məlumat verilməsinə dair bildirişi və bildirişin ona çatdırılmasını təstiq edən sənədi tələb etmədən icra qeydini təsdiq etmiş və bununla da, «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələbləri pozulmuşdur. Sonda E.E.Məmmədov iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddianı müdafiə edərək, izahatında əlavə olaraq, göstərmişdir ki, Cavabdeh2 ASC ilə onun arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsində əlaqə nömrəsi kimi göstərilmiş «055 482 28 43» GSM nömrəsi əvvəllər onun istifadəsində olmuş və daim aktiv olmuşdur. Sonuncu dəfə o, 2024-cü ilin sentyabr ayında həmin GSM nömrədən istifadə etmişdir. Yeni GSM nömrəsi isə o, Cavabdeh2 ASC-nin nümayəndəsinə icra qeydinin aparılmasından sonra təqdim etmişdir. O, daim əvvəlki adı ilə ADAU-6, hazırki adı Qızılqaya olan qəsəbədə yaşamışdır. xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsində İddiaçı mülki işin məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 ASC-nin nümayəndəsi Nümayəndə1 iddianı qəbul etməyərək izahatında göstərdi ki, Cavabdeh2 ASC ilə İddiaçı arasında xx.xx.2022-ci il tarixli, İK 269/İST/2022 nömrəli kredit müqaviləsi bağlanılmışdır. Həmin kredit müqaviləsinin təminat üsulu kimi Cavabdeh2 ASC ilə X8 arasında xx.xx.2022-ci il tarixli, 269/İST/2022 nömrəli zaminlik müqaviləsi bağlanılmışdır. Müqavilə üzrə əsas borcalan və zamin öhdəliyi yerinə yetirmədiyindən xx.xx.2024-cü il tarixli bildiriş göndərilmiş və bildirişdə qeyd olunmuşdur ki, 20 gün müddətində borc ödənilmədiyi təqdirdə notarius tərəfindən icra qeydi aparılacaqdır. Həmin bildiriş hazırki iş üzrə İddiaçı anası tərəfindən xx.xx.2024-cü il tarixdə alınmışdır. Bundan əlavə iddiaçıya dəfələrlə zəng olunaraq borcu və həmin borcu ödəmədiyi təqdirdə hüquqi tədbirlərin həyata keçirilməsi barədə məlumat verilmişdir. Həmçinin müqavilə üzrə zamin X5 da bildiriş göndərilmiş və həmin bildiriş zaminin özü tərəfindən şəxsən qəbul edilmişdir. Sonda Cavabdeh2 ASC-nin nümayəndəsi Nümayəndə1 iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsində cavabdeh Gəncə şəhəri 2 saylı notariat ofisinin notariusu Eldəniz Hacıyev məhkəmə iclasının notariat ofisinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, Cavabdeh2 ASC-nin nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, 269/İST/2022 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 ASC tərəfindən İddiaçı 36 ay müddətinə illik 20 faiz dərəcəsi ilə 8.000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin 2.1-ci bəndinə görə borcalan kredit müqaviləsi üzrə əsas borcun vı faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq həyata keçirir. Əsas və faiz borcu üzrə qrafikin tələbləri pozulduğu gündən etibarən borcalan bu müqavilədə nəzərdə tutulmuş faizdən əlavə əsas borcun qalığına illik 20 faiz olamaqla cərimə faizi ödəyir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 269/İST/2022 nömrəli zaminlik müqaviləsinin surətindən görünür ki, zaminlər X4 və X6 xx.xx.2022-ci il tarixli, 269/İST/2022 nömrəli kredit müqaviləsi üzrə borcalan İddiaçı ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşlər. İşdə olan xx.xx.2022-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, İddiaçı 8.000 manat məbləğində pul vəsaitini Cavabdeh2 ASC-dən qəbul etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 101 nömrəli maliyyə arayışından görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixli, 269/İST/2022 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh2 ASC-yə ödənilməmiş əsas borcun əvəzi qismində 2.355 manat 98 qəpik, cərimə qismində 1.880 manat 35 qəpik, cəmi 4.236 manat 33 qəpik məbləğində borcu vardır. İşdə olan Cavabdeh2 ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 683 nömrəli bildirişin surətindən görünür ki, xx.xx.2022-ci il tarixli, 269/İST/2022 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 2.655 manat 98 qəpik, cərimə qismində 1.880 manat 35 qəpik məbləğində pul vəsaitinin 20 gün müddətində ödənilmədiyi təqdirdə «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği barəsində notarius tərəfindən icra qeydi aparılacağı barədə İddiaçı xəbərdarlıq edilmişdir. İş materiallarında olan TA01043465AZ və TA010413491AZ nömrəli sürətli poçt xidmətinin qaimələrinin surətindən görünür ki, Cavabdeh2 ASC tərəfindən İddiaçı və X6 ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişin surəti İddiaçı Gəncə şəhəri 55 nömrəli məktəbin yanında və X3 Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ADAU-6 ətrafında çatdırılmışdır. İşdə olan notariat icra qeydi haqqında ərizənin surətindən görünür ki, Cavabdeh2 ASC xx.xx.2022-ci il tarixli, 269/İST/2022nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 2.555 manat 98 qəpik, cərimə qismində 1.880 manat 35 qəpik, cəmi 4.436 manat 33 qəpik məbləğində pul vəsaitinin İddiaçı və X1 tutulmasına dair icra qeydinin çıxarılmasını xahiş etmişdir. İşdə olan Gəncə şəhəri 2 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli, 8İ-3880 nömrəli icra qeydinin surətindən görünür ki, İddiaçı və X2 İK268/İST/2022 nömrəli müqaviləyə əsasən xx.xx.2022-ci il müddət üçün vaxtında ödənilməmiş 2.555 manat 98 qəpik, 1.880 manat 35 qəpik cərimə və tələkbar tərəfindən ödənilmiş 25 manat dövlət rüsumu, cəmi 4.461 manat 33 qəpik məbləğində pul vəsaiti tutularaq, Cavabdeh2 ASC-yə ödənilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsi tərəfindən Cavabdeh2 ASC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-36-3/2- 4400/2024 nömrəli məktubun surətindən görünür ki, İddiaçı və X8 faktiki olaraq Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ADAU-6 ətrafında məskunlaşmışlar. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı və Cavabdeh2 ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 269/İST/2022 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh2 ASC tərəfindən İddiaçı 36 ay müddətinə illik 20 faiz dərəcəsi ilə 8.000 manat məbləğində kredit verilmişdir. xx.xx.2022-ci il tarixli, 269/İST/2022 nömrəli zaminlik müqaviləsinə əsasən zamin X6 xx.xx.2022-ci il tarixli, 269/İST/2022 nömrəli kredit müqaviləsi üzrə borcalan İddiaçı ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. Lakin sonradan İddiaçı Cavabdeh2 ASC ilə bağlanmış xx.xx.2022-ci il tarixli, 269/İST/2022 nömrəli kredit müqaviləsinin şərtlərinə əməl etməmişdir. Bununla əlaqədar Cavabdeh2 ASC tərəfindən xx.xx.2024-cü il tarixli bildirişlə xx.xx.2022-ci il tarixli, 269/İST/2022 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 2.655 manat 98 qəpik, cərimə qismində 1.880 manat 35 qəpik məbləğində pul vəsaitinin 20 gün müddətində ödənilmədiyi təqdirdə «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği barəsində notarius tərəfindən icra qeydi aparılacağı barədə İddiaçı xəbərdarlıq edilmişdir. Daha sonra xx.xx.2024-cü il tarixdə Cavabdeh2 ASC xx.xx.2022-ci il tarixli, 269/İST/2022 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 2.555 manat 98 qəpik, cərimə qismində 1.880 manat 35 qəpik, cəmi 4.436 manat 33 qəpik məbləğində pul vəsaitinin İddiaçı və X1 tutulmasına dair icra qeydinin qəbul olunmasını xahiş etmişdir. Gəncə şəhəri 2 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli, 8İ-3880 nömrəli icra qeydi ilə İddiaçı və X2 İK268/İST/2022 nömrəli müqaviləyə əsasən xx.xx.2022-ci il müddət üçün vaxtında ödənilməmiş 2.555 manat 98 qəpik, 1.880 manat 35 qəpik cərimə və tələkbar tərəfindən ödənilmiş 25 manat dövlət rüsumu, cəmi 4.461 manat 33 qəpik məbləğində pul vəsaiti tutularaq, Cavabdeh2 ASC-yə ödənilməsi müəyyən edilmişdir. İddiaçı Gəncə şəhəri 2 saylı notariat ofisinə və Cavabdeh2 ASC-yə qarşı «icra qeydinin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə görə Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatın 161-ci bəndində göstərilmişdir ki, poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Həmin Təlimatın 162-ci bəndində göstərilmişdir ki, 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə, icra qeydi aparılır. Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır. Qanunvericiliyin yuxarıda öyrənilən normalarının tələbindən göründüyü kimi icra qeydinin aparılması barədə bildirişin borcluya çatdırılması deyil, onun ünvanına göndərilməsi məcburi tələbdir. Hazırki halda isə ünvan ə icra qeydi xx.xx.2024-cü tarixdə aparılmış, bu barədə E.E.Məmmədova xx.xx.2024-cü il tarixə bildiriş göndərilmiş və həmin hal «Azerexpresspost» sürətli poçt xidmətinin qəbzi ilə də öz təsdqini tapmışdır. Digər tərəfdən icra qeydinin aparılacağına dair tələbkar Cavabdeh2 ASC əlavə bütün zəruri hərəkətləri də etmişdir. Belə ki, xx.xx.2022-ci il tarixli, 269/İST/2022 nömrəli kredit müqaviləsinin borclunun rekvizitlərinə dair olan hissəsində İddiaçı əlaqə nömrəsi kimi «055 482 28 43» GSM nömrəsi nömrə qeyd edilmiş, «Azerexpresspost» sürətli poçt xidmətinin qəbzində xx.xx.2024-cü i tarixdə poçt göndərişinin təqdim olunması üçün «055 482 28 43» GSM nömrəsi vasitəs ilə E.E.Əliyevlə əlaqə saxlanılmağa çalışılsa da, bunun mümkün olmadığı göstərilmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında verdiyi izahatında həmin GSM nömrəni sonuncu dəfə 2024-cü ilin sentyabr ayında istifadə etdiyini, yeni GSM nömrəsi haqqında məlumatı tələbkara icra qeydinin aparılmasından sonra verdiyini bildirmişdir. Bununla da cavabdehlər həmin halı sübut etmə vəzifəsindən azad olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. «Elektron məhkəmə» informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Bütün bunlarla yanaşı, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunun mənasından da göründüyü kimi, tələbkarın borcluya icra qeydinin verilməsindən əvvəl bildiriş göndərməməsi icra qeydinin verilməsini istisna edən edən başlıca amildir. Yəni bu məlumatın göndərilmədiyi halda icra qeydinin aparılması mümkün deyildir. Tələbkar Cavabdeh2 ASC bu məlumatın göndərilməsi ilə bağlı üzərinə düşən bütün vəzifələri icra etmiş, icra qeydinin verilməsi ilə bağlı müraciət etməzdən əvvəl borcalana, habelə zaminə müvafiq məlumatı göndərmişdir. Qeyd olunan səbəbdən həmin bildirişlərin Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ADAU-6 ətrafında məskunlaşan və məcburi köçkün olan borcalan və zaminə çatdırılıb-çatdırılmaması tələbkarın qanunun tələbinə riayət etmədiyini göstərmir, yaxud da bu hal icra qeydinin ləğv edilməsinə əsas ola bilməz. Digər tərəfdən, borcalan hazırkı məhkəmə iclaslarında sözügedən bildirişdən məlumatsız olmasını təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmiş, həmçinin tələbkara əlaqə vasitəsi kimi bəyan edilmiş GSM nömrəsinin uzun müddətdir işlək olmamasını bildirmiş, bununla da tələbkarı məlumatlandırma öhdəliyini icra etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 388-ci maddəsinə görə öhdəlikdən bu və ya başqa məlumatı almaq hüququ irəli gələ bilər. Məlumat verilməsi onun öhdəliyin məzmununu müəyyənləşdirmək üçün əhəmiyyətli olduğu və kontragentin belə məlumatı öz hüquqlarına xələl gətirmədən verə biləcəyi halda da təmin edilməlidir. Məlumatı alan onun verilməsi xərclərinin əvəzini mükəlləfiyyətli şəxsə ödəməlidir. Həmin Məcəllənin 448.4-cü maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. Mülki işin məhkəmə iclasında tədqiq edilmiş hallarından görünür ki, icra qeydinin verilməsi ilə əlaqədar Cavabdeh2 ASC tərəfindən notariusa təqdim olunmuş sənədlər xx.xx.2022-ci il tarixli, İK269/İST/2022 nömrəli kredit müqaviləsi üzrə borcun mübahisəsiz olduğunu təsdiq edir. Həmçinin öhdəliyin icrasını tələb etmək hüququnun həmin müqaviləyə əsasən yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş iddia müddəti keçməmişdir. Bundan başqa, Cavabdeh2 ASC tərəfindən icra qeydinin aparılması üçün notariat ofisinə müraciət edildiyi gündən, yəni xx.xx.2024-cü il tarixdən 50 gün əvvəl – xx.xx.2024-cü il tarixdə sifarişli poçt vasitəsilə İddiaçı tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərilmişdir. Göründüyü kimi Gəncə şəhəri 2 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli, 8İ-3880 nömrəli icra qeydinin verilməsi zamanı qanunun tələbi pozulmamışdır və həmin icra qeydinin ləğvinə əsaslar yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd edilmiş hallarını, Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən formalaşdırılmış hüquqi mövqeni (Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 584/2024 nömrəli, 2(102)-702/2024 nömrəli və s. qərarları) nəzərə alaraq, hesab edir ki, İddiaçı Gəncə şəhəri 2 saylı notariat ofisinə və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı «icra qeydinin ləğv edilməsi» tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Gəncə şəhəri 2 saylı notariat ofisinə və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı «icra qeydinin ləğv edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar