Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-954/2025 10.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X15 Şakir oğlunun sədrliyi, X4 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı «borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun barəsində “Azəriqaz” X2 X13 İdarəsinin TQQ və SX-i tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş ******* nömrəli akt əsassız və qanunsuz olduğundan ləğv edilməklə, həmin akt əsasında hesablanmış 6x12x90=6480 m3=777,60 manat borc pulun “Azəriqaz” İstehsalat Birliyi tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Gəncə şəhəri, H.Əliyev prospekti 265 ünvanında qeydiyyatda olsa da, faktiki olaraq hazırda özünə məxsus Gəncə şəhəri, Cavadxan küçəsi Məhərrəm Həsənov küçəsində təzə tikdirdiyi evdə 4 ailə üzvü ilə birlikdə yaşayır. Gəncə şəhəri, Cavadxan küçəsi Məhərrəm Həsənov küçəsində təzə tikdirdiyi evin küçə tərəfində həyətə giriş darvazasının sağ tərəfində “Azəriqaz” X2 X13 İdarəsinin Xidmət sahəsinin işçiləri tərəfindən onun adına (Abonent: Kod-**********000026) adına 2022-ci ilin yanvar ayından “Zinner” tipli, G4 markalı **********9 nömrəli, üzərində 13633807 plomblu, mexaniki (06913) qaz sayğacı quraşdırılmışdır. O, bir abonent kimi 2021-ci ilin yanvar ayından başlayaraq xx.xx.2024-cü il tarixədək istifadə edilən qaza görə tərəfindən pul ödənilmişdir. O, İstehlakçının (Abonent: Kod-**********000026) adına 2022-ci ilin yanvar ayından “Zinner” fipli, G4 markalı **********9 nömrəli, üzərində 13633807 plomblu, mexaniki (06913) qaz sayğaca xx.xx.2024-cü il tarixədək qaz sərfiyyatına görə ödədiyi pul “Azəriqaz” X7 X10 İdarəsindən ona verilmiş olduğu 03 dekabr 2024-cü il tarixli Abonentin Saldosu cədvəlindən (çıxarışından) aydın görünür. (Abonentin saldosu cədvəlindən göründüyü kimi 2022-ci il və 2023-cü illərin 12 ayı ərzində mexaniki sayğacda işlədilən qaz sərfiyyatı hər ayları üzrə göstərilmiş və stabil olmuşdur. Yay ayları nəzərə alınmaqla). Lakin, “Azəriqaz” X2 X13 İdarəsinin Xidmət sahəsinin Gəncə XS-nin işçiləri tərəfindən onun iştirakı ilə 2022-ci ilin yanvar ayından “Zinner” tipli, G4 markalı **********9 nömrəli, üzərində 13633807 plomblu, mexaniki (06913) qaz sayğaca baxış keçirilmiş və həmin sayğac çıxarılıb, Zenner-G-4 tipli, N2 **********367 nömrəli smart sayğacla (möhr********) əvəzlənmiş və bu barədə xx.xx.2024-cü il tarixli, ******* №-li “Akt” tərtib edilmiş və həmin Akta o da imza etmişdir. (Mexanikə sayğacının əvəzlənməsi tərəfindən “Azərqaz” X2 X13 İdarəsinə müraciəti ilə əlaqədar olmuşdur). Zinner” tipli, G4 markalı **********9 nömrəli, üzərində 13633807 plomblu, mexaniki (06913) qaz sayğacı işlək vəziyyətdə olmaqla, sayğacın hesablama mexanizminin qapağına vurulmuş plombda heç bir əzilmə və ya digər qüsur halı olmamışdır. Bundan başqa “Azəriqaz” İstehsalat Birliyinin adından (X1) onunla Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2024-cü il tarixli, AKX-06107xx/xx-2024 №-li müqavilə bağlamışdır. Lakin, “Azəriqaz” X2 X13 İdarəsinin TQQ və SX-nin rəisi müavini Oktay Turqay, mühəndis Vüqar Hüseynov və çilingər Arif Quliyev tərəfindən Təbii qazdan istifadə qaydalarının pozulması haqqında onun iştirakı olmadan, xx.xx.2024-cü il tarixdə ******* nömrəli “Akt” tərtib edilmiş və həmin aktda qeyd edilmişdir ki, “Azəriqaz” İB-nin 0244 №-li rəyə əsasən sayğacın “membram” işlək deyil, plombun yuvasının ətrafında fiziki təsir nəticəsində əzik-cızıq izləri aşkar edilmiş və buna görə 6X12X90=6480 kub metr əlavə qaz sərfiyyatı qeyd edilmişdir. Eyni zamanda “Azəriqaz” X2 X13 İdarəsinin Ümumi Məsələlər üzrə Baş mühəndisi Süleyman Qarayevin imzası ilə xx.xx.2024-cü il tarixli Dəymiş ziyanın bərpasına dair ona verilmiş Tələbnamədə qeyd edilmişdir ki, (İstehlakçı: İddiaçı; Fəaliyyət növü əhali, Ünvan: Cavadxan qəsəbəsi, Abonent kodu: **********00026; Aşkar olunmuş nöqsan - “Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə xx.xx.2024-cü il tarixli, 0244 nömrəli Aktına əsasən G-4 markalı **********9 nömrəli sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan alt zavod plastmas plombunun üzərində və yuvasının ətrafında fiziki təsir nəticəsində əzikcızıq izləri aşkar olunmuşdur. O, həmin aktın tərtib olunmasında iştirak etməmişdir. Ümumiyyətlə həmin vaxt heç kim nə yaşadığı ünvana gəlmiş, nə də o, harasa dəvət olunmamışdır. 777.60 manat pul borc kimi qanunsuz və əsassız olaraq yazılmışdır. Sayğac çıxarılan zaman X11 əməkdaşları tərəfindən ona müdaxilə olunması aşkar edilməmiş, sayğaca müdaxilə olunması sonradan “Azəriqaz” İB-nin 0244 nömrəli aktı ilə müəyyən edilmiş və həmin akt əsasında da G-4 markalı **********9 nömrəli sayğaca 6x12x 90 = 6480 m3=777,60 manat ziyan hesablanmışdır. Ona görə də hesab edir ki, Gəncə şəhəri, Cavadxan küçəsi Məhərrəm Həsənov küçəsində təzə tikdirdiyi evin küçə tərəfində həyətə giriş darvazasının sağ tərəfində quraşdırılmış G-4 markalı **********9 nömrəli sayğaca əsasız olaraq 6x12x90 = 6480 m3 qaz sərfiyyatı hesablanaraq borc kimi yazılmış olan 777,60 manatın X3 tərəfindən silinməsi barədə qətnamə qəbul olunmalıdır. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, onun və ya ailə üzvləri tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, ona əlavə pul hesablanması yolverilməzdir. Onun müdaxilə etdiyi qeyd edilən sayğacın onun faktiki mülkiyyətində olan ərazisində yox, blokda quraşdırmış olmasını və bu səbəbdən onun sayğacı kənar müdaxilələrdən güdməsi qeyri-mümkündür. Müdaxilənin məhz o və ya onun ailə üzvləri tərəfindən edilməsi işin hər hansı halı ilə sübuta yetirilmədiyindən, sayğac çıxarılan zaman müdaxilə X11 əməkdaşları tərəfindən aşkar olunmadığından və həmin müdaxilə təhvil-təslim aktında öz əksini tapmadığından, ümumiyyətlə bundan sonra sayğacın hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, habelə “Azəriqaz” İB-nin 0244 nömrəli aktı əsasında sayğaca müdaxilə olunması sonradan aşkar olunduğundan və həmin rəy əsasında da ziyan hesablandığından, ancaq sayğaca o və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunub-olunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən hesablanmış borc qanunsuz və əsassız olmuşdur. Bundan sonra İddiaçı xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmənin hazırlıq iclasında məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, 27 mart 2024-cü il tarixli, ******* nömrəli akt əsasında ona əsassız olaraq cavabdeh tərəfindən yazılmış 777,60 manat məbləğində pulun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbini müdafiə edərək, əlavə olaraq bildirdi ki, Gəncə şəhəri, Cavadxan qəsəbəsində tikdirdiyi evdə quraşdırılan qaz sayğacına cavabdeh orqanın əməkdaşları tərəfindən baxış keçirilmişdir. ******* nömrəli, 25 yanvar 2024-cü il tarixli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktda sayğacın çıxarılma səbəbi “növbədənkənar yoxlama”, yeni sayğacın quraşdırılma səbəbi isə “əvəz etmə” qeyd edilmişdir. Həmin akt tərtib edilən zaman o da orda olmuş və hər hansı pozuntu qeydə alınmamışdır. Sayğac əvəz edildikdən sonra keçirilmiş yoxlama zamanı “Azəriqaz” İB-nin rəyinə əsasən sayğacın membramının işlək olmadığı və plombun yuvasının ətrafında fiziki təsir nəticəsində əzik, cızıq izlərinin olması aşkar edilmiş və “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli, 27 mart 2024-cü il tarixli akt tərtib edilmişdir. Sözügedən akt da onun adı qeyd olunmuş və guya onun aktı imza etməkdən imtina etməsi qeyd edilmişdir. Halbuki, sözügedən akt tərtib edilən zaman onun iştirakı təmin edilməmişdir. Bundan başqa, ona məxsus qaz sayğacı küçədə quraşdırılmış, belə olduğu halda qaz sayğacının işlək vəziyyətdə qalması üçün də məsuliyyəti o, daşımır. Həmçinin, onun tərəfindən qaz sayğacına heç vaxt hər hansı bir müdaxilə edilməmişdir. Belə olduğu halda 777,60 manat məbləğində cərimənin yazılması absurddur. Odur ki, iddia tələbinin dəqiqləşdirilməsi hissəsi nəzərə alınmaqla, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib və məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; - xx.xx.2024-cü il tarixli, ******* nömrəli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı Gəncə şəhəri, Heydər Əliyev prospekti, 265 ünvanında qeydiyyatdadır. - AZ-İ seriyalı, 603116 nömrəli, 27 mart 2013-cü il tarixli, Gəncə şəhər Kəpəz rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 26 mart 2013-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 27 mart 2013-cü il tarixdə 274 nömrə ilə qeyd edilmişdir. Ölümün səbəbi ürək səbəbli qəfləti ölümdür. - Azərbaycan Respublikası Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyəti başçısının Cavadxan qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 11 yanvar 2022-ci il tarixli, 18 nömrəli arayışdan görünür ki, İddiaçı Gəncə şəhəri, Cavadxan qəsəbəsində qeydiyyatsız yaşayır. - “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli, 25 yanvar 2024-cü il tarixli aktdan görünür ki, “Zenner” tipli, G-4 markalı, **********9 nömrəli sayğacın çıxarılma səbəbi “növbədənkənar yoxlama”, “Zenner” tipli, G-4 markalı, **********367 nömrəli sayğacın isə quraşdırılma səbəbi “əvəz etmə” göstərilmişdir. - “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli, 27 mart 2024-cü il tarixli aktın surətindən görünür ki, Gəncə RQİİ Gəncə XS-nin TQQ və SŞ-nin rəis müavini Turqay Oktay, mühəndis Hüseynov Vüqar, çilingər Quliyev Arif iştirakı ilə akt tərtib edilmişdir ondan ötrü ki, istehlakçıya məxsus qeyri yaşayış sahəsində xx.xx.2024-cü il tarixində təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və aşağıdakılar müəyyən olunmuşdur: “Azəriqaz” İB-nin 0244 nömrəli rəyə əsasən sayğacın membram işlək deyildir. Plombun yuvasının ətrafında fiziki təsir nəticəsində əzik, cızıq izləri aşkar olundu. Dəymiş ziyanın hesablanması və abonent tərəfindən ödənilməsi tələb edilmişdir. Həmin aktda isə istehlakçı İddiaçı imzası yoxdur. - “Dəymiş ziyanın bərpasına dair” 28 mart 2204-cü il tarixli tələbnamənin surətindən görünür ki, sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə xx.xx.2024-cü il tarixli, AKT №0244 nömrəli aktına əsasən G-4 markalı, **********9 nömrəli sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan alt zavod plastmas plombunun üzərində və yuvasının ətrafında fiziki təsir nəticəsində əzik-cızıq izləri aşkar olunmuşdur. Mövcud qaz təsərrüfatının layihə-smeta və texniki icra sənədlərinin tələbinə uyğun yeni sayğacla əvəz edilməsi və itirilmiş qazın bərpası məqsədilə dəymiş ziyan hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlər icra olunması G-4 markalı qaz sayğacının nominal qaz sərfi 6m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğ ödənilməsi 6x12x90=6480 m3 cəmi 6480 m3. - **********00026 nömrəli abonent saldosundan görünür ki, istehlakçı İddiaçı təbii qazdan istifadə qaydalarının pozulmasına görə tərtib edilən aktla bağlı 777,60 manat borc yazılmışdır - Fotoşəkillərdən görünür ki, iddiaçıya məxsus qaz sayğacı onun evinin həyət divarına bitişik, küçədə quraşdırılmışdır. - İstehlakçı İddiaçı ilə paylayıcı “Azəriqaz” İstehsalat Birliyi arasında bağlanmış 25 yanvar 2024-cü il tarixli, AKX-06107xx/xx-2024 nömrəli “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə müqavilədən görünür ki, Paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən qədim edilən hesaba əsasən ödəyir. Məhkəmə iddia tələbi ilə bağlı gəldiyi nəticəsini aşağıdakı hüquq normalarına əsasən əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə görə qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını və ötürülməsini təşkil etməlidir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarının 3.1.5-ci bəndinə əsasən qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarının 3.1.3-cü maddəsinə əsasən qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalıdır. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının “Təbii qazın ölkədaxili tariflərinin tənzimləsi barədə” 28 noyabr 2016-cı il tarixli, 18 nömrəli qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş əlavənin cədvəl bölməsinin 4.1.1-ci sətirində əhali kateqoriyasına aid istehlakçılar üçün illik istehlak həcmi, yəni təbii qazın bir təqvim ili ərzində istehlak həcmi 1700 m3-dək (1700 m3 daxil) olan hissəsi üçün dəyəri 100,0, (ƏDV ilə, manat/min m3), 4.1.2-ci sətirində 1700 m3-dən çox olan hissəsi üçün dəyəri 200,0 (ƏDV ilə, manat/min m3) müəyyən edilmişdir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər İddiaçı yaşadığı ünvanında quraşdırılan qaz sayğacının membramının işlək olmaması və plombun yuvasının ətrafında fiziki təsir nəticəsində əzik-cızıq izlərinin olması ilə əlaqədar “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən iddiaçının sayğaca müdaxilə etməsini mübahisələndirilmiş və hesab edilmişdir ki, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi 27 mart 2024-cü il tarixli, ******* nömrəli aktı tərtib edərkən qanunvericiliyin tələblərini pozmuşdur. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi isə məhkəmə iclasında iştirak etmədiyindən iddiaya münasibətini öyrənmək mümkün olmamışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi istehlakçı olan iddiaçının yaşadığı evdə yerləşən qaz sayğacı üçün borc hesablamışdır. Cavabdeh bu hərəkətini iddiaçı tərəfindən qaz sayğacına müdaxilə etməsi faktı ilə əsaslandırır. Cavabdehin abonentə borc hesablaması üçün abonentin təqsiri üzündən təbii qazdan qanunsuz istifadə faktını sübuta yetirməsi lazımdır. Lakin, iş materiallarından da müəyyən olunur ki, cavabdeh istehlakçı olan iddiaçıya məxsus qaz sayğacına müdaxilə edilməsini təsdiq edən heç bir sübut təqdim etməmişdir. Qaz sayğacı çıxarılarkən tərtib edilmiş ******* nömrəli, 25 yanvar 2024-cü il tarixli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktda sayğacın plombunun və digər hissələrinin toxunulmazlığının pozulması, habelə sayğaca müdaxilə olunması barədə heç bir qeyd aparılmamış, sayğac növbədənkənar yoxlama məqsədi ilə çıxarılmışdır. Sayğac çıxarıldıqdan sonra aparılmış yoxlama nəticəsində qaz sayğacının membramının işlək olmaması və plombun yuvasının ətrafında fiziki təsir nəticəsində əzik-cızıq izlərinin olması müəyyən edilmiş və ******* nömrəli, 27 mart 2024-cü il tarixli akt tərtib edilmişdir. Lakin həmin akt qanunla nəzərdə tutulan qaydada tərtib olunmamış, bununla aktın qanuniliyi və onda qeyd edilən xüsusatların həqiqiliyi şübhə yaratmışdır. Eyni zamanda «Azəriqaz» İstehsalat Birliyinin əməkdaşları tərəfindən istehlakçı olan iddiaçının yaşadığı ünvanda quraşdırılan qaz sayğacının yoxlanılması zamanı İddiaçı iştirakı təmin olunmamış, hal şahidləri baxışın keçirilməsinə cəlb edilməmişdir. Məhkəmə iclasında nəzərdən keçirilən fotoşəkillərdən də görünür ki, iddiaçıya məxsus qaz sayğacı evinin həyət divarında bayırda küçədə yerləşir. Bu da onu deməyə əsas verir ki, aşkarlanmış nöqsanın qaz sayğacına hər hansı kənar şəxslərin müdaxiləsi və ya təbii aşınma nəticəsində olmasını istisna etmir. Bütün bunlar isə cavabdeh tərəfindən mülki hüquqdan sui-istifadədir. İddiaçının abonent koduna vurulmuş itirilmiş qazın dəyərinə görə 777,60 manat borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Cavabdeh tərəfindən tərtib edilmiş aktda göstərilən qüsur cavabdehə əsas vermir ki, iddiaçının sayğaca müdaxilə etdiyini güman edərək sonuncuya əlavə sərfiyyat hesablasın. İşlək sayğacın quraşdırılması və onun işlək vəziyyətdə qalması üçün məsuliyyət qaz paylayıcısının üzərinə düşdüyündən, cavabdeh öz üzərinə düşən vəzifələri icra etmədiyindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı 777,60 (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) manat borc heç bir faktiki və hüquqi əsasa söykənmədən hesablanmışdır. Bu baxımdan məhkəmə iddiaçının iddia tələbində qeyd etdiyi dəlilləri ağlabatan hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, 26 iyul 2007-ci il, § 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (bax, Gavazov v. Bulgaria, No. 54659/00, 06 mart 2008-ci il, § 93). Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki,cavabdeh tərəfindən tutarlı əsas gətirilmədən və faktiki olaraq cavabdehin işçilərinin lazımi dəqiqləşmə aparılmaması nəticəsində əsassız 777,60 (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) manat borc hesablanmışdır. Cavabdeh tərəfindən borcun yaranması kifayətedici aydınlıqla sübut edilə bilinməmiş və hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Buna görə məhkəmə, iddiaçının tələbini əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, tərəflər arasında yaranmış hüquq münasibətlərini tənzimləyən normalara əsaslanaraq, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbini əsaslı sayır və onun təmin edilməsi qənaətinə gəlir. Nəticə etibarilə məhkəmə hesab edir ki, “Azəriqaz” İstehsalat birliyi tərəfindən təbii qazın sərfiyyatı ilə bağlı yaranmış borcun yaranma səbəbinin və hesablanması qaydasının qanunauyğun olduğu barədə sübut təqdim edə bilmədiyindən cavabdeh “Azəriqaz” İstehsalat birliyi tərəfindən ******* nömrəli, 27 mart 2024-cü il tarixli akt əsasında hesablanmış 777,60 (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) manat borc qanunsuz hesablanmış olduğuna görə silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı iddiası təmin edilsin. Təbii qazdan istifadə qaydalarının pozulmasına görə ******* nömrəli, 27 mart 2024cü il tarixli akt əsasında İddiaçı (abonent kodu **********00026) cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən hesablanmış 777,60 (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) manat məbləğində borc silinsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-954/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-954/2025
10.02.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver