Məhkəmə qərarları › İş №2(125)-964/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-964/2023

14.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-964/2023 14.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı «əsassız olaraq borc kimi yazılmış məbləğin silinməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı «əsassız olaraq borc kimi yazılmış məbləğin silinməsi» tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, M.Y.Axundzadə ev 65 ünvanında yerləşən abonentə (kodu **********00650) olan istehlakçıya əsassız olaraq borc kimi yazılmış olan 1036,80 (bir min otuz altı manat səksən qəpik) manat borcun X1 tərəfindən silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil faktiki olaraq onun və ailə üzvlərinin istifadəsindədir. Həmin ünvanda Abonent kodu **********00650 olmaqla cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən qazla təmin olunmaqdadır. Həmişə tərəfindən vaxtaşırı ödənilməklə həmin ünvan qazla təmin olunmuşdur. 12 fevral 2022-ci il tarixində cavabdehin əməkdaşları onun ünvanına gələrək sayğacın borcu qurtardıqdan onun dəyişdirilməli olduğunu bildirmişdir. Buna görə də sayğac dəyişdirilmişdir. Qazın verilişi bərpa olunmuşdur. Sayğac dəyişdirilən zaman tərtib olunmuş aktda sayğaca müdaxilə ilə bağlı və ya onun zədələnməsi ilə bağlı hər hansı qeyd aparılmamışdır. O, bununla əlaqədar “Azəriqaz” İstehsalat Birliyinə müraciət etmiş, müxtəlif sənədlər toplamış və məlum olmuşdur ki, xx.xx.2022-ci il tarixində onun iştirakı və xəbəri olmadan xx.xx.2022-ci il tarixində götürülmüş sayğaca baxış keçirilmiş və bu barədə akt tərtib olunmuş, guya sayğaca müdaxilə olunduğu üçün 1036,80 manat borc yazılmışdır. Həmin akta əsas kimi sayğaca baxış keçirildiyini və sayğacın çıxış plastmas borusu deşildiyi bildirilmişdir. O, həmin aktın tərtib olunmasında iştirak etməmişdir. Ümumiyyətlə həmin vaxt heç kim nə yaşadığı ünvana gəlmiş, nə də o, harasa dəvət olunmamışdır. 1036,80 manat pul borc kimi qanunsuz və əsassız olaraq yazılmışdır. Sayğac çıxarılan zaman X3 əməkdaşları tərəfindən ona müdaxilə olunması aşkar edilməmiş, sayğaca müdaxilə olunması sonradan akt ilə müəyyən edilmiş və həmin akt əsasında da ziyan hesablanmışdır. Ona görə də hesab edir ki, əsassız olaraq borc kimi yazılmış olan 1036,80 manatın X1 tərəfindən silinməsi barədə qətnamə qəbul olunmalıdır. İşin müəyyən edilmiş hallarından göründüyü kimi onun və ya ailə üzvləri tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda ona əlavə pul hesablanması yolverilməzdir. Onun müdaxilə etdiyi qeyd edilən sayğacın onun faktiki mülkiyyətində olan ərazisində yox, küçədə quraşdırmış olmasını və bu səbəbdən onun sayğacı kənar müdaxilələrdən güdməyi qeyri-mümkündür. Müdaxilənin məhz onun və ya onun ailə üzvləri tərəfindən edilməsi işin hər hansı halı ilə sübuta yetirilmədiyindən, sayğac çıxarılan zaman müdaxilə X3 əməkdaşları tərəfindən aşkar olunmadığından və həmin müdaxilə təhvil təslim aktında öz əksini tapmadığından, ümumiyyətlə bundan sonra sayğacın hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, habelə xx.xx.2022-ci il tarixdə akt əsasında sayğaca müdaxilə olunması sonradan aşkar olunduğundan və həmin rəy əsasında da ziyan hesablandığından, ancaq sayğaca o və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunub-olunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən hesablanmış borc qanunsuz və əsassız olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib və məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1952-ci il tarixdə ünvan 2 ünvanında qeydiyyatdadır. xx.xx.2022-ci il tarixli, ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktın surətindən görünür ki, “İtron” tipli, C4 markalı sayğacın (plombun) çıxarılma səbəbi kimi dövri yoxlama vaxtının bitməsi göstərilmişdir. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, TQQ və SX-nın rəisi Avazov Müseyib, X2, çilingər Ağayev Vüqarın iştirakı ilə akt tərtib edilmişdir ondan ötrü ki, istehlakçıya məxsus qeyri yaşayış sahəsində xx.xx.2022-ci il tarixində təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və aşağıdakılar müəyyən olunmuşdur: sayğaca baxış keçirılmış və sayğacın sayğacın çıxış plastmas borusu deşilmiş və dəymiş ziyanın hesablanaraq abonent tərəfindən ödənilməsi tələb etmişdir. Həmin aktda isə istehlakçı İddiaçı imzası yoxdur. Fotoşəkillərdən görünür ki, iddiaçıya məxsus qaz sayğacı onun evinin həyət divarına bitişik, küçədə quraşdırılmışdır. Məhkəmə iddia tələbi ilə bağlı gəldiyi nəticəsini aşağıdakı hüquq normalarına əsasən əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə görə qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını və ötürülməsini təşkil etməlidir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarının 3.1.5-ci bəndinə əsasən qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarının 3.1.3-cü maddəsinə əsasən qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalıdır. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının “Təbii qazın ölkədaxili tariflərinin tənzimləsi barədə” 28 noyabr 2016-cı il tarixli, 18 nömrəli qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş əlavənin cədvəl bölməsinin 4.1.1-ci sətirində əhali kateqoriyasına aid istehlakçılar üçün illik istehlak həcmi, yəni təbii qazın bir təqvim ili ərzində istehlak həcmi 1700 m3-dək (1700 m3 daxil) olan hissəsi üçün dəyəri 100,0, (ƏDV ilə, manat/min m3), 4.1.2-ci sətirində 1700 m3-dən çox olan hissəsi üçün dəyəri 200,0 (ƏDV ilə, manat/min m3) müəyyən edilmişdir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər İddiaçı faktiki yaşadığı Gəncə şəhəri, M.Y.Axundzadə ev 65 ünvanında quraşdırılan qaz sayğacının çıxış plastmas borusunun deşilməsi ilə əlaqədar “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən iddiaçının sayğaca müdaxilə etməsini mübahisələndirilmiş və hesab edilmişdir ki, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktı tərtib edərkən qanunvericiliyin tələblərini pozmuşdur. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi isə məhkəmə iclasında iştirak etmədiyindən iddiaya münasibətini öyrənmək mümkün olmamışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi isteklakçı olan iddiaçının yaşadığı ünvanda yerləşən qaz sayğacı üçün borc hesablamışdır. Cavabdeh bu hərəkətini iddiaçı tərəfindən qaz sayğacına müdaxilə etməsi faktı ilə əsaslandırır. Lakin, iş materiallarından da görünür ki, cavabdeh istehlakçı olan iddiaçıya məxsus qaz sayğacına müdaxilə edilməsini təsdiq edən heç bir sübut təqdim etməmişdir. Qaz sayğacı çıxarılarkən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktda sayğacın plombunun və digər hissələrinin toxunulmazlığının pozulması, habelə sayğaca müdaxilə olunması barədə heç bir qeyd aparılmamış, sayğac dövri yoxlama vaxtının bitməsi ilə əlaqədar çıxarılmışdır. Sayğac çıxarıldıqdan yeddi ay sonra aparılmış yoxlama nəticəsində sayğacın çıxış plastmas borusunun deşildiyi müəyyən edilmiş və xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt tərtib edilmişdir. Lakin həmin akt qanunla nəzərdə tutulan qaydada tərtib olunmamış, bununla aktın qanuniliyi və onda qeyd edilən xüsusatların həqiqiliyi şübhə yaratmışdır. Eyni zamanda «Azəriqaz» İstehsalat Birliyinin əməkdaşları tərəfindən Gəncə şəhəri M.Y.Axundzadə 65 saylı evə aid qaz sayğacının yoxlanılması zamanı İddiaçı iştirakı təmin olunmamış, hal şahidləri baxışın keçirilməsinə cəlb edilməmişdir. Sayğaca müdaxilə olunmadan hesablama mexanizmində xəta aşkarlanmışdırsa, buna görə fiziki şəxs olan istehlakçı məsuliyyət daşımır. Eyni zamanda iş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, iddiaçıya məxsus qaz sayğacı evinin həyət divarında bayırda küçədə yerləşir bu da onu deməyə əsas verir ki, aşkarlanmış nöqsanın qaz sayğacına hər hansı kənar şəxslərin müdaxiləsi və ya təbii aşınma nəticəsində olmasını istisna etmir. Cavabdehin abonentə borc hesablaması üçün abonentin təqsiri üzündən təbii qazdan qanunsuz istifadə faktını sübuta yetirməsi lazımdır. Cavabdeh isə həmin halı sübuta yetirə bilməmişdir. Cavabdeh tərəfindən tərtib edilmiş aktda göstərilən qüsur cavabdehə əsas vermir ki, iddiaçının sayğaca müdaxilə etdiyini güman edərək sonuncuya əlavə sərfiyyat hesablasın. İşlək sayğacın quraşdırılması və onun işlək vəziyyətdə qalması üçün məsuliyyət qaz paylayıcısının üzərinə düşdüyündən, cavabdeh öz üzərinə düşən vəzifələri icra etmədiyindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı 1036,80 (bir min otuz altı manat səksən qəpik) manat borc heç bir faktiki və hüquqi əsasa söykənmədən hesablanmışdır. Bu baxımdan məhkəmə iddiaçının iddia tələbində qeyd etdiyi dəlilləri ağlabatan hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, 26 iyul 2007-ci il, § 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (bax, Gavazov v. Bulgaria, No. 54659/00, 06 mart 2008-ci il, § 93). Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki,cavabdeh tərəfindən tutarlı əsas gətirilmədən və faktiki olaraq cavabdehin işçilərinin lazımi dəqiqləşmə aparılmaması nəticəsində əsassız 1036,80 manat borc hesablanmışdır. Cavabdeh tərəfindən borcun yaranması kifayətedici aydınlıqla sübut edilə bilinməmiş və hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Buna görə məhkəmə, iddiaçının tələbini əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, tərəflər arasında yaranmış hüquq münasibətlərini tənzimləyən normalara əsaslanaraq, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbini əsaslı sayır və onun təmin edilməsi qənaətinə gəlir. Nəticə etibarilə məhkəmə hesab edir ki, “Azəriqaz” İstehsalat birliyi tərəfindən təbii qazın sərfiyyatı ilə bağlı yaranmış borcun yaranma səbəbinin və hesablanması qaydasının qanunauyğun olduğu barədə sübut təqdim edə bilmədiyindən cavabdeh “Azəriqaz” İstehsalat birliyi tərəfindən xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 1036,80 manat borc qanunsuz hesablanmış olduğuna görə silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Gəncə şəhəri, M.Y.Axundzadə ev 65 ünvanında təbii qazdan istifadə qaydalarının pozulmasına görə abonent İddiaçı (abonentin kodu **********00650) cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən hesablanmış 1036,80 (bir min otuz altı manat səksən qəpik) manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar