Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-100/2026 25.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının Iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsindən irəli gələn öhdəliklərin icra edilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh qarşı “müqavilə üzrə pul tələbinə dair” kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının *-*(***)-***/**** nömrəli 2025-ci il ## ####### tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları
1. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 2023-ci il ## ###### tarixli, ***/**** saylı məhsulların nisyə alqı-satqı müqaviləsinə görə şirkət nisyə olaraq ümumi dəyəri 16938,20 manat məbləğində olan müxtəlif çeşidli məhsulları satır, alıcı isə ümumi dəyəri 16938,20 manat məbləğində olan müxtəlif çeşidli məhsulları nisyə olaraq qəbul edir. Alıcı 16938,20 manat məbləğində olan borcunu 3 ay ərzində pul şəklində ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin: - 5-ci bəndinə əsasən alıcı satıcının hesabına ödəməli olduğu vəsaiti nəğd və ya köçürülmə formasında, yalnız satıcının səlahiyyətli nümayəndəsindən qəbz (təhsilat) almaqla ödəyir. Bu qaydanın pozulması nəticəsində yaranmış mübahisəyə görə məsuliyyəti alıcı tərəf daşıyır. - 8-ci bəndinə əsasən tərəflər qəbul edirlər ki, bu müqavilə üzrə öhdəliklərin icra yeri Bakı şəhəri Binəqədi rayon ərazisidir. Tərəflər arasında bu müqavilə ilə gələcəkdə mübahisə yaranarsa, münaqişənin həllinə satıcının qeydiyyatda olduğu ünvan üzrə həmin məhkəmə tərəfindən baxılacaq.
2. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 2023-cü il ## ###### tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsasən kreditor tərəfindən borcluya verilmiş müxtəlif çeşidli məhsullar əsasında borclunun kreditora 16938,20 manat məbləğində borcu yarandığı müəyyən olunmuşdur. Borclu kreditora 16938,20 manat borcunun olduğunu tam etiraf edir və bu müqavilədə göstərilən müddətdə və qaydada ödəməyi öhdəsinə götürür. 2.1-ci bəndinə əsasən borclu borc məbləğini bu müqavilə bağlandıqdan sonra hər ay 8469.1 manat olmaqla tam olaraq kreditora ödəməyi öhdəsinə götürür.
3. 2023-cü il ## ###### tarixli malların təhvil-təslim aktına əsasən İddiaçı MMC tərəfindən Cavabdeh 16938,20 manat dəyərində mal təhvil verilmişdir. Akt tərəflərin imzası və İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmişdir.
4. Cavabdeh İddiaçı MMC-yə ünvanlanmış 2023-cü il ## ###### tarixli ərizəsinə əsasən tərəflər arasında bağlanılmış müqavilə üzrə müəssisəyə 16938,20 manat məbləğində borcu olduğunu etiraf etmiş və tam şəkildə ödəməyi öhdəsinə götürdüyünü bəyan etmişdir.
5. İddiaçı MMC tərəfindən Cavabdeh 2024-cü il ## #### tarixli xəbərdarlıq ünvanlanaraq borcun 1 iş günü ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə hüquqi müdafiə vasitələrindən istifadə ediləcəyi bildirilmişdir.
Iş üzrə məhkəmə icraatı
a) Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə ödənilməmiş 16938,20 manat, habelə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 140,82 manat məbləğində pulun Cavabdeh (bundan sonra – “cavabdeh”) tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Iddia tələbi işin yuxarıda sadalanan faktiki hallarına istinadla belə əsaslandırılmışdır ki, müqaviləyə əsasən cavabdeh malların dəyərini pul şəklində 2 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Daha sonra cavabdeh iddiaçıya yazdığı ərizədə borcunu etiraf etmiş və iki ay ərzində borcunu tam şəkildə ödəyəcəyini bildirmişdir. Buna baxmayaraq, müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və borcunun 16938,20 manat hissəsini bu günədək ödəməmişdir.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2025-ci il ## ###### tarixli, *-**-**/*-*/***/**** saylı ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, ekspertizaya təqdim edilmiş hazırki işin 77-ci vərəqələrində olan 2023cü il ## ###### tarixli təhvil-təslim aktında “təhvil aldı alıcı” hissəsində “Imza:” qrafasındakı imza – Cavabdeh tərəfindən icra edilmişdir.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2025-ci il ## ### tarixli, ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, ekspertizaya təqdim edilmiş hazırki işin 77-ci vərəqəsində olan mövcud borcun etirafı haqqında müqavilədə “borclu qrafasında olan imza; 78-ci vərəqədə olan 2023-cü il ## ###### tarixli alqı satqı müqaviləsində alıcı bölməsində olan imza, 79-cu vərəqədə olan 2023cü il ## ###### tarixli təhvil-təslim aktında “təhvil aldı alıcı” hissəsində “Imza:” qrafasındakı imza – Cavabdeh tərəfindən icra edilmişdir. 10.Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-***/**** nömrəli, 2025-ci il ## #### tarixli qətnaməsi ilə iddia təmin edilmiş, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 251 manat pul vəsaitinin cavabdehdən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməsi qət olunmuşdur (hakim G.Həşimova).
11. Cavabdehin vəsatətləri ilə məhkəmə tərəfindən ilkin və təkrar təyin edilmiş məhkəmə xəttşünaslıq ekspertizasının rəylərinə əsasən ekspertizaya təqdim edilmiş hazırki işin 77-ci vərəqəsində olan mövcud borcun etirafı haqqında müqavilədə “borclu qrafasında olan imza; 78-cu vərəqədə olan 2023-cü il ## ###### tarixli alqı satqı müqaviləsində alıcı bölməsində olan imza, 79-cu vərəqədə olan 2023-cü il ## ###### tarixli təhvil-təslim aktında “təhvil aldı alıcı” hissəsində “Imza:” qrafasındakı imzanın – cavabdeh tərəfindən icra olunması müəyyən edilmişdir. Məhkəmənin ekspert rəyləri ilə razılaşmaması üçün əsaslar mövcud olmadığından həmin rəylər iş üzrə sübut qismində qəbul edilmişdir.
12. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən iddiaçı üzərinə düşən öhdəlikləri tam icra edərək, tələb edilən malları cavabdehə təhvil versə da, cavabdeh təqdim edilmiş malın dəyərini tam ödəməmiş, bununla da müqavilə öhdəliklərini pozmuşdur. Nəticədə cavabdehin iddiaçıya 16938,20 manat məbləğində borcu yaranmışdır. Qeyd edilən hal, iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş və məhkəmə iclaslarında tədqiq edilmiş, alqı-satqı müqaviləsi, tərəflər arasında imzalanmış 2023-cü il ## ###### tarixli təhvil-təslim aktı və 2023-cü il ## ###### tarixli borcun etirafı barədə müqavilə ilə təsdiq edilir.
13. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəlləsinin 567, 385.1, 442, 443.1, 448.1, 882.1, 882.2-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2018-ci il tarixli Plenum Qərarına, AIHM-in X1rşı, § 29; Hiro Balani Ispaniyaya qarşı qərarlarına § 27 istinadla əsaslandırmışdır.
14. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, onun ləğv olunması, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ####### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim – L.Əliyeva, hakimlər – Z.Şirinov və T.Mahmudova).
16. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razlaşaraq cavabdehin boş sənədlərə imza atması, təhvil-təslim aktının formasındakı uyğunsuzluqların mövcud olması, göstərilən halların iddiaçı tərəfindən malların təqdim edilməsini və borcun mövcudluğunu təsdiq etmək üçün təqdim edilmiş sənədlərin mötəbərsizliyinə dəlalət etməsi barədə cavabdehin apellyasiya şikayətində istinad etdiyi dəlillərə münasibətdə Kollegiya göstərmişdir ki, işə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh tərəfindən təhvil-təslim aktındakı imzanın ona məxsus olması faktı mübahisələndirilmiş, bununla bağlı məhkəmə tərəfindən xəttşünaslıq ekspertizası keçirilmiş və aktdakı imzanın cavabdeh tərəfindən icra edilməsi öz təsdiqini tapmışdır. Hazırda isə cavabdeh istinad etdiyi dəlilləri, yəni iddiaçının təkidi ilə boş sənədləri imzalamasını sübuta yetirə bilmir, təhvil-təslim aktlarının formasındakı uyğunsuzluqlar isə həmin aktın sonradan tərtib edilməsi barədə nəticəyə gəlmək üçün yetərli deyildir.
17. Həmçinin Kollegiya qeyd etmişdir ki, cavabdeh borcun etirafı barədə müqaviləni bağlamaqla Mülki Məcəllənin 882.2-ci maddəsinin tələblərinə əsasən həmin müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən, yəni nisyə alqı-satqı müqaviləsindən irəli gələn etirazları irəli sürmək hüququnu itirmişdir. Iddiaçı tərəfindən təqdim edilən mallara dair elektron qaimə-fakturaların göndərilməməsinə dair cavabdehin dəlillərinə gəldikdə qeyd edilməlidir ki, bu dəlillər alıcıya təhvil alınmış malların dəyərini ödəmək öhdəliyindən imtina etmək üçün əsas vermir. Belə ki, birincisi, elektron qaimə-fakturanın təqdim edilməsi vergi uçotu və fiskal nəzarət məqsədi daşıyır. Yəni cavabdehin elektron qaimə-fakturanı təqdim etməməsi inzibati və fiskal məsuliyyət yarada bilər, lakin cavabdehin mülki-hüquqi öhdəliklərini(malın dəyərinin ödənilməsi və s.) aradan qaldırmır.
18. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 442, 567, 598.1, 600.1, 882.1, 882.2, MPM-in 77.1, 119.1, 119.5-ci maddələrinə istinadla əsaslandırmışdır.
19. Cavabdeh kassasiya şikayəti verərək, onun ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
20. Azərbaycan Respublikası Konstitusiyasının 60, 125.7-ci maddələri və “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddələsi üzrə - Məhkəmə müqavilə və sənədlərin etibarlılığını (tərtib, yer, təhvil verənin imzası, malın həcmi, vergi qanunvericiyinin tələblərinin pozulması), həqiqətə uyğunluğunu və ilkin sənəd olub-olmamasını araşdırmamış, aidiyyəti üzrə vergi orqanına müvafiq sənədlərin olub-olmamasına dair sorğu göndərməmişdir. Məhkəmə işi təfsilatlı araşdırmadan, işdə olan faktiki hallara və iddiaçının təqdim etdiyi sonradan hazırlanmış sənədlərə, o cümlədən tərəfindən təqdim edilən sübut və vəsatətlərə qiymət vermədən qətnamə qəbul etməklə onun “ədalətli məhkəmə araşdırması” hüququnu pozmuşdur.
21. Vergi Məcəlləsinin 218.1.2-ci maddəsi üzrə - məhkəmə qanunvericiliyin qeyd olunan tələbini nəzərə almamış, vergi orqanına aidiyyəti üzrə elektron qaimə fakturanın tərtib edilib-edilməməsinə dair, eyni zamanda bunun əksi barədə hansı sanksiyanın və ya yoxlamanın aparılmasını araşdırmamışdır.
22. MPM-in 9, 10-1.3, 14, 77.1, 78.2, 88, 167.1.10, 217.1, 217.3-cü maddələri üzrə - iddiaçının Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura göndərib-göndərməməsinin aydınlaşdırılması üçün məhkəməyə ərizə verməsinə baxmayaraq Vergi orqanına aidiyyəti üzrə heç bir sorğu verilməmiş və ya araşdırma aparılmamış, qətnamədə qanunvericiliyin qeyd olunan tələbinə belə şərh verilməmişdir. Tərəfindən verilmiş 2025-ci il # #### tarixli etiraza əlavə və 2025-ci il # #### tarixli vəsatət nəzərə alınmamışdır. Mülki Prosessual Məcəllənin dispozitivlik prinsipinin tələbləri və hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyi pozulmuş, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamış, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməmişdir. Məhkəmə iddiaçının vergi subyekti olaraq qanunvericiliyin tələbinə uyğun alq-satqı etdiyini sübut etməli olduğu halda bunu etməmiş və sadəcə sonradan tərtib edilmiş sənədlərlə məhkəməni yanıtmağa çalışmış və məhkəmə bu halı nəzərə almadan mübahisəyə yanlış hüquqi qiymət vermişdir.
23. Həmçinin kassator Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 2007-ci il ## #### tarixli qərarı, Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il ## ##### tarixli, Konstitusiya Məhkəməsi Plenumunun 2016-cı il ## ###### tarixli qərarları və Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il ## #### tarixli 2- *(***)-***/**** saylı qərarına istinad etmişdir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Kassasiya baxışının hədləri
25. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
26. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
Tətbiq edilən hüquq
27. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 385. Öhdəlik anlayışı
385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.”
“Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
“Maddə 567. Alğı-satqı müqaviləsi
Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
“Maddə 598. Alınmış əşyanın ödənilməsi
598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. …”
“Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.”
“Maddə 882. Mövcud borcun etirafı haqqında mücərrəd müqavilə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. ...”
28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...”
“Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”
“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri
416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”
Kassasiya instansiya məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Kollegiya kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və onu da bildirir ki, şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir. Kollegiya həmin hüquqi qiymətləndirmə və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.
31. Kollegiya, həmçinin bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
32. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarı).
33. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi iş materiallarında olan sübutlar əsasında hüquqi qiymətləndirməni qanunvericiliyin tələblərinə əsasən düzgün aparmış və qanunvericiliyin müddəalarını işin hallarına münasibətdə düzgün tətbiq etmiş, cavabdehin kassasiya şikayətində göstərilən dəlillər isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir.
34. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
qərara aldı:
Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının *-*(***)-***/**** nömrəli 2025-ci il ## ####### tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.