Məhkəmə qərarları › İş №2-2(1-8)-116/2026

Ali Məhkəmə Qərar — İş №2-2(1-8)-116/2026

25.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-116/2026 25.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının Iddiaçı (qarşılıqlı cavabdeh) “X2 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin cavabdeh (qarşılıqlı iddiaçı) “xxxx” MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilə üzrə öhdəliklərin icra edilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Işin halları

1. “X2 Company Limited” Azərbaycan Respublikasındakı Nümayəndiliyi (“alıcı”) ilə “xxxx” MMC (“satıcı”) arasında 2022-ci il # #### tarixli BEOCL/****/*** nömrəli alqı-satqı müqaviləsi imzalanmışdır.

2. Müqavilənin şərtlərinə əsasən, Satıcı 2022-ci il # #### tarixli Alış Sifarişinə uyğun olaraq ümumi dəyəri 143.000 ABŞ dolları təşkil edən malları müəyyən edilmiş standart və texniki tələblərə uyğun şəkildə Alıcıya təhvil verməyi, Alıcı isə malları qəbul edib dəyərini ödəməyi öhdəsinə götürmüş, sifariş üzrə məbləğin 50 faizinin avans qaydasında ödənilməsi və malların 80-90 gün müddətində çatdırılması razılaşdırılmışdır. Müqavilədə ödənişin çatdırılma və qaimə-fakturanın imzalanmasından sonra həyata keçirilməsi, malların isə həm Azərbaycan Respublikasının, həm də mənşə ölkəsinin qanunvericiliyinə, habelə alış sifarişində nəzərdə tutulan keyfiyyət və texniki göstəricilərə uyğun olması, satıcı tərəfindən bütün zəruri icazə və sertifikatların təqdim edilməsi, malların qüsursuz, girov və yüklülükdən azad vəziyyətdə təhvil verilməsi, zəmanət müddəti ərzində yaranmış qüsurların satıcının hesabına aradan qaldırılması və ya malların yenisi ilə əvəz olunması nəzərdə tutulmuşdur. Eyni zamanda, alış sifarişinin şərtlərinə uyğun olmayan malların alıcı tərəfindən qəbul edilməməsi, gizli qüsurlar aşkar olunduqda iddia hüququnun saxlanılması, qüsurlu malların reklamasiya aktı təqdim edildikdən sonra iki gün müddətində dəyişdirilməsi və çatışmayan malların tamamlanması, satıcının vurulmuş zərərə görə məsuliyyət daşıması, malların gec çatdırılması halında hər gecikmə günü üçün 0,1 faiz həcmində, lakin ümumi dəyərin 10 faizindən çox olmamaqla cərimə ödənilməsi, çatdırılma müddətinin müqavilənin mühüm şərti hesab olunması və satıcının öhdəliyi icra etmədiyi halda alıcının malları üçüncü şəxsdən almaqla çəkdiyi xərclərin əvəzini tələb etmək hüququ müəyyən edilmişdir. Müqavilə ilə həmçinin malların müvafiq qaydada qablaşdırılması və nişanlanması, hissə-hissə tədarükün vahid müqavilə kimi qiymətləndirilməsi, mülkiyyət hüququ və risklərin keçməsi qaydası, satıcının zəmanət pozuntularına görə alıcı qarşısında tam məsuliyyəti, müqavilənin 2022-ci il # #### tarixindən 2023-cü il # #### tarixinədək qüvvədə olması, alıcının müəyyən hallarda müqaviləyə birtərəfli qaydada xitam vermək hüququ və satıcının gecikmə və ya öhdəliklərin pozulması nəticəsində dəymiş bütün zərərləri ödəməli olması razılaşdırılmışdır.

3. “X2 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən “xxxx” MMC-yə 2022-ci il # #### tarixli 143.000 ABŞ dolları məbləğində hesab faktura göndərilmişdir.

4. “X2 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə “xxxx” MMC arasında PO-22- ****** nömrəli 143.000 ABŞ dolları məbləğində alış sifarişi imzalanmışdır.

5. “xxxx” ASC tərəfindən verilmiş 2022-ci il ## #### tarixli ödəniş tapşırığına əsasən iddiaçı tərəfindən “xxxx” MMC-nin hesabına 121.550 manat köçürülmüşdür.

6. “X2 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə “xxxx” MMC arasında imzalanmış 2023-cü il ## ### tarixli protokolun məzmunundan görünür ki, Alış Sifarişi əsasında hazırlanmaqda olan mallara baxış keçirilmiş və mühərrik, su radiatorunun yeni olmadığı və kardan val birləşmələrin düz ox boyu tarazlanmadığı aşkar edilmiş və IDS-in rəhbərliyinə irad olaraq bildirilmişdir. Bu Protokol IDS və Bahar Enerji tərəfindən imzalanmış və möhürlə təsdiq edilmişdir.

7. “X2 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə “xxxx” MMC arasında imzalanmış 2023-cü il # ###### tarixli protokolun məzmunundan görünür ki, bu Protokola əsasən isə qeyd edilən Mallara baxış keçirilmiş və sınaq edilmişdir. Yenidən aşkar olunmuş nöqsanlarla bağlı qeyd edilmiş nöqsanların aradan qaldırılmasından sonra bir»ə təkrar sınaq edilməsi qərara alınmışdır.

8. “X2 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə “xxxx” MMC arasında imzalanmış 2023-cü il ## ###### tarixli protokola əsasən mallara yenidən baxış keçirilmiş və sınaq edilmişdir. Sınaq nəticəsində nöqsanlar aşkar edilmişdir. Qeyd edilmiş nöqsanların aradan qaldırılmasından sonra birgə təkrar sınaq edilməsi qərara alınmışdır.

9. Işə birinci instansiya məhkəməsində baxılarkən məhkəmə iclasında şahid qismində dindirilmiş nümayəndə3 ifadəsində iddiaçının işçisi olduğunu, 2021-ci ilin dekabr ayında 2 qaldırıcı qurğu ilə bağlı sifariş olmuşdur. 2022-ci ilin yayında 50% ödəniş edilmişdir. Daha sonra tərəflər arasında iclas keçirilərək sifariş verilən dəzgahın necə işləyəcəyi ilə bağlı danışıqlar olmuşdur. Müqaviləyə əsasən, 80-90 gün ərzində nasos təhvil verilməli idi, lakin bu müddətin keçməsinə baxmayaraq, nasos təhvil verilmədi. 2022-ci ildə, daha sonra 2023cü 15 fevral tarixindədə iclaslar keçirildi, hamısında qüsurlar aşkar olunsa da satıcı həmin nasoslardakı qüsurları aradan qaldırmadı.

10. Vurucu nasos üçün ümumi tələblər adlı sənəddə sifariş edilən nasosun texnik xarakteristikaları sadalanmışdır. Sənədə nasos tam hazır olduqdan sonra qurğuya təchizatçının bazasında yekun sınaq və baxış keçirilməsi üçün sifarişçinin əməkdaşlarının iştirakı və təmin olunmalı olması barədə qeyd daxil edilmişdir.

11. Tərəflər arasında aparılmış e-mail yazışmalarından müəyyən edilir ki, tərəflər sifariş edilmiş nasosların çatdırılması və hazırlanması vəziyyəti, sınaqların aparılması, eləcə də müqavilənin ləğv edilməsi ilə bağlı danışıqlar aparmışlar.

Iş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

a) Ilkin iddia

12. Iddiaçı “X2 Company Limited” AR Nümayəndəliyi (bundan sonra - “Şirkət”) 2024cü il # ###### tarixində cavabdeh “xxxx”xxxx“MMC”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şirkət tərəfindən avans olaraq ödənilmiş 121.550 manat və həmin məbləğə münasibətdə hesablanmış olmaqla 15.193 manat məbləğində cərimənin, ümumilikdə, 136.693,75 manat pulun, həmçinin iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 426,74 manat pulun MMC-dən Şirkətin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Şirkətlə MMC arasında bağlanmış 2022ci il # #### tarixli BEOCL/****/*** nömrəli alqı-satqı müqaviləsinə və həmin müqavilənin ayrılmaz hissəsi olan 2022-ci il # #### tarixli PO-**-****** nömrəli alış sifarişinə əsasən, MMC malları təhvil verməyi, Şirkət isə malları qəbul edib dəyərini ödəməyi öhdəsinə götürmüş, müqavilə qiyməti 143.000 ABŞ dolları müəyyən edilmiş və məbləğin 50%-i avans kimi ödənilmişdir. Şirkət tərəfindən 2022-ci il ## #### tarixində 121.550 manat MMC-nin bank hesabına köçürülsə də, MMC müqavilə öhdəliklərini yerinə yetirməmiş, mallar qüsurlu olduğundan və nöqsanlar aradan qaldırılmadığından bugünədək təhvil verilməmişdir. Bu hallar tərəflər və MMC-nin podratçısı “xxxx” tərəfindən təsdiqlənmiş 2023-cü il ## ###, 3 noyabr və 30 dekabr tarixli protokollar, sınaq aktları və elektron yazışmalarla təsdiq olunmuş, həmin sənədlərdə mühərrik, radiator, kardan val, vurucu nasos, yağlama sistemi və digər texniki hissələrlə bağlı çoxsaylı qüsurlar, sızmalar, normadan artıq dövrlər və təzyiq problemləri müəyyən edilmiş, qüsurların aradan qaldırılmasından sonra təkrar sınaqlar keçirilməsi qərara alınmışdır. Iddiaçı bildirmişdir ki, MMC elektron yazışmalarda iradlara vaxtında reaksiya verməmiş, malların təhvilini müxtəlif bəhanələrlə yubadaraq həyata keçirməmiş, nəticədə Şirkətin fəaliyyətində ciddi problemlər və gecikmələr yaranmışdır. Müqavilənin 3.2-3.6 və 4.1-4.3-cü maddələrinə əsasən, satıcı malların keyfiyyətinə, texniki tələblərə və zəmanət şərtlərinə uyğunluğuna təminat vermiş, qüsurların aradan qaldırılması, malların dəyişdirilməsi, gecikməyə görə cərimə ödənilməsi və alıcının üçüncü şəxslərdən mal almaqla bağlı çəkdiyi zərərlərin əvəzinin ödənilməsi öhdəliyini üzərinə götürmüşdür. b) Qarşılıqlı iddia tələbi

14. MMC 2024-cü il ## ###### tarixində qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, Şirkətin MMC-yə qarşı “ödənilmiş 121.550 manat məbləğin geri qaytarılması və 15.193 manat cərimənin ödənilməsi barədə” ilk iddia tələbinin təmin edilməməsi, Şirkət tərəfindən MMC-yə 121.550 manat borcun ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

15. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Şirkətin 2022-ci il # #### tarixli MR-TD******-*** nömrəli alış sifarişi və tərəflər arasında bağlanmış 2022-ci il # #### tarixli BEOCL****/*** nömrəli müqavilə əsasında 2 dəst stasionar rama üzərində vurucu nasosun hazırlanması üçün Şirkət tərəfindən MMC-nin hesabına 121.550 manat avans ödənilmiş, sifarişin icrası məqsədilə MMC tərəfindən “xxxx” X1 ilə müqavilə bağlanmışdır. Bildirilmişdir ki, sifariş üzrə texniki müzakirələr aparılmış, eskiz-layihələr təsdiqlənmiş, komplektləşdirici avadanlıqlar, o cümlədən Caterpillar dizel mühərrikləri, Allison mühərrikləri və SIN32 nasosları alınaraq istehsala başlanılmış, istehsal prosesində Şirkətin nümayəndələri dəfələrlə iştirak etmiş, müxtəlif vaxtlarda irəli sürülmüş irad və təkliflər MMC tərəfindən aradan qaldırılmış və əlavə tələblər yerinə yetirilmişdir. Iddia edilmişdir ki, istehsal prosesinin gecikməsi BEOC tərəfindən verilmiş digər təxirəsalınmaz sifarişlər, zavod ərazisində yenidənqurma işləri və mütəxəssislərin dövlət layihələrinə cəlb olunması ilə bağlı olmuş, buna baxmayaraq avadanlıqlar təhvil verilmiş, quraşdırılmış və dəfələrlə sınaqdan keçirilmişdir. MMC qeyd etmişdir ki, 2023-cü il ## ###### tarixli son sınaqda yalnız xırda qüsurlar aşkar edilmiş və aradan qaldırılmış, lakin Şirkət sonradan müqavilədə nəzərdə tutulmayan əlavə tələblər irəli sürərək 2024-cü il ## ###### tarixində nasos dəstinin qəbulundan imtina etmişdir. Eyni zamanda göstərilmişdir ki, Şirkət 2023-cü il ## #### tarixində ikinci nasos dəstinin qəbulundan da imtina etmiş, halbuki hazırda MMC-nin emalatxanasında müqavilə şərtlərinə uyğun, ümumi dəyəri 243.100 manat olan və sifarişçinin nümayəndələrinin iştirakı ilə dəfələrlə sınaqdan keçirilmiş 2 dəst tam vurucu nasos mövcuddur. MMC bildirmişdir ki, avadanlıqların hazırlanması üçün bank krediti cəlb edilmiş, “xxxx” ETF-yə 83.000 manat kreditor borcu yaranmış, Şirkətə göndərilmiş pretenziyaya baxmayaraq 121.550 manat məbləğində borc ödənilməmişdir və həmin vəsaitin müqavilə üzrə Şirkət tərəfindən ödənilməsi tələb olunur.

16. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il # #### tarixli e-e-*(***)-****/**** nömrəli qətnaməsi ilə ilkin iddia qismən təmin olunmuş, MMC-dən 121.550 manat əsas borc, 5.000 manat cərimə və ödənilmiş dövlət rüsumu kimi 420 manat məbləğin Şirkətin xeyrinə ödənilməsi; qarşılıqlı iddianın isə rədd edilməsi qət olunmuşdur (hakim- G.Həşimova).

17. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şirkət ilə MMC arasında alqısatqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Şirkət müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək müqavilə qiymətini yarısını MMC-nin hesabına köçürmüşdür. MMC isə müqavilə şərtlərinə uyğun lazımı keyfiyyətdə mal ilə Şirkəti təchiz etməmiş və bununla da müqavilənin şərtlərini pozmuşdur. Hazırda Şirkət tərəfindən 121.550 manat məbləğində avans ödənilsə də, MMC müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etmədiyini - təqdim edilməsi nəzərdə tutulan nasosların onlara vaxtında və lazımı keyfiyyətdə təqdim edilmədiyini nəzərə alaraq, məhkəmə qeyd etmişdir ki, qeyd edilən halın, yəni MMC tərəfindən müqavilədə göstərilən müddətdə (80-90 gün)təhvil verilməli olan malların vaxtında və lazımı keyfiyyətdə təqdim edilməməsi məhkəmə iclaslarında tədqiq edilmiş sübutlarla, şahid ifadəsi, tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzalanmış mallara baxış keçirilməsi barədə protokollar ilə tam təsdiqini tapmışdır, Şirkət tərəfindən MMC-yə 121.550 manat məbləğində pulun ödənilməsi ödəniş tapşırığı ilə təsdiqini tapmış, həmçinin tərəflər arasında işin mübahisələndirilməyən halıdır.

18. MMC tərəfindən qeyd edilən halları təkzib edəcək hər hansı sübutun məhkəməyə təqdim edilmədiyini, qanunvericilik normalarını, həmçinin tərəflər arasında mövcud müqavilənin 4.1, 4.2, 4.3-cü bəndlərinin tələblərini, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 567, 569.2, 581,586, 587-ci maddələrinin tələblərini, müqavilədə malların təhvili ilə bağlı konkret vaxtın müəyyən edildiyini, alıcının alqı-satqı müqaviləsinin icrası müddətinin pozulduğu üçün alıcının ona marağının itməsini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia rədd edilməlidir.

19. Məhkəmə hesab etmişdir ki, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı MMC-dən 121.550 manat əsas borc ilkin iddia üzrə iddiaçı Şirkətin xeyrinə tutulmalıdır.

20. Bununla yanaşı iş materiallarından görünmüşdür ki, Şirkət iddia ərizəsində həmçinin 15.193 manat məbləğində dəbbə pulunun MMC-dən tutulması tələbini də irəli sürmüşdür.

21. Göründüyü kimi MMC-nin alqı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan MMC-dən Şirkətin xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur.

22. Belə olan halda məhkəmə MM-in 467-ci maddəsinin tələblərinə əsasən tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab etmişdir ki, MMC-dən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq 5.000 manat məbləğində müəyyən edilməlidir.

23. Qarşılıqlı iddia tələbi - MMC-yə 121.550 manat borcun ödənilməsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, hazırkı halda Şirkət tərəfindən mülki hüquq pozuntusuna, eləcə də müqavilə öhdəliklərinin pozulmasına yol verilməsi müəyyən edilmədiyindən məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia əsassız olmaqla rədd edilməlidir.

24. Birinci instansiya məhkəməsi mövqeyini MM-in 385.1, 442, 443.1, 448.1, 462.1, 467, 567, 569.2, 581.1, 581.2, 586.1, 587.1, 587.2, 587.2.1-ci; “Insan hüquqlarının və əsas azadlıqlarıın müdafiəsi haqqında” Konvensiyanın 6-cı; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “xxxx”) 77.1, 107, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

25. MMC həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ilk iddianın qismən təmin olunması və qarşılıqlı iddianın təmin edilməməsi hissəsində ləğv edilməsini, həmin hissədə yeni qətnamə çıxarılaraq, ilk iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

26. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət olunmuşdur (sədrlik edən - L.Əliyeva, hakimlər – Z.Şirinov və T.Mahmudova). Kollegiya ilk növbədə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilə alqısatqı 27. müqaviləsi adlandırılsa və həmin müqavilənin şərtləri alqı-satqı müqaviləsinin xarakterik xüsusiyyətlərini özündə ehtiva etsə də, iş materiallarına əlavə edilmiş sübutlar, o cümlədən tərəflərin e-mail yazışmaları, sifariş edilən malların texniki şərtlərini əks etdirən “Vurucu nasos üçün ümumi tələblər”, eləcə də tərəflər verdiyi izahatlar əsasında müəyyən edilir ki, MMC-nin müqavilə üzrə öhdəlikləri nasos qurğularının alıcıya təqdim edilməsi ilə məhdudlaşmır, belə tərəflərin razılaşmasına əsasən MMC tərəfindən nasos qurğuları və onların komplektləşdirici hissələri alındıqdan sonra həmin qurğuların Şirkətin müəyyən etdiyi texniki parametrlərə cavab verməsi üçün komplektləşdirmə işləri görülməli və yalnız bundan sonra sözügedən qurğular Şirkətə təqdim edilməli idi. Odur ki, kollegiya mübahisəli müqaviləni MM-in 404.2-ci maddəsinə əsasən tərəflərin müqavilədən sonrakı yazışmaları və hərəkətləri nəzərə alınmaqla şərh edərək belə qənaətə gəlmişdir ki, sözügedən müqavilə alqı-satqı və podrat müqavilələrinin elementlərini birləşdirən qarışıq müqavilədir. Digər tərəfdən qeyd edilmişdir ki, müqavilənin qiyməti müəyyən edilərək müqavilə üzrə alınması nəzərdə tutulan malların və görülməsi nəzərdə tutulan işlərin dəyəri ayrıayrılıqda

28. müəyyən edilməmişdir. Belə olan halda isə cavabdehin ödənilməsi qaytarılması tələb edilən avans məbləği, eləcə də MMC-nin ödənilməsini tələb etdiyi müqavilə üzrə qalıq borc məbləği malların dəyəri ilə yanaşı işlərin görülməsinə görə haqqı da əhatə etmişdir.

29. Odur ki, avansın qaytarılması hissəsində iddia tələbinin qanuni əsasını MM-in 599.3-cü, 759.2 və 1092.1-ci maddələri, qarşılıqlı iddianın qanuni əsasını MM-in 567-ci və 752.1-ci maddələri təşkil edir.

30. Kollegiya qeyd etmişdir ki, tərəflər arasında bağlanmış 2022-ci 1 iyun tarixli müqavilədə malların 80-90 gün ərzində təqdim edilməsi nəzərdə tutulmuş və 2022-ci il ## #### tarixində Şirkət tərəfindən müqavilədə müəyyən edilmiş müqavilənin qiymətinin 50%-i məbləğində avans ödənilmişdir. Lakin ilkin cavabdeh tərəfindən sifariş edilmiş qurğular yalnız 2023-cü il ## ###### tarixində AR-ə idxal edilmiş və 2023-cü ilin mart ayından komplektləşdirmə işlərinə başlanılmışdır.

31. Digər tərəfdən e-mail yazışmalara əsasən müəyyən edilmişdir ki, 2023-cü il ## #### tarixində MMC-nin qanuni təmsilçisi (elektron ünvan 1) Şirkətin nümayəndəsinə müraciət edərək istehsalatda baş vermiş gecikmələri nəzərə alaraq sifarişdə qeyd edilən ikinci nasos qurğusunun sifarişdən çıxarılmasını xahiş etmişdir.

32. Digər 1 ədəd nasos qurğusunun razılaşdırılmış texniki şərtlərə və keyfiyyətə uyğun olmasının yoxlanılması məqsədilə tərəflərin iştirakı ilə bir neçə dəfə sınaqlar keçirilmiş, qüsurlar aşkarlanmış, sınaqların nəticələrinə dair protokollar tərtib edilmiş və qüsurların aradan qaldırılması üçün MMC-yə dəfələrlə vaxt verilmişdir.

33. Iş materiallarına əsasən o da müəyyən edilmişdir ki, kompektləşdirilmiş nasos qurğusunun yararlılığını və qüsurların aradan qaldırılmasını yoxlamaq məqsədilə 2024-cü il ## ###### tarixində keçirilmiş sonuncu sınaqdan sonra 2024-cü il ## ###### tarixində Şirkətin nümayəndəsi tərəfindən (elektron ünvan 2) MMC-nin qanuni təmsilçisi nümayəndə4 (elektron ünvan 1) elektron poçt vasitəsilə ünvanlanmış məktubda tərəflər arasında əldə edilən razılığa əsasən ödənilmiş məbləğin geri qaytarılması xahiş edilmiş, 14 mart tarixində isə nümayəndə4 məktuba cavab verərək müqavilə üzrə göndərilmiş qeyd olunan avadanlığa dair göndərilmiş EBDH628222 elektron qaimənin geri qaytarılmasını təklif etmiş və geri qaytarmanın tərəflərindən təsdiqlənəcəyini bildirmişdir.

34. 2024-cü il ## #### tarixində MMC-nin qanuni təmsilçisi tərəfindən 1 dəst vurucu nasos qurğusunun təqdim edilməsinə görə göndərilmiş EBDH ****** nömrəli elektron qaiməfakturanın ləğv edilməsi tələb edilmiş və həmin tarixdə elektron qaimənin ləğvi Şirkətin qanuni təmsilçisi tərəfindən təsdiqlənmişdir.

35. Işin yuxarıda göstərilən hallarından da göründüyü kimi MMC mübahisəli müqavilə üzrə nasos qurğularının komplektləşdirilməsi işlərinin görülməsi və 2 ədəd nasos qurğusu komplektinin Şirkətə təqdim etmək öhdəliyini lazımi qaydada icra etməmiş, həmin qurğulardan biri ilə bağlı işlərin görülməsini 1 ildən artıq müddətə gecikdirmiş, eləcə də həmin işləri qüsurlu icra etmiş, əlavə vaxt ərzində qüsurları aradan qaldıra bilməmiş, digər qurğunu təqdim etməkdən isə ümumiyyətlə imtina etmişdir. Məhkəmə hesab etmişdir ki, göstərilən hallar MMC tərəfindən mübahisəli müqavilə üzrə öhdəliklərin əhəmiyyətli pozuntusu kimi qiymətləndirilməlidir. Odur ki, Şirkət müqavilə üzrə öhdəliklərin əhəmiyyətli dərəcədə pozulması əsası ilə müqaviləni birtərəfli qaydada ləğv etmək hüququna malik olmuşdur.

36. Nasos qurğusundan aşkarlanmış qüsurların tam şəkildə aradan qaldırılması və 2024-cü il # ###### tarixində keçirilmiş sonuncu sınaqla nasos qurğusunun yararlı olmasının müəyyən edilməsi, lakin Şirkətin yenə də qurğunu qəbul etməkdən imtina etməsi barədə MMC-nin dəlillərinə münasibətdə kollegiya qeyd etmişdir ki, sonuncu sınaq zamanı qurğunun qüsurlarının aradan qaldırılmasının müəyyən edilməsini təsdiq etmək üçün “xxxx” ETF tərəfindən (ilkin cavabdehin sifarişi ilə komplektləşdirmə işlərinin icra edən şirkət) təsdiq edilmiş akt məhkəməyə təqdim edilmişdir ki, göstərilən akt qarşı tərəfin iştirakı olmadan tərtib edildiyindən qüsurların aradan qaldırılması faktının müəyyən edilməsi üçün yetərli olmamışdır. Digər tərəfdən sonuncu sınaq keçirildikdən sonra Şirkətin təqdim edilməsini 1 il yarım gözlədiyi qurğunu qəbul etməsindən imtina etdiyini və MMC-nin də müqavilənin ləğv edilməsi ilə razılaşdığını nəzərə alsaq həmin sınaq nəticəsində qurğunun tam yaralı olmasının müəyyən edilməsi barədə MMC-nin dəlilləri inandırıcı və ağlabatan görünməmişdir. Bundan əlavə o da vurğulanmışdır ki, MMC-nin qanuni təmsilçisi məhkəmədə verdiyi izahatında Şirkət tərəfindən sonuncu sınaqdan sonra da onlara mühərriklə bağlı iradlar irəli sürülməsini təsdiq etmişdir.

37. Bununla yanaşı o da nəzərə alınmışdır ki, tərəflərin sonuncu sınaqdan sonrakı yazışmaları və hərəkətləri – Şirkətin müqavilə üzrə öhdəliklərin MMC tərəfindən pozulması əsası ilə müqavilədən imtina etməsi, MMC-nin buna etiraz etməməsi, əksinə müqavilənin ləğv edilməsinə razılıq verməsi, o cümlədən müqavilə üzrə elektron qaiməni ləğvə göndərməsi ona dəlalət etmişdir ki, MMC müqavilə üzrə öhdəliklərin tərəflərindən lazımi qaydada icra edilməməsini faktiki olaraq qəbul etmiş, həmin halı mübahisələndirməmişdir.

38. Odur ki, müqavilənin ləğv edilməsinin səbəbləri məhz MMC-nin müqavilə üzrə öhdəliklərini əhəmiyyətli dərəcədə pozması ilə bağlı olduğundan MM-in 759.2-ci maddəsinə əsasən MMC (podratçı) yerinə yetirilmiş işin haqqını bu şərtlə tələb edə bilər ki, Şirkətin (sifarişçinin) həmin işlərə hansısa marağı olsun. Hazırkı halda Şirkət təhvil alınması təklif edilən nasos qurğusunun qəbul edilməsindən qüsurların mövcud olması və həmin qüsurların əlavə vaxt ərzində aradan qaldırılması əsası ilə imtina etmişdir, yəni MMC tərəfindən görülmüş işlərə hər hansı marağı qalmamışdır. Bununla yanaşı MMC sözügedən nasos qurğusu ilə bağlı Şirkətə göndərdiyi elektron qaiməni ləğvə göndərməklə qurğunun Şirkət tərəfindən qəbul edilməyəcəyi ilə razılaşmışdır. Ikinci nasos qurğusuna münasibətdə isə qeyd edilmişdir ki, həmin qurğunun təqdim edilməsindən isə MMC-nin özü tərəfindən hələ müqavilə ləğv edilməmişdən öncə imtina edilmişdir.

39. Beləliklə, Şirkət MM-in 599.3, 759.2 və 1092.1-ci maddələrinə əsasən ləğv edilmiş müqavilə üzrə təqdim edilməmiş mallara və marağı qalmamış işlərə görə ödədiyi avansın qaytarılmasını tələb etməkdə haqlı olduğundan həmin hissədə ilkin iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

40. Qarşılıqlı iddiaya gəldikdə qeyd edilməlidir ki, ilkin cavabdeh, qarşılıqlı iddiaçı MMC qarşılıqlı iddia ərizəsində mübahisəli müqavilə üzrə ilkin iddiaçı, qarşılıqlı cavabdeh Şirkət tərəfindən təqdim edilmiş malların və görülməmiş işlərin dəyərinin ödənilməsini tələb etmişdir. Işin yuxarıda göstərilən halları ilə Şirkətin mal və işlərindən imtina etməsinin əsaslı olmasının müəyyən edildiyini, eləcə də ikinci nasosun təqdim edilməsindən MMC-nin özünün imtina etdiyini nəzərə alaraq kollegiya hesab etmişdir ki, qarşılıqlı iddia tələbi əsassız olmaqla rədd edilməlidir.

41. Qarşılıqlı iddia üzrə iddiaçı MMC istehsalın gecikməsinin obyektiv səbəblərdən (digər sifarişlərin icrası, zavodun ərazisinin köçürülməsi, mütəxəssislərin işğaldan azad edilmiş ərazilərdə layihələrdə iştirak etməsi) baş verməsinə, habelə MMC-nin nasosların hazırlanması üçün kredit götürməsi və borcunun yaranmasına dair gətirdiyi dəlillər ilə bağlı bildirilmişdir ki, göstərilənlər sahibkarlıq fəaliyyəti ilə məşğul olan MMC-nin Şirkətlə müqavilə bağlayarkən ehtimal edə və nəzərə ala bildiyi adi risklərə aid olduğundan həmin halların MMC-nin öhdəliyinin icrasının gecikdirilməsində təqsirli olmamasını təsdiq edən və öhdəliyin icrasına görə məsuliyyətdən azad edən hal kimi qiymətləndirilməsi üçün əsas yoxdur.

42. Müqavilə ləğv edildikdən sonra Şirkətin mübahisəli nasos qurğularının tərəflərindən başqa müştərilərə satılmasına mane olması (müştərilərə nasosların yararlı olmaması barədə məlumat verməsi və s.) iş materiallarında olan sübutlarla öz təsdiqi tapmır, odur ki, məhkəmə həmin dəlilləri formal mülahizə kimi dəyərləndirmişdir.

43. Digər tərəfdən ilkin iddianın öhdəliyin icrasının gecikdirilməsinə görə dəbbə pulu tutulması hissəsi ilə bağlı kollegiya qeyd etmişdir ki, ilkin iddia üzrə cavabdeh MMC tərəfindən alqı-satqı müqaviləsi üzrə malları təhvil vermək öhdəliyinin icrasının gecikdirilməsi iş materialları ilə öz təsdiqini tapdığından, alqı-satqı müqaviləsində həmin öhdəliyin icrasının gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan, eləcə də məhkəmənin müəyyənləşdirdiyi dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından MMC-dən 5.000 manat məbləğində dəbbə pulunun tutulması hissəsində də qətnamə qanuni və əsaslıdır.

44. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 386, 390.4, 404.1, 404.2, 439.4, 442, 462.1, 467, 567, 599.3, 752.1, 759.1, 759.2, 769, 1091.1, 1092.1ci; xxxx-in 77.1, 119.1, 119.2, 119.3, 119.4, 119.5-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

45. MMC kassasiya şikayəti verərək həmin qətnamənin, ilkin iddianın qismən təmin edilməsi və qarşılıqlı iddianın təmin edilməməsi hissəsində ləğv edilməsi, işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

46. MM-in 386.1 və 430.1-ci maddələri üzrə - Iş materiallarından görünür ki, Şirkət, sifariş etdiyi nasosları qəbul etməyi və müqavilənin dəyərinin ödənilməmiş hissəsini təşkil edən 121.550 manat vəsaitin ödənilməsini öhdəsinə götürmüş, lakin öhdəliyini icra etməmişdir. MMC, Şirkətin öhdəliyini icra etməsi barədə qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmiş, lakin məhkəmə heç bir əsas olmadan qarşılıqlı iddianı təmin etməmiş, həmçinin, ilk iddianı təmin etmiş, bununla da MM-in qeyd olunan maddələrinin tələblərini pozmuşdur.

47. xxxx-in 77.1 və 88-ci maddələri üzrə - Ilk iddia mülki qanunvericiliyin tələblərinə uyğun olaraq əsaslandırılmamış, qarşılıqlı iddia isə, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq əsaslandırılmışdır.

48. Həmçinin, apellyasiya instansiya məhkəməsi, iddiaçının hansı əsaslarla müqavilə üzrə sifariş etdiyi nasosu qəbul etməkdən və həmin nasosun dəyərini ödəməkdən imtina etdiyini araşdırmamış, bununla da yanlış nəticə çıxarmışdır. Istehsal edilmiş nasosun yararsız olduğu yalnız ilk iddiaçının məhkəməyə verdiyi şifahi izahatlara əsasən əsaslandırılmış, bununla bağlı ilk iddia üzrə cavabdehin təqdim etdiyi sübutlara düzgün qiymət verilməmişdir. Cavabdehin müqavilə üzrə öhdəliklərinin bir hissəsini (birinci nasosa münasibətdə) icra etdiyi işin halları ilə təsdiq olunur. Iddiaçının ikinci nasosu sınaqdan keçirməkdən belə imtinası, onun müqavilə şərtlərinə riayət etmək niyyətinin olmadığını əyani təsdiq edir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

49. Kassasiya şikayətinə qarşı Şirkət etiraz təqdim edərək bildirmişdir ki, MMC-nin kassasiya şikayəti əsassız, formal xarakterli və kifayət qədər hüquqi əsaslandırılmamışdır. Etirazda qeyd olunmuşdur ki, kassasiya şikayətində MM-in 386.1 və 430.1-ci maddələrinə istinad edilsə də, həmin normaların konkret olaraq hansı formada və hansı səbəbdən pozulduğu göstərilməmiş, yalnız iddiaçının subyektiv mövqeyi ifadə edilmişdir. Eyni zamanda bildirilmişdir ki, şikayətdə müqavilə üzrə öhdəliklərin tam və mübahisəsiz icra olunduğu sübuta yetirilməmiş, əksinə, MMC özü öhdəliyin yalnız bir hissəsini icra etdiyini etiraf etmişdir. Prosessual hüquq normalarının pozulmasına dair istinadların da ümumi və qeyri-konkret olduğu, xxxx-in 77.1 və 88-ci maddələrinin pozuntusunun konkret sübutlar və hüquqi əsaslarla göstərilmədiyi vurğulanmışdır. Etirazda həmçinin qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsi tərəflər arasında imzalanmış protokolları, keçirilmiş baxış və sınaqları, aşkar edilmiş qüsurları və müqavilə şərtlərini tam araşdıraraq əsaslı hüquqi nəticəyə gəlmiş, nasosların müqavilədə nəzərdə tutulan müddətdə və lazımi keyfiyyətdə təqdim edilmədiyini müəyyən etmişdir. Bildirilmişdir ki, kassasiya şikayəti mahiyyət etibarilə hüquq normalarının düzgün tətbiqinin yoxlanılmasına deyil, işin faktiki hallarının yenidən qiymətləndirilməsinə yönəlmişdir. Bununla yanaşı, şikayətin öz məzmununda daxili ziddiyyətlərin mövcud olduğu, bir tərəfdən hər iki nasos üzrə ödəniş tələb edildiyi, digər tərəfdən isə öhdəliyin yalnız qismən icra olunduğunun etiraf edildiyi göstərilmişdir. Bu səbəbdən kassasiya şikayətinin təmin edilməməsi və Bakı Apellyasiya Məhkəməsinin 2025ci il ## ###### tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur.

Kassasiya baxışının hədləri

50. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (xxxx-in 403.1 və 416-cı maddələri).

51. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

Tətbiq edilən hüquq

52. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. ...”

“Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 386.2. Bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər. 386.3. Danışıqların iştirakçısı digər iştirakçının təqsirli hərəkəti nəticəsində bağlanmayan müqavilənin bağlanması üçün çəkdiyi xərclərin əvəzini ödəməyi digər iştirakçıdan tələb edə bilər. 386.4. Elektron formada bağlanan əqdlərdən irəli gələn öhdəliklərin məzmunu və icrası ilə bağlı məsələlər, elektron ticarət haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulanlar istisna olmaqla, bu Məcəllə ilə tənzimlənir.”

“Maddə 390. Müqavilə azadlığı ... 390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. ...” “Maddə 404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. ...”

“Maddə 439. Pul öhdəliklərinin icrası ... 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. ...”

“Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.”

“Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. ..”

“Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.”

“Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.”

“Maddə 599. Alınan əşyaların qabaqcadan ödənilməsi ... 599.3. Qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. ...”

“Maddə 752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. ...”

“Maddə 759. Podrat müqaviləsinin ləğvi 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun.”

“Maddə 769. Yerinə yetirilmiş iş üçün muzd ödənilməsi Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.”

“Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. ...”

“Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. ...”

53. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...”

“Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...”

“Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquqnormalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”

“Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni vəsaslı olmalıdır. ... 217.3. Qətnamə is üzrə müəyyən edilmiş həqiqi Hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. ...”

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

54. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (xxxx-in 416.1-ci maddəsi).

55. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarı).

56. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının və sübutların qiymətləndirilməsi ilə bağlı məsələ işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilib-verilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır.

57. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və onu da bildirir ki, apellyasiya instansiyası məhkəməsinin qiymətləndirməsi şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə tam cavab verir. Kollegiya həmin hüquqi qiymətləndirmə və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.

58. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən mübahisəli müqavilə üzrə nasos qurğularının komplektləşdirilməsi işlərinin görülməsi və 2 ədəd nasos qurğusu komplektinin iddiaçıya təqdim edilməsi öhdəliyi lazımi qaydada icra olunmamış, həmin qurğulardan biri ilə bağlı işlərin görülməsi 1 ildən artıq müddətə gecikdirilmiş, eləcə də həmin işlər qüsurlu icra olunmuş, əlavə vaxt ərzində qüsurlar aradan qaldırıla bilməmiş, digər qurğunun isə təqdim olunmasından ümumiyyətlə imtina edilmişdir. Tərəflərin sonuncu sınaqdan sonrakı yazışmaları və hərəkətləri - iddiaçının müqavilə üzrə öhdəliklərin cavabdeh tərəfindən pozulması əsası ilə müqavilədən imtinası, cavabdehin buna etiraz etməməsi, əksinə müqavilənin ləğv olunmasına razılıq verməsi, o cümlədən müqavilə üzrə elektron qaiməni ləğvə göndərməsi onu göstərmişdir ki, cavabdeh müqavilə üzrə öhdəliklərin tərəflərindən lazımi qaydada icra olunmamasını faktiki olaraq qəbul etmiş, həmin halı mübahisələndirməmişdir.

59. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozuntusuna dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (xxxx-in 418.3-cü maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə xxxx-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq norması düzgün tətbiq edilmişdir.

60. Kollegiya onu da qeyd edir ki, məhkəmə kollegiyasının hazırkı mövqeyi iddiaçı tərəfdən verilmiş kassasiya şikayətinə qarşı etirazın dəlillərini də əhatə etdiyindən onların əlavə qiymətləndirilməsinə zərurət yoxdur.

61. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

62. Yuxarıda göstərilənlərə əsasən və xxxx-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar