Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-124/2026 04.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: lizinq müqaviləsi,öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul ” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il ## ###### tarixli *- *(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları
1. “xxxx” ASC və Cavabdeh arasında bağlanmış 2018-ci il ## ###### tarixli lizinq müqaviləsinə əsasən, lizinq verən qismində “xxxx” ASC ümumi məbləği 23.750 manat olan və spesifikasiyada göstərilən təsərrüfatı dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verməyi, lizinq alan qismində isə Cavabdeh texnikaların dəyərini- ilkin olaraq 3000 manat, qalan hissəsini isə ödəniş qrafikinə müvafiq qaydada ödəməyi öhdəsinə götürmüşlər.
2. 2018-ci il ## ###### tarixli təhvil-təslim aktı ilə texnikalar lizinq verənin nümayəndələri tərəfindən lizinq alana təhvil verilmiş, hər iki tərəf aktı öz imzaları ilə təsdiq etmişlər.
Iş üzrə məhkəmə icraatı
a) Birinci instansiya məhkəməsindəki icraat
5. Iddiaçı İddiaçı (bundan sonra-“iddiaçı”) cavabdeh Cavabdeh ( bundan sonra- “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, maliyyə arayışının tərtib edildiyi 2024-cü il ## ###### tarixə hesablanmış 2018-ci il ## ###### tarixli müqavilə üzrə 20.355 manat gecikdirilmiş borc və hesablanmış 31.602 manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 500 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Iddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” ASC ilə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən borclu (lizinq alan) lizinq obyektini lizinqə götürmüşdür. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmiş, bununla da Mülki Məcəllənin 427.3-cü və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Digər tərəfdən borclu öhdəliyi müəyyənləşdirilmiş müddətdə icra etmədikdə kreditor qarşısında məsuliyyət daşıyır.
7. Cavabdeh iddia tələbinə etiraz edərək isə bildirmişdir ki, lizinq predmeti olan texnikalar ona verilərkən tamamilə yararsız vəziyyətdə olmuş, iddiaçının nümayəndələri lizinq predmeti olan texnikalarda mövcud olan qüsurların aradan qaldırılacağına, lizinq ödənişinin azaldılacağına dair vəd vermiş, lakin sonradan iddiaçı təşkilatda aparılmış struktur və kadr dəyişikliklərindən sonra müvafiq tədbir görülməmişdir. Cavabdeh texnikaları təhvil verməsi ilə bağlı iddiaçı təşkilata müraciət etsə də, buna nail ola bilməmiş, bu vaxta kimi iddiaçı tərəfindən lizinq muzdunun ödənilməsini ondan tələb etməmiş, lizinqə götürdüyü texnikalardan istifadə edə bilməmiş, həmin vaxtdan texnikalar istifadə yararsız şəkildə qalmışdır. Texnikalarda olan qüsurların aradan qaldırılması üçün tələb olunan vəsait çıxıldıqdan sonra cavabdeh qalan lizinq ödənişi üzrə borc məbləğini ödəməyə hazırdır.
8. Birinci instansiya məhkəməsi tərəfindən alınmış qiymətləndirmə rəyində lizinq müqaviləsinin predmeti olmuş texnikaların ## ###### 2018-ci il tarixinə təyinatına uyğun yararlı vəziyyətdə olmadığı və vizual görünüşü yerində olsa da, yerində olmayan detallarının akt üzrə göstərilən kimi olması müəyyən olunmuşdur.
9. Şirvan Kommersiya Məhkəməsinin 2025-ci il # ####### tarixli, e-*-*(***)- ****/**** saylı qətnaməsi ilə iddia rədd edilmişdir ( hakim Z.V.Abbasov).
10. Məhkəmə iş üzrə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, lizinq müqaviləsi üzrə lizinq verənin əsas öhdəliyi lizinq obyektini hazırlamaq (əldə etmək) və onu lizinq alanın istifadəsinə verməkdən ibarətdir. Bu zaman nəzərə alınmalıdır ki, lizinq obyekti lizinq alanın istifadəsinə lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim edilməlidir. Bundan başqa, lizinq obyekti olan əmlakın əsaslı təmiri, əgər lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq verən tərəfindən aparılır. Lizin alanın isə əsas öhdəliyi müəyyənləşdirilmiş dövriliklə muzd ödəmək, lizinq obyektini qəbul edərkən onda olan çatışmazlıqlar barədə lizinq verəni məlumatlandırmaq, lizinq obyektini təyinatına uyğun istifadə etmək və lizinq obyektinə texniki xidməti, onun orta və cari təmirini öz hesabına həyata keçirməkdən ibarətdir.
11. Lizinq müqaviləsi öz əlamətlərinə görə əvəzli, ikitərəfli (qarşılıqlı) və iştirakçılarının müqavilənin mühüm şərtləri barəsində razılığa gəldikləri andan bağlanmış hesab edildiyinə görə konsensual müqavilədir. Lizinq müqaviləsi hüquqi təbiətinə görə əsasən əmlak kirayəsi (icarə) müqaviləsinin xüsusi növü kimi xarakterizə olunur. Lizinq müqaviləsi başlıca olaraq lizinq verən baxımından lizinq obyektini istehsalatda və ya iqtisadi həyatın digər sahələrində fəaliyyət göstərən digər şəxslərin müvəqqəti və əvəzli istifadəsinə verməklə, lizinq alan baxımından isə lizinq obyektindən istifadə etməklə mənfəət (gəlir) əldə etmək məqsədləri üçün bağlanılır. Şərh olunduğu kimi, lizinq müqaviləsi başlıca olaraq əmlak kirayəsi müqaviləsidir və həmin müqavilənin əsasında əmlak müvəqqəti istifadə üçün bir şəxsdən digərinə keçir. Yenə qeyd olunduğu kimi, öz hüquqi təbiətinə görə lizinq müqaviləsi ikitərəfli və qarşılıqlı (sinallaqmatik) öhdəlik yaradan xarakterə malikdir. Belə ki, müqavilənin bağlanmış hesab edilməsi üçün müqavilənin bütün mühüm şərtlərinə dair razılığa gəlinməsi kifayət edir. Lizinq müqaviləsi onun iştirakçıları tərəfindən imzalandığı andan onlar üçün hüquq və vəzifələr əmələ gəlir. Həmin hüquq və vəzifələrin həyata keçirilməsi isə müqavilənin icrası mərhələsini təşkil edir.
12. Lizinq müqaviləsinin qarşılıqlı xarakter daşımasının əsas nəticəsi odur ki, müqavilə üzrə tərəflərin bir-birlərinə qarşı həm hüquqları, həm də öhdəlikləri mövcud olur və bu öhdəliklərin icra edilməsi digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirilir. Lizinq müqaviləsi üzrə lizinq verənin əsas vəzifəsi (öhdəliyi) lizinq obyektini təyinatına uyğun yararlı vəziyyətdə lizinq alanın istifadəsinə verməkdən ibarətdir. Lizinq verənin bu əsas vəzifəsini yerinə yetirməməsi mülki qanunvericilikdə nəzərdə tutulan hüquqi nəticələrə səbəb olduğu kimi, lizinq verəni lizinq alandan lizinq müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməsini tələb etmək hüququndan da məhrum edir.
13. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-10.4-cü maddəsinin tələbinə görə, lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Göründüyü kimi, qanunverici, lizinq alanın lizinq ödənişi ilə bağlı öhdəliyini onun lizinq obyektindən təyinatına uyğun istifadəyə başlaması anı ilə əlaqələndirmişdir. Bu o deməkdir ki, lizinq alanın lizinq ödənişini həyata keçirməsi ilə bağlı öhdəliyi müqavilənin bağlandığı, hətta lizinq obyektinin ona təhvil verildiyi andan deyil, həmin obyektdən istifadəyə başladığı andan yaranır. Bu baxımdan, lizinq obyektindən ondan asılı olmayan səbəblərə görə istifadə edə bilməyən lizinq alanın öz öhdəliyini lizinq muzdunun ödənişini dayandırmaq şəklində icra etməmək hüququ yaranmış olur.
14. Məhkəmə MM-in 441.1, 441.2 və 441.3-cü maddələrinə istinadla qeyd etmişdir ki, öhdəlik hüququnun ümumi normalarında da qarşılıqlı öhdəliyin daşıyıcısı olan tərəfin ümid etməyə haqqı çatan öhdəliyi lazımi qaydada almadığı təqdirdə öz üzərinə düşən öhdəliklərdən imtina etmək səlahiyyəti nəzərdə tutulmuşdur.
15. Məhkəmə, baxılan işin məhkəmə araşdırması nəticəsində sübuta yetirilən faktiki hallarını nəzərə alaraq belə qənaətə gəlmişdir ki, lizinq obyekti olan texnikalar onlardan təyinatına uyğun istifadə edilməməsinə səbəb olan qüsurlarla cavabdehə təhvil verilmişdir. Bu fakt, iddiaçının nümayəndələri tərəfindən tərtib və təsdiq edilmiş 2017-ci il 9 dekabr və 2018-ci il ## ###### tarixli aktlarla öz təsdiqini tapmışdır. Bununla yanaşı obyektivliyə nail olunması məqsədi ilə məhkəmənin təşəbbüsü ilə təyin olunmuş və müstəqil qiymətləndirici tərəfindən həyata keçirilmiş qiymətləndirmənin nəticəsinə dair hesabatda da, lizinq obyekti texnikaların cavabdehə təhvil verilərkən istifadəyə yararsız vəziyyətdə olduğu bir daha təsbit edilmişdir. Iş üzrə iddiaçının lizinq müqaviləsi üzrə öz üzərinə düşən əsas vəzifəni, yəni lizinq obyekti olan əmlakı istifadə təyinatına uyğun tam yararlı vəziyyətdə cavabdehin istifadəsinə vermədiyi, eləcə də sonradan həmin qüsurları aradan qaldırmadığı müəyyən edildiyi üçün, həmin müqavilə üzrə cavabdehdən lizinq ödənişini ödəmək öhdəliyinin icrasını tələb etməsi əsassız hesab edilməlidir. Bu baxımdan, lizinq müqaviləsi mövcud olsa və cavabdeh tərəfindən sonradan müqavilədən imtina ediməsə də, lizinq verən tərəfindən onun üzərinə düşən lizinq obyektinin istifadə təyinatına uyğun tam yararlı vəziyyətdə təhvil verilməsinə dair əsas öhdəlik yerinə yetirilmədiyinə görə cavabdehin lizinq muzdu ödəmək öhdəliyi də yaranmamışdır.
16. Məhkəmə, lizinq obyektinin təhvil verildiyi zaman mövcud olan qüsurlarla qəbul etdiyinə görə cavabdehin lizinq ödənişini icra etmək öhdəliyinin yaranmasına dair iddiaçının dəlilinə tənqidi yanaşaraq qeyd etmişdir ki, Mülki Məcəllənin 748-1.2-ci və 748- 1.4- cü maddələrinin birgə tələbinə görə, lizinq alan əmlakı qəbul edərkən hər hansı bir çatışmazlıq aşkar edərsə, qəbul protokolunda bu barədə qeyd etməli və çatışmazlıqları aradan qaldırmaq məqsədilə lizinq verənə məlumat verməlidir. Lizinq müqaviləsi bağlanarkən lizinq obyektində şərtləşdirilmiş və ya lizinq alana əvvəlcədən məlum olan, yaxud lizinq alanın lizinq obyektini nəzərdə keçirərkən və ya lizinq müqaviləsinin bağlanması zamanı onun sazlığını yoxlayarkən aşkar oluna bilən çatışmazlıqlar üçün Lizinq verən məsuliyyət daşımır. Iddiaçı məhz bu normalara istinadən hesab edir ki, lizinq alan lizinq obyekti təhvil verilərkən onda olan çatışmazlıqlardan məlumatlı olmuşdur və buna görə də cavabdehin həmin halı əsas tutaraq lizinq müqaviləsi üzrə borcunu ödəməkdən yayınması əsaslı hesab edilə bilməz.
17. Məhkəmə bildirmişdir ki, Mülki Məcəllənin 748-1.4-cü maddəsinin mətnindən də göründüyü kimi, qanunverici lizinq obyektində təhvil verilərkən aşkar edilə bilən elə bir qüsurdan bəhs edir ki, həmin qüsur lizinqə verilən əmlakın təyinatına uyğun istifadə edilə bilinməsini istisna etmir. Burada ağlabatan müddətdə və xərclərlə aradan qaldırıla bilən, əmlakın təyinatına uyğun istifadəyə yararlı hala salınması mümkün olan qüsurlardan söhbət gedir. Məhz buna görə də, qanunverici adı çəkilən normanın məzmununda “çatışmazlıq” ifadəsindən istifadə etmişdir. Həmin normanın lizinq obyektinin hətta təyinatına uyğun istifadəsinə imkan verməyən qüsurlarla qəbulu kimi təfsir olunması isə, ümumilkdə lizinq müqaviləsi konstruksiyası ilə nail olunması güdülən sosial və iqtisadi nəticələrə ziddiyyət təşkil edərdi. Bu baxımdan lizinq obyekti texnikalarda mövcud olan qüsurlara dair cavabdehin iştirakı ilə iddiaçının nümayəndələri tərəfindən tərtib və təsdiq edilmiş akt mahiyyətcə Mülki Məcəllənin 748-1.2-ci maddəsində nəzərdə tutulmuş qəbul protokoluna qüsurlar barədə qeyd kimi qəbul edilməli, həmçinin adı çəkilən texnikalarda aşkar edilmiş qüsurlar, xarakterləri və texnikaların funksional təyinatına təsirləri nəzərə alınmaqla Mülki Məcəllənin 748-1.4-cü maddəsində nəzərdə tutulan çatışmazlıq kimi təfsir edilməməlidir. Bu baxımdan , iddia tələbi əsassız olduğuna görə təmin edilməməlidir.
18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikas Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 385.1, 387.2, 425.1, 425.2, 747.1, 747.2, 748-1.1, 748-1.2, 748- 1.4, 748-1.5, 748-1.7, 748-1.8, 748-7.1, 748-7.3, 748-10.1, 748-10.4 və 749.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin ( bundan sonra- “MPM”) 14.2, 77.1, 217-ci maddələrinə istinadla əsaslandırmışdır.
19. Iddiaçı tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
20. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edənməruzəçi hakim Q.V.Əliyev, hakimlər T.S.Kərimov və C.F.Imanov).
21. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilləri faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvinin əsasını təşkil edə bilməz. Belə ki, lizinq müqaviləsində cavabdehin istifadəsinə verilməsi razılaşdırılmış texnikaların istifadə üçün yararsız vəziyyətdə olması işin mübahisəsiz halını təşkil etmiş, apellyasiya şikayətində iddiaçı tərəf əsasən lizinq obyektinin cavabdeh tərəfindən qüsurlu vəziyyətdə qəbul edildiyini, təhvil-təslim aktının imzalandığını və bu səbəbdən cavabdehin lizinq ödənişlərini həyata keçirməli olduğunu göstərmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu arqumentini əsassız hesab edərək bildirmişdir ki, MM-in 748-1.4-cü maddəsi lizinq verəni yalnız lizinq obyektinin təyinatına uyğun istifadəyə mane olmayan və lizinq alan üçün əvvəlcədən məlum olan çatışmazlıqlara görə məsuliyyətdən azad edir. Hazırkı iş üzrə isə texnikalarda mövcud olan qüsurlar lizinq obyektinin təyinatına uyğun istifadəsini ümumiyyətlə mümkünsüz etmişdir ki, bu da iş materialları ilə sübuta yetirilmişdir. Cavabdehin lizinq obyektini qəbul etməsi və qismən ödəniş etməsi faktının öhdəliyin yaranmasına dəlalət etməsi barədə mövqe də hüquqi baxımdan əsassızdır. Çünki lizinq münasibətləri qarşılıqlı xarakter daşıyır və lizinq verən öz əsas öhdəliyini icra etmədiyi halda, lizinq alandan qarşılıqlı icranın tələb edilməsi mümkün deyildir.
22. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə, MM-in 6.2, 14.2, 14.2.1, 747.1, 747.2, 748-1.1, 748- 1.2, 748-1.4, 748-1.5, 748-1.7, 748-1.8, 748-7.1, 748-7.3, 748-10.1, 748-10.4, 749.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
23. Iddiaçı tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
24. Işə baxan məhkəmələr tərəfindən Mülki Məcəllənin 748-1.4-cü maddəsinin səhv təfsir etmiş və həmin maddənin tətbiqində yanlışlığa yol verilmişdir. Məhkəmələr hesab etmişdir ki, lizinq obyektinin "istifadəyə yararsızlığı" lizinq verəni ödəniş tələb etmək hüququndan məhrum edir. Lakin bu yanaşma Mülki Məcəllənin 748-1.4-cü maddəsinin mahiyyətinə ziddir. Qanunvericilik birbaşa müəyyən edir ki, lizinq verən lizinq müqaviləsi bağlanarkən lizinq alana əvvəlcədən məlum olan, yaxud onun sazlığını yoxlayarkən aşkar oluna bilən çatışmazlıqlar üçün məsuliyyət daşımır. Iş materiallarına görə, texnikanın turbo kompressorunun olmaması, təkərlərin yararsızlığı və s. kimi qüsurlar 2018-ci il ## ###### tarixli aktda açıq sadalanmışdır. Cavabdeh bu qüsurları görərək və bilərək əmlakı qəbul etmişdir. Qanunverici "çatışmazlıq" dedikdə, lizinq alanın razılığı ilə qəbul edilən hər hansı texniki qüsuru nəzərdə tutur və bu halda lizinq verəni məsuliyyətdən azad edir. Iş materiallarından görünür ki, cavabdeh yalnız müqaviləni və təhvil aktını deyil, həm də xüsusi bir ərizəni imzalamışdır. Həmin ərizədə cavabdeh açıq şəkildə bəyan etmişdir ki, texnikanı lizinqə götürməzdən əvvəl ona texniki baxış keçirmiş, vəziyyəti ilə tanış olmuş və bu vəziyyətdə qəbul edərək ödənişləri vaxtlı-vaxtında edəcəyini bildirmişdir. Bu fakt cavabdehin lizinq obyektinin vəziyyətini tam dərk etdiyini və öhdəliklərini könüllü olaraq qəbul etdiyini sübut edir. Iş materiallarındakı hesabdan çıxarış sübut edir ki, cavabdeh 2018-ci il # ###### tarixində 395 manat məbləğində ödəniş etmişdir. Texnikanın qüsurlu olduğunu iddia edən şəxs, onu təhvil aldıqdan aylar sonra ödəniş edirsə, bu onun lizinq münasibətlərini və borcunu tanıması deməkdir. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, tərəflər vicdanlı hərəkət etməlidirlər. Texnikanı 7 il ərzində özündə saxlayan, bir dəfə ödəniş edən və heç bir rəsmi pretenziya irəli sürməyən cavabdehin sonradan "yararsızlıq" arqumentini gətirməsi hüquqdan suiistifadədir. Lizinq obyekti cavabdehə bazar dəyərindən xeyli aşağı qiymətə təqdim edilmişdir. Bu fakt tərəflər arasında "aşağı qiymət qarşılığında qüsurlu əmlak" barədə xüsusi kommersiya razılaşmasının olduğunu göstərir. Məhkəmənin tərəflərin Mülki Məcəllənin 6.2- ci maddəsi ilə təsbit olunmuş müqavilə azadlığını(sərbəst qiymət müəyyənləşdirmə iradəsini) nəzərə almaması qanunun tələblərinə uyğun deyil. Mülki Məcəllənin 748-7.1ci maddəsinə görə, əmlakın korlanması və ya itirilməsi riski faktiki qəbul anından lizinq alana keçir. Cavabdeh 2018-ci il ## ###### tarixli aktla texnikanı qəbul etmişdir. Əgər texnika doğrudan da istifadəyə tam yararsız idisə, o, həmin Məcəllənin 748-1.5- ci maddəsinə uyğun olaraq müqaviləni dərhal ləğv etməli və ya təmir tələb etməli idi. 7 il müddətində heç bir tədbir görməyən lizinq alanın hərəkətsizliyi nəticəsində yaranmış zərərin lizinq verənin üzərinə yüklənməsi qanuna və məntiqə ziddir. Cavabdeh texnikanı qüsurlu vəziyyətdə, lakin öz iradəsi ilə və bazar qiymətindən ucuz olmaqla qəbul etmiş, öhdəliyi tanıyan ərizə imzalamış və icraya (ödənişə) başlamışdır.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim edilməmişdir.
Kassasiya baxışının hədləri
26. Iş üzrə apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
27. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
Tətbiq edilən hüquq
28. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. .....”
“Maddə 747. Lizinq müqaviləsi
747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 747.2. Lizinq verən müqavilədə nəzərdə tutulan əmlakı hazırlamağa və ya əldə etməyə borcludur. ...”
“Maddə 748-1. Lizinq müqaviləsi iştirakçılarının hüquq və vəzifələri
748-1.1. Lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir. 748-1.2. Lizinq alan əmlakı qəbul edərkən hər hansı bir satışmazlıq aşkar edərsəz, qəbul protokolunda bu barədə qeyd etməli və çatışmazlıqları aradan qaldırmaq məqsədilə bu əmlakı satan hüquqi və ya fiziki şəxslər qarşısında tələb irəli sürmək üçün lizinq verənə məlumat verməlidir. ... 748-1.4. Lizinq verən müvəqqəti sahibliyə və istifadəyə verilən lizinq obyektinin lizinq müqaviləsi bağlanarkən şərtləşdirilmiş və ya lizinq alana əvvəlcədən məlum olan, yaxud lizinq alanın lizinq obyektini nəzərdə keçirərkən və ya lizinq müqaviləsinin bağlanması zamanı onun sazlığını yoxlayarkən aşkar oluna bilən çatışmazlıqlar üçün məsuliyyət daşımır. 748-1.5. Lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır. ... 748-1.7. Lizinq alan, lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə texniki xidməti, onun orta və cari təmirini öz hesabına həyata keçirir. Lizinq obyekti olan əmlakın əsaslı təmiri, əgər lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq verən tərəfindən aparılır. 748-1.8. Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. ...”
“Maddə 748-7. Lizinq müqaviləsinin tərəfləri arasında risklərin bölüşdürülməsi
748-7.1. Lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. ... 748-7.3. Lizinq obyektinin lizinq müqaviləsinə əsasən istifadə məqsədlərinə uyğunsuzluğu ilə bağlı riskin məsuliyyətini, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektini seçən tərəf daşıyır.
“Maddə 748-10. Lizinq ödənişləri
748-10.1. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. ... 748-10.4. Lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. ...”
“Maddə 749. Lizinq verənin məsuliyyəti
749.1. Kirayə müqaviləsinin qaydalarına uyğun olaraq lizinq verən əmlakı göndərməyi gecikdirməyə və ya göndərməməyə, habelə qüsurlu əmlak göndərməyə görə lizinq alan qarşısında məsuliyyət daşıyır. ...”
29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...”
“Maddə 77. Sübut etmə vəzifəsi
77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...”
“Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı
217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. ...”
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
30. Baxılan iş üzrə mübahisə lizinq müqavilə münasibətlərindən yaranmaqla, iddiaçı cavabdeh tərəfindən müqavilə öhdəliklərinin tam və lazımınca icra edilmədiyinə istinadla lizinq ödənişlərinin və cərimənin tutulmasını xahiş edir.
31. Cavabdeh isə iddiaya etiraz edərək, lizinq obyekti olan kənd təsərrüfatı texnikasının faktiki olaraq istifadəyə yararsız və əsaslı qüsurları olduğunu, bununla belə, həmin qüsurların aradan qaldırılması üçün tələb olunan vəsait lizinq müqaviləsinin ümumi qiymətindən çıxılacağı təqdirdə, qalan hissə üzrə lizinq ödənişlərini icra etməyə hazır olduğunu bildirmişdir.
32. Işə baxmış məhkəmələr tərəfindən iddianın əsassız olması qənaətinə gəlinmişdir. Məhkəmə kollegiyası iş üzrə gəlinən nəticə ilə razılaşmır və kassasiya şikayətinin dəlilləri üzrə aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir.
33. Belə ki, işin mübahisələndirilməyən hallarına görə, lizinq predmetini təşkil edən 2 ədəd texnikanın qiyməti- traktor 22.500 manat, kotan 1250 manat olmaqla, cəmi 23.750 manat olmaqla, tərəflər arasında lizinq müqaviləsi bağlanmışdır. Müəyyən olunmuş həmin məbləğdən ilkin ödəniş qismində 3.000 manat cavabdeh tərəfindən müqavilə bağlanarkən ödənilmiş, borcun qalan hissəsi isə tərəflərin qarşılıqlı razılığı ilə 4 il (48 ay) müddətində dövri aylıq ödənişlərə bölünmüşdür.
34. Lizinq müqaviləsi imzalandıqdan sonrakı gün lizinq obyekti olan texnikalar cavabdehə təhvil verilmiş, bu zaman kotan və traktorda mövcud olan çoxsaylı qüsurlar və funksional çatışmazlıqların olması aktda göstərilmiş, cavabdeh isə öz növbəsində həmin texnikaları qəbul edərək, qüsur və çatışmazlıqların tək-tək və detallı şəkildə əks olunduğu həmin təhvil-təslim aktını imzalamaqla təsdiq etmişdir.
35. Həmçinin işin digər bir mübahisəsiz halı ondan ibarətdir ki, cavabdeh müqavilənin qüvvədə olduğu müddət ərzində lizinq verənin hesabına 395 manat məbləğində lizinq ödənişi etmişdir.
36. Işə baxan məhkəmələr tərəfindən mübahisəyə MM-in 748-10.4-cü maddəsinin tələbi baxımından qiymət verilərək, cavabdehin lizinq ödənişi ilə bağlı öhdəliyi onu lizinq obyektindən təyinatına uyğun istifadəyə başlaması anı ilə əlaqələndirilmiş və sonuncunun lizinq obyektindən istifadə edə bilməməsi səbəbindən onun lizinq ödənişlərini ödəmək öhdəliyinin olmaması qənaətinə gəlmişlər.
37. Həmin maddənin tələbinə görə, lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir.
38. Lakin nəzərə alınmalıdır ki, MM-in 748-10.4-cü maddəsi, baxılan işdə kassatorun da qeyd etdiyi kimi, «aşağı qiymət qarşılıqğında qüsurlu əmlak» barədə hər iki tərəfin iradəsinə uyğun bağlanmış xüsusi razılaşmanı tənzimləmir, yalnız normal mülki dövriyyə şəraitində lizinq müqaviləsi üzrə ödəniş şərtlərini və üsullarını tənzimləyir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərfəindən mübahisəyə MM-in 748-10.4-cü maddəsi düzgün tətbiq edilməmişdir.
39. MM-in müqavilənin təfsiri qaydasını müəyyənləşdirən 404-cü maddəsinin tələblərinə görə, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
40. Həmçinin MM-in 748-1.4-cü maddəsinin tələbinə görə, lizinq verən müvəqqəti sahibliyə və istifadəyə verilən lizinq obyektinin lizinq müqaviləsi bağlanarkən şərtləşdirilmiş və ya lizinq alana əvvəlcədən məlum olan, yaxud lizinq alanın lizinq obyektini nəzərdə keçirərkən və ya lizinq müqaviləsinin bağlanması zamanı onun sazlığını yoxlayarkən aşkar oluna bilən çatışmazlıqları üçün heç bir məsuliyyət daşımır.
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi lizinq predmeti olan bu texnikaların işlək və tam saz vəziyyətdə olan analoqlarının real bazar dəyərindən əhəmiyyətli dərəcədə və xeyli aşağı qiymətə cavabdehə lizinqə verilməsinə, cavabdehin isə könüllü şəkildə qüsurlu olduğunu bilə-bilə lizinq obyektlərini qəbul etməsinə MM-in 404 və 748-1.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməmiş, eyni zamanda qətnamə tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamış, bununla da MPM-nin 217.3-cü maddəsinin tələbləri pozulmuşdur.
42. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasına vicdanlılıq prinsipi daxil olmasa da, bu prinsip Mülki Məcəllənin ayrı-ayrı normalarında mülki hüquqların həyata keçirilməsinin və müdafiəsinin hədlərini müəyyən edən qaydalarda nəzərdə tutulmuşdur. Belə ki, Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.
43. «Vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir (Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il ## ######## tarixli Qərarı).
44. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kənd təsərrüfatı texnikasındakı qüsurlardan öncədən məlumatlı olmasına və bu əsasda aşağı qiymətlə lizinq müqaviləsi bağlamasına, habelə ilkin ödənişi və sonrakı aylıq ödənişi icra etməklə müqavilə üzrə öhdəliyinin icrasına yönələn davranışlarına baxmayaraq, sonradan qalan borcları ödəməkdən tamamilə imtina etməsinə yuxarıda qeyd olunan prinsip baxımından da qiymət verilməlidir.
45. Apellyasiya məhkəməsi isə qeyd edilən xüsusatlara ümumiyyətlə qiymət verməmiş və nəzərə almamışdır ki, əqdə əsaslanan tələblərə baxarkən yalnız formal tələblər yoxlanılmamalı, bəyan edilmiş iradənin formalaşmasına əsas olmuş şərait, tərəflər arasında müqaviləyə qədərki və sonrakı danışıqlar və hərəkətlər dəyərləndirilməlidir.
46. “Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2008-ci il ## #### tarixli qərarı).
47. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyinə görə ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Işə yenidən baxılarkən hazırkı qərarda əks olunan hüquqi mövqe nəzərə alınmaqla qanuni və əsaslı, habelə iş üzrə müəyyən edilmiş hallara uyğun əsaslandırılmış qətnamə qəbul edilməlidir.
48. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı:
Kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.