Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-152/2026 15.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin maraqlı şəxs Şabanov İlkin İmran oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə QƏRARİ Açar sözlər: vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin maraqlı şəxs Şabanov İlkin İmran oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ###### tarixli *- *(***)-****/**** nömrəli qətnaməsindən ərizəçi tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) vergi ödəyicisi qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatdadır, icra orqanının rəhbəri Şabanov İlkin İmran oğludur (hüquqi şəxs haqqında məlumat).
2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən hüquqi şəxsə ünvanlanmış 2025-ci il # ###### tarixli **************** nömrəli, 2025-ci il # ###### tarixli **************** nömrəli, 2025-ci il ## ###### tarixli **************** nömrəli, 2024-cü il ## ######## tarixli **************** nömrəli və 2024-cü il ## ######## tarixli **************** nömrəli bildirişlərlə borcun 5 gün müddətində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsini tələb olunmuş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirilmişdir.
3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2024-cü il # ###### tarixli e-*(***)- ****/**** nömrəli qətnaməsi ilə “xxxx” MMC və Şabanov İlkin İmran oğlu arasında bağlanmış 2023-cü il ## ### tarixli əmək müqaviləsinə xitam verilməsi vəzifəsi “xxxx” MMC-nin üzərinə qoyulmuş, Şabanov İlkin İmran oğlunun “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçilik funksiyasına malik direktoru vəzifəsindən azad edilməsi barədə təsisçi tərəfindən qərar verilməsi vəzifəsi X1 üzərinə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2025-ci il ## #### tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır.
4. “xxxx” MMC-nin 2025-ci il ## #### tarixli qərarı ilə baş direktor Şabanov İlkin İmran oğlu tutduğu vəzifədən azad edilmiş və baş direktor vəzifəsinə X1 təyin olunması qərara alınmışdır.
İş üzrə məhkəmə icraatı
a) Birinci instansiya məhkəməsindəki icraat
5. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi (bundan sonra-“ərizəçi”) 2025-ci il # ######## tarixində Şabanov İlkin İmran oğluna (bundan sonra -“maraqlı şəxs”) qarşı ərizə ilə məhkəməyə müraciət edərək, hüquqi şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 322.687,21 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 40.058,05 manat, İcbari Tibbi Sığorta Fonduna olan 2.399,08 manat borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan maraqlı şəxs barəsində (Fin: *******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il ## ######## tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə ərizə rədd edilmişdir (hakim G.Namazova).
7. Məhkəmə qeyd etmişdir ki, işin hallarından, həmçinin maraqlı şəxs tərəfindən məhkəməyə təqdim olunmuş 2025-ci il ## #### tarixli MMC-nin təsisçi qərarından maraqlı şəxsin direktor vəzifəsindən azad edildiyi görünür. Yəni maraqlı şəxs artıq “xxxx” MMCnin icra orqanının rəhbəri deyil.
8. Müəssisənin rəhbəri işçi olmaqla onunla müəssisə arasındakı əmək münasibətlərinin yaranması, dəyişməsi, habelə xitamı yalnız Əmək Məcəlləsi ilə tənzimlənir. Məcəllə isə 83-cü maddəsinin 1-ci bəndində bu münasibətləri dəqiq tənzimləmiş, əmr, sərəncam və qərarı işçinin işdən azad edilməsinin rəsmiləşdirilməsinin mühüm qaydası kimi müəyyən etmişdir. Maraqlı şəxsin tutduğu vəzifədən azad olunması əmək qanunvericiliyində nəzərdə tutulan qaydada rəsmiləşdirilmişdir. Odur ki, vergi ödəyicisi olan şəxsin vergi və hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyin tələblərini pozaraq reyestr məlumatlarında dəyişiklik edilməsi ilə bağlı məlumatı vergi orqanına təqdim etməməsi, maraqlı şəxsin vergi borcu yaranmış hüquqi şəxsin icra orqanının rəhbəri olmaması faktını dəyişdirmir.
9. Bu baxımdan maraqlı şəxsin MMC-nin işçisi, qanuni təmsilçisi, faktiki rəhbəri olmamasına baxmayaraq, bununla bağlı dəyişiklik dövlət qeydiyyatına alınmadığından MMC-nin dövlət büdcəsinə olan borcuna görə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, hesablanmış borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə tutulmasının səmərəliliyini istisna etməklə, MMC-nin borclarının vaxtında ödənilməsindən yayınmasına, maraqlı şəxsin isə hüquqlarının məhdudlaşdırılmasına səbəb olur.
10. Başqa sözlə, ərizəçinin qanuni təmsilçi kimi məsuliyyətə cəlb etmək istədiyi maraqlı şəxs rəhbəri olduğu irəli sürülən hüquqi şəxsin direktoru vəzifəsindən azad edildiyi üçün, hazırkı ərizənin təmin olunması üçün əsaslar mövcud olmamışdır.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ bəndinə, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.1-ci maddəsinə, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1, 9.2 və 9-1.3-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2011-ci il ## ###### tarixli və 2017-ci il ## ### tarixli qərarlarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- “MPM”) 23.1.15-3 və 355-5.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
12. Ərizəçi tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və ərizənin təmin olunması xahiş edilmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edənməruzəçi hakim - T.Mahmudova, hakimlər - S.Cəfərov və L.Əliyeva).
14. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, hazırkı işdə maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün heç bir əsas olmamışdır. Belə ki, vergi öhdəliyi yerinə yetirilmədikdə hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququ məhdudlaşdırıla bilər. Burada əsas hüquqi məqam ondan ibarətdir ki, məhdudiyyət vəzifəyə görə tətbiq edilir, konkret şəxsiyyətə deyil. Əgər şəxs artıq icra orqanının rəhbəri deyilsə, o, Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinin tətbiq dairəsindən (subyekt tərkibindən) çıxmış hesab edilir.
15. İşin halları ilə müəyyən olunmuşdur ki, maraqlı şəxs direktor vəzifəsindən azad edilmişdir. Yəni, maraqlı şəxs artıq “xxxx” MMC-nin icra orqanının rəhbəri deyil. “xxxx” MMC-nin 2025-ci il ## #### tarixli qərarı ilə baş direktor maraqlı şəxs tutduğu vəzifədən azad edilmiş və baş direktor vəzifəsinə X1 təyin olunması qərara alınmışdır.
16. Kollegiya apellyatorun dövlət reyestrində müvafiq dəyişikliyin olunmaması barədə dəlillərinə münasibətdə qeyd etmişdir ki, reyestr məlumatlarının daxil edilməsi konstitutiv (hüquq yaradan) deyil, deklarativ (məlumatlandırıcı) xarakter daşıyır.
17. Şəxs və MMC arasındakı əmək/idarəetmə münasibətlərinə xitam verilməsi isə daxili korporativ akt və ya məhkəmə qərarı ilə baş tutur. Hüquqi şəxsin icra orqanının vəzifəsindən kənarlaşdırılması barədə məhkəmə qərarı və korporativ akt mövcuddursa, onun artıq MMC-nin maliyyə sənədlərini imzalamaq, borcu ödəmək və ya MMC-ni idarə etmək səlahiyyəti hüquqi və faktiki olaraq mövcud deyil. Səlahiyyəti olmayan şəxsə MMCnin borcuna görə məsuliyyət yükləmək hüququn ümumi prinsiplərinə ziddir. Vergi Məcəlləsinin tələblərinə əsasən hərəkət azadlığının məhdudlaşdırılması yalnız o halda qanunidir ki, bu, borcun ödənilməsini təmin etmək üçün effektiv və zəruri olsun.
18. Artıq direktor olmayan, şirkətin hesabından istifadə edə bilməyən şəxsin ölkədən çıxışına qoyulan qadağa borcun ödənilməsinə heç bir töhfə vermir, bu cəza xarakterli tədbirə çevrilir ki, bu da qanunun məqsədinə ziddir. Beləliklə, reyestr məlumatlarında dəyişikliyin edilməməsi şəxsin faktiki statusunu dəyişmir.
19. Eyni zamanda, şəxsin icra orqanının vəzifəsindən azad olunaraq əmək müqaviləsi ilə müəssisədə digər vəzifələrdə əmək fəaliyyətini davam etdirməsi, onun müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinə rəhbərlik etmək və ya vergi öhdəliyini icra etmək səlahiyyəti vermir. Yuxarıda qeyd edildiyi kimi, əmək müqaviləsi ilə müəssisədə digər vəzifələrdə əmək fəaliyyətini davam etdirən şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması hüququn ümumi prinsiplərinə və şəxsin toxunulmazlıq hüququna ziddir. Belə olan halda, MMC-nin vergi borcuna görə maraqlı şəxsin ölkədən getmək hüququna məhdudiyyət qoyula bilməz.
20. Apellyasiya məhkəməsi gəldiyi nəticəni birinci instansiya məhkəməsinin istinad etdiyi maddi və prosessual hüquq normaları ilə əsaslandırmışdır.
21. Ərizəçi tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və ərizənin isə təmin olunması xahiş edilmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
22. Əmək müqaviləsinə xitam verilməsi və şəxsin direktor vəzifəsindən azad olunması barədə məhkəmə qətnaməsi mövcud olsa da, həmin qətnamə icra edilməmiş hesab olunur. Bu halda maraqlı şəxslə müəssisə arasındakı əmək münasibətlərinə faktiki olaraq xitam verilməsi faktı təsdiq edilmir.
23. Hüquqi şəxsin 2026-cı il # ###### tarixinə olan reyestr məlumatlarından görünür ki, “xxxx” MMC-nin icra orqanının rəhbəri hazırkı iş üzrə maraqlı şəxsdir və sözügedən müəssisənin 2026-cı il # ###### tarixinə olan şəxsi hesab vərəqəsinə əsasən, ərizə üzrə borcu aktiv olaraq qalmaqdadır.
24. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 9-cu maddəsinə əsasən, hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 15 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim olunmalıdır. Dəyişiklik bu qanunun 11.3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır. Həmin qanunun 9.3-cü maddəsinə əsasən, bu qanunun 9.2-1.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, hüquqi şəxslərin və xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklər, habelə hüquqi şəxslərin dövlət reyestrində onlar barədə qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi yalnız dövlət qeydiyyatına alındıqdan sonra qüvvəyə minir.
25. Lakin “xxxx” MMC-də maraqlı şəxsin rəhbər kimi vəzifəsinə xitam verilməsi faktı dövlət qeydiyyatına alınmamış, reyestrdə təsdiqini tapmadığı üçün hüquqi nəticə doğurmamışdır. Nəticə etibarilə maraqlı şəxs bu günədək qeyd olunan hüquqi şəxsin icra orqanının rəhbəri kimi qalmaqdadır.
26. Həmçinin, vergi orqanı yaranmış vergi borcunun ödənilməsi ilə bağlı vergi ödəyicisinə Vergi Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, 2025-ci il # ###### tarixli 2550020356203300 və **************** nömrəli, 2025-ci il ## ###### tarixli **************** nömrəli, 2024-cü il ## ######## tarixli 2450021789406500 və **************** nömrəli bildirişlər göndərmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəmədiyindən ona 2025-ci il ## ##### tarixində SMS göndərilmiş və borcun ödənilməsi tələb olunmuşdur. Yaranmış borc məbləğinin ödənilməsi vergi ödəyicisi tərəfindən təmin edilmədiyi üçün bildiriş göndərildikdən sonra 2025-ci il ## ### tarixində ona ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət edilə biləcəyi barədə SMS göndərilmişdir.
27. Eyni zamanda, maraqlı şəxsin aidiyyəti olduğu sahibkarlıq subyekti üzrə mövcud bank hesablarına VM-in 65-ci maddəsində nəzərdə tutulmuş qaydada 2025-ci il ## #### tarixində alınmalı sərəncamlar göndərilmiş, lakin bank hesablarında vəsait olmadığından borclarının həmin sərəncamlar hesabına ödənilməsi mümkün olmamışdır.
28. Vergi ödəyicisinə 2024-cü il ## ### tarixində aktivləri barədə məlumatın verilməsi haqqında məktub göndərilərək məktuba əlavə olunmuş formaya uyğun olaraq məlumatın 10 gün müddətində vergi orqanına təqdim olunması xahiş olunmuş, lakin vergi ödəyicisi tərəfindən aktivləri barədə məlumatlar vergi orqanına təqdim olunmamışdır.
29. Həmçinin vergi orqanı tərəfindən “əmlakın siyahıya alınması haqqında” 2024cü il # ###### tarixli 230009411959, 24952843528 və *********** nömrəli qərarlar əsasında siyahıya alınmış əmlakın (nəqliyyat vasitəsinin) satılması barədə məhkəməyə müraciət edilmiş, lakin əmlakın başqa şəxsin mülkiyyətində olması əsası ilə iddia tələbi rədd olunmuşdur.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Maraqlı şəxs kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, onun təmin olunmaması və apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
31. Etiraz onunla əsaslandırılmışdır ki, kassasiya şikayətinin təmin edilməsi üçün hüquqi əsas mövcud deyil. Belə ki, maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş zəruri şərtlər mövcud deyildir. Maraqlı şəxsin hüquqi şəxsin faktiki rəhbəri olması sübuta yetirilməmişdir. Kassator şikayətində maraqlı şəxsin hüquqi şəxsdə rəhbəri olaraq qaldığını bildirsə də, bunlar iş materialları ilə təsdiqini tapmır. Maraqlı şəxsin direktor vəzifəsindən azad edilməsi və əmək müqaviləsinə xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Bu hal, şəxsin hüquqi şəxsin idarəetməsində real təsir imkanlarının mövcud olmadığını göstərir. Maraqlı şəxsin direktor vəzifəsindən azad edilməsi və əmək müqaviləsinə xitam verilməsi faktı artıq məhkəmə tərəfindən müəyyən edilmiş və qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə təsdiqlənmişdir. Bu fakt, işdə iştirak edən tərəflər üçün hüquqi baxımdan məcburidir və başqa məhkəmə prosesində yenidən mübahisə predmetinə çevrilə bilməz.
32. Kassator həmçinin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 9.1-9.3-cü maddələrinə istinad edərək, dövlət reyestrində dəyişiklik edilmədiyi üçün maraqlı şəxsin rəhbər kimi qəbul edilməli olduğunu iddia edir. Lakin bu mövqe birtərəfli və formal yanaşmadan ibarətdir. Məhkəmələr haqlı olaraq nəzərə almışdır ki, ölkədən getmək hüququnun məhdudlaşdırılması kimi ağır hüquqi nəticə yalnız formal reyestr qeydi ilə deyil, şəxsin borcun ödənilməsindən bilərəkdən yayınması, icranı əngəlləməsi və ya borcun ödənilməsinə real təsir imkanlarının olması sübuta yetirildikdə tətbiq oluna bilər. İş materiallarında isə maraqlı şəxsin borcun ödənilməsindən qəsdən yayınmasını və ya vergi borclarının ödənilməməsində birbaşa təqsirli davranışını təsdiq edən sübut mövcud deyil.
33. Vergi orqanı tərəfindən bank hesablarına sərəncamların göndərilməsi, aktivlər barədə məlumatın tələb olunması, əmlakın siyahıya alınması və satılması istiqamətində görülmüş tədbirlər hüquqi şəxsin maliyyə vəziyyəti ilə bağlıdır və birbaşa maraqlı şəxsin davranışı ilə əlaqələndirilə bilməz. Əmlakın başqa şəxsin mülkiyyətində olması səbəbindən iddia tələbinin rədd edilməsi də maraqlı şəxsin borcun ödənilməsindən yayınması faktını təsdiqləmir. Bu hallar obyektiv iqtisadi vəziyyətlə bağlıdır və şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması üçün əsas yaratmır. Azərbaycan Respublikasının Konstitusiyasına, habelə məhkəmə təcrübəsində formalaşmış hüquqi mövqeyə əsasən, ölkədən getmək hüququnun məhdudlaşdırılması yalnız istisna hallarda və mütənasiblik prinsipi gözlənilməklə tətbiq edilə bilər. Məhkəmələr bu prinsipi düzgün tətbiq etmişlər.
Kassasiya baxışının hədləri
34. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
35. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
Tətbiq edilən hüquq
36. Azərbaycan Respublikası Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 71. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı ... II. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. ...”
“Maddə 73. Vergilər və başqa dövlət ödənişləri İ. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. ...”
37. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 3. Qanun əsasında insan hüquqlarının və azadlıqlarının məhdudlaşdırılmasına dair tələblər ... 3.6. Azərbaycan Respublikasının Konstitusiyasında göstərilən digər əsaslarla yanaşı, Konstitusiyanın 28-ci maddəsinin III hissəsində, 32-ci, 33-cü, 49-cu, 50-ci, 51-ci, 58-ci maddələrində göstərilən hüquqlar və azadlıqlar ... dövlət təhlükəsizliyi mənafeləri üçün, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün, cinayətin qarşısının alınması məqsədi ilə, ... həmçinin ictimai təhlükəsizliyin qorunması üçün ... məhdudlaşdırıla bilər.”
38. Azərbaycan Respublikası Vergi Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 16. Vergi ödəyicisinin vəzifələri 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.1. qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək; ...”
“Maddə 23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: ... 23.1.15-3. vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək; ...”
“Maddə 77. Vergi öhdəliyi ... 77.3. Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. ...”
“Maddə 78. Vergi öhdəliklərinin yerinə yetirilməsi 78.1. Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. ...”
39. Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 83. Əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydası
1. Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. ...”
40. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 9. Təsis sənədlərində edilmiş dəyişikliklərin və qeydə alınmış faktların sonrakı dəyişikliyinin qeydiyyata alınması 9.1. Hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. 9.2. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 15 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11. 3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır (2025-ci il ## #### tarixli ***-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.2-ci maddənin birinci cümləsində “40” rəqəmləri “15” rəqəmləri ilə əvəz edilmişdir). ...” “Maddə 9-1. Məhdud məsuliyyətli cəmiyyətin təsis sənədlərində edilmiş dəyişikliklərin və qeydə alınmış faktların sonrakı dəyişikliyinin elektron qaydada qeydiyyata alınması ... 9-1.3. Qanuni təmsilçi (qanuni təmsilçilər) dəyişikliyinin qeydiyyata alınması zamanı ərizə həm təsisçi (təsisçilər), həm də qanuni təmsilçinin (qanuni təmsilçilərin) gücləndirilmiş elektron imzası ilə təsdiq edilməlidir. ...”
41. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...”
“Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ... 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.”
“Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”
“Maddə 355-5. Ərizənin verilməsi 355-5.1. Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. ...”
Kassasiya instansiya məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi).
43. Məhkəmə kollegiyası ərizəçinin kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir.
44. Belə ki, VM-in 23.1.15-3-cü maddəsinin məzmunundan göründüyü kimi (bax § 38), vergi ödəyicisinin, konkret halda hüquqi şəxsin rəhbərinin ölkədən getmək hüququnun məhdudlaşdırılması dövlət büdcəsinə olan vergi borcunun ödənilməsini təmin etməsinə yönələn müvəqqəti məcburiyyət tədbiridir.
45. Baxılan işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, “xxxx” MMC-nin 2025-ci il ## #### tarixli qərarı ilə baş direktor Şabanov İlkin İmran oğlu tutduğu vəzifədən azad edilmişdir.
46. Məhkəmə kollegiyası hesab edir ki, hazırda MMC-nin dövlət büdcəsinə yaranmış borcuna görə qeyd olunan hüquqi şəxslə hər hansı hüquqi bağlılığı olmayan şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması formal olmaqla, dövlət büdcəsinə olan vergi borcunun ödənilməsini təmin etməsinə yönələn məqsədə cavab vermir. Bu baxımdan ərizənin təmin edilməməsinə dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə, ərizəçinin kassasiya şikayətində qeyd etdiyi maddi hüquq normalarının tələblərinə zidd olmamışdır.
47. Ödənilməmiş borc əsasında fərdin ölkədən getmək hüququnun məhdudlaşdırılması yalnız borcun qaytarılmasına xidmət etdikdə əsaslandırıla bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Reiner Bolqarıstana qarşı (Riener v. Bulgaria), № 46343/99, 2006-cı il ## ### tarixli qərarı, § 122).
48. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tələbləri pozulmamış, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, iş üzrə qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
49. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara alır:
Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.