Məhkəmə qərarları › İş №2-2(1-8)-159/2026

Ali Məhkəmə Qərar — İş №2-2(1-8)-159/2026

17.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-159/2026 17.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti) iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsi, lazımi keyfiyyətli olmayan əşyanın verilməsinin nəticələri, sübutetmə vəzifəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC) “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları

1. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 2022-ci il ## ###### tarixli *** nömrəli alqı-satqı müqaviləsi (bundan sonra-“alqısatqı müqaviləsi”) bağlanmış, Cavabdeh MMC müqavilənin ayrılmaz tərkib hissəsi olan razılaşma protokolunda göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun olan vəziyyətdə malları İddiaçı MMC-yə satmağı, İddiaçı MMC isə malların müqabilində Cavabdeh MMC-yə razılaşma protokolunda razılaşdırılmış vahidin qiymətinə əsasən müvafiq məbləği ödəməyi öhdəsinə götürmüşdür.

2. 2022-ci il ## ###### tarixli təhvil-təslim aktına əsasən 2700 kv.m sendviç panel, 1500 kv.m sendviç panel boyanması (ümumi dəyəri ƏDV daxil 144.432 manat), 2022-ci il ## ###### tarixdə 2154,6 kv.m sendviç panel (ümumi dəyəri ƏDV daxil 78588,01 manat), 2023-cü il ## #### tarixdə 1572,64 kv.m sendviç panel (ümumi dəyəri ƏDV daxil 67974,85 manat) Cavabdeh MMC-yə təqdim edilmiş, həmin malların dəyəri ödənilmişdir.

Iş üzrə məhkəmə icraatı

a) Birinci instansiya məhkəməsindəki icraat

3. Iddiaçı İddiaçı MMC (bundan sonra-“iddiaçı”) cavabdeh Cavabdeh MMC-yə (bundan sonra-“cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə 60.000 manat məbləğində pulun və 400 manat mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Iddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə 60188 manat məbləğində pulun və 400 manat mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Iddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış malların alqı satqısına dair müqavilə üzrə iddiaçı cavabdehdən 246 000 manat dəyərində divar paneli almışdır. Cavabdehdən alınan məhsulların 60 000 manatlıq hissəsinin keyfiyyətində problemlər olduğu iddiaçıya məlum olmuşdur. Bundan sonra mallarda olan qüsurları aşkar etmək üçün mütəxəssis cəlb olunmuşdur. Belə ki, Azərbaycan Respublikası xxxxnin 2023cü il ## ##### tarixli qiymətləndirmə rəyində göstərilmişdir ki, aparılmış tədqiqatlar nəticəsində, Zəngilan rayonunda yerləşən “Şayıflı” və “Sarıqışlaq” SES layihəsinin tikintisində istifadə olunan poliuretan tərkibli sendviç divar panellərində yaranmış qüsurların yaranma səbəbi panellərin daşınması, saxlanılması, montaj edilməsi, quraşdırılması nəticəsində deyil, istehsal zamanı əmələ gəlmişdir və istehsalat qüsurudur. Təqdim edilən panel lövhələrinə və fotoşəkillərə texniki baxış keçirilən zaman daşınma, saxlama, boşaltma, montajetmə, quraşdırma nəticəsində əmələ gələcək qüsurlar aşkar edilmədi. Bundan başqa, iddiaçı ona satılan malların qüsurlu olmasını bildikdən sonra 2023-cü il ## ### tarixli poçt vasitəsilə göndərilmiş bildirişlə cavabdehi qüsurları yerindəcə müəyyən edib aydınlaşdırmaq üçün 2023-cü il ## ### tarixində Zəngilan rayonunun “Şayıflı” və “Sarıqışlaq” SES layihəsinə baxış keçirilməsinə dəvət etmişdir. Çünki müqavilə üzrə alınmış divar panelləri Zəngilan rayonunun “Şayıflı” və “Sarıqışlaq” SES layihəsində istifadə olunmuş, lakin iddiaçının bu müraciəti də cavabdeh tərəfindən dəyərləndirilməmişdir. Iddiaçı tərəfindən 2023-cü il # #### tarixli pretenziya ilə cavabdehə Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin onlayn kargüzarlıq sistemi vasitəsilə müraciət edilmiş və ümumi ödənilməli olan 60 000 manat + ƏDV ziyanı 3 günə kimi iddiaçıya ödənməsi xahiş edilmişdir. Lakin cavabdeh ziyanı geri qaytarmamışdır. Iddiaçı və cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasında sonra prosesin davam etdirilə bilməməsi barədə 2023-cü il # ######## tarixli MŞB/*-**** saylı arayış alınmışdır.

6. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il # ###### tarixli qərardadı ilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.

7. “xxxx” MMC-nin 2025-ci il ## ##### tarixli **/**-**/** nömrəli rəyinə əsasən, Zəngilan rayonunda yerləşən “Şayıflı” və “Sarıqışlaq” X5 tikintisində quraşdırılmış sendviç divar panellərinin üzrərində mövcud olmuş və faktiki möcud olan qüsurların görünüşü, xüsusiyyəti nəzərə alınaraq yaranma səbəbi panellərin daşınması, saxlanılması, montaj edilməsi, quraşdırılması nəticəsində deyil, yapışdırma əməliyyatı profil metal və doldurucu arasında əlaqənin pozulmasına, izolyasiya lamellərinin qoyulması üçün düzgün qurulmuş bir prosesin olmamasından panelin içərisində boşluqların meydana gəlməsi və sandviç panelləri istehsal edərkən profil metal təbəqəsinin optimal qalınlığını düzgün seçməmək nəticəsində əmələ gəlməsinə, yəni istehsalat (texnoloji) zamanı yaranmasına xarakterlidir. Qaimə xərclərinə, avtosəbətin icarəsinə dair bağlanmış müqavilələrə və smeta xərclərinə əsasən, “Şayıflı” və “Sarıqışlaq” X5raşdırılmış sendviç panellərin üzərində mövcud olmuş qüsurların aradan qaldırılması üçün çəkilmiş xərclərin ümumi dəyəri 60188.9 manat məbləğində müəyyən olunur. Həmin rəy onunla əsaslandırılmışdır ki, Zəngilan rayonunda yerləşən “Şayıflı” və “Sarıqışlaq” X5 tikintisində quraşdırılmış sendviç divar panellərinin üzərində təqdim olunmuş fotoşəkillərdə görünən qüsurlar, baxış zamanı müəyyən olunmuş faktiki mövcud olan qüsurların xüsusiyyəti, görünüşü, yapışdırma əməliyyatı profilli metal və doldurucu arasında əlaqənin pozulmasına, izolyasiya lamellərinin qoyulması üçün düzgün qurulmuş bir prosesin olmamasından panelin içərisində boşluqların meydana gəlməsi və sandviç panelləri istehsal edərkən profil metal təbəqəsinin optimal qalınlığını düzgün seçməmək nəticəsində əmələ gəlməsinə xarakterikdir. Eyni zamanda panellərin texniki xüsusiyəti istiyə və soyuğa davamlı olduğunu bilərək (-65°C, +110°C-yə qədər), ölkə ərazimizdə də panellərin yararsız vəziyyətə düşməsi üçün tələb olunan temperatur göstəricilərinin olmadığını, eyni zamanda rəyin tədqiqat hisəsində qeyd olunanları nəzərə alaraq belə bir qəti qərara gəlmək olar ki, tədqiqata təqdim edilən poliüretan tərkibli sendviç divar panelləri üzərində yaranmış qüsurlar həmin panellərin daşınması, saxlanılması, montaj edilməsi, quraşdırılması nəticəsində deyil, istehsal zamanı əmələ gəlmişdir və istehsalat qüsurudur.

8. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il ## #### tarixli e-*-*(***)-**/**** nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdehdən 60188 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 400 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, ekspertiza xərci olaraq 1000 manat məbləğində pulun cavabdehdən tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməsi qət edilmişdir (hakim N.Əhmədova).

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış, cavabdeh müqavilənin ayrılmaz tərkib hissəsi olan razılaşma protokolunda göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun olan vəziyyətdə malları iddiaçıya satmağı, iddiaçı isə malların müqabilində cavabdehə razılaşma protokolunda razılaşdırılmış vahidin qiymətinə əsasən müvafiq məbləği ödəməyi öhdəsinə götürmüşdür. 2022-ci il ## ###### tarixli təhvil-təslim aktına əsasən 2.700 kv.m sendviç panel, 1.500 kv.m sendviç panel boyanması (ümumi dəyəri ƏDV daxil 144.432 manat), 2022-ci il ## ###### tarixdə 2.154,6 kv.m sendviç panel (ümumi dəyəri ƏDV daxil 78.588,01 manat), 2023-cü il ## #### tarixdə 1.572,64 kv.m sendviç panel (ümumi dəyəri ƏDV daxil 67.974,85 manat) cavabdehə təqdim edilmiş, həmin malların dəyəri ödənilmişdir.

10. Hazırda mübahisəli məqam alqı-satqı müqaviləsi üzrə təqdim edilmiş sendviç panellərdəki qüsurların istehsalat xarakterli olması yoxsa sonradan (daşınma, yükləmə, boşaltma, montaj və sair) yaranıb-yaranmamasıdır.

11. Əşyanın keyfiyyəti ilə bağlı tələblər pozulduqda, əvvəla alıcı tərəfindən satıcıya bu barədə bildiriş verilməlidir. Əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alqı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur.

12. Hazırki işdə, iddiaçı mallardakı qüsurlarla bağlı 2023-cü il ## ### tarixdə və 2023cü il # #### tarixdə cavabdehə pretenziya göndərmiş, cavabdeh 2023-cü il ## ###### tarixdə pretenziya məktubuna münasibət bildirmişdir.

13. Satıcı alqı-satqı müqaviləsinə uyğun gələn keyfiyyətdə əşyanı alıcıya verməlidir. Həmçinin satıcı əşyanın alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan qüsurları üçün təqsirindən asılı olmayaraq məsuliyyət daşıyır. Bu mənada qüsurun yaranma anı mühüm əhəmiyyət kəsb edir. Belə ki, ümumi qaydaya görə, alıcı qüsurun satıcının təqsirindən yarandığını sübut etməli olmasa da, qüsurun əşyanın alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübut etməlidir. Lakin əşya üçün keyfiyyət qarantiyası verildiyi halda qanunverici sübutetmə qaydasını dəyişərək, satıcının qüsurlar üçün cavabdehliyini prezumpsiya edir, əksinin– əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyinin sübut edilməsi vəzifəsi satıcının üzərinə düşür.

14. Məhkəmənin qənaətinə görə satıcı tərəfindən müqavilədə hər hansı qarantiya verilməmişdir. Belə olan halda, həmin qüsurların əşyanın alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübut etmək vəzifəsini iddiaçı daşıyır.

15. Iş üzrə ekspertizanın həyata keçirilməsi məqsədilə dəfələrlə icraat dayandırılmış, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmış, lakin Mərkəz tərəfindən ekspertizanın aparılmasından yekun olaraq müvafiq tədqiqat üzrə ekspertlərinin olmaması əsası ilə imtina edilmişdir.

16. Digər tərəfdən, mütəxəssis rəylərinin alınması üçün aidiyyəti dövlət qurumlarına- S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X18 Institutu və “xxxx” X2 müraciət edilmiş, qeyd edilən təşkilatlar tərəfindən rəyin verilməsi mümkün olmamışdır.

17. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən “xxxx” MMC-nin 2025-ci il ## ### tarixli rəyi Azərbaycan Respublikasının səlahiyyətli qurumu tərəfindən təsdiq edilmiş sertifikata (şəhadətnaməyə) malik olmayan şəxs tərəfindən tərtib edildiyindən qeyri-mötəbər hesab edilmişdir.

18. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin 2025-ci il ## ### tarixli ***/**-** nömrəli rəyinin tərtib edilməsində iştirak edən X9 izahatından isə sonuncunun müvafiq qüsurun istehsalat prosesindən qaynaqlanacağı halda, satıcının həmin məhsulu satmayacağı prezumpsiyasından çıxış etdiyi məlum olmuş, iş materiallarındakı şəkillərlə təsdiq olunan panellərdəki qabarmaların yaranma əsaslarının hansı qaydada boşaltmadan və ya quraşdırmadan yarana biləcəyi isə qeyri-müəyyən qalmışdır.

19. Məhkəmə hesab etmişdir ki, “xxxx” MMC-nin 2025-ci il ## ##### tarixli **/**-**/** nömrəli rəyinin tərtib olunmasında mütəxəssis kimi iştirak edən Isgəndərov Xəyyam Eyvaz oğlunun panellərdə qabarma, səthində dalğalı vəziyyətin mövcudluğu ilə bağlı əsaslandırması, profilli metal və doldurucu arasında əlaqənin pozulması, izolyasiya lamellərinin qoyulması üçün düzgün qurulmuş bir prosesin olmamasından panelin içərisində boşluqların meydana gəlməsi kimi istehsalat qüsurlarının əlamətlərini sadalaması qeyd edilən rəyin mötəbərliyini göstərir.

20. Bu qənaətə gələrkən məhkəmə həmçinin göstərmişdir ki, rəyin tərtib edilməsinə iştirak edən Isgəndərov Xəyyam Eyvaz oğlu Məhkəmə Ekspertlərinin Reyestri ilə təsdiq edilmiş ixtisasa malikdir. Açıq informasiya ehtiyatı kimi Reyestrdən əldə edilmiş məlumatlardan isə Isgəndərov Xəyyam Eyvaz oğlunun 2021-ci il ## ###### tarixdə attestasiyadan keçdiyi, tikinti texniki obyektlərinin tədqiqatı sahəsində ekspert ixtisasının olduğu təsdiq edilir.

21. Digər tərəfdən, sendviç panellərin istehsalçısı kimi üçüncü şəxsin və cavabdehin panellərin standartlara uyğunluğu ilə bağlı təqdim etdiyi uyğunluq sertifaktları, sınaq protokolları penellər cavabdeh tərəfindən iddiaçıya verildikdən sonra əldə edilmişdir (“xxxx” X4 2024-cü il ## #### tarixli uyğunluq serifikatları, S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X18 Institutunun 2023-cü il ## #### tarixli sınaq protokolu və s.).

22. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçı əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik hesab olunmalıdır. Məhkəmə həmin xərclərin həcmi ilə bağlı isə “xxxx” MMC-nin 2025-ci il ## ##### tarixli **/**-**/** nömrəli rəyini əsas götürərək qüsurların aradan qaldırılması üçün çəkilmiş xərclərin ümumi dəyərinin 60188,9 manat məbləğində müəyyən olunması nəticəsinə gəlmişdir.

23. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 567, 581.1, 582.1, 582.2, 587, 588, 595.1, 597.1 və 600.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

24. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

25. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim L.Əliyeva, hakimlər T.Mahmudova və Z.Şirinov).

26. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, düzgün olmayan məhkəmə qətnaməsinin çıxarılmasına səbəb olan prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

27. Məhkəmə kollegiyası gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, alqı-satqı müqaviləsi üzrə cavabdeh tərəfindən iddiaçıya təqdim edilmiş sendviç panellərdə qüsurların mövcud olması işin mübahisəsiz halıdır. Məhkəmə tərəfindən araşdırılmalı olan mübahisəli hal isə təqdim edilmiş edilmiş sendviç panellərdəki qüsurların istehsalat xarakterli olması və ya sonradan (daşınma, yükləmə, boşaltma, montaj və sair nəticəsində) yaranması ilə bağlıdır.

28. Bununla bağlı qeyd edilmişdir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsində cavabdeh tərəfindən iddiaçıya malların keyfiyyətinə görə qarantiya verilməsi nəzərdə tutulmamışdır. Belə olan halda isə MM-in 588.1-ci maddəsinin tələblərinə əsasən satıcı malın qüsurlarına görə yalnız o halda məsuliyyət daşıyır ki, alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirə bilsin.

29. Hazırkı halda sendviç panellərdə yaranan qüsurların yaranma səbəblərinin müəyyən edilməsi məqsədilə birinci instansiya məhkəməsi tərəfindən ekspertizanın aparılması üçün dəfələrlə iş üzrə icraat dayandırılmış, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmış, lakin Mərkəz tərəfindən ekspertizanın aparılmasından yekun olaraq müvafiq tədqiqat üzrə ekspertlərinin olmaması əsası ilə imtina edilmişdir. Digər tərəfdən, mütəxəssis rəylərinin alınması üçün aidiyyəti dövlət qurumlarına- S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə- X18 Institutuna və “xxxx” X2 müraciət edilmiş, qeyd edilən təşkilatlar tərəfindən rəyin verilməsi mümkün olmamışdır.

30. Məhkəmə tərəfindən alınmış “xxxx” MMC-nin 2025-ci il ## ##### tarixli **/**-**/** nömrəli rəyi ilə bağlı kollegiya qeyd etmişdir ki, rəyin tərtib edilməsinə iştirak edən Isgəndərov Xəyyam Eyvaz oğlu Məhkəmə Ekspertlərinin Reyestri ilə təsdiq edilmiş ixtisasa malikdir. Açıq informasiya ehtiyatı kimi Reyestrdən əldə edilmiş məlumatlardan isə Isgəndərov Xəyyam Eyvaz oğlunun 2021-ci il ## ###### tarixdə attestasiyadan keçdiyi, tikinti-texniki obyektlərinin tədqiqatı sahəsində ekspert ixtisasının olduğu təsdiq edilir.

31. Həmin rəy verilərkən Isgəndərov Xəyyam Eyvaz oğlunun Zəngilan rayonuna getməməsi və tədqiqat obyektində olmaması barədə apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edilmişdir ki, birinci instansiya məhkəməsinin iclas protokoluna və audio video yazıya əsasən müəyyən edilmişdir ki, ekspert məhkəmə iclasında dindirilərkən Zəngilan rayonu ərazisinə getməsi ilə bağlı portaldan icazə sənədini məhkəməyə təqdim etmişdir (çıxarış iş materiallarına da əlavə edilmişdir).

32. Azərbaycan Respublikası Prezidentinin Cəbrayıl, Zəngilan və Qubadlı rayonları üzrə xüsusi nümayəndəsi X6 “Işğaldan azad olunmuş ərazilərə buraxılış” informasiya sistemində olan məlumatlara əsasən Zəngilan rayonunda olub-olmadığı barədə heç bir məlumatın olmaması barədə 2025-ci il ## #### tarixli 1-1 **/*-**/**** nömrəli məktuba münasibətdə qeyd edilmişdir ki, rayon ərazisinə daxil olan şəxslərin qeydiyyatının aparılması xüsusi nümayəndənin səlahiyyətinə aid olmadığından həmin məktubun ekspertin Zəngilan rayonunda tədqiqat obyektinə baxışda iştirak etməməsini təsdiq edən sübut kimi qəbul edilməsi üçün əsas yoxdur.

33. “xxxx” MMC-nin sözügedən rəyində sendviç panellərdə qabarmaların və dalğaların əmələ gəlməsinin səbəbləri izah edilməklə qabarmaların profil metalın izolyasiyadan ayrılması və dalğaların isə metal qalınlığının səhv seçilməsi ilə bağlı yarandığı qeyd edilmiş və sendviç panellərdə müşahidə edilmiş qüsurların görünüş və xüsusiyyətlərinə görə istehsalat xarakterli olması barədə qənaətə gəlinmişdir.

34. Beləliklə, məhkəmənin “xxxx” MMC tərəfindən verilmiş rəylə razılaşmaması üçün əsas olmamışdır. Odur ki, birinci instansiya məhkəməsi sendviç panellərdə yaranmış qüsurların səbəblərini həmin rəy əsasında müəyyən etməkdə haqlı olmuşdur.

35. Cavabdeh tərəfindən təqdim edilən digər rəylərə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, “xxxx” MMC-nin 2025-ci il ## ### tarixli rəyi Azərbaycan Respublikasının səlahiyyətli qurumu tərəfindən təsdiq edilmiş sertifikata (şəhadətnaməyə) malik olmayan şəxs tərəfindən tərtib edildiyindən, birinci instansiya məhkəməsi haqlı olaraq həmin rəyi qeyri-mötəbər hesab etmişdir.

36. “xxxx” MMC-nin 2025-ci il ## ### tarixli ***/**-** nömrəli rəyinə gəldikdə isə qeyd edilməlidir ki, həmin rəydə mütəxəssis X9 panellərdə əmələ gəlmiş qüsurların yükləmə, boşaltma, quraşdırma və montaj zamanı yaranan qüsurlar olması barədə qənaətə gəlsə də, gəldiyi nəticəni əsaslandırmamış, qabarmaların və dalğavari qüsurların daşınma və boşaltma nəticəsində əmələ gəlməsi sxemini izah etməmiş, bundan başqa mütəxəssis məhkəmə iclasında verdiyi izahatında qüsurların yükləmə və daşınma nəticəsində əmələ gəlməsi ehtimalını da istisna etmiş, lakin göstərilən qənaətini də əsaslandıra bilməmişdir.

37. Bundan əlavə, mütəxəssis H.Yaqubov da birinci instansiya məhkəməsində verdiyi izahatda daşınma nəticəsində sendviç panellərdəki qabarmaların əmələ gəlməsinin mümkün olmaması ilə razılaşmış, lakin hazırkı halda mübahisəli sendviç panellərdə qabarmaların olması faktını inkar etmişdir (halbuki iş materiallarına əlavə edilmiş fotoşəkillərdə sendviç panellərdə qabarmaların, şişmə və dalğaların olması aydın nəzərə çarpır).

38. Məhkəmə kollegiyası “xxxx” MMC-nin rəyinin sendviç panellərdə yaranmış qüsurların səbəblərini müəyyən edən mötəbər sübut kimi nəzərə alınmasını mümkün hesab etməmişdir.

39. Işə apellyasiya instansiyası məhkəməsində baxılarkən cavabdeh tərəfindən təqdim edilmiş “X15” MMC tərəfindən verilmiş rəylə bağlı isə məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh həmin rəyin işə birinci instansiya məhkəməsində baxılarkən təqdim edilməsinin onlardan asılı olmayan səbəblərdən mümkün olmamasını əsaslandırmamışdır. Odur ki, MPM-in 372.2-ci maddələrin tələbləri baxımından həmin rəy sübut qismində qəbul edilməsi istisna edilir.

40. Beləliklə, hazırkı halda sendviç panellərdə qüsurların əmələ gəlmə səbəblərinin istehsal xarakterli olması, yəni qüsurların panellər iddiaçıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyi müəyyən edildiyindən həmin qüsurlara görə cavabdeh məsuliyyət daşımalıdır.

41. Odur ki, iddiaçı MM-in 588.1.3-cü maddəsində nəzərdə tutulmuş müdafiə vasitəsindən istifadə etməklə əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olmuşdur.

42. Xərclərin əvəzi olaraq tutulmalı olan pul vəsaitinin məbləği ilə bağlı qeyd edilmişdir ki, “xxxx” MMC tərəfindən verilmiş rəylə “Şayıflı” və “Sarıqışlaq” X5raşdırılmış sendviç panellərin üzərində mövcud olmuş qüsurların aradan qaldırılması üçün çəkilmiş xərclərin ümumi dəyəri 60188,9 manat məbləğində müəyyən edilmişdir.

43. Cavabdeh isə çəkilmiş xərclərin şişirdildiyini iddia etsə də, ekspert rəyini şübhə altına ala biləcək hallara istinad etməmiş, eləcə də çəkilmiş xərclərin məbləği ilə bağlı alternativ rəy də təqdim etməmişdir.

44. “xxxx” MMC-nin rəyində istinad edilmiş X3 ilə bağlanmış sub-subpodrat müqaviləsi üzrə görülməsi nəzərdə tutulan işlərin 2 ədəd ofis otaqlarının metal konstruksiyalardan yığılmasından ibarət olmasına, yəni sendviç panellərdəki qüsurların aradan qaldırılmasına aidiyyətinin olmamasına dair cavabdehin dəlillərinə münasibətdə kollegiya qeyd etmişdir ki, həmin müqaviləyə əlavə edilmiş smetadan da göründüyü kimi sendviç panellərin boya işləri əlavə kimi həmin smetaya daxil edilmişdir. Bundan əlavə Ismayıl Rəhimov tərəfindən iddiaçıya sendviç panellərin montaj, malyar və boya işlərinə görə cəmi 26.420 manat məbləğində 2023-cü il ## ### tarixli elektron qaimə göndərilmişdir. Odur ki, qüsurların aradan qaldırılması məqsədilə görülmüş sendviç panellərin malyar və boyalama işlərinin X3 ilə bağlanmış müqavilənin predmetinə daxil olmaması barədə yuxarıda istinad edilən dəlillər əsassızdır.

45. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 442, 443.1, 448.1, 567, 587.1, 587.2, 588.1 və 588.2-ci maddələrinə və MPM-in 77.1 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

46. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayəti və kassasiya şikayətinə əlavənin dəlilləri

47. MPM-in 81, 88, 77.1, 77.3 və 217.4-cü maddələri üzrə - məhkəmə apellyasiya şikayətində qeyd olunan bütün dəlillərə qiymət versə də, onlara düzgün qiymət verməmiş, bəzi hallarda isə iş üzrə təqdim edilmiş sübutları təhrif etmişdir. Birinci instansiya məhkəməsi öz əsaslandırılmasını yalnız “xxxx” MMC-nin 2025-ci il ## ##### tarixli rəyi və bu rəyi imzalayan şəxslərdən biri olan Isgəndərov Xəyyam Eyvaz oğlunun izahatı əsasında qurmuşdur. Apellyasiya məhkəməsi də eyni mövqedə olaraq, rəyi mötəbər hesab etmiş, digər rəyləri isə hər hansı səbəbdən mötəbər hesab etməmişdir. X.Isgəndərov 25 ildən artıq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzində Tikinti-texniki obyektlərin tədqiqi sahəsində böyük ekspert vəzifəsində işləsə də, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2024-cü il # ###### tarixli *-**-**/*-**/*** nömrəli məktubundan məlum olur ki, həmin Mərkəzin Tikinti-texniki obyektlərin tədqiqi üzrə ekspertləri birinci instansiyanın ekspertizanın təyin olunmasına dair 2025-ci il # ###### tarixli qərardadında qoyduğu 1-ci və 2-ci suallar üzrə ixtisaslaşmamışlar.

48. Məhkəmə Ekspertizası Mərkəzi deyir ki, ekspertlər sendviç panellərinin bu qüsurlarını araşdırmaq üçün xüsusi biliyə malik deyil. Lakin məhkəmə deyir ki, X.Isgəndərov Məhkəmə Ekspertlərinin Reyestrində olduğundan onu mütəxəssis kimi qəbul edir və onun rəyini mötəbər hesab edir. Halbuki, bu sahədə mütəxəssis olan “xxxx” MMC-nin mütəxəssisinin rəyi onun sertifikatı olmadığına görə mötəbər hesab edilmir.

49. Mütəxəssis tərəfindən təqdim olunanlar icazə sənədinin alınması üçün müraciət olmuşdur. Həmin müraciət iş materiallarında da mövcuddur. Lakin, mütəxəssisin konkret olaraq Zəngilan rayonunda olmasına dair hər hansı dəlil mövcud deyil.

50. Mütəxəssis rəyin əsaslandırılmasında istehsal qüsurlarına dair üç bəndin üçünü də olduğu kimi köçürərək, hər hansı texniki təhlil verməmişdir.

51. Mütəxəssis sadəcə iddiaçı tərəfindən təqdim olunmuş alqı-satqı və podrat müqavilələrini əsas götürərək, bu müqavilələrdə göstərilən rəqəmləri toplamışdır. Bu isə məhkəmə mühasibatlıq ekspertizasının predmetidir. Məhkəmə isə qiymətləndirmə ekspertizasını təyin etmişdir ki, mütəxəssis təmir-bərpa işlərinin həyata keçirilməsi üçün çəkilə biləcək xərclərin məbləğini müəyyən etməli idi. Məhz buna görə də, mütəxəssis görülən işlərin və sərf olunan materialların qüsurlara görə həcmini müəyyən edərək, onların dəyərini özü hesablamalı idi. Belə ki, cavabdehin mütəxəssisi tərəfindən aparılan baxış zamanı müəyyən edilmişdir ki, qüsurlar yalnız 25 nöqtədə mövcuddur (Rəyi verən mütəxəssis qüsurların çox olduğu görüntüsünü yaratmaq üçün panellərin müxtəlif rakurslardan şəklini çəkmişdir. Halbuki aşkar görünür ki, çox şəkillər eyni panellərin şəklidir). Şəkillərdən aşkar görünür ki, hər bir qüsurun eni maksimum 30-40 sm təşkil edir, bu 50 sm kimi də qəbul edilə bilər. Sendviç panelin eni 100 sm olduğuna görə də, qüsurların uzunluğu 100 sm kimi qəbul edilə bilər. Deməli, hər qüsurun kvadratla ölçüsü: 0,50 m x 1,00 m = 0,50 kv.m. təşkil edir. Qüsurlu yerlərin sayını nəzərə alaraq, ümumi qüsurlu sahə 0,50 kv.m. x 25 nöqtə = 12,50 kv.m. təşkil edir. Bu sahə 20,00 kv.m. kimi də qəbul edilə bilər. Rəngsazın bazarda olan şpaklyovka və boyama üçün işçilik haqqı 10-30 manat təşkil edir. Bu haqq 30 manat qəbul edilə bilər. Hətta, rəngsaz şpaklyovka və boyamanı iki qat edibsə, onu 60,00 manat da qəbul etmək olar. Deməli, qüsurlu sahənin şpaklyovkası və boyaması 60,00 manat x 20,00 kv.m. = 1200 manat təşkil edir. Iddiaçı rəyi tərtib etmiş mütəxəssisə təqdim etdiyi qaimələrdə göstərilən həcmdə şpaklyovka və boya sərf etməsə də, qaimələrdə qeyd olunan şpaklyovka və boyanın dəyərini də qəbul edir. Qaimələr üzrə ümumi dəyər 5320,00 manat təşkil edir. Internet məkanında azərbaycan dilində hər hansı normativ olmadığından, https://files.stroyinf.ru/Data2/1/4293735/4293735485.pdf linki üzrə rus dilində olan “Tikintidə vahid vaxt və qiymət normaları. Məcmuə №*. Tamamlama işləri” (keçmiş SSRI dövründən qalma) normativlərindən müəyyən olunur ki, 20,00 kv.m. sahənin ikiqat şpaklyovkalanması və boyanması üçün xalis iş vaxtı 10-16 adam-saat təşkil edir. Bunu 16 adam-saat qəbul edir. Işlərin 1 nəfər tərəfindən görülməsini və iş günü 8 saat qəbul edilsə, deməli bu qüsurlu sahənin şpaklyovkalanması və boyanması üçün 2 iş günü sərf olunmuşdur. Tikinti normalarına əsasən quruma üçün ümumi vaxt 3-5 gün təşkil edir. Yəni, işlərin tam görülməsi üçün 7 iş günü kifayət olardı. Bunu 10 iş günü kimi qəbul edirlər.

52. Iddiaçı tərəfindən təqdim edilmiş xidmət müqaviləsinə əsasən (2023-cü il ## #### tarixli, **/**/*** nömrəli, f/ş X1) 1 avtosəbətin gündəlik işçilik qiyməti 230,00 manat təşkil edir. Əgər həmin avtosəbət qüsurların aradan qaldırılması üçün 10 iş günü işləyibsə, deməli avtosəbətə çəkilmiş xərclər 230,00 manat x 10 iş günü = 2300,00 manat təşkil etməli idi. Deməli, qüsurlu sahənin ümumi şpaklyovkası və rənglənməsi üçün çəkilən xərc 1200,00 + 5320,00 + 2300,00=8820,00 manat təşkil edə bilərdi. Təmir-tikinti işlərində 10-20% nəzərdə tutulmamış xərclər də olur ki, burada 20% nəzərdə tutulmamış xərclərin olduğunu qəbul edirlər. Deməli, maksimum halda ümumi xərclər 10584 manat ≈ 10600 manat təşkil edə bilərdi. Ola bilər ki, qüsurlu sahədə, işçiliyin qiymətində və s. tərəflərindən yanlışlığa yol verilsin və ümumi xərclər 10600 manat deyil, 15000 və ya 20000 manat təşkil etsin. Lakin, qiymətləndirmə məhz həmin metodologiya üzrə aparılmalı idi ki, mütəxəssis öz rəyində qiymətləndirməni belə aparmamışdır. Mütəxəssis qiymətləndirməni bu metodologiya ilə aparsaydı, dəymiş ziyan heç bir halda 66000 manat təşkil edə bilməzdi.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

53. Kassasiya şikayətinə qarşı etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh təşkilatın satdığı üzlük panellərin istehsal qüsurlarının müəyyən edilməsi üçün “xxxx” MMC-yə müraciət etmişlər. Həmin MMC-nin 2023-cü il ## ##### tarixli ** nömrəli Rəyinə əsasən qüsurların istehsal qüsurları olması müəyyən edilmişdir. Lakin məhkəmə prosesi zamanı məhkəmənin təşəbbüsü ilə ekspertizanın təyin edilməsi və ekspertizanın keçirilməsinin “xxxx” MMC-yə həvalə edilməsinə dair qərardad çıxarılmışdır. Qərardadın icrası ilə əlaqədar olaraq məhkəmənin tapşırığına uyğun şəkildə eksperti Zəngilan rayonunda inşa etdikləri iki X5na aparmşdır. X10 və o Zəngilan rayonuna getməzdən əvvəl Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin müvafiq elektron portalı vasitəsi ilə əvvəlcədən icazə alaraq işğaldan azad edilən əraziyə daxil olmuçlar. Bakı Apellyasiya Məhkəməsində icraat zamanı cavabdeh təşkilatın əsas istinadı ekspertin həmin əraziyə getmədən rəy verməsi olmuşdur. Onların təqdim etdiyi vəkil sorğusuna Prezidentin Xüsusi Nümayəndəliyi tərəfindən cavab verilərək göstərilən şəxslərin Zəngilan rayonunda olub-olmamalarına dair “işğaldan azad olunmuş ərazilərə buraxılış” informasiya sistemində malumat olmadığı bildirilmişdir. Işğaldan azad edilən ərazilərə icazə barədə məlumatlar olsa da giriş-çıxışların reyestri heç bir təşkilat tərəfindən aparılmır. Əraziyə daxil olan zaman hər hansı bir qeydlər aparılmır, yalnız icazənin olması yoxlanılır. Odur ki, icazə alan şəxslərin həmin ərazilərə daxil olub-olmamasına dair reyestr məlumatları mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinə vəkil sorğusu ilə müraciət edərək bu məlumatın verilməsini xahiş etmişlər, 2025-ci il ## ###### tarixli, *- *****/*-*****/**** nömrəli məktuba əsasən bu məlumatın təqdim olunmasının texniki imkanları xaricində olması bildirilmişdir. Bu barədə birinci instansiya məhkəməsində də yoxlama aparılmış və birbaşa hakimin özünün şəxslərin telefonlarındakı icazə buraxılışlarına baxış keçirilən zaman X. Isgəndərovun və qanuni nümayəndə1 icazələrinin olması müəyyən edilmişdir. Lakin cavabdeh təşkilatın təşəbbüsü ilə “xxxx” MMC-nin təqdim etdiyi 2025-ci il ## ### tarixli ***/**-** nömrəli rəyini imzalayan ekspertin Zəngilan rayonuna getmədiyi, başqa şəxslərin guya ora gedərək şəkillər çəkib ona göndərdiyi və həmin şəkillər əsasında rəy yazdığı müəyyən edilmişdir. Təqdim edilən rəylərdə əlavə edilən fotoşəkillərdən də hansı rəyin yerində müayinə edilməklə verildiyi aydın görsənir. Məhkəmə Ekspertizası Mərkəzi MMC-nin eksperti X.Isgəndərov Zəngilan rayonundakı hər iki obyektdən CPS siqnalı vasitəsi ilə obyektin yerini və kordinatlarını müəyyən edərək rəyə əlavə etmişdir. Rəyin 12-ci səhifəsində hər iki obyektin CPS görüntüləri qeyd edilir. Bunlardan başqa hər iki X5r tərəfindən inşa edildiyi üçün həmin obyektlərə Ekspertin baxış keçirməsi üçün ərazidə olan iddiaçının direktoru X12 ilə telefon əlaqəsi yaradaraq icazə aldıqdan sonra icazə verilmişdir. Hər iki obyektdə starteji dövlət obyekti olduğu üçün istənilən şəxsin ora gedərək şəkil çəkməsi və ya müayinə aparması qeyri-mümkündür. Bunlardan başqa cavabdeh təşkilat ekspertiza aparan ekspertin ixtisasının olmamasına dəfələrlə istinad etsə də onlar tərəfindən verilən ekspert rəylərini tərtib edən ekspertlərin ixtisaslarının sendviç panel üzrə ixtisaslaşmasını təsdiq edən sənədləri təqdim etmirlər. Ümumiyyətlə isə bu mümkün olmayan bir iddiadır. Belə ki, hər bir inşaat materialının özünə aid olan ekspert olması fikri absurddur. Tikinti sahəsində ekspert kimi fəaliyyət göstərən ekspertlərin ixtisasları dövlət tərəfindən müəyyən edilir. Bu şəxslər inşaat sahəsində bütün hallara dair rəy vermək qabiliyyət və bacarığında olan şəxslərdir. Həmçinin, mübahisəsi gedən sendviç panellərin bir hissəsində olan qüsurların daşınma yoxsa istehsal qüsuru olmasını adi adamlar da müəyyən edə bilərlər. Heç bir materialda daşınmaya görə qabarma ola bilməz. Fotoşəkillərdən də görünür ki, bir çox hallarda materialın tam ortasında qabarma var. Əgər daşınma xətasıdırsa da belə bunun da günahı cavabdeh təşkilatdadır. Çünki malların yüklənməsi onlar tərəfindən həyata keçirilib. Yükləməni təşkil edən cavabdeh təşkilatın yükləməsi hansı formada olubsa eyni şəkildə də boşaldılıb. Cavabdeh kassasiya şikayətini əsasən X.Isgəndərovun ixtisasının olub-olmaması məsələsinə həsr edərək qətnamənin də bu səbəbə görə qanunsuz olmasını iddia edir. Halbuki, işin müəyyən edilən hallarından da göründüyü kimi Məhkəmə Ekspertizası Mərkəzi MMC-nin ekspertinin ixtisas və səlahiyyəti hər iki məhkəmə tərəfindən dəqiq müəyyən edilmişdir. Bundan başqa, sendviç panellərin qüsurunun müəyyən edilməsi tikinti-texniki ekspertizasının həll etdiyi məsələ deyildir. Sual olunur ki, bəs sendiviç panellərdə yaranan bu qüsurları texniki ekspert müəyyən etmirsə kim müəyyən etməlidir. Qətnamənin qanuni və əsaslı olmasını təkzib edən heç bir tutarlı əsas olmadığını yaxşı bilən cavabdeh təşkilat məhkəmənin əsas istinad etdiyi rəyi verən ekspertin ixtisasını və Zəngilan rayonuna gedib-getməməsini mübahisələndirir.

Kassasiya baxışının hədləri

54. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq bütövlükdə yoxlanılacaqdır.

55. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

Tətbiq edilən hüquq

56. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında nəzərdə tutulmuşdur:

“Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.”

“Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. ...”

“Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. ...”

“Maddə 567. Alqı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.”

“Maddə 581. Əşyaların keyfiyyəti

581.1. Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. 581.2. Alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. 581.3. Əşyanı nümunəyə və (və ya) təsvirə əsasən satarkən, satıcı alıcıya nümunəyə və (və ya) təsvirə uyğun gələn əşya verməyə borcludur. 581.4. Satılan əşyanın keyfiyyəti barəsində məcburi tələblər olduqda, sahibkarlıq fəaliyyəti ilə məşğul olan satıcı alıcıya həmin məcburi tələblərə uyğun gələn əşya verməyə borcludur. Tərəflər arasında razılaşmaya əsasən satıcı keyfiyyət üçün müəyyənləşdirilmiş məcburi tələblərə nisbətən daha yüksək tələblərə uyğun gələn əşya verə bilər.”

“Maddə 587. Lazımi keyfiyyətli olmayan əşyanın verilməsinin nəticələri

587.1. Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. 587.3. Bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilmiş qüsurların aradan qaldırılması və ya əşyanın əvəz edilməsi tələbini alıcı, əgər əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, irəli sürə bilər. 587.4. Komplektə daxil olan əşya hissələri lazımi keyfiyyətli olmadıqda alıcı əşyanın həmin hissəsi barədə bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində nəzərdə tutulan hüquqları həyata keçirə bilər. ...”

“Maddə 588. Satıcının cavabdeh olduğu qüsurlar 588.1. Əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. 588.2. Satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin.”

“Maddə 598. Alınmış əşyanın ödənilməsi 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. ... 598.3. Əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. ...” “Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi

600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. .. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.”

57. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...”

“Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...” “Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”

Kassasiya instansiya məhkəməsinin mövqeyi

58. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab etmir.

59. Belə ki, əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir (MM-in 588.1-ci maddəsi, § 56). Satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin (MM-in 588.2-ci maddəsi, § 56).

60. Göründüyü kimi, satıcının satılan malın qüsurlarının mövcud olmadığını sübutetmə vəzifəsi yalnız o zaman yaranır ki, satıcı həmin mala görə keyfiyyət qarantiyası vermiş olsun.

61. Hazırkı halda isə satıcının (cavabdehin) iddiaçıya satdığı mala görə keyfiyyət qarantiyası verməsi işə baxan məhkəmələr tərəfindən müəyyən edilməmişdir.

62. Işə mahiyyəti üzrə baxılarkən, sendviç panellərdə qüsurların əmələ gəlmə səbəblərinin istehsal xarakterli olması, yəni qüsurların panellər iddiaçıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyi müəyyən edildiyindən, həmin qüsurlara görə məsuliyyətin cavabdehə aid olması, iddiaçının əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olması ilə barədə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, gəlinən nəticə MM-in 567, 581, 587 və 588-ci, eləcə də MPM-in 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə uyğun olmuşdur.

63. Zərərin məbləğinin düzgün müəyyən edilməməsi ilə bağlı kassasiya dəlillərinə gəldikdə, Kollegiya nəzərə alır ki, qüsurların aradan qaldırılması üçün çəkilmiş xərclərin həcmi ekspertiza yolu ilə müəyyən edilmiş, cavabdeh isə həmin hesablamaları təkzib edən hər hansı mötəbər sübutları işin faktiki hallarına və sübutlara qiymət vermək səlahiyyətinə malik olan məhkəmələrə təqdim etməmişdir.

64. Məhkəmə kollegiyası kassasiya şikayətinin işin faktiki hallarına əsaslanan dəlillərinə münasibətdə vurğulayır ki, apellyasiya instansiyası məhkəməsindən fərqli olaraq, hazırkı icraat çərçivəsində məhkəmənin həmin dəlillər üzrə MPM-nin 407.2-ci maddəsinin tələblərinə əsasən araşdırma aparılmır və onlara qiymət verilmir. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşır.

65. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

66. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara alır:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli *- *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar