Məhkəmə qərarları › İş №2-2(1-8)-160/2026

Ali Məhkəmə Qərar — İş №2-2(1-8)-160/2026

11.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-160/2026 11.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının Iddiaçı xxxx MMC-nin cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər Idarəsinə qarşı (Naxçıvan MR Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə QƏRARİ Açar sözlər: borcun ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı xxxx MMC-nin cavabdeh Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kommersiya işi üzrə Naxçıvan MR Ali Məhkəməsi Kommersiya Kollegiyasının *-*(***)- **/**** nömrəli 2025-ci il # ###### tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları

1. “xxxx” MMC tərəfindən Cavabdeh üçün yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin dəyəri 2022-ci il ## ######## tarixli, EBCG seriyalı, ****** nömrəli elektron qaimə-fakturaya əsasən 871778,30 manat məbləğində, 2022-ci il ## ####### tarixli, EBCI seriyalı, ****** nömrəli elektron qaimə-fakturaya görə isə 530123,86 manat məbləğindədir.

2. 2023-cü il ## #### tarixli üzləşmə aktından görünür ki, bu üzləşmə aktı bir tərəfdən Cavabdeh mühasibi nümayəndə3 və digər tərəfdən “xxxx” MMC-nin mühasibi (nümayəndəsi) arasında bağlanmış, nəticədə, tərəflər 2023-cü il # #### tarixinə Cavabdeh “xxxx” MMC-yə borcunun ƏDV-li məbləğinin 246377,31 manat, “xxxx” MMCnin isə Cavabdeh olan borcunun ƏDV-li məbləğinin 84991,21 manat məbləğində olduğunu imzaları ilə təsdiq etmişlər.

Iş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

3. xxxx MMC (bundan sonra – “iddiaçı”) Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mal material haqqına görə yaranmış 246377,31 manat əsas borc məbləğinin və 345 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçının hesabına köçürülməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Iddia tələbi belə əsaslandırılmışdır ki, müqaviləyə əsasən iddiaçı sifarişçini mal- 4. materialla təmin edir, sifarişçi isə həmin xidmətləri qəbul edir və razılaşdırılmış qaydada mal-material haqqı ödəyir. Lakin cavabdeh tərəfindən razılaşma üzrə yaranmış öhdəliklər yerinə yetirilməmiş, mal-material haqqı tam şəkildə ödənməmiş və bunun nəticəsində 2023-cü il ## #### tarixinə 246377,31 məbləğində borc yaranmışdır. Dəfələrlə məktubla pretenziya qaydasında müraciət olunmasına baxmayaraq cavabdeh təşkilat tərəfindən heç bir cavab verilməmişdir. Borc tərəflər arasında tərtib olunmuş qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktı ilə təsdiq olunmuşdur.

5. Cavabdeh iddiaya etiraz ünvanlayaraq, cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçıya ziyan vurulması faktının iş üzrə materiallarla təsdiq olunmadığını, belə ki, iddiaçı tərəfindən iddia edilən borcun yaranmasında cavabdeh qismində göstərilən idarənin mülki hüquq pozuntusuna görə məsuliyyətinin yaranmasını müəyyən edən maddi hüquq normalarının müəyyən edilmədiyini, həmin borcun yaranmasının idarənin hərəkət və hərəkətsizliyi nəticəsində yox, qanunvericiliyə uyğun olaraq yuxarı dövlət orqanının, o cümlədən Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları əsasında müəyyən edilən hüquqmüəyyənedici normaların icrasının təmin edilməsi ilə, yəni iddiaçıya da məlum olduğu kimi (və ya məlum olmalıydı) həmin qərarlar əsasında 2018-ci ildən, sənədlə müəyyən edilən siyahıya əsasən göstərilən tikinti obyektlərinin ƏDV-dən azad edilməsi olduğunu və bu əsasda iddiaçının qeyd etdiyi malların alınması üçün idarəyə ayrılan dövlət vəsaitində malların qiymətinin ƏDV-dən azad edilməklə ödənildiyini, həmin vəsaitlərin də eyni maliyyə sənədləri əsasında borcalana, iddiaçıya ödənildiyini, iddia edilən borcun yaranması səbəbinin isə iddiaçı tərəfindən satılan malların qiymətinin ƏDV-dən azad edilməklə hesablanması olduğunu nəzərə alaraq, iddianın təmin edilməməsini xahiş etmişdir.

6. Cavabdehin nümayəndəsi nümayəndə3 tərəfindən 2025-ci il ## ###### tarixdə məhkəməyə təqdim edilmiş Cavabdeh 2018-2022-ci illər üzrə ƏDV-dən azad olan obyektlərin adlı siyahısından görünür ki, Cavabdeh 2022-ci il üzrə Naxçıvan şəhər küçələrində təmir işlərinə görə cəmi ödəməli olduğu məbləğ 3411929.00 manat, ƏDV-dən azad olunan məbləğ 11007.00 manat təşkil edir ki, həmin siyahı Cavabdeh rəisi S.M.Rüstəmov tərəfindən imzalanmışdır.

7. Həmçinin cavabdehin nümayəndəsi nümayəndə3 tərəfindən məhkəməyə təqdim olunmuş Naxçıvan MR Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## #### tarixli, **s saylı; 2022-ci il ## ##### tarixli, **s saylı; 2022-ci il ## ### tarixli, **s saylı; 2022-ci il ## #### tarixli, **s saylı; 2022-ci il ## #### tarixli, **s saylı; 2022-ci il ## ###### tarixli, ***s saylı və 2022-ci il ## ######## tarixli, ***s saylı sərəncamlarından görünür ki, müvafiq işlərə görə Cavabdeh tərəfindən müəyyən məbləğlər ödənilməlidir.

8. Cavabdehin nümayəndəsi 2025-ci il ## ###### tarixdə keçirilən məhkəmə iclasında əslində qarşı tərəfə 161000 manat borcları olduğunu, onlara 246377,31 manat borclarının olduğunu, qarşı tərəfin də onlara 84991,21 manat borcunun olduğunu qəbul etdiyini, iddiaçı tərəfindən müvafiq xidmətlərin göstərildiyini, 2025-ci il ## #### tarixdə keçirilən məhkəmə iclasında isə aralarında betonların və digər avadanlıqların verilməsinin 2021-2022-ci illərdə olduğunu, 2023-cü ildə də üzləşmə aktı yazıldığını, Naxçıvan şəhərinin küçələrində görülmüş təmir işlərində betondan istifadə edildiyini, bardurların altına töküldüyünü bildirmişdir.

9. Iddiaçı tərəfindən 2025-ci il ## #### tarixdə barışıq sazişi təqdim olunmuş, həmin barışıq sazişi əsasında Naxçıvan MR Kommersiya Məhkəməsinin 2025-ci il ## #### tarixli, e-*-*(***)-**/**** nömrəli qərardadı ilə 2025-ci il ## #### tarixli “Barışıq sazişi”nin aşağıda göstərilmiş mətin mövzusunda təsdiq edilməsi, bu Sazişin mövzusunu Cavabdeh ilə “xxxx” MMC arasında 2023-cü il ## #### tarixinə olan borc üzləşmə aktında Cavabdeh xxxx MMC-yə 246377.31 manat borcu olmaqla, “xxxx” MMC-nin Cavabdeh olan 84991.21 manat borcundan azaldılaraq, yerdə qalan cəmi 161386.10 manatın olmasının təsdiq edilməsi, sözügedən barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildiyindən, borcun ödənilməsi tələbi barədə kommersiya mübahisəsinə dair işə üzrə icraata xitam verilməsi qərara alınmışdır.

10. Naxçıvan MR Ali Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## #### tarixli, 2- *(***)-**/**** saylı qərardadı ilə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 2025-ci il ## #### tarixli, e-*-*(***)-**/**** nömrəli qərardadı ləğv edilərək, “borcun ödənilməsi” tələbi barədə kommersiya mübahisəsinə dair işin mahiyyəti üzrə baxılmasının davam etdirilməsi üçün Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

11. Naxçıvan MR Kommersiya Məhkəməsinin 2025-ci il # ######## tarixli e-*-*(***)- **/**** nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehdən 246377,31 manat və ödənilmiş 191.6 manat və 344.78 manat məbləğində dövlət rüsumlarının alınaraq iddiaçıya ödənilməsi, qət edilmişdir (hakim – E.Salmanov).

12. Məhkəmə göstərmişdir ki, borclunun üzləşmə aktını imzalamaqla yazılı şəkildə borcunun 246377,31 manat məbləğində təşkil etməsini təsdiq etməsi borcun etiraf edilməsi kimi qiymətləndirilməlidir. Cavabdeh tərəfin izahından da aydın olur ki, müəyyən olunmuş tikinti və digər ləvazimatların Cavabdeh təhvil verilməsi işin mübahisəsiz halı olaraq müəyyən edilmiş, tərəflər arasında iddia edilən münasibətlərin yaranması iş materiallarına əlavə edilmiş elektron qaimələrlə təsdiq olunmuş, nəticədə təhvil verilmiş malların dəyərinin ödənilməsi öhdəliyi icra edilmədiyindən borc məbləği yaranmışdır.

13. Cavabdehin tələbinin əsası kimi istinad etdiyi sərəncamlara münasibətdə məhkəmə qeyd etmişdir ki, həmin sərəncamlar Cavabdeh tərəfindən müvafiq işlərə görə ödənilməli olan məbləğləri müəyyən etdiyindən və ƏDV-dən azad olunma ilə bağlı hər hansı bir halı ehtiva etmədiyindən məhkəmə tərəfindən sübut qismində qiymətləndirilməməkdədir. Bununla yanaşı cavabdeh tərəfindən etirazının əsası kimi istinad etdiyi 2018-2022-ci illər üzrə ƏDV-dən azad olan obyektlərin adlı siyahısına münasibətdə məhkəmə bildirmişdir ki, həmin siyahı cavabdehin mənafeyi naminə çıxış edən S.M.Rüstəmov tərəfindən imzalanmaqla heç bir sübut əhəmiyyəti daşımamaqdadır.

14. Məhkəmə cavabdeh tərəf iddia etdiyi tələbi üzrə qarşılıqlı iddia vermədiyindən borc məbləğinin iddiaçının cavabdehə olan 84991.21 manat borcunun da nəzərə alınaraq 161386.10 manat məbləğinə azaldılması barədə məsələyə toxunulmaması qənaətindədir.

15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 60.1, 71.1, Mülki Prosessual Məcəllənin ( bundan sonra – “MPM”) 9.1, 9.3, 14.2, 76.1, 76.2, 77.1, 106.1, 106.3, 107, 108, 119.1, 217.5-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

16. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Naxçıvan MR Ali Məhkəməsi Kommersiya Kollegiyasının 2025-ci il 1 dekabr tarixli *-*(***)-**/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır (hakimlər: V.Kuimova – sədrlik edən və məruzəçi, S.Qarayev və S.Bəylərli).

18. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq göstərmişdir ki, borclunun üzləşmə aktını imzalamaqla yazılı şəkildə borcunun 246377,31 manat məbləğində təşkil etməsini təsdiq etməsi borcun etiraf edilməsi kimi qiymətləndirilməlidir. Cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

19. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 60.1, 71.1, MPM-nin 9.1, 9.3, 14.2, 76.1, 76.2, 77.1, 106.1, 106.3, 107, 108, 119.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

20. Qətnamədən cavabdeh kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

21. MM-in 6.1, 1096, 1097-ci maddələri üzrə - iddiaçı tərəfindən iddia edilən borcun yaranmasında cavabdeh qismində göstərilən idarənin mülki hüquq pozuntusuna görə məsuliyyətinin yaranmasını müəyyən edən maddi hüquq normaları müəyyən edilmir. Həmin borcun yaranması idarənin hərəkət və hərəkətsizliyi nəticəsində yox qanunvericiliyə uyğun olaraq yuxarı dövlət orqanının, o cümlədən Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları əsasında müəyyən edilən hüquqmüəyyənedici normaların icrasının təmin edilməsi ilə, yəni iddiaçıya da məlum olduğu kimi (və ya məlum olmalıydı) həmin qərarlar əsasında 2018-ci ildən, sənədlə müəyyən edilən siyahıya əsasən göstərilən tikinti obyektlərinin ƏDV-dən azad edilməsi olmuş və bu əsasda iddiaçının qeyd etdiyi malların alınması üçün idarəyə ayrılan dövlət vəsaitində malların qiyməti ƏDV-dən azad edilməklə ödənilmişdir ki, həmin vəsaitlər də eyni maliyyə sənədləri əsasında borcalana, iddiaçıya ödənilmişdir. Iddia edilən borcun yaranması səbəbi isə iddiaçı tərəfindən satılan malların qiymətinin ƏDV-dən azad edilməməklə hesablanması olmuşdur. Məhkəmənin üzləşmə aktının mövcud olmasını müqavilənin şifahi bağlanılması kimi qiymətləndirməsi hissəsi ilə də qəti şəkildə razılaşmırıq. Belə ki hər iki tərəf (mübahisə tərəfi) hüquqi şəxsdir və hər bir halda hər iki hüquqi şəxs arasında mütləq şəkildə yazılı müqavilə bağlanılmalı və eyni zamanda tərəflərin imza və möhürləri ilə təsdiq edilməli idi. Hazırki işdə isə belə bir müqavilə mövcud deyildir.

22. Vergi Məcəlləsinin 153, 154-cü maddələri üzrə - işə baxan apellyasiya instansiya məhkəməsi ticari münasibətlərdə olan iddiaçı təşkilat ilə cavabdeh təşkilat arasındakı münasibətlərə Vergi Məcəlləsi baxımından düzgün hüquqi qiymət verməmiş, qətnamədə yalnız müvafiq Məcəllədə nəzərdə tutulmuş ƏDV–nin hüquqi anlayışını verməklə kifayətlənmişdir. Məhkəməyə dəvət olunmuş vergi qurumunun nümayəndəsi də məsələyə düzgün rəy verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Kassasiya baxışının hədləri

24. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

25. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

Tətbiq edilən hüquq

26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin məqsəd və vəzifələri 1.1. Bu Məcəllənin məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etməkdir. 1.2. Bu Məcəllənin vəzifələri aşağıdakılardır: mülki hüquq subyektlərinin əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləmək; mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək; fiziki şəxslərin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu, şəxsi və ailə həyatının, şəxsi toxunulmazlığının müdafiəsi hüququnu qorumaq; mülki dövriyyəni təmin etmək; sahibkarlıq fəaliyyətini dəstəkləmək; sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmaq.”

“Maddə 5. Mülki hüquq münasibətlərinin subyektləri 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.”

“Maddə 16. Mülki hüquqların həyata keçirilməsinin məhdudlaşdırılması 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.”

“Maddə 329. Əqdlərin formaları 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.”

“Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. ... 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.”

“Maddə 390. Müqavilə azadlığı ... 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir.”

“Maddə 404-1. Dövlət satınalmaları müqaviləsi Dövlət satınalmaları müqaviləsinə dair münasibətlər Azərbaycan Respublikasının dövlət satınalmaları haqqında qanunvericiliyinə uyğun tənzimlənir.”

“Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.”

“Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.”

“Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir.”

27. 2024-cü il ######ın #-dək qüvvədə olan “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 1. Qanunun tətbiq dairəsi 1.1. Bu Qanun, bu Qanunun 1.2-1.7-ci maddələrinin müddəaları nəzərə alınmaqla, Azərbaycan Respublikasında dövlət müəssisə və təşkilatları (idarələri), nizamnamə fondunda dövlətin payı 30 faiz və daha çox olan müəssisə və təşkilatlar tərəfindən malların (işlərin və xidmətlərin) dövlət vəsaitləri, dövlətin aldığı və dövlət zəmanəti ilə alınmış kreditlər və qrantlar hesabına satın alınmasına şamil edilir. ...”

“Maddə 2. Əsas anlayışlar Bu Qanunda istifadə olunan anlayışların mənası aşağıdakılardır: satınalma müqaviləsi - satınalan təşkilatla tender qalibi (qalibləri) arasında bağlanan və malların (işlərin və xidmətlərin) satın alınması ilə əlaqədar tərəflərin öhdəliklərini müəyyənləşdirən sənəd; ...”

“Maddə 16. Satınalma metodları 16.1. Azərbaycan Respublikasında malların (işlərin və xidmətlərin) dövlət satınalmaları bu Qanunun 17-21-ci maddələrində qeyd olunan tətbiq şərtlərindən asılı olaraq açıq tender, ikimərhələli tender, məhdud iştiraklı və qapalı tender, təkliflər sorğusu, kotirovka sorğusu və bir mənbədən satınalma metodları ilə həyata keçirilir. Bu Qanunun 50-1-ci maddəsində nəzərdə tutulan halda dövlət satınalmaları açıq tender və ya kotirovka sorğusu metodları tətbiq edilməklə elektron satınalma vasitəsilə həyata keçirilir. ...”

28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...”

“Maddə 76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. ...”

“Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...”

“Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”

““Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. ...”

“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”

Kassasiya instansiya məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin qətnaməsi ləğv olunmaqla iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır.

30. Belə ki, iddianın əsasını tərəflər arasında şifahi bağlanması iddia edilən müqavilə və həmin müqavilənin cavabdeh tərəfindən icra olunmamasından ibarət hüquqi faktlar təşkil edir.

31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il # ##### tarixli Qərarında nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. Iddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir.

32. Bu baxımdan kollegiya qeyd edir ki, ilk olaraq iddiaçının əsaslandığı müqavilənin etibarlılığına qiymət verilməlidir.

33. Hazırkı işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçı kommersiya hüquqi şəxsi, cavabdeh isə dövlət orqanıdır və o, həmin müqavilə üzrə dövlət vəsaiti hesabına mal-materialın alıcısı qismində çıxış etmişdir.

34. Bu baxımdan, kollegiya qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanan müqavilə hüquqi mahiyyətinə görə dövlət satınalmaları müqaviləsi kimi qiymətləndirilməlidir və həmin münasibətlərə MM-in 404-1-ci maddəsinə uyğun olaraq “Dövlət satınalmaları haqqında” Qanunun tələbləri əsasında qiymət verilməlidir.

35. Eyni zamanda, tərəflər arasında hüquq münasibətləri 2022-ci ildə yarandığı üçün MPM-in 217.2-ci maddəsinə əsasən hazırkı mübahisə üzrə 2024-cü il ######ın #dək qüvvədə olan “Dövlət satınalmaları haqqında” Qanunun tətbiq edilməlidir.

36. Həmin Qanun Azərbaycan Respublikasında dövlət satınalmalarının iqtisadi, hüquqi və təşkilati əsaslarını müəyyənləşdirir, satınalmalar zamanı dövlət vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsi, müsabiqə və aşkarlıq əsasında bütün malgöndərənlərə (podratçılara) bərabər rəqabət mühiti yaradılması prinsipləri və qaydalarını müəyyən edir.

37. Qeyd olunan Qanun, həmin Qanunun 1.2-1.7-ci maddələrinin müddəaları nəzərə alınmaqla, Azərbaycan Respublikasında dövlət müəssisə və təşkilatları (idarələri), nizamnamə fondunda dövlətin payı 30 faiz və daha çox olan müəssisə və təşkilatlar tərəfindən malların (işlərin və xidmətlərin) dövlət vəsaitləri, dövlətin aldığı və dövlət zəmanəti ilə alınmış kreditlər və qrantlar hesabına satın alınmasına şamil edilir (maddə 1.1).

38. Sözügedən Qanunda satınalma metodu (açıq tender, ikimərhələli tender, qapalı tender, kotirovka sorğusu və bir mənbədən satınalma metodu) və onların keçirilməsi qaydası, satınalma müqaviləsinin yazılı forması (satınalan təşkilatla tender qalibi (qalibləri) arasında bağlanan və malların (işlərin və xidmətlərin) satın alınması ilə əlaqədar tərəflərin öhdəliklərini müəyyənləşdirən sənəd) və onun bağlanması qaydası müəyyən edilmişdir.

39. MM-in 390.2-ci maddəsində isə təsbit edilmişdir ki, müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir.

40. Lakin hazırkı iş üzrə tərəflər arasında bağlanmış müqavilə qanunvericiliklə imperativ qaydada nəzərdə tutulmuş dövlət satınalmaları prosedurlarına riayət edilmədən, müsabiqə və ya digər seçim mexanizmləri keçirilmədən şifahi formada bağlanmışdır.

41. Kollegiya hesab edir ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun təsiri altına düşən, lakin həmin Qanunda müəyyən edilən qaydalara əməl edilmədən bağlanan müqavilə MM-in 329.1 və 337.1-ci maddələrinə əsasən etibarsız əqd kimi qiymətləndirilməlidir.

42. MM-in 337.4-cü maddəsinin tələblərinə görə isə etibarsız əqd hüquqi nəticələrə səbəb olmur və bu cür əqd bağlandığı andan etibarsızdır.

43. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçının həmin şifahi müqaviləyə əsaslanmaqla irəli sürdüyü iddia tələbləri hüquqi cəhətdən əsassızdır.

44. Bununla yanaşı nəzərə alınmalıdır ki, məhkəmə tərəflərin istinad etdiyi hüquqi əsaslardan asılı deyil və ona görə də, iddia tələblərinin mümkün olan bütün qanuni əsaslarını yoxlamalıdır.

45. Bu baxımdan kollegiya qeyd edir ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun təsiri altına düşən, lakin həmin Qanunda müəyyən edilən qaydalara əməl edilmədən bağlanan müqavilələrə əsasən iddia irəli sürüldüyü hallarda həmin müqavilələrin tam və ya qismən icra olunub-olunmaması araşdırılmalı, belə icra olunma müəyyən olunduğu hallarda isə iddia tələblərinin mümkün olan qanuni əsasları üzrə hüquqi dəyərləndirmə aparılmalıdır.

46. Belə dəyərləndirmə zamanı nəzərə alınmalıdır ki, hazırkı mübahisə üzrə müqavilədən irəli gələn tələblər istisna edildiyi üçün, iddia tələblərinin qanundan irəli digər əsasları, yəni əşya hüququ, deliktlər, özgə işlərinin tapşırıqsız aparma və əsassız varlanmadan irəli gələn tələblər üzrə yoxlama aparılmalıdır.

47. Kollegiya qeyd edir ki, tərəflər arasında olan hüquq münasibətləri mülki hüquqda təsbit edilən əşya hüququ, deliktlər və özgə işlərinin tapşırıqsız aparma ilə bağlı münasibətlərin mahiyyətinə və onlara aid MM-in müvafiq maddələrinin (“Əmlak və əşya hüququ” adlı üçüncü bölmədə olan maddələr, “Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər” adlı doqquzuncu bölmədə olan maddələr və özgə işlərini tapşırıqsız aparma ilə bağlı 1087-1090-cı maddələr) nizamlama qaydalarına uyğun olmadığına görə qanunvericiliyin həmin əsaslara aid müddəaları hazırkı iş üzrə iddia tələblərinin qanuni əsası kimi çıxış edə bilməz.

48. Əsassız varlanmadan irəli gələn tələblər üzrə isə qeyd olunur ki, belə iddia tələblərinin qanuni əsasını MM-in 1092.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

49. Qeyd olunan maddədə göstərilən “varlanmış şəxs” və “mərhum olan” anlayışları isə MM-in 1091-ci maddəsində göstərilmişdir. Həmin maddənin tələblərinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (maddə 1091.1). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (maddə 1091.2).

50. Beləliklə, “Dövlət satınalmaları haqqında” Qanunda müəyyən edilən qaydalara əməl edilmədən bağlanan müqavilələr tam və ya qismən icra olunduğu hallarda kimin məhrum olan və kimin varlanmış şəxs olmasına qiymət verilməlidir.

51. Belə qiymətləndirmə zamanı dövlət orqanının varlanmış şəxs, digər tərəfin mərhum olan olması müəyyən edildikdə isə aşağıdakılar nəzərə alınmalıdır.

52. Sübuta ehtiyacı olmayan hal ondan ibarətdir ki, dövlət orqanları və onların vəzifəli şəxsləri “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərindən tam məlumatlıdırlar və aydın şəkildə dərk edirlər ki, müqavilələrin həmin Qanunda müəyyən edilən qaydalara əməl edilmədən bağlanılması qanunaziddir, müqavilələr isə özü-özlüyündə etibarsızdır və hər hansı hüquqi nəticələrə səbəb olmurlar.

53. Kommersiya fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin hərəkətlərinə isə aşağıdakılar nəzərə alınmaqla qiymət verilməlidir.

54. Kollegiya qeyd edir ki, MM-in 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasına vicdanlılıq prinsipi birbaşa göstərilməsə də, bu prinsip MM-in ayrı-ayrı normalarında mülki hüquqların həyata keçirilməsinin və müdafiəsinin hədlərini müəyyən edən qaydalarda nəzərdə tutulmuşdur (məsələn: MM-in 5.3, 16.1, 425-ci maddələri). Bu baxımdan, mülki qanunvericilik sistemində vicdanlılıq ümumi prinsip kimi mülki hüquq subyektləri üçün öz hüquq və vəzifələrini vicdanla yerinə yetirmək öhdəliyini nəzərdə tutur və istənilən mülki hüquq normasının tətbiqi zamanı bu prinsipin tələbləri nəzərə alınmalıdır.

55. “Vicdanlılıq” kimi qeyd olunan prinsip, əslində latınca “bona fides”, yəni yaxşı niyyəti ifadə edən anlayış qismində qəbul olunur. Hüquqi anlamda vicdanlılıq iki formada – subyektiv və obyektiv mənada qəbul edilir. Birincisi “qanunsuzluğu bilməmə”, ikincisi isə “dürüst davranma” formasında ifadə olunur.

56. “Dürüst davranma” hüquqi münasibətlərdə MM-in 425.1-ci maddəsində təsbit edilmiş qaydada davranışın həyata keçirilməsini ehtiva edir.

57. “Qanunsuzluğu bilməmə” isə şəxsin normal diqqət göstərdiyi halda belə qanunsuzluğu bilməməsini ifadə edir. Mülki hüquqda və məhkəmə təcrübəsində bununla bağlı şəxsin hərəkətlərinə “bilmirdi və bilə bilməzdi” və ya “bilmirdi və bilməli deyildi” ifadələrindən istifadə edilməklə qiymət verilir.

58. Mülki hüququn məhz vicdanlılıq prinsipi əsası götürülməklə MM-in 182 və 140cı maddələrində vicdanlı əldə etmə və ya 157.5-ci maddəsində vicdanlı və vicdansız sahiblik institutları müəyyən edilmişdir. Meyarlar kimi isə şəxsin qanunsuzluğu “bildiyi və ya bilməli olduğu”, “bilirmişsə və ya bilməli idisə” anlayışları müəyyən edilmişdir.

59. Qeyd olunanlara əsasən kollegiya qeyd edir ki, “Dövlət satınalmaları haqqında” Qanunda müəyyən edilən qaydalara əməl edilmədən bağlanan müqavilələr üzrə işi icra edən şəxslərin hərəkətlərinə vicdanlılıq prinsipi baxımından qiymət verilməlidir. Bu zaman həmin şəxslərin neçə müddət fəaliyyət göstərmələri, əvvəllər dövlət orqanları ilə müqavilə münasibətlərində olub-olmamaları, fiziki şəxsin özünün və ya işçisinin, habelə hüquqi şəxsin vəzifəli şəxsləri və əməkdaşlarının “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərindən məlumatlı olub-olmamaları və müqavilələrin həmin Qanunda müəyyən edilən qaydalara əməl edilmədən bağlanılmasının qanunazidd olmasının dərk edib-etməmələri nəzərə alınmalıdır.

60. Belə qiymətləndirmə nəticəsində onların vicdanlı hərəkət edib-etməmələri və məhz bu kriteriyadan asılı olaraq müqavilənin icrası ilə bağlı xərclərin (hazırkı halda təhvil verilmiş mal-materialın) dəyəri müəyyən edilməlidir.

61. Belə ki, həmin şəxslərin müqavilələrin qanunazidd olmasını bilmədikləri, bunu bilməyə imkanlarının olmadıqları və bu baxımdan vicdanlı hərəkət etmələri müəyyən edildikdə, onlara çəkilmiş xərclərin (hazırkı halda təhvil verilmiş mal-materialın) dəyəri orta bazar qiymətlərinə uyğun müəyyən edilərək dövlət orqanı tərəfindən ödənilməlidir.

62. Həmin şəxslərin qeyd olunan halları bildiyi və ya ən azı bilməli olduqları və bu baxımdan vicdanlı hərəkət etmədikləri müəyyən edildikdə isə çəkilmiş xərclərin (hazırkı halda təhvil verilmiş mal-materialın) dəyəri orta bazar qiymətlərinə uyğun deyil, fərqli formada müəyyən edilməlidir. Belə ki, onların dəyəri müəyyən edildiyi zaman həmin şəxslərin gəlir kimi nəzərdə tutduğu məbləğlər nəzərə alınmamalıdır. Ümumiyyətlə belə dəyərləndirmə aparıldıqda bazarda olan ən minimal qiymətlər əsas götürülməlidir.

63. Bundan əlavə, kollegiya qeyd etməyi zəruri hesab edir ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunda müəyyən edilən qaydalara əməl edilmədən bağlanması əsasına görə etibarsız olan müqavilələrə münasibətdə MM-in 337.5-ci maddəsi tətbiq edilə bilməz.

64. Belə ki, əks yanaşma “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunun məqsəd və vəzifələrinə zidd olmaqla yanaşı dolayısı ilə həmin Qanunun pozulmasına şərait yaradır. Çünki bu halda həmin müqavilələr üzrə pul vəsaitlərinin ödənilməsi faktiki təmin edilməklə onun yalnız hüquqi əsası dəyişmiş olur.

65. Bundan əlavə, mülki qanunvericiliyin vəzifələrindən birini mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiəsi təşkil edir (MM-in 1.2-ci maddəsi). MM-in 337.5-ci maddəsinin məqsədi də məhz qanuni hüquq və mənafelərin müdafiəsindən ibarətdir. Könüllü surətdə qanunazidd olan mülki hüquq münasibətlərə daxil olan şəxslərin isə qanundan irəli gələn hüquq və mənafeləri yaranmır.

66. Göstərilənlərə əsasən kollegiya qeyd edir ki, hazırkı iddia üzrə işin araşdırılması və hüquqi dəyərləndirməsi yuxarıda qeyd olunan şəkildə aparılmalıdır.

67. Apellyasiya instansiyası məhkəməsi isə tərəflər arasında olan hüquq münasibətlərini və dövlət satınalmaları haqqında qanunvericiliyin tələblərini nəzərə almamış, iş üzrə araşdırmanı və hüquqi dəyərləndirməni qeyd olunan şəkildə aparmamışdır.

68. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyinə görə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Işə yenidən baxılarkən hazırkı qərarda əks olunan hüquqi mövqe nəzərə alınmaqla qanuni və əsaslı, habelə iş üzrə müəyyən edilmiş hallara uyğun əsaslandırılmış qətnamə qəbul edilməlidir.

69. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Kassasiya şikayəti qismən təmin edilsin. Naxçıvan MR Ali Məhkəməsi Kommersiya Kollegiyasının *-*(***)-**/**** nömrəli 2025-ci il # ###### tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılmaq üçün apellyasiya instansiya məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar