Məhkəmə qərarları › İş №2-2(1-8)-170/2026

Ali Məhkəmə Qərar — İş №2-2(1-8)-170/2026

25.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-170/2026 25.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı ilkin və qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsi, satıcının əşyanı vermək vəzifəsi, öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi), əqdin etibarsızlığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair ilk, iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiaları üzrə kommersiya mübahisəsinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları

1. İddiaçı MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında bağlanmış 2024-cü il ## #### tarixli, *** nömrəli alqı-satqı müqaviləsinə görə satıcı hazırkı müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada “X3”nda göstərilən miqdarda gübrə və ya dərman vasitələrini alıcının mülkiyyətinə verməyi, alıcı isə malları qəbul edərək müqavilə dəyərinin ödənilməsini öhdəsinə götürmüşdür.

2. Həmin alqı-satqı müqaviləsinə 2024-cü il ## #### tarixli, *** nömrəli əlavəyə əsasən satılacaq malların ümumi dəyəri ədv daxil 168.000 manat, *** nömrəli əlavəyə əsasən satılacaq malların ümumi dəyəri ədv daxil 100.800 manat, *** nömrəli əlavəyə əsasən satılacaq malların ümumi dəyəri ədv daxil 168.000 manat, *** nömrəli əlavəyə əsasən satılacaq malların ümumi dəyəri ədv daxil 50.400 manat təşkil edir.

3. Həmin alqı-satqı müqaviləsi üzrə eyni tarixli, *** nömrəli təhvil-təslim aktına əsasən “Saxalinski” kalium humatı 10000 litr həcmdə, *** nömrəli təhvil-təslim aktına əsasən “Saxalinski” kalium humatı 6000 litr həcmdə, *** nömrəli təhvil-təslim aktına əsasən “Saxalinski” kalium humatı 10000 litr həcmdə, *** nömrəli təhvil-təslim aktına əsasən “Saxalinski” kalium humatı 3000 litr həcmdə alıcı tərəfindən təhvil alınmışdır.

4. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 2024-cü il ## ###### tarixli, MT2408 ******** nömrəli 100819,20 manat məbləğində, 2024-cü il ## ###### tarixli, MT2408 ******** nömrəli 168032 manat məbləğində elektron qaimələr göndərilmişdir.

5. Cavabdeh MMC tərəfindən təqdim olunmuş “xxxx” MMC tərəfindən verilmiş məktuba əsasən Cavabdeh MMC tərəfindən “xxxx” MMC-yə hər hansısa bir sifariş daxil olmadığından (2024-cü ilin iyul-avqust ayları daxil olmaqla) “xxxx” MMC tərəfindən həmin şirkətə yükdaşıma fəaliyyəti həyata keçirilməmişdir.

Iş üzrə məhkəmə icraatı

a) Birinci instansiya məhkəməsindəki icraat

6. Iddiaçı İddiaçı MMC (bundan sonra-“iddiaçı”) cavabdeh Cavabdeh MMC-yə (bundan sonra-“cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 2024-cü il ## #### tarixli müqavilə üzrə cavabdeh tərəfindən ödənilməli olan 268.851,2 manat (ƏDV daxil) pul məbləği və 558,85 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Ilk iddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 2024-cü il ## #### tarixli müqavilə bağlanmışdır. Müqaviləyə uyğun olaraq, mallar müvafiq tələblərə uyğun qablaşdırılmalı, markalanmalı və X1 qeyd edilmiş ünvanda alıcıya təhvil verilməlidir. Tərəflər arasında X1 qismində 2024-cü il ## #### tarixli müqaviləyə 4 ədəd əlavə imzalanmışdır. Əlavələr üzrə ümumilikdə 487.200 manat məbləğində malın alıcıya təhvil verilməsi razılaşdırılımışdır. Əlavələrdə malın təhvil verilmə məntəqələri kimi müxtəlif ərazilər qeyd edilmişdir. Tərəflərin imzalayaraq möhürləndikləri 4 ədəd təhvil-təslim aktına əsasən, iddiaçı (satıcı) tərəfindən cavabdehə (alıcı) ümumilikdə 29.000 litr müqavilədə nəzərdə tutulmuş mal qismində “Saxalinski” kalium humatı təhvil verilmişdir. Müqaviləyə 4 ədəd əlavədə malın (“Saxalinski” kalium humat) 1 litri üçün 16,80 manat satış qiyməti müəyyən olunmuşdur. Bu hesabla, iddiaçı (satıcı) tərəfindən cavabdehə (alıcı) 487.200 manat məbləğində malsatılmışdır. Lakin cavabdeh şirkət tərəfindən həmin mallar üzrə ona təqdim olunmuş 2024-cü il ## ###### tarixli ******** nömrəli və 2024-cü il ## ###### tarixli ******** nömrəli elektron qaimələr üzrə ümumilikdə 268.851,2 manat (ƏDV daxil) pul məbləğini ödəməmişdir. Bununla bağlı cavabdehə pretenziya məktubu təqdim olunmuşdur. Cavabdeh tərəfindən pretenziya məktubuna münasibət bildirilməmişdir.

8. Həmçinin cavabdeh iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi verərək 2024-cü il ## #### tarixli müqavilə, həmin müqavilənin 1,2,3,* nömrəli Əlavələrin və onların əsasında tərtib edilmiş 1,2,3,* nömrəli malların təhvil-təslim aktlarının etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, 2024-cü il ## #### tarixli müqavilə, həmin müqavilənin 1,2,3,* nömrəli “Əlavələr”inin və onların əsasında tərtib edilmiş 2024-cü il ## #### tarixli 1,2,3,* nömrəli “malların təhvil təslim aktı”ları etibarsızdır, yəni ki yalan əqddir. Tərəflər arasında bu günədək heç bir işgüzar münasibətlər olmamış, yəni etibarlı və inama əsaslanan hər hansı müqavilə aralarında imzalanmamışdır. Hazırkı müqavilənin bağlanılmasına səbəb iddiaçı ilə işgüzar əlaqəsi olan Rza Seyidov adlı şəxsin cavabdehin direktoru Qanuni nümayəndə təklifi olmuşdur. R.Seyidovun təklifi ondan ibarət olmuşdur ki, onun özünün hüquqi şəxsi olmadığından iddiaçıdan malları rəsmi olaraq ala bilmədiyini bildirmiş və həmin malların alıcısı qismində cavabdehi göstərərək onun bank hesabına pul vəsaiti qoyub köçürmə edərək malların alınmasının mümkün olduğunu və bunun müqabilində Qanuni nümayəndə əldə edəcəyi qazancdan gəlir verəcəyini bildirmişdir. R.Seyidov iddianın bu cür müqavilə (faktiki olaraq malların alıcısının R.Seyidovun olduğunu) münasibətindən xəbərdar olduğunu yalnız alıcı qismində hər hansı hüquqi şəxs olmasının kifayət olduğunu bildirmişdir. Bu minvalla R.Seyidov şablon müqaviləni və onun əlavələrini habelə təhvil təslim aktlarını Qanuni nümayəndə göndərmiş və imzalamasını söyləmişdir. Bir müddət sonra Qanuni nümayəndələ əlaqə saxlanılmış və R.Seyidovun malları götürüb və ödənişlərini etmədiyi bildirilmiş, lakin müqavilə üzrə cavabdehlik hüquqi şəxsin üzərində olması bildirilmiş və ödəniş tələb edilmişdir. Qanuni nümayəndə də öz növbəsində bildirmişdir ki, sözügedən malları görməmiş və təhvil almamışdır, R.Seyidovla əlaqəyə keçmək istəsə də, ölkə xaricində olduğu barədə məlumat almışdır. 2024-cü il ## #### tarixli müqavilənin, həmin müqavilənin 1, 2, 3, * nömrəli “Əlavələr”inin və onların əsasında tərtib edilmiş 2024-cü il ## #### tarixli 1, 2, 3, * nömrəli “malların təhvil təslim aktları”nın yalan əqd olmasına və cavabdeh ilə faktiki müqavilə münasibətlərinə daxil olunmadığını sübut edən aşağıdakılara diqqət edilməlidir. 2024-cü il ## #### tarixli müqavilənin 1, 2, 3, * nömrəli “Əlavələr”ində qeyd edilmişdir ki, “Təslim müddəti: ödəniş olduğu tarixdən 3-5 iş günü ərzində” 2024-cü il ## #### tarixli müqavilə üzrə cavabdeh tərəfindən iddiaçıya heç bir ödəniş edilməmişdir. Necə ola bilər ki, heç bir ödəniş edilmədən 487.200 manat dəyərində mal təhvil verilmişdir. 2024-cü il ## #### tarixli müqavilənin, həmin müqavilənin 1, 2, 3, * nömrəli “Əlavələr” üzrə elektron qaimə fakturalar ##.##.2024-cü il tarixdə göndərilmiş, yəni müqavilənin bağlanılmasından 24 gün sonra edilmişdir. 3. 2024-cü il ## #### tarixli müqavilənin 1, 2, 3, * nömrəli “malların təhvil təslim aktları”nın 2024-cü il ## #### tarixdə imzalandığı aydındır. Iddia ərizəsinə əsasən malların 2024-cü il ## #### tarixində təhvil verildiyini qeyd edilmişdir. Əgər elədirsə, iddiaçın nümayəndəsi və vəkili 2025-ci il ## ### tarixdə “xxxx” şirkətinə vəkil sorğusu vermiş və cavabdeh adına 2024-cü il iyul-avqust ayları ərzində sifarişlər barədə məlumat əldə etmək istəmişdir. Göründüyü kimi iddiaçı tərəf də 2024-cü il ## #### tarixli müqavilənin 1, 2, 3, * nömrəli “malların təhvil təslim aktları”nın formal bağlanıldığını özü də bilmədən bilavasitə etiraf etmişdir. Bundan əlavə müqavilənin 5.1-ci maddəsinə əsasən malları çatdırmaq Satıcının öhdəliyi olaraq göstərilmişdir. Malların cavabdeh tərəfindən faktiki olaraq götürülmədiyini iddiaçı tərəf də bilir, lakin formal olaraq bağlanılmış müqavilə cavabdeh ilə olduğundan məhkəməyə R.Seyidovu verə bilməmişdir. 4. 2024-cü il ## #### tarixli müqavilənin 1, 2, 3, * nömrəli “Əlavələr”nə əsasən ümumilikdə 487.200 manat məbləğində mallar satılmışdır. Lakin məhkəmədə mübahisələndirilən 268.851,2 manat ƏDV daxil olmuşdur. Cavabdeh tərəfindən heç bir ödəniş olunmadığı halda, 218,348,8 manat olan pul vəsaiti cavabdehdən tələb edilmir. 218,348,8 manat olan pul vəsaitini ehtimal ki, birbaşa nağd qaydada R.Seyidov iddiaçıya ödəmişdir. Bu səbəbdən cavabdehdən həmin məbləğ tələb edilmir.

10. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il ## ######## tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə ilk iddianın təmin edilməsi, cavabdehdən 268.851,2 manat məbləğində pul, 558,85 manat dövlət rüsumu, ümumilikdə 269.410,05 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir (hakim Ü.Həsənova).

11. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il ## ####### tarixli e-*-*(***)-****/**** nömrəli əlavə qərardadı ilə qarşılıqlı iddia “malların təhvil-təslim aktlarının etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə icraata xitam xitam verilmişdir.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, qeyd etmişdir ki, hazırkı mübahisənin düzgün həlli ilk növbədə qarşılıqlı iddia tələbinin əsaslılığının yoxlanılmasından asılıdır, həmin tələbin təmin olunub olunmamasından asılı olaraq ilk iddia tələbi araşdırılmalıdır. Qarşılıqlı iddiaçı etibarsızlığını tələb etdiyi müqavilənin, habelə həmin müqavilənin əlavələrinin etibarsızlığından qanuni təmsilçisinin məhkəmə iclasında bildirdiyi kimi 2024-cü ilin ## ####undan məlumatlı olmasına baxmayaraq hazırkı iddia tələbi ilə yalnız 2025-ci ilin ## ###### ayında məhkəməyə müraciət etmişdir.

13. Mülki Məcəllənin 354.2-ci maddəsi qanunda müstəqil xarakter daşıyan xüsusi norma kimi nəzərdə tutulmaqla, əqdin etibarsızlığı barədə mübahisə yalnız orada müəyyən olunmuş müddətlər çərçivəsində irəli sürülə bilər. Həmin maddədə müəyyən olunmuş 1 illik müddətin keçməsi əqdin etibarsız hesab edilməsi imkanını aradan qaldırır.

14. Cavabdeh tərəf qeyd edilən müqavilənin və əlavələrinin etibarsızlığını mübahisələndirsə də, məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 14-cü fəslində müəyyən edilmiş əqdlərin etibarsızlığının əsasları hazırkı iş üzrə müəyyən edilməmişdir.

15. Məhkəmə hesab etmişdir ki, iddia tələbi mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 4-cü və 6cı maddələrində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından təmin edilməməlidir.

16. Cavabdeh müqavilənin iddiaçı ilə işgüzar münasibətləri olan R.Seyidovun təklifi ilə imzalandığını, malların ona deyil, R.Seyidova təhvil verildiyini, müqavilənin formal olaraq cavabdehin adına rəsmiləşdirildiyini bildirsə də, cavabdeh tərəfindən məhkəməyə iddiaçının göstərilən haldan məlumatlı olmaqla malları məhz R.Seyidov adlı şəxsə satmasını (alıcının cavabdeh deyil, özünün bildirdiyi kimi R.Seyidov olması) təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Cavabdeh keçən bu müddət ərzində hazırkı müqaviləni ümumiyyətlə mübahisələndirməmiş, bu barədə iddiaçıya hər hansı məlumat verməmiş, hazırkı müqavilə ilə bağlı iddiaçı tərəfindən təqdim edilmiş elektron qaimələrə etiraz etməmiş, onların ləğv edilməsini tələb etməmişdir.

17. Cavabdehin qanuni təmsilçisi ona hər hansı mal təhvil verilmədiyi, habelə borcun gələcəkdə cavabdehdən tələb ediləcəyini, MMC-nin vergi öhdəliklərinin yarana biləcəyini bildiyi halda, hansı səbəbdən küllli miqdarda (yəni 487.200 manat dəyərində) malları təhvil alması barədə 4 ədəd təhvil aktını imza edib MMC-nin möhürü ilə təsdiq etməsinin səbəbini ağlabatan şəkildə izah edə bilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında alqısatqı müqaviləsindən

18. irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra edərək ümumi dəyəri 487.200 manat dəyərində malları cavabdehə təhvil vermişdir.

19. Müqavilə üzrə təhvil verilmiş malların bir qisminin (yəni 218.348,80 manat dəyərində) iddiaçıya geri qaytarılması barədə işin materiallarında hər hansı yazılı sübut olmasa da, belə bir halın baş verdiyini hər iki tərəfin nümayəndələri məhkəmə iclasında təsdiq etmişlər.

20. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçı hazırda qalıq 268.851,20 manat pulun geri qaytarılmasını tələb etməklə haqlı olmuşdur.

21. Məhkəmə gəldiyi nəticəni MM-in 324.1, 337.1, 337.2, 337.3, 337.4, 354.2, 567, 598.1, 598.2, 600.1 və 600.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 2022ci il ## #### tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il # ##### tarixli Qərarlarına və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 14.1, 14.2, 77.1, 217.1 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

22. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

23. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edənməruzəçi hakim L.Əliyeva, hakimlər T.Mahmudova və Z.Şirinov).

24. Apellyasiya instansiyası məhkəməsi ilk növbədə müqavilənin və müqaviləyə əlavələrin etibarsız hesab edilməsinə dair qarşılıqlı iddia ərizəsinə münasibətdə qeyd etmişdir ki, cavabdeh iddiasını mübahisəli müqavilənin və əlavələrin qarşılıqlı cavabdehlə R.Seyidov adında şəxs arasında bağlanmış alqı-satqı müqaviləsini pərdələmək məqsədilə bağlanmış yalan əqdlər olması, eləcə də həmin əqdlər bağlanarkən R.Seyidov tərəfindən aldadılması ilə əsaslandırmışdır.

25. Mübahisəli müqavilənin və ona əlavələrin yalan əqd olması barədə dəlillərə münasibətdə göstərilmişdir ki, yalan əqdin subyektiv tərəfi qəsd formasında təqsirlə ifadə olunur. Bu zaman yalan əqdin bağlanması üçün tərəflərdən birinin iradəsinin olması kifayət etmir. Tərəflərin ümumi niyyətləri (pərdələnən əqdi gizlətmək) olmalı, eləcə də pərdələnən əqdin tərəfləri həmin əqdin mühüm şərtləri barədə razılığa gəlməlidirlər. Beləliklə, əqdin yalan əqd kimi qiymətləndirilməsi üçün əqdin hər iki tərəfinin qəsdi mövcud olmalıdır.

26. Odur ki, hazırkı halda qarşılıqlı iddiaçı ilə R.Seyidov arasında mübahisəli müqavilə üzrə malların əslində R.Seyidov tərəfindən alınması barədə razılaşmanın olmasını ehtimal edilsə belə göstərilən hal mübahisəli müqavilənin yalan əqd olması barədə nəticəyə gəlmək üçün yetərli deyildir.

27. Belə ki, işin materiallarına iddiaçının alqı-satqı müqaviləsini bağlayarkən həmin müqavilənin cavabdeh ilə deyil, R.Seyidovla bağlanması barədə məlumatlı olması, yəni iddiaçının da niyyətinin də R.Seyidovla ilə aralarında bağlanmış əqdi pərdələməyə yönəlməsini təsdiq edən hər hansı bir sübut əlavə edilməmişdir.

28. Digər tərəfdən yuxarıda da qeyd edildiyi kimi yalan əqd məqsədli olaraq bağlanır. Bir qayda olaraq yalan əqdin bağlanmasında məqsəd qanunun hansısa qadağasından yan keçməkdən və ya hansısa digər səbəbdən üçüncü şəxslərdə əqd barədə yanlış təsəvvür yaratmaqdan ibarət olur. Hazırkı halda isə cavabdeh yalan əqdin bağlanmasına hansı zərurətin mövcud olmasını, “pərdələnən əqd”in bağlanmasının hər hansı bir səbəbdən mümkün olmamasını və ya “pərdələnən əqd”in həmin əqdin tərəfləri üçün hər hansı mənfi nəticələrə səbəb olacağını, üçüncü şəxslərdə həmin əqd barədə yanlış təsəvvür yaradılması zərurətinin mövcud olmasını və s. də sübuta yetirə bilməmişdir.

29. Əqdi bağlayarkən R.Seyidov tərəfindən aldadılması barədə qarşılıqlı iddiaçının arqumentlərinə münasibətdə kollegiya qeyd etmişdir ki, MM-in 339.3-cü maddəsinə əsasən üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər.

30. Hazırkı halda iş materiallarına əsasən əqd bağlanarkən cavabdehin R.Seyidov tərəfindən aldadılması, eləcə də həmin aldatmadan iddiaçının məlumatının olması müəyyən edilmir.

31. Məhkəmə kollegiyası həmçinin birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, cavabdeh keçən müddət ərzində hazırkı müqaviləni ümumiyyətlə mübahisələndirməmiş, bu barədə iddiaçıya hər hansı məlumat verməmiş, hazırkı müqavilə ilə bağlı iddiaçı tərəfindən təqdim edilmiş elektron qaimələrə etiraz etməmiş, onların ləğv edilməsini tələb etməmişdir. Cavabdehin qanuni təmsilçisi ona hər hansı mal təhvil verilmədiyi, habelə borcun gələcəkdə tələb ediləcəyini, MMC-nin vergi öhdəliklərinin yarana biləcəyini bildiyi halda, hansı səbəbdən küllli miqdarda (yəni 487.200 manat dəyərində) malları təhvil alması barədə 4 ədəd təhvil aktını imza edib MMC-nin möhürü ilə təsdiq etməsinin səbəbini ağlabatan şəkildə izah edə bilməmişdir.

32. Ona görə də, məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, müqavilənin və əlavələrin etibarsız hesab edilməsinə dair qarşılıqlı iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

33. Ilkin iddiaya gəldikdə iddia tələbinin qanuni əsaslarını MM-in 567 və 598.1-ci maddələri təşkil etmiş, işin materiallarında olan hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmiş təhvil-təslim aktlarına əsasən iddiaçı tərəfindən cavabdehə 487.200 manat məbləğində mal təhvil verilmişdir. Hər iki tərəf məhkəmədə verdiyi izahatlarda 218.348,80 manat dəyərində malların ilkin iddiaçıya geri qaytarılmasını təsdiq etmiş, belə olan halda ilkin iddiaçı təqdim edilmiş mallara görə 268.851,20 manat məbləğində pulun ödənilməsini tələb etməkdə haqlı olmuşdur.

34. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 339.2, 339.3, 340.2, 385.1, 442, 448.1, 567 və 598.1-ci maddələrinə və MPM-in 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

35. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

36. Müqavilənin 1,2,3,* nömrəli “Əlavələr”ində qeyd edilmişdir ki, “Təslim müddəti: ödəniş olduğu tarixdən 3-5 iş günü ərzində”. Lakin müqavilə üzrə cavabdeh tərəfindən iddiaçıya heç bir ödəniş edilməmişdir. Necə ola bilər ki, heç bir ödəniş edilmədən 487.200 manat dəyərində mal cavabdehə təhvil verilmişdir. 2024-cü il ## #### tarixli müqavilənin, həmin müqavilənin 1,2,3,* nömrəli “Əlavələr” üzrə elektron qaimə fakturalar 2024-cü il ## ###### tarixdə göndərilmiş, yəni müqavilənin bağlanılmasından 24 gün sonra edilmişdir. 2024-cü il ## #### tarixli müqavilənin 1,2,3,* nömrəli “malların təhvil təslim aktları”nın 2024cü il ## #### tarixdə imzalandığı aydındır. Iddia ərizəsinə əsasən malların 2024-cü il ## #### tarixində təhvil verildiyi qeyd edilmişdir. Əgər elədirsə, iddiaçın nümayəndəsi və vəkili 2025-ci il ## ### tarixdə “xxxx” şirkətinə vəkil sorğusu vermiş və cavabdehin adına 2024cü il iyul ayları ərzində sifarişlər barədə məlumat əldə etmək istəmişdir. Göründüyü kimi iddiaçı tərəf də 2024-cü il ## #### tarixli müqavilənin 1,2,3,* nömrəli “malların təhvil təslim aktları”nın formal bağlanıldığını özü də bilmədən bilavasitə etiraf etmişdir. Bundan əlavə müqavilənin 5.1-ci maddəsinə əsasən malları çatdırmaq satıcının öhdəliyi olaraq göstərilmişdir. Malların cavabdeh tərəfindən faktiki olaraq götürülmədiyini iddiaçı tərəf də bilir, lakin formal olaraq bağlanılmış müqavilə cavabdeh ilə olduğundan iddia tələbi ilə məhkəməyə R.Seyidovu verə bilməmişdir. Müqavilənin 1,2,3,* nömrəli “Əlavələr”nə əsasən ümumilikdə 487.200 manat məbləğində mallar satılmışdır. Lakin məhkəmədə mübahisələndirilən 268.851,2 manat ƏDV daxil olmuşdur. Cavabdeh tərəfindən heç bir ödəniş olunmadığı halda, 218.348,8 manat olan pul vəsaiti cavabdehdən tələb edilmir. 218,348,8 manat olan pul vəsaitini ehtimal ki, birbaşa nağd qaydada R.Seyidov iddiaçıya ödəmişdir. Bu səbəbdən cavabdehdən həmin məbləğ tələb edilmir.

37. Məhkəmə iclasında tərəflərindən R.Seyidovla danışıqları təsdiq edən whatsapp səs yazıları və mesajlar əlavə edilmiş CD disk məhkəməyə təqdim edilsə də, əsassız olaraq CD disk sübut kimi qəbul edilməmiş və sübutlar siyahısına əlavə edilməmişdir. Həmin hal 2025-ci il ## ######## tarixdəki məhkəmənin iclasında baş vermişdir. (məhkəmənin real vaxt rejimində video yazısı aparılır) Lakin həmin CD diski sonradan məhkəmənin dəftərxanası vasitəsi ilə iş materiallarına əlavə edilməsinə nail ola bilmişlər.

38. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili tərəfindən məhkəmənin diqqətinə çatdırılmışdır ki, “xxxx” şirkəti tərəfindən verilmiş məktubdan göründüyü kimi cavabdehə heç bir xidmət göstərilməmişdir. Iddiaçı tərəf də etiraf etmişdir ki, həmin daşıma şirkəti tərəfindən mallar təhvil alınıb, cavabdehə təhvil verilmişdir. Daşıma şirkətinin malları satıcıdan təhvil alan zaman və alıcıya təhvil verən zaman hər iki tərəfə təqdim edilməli olan yük qaiməsinin məhkəməyə təqdim edilməsi xahiş edilsə də, bu dəlillər qarşısında iddiaçı tərəf cavab verə bilməmişdir. Lakin məhkəmə bu halları hüquqi qiymət verməmişdir.

39. Birinci instansiya qətnamənin hüquqi əsaslandırmasında da maddi hüquq normanı düzgün tətbiq etməmişdir. Belə ki, məhkəmə qeyd etmişdir ki, “qarşılıqlı iddiaçı etibarsızlığını tələb etdiyi müqavilənin, habelə həmin müqavilənin əlavələrinin etibarsızlığından qanuni təmsilçisinin məhkəmə iclasında bildirdiyi kimi 2024-cü ilin ## ####undan məlumatlı olmasına baxmayaraq hazırkı iddia tələbi ilə yalnız 2025-ci ilin ## ###### ayında məhkəməyə müraciət etmişdir. Əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və MM-in 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir. Bundan əlavə apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnamədə qeyd etmişdir ki, “hazırkı halda cavabdeh ilə R.Seyidov arasında mübahisəli müqavilə üzrə malların əslində R.Seyidov tərəfindən alınması barədə razılaşmanın olmasını ehtimal etsək belə göstərilən hal mübahisəli müqavilənin yalan əqd olması barədə nəticəyə gəlmək üçün yetərli deyildir. Belə ki, işin materiallarına iddiaçının alqı-satqı müqaviləsini bağlayarkən həmin müqavilənin cavabdeh ilə deyil, R.Seyidovla bağlanması barədə məlumatlı olması, yəni iddiaçının niyyətinin də R.Seyidovla aralarında bağlanmış əqdi pərdələməyə yönəlməsini təsdiq edən hər hansı bir sübut əlavə edilməmişdir”. Halbuki iş materiallarında olan tərəflərindən təqdim edilmiş CD diskə baxış keçirsəydi, iş üzrə iddiaçının həmin məsələdən xəbərdar olduğunu müəyyən edə bilərdi.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

40. Kassasiya şikayətinə qarşı etiraz onunla əsaslandırılmışdır ki, məhkəmənin araşdırdığı və istinad etdiyi sənədlərdən aydın olduğu kimi, tərəflər arasında hər iki tərəfin təsdiq etdiyi müqavilə və təhvil-təslim aktları, qiymət razılaşdırma protokolları mövcuddur. Cavabdeh şirkət nəzərə almalıdır ki, onun adından onun möhürü ilə təsdiqlənmiş rəsmi sənədlər üzrə birbaşa məsuliyyət daşıyır. Buna görə də aparılan rəsmi yazışmalarda şirkətin daşıdığı məsuliyyət onun öz öhdəliyindədir və bu onu bağladığı müqavilələr üzrə bəhanələr gətirməklə məsuliyyətdən xilas etmir. Cavabdeh malların onlara təqdim edilmədiyini iddia edir. 2024-cü il ## #### tarixli müqavilənin 1, 2, 3, * nömrəli “malların təhvil təslim aktları”nın həqiqiliyini və mötəbərliyi haqqında bildirilməlidir ki, həmin təhviltəslim aktlarının hər iki tərəfdən təsdiq olunmasından əlavə olaraq, cavabdeh MMC-nin qanuni təmsilçisi Qanuni nümayəndə da məhkəməyə verdiyi izahatında malların həqiqətən iddiaçı tərəfindən təqdim olunduğunu etiraf etmişdir. Cavabdeh MMC niyə məhz müqavilə üzrə ümumi məbləğin deyil, yalnız 268.851,2 manat ƏDV daxil məbləğ tələb edildiyini mübahisələndirir. Rəsmi bağlanmış alqı-satqı müqavilələrə əsasən tərtib edilmiş elektron qaimələr üzrə bütün ödənişlər bank köçürmələri vasitəsi ilə edilməli və heç bir halda nağd şəkildə edilməməlidir. O ki qaldı iddianın məbləğinə dövət vergi portalının çıxarışlarında göründüyü kimi, cavabdeh elektron qaimələrini təsdiq etdiyindən sonra sistem üzərindən göndərilən etiraz və xəbərdarlıq məktubuna baxmayaraq dəfələrlə bu qaimələrin ləğvinə dair müraciətlər etmiş və bu müraciətlərə rədd cavabı almışdır. Iddiaçı şirkətin fəaliyyəti kənd təsərrüfatı olduğuna görə və mövsümün ən qızğın dövründə rayonlarda səfərlərin çox olduğu dönəmdə bu müraciətlərin bəzilərini nəzərindən qaçırmış olduğundan sistem tərəfindən avtomatik təsdiq olunub. Iddiaçı şirkət məhz qaimələrdən ikisini səhvən ləğv etdiyi üçün etibarlı qaimələr üzrə borcu mübahisələndirmişdir. Məhkəmənin də qətnaməsində qeyd etdiyi kimi, qarşılıqlı iddiaçı etibarsızlığını tələb etdiyi müqavilənin, habelə həmin müqavilənin əlavələrinin etibarsızlığından qanuni təmsilçisinin məhkəmə iclasında bildirdiyi kimi 2024-cü ilin ## ####undan məlumatlı olmasına baxmayaraq hazırkı iddia tələbi ilə yalnız 2025-ci ilin ## ###### ayında məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfin ümumiyyətlə qeyd etdiyi hallar əgər hər hansı şəxsin cinayət əməli nəticəsində baş veribsə, bu hal barədə aidiyyəti üzrə istintaq orqanına müraciət edilməli, cinayət işinin araşdırılması üçün cəhd göstərilməli idi. Lakin bu günədək cavabdeh tərəfindən bu barədə heç bir addım atılmaması da onu sübut edir ki, bütün bunlar qətnamə üzrə yaranan məsuliyyətdən yaxa qurtarmaq cəhdləridir.

Kassasiya baxışının hədləri

41. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

42. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

Tətbiq edilən hüquq

43. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 324. Əqd anlayışı və onun növləri 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. ... 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. ...” “Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. ...” “Maddə 339. Hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı ... 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. ...” “Maddə 354. Etibarsız əqdlər üzrə müddətlər ... 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.”

“Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə 568. Satıcının əşyanı vermək vəzifəsi 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. ...”

“Maddə 598. Alınmış əşyanın ödənilməsi 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. ... 598.3. Əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. ...”

“Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. ... 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.”

44. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...”

“Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...”

“Maddə 78. Sübutların təqdim edilməsi və tələb olunması 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. ...”

“Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”

Kassasiya instansiya məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1ci maddəsi).

46. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və qeyd edir ki, həmin dəlillər əsasən apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda olmuş və apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin dəlillərə düzgün hüquqi qiymət verilmişdir.

47. Malların faktiki olaraq qəbul edilməməsi ilə bağlı kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edilməlidir ki, işin materiallarında hər iki tərəfin səlahiyyətli nümayəndələri tərəfindən imzalanmış və möhürlənmiş alqı-satqı müqaviləsi, onun əlavələri və 4 ədəd təhvil-təslim aktı mövcuddur. Cavabdeh tərəfindən isə həmin sübutların mötəbərliyini təkzib edən sübutlar işin faktiki hallarını araşdıran məhkəmələrə bu barədə mötəbər sübutları təqdim etməmişdir.

48. Nəzərə alınmalıdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM-in 14.2, 77.1, 80, 81-ci maddələri).

49. Cavabdeh qarşılıqlı iddia tələbində 2024-cü il ## #### tarixli müqaviləni mübahisələndirsə də, həmin müqavilənin etibarsız hesab edilməsinə əsas olan hallarla bağlı zəruri və mötəbər sübutları işə mahiyyəti üzrə baxılarkən təqdim etməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iş üzrə gəlinən nəticə, apellyasiya instansiyası məhkəməsinin mübahisəli hüquq münasibətinə tətbiq etdiyi maddi hüquq normalarının tələblərinə uyğun olmuş, kassasiya şikayətində qeyd olunan maddi hüquq normalarının tələblərinin pozulması halına yol verilməmişdir.

50. Kassasiya şikayətinin işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlı dəlilləri üzrə hazırkı icraat çərçivəsində araşdırma aparılmır, onlara qiymət verilmir (MPM-nin 407ci maddəsi).

51. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

52. MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara alır:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar