Məhkəmə qərarları › İş №2-2(1-8)-176/2026

Ali Məhkəmə Qərar — İş №2-2(1-8)-176/2026

04.06.2026 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-176/2026 04.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının Ərizəçi Azərbaycan Respublikası Ərizəçi maraqlı şəxs Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə QƏRARİ Açar sözlər: vergi ödəyicisi hüquqi şəxsin dövlət büdcəsinə olan vergi borclarına görə onun rəhbərinin ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun (məruzəsi ilə), Babayev Zəki Baba oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Ərizəçi Azərbaycan Respublikası Ərizəçi maraqlı şəxs Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il # ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsindən ərizəçi tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Iş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

2. Ərizəçi Azərbaycan Respublikası Ərizəçi (bundan sonra - “ərizəçi”) ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan fiziki şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 491.927,79 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs (bundan sonra - “maraqlı şəxs”) barəsində (şəxsiyyəti təsdiq edən sənədin FIN nömrəsi-*******, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZEAA*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi (bundan sonra – “VM”) ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün 2024-cü il ## ######## tarixə vergi ödəyicisi olan “xxxx” MMCnin (VÖEN: **********) dövlət büdcəsinə 491.927,79 manat məbləğində (o cümlədən, vergilər üzrə 294.378,38 manat, faizlər üzrə 197449,41 manat, maliyyə sanksiyası üzrə 100 manat) olmaqla, ümumilikdə 491.927,79 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə VMnin 65-ci maddəsinə əsasən 2024-cü il # ###### tarixli **************** nömrəli bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir.

4. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il # ###### tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə ərizə rədd edilmişdir (hakim – K.Hüseynov).

5. Məhkəmə müəyyən etmişdir ki, Vergi Cinayətlərinin Ibtidai Araşdırılması Baş Idarəsinin Istintaq və təhqiqat idarəsinin 2024-cü il ## #### tarixli qərarı ilə azalmaya verilmiş 299.701,44 manat manat pul icra edilməmiş, hazırda da, ərizəçi tərəf qeyd edilmiş qərarda azalmağa verilmiş pul və ona hesablanmış faiz üzrə şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılmasını xahiş etmişdir. Qeyd edilmiş qərarda vergi orqanının özü tərəfindən verilmiş 299.701,44 manat azalma, vergi qurumunun digər idarəsi tərəfindən icra edilməmiş, əksinə faiz hesablanmasını davam etdirmişdir.

6. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin II hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 355-5 və 355-7-ci maddələrinə istinadla əsaslandırmışdır.

7. Ərizəçi həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, ərizənin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

8. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, ərizənin təmin olunması, “xxxx” MMC-nin dövlət büdcəsinə olan borcun ödənilməsinin təmin edilməsi üçün hüquqi şəxsin icra orqanının rəhbəri olan iş üzrə maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qət edilmişdir (sədrlik edən – L.Əliyeva, hakimlər – T.Mahmudova və Z.Şirinov).

9. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmamış, gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, Vergi Cinayətlərinin Ibtidai Araşdırılması Baş Idarəsinin Istintaq və təhqiqat idarəsinin 4-cü şöbəsinin 2024-cü il ## #### tarixli cinayət işinin tövsif edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərarına əsasən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 2023-cü il ## ######## tarixli (AVIS 2391010004342100) rəyinə görə, “xxxx” MMC yə məxsus şəxsi hesab vərəqədə 299.701,44 manat (280.100+19.601) binanın tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi məbləğinə azalma verilməklə müvafiq düzəlişlər aparılması üçün hazırki qərarın surətinin Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinə göndərilməsi qərara alınmışdır. Həmin qərara əsasən vergi orqanı tərəfindən sözügedən hüquqi şəxsin vergi borcundan (10 dəfə 29.970,14 manat olmaqla) 299.701,44 manat məbləğində silinmə aparılmış və silinmədən sonra MMCnin 12.334,68 manat məbləğində vergi borcu, 28.512,64 manat faiz borcu borcu ödənilməmiş qalmışdır.

10. Məhkəmə bildirmişdir ki, işə baxıldığı dövrdə vergi ödəyicisi tərəfindən qalıq borcun ödənilməsi istiqamətində hər hansı addım atılmamış, əksinə maraqlı şəxs borcun əsassız olduğunu bildirməklə vergi orqanı tərəfindən hesablanmış borcu ödəmək niyyətinin olmamasını ifadə etmişdir.

11. Məhkəmə kollegiyası vergi orqanı tərəfindən vergi borcundan silinmənin düzgün aparılmaması, torpaq icarəsi üzrə borcun düzgün hesablanmaması və s. barədə maraqlı şəxsin dəlillərinə münasibətdə qeyd etmişdir ki, vergi orqanı tərəfindən hesablanmış borcun əsaslı olub-olmaması hazırkı iş üzrə məhkəmə araşdırmasının predmeti olmadığından həmin dəlillər vergi orqanının ərizəsinin rədd edilməsi üçün əsas vermir. Hazırkı halda borclu hüquqi şəxsin dövlət büdcəsinə olan borcunun ödənilməsini təmin etmək məqsədilə onun icra orqanının rəhbəri olan maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcuddur.

12. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin II hissəsinə, VM-nin 16.1.1, 23.1.15-3, 65.1, 65.2, 65.2.1, 65.2.2, 65.2.3-1, 65.3, 65.4, 65.7, 77.1, 77.3, 78.1, 89.1, 89.3, 89.4, 89.5 və 89.6cı maddələrinə, MPM-nin 355-5.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.

13. Maraqlı şəxs həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv, ərizənin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

c) Kassasiya instansiyası məhkəməsində birinci icraat

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2025ci il ## #### tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin 2025-ci il ## ###### tarixli, *-*(***)-***/**** nömrəli qətnaməsi ləğv edilərək, iş yeni apellyasiya baxışına qaytarılmışdır (sədrlik edən – K.Abiyeva, hakimlər – B.Qəribov və V.Baxışova).

15. Məhkəmə kollegiyası bildirmişdir ki, hazırkı ərizə hüquqi şəxsin 491.927,79 manat məbləğində (o cümlədən, vergilər üzrə 294.378,38 manat, faizlər üzrə 197.449,41 manat, maliyyə sanksiyası üzrə 100 manat) borcunun ödənilməsi məqsədiilə qaldırılsa da, həm ərizəçinin apellyasiya şikayətindən, həm də apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi hallardan göründüyü kimi, icraat gedişində vergi orqanı borcun miqdarının azalaraq 40.847,32 manat olduğunu, maraqlı şəxs isə əksinə Vergi Cinayətlərinin Ibtidai Araşdırılması Baş Idarəsinin Istintaq və təhqiqat idarəsinin 2024-cü il ## #### tarixli qərarı ilə nəzərdə tutulmuş silinmənin düzgün aparılmamasını, 5.067,09 manat artıq ödəmənin olduğunu göstərmişdir.

16. Həmçinin Bakı Apellyasiya Məhkəməsində icraat zamanı 2025-ci il tarixli məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi izahatında 40.848 manat borcun əsassız hesablandığını, həmin məbləğin ödənilməli olmadığını, hazırkı iş yekunlaşdıqdan sonra inzibati məhkəmədə iddia qaldıracağını bildirmişdir.

17. Məhkəmə kollegiyası hazırkı ərizəyə xüsusi icraat qaydasında baxıldığını, həmin icraatda isə hər hansı mübahisəli hallar üzrə iddia icraatına uyğun olaraq araşdırma aparılması imkanlarının prosessual baxımdan mümkünsüzlüyünü nəzərə alaraq qeyd etmişdir ki, ancaq elə borclar üzrə müvafiq məhdudiyyət tətbiq oluna bilər ki, bununla bağlı təqdim olunmuş sənədlərdə hər hansı uyğğunsuzluq mövcud olmasın.

18. Digər tərəfdən hazırkı qəbildən olan işlərin həllində vergi orqanları və məhkəmələr tərəfindən mütənasiblik prinsipinin (görülən məhdudlaşdırma tədbirinin gözlənin nəticələrə adekvat olması) gözlənilməsi mühüm əhəmiyyət kəsb edir və hər bir halda belə məhdudiyyətin tətbiq edilməsi mütənasiblik meyarına cavab verməlidir. Sadəcə borcun mövcud olması bu məhdudiyyətin tətbiq edilməsi üçün kifayət deyildir.

19. Həmçinin, iş üzrə vergi orqanının məhkəməyə müraciət etməmişdən əvvəl borcun ödənilməsinin təmin olunması üçün hansı tədbirlərin görülməsi (tələb olunan vəsaitin şəxsin hesablarından silinməsi üçün müvafiq banklara müraciət etməsi, onlardan vəsaitin çatışmazlığına dair cavablar alması, hüquqi şəxsin əmlakının üzərinə ixtisaslaşdırılmış açıq hərracdan satılması məqsədilə həbs qoyulması, yaxud kifayət qədər belə əmlakların mövcud olmamasına dair rəsmi məlumatlar əldə etməsi və s.) iş materiallarında müəyyən olunmamışdır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən ərizəçinin ərizəsinə qiymət verilərkən, qeyd olunan tədbirlərin görülməsi nəzərə alınmamış və nəticədə MPM-nin 355-5 ci maddəsinin tələblərinə zidd nəticyə gəlinmişdir.

20. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin III hissəsinə və 71-ci maddəsinin II hissəsinə, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.6-cı maddəsinə, VM-in 16.1.1, 23.1.15-3, 24.0.2-1, 65.1, 65.2, 65.2.1, 65.2.1.1, 65.2.1.2, 65.2.1.3, 65.2.1.4, 65.2.2, 65.2.3, 65.2.3-1, 65.2.3-2, 65.2.3-3, 65.3, 65.4, 65.7, 65.7-1, 65.7-2, 65.7-3, 77.1, 77.3, 78.1, 89.1, 89.3, 89.4, 89.5 və 89.6-cı maddələrinə istinad etməklə əsaslandırmışdır.

d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

21. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il # ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – S.Cəfərov, hakimlər – E.Həsənov və T.Qocayev).

22. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı ərizənin verilməsinə əsas olan borc, vergi orqanın digər qurumunun – Vergi Cinayətlərinin Ibtidai Araşdırılması Baş Idarəsinin Istintaq və təhqiqat idarəsinin 2024-cü il ## #### tarixli qərarı ilə silinməsi nəzərdə tutulmuş 299.701,44 manat manat borcun silinməməsi nəticəsində yaranmış və həmin borca faiz hesablanmasını davam etdirmişdir. Apellyasiya şikayətində vergi orqanı vergi ödəyicisinin 2024-cü il # ###### tarixə vergilər üzrə şəxsi hesab vərəqisində 57.150.98 manat (o cümlədən 16.321,05 manat dövlət torpaq sahələrinin icarəsi üzrə və 28.512,67 manat faiz borcu üzrə), muzdlu işlə əlaqədar MDSS haqqı üzrə vərəqədə 11.26 manat (o cümlədən 3.46 manat faiz borcu üzrə) ödənilməmiş borcunun olmasını, maraqlı şəxs isə etirazında Vergi Cinayətlərinin Ibtidai Araşdırılması Baş Idarəsinin Istintaq və təhqiqat idarəsinin 2024-cü il ## #### tarixli qərarı ilə nəzərdə tutulmuş silinmənin düzgün aparılmamasını və 5.067,09 manat artıq ödəmənin olduğunu qeyd etmiş və bununla bağlı dəfələrlə Vergi Xidmətinə müraciət etdiyini bildirmişdir.

23. Ərizəçi tərəfindən Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş məlumata görə, vergi ödəyicisi “xxxx” MMC-nin (VÖEN **********) 2025-ci il ## ###### tarixə vergilər üzrə 60.319,18 manat və sosial sığorta haqları üzrə 10,50 manat borcunun olduğu müəyyən edilmişdir. Əlavə olaraq, “xxxx” MMC nin (VÖEN **********) 2020, 2021 və 2022-ci illər üzrə mənfəət vergisi bəyannamələri kameral yoxlama ilə təsdiq edilmişdir.

24. Maraqlı şəxs isə ümumiyyətlə borcunun olmasını qəbul etmir və artıq ödəməsinin olduğunu bildirmiş və məsələnin həlli üçün inzibati qaydada müraciət etdiyini vurğulamışdır.

25. Borcun ödənilməsinin təmin edilməsi ilə bağlı vergi orqanı tərəfindən hər hansı digər tədbirlər həyata keçirilməmiş, sadəcə Vergi Cinayətlərinin Ibtidai Araşdırılması Baş Idarəsinin Istintaq və təhqiqat idarəsinin 2024-cü il ## #### tarixli qərarı ilə silinməsindən əvvəl şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə bağlı məhkəməyə müraciət olunmuşdur.

26. Lakin, VM-nin 65 və 89 cu maddələrində vergilər üzrə borcların alınması qaydasını nəzərdə tutulmuşdur. Hazırkı halda vergi orqanı məhkəməyə müraciət etməmişdən əvvəl borcun ödənilməsinin təmin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülüb-görülməməsi (tələb olunan vəsaitin şəxsin hesablarından silinməsi üçün müvafiq banklara müraciət etməsi, onlardan vəsaitin çatışmazlığına dair cavablar alması, hüquqi şəxsin əmlakının üzərinə ixtisaslaşdırılmış açıq hərracdan satılması məqsədilə həbs qoyulması, yaxud kifayət qədər belə əmlakların mövcud olmamasına dair rəsmi məlumatlar əldə etməsi və s.), tədbirlərin nəticə verib-verməməsi ilə bağlı sənədləri ərizəyə əlavə etməmişdir.

27. Odur ki, hazırkı halda maraqlı şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması mütənasiblik prinsipinin tələblərinə cavab vermir.

28. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin III hissəsinə və 71-ci maddəsinin II hissəsinə, VMnin 16.1.1, 23.1.15-3, 24.0.2-1, 65.1, 65.2, 65.2.1, 65.2.2, 65.2.3-1, 65.3, 65.4, 65.7, 77.1, 77.3, 78.1, 89.1, 89.3, 89.4, 89.5 və 89.6-cı maddələrinə, MPM-nin 14.2, 77.1, 119.1 və 355-5.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

29. Ərizəçi həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv, ərizənin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

30. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ hissəsi, VM-in 11, 16.1.1, 23.1.15-3, 65, 77.1, 77.3, 78.1-ci maddələri üzrə - hazırkı iş üzrə inzibati orqanın borclu hüquqi şəxsin rəhbəri barədə tətbiq olunmasını istədiyi məhdudiyyət tədbiri qanuni olmaqla yanaşı, həm də çatmaq istədiyi məqsədə mütənasibdir. Hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə bağlı məhkəməyə müraciət edərkən iki mühüm amil əhəmiyyət kəsb edir: 1. Hüquqi şəxsin və vergi ödəyicisi olan fiziki şəxsin dövlət büdcəsinə borcunun olması; 2. Maraqlı şəxsin hüquqi şəxsin icra orqanının rəhbəri olması və ya vergi ödəyicisi olması. Belə ki, qanunvericiliyin tələbi baxımından qeyd olunan halların mövcudluğu şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması üçün əsasdır. Vergi qanunvericiliyi vergi öhdəliyinin təmin edilməsi ilə bağlı vergi orqanına verilmiş hüquqların ardıcıllığını və ya bir-birindən asılılığını müəyyən etməmişdir. Bu üsulların paralel, yaxud biri digərindən müstəqil şəkildə həyata keçirilməsi imkanı digərindən müstəqil şəkildə həyata keçirilməsi imkanı qanunvericiliklə məhdudlaşdırılmamışdır. Yəni vergi ödəyicisinin vergi borcunun ödənilməsini təmin etmək məqsədi ilə maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət edilməmişdən əvvəl vergi ödəyicisinin əmlakının siyahıya alınması üçün tədbirlərin görülməsi, siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddianın qaldırılmalı olması kimi məcburedici müddəa VM-də qeyd olunmamışdır. Qanunvericiliyin bu mövqeyi təsadüfi xarakter daşımır. Belə ki, fiskal funksiyaların, yəni dövlət büdcəsi və müvafiq fondlar qarşısında proqnoz tapşırıqların icrası zamanı çevikliyin gözlənilməsi dövlətin maliyyə təhlükəsizliyinin təminatı hesab olunur. Mövcud təcrübə və təhlillər göstərir ki, borcların vergi ödəyicisinin əmlakı hesabına ödənilməsi kifayət qədər vaxt və inzibati resurs tələb edən tədbirdir. Belə ki, siyahıya alınması mümkün olan əmlakın müəyyən edilməsindən həmin əmlakın özgəninkiləşdirilməsinə qədər olan çoxsaylı mərhələlərin keçilməsi həddindən artıq vaxt, eləcə də əlavə subyektlərin iştirakını (hərracın təşkilatçısı kimi çıxış edən müvafiq orqan və ticarət şəbəkələri) tələb edir və bir sıra hallarda yekunda əmlak satılmamış qaldığı üçün mülkiyyətçiyə qaytarılır. Göründüyü kimi bu tədbirin vergi öhdəliklərinin məcburi icrası vasitəsi olaraq önə çəkilməsi inzibati imkanların qənaəti prinsipi ilə qəti şəkildə uzlaşmır. Bundan fərqli olaraq, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması olduqca çevik, nəticəyönümlü, qənaətli, təsirli, yəni daha optimal bir vasitədir. Həmin tədbirin tətbiqi prosesinə sərf olunan vaxt və əldə edilən nəticə arasındakı nisbət digər üsulların analoji göstəricisi ilə müqayisə olunmaz dərəcədədir. Digər tərəfdən təhlillər göstərir ki, bir çox hallarda vergi ödəyicisinin adına müvafiq reyestrdə qeydiyyata alınmış müəyyən əmlaklara, xüsusiilə də daşınmaz əmlaklara münasibətdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il # #### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısı”na əsasən ümumiyyətlə tələbin yönəldilməsi mümkün olmur, yaxud vergi ödəyicisi mülkiyyətində olan nəqliyyat vasitəsini siyahıya alınması və sonrakı zəruri tədbirlərin görülməsi üçün təqdim etmir. Qeyd olunan məsələlərə kompleks yanaşaraq nəzərə almaq lazımdır ki, borclu vergi ödəyicilərinin say çoxluğu, borcun yaranma dinamikası hər bir vergi ödəyicisi üzrə ayrıca tədqiqat aparmağa, ölkədən getmək hüququnun məhdudlaşdırılması tədbirinin tətbiqi üçün məxsusi əsasların müəyyən edilməsinə və həmin halların müvafiq ərizələrdə əks etdirilməsinə imkan vermir. Məhkəmə tərəfindən irəli sürülən yanaşma isə vergi inzibatçılığının həddindən artıq yüklənməsinə gətirib çıxara bilər. Həmçinin, vergi orqanı tərəfindən ödəyiciyə 2021-ci il ## #### tarixli **************** nömrəli “vergi ödəyicisinin aktivləri barədə məlumat” formasının təqdim edilməsi haqqında məktubla müraciət edilmişdir. Lakin vergi ödəyicisi tərəfindən aktivlər barədə məlumat təqdim edilməmişdir və bu səbəbdən əmlakın siyahıya alınması ilə bağlı müvafiq tədbirlər həyata keçirilməmişdir. Vergi orqanı yaranmış vergi borcunun ödənilməsi ilə bağlı vergi ödəyicisinə VM-in 65.1-ci maddəsinə əsasən 2024-cü il # ###### tarixli **************** nömrəli bildiriş göndərmişdir. Bu bildiriş vergi orqanının ərizə ilə məhkəməyə müraciət etməsindən əvvəl göndərilmiş, lakin vergi ödəyicisi tərəfindən nəzərə alınmamış, vergi borcu ödənilməmişdir ödənilməmişdir. Bundan sonra maraqlı şəxsin istifadəsində olan +************ mobil nömrəyə 2024-cü il ## ##### saat 18:57-də borc ödənilmədikdə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət edilə biləcəyi barədə SMS bildiriş göndərilmişdir. Bundan sonra da maraqlı şəxs tərəfindən ödəniş edilmədiyindən vergi borclarının 15 gün müddətində ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə “Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” **************** nömrəli 2024-cü il 23 avcqust tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Eyni zamanda, maraqlı şəxsin aidiyyəti olduğu sahibkarlıq subyekti üzrə mövcud bank hesabına VM-in 65-ci maddəsində nəzərdə tutulmuş qaydada 2024-cü il # #### tarixli **************** nömrəli alınmalı sərəncam göndərilmişdir. Göründüyü kimi, vergi orqanı konstitusion hüquqların qorunmasının əhəmiyyətini nəzərə alaraq ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etməmişdən öncə, öz təşəbbüsü ilə qanunvericiliklə tələb olunmayan bir çox tədbirləri həyata keçirmişdir. Qeyd olunan tədbirlər nəticəsiz qaldığından vergi ödəyicisinin rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət edilmişdir. Şəxsi hesab vərəqəsinə əsasən vergi ödəyicisi “xxxx” MMC-nin hazırkı tarixə dövlət büdcəsinə 39.917,67 manat məbləğində (vergilər üzrə 11.651,97 manat, faizlər üzrə 28.265,70 manat olmaqla) ödənilməmiş borcu qalmışdır. Ölkədən getmək hüququnun məhdudlaşdırılması üçün məhkəməyə ərizə ilə müraciət etmək üçün VM-də məbləğ həddi nəzərdə tutulmamışdır. Məhkəmə iş üzrə obyektiv və ədalətli qərar qəbul edilməsi üçün üzərinə düşən vəzifələri icra etməmiş, borcun alınması üçün vergi orqanın görmüş olduğu digər tədbirləri (borcun alınması üçün bildiriş və xəbərdarlıqların göndərilməsi, bank hesablarına sərəncam qoyulması) nəzərə almamış, borcun alınmasında növbəliklə bağlı məsələyə istinad etməklə maddi hüquq normasını düzgün tətbiq etməmiş, nəticədə əsassız olaraq ərizəçinin tələbi təmin edilməmişdir.

31. MPM-in 217, 254 və 355-5.1-ci maddələri üzrə - məhkəmə tərəfindən qərar qəbul edilərkən MPM-in tələbləri pozulmuş, işdə olan sübutlar düzgün, hərtərəfli araşdırılmamış, təqdim edilmiş sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə ərizəni rədd edərək vergi orqanını VM və MPM ilə ona verilmiş təsir vasitələrindən ən təsirlisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması hüququndan məhrum etmiş və həmin hüququn realizəsini mümkünsüz etmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Kassasiya baxışının hədləri

33. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə tam yoxlanılacaqdır.

Tətbiq edilən hüquq

34. Azərbaycan Respublikası Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 28. Azadlıq hüququ III. Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər.”

“Maddə 71. Insan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı

II. Insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.”

35. Azərbaycan Respublikası Vergi Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.15-3. vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək;”

“Maddə 65. Vergilər üzrə borcların alınması qaydası 65.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir. 65.2. Bu Məcəllənin 65.2.1.1-ci və 65.2.1.4-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla digər hallarda vergi orqanının hesabladığı və ya yenidən hesabladığı vergilər, faizlər və ya tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit və ya elektron pul təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam verir. Bu zaman kredit və ya elektron pul təşkilatları və ya bank əməliyyatlarını aparan şəxslər tərəfindən hesablarda dondurulmuş vəsaitdən artıq olan pul vəsaitinə dair hesabdan məxaric edilməsini nəzərdə tutan vergi ödəyicisinin ödəmə tapşırıqları icra edilir. 65.2.1. Vergi orqanı aşağıdakı hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit və ya elektron pul təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verir: 65.2.1.1. vergi ödəyicisi tərəfindən hesablanmış və bəyan edilmiş vergilər bu Məcəllənin 65.1-ci maddəsi nəzərə alınmaqla müəyyən edilmiş müddətdə ödənilmədikdə; 65.2.1.2. vergi orqanının hesabladığı vergilər, faizlər və tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi ödəyicisi tərəfindən bu Məcəllənin 65.1ci maddəsində göstərilən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) şikayət verilmədikdə; 65.2.1.3. məhkəmənin müvafiq qərarı və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı olduqda həmin qərara uyğun olaraq; 65.2.1.4. vergi ödəyicisinin yazılı razılığı olduqda. 65.2.2. Vergi orqanının hesablamaları üzrə vergi ödəyicisi tərəfindən bu Məcəllənin 65.1-ci maddəsində göstərilən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) şikayət verildikdə kredit və ya elektron pul təşkilatı və ya bank əməliyyatları aparan şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qərarına və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarına uyğun olaraq və bu Məcəllənin 65.2.1.3-cü maddəsinə əsasən verilmiş sərəncamın icrasını təmin edir. 65.2.3. Vergi orqanı vergi ödəyicisinin ƏDV depoziti hesabından yalnız ƏDV üzrə vergi borclarının dövlət büdcəsinə alınmasını təmin edir. ƏDV üzrə vergi borclarının ödənilməsi üçün ƏDV depoziti hesabında vergi ödəyicisinin kifayət qədər vəsaiti olmadıqda, ƏDV üzrə vergi borclarının dövlət büdcəsinə alınması üçün həmin şəxsin digər hesablarına bu Məcəllədə nəzərdə tutulmuş qaydada sərəncam verilə bilər. 65.2.3-1. Bu Məcəllənin 65.2.1.1-ci və 65.2.1.4-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla digər hallarda vergi orqanının hesabladığı və ya yenidən hesabladığı ƏDV üzrə vergi, faiz və ya tətbiq etdiyi maliyyə sanksiyası üzrə borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin vergi ödəyicisinin ƏDV depozit hesabında dondurulması barədə vergi orqanı tərəfindən qərar qəbul edilir. 65.2.3-2. Vergi orqanının hesablamaları üzrə vergi ödəyicisi tərəfindən bu Məcəllənin 65.1-ci maddəsində göstərilən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) şikayət verilmədikdə vergi orqanı tərəfindən ƏDV depozit hesabından ƏDV üzrə vergi borcunun, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması həyata keçirilir. 65.2.3-3. Vergi orqanının hesablamaları üzrə vergi ödəyicisi tərəfindən bu Məcəllənin 65.1-ci maddəsində göstərilən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) şikayət verildikdə bu Məcəllənin 65.2.3-1-ci maddəsinə uyğun olaraq dondurulmuş ƏDV depozit hesabından ƏDV üzrə vergi, faiz və tətbiq edilmiş maliyyə sanksiyası üzrə borcların alınması məhkəmənin qanuni qüvvəyə minmiş qərarına və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən “Inzibati icraat haqqında” AzərbaycanRespublikasının Qanununa uyğun olaraq qəbul edilmiş qərara uyğun həyata keçirilir. 65.3. Vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında vəsait olduqda vergi orqanının sərəncamı kredit və ya elektron pul təşkilatı tərəfindən həmin sərancamın daxil olduğu gün icra edilir. 65.4. Vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında vəsait olmadıqda və ya o, vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinə, yaxud bu Məcəllə ilə müəyyən edilən həcmdə vəsaitin dondurulmasına kifayət etmədikdə vergi orqanının sərancamı kredit və ya elektron pul təşkilatında saxlanılır və vergi ödəyicisinin hesablarına vəsait daxil olduqca icra edilir. 65.7. Vergi orqanlarının vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması haqqında sərəncamı vergi ödəyicisinin xarici valyutada olan hesabına yönəldildikdə, kredit və elektron pul təşkilatı və ya poçt rabitəsinin milli operatoru həmin gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi məzənnə ilə sərəncamda göstərilən məbləğin 105 faizinədək hesabdakı valyuta vəsaitini dondurur və dərhal bu barədə vergi ödəyicisinə məlumat göndərir. Vergi ödəyicisi tərəfindən konvertasiya əməliyyatı aparıldıqdan sonra kredit və elektron pul təşkilatı vergi orqanının sərəncamını icra edir. 65.7-1. Vergi ödəyicisi tərəfindən onun bank və digər ödəniş hesabında xarici valyutada olan pul vəsaiti hesaba vergi orqanının sərəncamı daxil olduğu gündən 10 əməliyyat günü ərzində konvertasiya edilmədikdə, növbəti iş günü ərzində Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnə ilə xarici valyutada olan dondurulmuş pul vəsaiti kredit və ya elektron pul təşkilatı tərəfindən konvertasiya edilməklə sərəncam icra edilir. Bu maddə ilə müəyyən edilmiş 10 əməliyyat günü müddətində vergi orqanı tərəfindən yeni sərəncam göndərildiyi halda həmin sərəncamda göstərilən vergi borcunun məbləği vergi orqanının əvvəlki sərəncamına münasibətdə azalmışdırsa, 10 əməliyyat günü müddəti əvvəlki sərəncamın tarixindən hesablanır. Bu maddə ilə müəyyən edilmiş 10 əməliyyat günü müddətində vergi orqanı tərəfindən yeni sərəncam göndərildiyi halda həmin sərəncamda göstərilən vergi borcunun məbləği vergi orqanının əvvəlki sərəncamına münasibətdə artmışdırsa, 10 əməliyyat günü müddəti əvvəlki sərəncamda göstərilən vergi borcu üzrə həmin sərəncamın tarixindən, artan vergi borcu məbləğinə münasibətdə isə yeni sərəncamın daxil olduğu tarixdən hesablanır. Kredit və ya elektron pul təşkilatının xarici valyutanın konvertasiya edilməsinə kifayət edəcək məbləğdə milli valyutası olmadıqda konvertasiya əməliyyatı mövcud olan milli valyutaya uyğun həyata keçirilməklə sərəncam icra edilir və hər dəfə kredit və ya elektron pul təşkilatının hesabına milli valyuta daxil olduqca icra edilir. 65.7-2. Vergi orqanının vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında vergilər, faizlər və ya maliyyə sanksiyaları üzrə borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında sərəncamı vergi ödəyicisinin bir neçə kredit və ya elektron pul təşkilatında olan hesablarına verildikdə və bu zaman borc məbləği vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından hər hansı biri üzrə dondurulduqda, həmin vəsaitin dondurulmasını təmin edən kredit və ya elektron pul təşkilatı vergi ödəyicisinin müraciəti əsasında bu barədə məlumatı vergi orqanına elektron qaydada təqdim edir. Vergi orqanı təqdim olunan məlumat əsasında digər kredit və ya elektron pul təşkilatlarına verilən sərəncamların 1 iş günü müddətində geri qaytarılmasını təmin edir. 65.7-3. Vergi orqanının vergi ödəyicisinin eyni kredit və ya elektron pul təşkilatında olan bir neçə hesablarına verilmiş vergilər, faizlər və ya maliyyə sanksiyaları üzrə borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında sərəncamları olduqda və bu zaman borc məbləği vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından hər hansı biri üzrə dondurulduqda, vergi orqanı həmin kredit və ya elektron pul təşkilatının elektron müraciəti əsasında digər hesablar üzrə sərəncamların 1 iş günü müddətində geri qaytarılmasını təmin edir.”

“Maddə 89. Əmlakın siyahıya alınması 89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. 89.3. Vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bu Məcəllənin 65.1-ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər. Məlumatın vaxtında verilməməsinə görə vergi ödəyicisi bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır. Vergi ödəyicisinin vergi öhdəliyini yerinə yetirməkdən boyun qaçırması barədə vergi orqanının kifayət qədər əsası olduqda, habelə vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə eyni zamanda ondan vergi öhdəliyini dərhal ödəməyi tələb edə bilər. Vergi ödəyicisi bu maddənin ikinci abzasında nəzərdə tutulmuş hallarda vergi öhdəliyini yerinə yetirmədikdə, vergi orqanı özünün əsaslandırılmış qərarı əsasında vergi ödəyicisinin əmlakının siyahıya alınmasını həyata keçirə bilər. Təxirəsalınmaz hallar istisna olunmaqla, gecə vaxtı (axşam saat 20.00dan səhər saat 8.00-qədər) əmlakın siyahıya alınmasına yol verilmir. 89.4. Vergi ödəyicisi olan hüquqi şəxsin bütün əmlakı, vergi ödəyicisi olan fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa digər əmlakı siyahıya alına bilər. 89.5. Yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır. 89.6. Əmlakın siyahıya alınması bu Məcəllənin 89.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı ardıcıllıqla həyata keçirilir: nağd pul vəsaitləri; bilavasitə məhsulların (malların) istehsalında iştirak etməyən əmlak (qiymətli kağızlar, valyuta dəyərliləri, qeyri-istehsal binaları, minik avtonəqliyyatı, xidmət otaqlarının dizayn əşyaları və sair); hazır məhsullar (mallar), habelə istehsalda iştirak etməyən və (və ya) bilavasitə istehsalda iştirakı nəzərdə tutulmayan digər maddi qiymətlilər; istehsalda bilavasitə iştirakı nəzərdə tutulmuş xammal və materiallar, habelə dəzgahlar, avadanlıqlar, binalar, qurğular və digər əsas vəsaitlər; inventarizasiya aparılmaqla digər əmlak.

36. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.”

“Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.”

“Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.”

Maddə 355-5. Ərizənin verilməsi 355-5.1. vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.”

“Maddə 392. Apellyasiya instansiyası məhkəməsi qətnaməsinin məzmunu 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.”

“Maddə 407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.”

“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1.Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.

38. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.

39. Kassasiya şikayətində qeyd edilən maddi hüquq normalarının pozulması barədə dəlillər isə əsaslı hesab edilə bilməz.

40. Belə ki, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab etmir və bildirir ki, apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi hallar üzrə hüquqi dəyərləndirməsi şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə tam cavab verir. Kollegiya həmin hüquqi dəyərləndirmə ilə razılaşır və təkrarlanmasına zərurət görmür.

41. Kassasiya şikayətində qeyd edilən maddi və prosessual hüquq normalarının pozulmasının işin hallarına və sübutlara düzgün qiymət verilməməsi ilə əlaqələndirilməsi isə əsassızdır.

42. Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirinə görə kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.

43. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının və sübutların araşdırılması və qiymətləndirilməsi ilə bağlı məsələ işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilibverilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır.

44. Apellyasiya instansiyası məhkəməsi də öz səlahiyyətləri daxilində sübutları və işin hallarını qiymətləndirmiş və müəyyən etdiyi hallara əsasən kassasiya şikayətində qeyd edilən maddi hüquq normalarının pozulmasına yol verməmişdir.

45. Kassasiya şikayətində qeyd olunan prosessual hüquq normalarının pozulması barədə dəlillər o vaxt əsaslı hesab edilə bilərdi ki, apellyasiya məhkəməsi tərəfindən MPM-in 14.1, 217.3, 218.1-ci maddələrinin tələbləri pozularaq işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasın, ərizəçinin istinad etdiyi dəlillərə və təqdim edilmiş sübutlara qiymət verilməsin, habelə məhkəmə qətnaməsi əsaslandırılmasın. Lakin hazırkı işdə həmin pozuntulara yol verilməmiş, habelə MPMin 392.2-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini qətnamədə göstərmişdir.

46. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

47. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDI:

Ərizəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il # ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar