Məhkəmə qərarları › İş №2-2(1-8)-177/2026

Ali Məhkəmə Qərar — İş №2-2(1-8)-177/2026

04.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-177/2026 04.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının İddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsi, alınmış əşyanın ödənilməsi, öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı “xxxx” QSC (bundan sonra – “iddiaçı”) cavabdeh Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 64.703,97 manat əsas borc, gecikdirilmiş dövr üçün 269,60 manat, hüquqi xidmətin göstərilməsi üçün 2.500 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 293 manat olmaqla, cəmi 67.766,57 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, 2025-ci il # ### tarixində, iddiaçı cavabdehdən PW**/SK-****C nömrəli və *****/TOVH/MT-****İ nömrəli 2 ədəd satınalma sifarişi almışdır. Sifarişlərə uyğun olaraq iddiaçı tərəfindən cavabdehə ümumilikdə 64.703,97 manat dəyərində mal təhvil verilmişdir. Lakin cavabdeh öz üzərinə düşən öhdəliyi icra etmədiyindən, iddiaçı qarşısında 64.703,97 manat borc öhdəliyi aranmışdır. İddiaçının cavabdehdən aldığı sifariş üzrə malların qarşı tərəfə faktiki olaraq təhvil verilməsi 2 ədəd təhvil-təslim aktı və 2 ədəd elektron qaimə ilə sübut olunur. Belə ki, 2025-ci il # ### tarixli İSÖ *********** nömrəli və 2025-ci il # ### tarixli İSÖ *********** nömrəli malların təhvil qəbul aktları iddiaçı tərəfindən cavabdehə sifariş predmetinə uyğun olaraq malların təhvil verildiyini, cavabdeh tərəfindən isə həmin malların qüsursuz vəziyyətdə və sifariş şərtlərinə uyğun olaraq qəbul olunduğunu təsdiq edir. Həmin aktlar hər iki tərəfin səlahiyyətli nümayəndələri tərəfindən imzalanmaqla, malların təhvil verilməsi faktının qarşılıqlı razılıqla həyata keçirildiyini göstərir. Bununla yanaşı, iddiaçı tərəfindən təqdim olunmuş 2025-ci il # #### tarixli MT2506 seriyalı, ******** nömrəli və 2025-ci il # #### tarixli MT2506 seriyalı ******** nömrəli elektron qaimələr malların növü, miqdarı və ümumi dəyəri barədə məlumatları ehtiva edir. Qaimələrin təqdim olunması malların satılması və təhvil verilməsi üzrə iddiaçı tərəfindən öhdəliyin icrasını təsdiq edən əlavə sənədlərdir. İddiaçı tərəfindən 2025-ci il ## #### tarixində cavabdehə pretenziya məktubu göndərilmiş, lakin nəticəsi olmamışdır. Həmçinin, cavabdeh tərəfindən borcun gecikdirilməsi üzrə məbləğ 1 ay əsasında ((64 703.97 *5%)/12)*1= 269.60 manat təşkil edir.

3. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının qanuni təmsilçisi qismində çıxış edən X1 eyni zamanda “İnteqral” QSC-nin (VÖEN **********) qanuni təmsilçisidir və hər iki şirkətlə cavabdeh arasında əməkdaşlıq mövcud olmuşdur. Belə ki, 2022-ci il # ###### tarixində cavabdeh ilə “İnteqral” QSC arasında INT***/******** nömrəli qeyri-qida mallarının təchizatı müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə İnteqral tərəfindən cavabdehə 39.679,65 manat dəyərində məhsul təchiz olunmuş, lakin məhsullarda olan qüsur səbəbindən məhsullar qaytarma aktı əsasında İnteqrala geri qaytarılmışdır. Məhsulların akt əsasında tam formada geri qaytarılmasına baxmayaraq, cavabdeh tərəfindən həmin məhsullara görə İnteqrala ödənilmiş məbləğ cavabdehə geri ödənilməmişdir. Nəticədə, “İnteqral” QSC-nin müqavilə üzrə cavabdehə 39.679,65 manat məbləğində borc öhdəliyi yaranmışdır. Cavabdeh bu borcun ödənilməsi üçün İnteqrala dəfələrlə müraciət etsə də, İnteqral öhdəliyini icra etməyərək cavabdehə olan borcunu ödəməkdən imtina etmişdir. Daha sonra cavabdeh borc məbləğinin əvəzləşdirilməsi məqsədilə İnteqrala yeni məhsul sifarişi vermişdir. Bu sifarişlər isə İnteqrala aidiyyəti olan şirkət - iddiaçı tərəfindən təchiz olunub. Sifariş İnteqralın cavabdehə olan borcunun əvəzləşdirilməsi məqsədilə verildiyindən həmin sifariş üçün cavabdeh tərəfindən hər hansı ödəniş edilməsi nəzərdə tutulmayıb. İddiaçı İnteqralın cavabdehə borclu olduğundan xəbərdar olduğu halda əvəzləşməni qəbul etməyərək sifarişin dəyərinin ödənilməsi üçün cavabdehə pretenziya ünvanlamışdır. Pretenziyaya cavab olaraq, əvəzləşmə edilmədiyi halda cavabdehin ləngitmə hüququndan istifadə edəcəyi və iddiaçıya müvafiq sifarişin dəyərinin yalnız İnteqralın cavabdehə olan borcunun ödənilməsindən sonra icra olunacağı bildirilmişdir. İddiaçı bununla da razılaşmayıb əsassız olaraq məhkəməyə müraciət etmişdir. Cavabdeh hazırda 500-dən çox təchizatçı və podratçı ilə müqavilə əsasında əməkdaşlıq etməkdədir. Cavabdeh bağladığı bütün müqavilələr, habelə verdiyi bütün sifariş tapşırıqları üzrə ödəniş və digər öhdəliklərini bu günədək heç bir gecikmə olmadan icra etmişdir və indiyədək heç bir təchizatçı tərəfindən “Bravo ödənişimi etmir” əsası ilə iddia irəli sürülməyib. Nəticədə, cavabdeh öz tələblərinin təmini məqsədilə İnteqralın ona olan borcuna münasibətdə əvəzləşdırmə hüququndan, bu mümkün olmadıqda isə öhdəliyin icrasının ləngidilməsi hüququndan istifadə etmişdir. Əvəzləşdirilmə məqsədilə verilən sifariş cavabdeh tərəfindən İnteqrala göndərilmiş, lakin sifariş aidiyyəti olan şəxs iddiaçı tərəfindən icra edilmişdir. Beləliklə, iddiaçı cavabdehin iddiaçı ilə aidiyyəti olan şəxslə bağladığı müqavilə üzrə hüquqlarının təmini üçün etdiyi müraciətə məhəl qoymadan əsassız şəkildə məhkəməyə müraciət etmişdir. Cavabdehin məqsədi öz öhdəliklərinin icrasından yayınmaq deyil, yalnız iddiaçıya aidiyyəti olan şəxslə bağlanmış müqavilə üzrə pozulmuş hüquqlarının bərpası olmuşdur.

4. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il # ####### tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim – Ü.Həsənova).

5. Məhkəmə iddianı əsas borcun ödənilməsi hissəsində əsaslı hesab edərək bildirmişdir ki, tərəflər arasında 2025-ci ilin may ayında şifahi alqı-satqı müqaviləsi bağlanmış, cavabdehin 2025-ci il # ### tarixli sifarişləri əsasında iddiaçı tərəfindən ona 2025-ci il # ### tarixində ümumilikdə 52.299,96 manat, 2025-ci il # ### tarixində 12.404,01 manat məbləğində mallar təhvil verilmiş, cavabdeh tərəfindən mallar qəbul edilmiş, lakin dəyəri ödənilməmişdir. Cavabdehin öz öhdəliyini lazımınca icra etməməsi iddiaçıya bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

6. Məhkəmə cavabdehin göstərilən malların “İnteqral” QSC-nin ona olan borcunun əvəzi qismində borcun əvəzləşdirilməsi məqsədilə verilmiş olması, bu səbəbdən dəyərini ödəməli olmaması barədə dəlilini əsassız hesab etmişdir. Belə ki, kommersiya qurumlarının dövlət reyestr məlumatlarından müəyyən olunanlara görə, “İnteqral” QSC və iddiaçı ayrı-ayrı hüquqi şəxslər olmaqla müstəqil balansa, habelə əmlaka malikdir, biri digərinin öhdəliklərinə görə məsuliyyət daşımır.

7. Hazırkı halda, iddiaçının özünün bildirdiyi kimi iddiaçı hüquqi şəxsin deyil, digər hüquqi şəxsin cavabdeh qarşısında icra edilməli 39.679,65 manat pul öhdəliyi mövcuddur, bu səbəbdən iddiaçının hazırkı tələbi ilə cavabdehin digər borcluya qarşı olan həmin tələbinin əvəzləşdirilməli olması barədə cavabdehin dəlili əsassız olmuşdur.

8. Bundan əlavə, cavabdehin 39.679,65 manat borcun əvəzinə ona 64.703,97 manat dəyərində malların verilmiş olması barədə arqumenti ağlabatan olmamışdır. Belə ki, cavabdehin nümayəndəsi məhkəmə iclasında yazılı etirazında göstərilənlər nəzərə alındıqda, hansı səbəbdən ona 25.024,32 manat artıq məbləğdə malın verilməsinin səbəbini izah edə bilməmişdir.

9. Cavabdeh ona iddiaçı tərəfindən təqdim edilmiş elektron qaimələrə etiraz etməmiş, onlara düzəlişə göndərməmiş, ləğv olunmasını iddiaçıdan tələb etməmişdir. Bu səbəbdən, iddiaçı 64.703,97 manat borcun ödənilməsini tələb etməklə haqlı olmuşdur.

10. Məhkəmə iddianı “illik 5 faizlə hesablanmış 269,60 manat faiz borcunun tutulması” hissəsində də əsaslı hesab edərək bildirmişdir ki, iddiaçı ərizəsində borclunun icranın gecikdirməsi nəticəsində əsas borc (64.703,97 manat) üzrə ona vurulmuş zərər qismində bir aylıq dövr üzrə 269,60 manat pulun ödənilməsi tələbini də irəli sürmüşdür. Lakin borcun gecikdirilməsi faktı işin materialları ilə təsdiq olunduğundan, məhkəmə iddiaçının həmin tələbi də əsaslı olması qənaətinə gəlmişdir.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 386.1, 398.1, 399.1, 442, 445.1, 445.2, 445.7, 448.1, 448.2, 540.1, 567, 598.1, 598.2, 600.1 və 600.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1 və 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

12. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddianın rədd olunmasını xahiş etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya 2025-ci il ## ###### tarixli *- *(***)-****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – L.Əliyeva, hakimlər – Z.Şirinov və T.Mahmudova).

14. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı ƏDV daxil 64.703,97 manat məbləğində malların təqdim olunması faktını sübuta yetirmək məqsədilə cavabdeh tərəfindən etiraz edilməmiş və düzəliş üçün geri qaytarılmamış elektron qaimələrlə yanaşı, malların təhvil verilməsinə dair təhvil-qəbul aktlarını da məhkəməyə təqdim etmişdir. Bundan əlavə iddiaçı tərəfindən malların təqdim olunması faktı cavabdeh tərəfindən də mübahisələndirilməmişdir. Həmin mallara görə ödəniş edilməsi isə cavabdeh tərəfindən sübuta yetirilməmişdir.

15. Cavabdeh apellyasiya şikayətində mübahisəli borcun “İnteqral” QSC-nin cavabdeh qarşısında mövcud öhdəlikləri ilə əvəzləşdirilməsi, eləcə də ümumiyyətlə mübahisəli malların məhz həmin borcun əvəzləşdirmək məqsədilə bağlanması barədə arqument irəli sürmüş və bu arqumenti əsaslılığını sübuta yetirmək üçün cavabdehlə “İnteqral” QSC arasında bağlanmış qeyri-qida mallarının təchizatına dair müqaviləni, habelə həmin kommersiya münasibətlərini təsdiq edən əlavə sənədləri məhkəməyə təqdim etmişdir.

16. Birincisi, istinad olunan tələblərin qarşılıqlı tələblər olduğu da iş materialları ilə təsdiqlənməmişdir. Əvəzləşdirmənin əsas şərtlərindən biri tərəflərin bir-birinə münasibətdə eyni zamanda həm borclu, həm də kreditor olmalarıdır. Cavabdehin əvəzləşdirilməsini iddia etdiyi öhdəliklər isə eyni şəxslər arasında yaranmamışdır. Bundan əlavə iş materiallarında tərəflər və “İnteqral” QSC arasında tələbin güzəşti və borcların tam və ya qismən əvəzləşdirilməsinə dair yazılı razılaşmaların (razılaşmanın) mövcud olmasını təsdiq edən hər hansı sübut mövcud olmamışdır. Göstərilənlər əvəzləşdirmə yolu ilə öhdəliklərin xitam olunmasına dair dəlilləri əsassız olmasına dəlalət etmişdir. Odur ki, iddiaçı təqdim olunmuş malların dəyəri olan ƏDV daxil 64.703,97 manat pulun tutulmasını cavabdehdən tələb etmək hüququna malik olmuşdur.

17. Həmçinin kollegiya cavabdehin alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsinin gecikdirməsinin iş materialları ilə öz təsdiqini tapdığını nəzərə alaraq, əsasən pul öhdəliyinin icrasının gecikdirilməsinə görə illik 5% ilə hesablanmaqla cavabdehdən 269,60 manat məbləğində faizlərin tutulmasına dair hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmişdir.

18. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 442, 445.7, 448.1, 540.1, 567 və 598.1-ci maddələrinə, MPM-in 77.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.

19. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv, iddianın rədd olunmasını xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

20. MM-in 5.3, 386, 403, 425, 441, 560 və 562-ci maddələri üzrə - apellyasiya məhkəməsi iş üzrə maddi hüquq normalarını düzgün tətbiq etməmiş, MM-in 425, 560 və 562-ci maddələrinin tələblərini nəzərə almamışdır. Belə ki, iddiaçı və “İnteqral” QSC formal olaraq ayrı hüquqi şəxslər olsa da, hər iki hüquqi şəxsin qanuni təmsilçisi eyni şəxsdir və aralarında iqtisadi və idarəetmə bağlılığı mövcuddur. İddiaçıya verilən sifariş “İnteqral” QSC-nin cavabdehə olan borc öhdəliyinin əvəzləşdirilməsi məqsədi daşımışdır. Buna baxmayaraq, iddiaçı “İnteqral” QSC ilə bağlılığını inkar etmiş və qarşılıqlı borcun əvəzləşdirilməsindən imtina edərək “formal hüquqi müstəqillikdən” istifadə etməklə ödəniş tələb etmişdir. Bu davranış formal hüquqi konstruksiyadan istifadə etməklə maddi hüququn məqsədinə zidd nəticə əldə etməyə yönəlmiş və mülki qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Apellyasiya məhkəməsi isə bu xüsusatı qiymətləndirməmişdir. Hazırkı işdə “İnteqral” QSC-nin cavabdehə icra edilməmiş borc öhdəliyi mövcud olmuşdur. İddiaçıya verilmiş sifariş həmin borcun əvəzləşdirilməsi məqsədilə həyata keçirilmiş və iddiaçı bundan məlumatlı olmuşdur. Tərəflər arasında yuxarıda qeyd edilən iqtisadi məntiq mövcud olmuşdur. Cavabdeh tərəfindən əvəzləşmə ilə bağlı iradə ifadəsi açıq şəkildə bildirilmişdir. Apellyasiya məhkəməsi qarşılıqlı tələblərin mövcudluğunu və onların əvəzləşdirilməsi imkanını maddi hüquq baxımından düzgün qiymətləndirməmişdir. Hazırkı işdə “İnteqral” QSC-nin cavabdehə qarşı borcu icra olunmamışdır. Cavabdeh tərəfindən bu hal barədə məlumat verilmiş, əvəzləşmə baş tutmadığı halda icranın ləngidiləcəyi açıq şəkildə bildirilmişdir. Buna baxmayaraq, apellyasiya məhkəməsi cavabdehin ləngitmə hüququnu nəzərə almamış və icranın gecikdirilməsini əsassız hesab etmişdir. Bu isə MM-in 562-ci maddəsinin düzgün tətbiq edilməməsi deməkdir. Cavabdeh malın faktiki qəbul olunmasını inkar etmir. Mübahisə predmeti malın mövcudluğu deyil, ödəniş öhdəliyinin qarşılıqlı əvəzləşmə və ləngitmə hüququ çərçivəsində icra edilməməsinin hüquqi əsaslı olub-olmamasıdır. Bu səbəbdən məhkəmə maddi hüquqi münasibətlərin real iqtisadi mahiyyətini nəzərə almalı idi. Bundan əlavə, iddiaçı ilə iqtisadi bağlılığı olan “İnteqral” QSC-yə qarşı cavabdeh tərəfindən Bakı Kommersiya Məhkəməsində ayrıca iddia qaldırılmış və həmin iş hazırda məhkəmə icraatındadır. Bu işlər üzrə hər iki hüquqi şəxsin qanuni təmsilçisi eyni şəxsdir, hər iki işdə eyni vəkil iştirak edir. Malların qəbulu və qaytarılması ilə bağlı aktlarda eyni şəxslərin imzaları mövcuddur. Buna baxmayaraq, iddiaçı tərəf malların qəbul olunmasını və aktlardakı imzaları mübahisələndirməmiş, həmin sənədləri sübut kimi qəbul etmişdir. Lakin cavabdeh tərəfindən “İnteqral” QSC-yə qarşı qaldırılan iddia üzrə hazırda baxılan işdə eyni vəkil tərəfindən, eyni mahiyyətli sənədlər üzrə imzalar mübahisələndirilir və onların cavabdehə məxsus olmadığı iddia olunur. Bu ziddiyyətli prosessual davranış MMin 5.3-cü maddəsində təsbit edilmiş vicdanlılıq prinsipinə, mülki dövriyyənin sabitliyi və hüquqi müəyyənlik prinsipinə, prosessual davranışın ardıcıllığı tələbinə ziddir. Mülki hüquqda qəbul edilmiş ümumi prinsipə görə, tərəf eyni faktiki vəziyyət üzrə bir işdə müəyyən hüquqi mövqeni qəbul edib, digər işdə həmin mövqeni inkar etməklə ziddiyyətli davranış nümayiş etdirə bilməz. Bu hal həmçinin tərəflər arasında formal hüquqi müstəqillik olsa da, faktiki iqtisadi və idarəetmə bağlılığının mövcudluğunu dolayı sübut edir. Apellyasiya məhkəməsi hüquqi şəxslər arasında iqtisadi bağlılıq məsələsini qiymətləndirərkən bu cür prosessual davranışın hüquqi nəticələrini nəzərə almamışdır. Bu isə maddi hüququn düzgün tətbiq edilməməsinə və işin hallarının natamam araşdırılmasına səbəb olmuşdur.

21. MPM-in 88 və 217-ci maddələri üzrə - apellyasiya məhkəməsi bu normaların tələblərini pozmuşdur. Belə ki, hüquqi şəxslər arasındakı iqtisadi bağlılıq, qarşılıqlı borcun mövcudluğu, əvəzləşmə iradəsinin bildirilməsi, ləngitmə hüququnun tətbiqi məhkəmə tərəfindən hərtərəfli qiymətləndirilməmişdir. Nəticədə maddi hüquq normalarını düzgün tətbiq olunmamış və sübutlara birtərəfli qiymət verilmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.

Kassasiya baxışının hədləri

23. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə tam yoxlanılacaqdır.

Tətbiq edilən hüquq

24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.”

“Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.”

“Maddə 445. Borclunun icranı gecikdirməsi 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.”

“Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.”

“Maddə 540. Öhdəliklərin əvəzləşdirilməsinin mümkünlüyü 540.1. Əgər iki şəxs arasında mövcud olan qarşılıqlı tələblərin icra müddəti çatmışsa, həmin tələblərə onların əvəzləşdirilməsi yolu ilə xitam verilə bilər.”

“Maddə 562. Ləngitmə hüququ 562.1. Əgər bu Məcəlləyə və ya müqaviləyə görə borclunun kreditor barəsində hüququ və ya bununla əlaqədar ödəniş müddəti çatmış tələbi varsa, borclu onun barəsində öhdəlik icra edilənədək öz öhdəliyinin icrasından imtina edə bilər (ləngitmə hüququ).”

“Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.”

“Maddə 598. Alınmış əşyanın ödənilməsi 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.”

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.”

“Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.”

“Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.”

“Maddə 392. Apellyasiya instansiyası məhkəməsi qətnaməsinin məzmunu 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.”

“Maddə 407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.”

“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”

Kassasiya instansiya məhkəməsinin mövqeyi

26.Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir. 27.Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir. 28.Kassasiya şikayətində qeyd edilən maddi hüquq normalarının pozulması barədə dəlillər isə əsaslı hesab edilə bilməz. 29.Belə ki, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab etmir və bildirir ki, apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi hallar üzrə hüquqi dəyərləndirməsi şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə tam cavab verir. Kollegiya həmin hüquqi dəyərləndirmə ilə razılaşır və təkrarlanmasına zərurət görmür. 30.Əlavə olaraq, kollegiya qeyd edir ki, MM-in 562.1-ci maddəsinin tələbləri baxımından ləngitmə hüququ yalnız öhdəliyin tərəfləri arasında mövcud olan qarşılıqlı hüquq münasibətlərindən irəli gələn tələblər əsasında həyata keçirilə bilər. 31.Apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi hallardan isə görünür ki, cavabdehin istinad etdiyi tələb iddiaçıya deyil, digər hüquqi şəxs olan “İnteqral” QSC-yə qarşı yönəlmişdir. Buna görə də MM-in 562.1-ci maddəsində nəzərdə tutulan ləngitmə hüququnun tətbiqi üçün zəruri olan dispozisiya şərtlərinin mövcudluğu müəyyən edilmir. 32.Öhdəliklərin əvəzləşdirilməli olması ilə bağlı kassasiya şikayətinin dəlillərinə dair qeyd edilir ki, MM-in 540.1-ci maddəsinin tələbləri baxımından əvəzləşdirmə institutunun tətbiqi üçün zəruri şərtlərdən biri qarşılıqlılıq şərtinin mövcud olmasıdır. Bu isə tərəflərin eyni hüquq münasibətində bir-birinə münasibətdə eyni zamanda həm kreditor, həm də borclu qismində çıxış etmələrini nəzərdə tutur. 33.Apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi hallardan isə görünür ki, cavabdehin əvəzləşdirilməsini tələb etdiyi pul tələbi iddiaçıya qarşı deyil, digər hüquqi şəxs olan “İnteqral” QSC-yə qarşı yönəlmişdir. Eyni zamansa, iddiaçı ilə “İnteqral” QSC arasında tələbin güzəşti, borcun köçürülməsi və ya cavabdehin istinad etdiyi öhdəliklərin iddiaçıya keçməsini təsdiq edən hər hansı sübutun mövcudluğu da müəyyən edilməmişdir. 34.Kassasiya şikayətində qeyd edilən maddi və prosessual hüquq normalarının pozulmasının işin faktiki hallarının və sübutların düzgün qiymətləndirilməməsi ilə əlaqələndirilməsi isə əsassızdır. 35.Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirinə görə kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz. 36.Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012ci il ## ###### tarixli Qərarında da qeyd edilmişdir ki, ...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPMin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il ## ##### tarixli Qərarı). 37.Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının və sübutların qiymətləndirilməsi ilə bağlı məsələ işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilib-verilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır. 38.Kassasiya şikayətində qeyd olunan prosessual hüquq normalarının pozulması barədə dəlillər o vaxt əsaslı hesab edilə bilərdi ki, apellyasiya məhkəməsi tərəfindən MPM-in 14.1, 217.3, 218.1-ci maddələrinin tələbləri pozularaq işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasın, cavabdehin istinad etdiyi dəlillərə və təqdim edilmiş sübutlara qiymət verilməsin, habelə məhkəmə qətnaməsi əsaslandırılmasın. Lakin hazırkı işdə həmin pozuntulara yol verilməmiş, habelə MPM-in 392.2-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini qətnamədə göstərmişdir. 39.Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. 40.Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDI:

Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar