Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-191/2026 17.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının Iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsindən irəli gələn öhdəliklərin icra edilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Şamayev Elşad Yaquboviç və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair” kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının *-*(***)-****/**** nömrəli 2025-ci il ## ###### tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları
1. Satıcı qismində İddiaçı MMC ilə alıcı qismində Cavabdeh arasında bağlanmış 2022-ci il ## ###### tarixli, UNIT **/**** nömrəli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən bu müqavilə əsasında satıcı hazırkı müqavilənin 2-ci maddəsində göstərilən və gələcəkdə mal adlandırılacaq ehtiyat hissələrini alıcıya satır, alıcı isə malı alır və dəyərini ödəyir. Həmin müqavilənin: - 2.5-ci bəndinə əsasən ödəniş alıcı tərəfindən alınacaq hər malın dəyərini vergilər daxil olmaqla razılaşdırılmış qaydada satıcının bank hesabına köçürmə yolu ilə və ya nağd olaraq həyata keçirir. - 2.7-ci bəndinə əsasən müqavilənin 2.5-ci maddəsində nəzərdə tutulan sonradan ödəmə şərtində alıcı aldığı malın dəyərini malı əldə etdikdən sonra elektron qaimə-faktura təqdim edilən tarixdən etibarən 7 təqvim günündən gec olmayaraq satıcıya ödəməlidir. - 2.8-ci bəndinə əsasən alıcı aldığı malın dəyərinin ödənməsini gecikdirərsə, satıcı alıcıya mal buraxılışını dayandıra və ödənişini tələb edə bilər.
2. İddiaçı MMC tərəfindən ümumi dəyəri ƏDV ilə birlikdə 15412,6 manat təşkil edən ##.##.2022-ci il tarixli, EBCD seriyalı, ****** nömrəli, ##.##.2022-ci il tarixli, EBCJ seriyalı, ****** nömrəli, ##.##.2022-ci il tarixli, EBCL seriyalı, ****** nömrəli, ##.##.2022-ci il tarixli, EBCM seriyalı, ****** nömrəli, ##.##.2023-cü il tarixli, EBCM seriyalı, ****** nömrəli, ##.##.2023-cü il tarixli, EBCN seriyalı, ****** nömrəli, ##.##.2023-cü il tarixli, EBCO seriyalı, ****** nömrəli və ##.##.2023-cü il tarixli, EBDF seriyalı, ****** nömrəli elektron qaimələr göndərilmişdir.
3. Cavabdeh göndərilmiş 2024-cü il ## #### tarixli pretenziya məktubu ilə müqavilə üzrə yaranmış borcun 3 (üç) gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.
Iş üzrə məhkəmə icraatı
a) Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ödənilməmiş 13061,55 manat məbləğində əsas borc, 2351,05 manat məbləğində ƏDV borcu, 770,63 manat məbləğində cərimə olmaqla, cəmi 16182 manat məbləğində pulun, hüquqi xidmətə görə ödənilmiş 700 manat xidmət haqqı, 139 manat dövlət rüsumunun Cavabdeh (bundan sonra – “cavabdeh”) tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Iddia tələbi işin yuxarıda sadalanan faktiki hallarına istinadla belə əsaslandırılmışdır ki, alqı-satqı müqavilənin şərtləri iddiaçı tərəfindən icra edilmiş və həmin alqı-satqı müqaviləsi əsasında razılaşdırılmış mallar cavabdeh tərəfindən təhvil alınmışdır. Odur ki, öhdəliyin icrası ilə bağlı cavabdehə elektron qaimələr təqdim edilmiş, lakin həmin qaimələr əsasında ödəniş tam həyata keçirilməmişdir. Alıcıya təqdim edilmiş elektron/hesab fakturalarda nəzərdə tutulmuş məbləğdən 2024-cü il ## #### tarixinə cəmi 2351,05 manat ƏDV və 13061,55 manat ödənilməmiş əsas borc qalmışdır. Müqaviləyə əsasən gecikmə üzrə tətbiq edilən cərimə 770,63 manat təşkil edir. Iddiaçı tərəfindən 2024-cü il ## #### tarixdə cavabdehə həm elektron kargüzarlıq, həmdə kağız daşıyıcıda pretenziya məktubu göndərilmiş və sözügedən borc məbləğinin 3 gün müddətində ödənilməsi xahiş edilmiş, lakin pretenziyaya bugünədək cavab verilməmiş, heç bir ödəniş həyata keçirilməmişdir.
6. Cavabdeh iddiaya etiraz edərək qeyd etmişdir ki, iddiaçı tərəfindən 2024-cü il ## ####### tarixdə elektron kabinet vasitəsilə 2022-ci il # #### tarixli ödəniş tapşırığı, bank hesabı üzrə çıxarış, elektron qaimələrin göndərilməsi və sistem tərəfindən avtomatik təsdiq edilməsi barədə siyahı təqdim edilmişdir. Həmin sənədlərin heç bir əsası yoxdur. Çünki iddiaçının nümayəndəsinin məhkəmə iclasında təsdiq etdiyi kimi, həmin sənədlərin hazırkı işə heç bir aidiyyəti yoxdur. Belə ki, həmin ödəniş tapşırığında hazırki işdə tərəf olmayan ödəyici “xxxx” MMC qeyd edilir. Daha sonra, bank hesabı üzrə çıxarışda təyinat kimi yanacağın alqı-satqısı qeyd edilmişdir, halbuki hazırki işdə müqavilə xidmətlərin göstərilməsi barədədir. Daha sonra, elektron qaimələrin göndərilməsi və sistem tərəfindən avtomatik təsdiq edilməsi barədə siyahıda da təqdim olunan elektron qaimələr hazırkı işdə tərəf olmayan X1, X2 barədədir. Həmçinin həmin sənəd də kserosurət olmaqla mötəbər sənəd kimi istinad oluna bilməz. Beləliklə, 2024-cü il # ###### tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi nümayəndə2 da həmin sənədlərin hazırkı işə aid olmadığını və elektron kabinetə səhvən yükləndiyini bildirdiyinə görə həmin sənədlərə hazırkı iş üzrə yekun qərar çıxarılarkən istinad edilə bilməz. Bundan başqa, həmin məhkəmə iclasında iddiaçının nümayəndəsi nümayəndə2 verilən suala cavabda qeyd edilmişdir ki, hazırki iş xidmətlərin göstərilməsi ilə əlaqədardır və xidmətlərin iddiaçı tərəfindən cavabdehə göstərilməsini təsdiq edəcək hər hansı təhvil-təslim aktı mövcud deyil. Həmin iclasda iş 2024-cü il ## ###### tarixə saat 16:00-a məhkəmə baxışına təyin etmiş, həmin günün axşamı isə iddiaçının nümayəndəsi tərəfindən elektron kabinet vasitəsilə təhviltəslim aktları yüklənmişdir. Əvvəla, həmin təhvil-təslim aktları işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilməli idi. Lakin iddiaçının nümayəndəsi həmin sənədləri hazırlıq iclası bitdikdən və baxışa təyin edildikdən sonra elektron kabinetə yükləmişdir. Həmçinin, həmin təhvil-təslim aktları kserosurət olmaqla əsli mövcud deyil və mötəbər sənəd kimi istinad oluna bilməz. Bundan əlavə, həmin təhvil-təslim aktlarında cavabdeh Cavabdeh imza və yazısı saxtalaşdırılaraq məhkəməyə təqdim olunmuşdur. Onları cavabdeh imzalamamışdır.
7. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il # ###### tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehdən 13061,5 manat əsas borc, 2351,05 manat ƏDV məbləği, 770,63 manat cərimə və ödənilmiş dövlət rüsumuna görə 138,55 manat olmaqla, ümumilikdə 16321,78 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması qət edilmişdir (hakim – Zeynəb Axundova).
8. Məhkəmə qanunvericilik normalarını, cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən 13061,5 manat (yuxarıda qeyd olunan qaimələr üzrə ümumi əsas məbləğ) əsas borc, 2351,05 manat (yuxarıda qeyd olunan qaimələr üzrə ümumi ƏDV məbləği) ƏDV məbləği tutularaq iddiaçıya ödənilməlidir. Həmin qənaətə gələrkən nəzərə alınmışdır ki, iddiaçı tərəfindən 2022-2023-cü illər ərzində iş materiallarında olan elektron qaimələr cavabdehə göndərilmişdir. Qaimələrdə malların adları, miqdarı, bir ədədinin qiyməti, yekun məbləği barədə məlumatlar öz əksini tapmışdır. Qaimələr sistem tərəfindən təsdiq olunsa da, sonradan həmin qaimələrlə bağlı cavabdeh tərəfindən iddiaçıya hər hansı etiraz bildirilməmişdir. Ona görə də cavabdehin nümayəndəsinin hazırkı etirazı əsaslı deyildir.
9. Cərimə borcunun tutulmasına münasibətdə məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən müqavilə şərtlərinə uyğun dəbbə pulunun tutulmasını tələb etməkdə haqlıdır və tələb edilən 770,63 manat cərimə cavabdehdən alınaraq iddiaçıya ödənməlidir.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - MM) 385.1, 386.1, 442, 462.1, 467, 567, 598.1, 598.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 76.1, 77, 107, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
11. Iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələblərinin tam təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələblərinin təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki ilk icraat
13. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## #### tarixli, *-*(***)-***/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər – Z.Şirinov (sədrlik edən və məruzəçi), L.Əliyeva və T.Mahmudova).
14. Kollegiya göstərmişdir ki, cavabdeh təhvil-təslim aktlarının kserosurət olmasına və imzanın saxtalaşdırılmasına əsaslansa da, istinad etdiyi halı təsdiq edən sübut təqdim etməmişdir. Məsələn cavabdehin imza nümunələri, cavabdehin imzası və ya yazısı olan digər sənədlər, mötəbərliyi şübhə altına alan halı təsdiq edən sübut təqdim edilməmişdir. E-qaimələrə nəyə görə etiraz edilməməsi də əsaslandırılmamışdır. Qeyd edilən səbəblərdən cavabdehin xətşünaslıq ekspertizasının keçirilməsi barədə apellyasiya icraatında verdiyi vəsatət təmin edilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il ## ##### tarixli qərarındakı hüquqi mövqeyi nəzərə alaraq eqaimələri digər sübutlarla (təhvil-təslim aktları ilə) əlaqəli şəkildə qiymətləndirmişdir.
15. Cavabdeh şikayətdə dəbbə pulunun məhkəmə tərəfindən nəyə görə təmin edilməsini əsassız hesab etdiyini göstərməmişdir. Aktların kserosurət olması isə qəbul edilə bilməz. Çünki elektron kabinetdən görünür ki, sistemə yüklənərkən aktların kserosurəti yüklənməyib. Həmçinin, iddiaçı təhvil-təslim aktlarını hazırlıq iclasında baxış iclası təyin edilən gün elektron kabinetə yerləşdirmişdir. Göründüyü kimi iddiaçı aktları baxış iclasında deyil, ona qədər yükləmişdir. Qeyd edilənlər onu deməyə əsas verir ki, cavabdehin apellyasiya şikayətində göstərilən hallar əsassızdır.
16. Iddiaçının apellyasiya şikayətinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, məhkəmə xərclərinə daxil olan hüquqi xidmət xərci iddianın qiymətinə daxil deyil. Ona görə qətnamənin nəticə hissəsində iddianın qismən təmin edilməsini qeyd etmək prosessual baxımdan düzgün deyil. Məhkəmənin iddianın təmin edilməsini qeyd etməsi qanuna uyğundur. Həmçinin iddiaçı hüquqi yardımla bağlı müqaviləni və ödəniş tapşırığını təqdim etmədiyindən məhkəmə əsaslı olaraq xərci cavabdehdən tutumamışdır.
17. Apelyasiya instansiyası məhkəməsi öz mövqeyini MM-in 385.1, 386.1, 398.1, 399.1, 442, 448.1, 462.1, 467, 567, 598.2, 600.1, 600.4-cü, MPM-in 14.2, 77.1, 121.1ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2022-ci il tarixli qərarındakı hüquqi mövqelərə istinadla əsaslandırmışdır.
18. Cavabdeh qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələblərinin təmin edilməməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. c) Kasssasiya instansiyası məhkəməsindəki ilk icraat
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## #### tarixli, *-*(***)-***/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır (sədrlik edən – R.Qurbanov, hakimlər – B.Məmmədli və A.Abbasov).
20. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, birinci instansiya məhkəməsində işin məhkəmədə baxılması hazırlanması mərhələsi 2024-cü il # ###### tarixdə başa çatmış və həmin tarixdə keçirilən sonuncu məhkəmə hazırlıq iclasında hakim işi kifayət qədər hazırlanmış hesab etməklə, onun məhkəmə iclasında baxılmağa təyin edilməsi haqqında qərardad qəbul etmişdir. Həmin qərardad qəbul edildikdən sonra iddiaçı tərəfindən elektron kabinet vasitəsi ilə 3 ədəd təhvil-təslim aktı təqdim edilmişdir. Cavabdeh həmin aktların həqiqiliyini mübahisələndirərək, onların əsillərinin təqdim edilməsini xahiş etmiş və aktlardakı imzaların cavabdehə məxsus olmadığını bildirmişdir. Birinci instansiya məhkəməsi həmin aktların əsillərinin təqdim edilməsini iddiaçıya təklif etməmiş və imzalarla bağlı cavabdehin dəlillərinə qiymət verməmişdir. Bununla yanaşı, birinci instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən həmin aktlara istinad etməmişdir. Apellyasiya instansiyası məhkəməsi isə həmin aktları sübut kimi qiymətləndirmiş və həmin aktlarla bağlı cavabdehin dəlillərini əsassız hesab etmişdir. Bundan əlavə, MPMin 89.3-cü maddəsinin tələblərinə görə yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Hazırkı işin halları da ondan ibarətdir ki, cavabdeh iddiaçının təqdim etdiyi təhvil-təslim aktlarının həqiqiliyini mübahisələndirsə də, apellyasiya instansiyası məhkəməsi həmin aktların əsillərinə baxış keçirmədən onları sübut kimi qiymətləndirmiş və bununla da, MPM-in 89.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmin aktlardakı imzaların cavabdehə məxsus olmaması ilə bağlı dəlillərin əsassızlığına dair apellyasiya instansiyası məhkəməsinin mövqeyinə dair qeyd edilir ki, məhkəmə cavabdehin imza nümunələrini təqdim etməməsinə istinad edə bilməzdi. Çünki məhkəməxətşünaslıq ekspertizası təyin edilmədiyi halda nümunələrin təqdim edilməsi üçün prosessual əsaslar mövcud olmamışdır. Apellyasiya instansiyası məhkəməsi isə qeyd olunanları nəzərə almamış və cavabdeh tərəfindən imza nümunələrinin təqdim edilməməsinə və onun adından olan imzaların ona məxsus olmaması ilə bağlı sübutların təqdim edilməməsinə əsaslanaraq iş üzrə məhkəmə-xətşünaslıq ekspertizasının təyin edilməsindən imtina etmişdir. Hazırki işin halları da ondan ibarətdir ki, cavabdehin mübahisələndirdiyi təhviltəslim aktlarının təqdim və tədqiq edilməsi ilə bağlı prosessual qaydalar pozulmuşdur, lakin apellyasiya instansiyası məhkəməsi həmin aktları sübut kimi qəbul edərək onlara istinad etmişdir. Həmin pozuntular isə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnə bilər.
21. Kassasiya instansiya məhkəməsi gəldiyi nəticəni MPM-in 78.1, 78.1-1, 89.1, 89.3, 89.4, 97.1, 416.1, 416.2, 418.1, 418.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
22. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia təmin edilməmişdir (sədrlik edən-məruzəçi hakim S.Cəfərov, hakimlər-E.Həsənov və T.Qocayev)
23. Məhkəmə göstərmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən 2024-cü il # ###### tarixli məhkəmənin hazırlıq iclasında qərardad qəbul edilərək iş 2024-cü il ## ###### tarixə məhkəmə baxışına təyin edilmişdir. Həmin qərardad qəbul edildikdən sonra iddiaçı tərəfindən elektron kabinet vasitəsilə təhvil-təslim aktları təqdim edilmişdir. Lakin həmin təhvil-təslim aktları işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilməli idi. Apellyasiya məhkəməsində məhkəmə araşdırması zamanı tərəfin nümayəndəsi gecikmə səbəbini bu qəbildən olan müqavilələrin çoxluğu və xeyli müddət keçməsi ilə əlaqələndirsə də, məhkəmə kollegiyası hesab etmişdir ki, bu, üzrlü səbəb hesab oluna bilməz. Iddiaçı həmin sənədləri məhkəmənin hazırlıq iclası bitdikdən və iş baxışa təyin edildikdən sonra təqdim etmişdir. Apellyasiya baxışı zamanı da iddiaçının nümayəndəsi həmin aktların əsillərini məhkəməyə təqdim edə bilməmişdir. Qeyd edilən təhvil-təslim aktları məhkəmə tərəfindən sübut kimi qiymətləndirilə bilməz.
24. Iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 2022-ci il # #### tarixli ödəniş tapşırığında ödəyici qismində hazırki işdə tərəf olmayan “xxxx” MMC qeyd edilmişdir. Iş materiallarından, eləcə də iddiaçının nümayəndəsinin apellyasiya baxışı zamanı izahatından müəyyən olunur ki, iddiaçının direktoru Qanuni nümayəndə, həm də “xxxx” MMC-nin direktorudur. Həmçinin, göndərilən elektron qaimələrin siyahısında da təqdim olunan elektron qaimələr hazırkı işdə tərəf olmayan X1, X2 barəsindədir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi etiraf etmişdir ki, hal-hazırda cavabdeh olan Cavabdeh və onun həyat yoldaşı Sevil Quliyeva və qızı Nərmin Quliyeva arasında bacısının adına və həyat yoldaşının adına şirkətlər olsa da, icra edən, müqaviləni bağlayan, təhvil-təslim aktlarını imzalayan şəxs kimi səlahiyyətli nümayəndə hər zaman Cavabdeh olmuşdur. Bundan əlavə, elektron qaimələrdə əsas kimi müqavilənin tarixi və nömrəsi göstərilməmiş, sadəcə olaraq müqaviləyə əsasən satış ifadəsi qeyd olunmuşdur. Məhkəmə araşdırması zamanı tərəflər arasında daha öncə bu qəbildən olan müqavilənin bağlanmadığı və işgüzar adətlərin formalaşmadığı da müəyyən edilmişdir. Beləliklə, iddiaçı tərəfindən sübut qismində məhkəməyə təqdim edilmiş elektron qaimələr qüsurlu olmaqla, digər sübutlarla da əlaqəli şəkildə tamamlanmır.
25. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 5.3, 14.1, 385.1, 386.1, 442, 448.1, 462.1, 567, 598.1, MPM-in 14.1, 14.2, 77.1, 78.1, 78.1-1, 89.1, 89.3, 119.1, 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
26. Iddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
27. MM-in 385.1, 386.1, 567, 598.1, 598.2, 442, 448.1, 462.1, 467-ci maddələri üzrə - nə iddiaçı tərəfindən iddia ərizəsində, nə də iddianı təmin etmiş birinci instansiya məhkəməsinin qətnaməsində məhkəmə baxışı zamanı təqdim edilmiş təhvil-təslim aktlarına sübut kimi istinad olunmamış, həmin sənədlər iddianın təmin edilməsinin hüquqi əsasları sırasında göstərilməmişdir. Eyni yanaşma əvvəlki apellyasiya baxışı zamanı da müşahidə olunmuşdur. Bu baxımdan, sözügedən aktlar iş üzrə həlledici sübut qismində qiymətləndirilmədiyi halda, apellyasiya instansiyası məhkəməsinin məhz həmin sənədlərin guya gec təqdim edilməsi arqumentinə əsaslanaraq iddianı rədd etməsi əsassız və qanunsuzdur. Digər tərəfdən, cavabdeh yalnız kassasiya şikayətində həmin aktların surət olduğunu və aktlardakı imzaların ona məxsus olmadığını mübahisələndirmişdir. Kassasiya məhkəməsinin qərarının məzmunundan aydın olur ki, işin ləğv edilib yenidən baxılması üçün qaytarılmasında əsas məqsəd təhvil-təslim aktlarının əsillərinin məhkəməyə təqdim edilməsinin təmin olunması, həmin sənədlərdəki imzaların cavabdehə məxsus olub-olmamasının araşdırılması və bu xüsusatlara hərtərəfli hüquqi qiymət verilməsi olmuşdur. Kassasiya instansiyasının bu göstərişləri aşağı instansiya məhkəməsi üçün məcburi xarakter daşımasına baxmayaraq, apellyasiya instansiyası məhkəməsi həmin tələbləri faktiki olaraq yerinə yetirməmişdir. Belə ki, tərəflərindən təhvil-təslim aktlarının əsilləri məhkəməyə təqdim olunsa da, apellyasiya instansiyası məhkəməsi həmin sübutları qəbul etməmiş, aktlardakı imzaların cavabdehə məxsus olub-olmamasının müəyyən edilməsi məqsədilə məhkəmə-xətşünaslıq ekspertizası təyin etməmiş, ümumiyyətlə bu istiqamətdə hər hansı araşdırma aparmamışdır. Bu münasibətlər uzun müddət davam etdiyindən və əməliyyatlar üzrə elektron qaimələr mövcud olduğundan, təhvil-təslim aktlarının ayrıca olaraq sistemə yüklənməsinə zərurət görülməmişdir. Iddianı təmin edən məhkəmə də təhvil-təslim aktlarına sübut kimi qiymət verməmiş və qətnaməsində onlara istinad etməmişdir. Təhvil-təslim aktlarının həqiqiliyi və onlarda olan imzalar yalnız cavabdeh tərəfindən mübahisələndirilmişdir. Buna baxmayaraq, iddiaçı tərəfindən təhvil-təslim aktlarının əsilləri məhkəməyə təqdim edilsə də, məhkəmə həmin sənədləri qəbul etməmişdir. Həmçinin, cavabdeh tərəfindən imzalar mübahisələndirildiyi halda, məhkəmə tərəfindən xətşünaslıq ekspertizası da təyin edilməmişdir.
28. MPM-in 14.2, 76.1, 77.1, 88, 217-ci maddələri üzrə - Hazırkı iş üzrə apellyasiya məhkəməsi, kassasiya instansiya məhkəməsinin araşdırılması üçün qərarında qeyd etdiyi, iddiaçının və məhkəmənin istinad etmədiyi təhvil-təslim aktlarının əsillərini qəbul etməmiş, həmin aktlardakı imzaların (cavabdehin mübahisələndirdiyi) cavabdehə məxsus olub-olmadığının müəyyən edilməsi üçün məhkəmə-xətşünaslıq ekspertizası təyin etməmiş, işin araşdırılması istiqamətində heç bir tədbir görməmiş, nəticədə prossesual pozuntuya yol vermişdir. Halbuki, cavabdeh tərəfindən mübahisələndirilən aktların əsilləri məhkəməyə təqdim olunsa da məhkəmə qəbul etməmiş, təhvil-təslim aktlarının əsillərinin olub-olmamasını araşdırmamış, ümumiyyətlə işin araşdırılması istiqamətində heç bir iş görməmişdir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Kassasiya baxışının hədləri
30. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
31. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
Tətbiq edilən hüquq
32. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 385. Öhdəlik anlayışı
385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.”
“Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı
Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
“Maddə 445. Borclunun icranı gecikdirməsi ... 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; ...”
“Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. ...”
“Maddə 567. Alğı-satqı müqaviləsi
Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
“Maddə 598. Alınmış əşyanın ödənilməsi
598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. …”
33. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...”
“Maddə 78. Sübutların təqdim edilməsi və tələb olunması 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 78.1-1. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslər yazılı sübutları yalnız “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim edirlər. Bununla belə bu qaydada təqdim olunmuş yazılı sübutun həqiqiliyi şübhə doğurarsa, məhkəmə həmin yazılı sübutun əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edə bilər.”
“Maddə 89. Yazılı sübutlar 89.1. Yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. ... 89.3. Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. 89.4. Sənədlərin əsli qanunlara və ya digər normativ hüquqi aktlara müvafiq olaraq, işin halları ancaq bu cür sənədlərlə təsdiq edildikdə və ya məhkəmənin tələbi ilə digər zəruri hallarda təqdim edilir.”
“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri
416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”
Kassasiya instansiya məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
36. Apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, təhvil-təslim aktları məhkəmənin hazırlıq iclası bitdikdən və iş baxışa təyin edildikdən sonra təqdim etmişdir. Həmçinin apellyasiya baxışı zamanı da iddiaçının nümayəndəsi həmin aktların əsillərini məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, həmin sənədlər məhkəmə tərəfindən sübut kimi qiymətləndirilməmişdir.
37. Kollegiya hesab edir ki, belə yanaşma qanunvericiliyin aşağıdakı göstərilən normalarının tələblərinə uyğun olmuşdur.
38. Apellyasiya məhkəməsi tərəfindən nəzərə alınmışdır ki, qanunvericiliyin tələbinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (MPM-in 78.1-ci maddəsi).
39. Həmçinin, MPM-nin 372.2-ci maddəsinin tələbinə əsasən Apellyasiya icraatı zamanı yeni sübutlar və yeni tələblər o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
40. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372 və 384-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2025-ci il ## #### tarixli Qərardadında Konstitusiya Məhkəməsinin Plenumu Mülki Prosessual Məcəllənin 372.2-ci maddəsinin tələblərini nəzərə almaqla qeyd etmişdir ki, yeni sübutların apellyasiya instansiya məhkəməsi tərəfindən qəbul edilməsi üçün aşağıdakı halların mövcud olması zəruridir: işə birinci instansiya məhkəməsində baxılan zaman işdə iştirak edən şəxsin həmin sübutları təqdim etmək imkanının olmadığının sübut edilməsi; yeni sübutların aidiyyət və mümkünlük tələblərinə cavab verməsi; apellyasiya məhkəməsinin sübutun birinci instansiya məhkəməsinə təqdim olunmamasının səbəblərini üzrlü hesab etməsi.
41. Iddiaçının kassasiya şikayətinin bu qərarın §27-də göstərilən dəlillərinə münasibətdə Kollegiya bildirir ki, apellyasiya məhkəməsi iddianın rədd edilməsi barədə qənaətə gələrkən iddiaçının göstərdiyi kimi yalnız təhvil-təslim aktlarının sübut kimi qəbul olunmamasına istinad etməmişdir.
42. Belə ki, apellyasiya məhkəməsi tərəfindən həmçinin nəzərə alınmışdır ki, iddiaçı tərəfindən sübut qismində məhkəməyə təqdim edilmiş elektron qaimələr qüsurlu olmaqla, digər sübutlarla da əlaqəli şəkildə tamamlanmır, elektron qaimələrdə əsas kimi müqavilənin tarixi və nömrəsi göstərilməmiş, sadəcə olaraq müqaviləyə əsasən satış ifadəsi qeyd olunmuşdur. Göndərilən elektron qaimələrin siyahısında da təqdim olunan elektron qaimələr hazırkı işdə tərəf olmayan X1, X2 barəsindədir.
43. Həmçinin iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 2022-ci il # #### tarixli ödəniş tapşırığında ödəyici qismində hazırki işdə tərəf olmayan “xxxx” MMC qeyd edilmişdir.
44. Beləliklə Kollegiya kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və onu da bildirir ki, şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir. Kollegiya həmin hüquqi qiymətləndirmə və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.
45. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarı).
46. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi iş materiallarında olan sübutlar əsasında hüquqi qiymətləndirməni qanunvericiliyin tələblərinə əsasən düzgün aparmış və qanunvericiliyin müddəalarını işin hallarına münasibətdə düzgün tətbiq etmiş, iddiaçının kassasiya şikayətində göstərilən dəlillər isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir.
47. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
qərara aldı:
Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının *-*(***)-****/**** nömrəli 2025-ci il ## ###### tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.