Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-197/2026 17.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının Ərizəçi Azərbaycan Respublikası Ərizəçi maraqlı şəxs Maraqlı şəxs qarşı iş üzrə QƏRARİ Açar sözlər: ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, ərizəçi Azərbaycan Respublikası Ərizəçi maraqlı şəxs Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə xüsusi icraat qaydasında ərizəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsindən ərizəçi tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları
1. Hüquqi şəxs haqqında məlumatdan görünür ki, “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) icra orqanının rəhbəri Maraqlı şəxsdur.
2. Vergi orqanı tərəfindən vergi ödəyicilərinə ünvanlanmış 2024-cü il ## ####, 2025-ci il # ######, 2024-cü il ## ###### və 2025-ci il ## #### tarixli bildirişlərlə “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti və Maraqlı şəxs borcun 5 gün müddətində ödənilməsi tələb edilmiş və borcu ödəməməyə görə məsuliyyət barədə xəbərdarlıq edilmişdir.
3. Maraqlı şəxs 2025-ci il ## ####### tarixə çap olunmuş şəxsi hesab vərəqəsindən görünür ki, onun dövlət büdcəsinə 479,67 manat, Dövlət Sosial Müdafiə Fonduna 91,34 manat və Icbari Tibbi Sığorta Fonduna 14,61 manat borcu mövcuddur. Həmçinin fərdi sahibkar tərəfindən 2024-cü ilin gəlir vergisi üzrə arayışlar, 2022-ci ilin gəlir vergisi üzrə bəyannamələr təqdim edilmiş, borc məbləği azalmışdır.
4. Maraqlı şəxs 2025-ci il ## ####### tarixə çap olunmuş şəxsi hesab vərəqəsindən görünür ki, onun dövlət büdcəsinə 0 manat, Dövlət Sosial Müdafiə Fonduna 91,34 manat və Icbari Tibbi Sığorta Fonduna 0 manat borcu mövcuddur. Həmçinin fərdi sahibkar tərəfindən dövlət büdcəsinə ödəmə tapşırığı əsasında 480 manat, Icbari Tibbi Sığorta Fonduna 119 manat ödəniş edilmişdir.
Iş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
5. Azərbaycan Respublikası Ərizəçi (bundan sonra – “ərizəçi”) ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs (bundan sonra – “maraqlı şəxs”) Icbari Tibbi Sığorta Fonduna 14,61 manat, Dövlət Sosial Müdafiə Fonduna 91,34 manat, dövlət büdcəsinə 2949,85 manat, “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin Işsizlikdən Sığorta Fonduna 6,79 manat, Dövlət Sosial Müdafiə Fonduna 3,33 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Ərizə işin faktiki hallarına istinadla belə əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün 2025-ci il ## ########t tarixə vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN: **********) Icbari Tibbi Sığorta Fonduna 14,61 manat, Dövlət Sosial Müdafiə Fonduna 91,34 manat, dövlət büdcəsinə 2949,85 manat məbləğində (o cümlədən vergilər üzrə 1894,19 manat, faizlər üzrə 1055,66 manat), “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) Işsizlikdən Sığorta Fonduna 6,79 manat, Dövlət Sosial Müdafiə Fonduna 3,33 manat olmaqla ümumilikdə 3065,92 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fondlara ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən bildirişlər göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğlərini ödəməmişlər.
7. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il ## ####### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi ilə ərizə rədd edilmişdir (hakim: N.Əhmədova).
8. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, hazırkı iş üzrə ərizə məhkəmənin icraatında olarkən fərdi sahibkarın vergi borcunun mövcudluğu ilə bağlı məsələyə aydınlıq gətirilməsi üçün 2025-ci il ## ####### tarixdə ərizəçiyə məktub ünvanlanaraq göstərilmişdir ki, maraqlı şəxsin 2025-ci il ## ####### tarixə çap olunmuş şəxsi hesab vərəqəsinin “vergilər üzrə vərəqə” bölməsinə əsasən, vergi ödəyicisi tərəfindən 2025-ci il ## ####### tarixdə gəlir vergisi üzrə bəyannamə və arayış təqdim edilmiş, nəticədə vergi ödəyicisinin 479,67 manat borcu qalmışdır. Həmçinin şəxsi hesab vərəqəsinin sonuncu vərəqində yerləşən cədvəldən vergi ödəyicisinin dövlət büdcəsinə olan borcunun 479,67 manat, kameral yoxlanılmalı məbləğin 0 manat olduğu görünür. Şəxsi hesab vərəqəsinin “vergilər üzrə vərəqə” bölməsində dövlət büdcəsinə olan borcun 2949,85 manat olması təsdiqlənmədiyindən qeyd olunan məsələyə aydınlıq gətirilməsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.1-ci və 184.1-ci maddəsinə uyğun olaraq dövlət büdcəsinə borcun olmasını təsdiq edən sübutların, eyni zamanda borcun alınması üçün görülən digər tədbirlər və onların nəticə verib-verməməsi məlumatın və sənədin təqdim edilməsi vergi orqanına təklif olunmuşdur. Lakin vergi orqanı tərəfindən qeyd edilən məsələyə hər hansı mövqe bildirilməmiş, əksinə, Maraqlı şəxs 2025-ci il ## ####### tarixə çap olunmuş şəxsi hesab vərəqəsindən dövlət büdcəsinə hər hansı borcunun olmadığı təsdiq edilmişdir. Bu isə Maraqlı şəxs dövlət büdcəsinə borcunun olmadığı qənaətinə gəlməyə səbəb olur, sonuncunun Dövlət Sosial Müdafiə Fonduna 91,34 manat, “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin Dövlət Sosial Müdafiə Fonduna 3,33 manat, Işsizlikdən Sığorta Fonduna 6,79 manat borcu üzrə maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı araşdırma aparılmasını zəruri edir.
9. Məhkəmə qeyd etmişdir ki, hazırkı halda maraqlı şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması demokratik cəmiyyətdə zəruri – mütənasib deyil. Belə ki, şəxsin ölkədən getmək hüququnu məhdudlaşdırmaq üçün borcun həcmi, onun sabitliyi və ya proqnozlaşdırıla bilən dinamik artımı, yəni müəyyənliyi və vergi ödəyicisinin borc məbləği barədə lazımınca xəbərdar edilməsi, onun mübahisəyə qədərki davranışları, müvafiq borcların vaxtı-vaxtında ödənilməsi kimi halları, bu məcburiyyət tədbiri tətbiq edilmədən müvafiq borcların ödənilməsi imkanları kimi şərtləri nəzərə almaq mütənasibliyin əsas tələblərindəndir.
10. Maraqlı şəxs vergi orqanının bildirişlərinə biganə qalmayaraq fərdi sahibkarın ərizədə göstərilən vergi borcu üzrə 479,67 manat, Icbari Tibbi Sığorta Fonduna olan borclar üzrə tam ödəniş etdiyindən, vergi orqanı tərəfindən vergi borcunun olmasını təsdiq edən hər hansı sənəd təqdim edilmədiyindən, həmçinin vergi orqanı tərəfindən borcun alınması üçün gördüyü digər tədbirlər və onların nəticə verib-verməməsi (ixtisaslaşdırılmış açıq hərracdan və ya ticarət şəbəkələri vasitəsi ilə satılması məqsədilə vergi ödəyicisinin əmlakının siyahıya alınması, yaxud kifayət qədər belə əmlakların mövcud olmamasına dair rəsmi məlumatlar əldə etməsi və s.) barədə məlumat təqdim edilmədiyindən məhkəmə hesab etmişdir ki, maraqlı şəxsin konstitusion hüququnu məhdudlaşdırmaq AIHM-in və Konstitusiya Məhkəməsinin yuxarıdakı hüquqi mövqelərində qeyd olunan mütənasiblik meyarına cavab vermir.
11. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin III hissəsinə, 71-ci maddəsinin II hissəsinə, 73-cü maddəsinin İ bəndini, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasinin Konstitusiya Qanununun 3.6-cı maddəsinə, Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair * saylı protokolun 2-ci maddəsinin 2-ci hissəsi, 2-ci maddəsinin 3-cü hissəsinə, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.4, 16.1.1, 77.3, 78.1, 23.1.15-3, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.1, 355-7.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
12. Ərizəçi apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv olunması və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-ci il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər: T.Mahmudova– sədrlik edən və məruzəçi, L.Əliyeva və Z.Şirinov).
14. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı işdə maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün heç bir əsas olmamışdır. Şəxsi hesab vərəqəsinə əsasən sonuncu tərəfindən mütəmadi olaraq vergi borcu üzrə ödənişlər edilmiş, vergi borcunun ödənilməsindən yayınmamışdır. Eyni zamanda "Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinin rəsmi internet portalında (e-taxes.gov.az) hər kəs üçün açıq olan "Vergi borcu barədə məlumat" bölməsindən əldə edilmiş çıxarışa əsasən Maraqlı şəxs (VÖEN: **********) adlı vergi ödəyicisinin dövlət büdcəsinə 2026-cı il ## ###### tarixə vergi borcu müəyyən edilməmişdir. Digər tərəfdən maraqlı şəxsin borcu olduğu halda onun əmlakının siyahıya alınması və ya əmlakın siyahıya alınması üçün tədbirin görülməsi, əmlakının olmaması ilə bağlı vergi orqanı məhkəməyə hər hansı sənəd də təqdim etməmişdir. Halbuki ərizəçi tərəfindən Vergi Məcəlləsində nəzərdə tutulan digər tədbirlərin tətbiq edilib-edilməsi və onların tətbiqinin nəticə verməməsi barədə sübutlar təqdim edilməli və yalnız bundan sonra ölkədən getmə hüququnun məhdudlaşdırılmasının tətbiqinin zəruriliyi əsaslandırılmalıdır.
15. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 28 (III hissə), 71 (II hissə), 73 (İ hissə), “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasinin Konstitusiya Qanununun 3.6-cı, Vergi Məcəlləsinin 1.4, 16.1.1, 23.1.15-3, 77.3, 78.1-ci maddələrinə, eləcə də “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair * saylı protokolun 2-ci maddəsinə, MPM-in 14.2, 77.1, 77.3, 88-ci maddələrinə istinadla əsaslandırmışdır.
16. Ərizəçi kassasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və ərizənin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
17. Azərbaycan Respublikası Konstitusiyasının 71 (II hissə), 73 (İ hissə), Vergi Məcəlləsinin 16.1.1, 23.1.15-3, 77.1, 78.1-ci maddələri üzrə - vergi borcu uzun müddət ərzində mövcud olmuş, vergi orqanı tərəfindən dəfələrlə rəsmi bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq borc könüllü qaydada ödənilməmişdir. Kameral yoxlama nəticəsində təqdim edilmiş bəyannamə üzrə azalma əsaslı hesab edilməmiş və vergi borcu bərpa olunmuşdur ki, bu da borcun hüquqi baxımdan mövcudluğunu təsdiq edir. Belə olan halda vergi öhdəliyinin icra edilmədiyini şəraitdə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün qanunla nəzərdə tutulmuş əsaslar mövcud olmuşdur. Vergi ödəyicisinin təqdim etdiyi bəyannamə vergi orqanı tərəfindən təsdiq olunmadığı üçün onun borcunun azalması vasitəsi qismində iştirak edə bilməz.
18. MPM-in 82.4, 88, 175, 217, 220.4-cü maddələrinin məzmunu sadalanmışdır.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Kassasiya baxışının hədləri
20. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
21. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 12. Dövlətin ali məqsədi İ. Insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. ...”
“Maddə 28. Azadlıq hüququ … III. Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. ...”
“Maddə 71. Insan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. II. Insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. ...”
“Maddə 73. Vergilər və başqa dövlət ödənişləri İ. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. ...”
23. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 1. Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə tənzimlənən münasibətlər ... 1.4. Bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur”.
“Maddə 16. Vergi ödəyicisinin vəzifələri 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.1. qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək; ...”
“Maddə 23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: ... 23.1.8. qanunla müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırmaq, bu Məcəllə ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin əmlakının siyahıya alınması üçün tədbirlər görmək; ... 23.1.15-1. hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək; ... 23.1.15-3. Vergi orqanlarının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ vardır. ...”
“Maddə 24. Vergi orqanlarının vəzifələri 24.1. Vergi orqanları: 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; ... 24.1.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə; 24.1.2-1. vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə; ... 24.1.12. bu Məcəllə və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə vergi orqanlarının təyinatına uyğun olaraq müəyyən edilmiş digər vəzifələri həyata keçirməyə borcludur. ...”
24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 355. Ərizənin verilməsi ... 5-1. Vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.”
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.
26. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.
27. Kassasiya şikayətində ifadə olunmuş dəlillər isə əsassızdır.
28. Belə ki, MPM-in 355-5-ci maddəsindən müəyyən edilir ki, vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının məqsədini hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin edilməsi təşkil edir.
29. Apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, maraqlı şəxsin şəxsi hesab vərəqəsinə əsasən sonuncu tərəfindən mütəmadi olaraq vergi borcu üzrə ödənişlər edilmiş, vergi borcunun ödənilməsindən yayınmamışdır. Eyni zamanda "Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinin rəsmi internet portalında (e-taxes.gov.az) hər kəs üçün açıq olan "Vergi borcu barədə məlumat" bölməsindən əldə edilmiş çıxarışa əsasən maraqlı şəxs adlı vergi ödəyicisinin dövlət büdcəsinə 2026-cı il ## ###### tarixə vergi borcu müəyyən olunmamışdır.
30. VM-dən müəyyən edilir ki, həmin məbləğlərin ödənilməsinin təmin edilməsinin bir neçə üsulu mövcuddur. Belə ki, vergi orqanları tərəfindən VM-in 65 və 89- cu maddələrinin tələblərinə uyğun olaraq vergi ödəyicisinə məxsus bank hesablarının üzərinə sərəncamlar qoyulması və əmlaklarının siyahıya alınaraq satılması da nəzərdə tutulmuşdur.
31. Apellyasiya məhkəməsi göstərmişdir ki, digər tərəfdən maraqlı şəxsin borcu olduğu halda onun əmlakının siyahıya alınması və ya əmlakın siyahıya alınması üçün tədbirin görülməsi, əmlakının olmaması ilə bağlı vergi orqanı məhkəməyə hər hansı sənəd də təqdim etməmişdir. Halbuki ərizəçi tərəfindən Vergi Məcəlləsində nəzərdə tutulan digər tədbirlərin tətbiq edilib-edilməsi və onların tətbiqinin nəticə verməməsi barədə sübutlar təqdim olunmalı və yalnız bundan sonra ölkədən getmə hüququnun məhdudlaşdırılmasının tətbiqinin zəruriliyi əsaslandırılmalıdır.
32. Qanunvericilikdə vergi öhdəliyinin təmin edilməsi ilə bağlı vergi orqanlarının səlahiyyətli olduqları məcburiyyət tədbirlərinin seçilməsi zamanı “növbəliliyə” riayət edilməsi barədə hər hansı müddəanın nəzərdə tutulmaması ilkin mərhələdə istənilən növ məcburiyyət tədbirinin tətbiq edilməsi imkanı kimi qiymətləndirilməməlidir. Çünki, hüquqi dövlətin ali prinsiplərindən biri olan mütənasiblik prinsipinin tələbinə görə, hüquqa müdaxilənin yolverilən hesab edilə bilməsi üçün onun qanuni məqsədə yönəlməsi özözlüyündə kifayət deyildir, bu zaman həm də müxtəlif toqquşan maraqlar arasında ağlabatan və ədalətli tarazlığa da əməl olunmalıdır.
33. “X3 (X2) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2017-ci il ## ### tarixli Qərarına əsasən, mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə qanunvericiliyə uyğun olaraq işə baxarkən, hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır.
34. Bununla bağlı, Avropa Məhkəməsinin bir sıra qərarlarında da göstərilmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair * saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir (məs. Battista Italiyaya qarşı (Battista v. Italy), № *****/**, 2014cü il # ###### tarixli qərarı; Xlyustov Rusiyaya qarşı (Khlyustov v. Russia, 2013), № *****/** 2013-cü il ## #### tarixli qərarı). Avropa Məhkəməsinin mövqeyinə görə, müdaxilə “təcili ictimai ehtiyaca” cavab verirsə, xüsusilə qanuni məqsədə mütənasibdirsə və onu əsaslandırmaq üçün milli hakimiyyət orqanları tərəfindən verilən səbəblər “müvafiq və yetərli”dirsə qanuni məqsədlər üçün “demokratik cəmiyyətdə zəruri” hesab olunur. Vətəndaşın ümumi maraqları ilə hərəkət azadlığı hüququ arasında ədalətli tarazlığın olubolmaması məsələsi işin bütün xüsusiyyətlərinə görə nəzərə alınmalıdır.
35. Beləliklə, hazırkı növ ərizələr üzrə işlərə baxılarkən mütənasiblik prinsipinin tələblərinin nəzərə alınması mütləq xarakter daşıyır. Lakin mütənasiblik prinsipi üzrə qiymətləndirmə formal şəkildə deyil, ümumi məyarlar və hər bir konkret işin bütün xüsusiyyətləri nəzərə alınmaqla aparılmalıdır.
36. Belə ki, mütənasiblik prinsipinin tələbləri baxımından nəzərə alınmalı olan ümumi maraq qismində vergi borclarının, eləcə də məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqı borclarının dövlət büdcəsinə alınmasının təmin edilməsi çıxış edir. Buna görə, sözügedən borclar dövlətin şərtsiz tələbi kimi bütün vergi ödəyicilərinə şamil olunur. Qeyd edilən ödənişlərin ödəmək (o cümlədən qanunvericiliklə müəyyən edilmiş müvafiq vaxtda və miqdarda) hər bir şəxsin konstitusion vəzifələrindən biridir. Vergi ödəyicilərinin bu vəzifəsində cəmiyyətin bütün üzvlərinin ictimai maraqları öz əksini tapmışdır. Dövlət yalnız vergi ödəyicilərinin deyil, həmçinin cəmiyyətin digər üzvlərinin də hüquq və qanuni mənafelərinin qorunması məqsədilə vergi hüquq münasibətlərini tənzimləmək sahəsində qanuni tədbirlər görmək hüququna və vəzifəsinə malikdir. Odur ki, sözügedən borclar ödəyicilər tərəfindən könüllü ödənilmədikdə qanunvericilikdə nəzərdə tutulmuş məcburetmə vasitələrinin tətbiqi ilə alına bilər. Digər tərəfdən, cəmiyyətin ümumi maraqları həmçinin onu tələb edir ki, həmin borcların mümkün qədər operativ qaydada və tam məbləğdə büdcəyə ödənilməsi təmin edilməlidir.
37. Fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin diqqətə alınmalı olan maraqları qismində isə o hallar çıxış edir ki, əgər qanunvericilikdə nəzərdə tutulan digər üsulların həyata keçirilməsi və nəticədə həmin üsullar vasitəsilə vergi öhdəliklərinin real icra edilməsinin təmin edilməsi mümkündürsə, həmin şəxslərin ölkədən getmə hüququ məhdudlaşdırıla bilməz. Eyni zamanda, fiziki şəxs və ya hüquqi şəxsin icra orqanının rəhbəri digər üsulların həyata keçirilməsini və diqqətəlayiq hər hansı digər maraqlarının nəzərə alınmasını tələb edə bilərlər. Belə diqqətəlayiq maraqlar hər bir konkret haldan asılı olaraq dəyişə biləcəyi üçün məhkəmə tərəfindən hər işin xüsusi halları nəzərə alınmaqla qiymətləndirilməlidir. Məhkəmə məhz xüsusi hallardan çıxış etməklə və həmin xüsusi halları mütənasiblik prinsipinin tələbləri ilə əlaqələndirməklə qərar verməlidir.
38. Bu baxımdan kollegiya qeyd edir ki, maraqlı şəxsin ölkədən getmə hüququnun məhdudlaşdırılması mütənasiblik prinsipinin tələbləri baxımından məqbul hesab edilə bilməz.
39. MPM-in 407.2 və 416.1- ci maddələrinin birgə təfsirinə görə kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.
40. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab etmir və belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması nəticəsinə gəlmək üçün əsaslar mövcud deyildir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
41. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.