Məhkəmə qərarları › İş №2-2(1-8)-201/2026

Ali Məhkəmə Qərar — İş №2-2(1-8)-201/2026

02.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-201/2026 02.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya kollegiyasının İddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilə öhdəliklərindən irəli gələn mübahisələr, alqı-satqı müqaviləsi, öhdəliklərin icra edilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ###### tarixli *- *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış ##.##.2021-ci il tarixli, **/** nömrəli müqaviləyə əsasən, satıcı bu Müqavilədə müəyyən olunmuş şərtlərlə malmaterialları alıcıya satmağı, alıcı isə həmin şərtlər daxilində malı qəbul edib dəyərini satıcıya ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndinə əsasən müqavilə ilə nəzərdə tutulmuş malların hər bir partiya üzrə miqdarı, çeşidi, qiyməti və təhvil verilməsi bu Müqavilənin ayrılmaz tərkib hissəsi sayılan "qiymət razılaşma protokolu" və ya "elektron qaimə" yə əsasən müəyyən edilir.

2. Müqavilənin 2.1-ci bəndinə əsasən malın qiyməti və miqdarı müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavələr (Qiymət razılaşma protokolu) və ya elektron qaimə-fakturalar ilə müəyyənləşdirilir. Bu müqavilə üzrə hesablaşma: əvvəlcədən olmaqla "Satıcı" tərəfindən təqdim edilmiş hesab-fakturaya əsasən və ya mallar "AIıcı"-ya təhvil verildiyi andan elektron qaimə-faktura tarixindən ən geci 5 (beş) iş günü müddətində aparılır; -5.2-ci bəndinə əsasən bu müqavilə üzrə hesablaşma: əvvəlcədən olmaqla "Satıcı" tərəfindən təqdim edilmiş hesab-fakturaya əsasən və ya "Satıcı" tərəfindən malların "Alıcı"ya təhvil veriliyi andan sonra elektron qaimə-fakturaya əsasən ən geci 5 (beş) iş günü müddətində aparılır. -8.4-cü bəndinə əsasən malın məbləğinin vaxtında ödənilməməsi halında Alıcı Satıcıya gecikdirilən hər təqvim günü üçün borc məbləğinin 0.1%-i miqdarında (lakin Malın dəyərinin 20% dən artıq olmamaq şərtilə) cərimə ödəməlidir.

3. İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilmiş elektron qaimələrə əsasən Cavabdeh MMC-yə ## ######## 2021-ci il tarixindən ## ###### 2021-ci il tarixinə qədər ümumilikdə ƏDV daxil olmaqla 569.207,81 manat (482.379,50 manat əsas, 86.828,31 manat ƏDV olmaqla) məbləğində mal təhvil verilmişdir.

4. İddiaçı MMC təqdim edilmiş ödəniş tapşırıqlarına əsasən Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə ## ######## 2021-ci il tarixindən ## ###### 2021-ci il tarixinə qədər 400.000 manat əsas, 72.000 manat ƏDV ödənilmişdir.

5. İddiaçı MMC tərəfindən təqdim edilmiş ödəniş tapşırıqlarına əsasən Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə ## #### 2022-ci il tarixindən ## #### 2024-ci il tarixinə qədər 1.005.101,45 manat əsas, 189.018,27 manat ƏDV ödənilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı İddiaçı MMC ( bundan sonra-“iddiaçı”) cavabdeh Cavabdeh MMC-yə ( bundan sonra- “cavabdeh”) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ## ######## 2021-ci il tarixli, **/** saylı alqı-satqı müqaviləsi üzrə yaranan 58.708,32 manat əsas borc məbləği, həmin məbləğin ödənişi gecikdirildiyi üçün hesablanan 26.418.60 manat cərimə pulu, hüquqi yardımın göstəriləsi haqqında müqavilə üzrə hazırki iddia ərizəsinin məhkəməyə təqdim edilməsi və hüquqlarının təmsil edilməsi üçün ödənilmiş 5000 manat pul vəsaiti olmaqla, ümumilikdə cəmi 901.26,92 manat məbləği və dövlət rüsumu üçün ödənilmiş 361 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

6. İddia tələbi işin yuxarıda qeyd edilən hallarına istinadla əsaslandırılmış, eyni zamanda qeyd edilmişdir ki, müqavilə üzrə mallar cavabdehə təhvil verilmiş və onların nümayəndələrinin iştirakı ilə təhvil alınmışdır. Qeyd olunduğu kimi, həmin mallara görə ödəniş edilməsi üçün müvafiq elektron qaimə-fakturalar ## ###### 2022 və ## ###### 2024cü il tarixlərdə ödənilməsi üçün cavabdehə təqdim edilmişdir. Lakin iddiaçı tərəfindən qeyd olunan malların cavabdeh tərəfindən tam təhvil alınmasına baxmayaraq, müqavilə üzrə nəzərdə tutulan ödənişlər bugünki tarixədək həyata keçirilməmişdir. Müqavilə üzrə yaranmış borcun ödənilməsi məqsədilə cavabdeh şirkətə dəfələrlə əlaqə saxlamağa cəhd edilmiş və vurulmuş elektron qaimə-fakturaların təcili olaraq ödənilməsi barədə onlara xəbərdarlıq edilmişdir. Buna baxmayaraq, cavabdeh əvvəllər borcu ödəyəcəyini bildirmiş, sonra isə cavabdehlə əlaqə saxlamaq mümkün olmamışdır. Bundan sonra iddiaçı pretenziya ilə müraciət etmiş və borcun ödənilməsini cavabdehdən tələb etmişdir. Həmin məktuba cavabdeh tərəfindən cavab verilməmişdir və hazırda cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməkdən yayınır. Bu səbəbdən, İddiaçı müvafiq olaraq ## ### 2025-ci il tarixdə cavabdehin müqavilə öhdəliklərini icra etməsi üçün elektron qaydada pretenziya məktubu göndərilmiş və öhdəliklərin icrası üçün vaxt verilmişdir. Lakin qanuni tələblərə baxmayaraq cavabdeh sözügedən müqavilə üzrə öhdəliklərini icra etmir və yuxarıda qeyd olunan məbləği və müqavilə üzrə hesablanan cəriməni ödəmir. Bugünki tarixə ödənişlə əlaqədar olaraq cavabdeh tərəfindən gecikdirilmiş günlərin sayı 450 gündən artıqdır. Müqavilə şərtlərinə əsasən İcra edilməyən müqavilə öhdəlikləri üçün gecikdirilmiş hər bir təqvim günü üçün gecikdirilmiş borc məbləğinin 0.1% miqdarında cərimə cavabdehdən tutulmalıdır və cavabdeh bu məbləği ödəməyə borcludur. Müqavilə üzrə borc məbləği olan 58 708.32 manatın gündəlik faizi 26.418.60 manat təşkil edir. Cavabdeh tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilməməsi səbəbindən iddiaçı tərəfindən vəkil xidmətlərinin göstərilməsi üçün hüquqi yardımın göstərilməsi haqqında müqavilə üzrə 5.000 manat pul vəsaiti ödənilmişdir.

7. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim etmiş, etirazını onunla əsaslandırmışdır ki, cavabdeh iddia ərizəsi üzrə cavabdehdən tələb olunan borc məbləğini qəbul etmir. Belə ki, dəfələrlə qarşı tərəfə borcun üzləşdirməsi təklif edilmiş, bundan başqa iddiaçının cavabdehdən borcu tələb etdiyi borcun formalaşdığı 133.*** saylı, ## ###### 2022-ci tarixli elektron qaimə üzrə tərəflərindən ## #### 2024-cü il tarixində 25 000, ## ###### 2024-cü il tarixində manat, ## #### 2024-cü il tarixlərində əsas borc üzrə 71.949 manat, ƏDV üzrə isə 21.050,85 manat ödəməklə borclarını ödəmişdir. iddia tələbi əsassiz olduğunudan iddia rədd edilməlidir.

8. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il ## ######## tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 58.708,32 manat əsas borc, 2.900 manat dəbbə pulu, 2.500 manat hüquqi yardıma görə xərc, 274,83 manat dövlət rüsumu, ümumilikdə 64.383,15 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddia ərizəsi verilərkən çəkilmiş qalan məhkəmə xərcləri (86,17 manat dövlət rüsumu və 2500 manat hüquqi yardıma görə xərc) iddiaçının özünə aid edilməsi qət edilmişdir ( hakim Ü.Həsənova)

9. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, ümumilikdə 1.724.828,04 manat dəyərində malları alıcıya təhvil vermiş, cavabdeh tərəfindən bunun müqabilində ümumilikdə 1.666.119,72 manat vəsait ödənilmiş, qalıq 58.708,32 manat borc hazırkı günə qədər ödənilməmiş, bu baxımdan iddiaçı hazırda yaranmış əsas borcu tələb etməklə haqlı olmuşdur.

10. Bundan əlavə, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış müqavilənin 8.4-cü bəndinə əsasən hesablanmış 26.418,60 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Məhkəmə həmin tələbə MM-in 462 və 467-ci maddələrinin tələbləri baxımından qiymət verərək cərimənin əsas borc məbləğinə nisbəti, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edilmişdir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 2.900 manat məbləğində müəyyən edilməlidir.

11. İddia ərizəsində 5000 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin cavabdehdən tutulması ilə bağlı qeyd edilmişdir ki, iddia qismən təmin edildiyindən 2.500 manat hüquqi yardıma görə xərc hazırkı iş üzrə ağlabatan hesab edilməklə cavabdehdən tutularaq iddiaçıya ödənilməli, çəkilmiş qalan 2500 manat xərc iddiaçının özünə aid edilməlidir. Belə ki, 2025-ci il # ### tarixli ödəniş qəbzinə görə iddiaçı tərəfindən “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosuna 5000 manat hüquqi xidmət haqqı ödənilmişdir.

12. Məhkəmə gəldiyi nəticəni MM-in 462.1, 467, 567, 598.1, 598.2, 600.1 və 600.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- MPM) 14.1, 14.2, 77.1,119.1, 121.1, 217.1 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

13. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin qismən – iddia tələbinin dəbbə pulu və vəkil xidmətlərinə go rə c əkilmis xərclərin tutulması tələbi ilə bag lı qismən təmin edilmiş hissədə ləgv edilməsi və həmin hissədə iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

14. Cavabdeh tərəfindən qətnamədən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi xahiş edilmişdir.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim L.Əliyeva, hakimlər T.Mahmudova və Z.Şirinov).

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi məhz 2021-ci il ## ######## tarixli, **/** nömrəli alqısatqı müqaviləyə istinad etmiş, bununla yanaşı iddia ərizəsinin əsaslandırıcı hissəsində iki ədəd (## ###### 2022-ci il və ## ###### 2024-cü il tarixli) elektron qaimə xüsusi qeyd edilsə də, ərizənin “xahiş etdi” hissəsində həmin qaimələr üzrə deyil, ümumilikdə 2021-ci il ## ######## tarixli, **/** nömrəli alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələb edilmişdir. Eyni zamanda işə birinci instansiya məhkəməsində baxılarkən iddiaçı tərəfindən iddia tələbinin əsaslılığını sübuta yetirmək üçün alqı-satqı müqaviləsi üzrə cavabdehə göndərilmiş bütün elektron qaimələr məhkəməyə təqdim edilmişdir.

17. Bununla yanaşı işə apellyasiya instansiya məhkəməsində baxılarkən də məhkəmə iclasında iddiaçının nümayəndəsi tərəfindən göstərilən məsələyə aydınlıq gətirilərək ##.##.2021-ci il tarixli, **/** nömrəli alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsini tələb etdikləri bir daha bildirilmişdir. Odur ki, hazırkı halda iddia tələblərinin mübahisəli alqı-satqı müqaviləsi üzrə borcun iddia ərizəsində adıçəkilmiş elektron qaimələr üzrə yaranmaması əsası ilə rədd edilməsi həddindən artıq formal yanaşma olmaqla iddiaçının pozulmuş hüquqlarının məhkəmə qaydasında bərpa edilməsinin lüzumsuz şəkildə uzadılmasına və son nəticədə ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına səbəb olacaqdır.

18. Digər tərəfdən belə yanaşma məhkəmənin (hüquq tətbiqedənin) prosessual hərəkət və qərarlarının ardıcıl, stabil, proqnozlaşdırıla bilən olmasını nəzərdə tutan mülki prosesdə hüquqi müəyyənlik prinsipinin tələblərinə də cavab vermir. Bu baxımdan, birinci instansiya məhkəməsinin mübahisəli müqavilə üzrə yaranmış borcun tutulmasını qət etməsi iddia tələblərindən kənara çıxma kimi qiymətləndirilə bilməz.

19. İddianın öhdəliyin icrasının gecikdirilməsinə görə dəbbə pulu tutulması hissəsi ilə bağlı kollegiya qeyd etmişdir ki, cavabdehin tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə malları ödəmək öhdəliyini müqavilədə nəzərdə tutulmuş müddətdə (mallar verildikdən sonra 5 iş günü ərzində) icra etməməsi, yəni həmin öhdəliyinin icrasını gecikdirməsi iş materialları ilə öz təsdiqini tapdığından, alqı-satqı müqaviləsində həmin öhdəliyin icrasının gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan, eləcə də məhkəmə tərəfindən dəbbə pulu məbləği müəyyən edilərkən tərəflərin əsaslı maraqları, əsas borcun məbləği və digər diqqətəlayiq hallar nəzərə alındığından cavabdehdən 2900 manat məbləğində dəbbə pulunun tutulması hissəsində qətnamə qanuni və əsaslıdır.

20. Məhkəmə kollegiyası hüquqi yardım xərcləri ilə bağlı hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, MPM-in hüquqi yardım xərclərinin tutulması qaydasını tənzimləyən 121-ci maddəsi udan tərəfin hüquqi yardıma çəkdiyi xərclərin tam şəkildə deyil, ağlabatan məbləğdə qarşı tərəfdən tutulması imkanını müəyyən etmişdir. Hüquqi yardım xərclərinin ağlabatanlığı qiymətləndirilən kateqoriya olmaqla hər bir konkret halda işin diqqətəlayiq halları, o cümlədən iddianın qiyməti, işin mürəkkəblik dərəcəsi, işə məhkəmədə baxıldığı müddət, xərclərin çəkilməsinin zəruriliyi, ezamiyyə xərcləri, eləcə də tərəflərin mənafeləri arasında ədalətli balans nəzərə alınmaqla məhkəmə tərəfindən müəyyənləşdirilir. Odur ki, hazırkı halda birinci instansiya məhkəməsi işin diqqətəlayiq hallarını, o cümlədən iddianın qismən təmin edilərək alqı-satqı müqaviləsi üzrə cavabdehdən tutulan məbləğin cəmi 58708,32 manat təşkil etməsini, mübahisənin tərəflər arasında mövcud olan alqı-satqı münasibətlərindən irəli gələn standart mübahisə olmaqla həmin mübahisə üzrə hüquqi müdafiənin təşkilinin geniş hüquqi təhlil tələb etmədiyini, işə birinci instansiya məhkəməsində qısa müddət ərzində baxılmasını, tərəflər arasında gərgin və uzunmüddətli çəkişmənin baş vermədiyini və s. nəzərə alaraq cavabdehdən vəkil xərci olaraq tutulacaq məbləği 2500 manat məbləğində müəyyənləşdirməkdə haqlı olmuşdur.

21. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

22. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni birinci instansiya məhkəməsinin istinad etdiyi maddi və prosessual hüquq normaları ilə əsaslandırmışdır.

23. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin qismən-iddia tələbinin təmin edilməmiş hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir.

24. Cavabdeh tərəfindən kassasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) İddiaçının şikayətinin dəlilləri

25. İşin materiallarından göründüyü kimi, iddiaçı müqavilə üzrə öhdəliklərini tam icra etməsinə baxmayaraq, cavabdeh ona təhvil təslim əsasında verilmiş mallar üçün ödənişləri tam etməmiş, müqavilə üzrə borc yaranmışdır. hazırki iş üzrə iddiaçı vəkil xidmətlərinin göstərilməsi üçün müqavilə və ödəniş tapşırığı məhkəməyə təqdim etmişdir, lakin məhkəmə onları nəzərə almamışdır. Hazırki iş üzrə məhkəmə iddiaçının vəkil xidmətləri üçün çəkdiyi xərclərin yalnız kiçik bir hissəsinin digər tərəfdən alınması barədə qərar vermişdir.

26. İşin materiallarına əlavə edilmiş aktlar, qiymət razılaşdırma protokolları, təhvil təslim aktları tam təsdiq edir ki, müqavilə üzrə mallar təhvil verilib, lakin cavabdeh müqavilə üzrə öz öhdəliyini yerinə yetirməmiş və ödənişləri vaxtında yerinə yetirməmişdir.

b) Cavabdehin kassasiya şikayətinin dəlilləri

27. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən də görünür ki, iddiaçı iki elektron qaimə üzrə - EBDZ ****** saylı, 29.02.24-cu il tarixli (23 278 manat ədv daxil) elektron qainə və EBCB ****** saylı ##.##.2022-ci il tarixli (49 533 manat ədv daxil) borcu mübahisələndirir. İddia ərizəsinə əlavə edilmiş bank ödəniş sənədlərindən aydın olur ki, cavabdeh bir qaimə üzrə borcunu tam ödəmişdir. Məhkəmə cavabdehin təqdim etdiyi sübutlara düzgün hüquqi qiymət verməmiş, qarşı tərəfin mübahisələndirilməyən sübutlarına da qiymət verməklə bərabərlik pronsipini pozmuşdur. Bundan başqa məhkəmədə cavabdeh iddianı qismən qəbul etdiyini bildirmişdir. Bir qaimə üzrə borc tam ödənilsə də, digər qaimə üzrə ödənişlər icra edilməmişdir. Lakin məhkəmə qətnamədə bu faktı da qeyd etməmişdir. Məhkəmə işi obyektiv araşdırmamış, iddiaçının mübahisələndirdiyi qaimələr üzrə təqdim etdiyimiz ödəniş sənədlərinə düzgün hüquqi qiymət verməmişdir. Eyni zamanda məhkəmə iddiaçının tələblərindən kənara çıxaraq, bütün dövrlər ərzində ödəniş sənədlərinə qiymət vermişdir.. Ancaq iddia üzrə mübahisə predmeti yalnız iki qaimə üzrə ödənişlər idi.Bununla da kassasiya şikayətində qeyd olunan maddi və prosessual hüquq normaları pozulmuşdur.

c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Kassasiya baxışının hədləri

29. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq bütövlükdə yoxlanılacaqdır.

30. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

Tətbiq edilən hüquq

31. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. ...”

“Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. ...”

“Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.”

“Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.”

Maddə 598. Alınmış əşyanın ödənilməsi

598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. ...”

Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi

600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. ... 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. ...”

32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il ## #### tarixli qərarında müəyyən edilmişdir ki:

“Mülki Məcəllənin 467-ci maddəsində mülki hüquq subyektlərinin iradə azadlığı prinsipinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (peniya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu müəyyən edilmişdir.

33. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2014-cü il ## ###### tarixli qərarında nəzərdə tutulmuşdur:

… Öhdəliklərin icrasının təmin edilməsinin xüsusi vasitələrindən biri kimi dəbbə pulu çıxış edir. Bu vasitənin xüsusiliyi ondan ibarətdir ki, o, həm də mülki-hüquqi məsuliyyət tədbiridir. Lakin mülki hüquq məsuliyyəti tədbiri kimi dəbbə pulu borclunun öz öhdəliklərini təqsirli icra etməməsi nəticəsində tətbiq olunur. ….Dəbbə pulunun əsas təyinatı ondan ibarətdir ki, kreditoru ödənilməli olan zərərin məbləğini sübut etmək vəzifəsindən azad edir. Bu onunla əlaqədardır ki, dəbbə pulu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində kreditora dəymiş zərərin miqdarından asılı olmayaraq, ödənilməli olan müəyyən pul məbləğidir.”

34. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...”

“Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...”

“Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”

Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi

119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. ...”

Maddə 121. Nümayəndəyə və vəkilə göstərdiyi yardıma görə xərclərin ödənilməsi

121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

“Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. ... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. ...”

“Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. ... 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1ci maddəsi).

36. Kollegiya kassasiya şikayətlərinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab etmir.

37. İlk növbədə iddiaçının kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edilməlidir ki, mülki qanunvericliliyin tələbinə görə məhkəmə işin hallarını, kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz dəbbə pulunu azalda bilər (MM-nin 467-ci maddəsi). Həmin normada istənilən dəbbə pulunun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. İşə baxmış məhkəmələr iddiaçının cərimənin tutulması tələbinə qiymət verərkən işin hansı halları nəzərə alınmaqla, tənasübsüz cərimə məbləğinin 2900 manatadək azaldılmalı olmasını əsaslandırmışlar.

38. Məhkəmə kollegiyası işin müəyyən edilmş hallarını və Konstitusiya Məhkəməsi Plenumunun § 32-33-də istinad olunan qərarlarındakı hüquqi mövqeləri nəzərə alaraq, cavabdehdən cərimənin tutulması tələbi üzrə gəlinən nəticəni MM-in 467-ci maddəsinin tələblərinə uyğun hesab edir.

39. Hüquqi yardım xərclərinə münasibətdə MPM-in 121.1-ci maddəsinə əsasən nümayəndəyə və vəkilə göstərilən yardıma görə çəkilmiş xərclər qarşı tərəfdən tam deyil, konkret işin halları nəzərə alınmaqla ağlabatan məbləğdə tutulur. Məhkəmələr iddianın qismən təmin olunmasını, mübahisənin xarakterini, işin mürəkkəblik dərəcəsini və hüquqi yardımın həcmini nəzərə alaraq hüquqi yardım xərclərini müəyyən etmişdir.

40. Cavabdehin kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası bildirir ki, cavabdeh kassasiya şikayətində bir elektron qaimə üzrə borcun tam ödənildiyini bildirsə də, məhkəmə tərəflər arasında həmin müqavilə üzrə bütün təqdim olunmuş elektron qaimələri və ödəniş sənədlərini birlikdə qiymətləndirərək qalıq borcun 58.708,32 manat təşkil etməsi nəticəsinə gəlmişdir. Kassator isə bu hesablamanın hansı hissəsinin yanlış aparıldığını hüquqi və faktiki cəhətdən əsaslandırmamışdır.

41. Kassasiya şikayətinin işin faktiki hallarının araşdırılmaması barədə dəlillərinə münasibətdə qeyd edilməlidir ki, hazırkı icraat çərçivəsində məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlı dəlillər üzrə araşdırma aparılmır və onlara qiymət verilmir.

42. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, qətnamə qəbul edilərkən MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə əməl edilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq normaları düzgün tətbiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri isə təmin edilməməlidir.

43. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

qərara alır: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar