Məhkəmə qərarları › İş №2-2(1-8)-204/2026

Ali Məhkəmə Qərar — İş №2-2(1-8)-204/2026

21.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-204/2026 21.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının Iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilədən irəli gələn öhdəliklərin icra edilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Qarayev Sənan Məmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh qarşı “borcun tutulması tələbinə dair” kommersiya işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının *-*(***)-***/**** nömrəli 2025-ci il ## ###### tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları

1. Tərəflər arasında 2022-ci il ## ###### tarixində nisyə alğı-satqı müqaviləsi bağlanmışdır.

2. İddiaçı MMC tərəfindən 2022-ci il ## ###### tarixli EBCC seriyalı ****** nömrəli (11696.11 manat) və ****** nömrəli (7070.37 manat) Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturalar göndərilmişdir.

3. 2022-ci il ## ###### tarixli əməliyyat üzrə məlumatlardan görünür ki, Cavabdeh ödəniş təyinatı EBCC737302 elektron qaimə-fakturası üzrə 4901 manat ödəniş etmişdir. Qismən ödəniş edildiyi göstərilmişdir.

4. 2023-cü il # ###### tarixli əməliyyat üzrə məlumatlardan görünür ki, Cavabdeh ödəniş təyinatı 2022-ci il ## ###### tarixli A**/** saylı müqaviləyə əsasən 1495 manat ödəniş etmişdir.

5. 2023-cü il ## #### tarixli əməliyyat üzrə məlumatlardan görünür ki, Cavabdeh ödəniş təyinatı 2022-ci il ## ###### tarixli A**/** saylı müqaviləyə əsasən 590 manat ödəniş etmişdir.

Iş üzrə məhkəmə icraatı

a) Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 11780,47 manat borc, 1000 manat məbləğində hüquqi xidmət haqqı və 126 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Iddia tələbi belə əsaslandırılmışdır ki, cavabdeh ilə arasında bağlanmış A**/** saylı 2022-ci il ## ###### tarixli alğı-satqı müqaviləsinə əsasən sonuncuya spirtli içkilər satılmışdır. Göstərilən müqavilə üzrə cavabdehin 11780,47 manat borcu vardır, pretenziya göndərilməsinə baxmayaraq heç bir ödəniş edilməmişdir.

8. Şəki Kommersiya Məhkəməsinin e-*-*(***)-***/**** nömrəli, 2025-ci il # ######## tarixli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim M.Hüseynov).

9. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı tərəfindən sübut qismində təqdim edilmiş materiallar araşdırıldıqda 2022-ci il ## ###### tarixli A**/** saylı alqı-satqı müqaviləsinin imzalanmadığı aşkar edilmiş, eyni zamanda iddiaçı tərəf əlavə olaraq elektron qaimə-fakturalar təqdim etmişdir ki, qeyd edilən materiallar sadəcə özlüyündə tərəflər arasında alqı-satqı münasibətinin yarandığını və borcun mövcudluğunu təsdiqləyən sübut kimi qəbul edilə bilməz.

10. Bundan başqa iddiaçının nümayəndəsi hazırlıq iclasında iştirak edərək sənədlər arasında uyğunsuzluq olduğunu bildirərək ona vaxt verilməsini xahiş etmiş, lakin bundan sonrakı iki iclasda da iştirak etməmiş, məhkəmədən iclasın növbəti tarixə təxirə salınmasını xahiş etmiş, lakin qeyd edilən dövr ərzində iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim etməsinə baxmayaraq, iddia tələbində qeyd edilən halları təsdiqləyən hər hansısa sübut təqdim etməmiş və qeyd edilən halla bağlı münasibət bildirməmişdir. Bundan əlavə olaraq cavabdeh tərəf məhkəmə iclaslarında verdiyi izahatında iddiaçı şirkətdə əvvəllər işçi olduğunu, aralarında heç bir müqavilənin bağlanmadığını və borcunun olmadığını bildirmişdir.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 60, 125, 127, Mülki Məcəllənin (bundan sonra – “MM”) 386.1, 389.1, 407.2, 567, Mülki Prosessual Məcəllənin (bundan sonra – “MPM”) 2.1, 8.1, 8.2, 9.1, 14.1, 14.2, 77.1, 119.1, 217-ci maddələrinə istinadla əsaslandırmışdır.

12. Iddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, onun ləğv olunması, iddianın təmin edilməsini xahiş etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbinin qismən təmin edilməsi, cavabdehdən 11780.47 manat məbləğində pul, 500 manat hüquqi xidmətə görə pul və 126 manat dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (sədrlik edənməruzəçi hakim – Ə.Kərimov, hakimlər – V.Musayev və E.Hüseynov).

14. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq alğı-satqı müqaviləsinin imzalanmaması ilə bağlı əlavə olaraq qeyd etmişdir ki, qanunvericiliyin tələbinə əsasən bu tip alğı-satqı müqaviləsi həm yazılı, həm də şifahi qaydada bağlana bilər. Hazırki işdən də göründüyü kimi, tərəflər arasında şifahi alğısatqı müqaviləsi bağlanmışdır. Cavabdeh tərəf ona göndərilmiş elektron qaiməfaktura üzrə ödənişi qismən etməklə faktiki olaraq iddiaçı tərəfə yenə borcunun qaldığını təsdiq etmişdir.

15. Məhkəmə göstərmişdir ki, birinci instansiya məhkəməsi sübutları qiymətləndirərkən onların növü ilə bağlı qaydaları nəzərə almamış və yalnızca müqavilənin yazılı bağlanmaması əsası ilə iddia tələbini təmin etməmişdir.

16. Birinci instansiyası məhkəməsi sübutları düzgün qiymətləndirməmişdir. Hər üç ödəniş 2022-ci il ## ###### tarixli müqavilədən sonra edilmişdir. Həmçinin ödənişlərin hamısının təyinatı birbaşa 2022-ci il ## ###### tarixli müqavilə və həmin müqaviləyə əsasən göndərilmiş elektron qaimə-fakturalar üzrə olmuşdur. Iş materiallarına əlavə edilmiş hesabdan çıxarışlarda da cavabdeh tərəfindən ancaq üç ödənişin (cəmi 6986 manat) edildiyi və başqa heç bir ödənişin edilmədiyi müəyyən edilir. Həmçinin, cavabdeh tərəfin özüdə hər hansı ödənişin edilmədiyini bildirmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sübutların hamısı biribirini təsdiq etməklə heç birinin mötəbərliyi şübhə doğurmamaqdadır. Qeyd edilən sübutlara məcmu halında qiymət verildikdə isə müəyyən edilir ki, iddiaçı tərəfindən şifahi alğısatqı müqaviləsi əsasında cavabdehə 18766,48 manatlıq mal verilmişdir. Bundan sonra iddiaçı tərəf cavabdehə elektron qaimə-fakturalar göndərmiş, cavabdeh həmin qaimə-fakturalar üzrə ümumilikdə 6986 manat ödəniş etmiş və ödənilməmiş 11780.47 manat borcu qalmışdır. Işdən eyni zamanda görünür ki, iddiaçı tərəfindən göndərilmiş elektron qaimə-fakturalar bugünədək ləğv edilməmişdir.

17. Cavabdeh ona heç bir mal verilmədiyini, tərəflər arasında heç bir müqavilə bağlanmadığını bildirsədə, yenə onun özü tərəfindən edilmiş ödənişlərlə cavabdehin iddiaçıdan mal alması və borcunu tam olaraq ödəməməsi müəyyən edilmişdir. Cavabdeh tərəf qeyd etdiyi mülahizələri əsaslandırmamış və heç bir sübut və ya dəlil təqdim etməmişlər.

18. Cavabdeh tərəfin özünə məxsus VÖEN-i başqa şəxsə verməsi ilə bağlı dəlillərinə münasibətdə Kollegiya göstərmişdir ki, birincisi həmin hal iş materialları ilə öz təsdiqini tapmır. Həmçinin, tərəfin özünə məxsus olan VÖEN-i başqa şəxsə verməsi onu heç bir halda məsuliyyətdən azad edə bilməz.

19. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 6.2, 14.1, 14.2, 385.1, 386.1, 390.1, 390.5, 398.1, 399.1, 407.2, 425.1, 442, 445.1, 445.2, 445.2.1, 445.2.2, 448.1, 448.2, 567, 600.1, 600.2, MPM-in 14.2, 77.1, 88, 217-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2019-cu il ## #### tarixli qərarına istinadla əsaslandırmışdır.

20. Cavabdeh kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və işin yenidən və obyektiv araşdırılması üçün apellyasiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

21. MPM-in 2, 14.1, 88, 217.1-ci maddələri üzrə - Məhkəmə qətnaməsi qanuni və əsaslı olmamış, iş birtərəfli olaraq iddiaçının lehinə əsaslandırılmışdır. Təqdim etdiyi sübutlar təkzib ediləcək sübut olmadığı halda araşdırılmamış və qətnamədə istinad edilməmişdir. Məhkəmələrin hazırkı iş üzrə qətnamələri adıçəkilən MPM-in 2-ci maddəsinin pozuntusu ilə qəbul edilmişdir. Belə ki, onun hüquq və mənafelərinin təsdiqi ilə əlaqədar atılmalı olan prosessual addımlar atılmamış və təqdim etdiyi sübutlara isə düzgün qiymət verilməmişdir.

22. Digər məsələlər bölməsində işin halları sadalanmaqla göstərilmişdir ki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı olduğu halda, özü ədalətli məhkəmə araşdırmasının imkanlarını məhdudlaşdıran hərəkətə yol vermişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Kassasiya baxışının hədləri

24. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

25. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

Tətbiq edilən hüquq

26. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 385. Öhdəlik anlayışı

385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.”

“Maddə 390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. ... 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. ...”

“Maddə 407. Müqavilənin bağlanması anı ... 407.2. Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır.”

“Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı

Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

“Maddə 445. Borclunun icranı gecikdirməsi ... 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; ...”

“Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. ...”

“Maddə 567. Alğı-satqı müqaviləsi

Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

“Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. ... 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.”

27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...”

“Maddə 88. Sübutların qiymətləndirilməsi

Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”

“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri

416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”

Kassasiya instansiya məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Işin faktiki hallarını araşdıran apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında (şifahi qaydada) nisyə alqı-satqı müqaviləsi bağlanmış, cavabdeh müqavilə üzrə göndərilmiş elektron qaimə fakturalara əsasən ödənişin bir qismini həyata keçirsə də, öhdəliklərini tam icra etməmişdir. Cavabdeh tərəfindən eqaimələrin mübahisələndirilməməsi, onlara əsasən ödənişlərin edilməsi müqavilənin bəyənilməsi kimi qiymətləndirilməlidir.

30. Kollegiya kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və onu da bildirir ki, şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir. Kollegiya həmin hüquqi qiymətləndirmə və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.

31. Kollegiya, həmçinin bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

32. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarı).

33. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi iş materiallarında olan sübutlar əsasında hüquqi qiymətləndirməni qanunvericiliyin tələblərinə əsasən düzgün aparmış və qanunvericiliyin müddəalarını işin hallarına münasibətdə düzgün tətbiq etmiş, cavabdehin kassasiya şikayətində göstərilən dəlillər isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir.

34. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının *-*(***)-***/**** nömrəli 2025-ci il ## ###### tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar