Məhkəmə qərarları › İş №2-2(1-8)-210/2026

Ali Məhkəmə Qərar — İş №2-2(1-8)-210/2026

11.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-210/2026 11.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının Iddiaçı İddiaçı Şirkətinin cavabdeh Cavabdeh qarşı ilk, Cavabdeh İddiaçı Şirkətinə qarşı qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRARİ Açar sözlər: pulun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası, hakim Qurbanov Raqib Əliddin oğlunun məruzəsi ilə, hakimlər Babayev Zəki Baba oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı Şirkətinin cavabdeh Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair ilk iddiası, Cavabdeh İddiaçı Şirkətinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia tələbləri üzrə kommersiya mübahisəsinə dair Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Iş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

1. Iddiaçı İddiaçı Şirkəti (bundan sonra – “iddiaçı”) cavabdeh Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2024-cü il ## #### tarixli B/** nömrəli alqı-satqı müqaviləsinə əsasən yaranmış və ödənilməmiş 85466,05 manat əsas borc, 12810 manat cərimə borcu, ödənilmiş dövlət rüsumuna görə 385 manat, hüquqi yardım göstərilməsinə dair **** saylı müqaviləyə əsasən ödənilmiş 1500 manat məbləğində pul olmaqla, ümumilikdə 100161,05 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. Iddia onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 2024-cü il ## #### tarixli B/** nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilə şərtlərinə uyğun olaraq, satıcı iddiaçı alıcı cavabdehin sifarişi əsasında müxtəlif adlarda avtomobil şinlərinin müqavilənin qiymət razılaşması protokoluna uyğun olaraq satılmasını öhdəsinə götürmüşdür. Ümumilikdə ƏDV daxil olmaqla 85.466,05 manat dəyərində mallar alıcı cavabdehə satılmışdır. Satılmış malların keyfiyyəti və kəmiyyəti barədə alıcı cavabdehdən heç bir pretenziya daxil olmamışdır. 2024-cü il ## ######## tarixə cavabdehin 85.466,05 manat borcu qalmışdır. Tərəflər arasında təsdiq edilmiş 2024cü il ## #### tarixli üzləşmə aktına əsasən borc məbləği təsdiq olunmuşdur. Borcun ödənilməsinə dair 2024-cü il # ####### tarixdə poçt vasitəsi ilə pretenziya məktubu göndərilməsinə və cavabdeh tərəfindən 2024-cü il ## ####### tarixdə alınmasına baxmayaraq qeyd olunan borc məbləği ödənilməmişdir.

3. Həmçinin cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşı qarşılıqlı iddia qaldıraraq, 2024-cü il ## #### tarixli B/** nömrəli alqı-satqı müqaviləsinin etibarsız sayılması və ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçıdan alınıb ona verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, iddiaçı ilə onun arasında 2024-cü il ## #### tarixli B/** nömrəli alqı-satqı müqaviləsi bağlanmamışdır. Həmin müqavilə onun tərəfindən imzalanmamışdır və bu müqavilədən xəbəri yoxdur. Həmçinin iddiaçı ilə onun arasında 2024-cü il ## #### tarixli üzləşmə aktı tərtib olunmamış və onun tərəfindən imzalanmamışdır. Qiymətlərin razılaşdırma protokollarında onun soyadının qarşısında olan biri-birindən fərqli imzalar da ona məxsus deyildir. Ona görə də 2024cü il ## #### tarixli B/** nömrəli alqı-satqı müqaviləsi etibarsız sayılmalıdır.

5. Gəncə Kommersiya Məhkəməsinin 2025-ci il ## ###### tarixli e-*-*(***)-***/**** saylı qətnaməsi ilə hər iki iddianın rədd edilməsi, iş üzrə məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsi ilə bağlı 126 manat ekspertiza xərcinin iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir (hakim G.Quliyeva).

6. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş 2024-cü il ## #### tarixli B/** nömrəli alqı-satqı müqaviləsindəki “Alıcı” qrafasındakı, qiymətlərin razılaşdırma protokollarındakı, Müştəri Sifarişi haqqında qaimələrdə “Təhvil aldı” qrafalarındakı, Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə - fakturalarda “Təhvil aldım” qrafalarındakı və üzləşmə aktındakı imzaların cavabdeh tərəfindən icra olunub-olunmamasının müəyyənləşdirilməsi üçün iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin etmişdir.

7. Məhkəmə Ekspertizası Mərkəzinin 2025-ci il ## ##### tarixli */*** nömrəli ekspert rəyində iddiaçının təqdim etdiyi üzləşmə aktında, Müştəri Sifarişi haqqında qaimələrdə olan imzaların cavabdeh tərəfindən yox, başqa şəxslər tərəfindən icra olunduğu, digər sənədlərdə isə imzanın cavabdeh tərəfindən icra olunubolunmamasının müəyyən edilməsinin mümkün olmaması qeyd edilmişdir.

8. Məhkəmə qeyd etmişdir ki, iddiaçı cavabdeh ilə aralarında alqı-satqı müqaviləsi üzrə münasibətlərin yazılı müqavilə əsasında yarandığını, alıcıya mal satılmasını, malın alıcıya təhvil verildiyini bildirsə də, həmin halları təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Iddiaçı məhkəməyə elektron qaimələri təqdim edib həmin qaimələri alıcının təsdiq etdiyini bildirsə də elektron qaimələrdə olan imzaların cavabdehə məxsus olması müəyyən edilməmiş, həmin elektron qaimələr alıcının özü tərəfindən deyil, sistem tərəfindən təsdiqlənmişdir. Qaimələr üzrə hər hansı ödəniş aparılmamışdır. Qeyd edilən elektron qaimələr özü-özlüyündə malların təqdim olunmasını təsdiq etmir. Çünki qaimələr digər iş materialları ilə təsdiq edilmir. Dindirilmiş şahidlər də Cavabdeh Nizami müəllimin işçisi kimi tanıdıqlarını bildirərək ona mal verdiklərini qeyd etmişlər. Onun özünə müqavilə üzrə mal təhvil vermələri ilə bağlı hər hansı fikir səsləndirməmişlər. Göründüyü kimi iddiaçının cavabdehə mal satması və təhvil verməsi iş materialları ilə təsdiq edilmir. Ona görə də ilk iddia tələbi təmin edilməməlidir.

9. Qarşılıqlı iddia ilə bağlı məhkəmə qeyd etmişdir ki, Məhkəmə Ekspertizası Mərkəzinin 2025-ci il ## ##### tarixli */*** nömrəli ekspert rəyi ilə iddiaçı ilə cavabdehin arasında bağlanmış 2024-cü il ## #### tarixli B/** nömrəli alqı-satqı müqaviləsində “ALICI” hissəsində “Cavabdeh” qrafasındakı imzanın cavabdeh tərəfindən icra olunubolunmamasının müəyyən edilməsi mümkün olmamışdır. Belə olan təqdirdə məhz həmin müqavilənin cavabdeh tərəfindən imzalanmaması, etibarsız olması qənaətinə gəlmək mümkün deyildir. Ona görə də qarşılıqlı iddia təmin edilməməlidir.

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 337.3, 337.4, 385.1, 386.1, 442, 445.1, 445.2, 448.1, 448.2, 567, 600.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 10-1.3, 14.2, 77.1, 88, 217.3, 218.1 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

11. Iddiaçı apellyasiya şikayəti verərək həmin qətnaməsinin iddiaçı tərəfindən verilmiş iddia tələbinin təmin edilməmiş hissəsində ləğv edərək, ilk iddianın tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – Ş.Rzaquliyev, hakimlər - İ.Həsənov və R.Məcidov).

13. Apellyasiya instansiyası məhkəməsi ilk iddiaya münasibətdə birinci instansiya məhkəməsinin əsaslandırması və gəldiyi nəticə ilə razılaşmış, əlavə olaraq apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, MM-də alqı-satqı müqaviləsinin yazılı formada bağlanmasına dair imperativ tələb nəzərdə tutulmasa da, MPM-in tələblərinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları qanunla müəyyən edilmiş qaydada sübut etməlidir. Hazırkı halda isə iddiaçı cavabdehlə qeyd olunan müqavilənin bağlandığını və ona müqavilə şərtlərinə uyğun olaraq malların verildiyini sübut edə bilməmişdir. Işdəki sənədlərlə malların cavabdehə təhvil verildiyi sübut olunmur. Ona görə də gələcəkdə yarana biləcək mübahisələrin qarşısının alınması üçün malları qəbul edən şəxs imza ilə yanaşı adını, soyadını və vəzifəsini də göstərməlidir ki, iddiaçı sübut üçün həmin hallara istinad edə bilsin.

14. Şikayətin növbəti dəlilində qeyd olunmuşdur ki, məhkəmə iclası zamanı şahid qismində dindirilmiş şahid2 və şahid1 da qeyd edilən malların cavabdeh şəxsə təhvil verildiyini qeyd etmişlər. Lakin iş materialları ilə qeyd olunan malların iddiaçı tərəfindən cavabdehə təhvil verildiyi sübuta yetmədiyinə görə məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlilini də əsassız saymışdır.

15. Məhkəmə kollegiyasının ilk iddiaya münasibətdə öz mövqeyini əsaslandırmaq üçün istinad etdiyi maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsinin istinad etdiyi normalarla eynilik təşkil etmişdir.

16. Iddiaçı kassasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməmiş hissəsində ləğv edərək ilk iddianın tam olaraq təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

17. MM-in 385.1-ci maddəsi üzrə - cavabdehin elektron kabinetinə mallara uyğun qaimələr göndərilmişdir. Bu müqavilə üzrə cavabdeh ödəniş etməmişdir, lakin qaimələri təsdiq etmişdir, sadəcə 1 qaiməni geri qaytarmışdır.

18. MPM-in 217-ci maddəsi üzrə - cavabdeh tərəfindən iddiaçıya 2024-cü il # ### tarixdə malların qaytarılması barədə elektron qaimə-faktura göndərilmişdir (2025-ci il ## ####### tarixdə Gəncə Apellyasiya Məhkəməsində icraat zamanı elektron kabinetə yerləşdirilmişdir). Bu isə yalnız Asan Imza vasitəsilə mümkündür. Cavabdeh özü bildirmişdir ki, asan imzasından ancaq özü istifadə etmiş, başqa şəxs istifadə etməmiş, heç kəsə etibar edib verməmişdir. Yalnız bu fakt onu təsdiq edir ki, cavabdeh yalan danışır. Lakin hər iki məhkəmə instansiyası işi səthi araşdıraraq bu xüsusatı ümumiyyətlə nəzərə almamışlar. Cavabdeh ilə iddiaçı arasında olan işgüzar alqı-satqı münasibətlərinin olduğunu təsdiq edən digər məqamlar ondan ibarətdir ki, 2023-cü ildə iddiaçı yüksək satış göstəriciləri edən partnyorlarını həvəsləndirmək məqsədilə 19 nəfərlik heyətin Taylanda turistik və istirahət məqsədilə səyahətini təşkil etmişdir. Bu səyahətin bütün təşkilati işləri iddiaçının sifarişi ilə Türkiyə Respublikasında fəaliyyət göstərən “xxxx” şirkəti tərəfindən edilmişdir. Əgər şəxs iddiaçı ilə heç bir işgüzar münasibətdə olmamışdırsa, cavabdehin xarici pasportu, aviabileti və digər səyahət üçün nəzərdə tutulmuş şəxsi məlumatları iddiaçıda ola bilməzdi. Cavabdeh və onun vəkili bu nüansla bağlı heç bir münasibət bildirmiş və bu məsələyə aydınlıq gətirə bilməmişlər. Məhkəmə isə bu faktı ümumiyyətlə araşdırmamışdır.

19. MPM-in 85-ci maddəsi üzrə - işin hərtərəfli, ədalətli və obyektiv həlli üçün Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ** saylı Ərazi Vergilər Baş Idarəsinə Məhkəmə tərəfindən sübutların təmin edilməsi barədə sorğu göndərilməli idi. Məlumdur ki, müvafiq məlumatların alınması ilə bağlı Vergi orqanlarından vəkil sorğularına imtina cavabı gəlir və yalnız məhkəmə sorğusu əsasında məlumatların təqdim ediləcəyi bəyan edilir. Prosessual qənaət prinsipi baxımdan bu vəsatəti məhkəməyə versələr də məhkəmə tərəfindən vəsatətə münasibət bildirilməmişdir. Belə ki, cavabdeh tərəfindən 2024-cü il üzrə verdiyi gəlir vergisi bəyannaməsinin və 2024-cü il üzrə aldığı elektron qaimə fakturaların siyahısının, həmçinin, MT240400539736, MT240400577905, MT240400855082, MT240400854790, MT24**********, MT24**********, MT24**********, MT24********** seriya və nömrəli elektron qaimə fakturaların cavabdeh tərəfindən 2024-cü il üzrə verdiyi gəlir vergisi bəyannaməsində xərclər qismində göstərilib-göstərilməməsi barədə məlumatın alınması aralarında göstərilən məbləğdə alqı-satqının olmasını təsdiq edəcəkdi. Lakin, məhkəmə tərəfindən məlumatın təqdim edilməsi üçün ** saylı Ərazi Vergilər Baş Idarəsindən sübutların təmin edilməsi üçün qərardad qəbul edilməmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir.

Kassasiya baxışının hədləri

21. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə tam yoxlanılacaqdır.

Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 385. Öhdəlik anlayışı

385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.”

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı

217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.”

“Maddə 220. Qətnamənin məzmunu

220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.”

“Maddə 392. Apellyasiya instansiyası məhkəməsi qətnaməsinin məzmunu

392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.”

“Maddə 407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər

407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.”

“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri

416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin qətnaməsi ləğv olunmaqla iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır.

25. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.

26. MM-in 385.1-ci maddəsinin pozulması barədə dəlillərə dair kollegiya qeyd edir ki, kassasiya şikayətində həmin maddənin tələblərinin pozulmasının nədən ibarət olmasına dair aydın şəkildə izah verilməmişdir.

27. Kassasiya şikayətinin dəlillərinin işdə olan sübutların və işin hallarının düzgün qiymətləndirilməməsi ilə əlaqələndirilməsi isə əsassızdır.

28. Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirinə görə kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.

29. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarında da qeyd edilmişdir ki, ...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olubolmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunubolunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə ## ##### 2004-cü il tarixli Qərarı).

30. Bununla yanaşı, kassasiya şikayətində qeyd edilmişdir ki, cavabdeh elektron sistem vasitəsilə ona göndərilmiş qaimələrdən birini geri qaytarmış, həmin qaiməyə dəyişiklik etmiş, digər qaimələrə isə etiraz etməmişdir. Həmçinin apellyasiya icraatında cavabdehə turistik səfərin təşkil etməsi ilə bağlı sübutlar təqdim edilmişdir. Lakin məhkəmə həmin hallara və sübutlara qiymət verməmişdir.

31. Iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi iddiaçının elektron qaimələrlə bağlı qeyd olunan dəlillərinə münasibət bildirməmiş, həmin halın iş üzrə əhəmiyyət daşıyıb-daşımadığı üzrə hüquqi dəyərləndirmə aparmamışdır.

32. Iddiaçı bu prosessual pozuntunu apellyasiya şikayətində ayrıca dəlil kimi göstərmiş və apellyasiya instansiyası məhkəməsindən həmin xüsusatın araşdırılmasını xahiş etmişdir. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi bu dəlillərə münasibət bildirməmiş, onun qəbul edilməməsinin hüquqi və faktiki əsaslarını qətnamədə göstərməmişdir.

33. Halbuki MPM-in 392.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin təmin edilməməsinin səbəblərini və şikayətin dəlillərinin hansı əsaslarla rədd edildiyini məhkəmə aktında göstərməyə borcludur. Eyni hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli qərarında da ifadə olunmuş, apellyasiya və kassasiya instansiyası məhkəmələrinin şikayət dəlillərinə müfəssəl hüquqi qiymət verməli olduqları vurğulanmışdır.

34. Bundan əlavə, apellyasiya icraatında təqdim edilmiş sübutlara da münasibət bildirilməmiş, yəni onların MPM-in 372.2-ci maddəsinin tələbləri baxımından qəbul edilibedilməməsi, qəbul edildiyi halda isə qiymətləndirilməsi üzrə hüquqi dəyərləndirmə aparılmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının qeyd etdiyi dəlillərinin əsaslı olubolmaması

35. və təqdim etdiyi yeni sübutların qəbul edilib-edilməməsi ilə bağlı məsələlərə apellyasiya instansiyası məhkəməsi qiymət verməlidir. Belə ki, işin faktiki hallarının və sübutların qiymətləndirilməsi ilə bağlı məsələ işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilibverilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır. Hazırkı işin halları isə ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının qeyd olunan dəlillərinə və təqdim etdiyi sübutlara münasibət bildirməməklə prosessual hüquq normalarının tələblərini pozmuşdur.

36. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmaqla apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. Işə yenidən baxılarkən iddiaçının dəlillərinə və təqdim etdiyi sübutlara MPM-in tələblərinə uyğun hüquqi qiymət verilməli və nəticədən asılı olaraq qanuni və əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir.

37. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ləğv edilsin. Iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar