Məhkəmə qərarları › İş №2-2(1-8)-217/2026

Ali Məhkəmə Qərar — İş №2-2(1-8)-217/2026

10.07.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Daşınmaz əmlak üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-217/2026 10.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: icarə obyektinin boşaldılaraq təhvil verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı “qeyri yaşayış və torpaq sahəsindən çıxarılma və əmlakın təhvil verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-**/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 2015-ci il # ##### tarixli RX******* saylı çıxarışa əsasən Sumqayıt şəhəri, Məzahir Abdullayev küçəsi, 47-ci məhəllə ərazisi, 0.28 ha torpaq sahəsi üzərində istifadə hüququ İddiaçı adına hüquqi qeydiyyata alınmışdır.

2. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 2019-cu il # ##### tarixli icarə müqaviləsinin (bundan sonra-“icarə müqaviləsi”) 1.1-ci bəndinə əsasən müqaviləyə əsasən ünvan 1 məhəllə ünvanda yerləşən, İddiaçı daimi istifadəsinə verilmiş, ümumi sahədən 1570 kv. m. (1100 kv.m. əsas və 470 kv. m. anbar) qeyri-yaşayış sahəsini (bundan sonra-“icarə obyekti”) müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada icarəyə verməyi öz öhdəsinə götürür; 1.2-ci bəndinə əsasən icarəçi icarə obyektini istifadəsinə qəbul edib əvəzində “İcarəyəverənə” bu müqavilədə nəzərdə tutulan məbləğdə və qaydada icarə haqqı ödəməyi öhdəsinə götürür. -2.1-ci bəndinə əsasən müqavilə hər iki tərəfin onu imzaladığı tarixdən qüvvəyə minir. Müqaviləyə əsasən icarə müddəti 10 il müəyyən edilir və icarə müddəti obyektin açılışından sonra başlayır. -2.5-ci bəndinə əsasən icarəçi icarə müqaviləsinə xitam vermək istədikdə 2 ay öncədən icarəyəverəni yazılı xəbərdar edir. -2.6-cı maddəsinə əsasən İcarəyəverən icarə müqaviləsinə birtərəfli qaydada xitam vermək hüququna malik deyil. -3.1-ci bəndinə əsasən “İcarəçi” “İcarəyə verən”ə, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə nəzərdə tutulmuş müqavilə imzalandığı tarixdən etibarən 6.977 manat məbləğində, bu müqavilə ilə müəyyənləşdirilmiş icarə müddəti ərzində, sabit aylıq icarə haqqı ödəyəcəkdir. Ödəmə mənbəyindən yaranan vergi icarəçi tərəfindən ödənilir. İcarə haqqının ödənişi hər ay üçün növbəti ayın 15-dən gec olmayaraq hesablanıb ödəniləcək. İcarə haqqı marketin fəaliyyətə başladığı tarixindən hesablanır. -8.2-ci bəndinə əsasən tərəflər bu müqavilə üzrə öhdəliklərini vaxtında və tam icra etmədikdə və ya lazımı qaydada icra etmədikdə, bunun nəticəsində digər tərəflərə dəyən zərəri və ziyanı tam miqdarda ödəyir. -8.3-cü bəndinə əsasən müqavilənin müddəti icarəyə verən tərəfindən və ya hər hansı bir səbəbdən vaxtından əvvəl xitam verildikdə icarəyə verən icarəçi tərəfindən marketin fəaliyyəti üçün çəkdiyi xərclərini və quraşdırdığı və söküb apara bilmədiyi avadanlığın dəyərini icarəçiyə ödəyir. -9-cu bəndinə əsasən müqaviləyə xitam verilməsi- hazırkı müqaviləyə aşağıdakı hallarda xitam verilə bilər: -9.1-ci bəndinə əsasən bu Müqavilənin 2-ci maddəsində müəyyən edilmiş icarə müddətin başa çatmasından sonra; -9.2-ci bəndinə əsasən tərəflər öz üzərinə götürdüyü öhdəlikləri sistematik şəkildə yerinə yetirmədiyi hallarda; -9.3-cü bəndinə əsasən icarəçi İcarəyəverəni 2 ay öncədən yazılı xəbərdar edərək; -9.4-cü bəndinə əsasən bu müqavilənin etibarsız olması haqqında müvafiq məhkəmə qərarı olduqda; -9.5-ci bənidnə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan digər hallarda; -9.6-cı bəndinə əsasən icarəçi tərəfindən 4 aylıq icarə haqqı ödənilmədiyi halda.

3. 2024-cü il # ##### tarixli internet bankçılığı elektron qəbzdən görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı hesabına 2024-cü ilin aprel ayına görə icarə haqqı ödənişi həyata keçirilmişdir.

4. 2023-cü il ## ###### tarixində İddiaçı tərəfindən Cavabdeh MMC-yə məktub göndərilərək bildirilmişdir ki, icarə müqaviləsində göstərilən icarə haqqının bazar qiymətlərinə uyğun olmaması barədə əvvəllər MMC-yə müraciət edilmiş, lakin MMC tərəfindən bu müraciətə heç bir münasibət bildirilməmişdir. Odur ki, icarə müqaviləsinə müqavilənin 8.3-cü bəndinə əsasən vaxtından əvvəl xitam verilir və icarə obyektinin və onun yerləşdiyi torpaq sahəsinin boşaldılması tələb edilir.

İş üzrə məhkəmə icraatı

a) Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı İddiaçı (bundan sonra-“iddiaçı”) cavabdeh Cavabdeh MMC-yə (bundan sonra-“cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçıya məxsus icarə obyektindən və həmin obyektin yerləşdiyi torpaq sahəsindən çıxarılması və həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında imzalamış icarə müqaviləsinin, mülki qanunvericiliklə müəyyənləşdirilmiş şərtləri pozmaqla tərtib edilməsinə və imzalanmasına baxmayaraq, məhz həmin müqaviləyə əsasən, icarə obyekti, 6.977 manat məbləğində haqq ödəmək şərti ilə, cavabdehin faktiki istifadəsinə verilmişdir. Qeyri-yaşayış sahəsindən faktiki istifadəyə görə, müqavilədə göstərilən haqqın mövcud bazar qiymətlərinə aşkar uyğun olmaması ilə bağlı cavabdehə daha əvvəl müraciət olunmuş, lakin bu müraciətə heç bir münasibət bildirilməmişdir. Bu səbəbdən, müqavilənin 8.3-cü bəndinə əsaslanaraq,cavabdehə bildiriş göndərilərək bildirilmişdir ki, sonuncu ilə bağlanılmış icarə müqaviləsinə tərəfindən vaxtından əvvəl xitam verilir (müqavilə ləğv edilir) və cavabdehin faktiki istifadəsində olan icarə obyektinin və həmin obyektin yerləşdiyi torpaq sahəsinin boşaldılması tələb olunur. Lakin cavabdeh bu bildirişə və mediasiya təklif məktubuna da heç bir əhəmiyyət verməmişdir. Cavabdehin iştirak etməməsi səbəbindən mediasiya sessiyası da baş tutmamışdır. Beləliklə, göstərilənlər iddianın əsasları kimi müəyyən edilir: DƏDRX tərəfindən verilmiş ******* nömrəli Çıxarışa əsasən 0,28 ha torpaq sahəsi iddiaçıya verilmişdir. Qeyd edilən torpaq sahəsi ilə bağlı tərəflər arasında hər hansı əqd, o cümlədən icarə müqaviləsi mövcud deyildir. Məhz bu səbəbdən qeyd edilən torpaq sahəsindən cavabdehin istifadəsi qanunsuzdur. Mübahisəli qeyri-yaşayış sahəsi ilə bağlı iddiaçının adına sərəncam və digər sənədlər mövcuddur. Lakin həmin qeyri-yaşayış sahəsi dövlət reyestrindən qeydiyyatdan keçməmiş və tərəflər arasında bağlanılmış icarə müqaviləsi də notariat qaydasında təsdiqlənməmiş və reyestrdə qeydiyyatdan keçməmişdir. Beləliklə, müqavilənin mülki qanunvericiliklə müəyyənləşdirilmiş şərtlər pozulmaqla tərtib edilməsi və imzalanması (başqa sözlərlə, əhəmiyyətsiz əqd olması) tərəfindən cavabdehə yazılı olaraq bildirilmişdir. Buna baxmayaraq, həmin əhəmiyyətsiz əqdin 8.3-cü bəndində göstərilən müddəanı faktiki olaraq nəzərə alıb, cavabdehin çəkdiyi xərclərin (rəsmi sənədlərlə təsdiq edildiyi halda) əvəzinin ödənilməsi təmin edilə bilər.

7. Cavabdeh təqdim etdiyi iddiaya qarşı etirazını onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanılmış müqavilə şərtlərinə əsasən müqavilənin müddəti 2029-cu il # ######## tarixində bitir və müqavilənin 2.6-cı bəndinə əsasən icarəyə verənin icarə müqaviləsinə birtərəfli qaydada xitam vermək hüququna malik deyil. Sözügedən icarə müqaviləsinin xitamla bağlı 9-cu bəndinə nəzər salınsa, tərəflər arasında müqavilənin xitamı ilə bağlı qeyd edilmiş əsasların hazırda heç biri mövcud deyildir. Hazırda iddiaçı ilə bağlanılmış icarə müqaviləsi üzrə cavabdeh tərəfindən öhdəliklər lazımi qaydada yerinə yetirilir və müqaviləyə uyğun şəkildə icarə haqqı ödənilir, icarəyəverən tərəfindən qəbul edilir. İddiaçının hazırkı iş üzrə iddia tələbinə münasibətdə subyektiv hüququ yoxdur. mübahisəli qeyri yaşayış sahəsinin mülkiyyəti təsdiq edən sənədin (daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatı barədə çıxarış) icarəyə verən tərəfindən alınmaması mülkiyyət hüququnun hazırda kimə məxsus olmasında qeyri-müəyyənlik yaradır. Materiallarda olan və iddia ərizəsində qeyd edilən çıxarışda əsas öhdəliyin mahiyyəti və icra müddəti qismində Sumqayıt şəhər İHB-nm sərəncamı və Sumqayıt şəhəri * saylı NK-nun istifadə hüququ ilə bağlı alqı-satqı müqaviləsi qeyd edilmişdir. Əsas öhdəliyin məzmununun nədən ibarət olduğu aydınlaşdırılmadan, hazırda öhdəliyi müəyyənləşdirən hüquq subyekti iddiaçı olmadığından, cavabdehə qarşı iddia tələbində qeyd edilən tələblərin əks etdirilməsi qanunauyğun deyildir. Hüdudları dəqiq bilinməyən qeyri-yaşayış sahəsinin, həmçinin cavabdehin faktiki istifadəsində olmayan sahələrin boşaldılaraq, təhvil verilməsi qeyri-mümkün olmaqla qərəzli yanaşmadır. İddiaçının iddia ərizəsində cavabdehə xəbərdarlıq məktubu, mediasiya məktublarına cavabdeh tərəfindən münasibət bildirilmədiyi qeyd edilsə də, iddiaçı ilə görüşülmüş və icarə haqqının artırılması ilə bağlı təklif etdiyi məbləğin çox yüksək olduğu və bazar qiymətinə uyğun olmadığı bildirilmişdir. İddiaçı isə tərəflərindən edilən yeni icarə haqqı təklifi ilə razılaşmamışdır

8. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il ## ### tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim G.Namazova).

9. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında daşınmaz əmlakın icarəyə verilməsinə dair icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır və hüquqi əsaslandırma da qanunvericilikdə həmin müqavilə üçün nəzərdə tutulmuş normaların qarşılıqlı təhlili əsasında aparılmalıdır.

10. İddiaçı iddia tələbinin əsası kimi icarə müqaviləsində nəzərdə tutulan məbləğin bazar qiymətinə uyğun olmadığı üçün vaxtından əvvəl xitam verildiyi, digər əsas isə onun istifadəsində olan torpaq sahəsinə dair cavabdehlə hər hansı müqavilə münasibətləri olmadığından istifadəsinin qanunsuz olduğunu və qeyri-yaşayış sahəsi ilə bağlı tərəflər arasında müqavilə notarial qaydada təsdiqlənmədiyi üçün müqavilənin əhəmiyyəsiz olduğunu, buna görə də daşınmaz əmlakın boşaldılaraq ona təhvil verilməsini tələb etmişdir.

11. Cavabdeh tərəfin isə hazırkı iddia tələbinə dair əks dəlili- tərəflər arasında bağlanılmış müqavilə şərtlərinə əsasən müqavilənin müddətinin 2029-cu ildə bitməsi və müqavilənin 2.6-cı bəndinə əsasən icarəyəverən icarə müqaviləsinə birtərəfli qaydada xitam vermək hüququna malik olmadığı və icarə müqaviləsinin xitamla bağlı 9-cu maddəsində tərəflər arasında müqavilənin xitamı ilə bağlı qeyd edilmiş əsasların hazırda heç birinin mövcud olmamasından ibarətdir.

12. İcarə müqaviləsi ilə bağlı münasibətlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 34-cü fəsli (700-722-ci maddələr) ilə tənzimlənir. Həmin fəsildə isə icarə müqaviləsinin notarial formada bağlanmalı olması ilə bağlı müddəa nəzərdə tutulmamışdır.

13. İcarə müqaviləsi ilə ötürülən hüquqlar əşya hüququna deyil, tələb hüququna aid olduğundan MM-də icarə müqaviləsinin forma şərti ilə bağlı imperativ norma mövcud deyil və MM-nin 144.1-ci maddəsi icarə müqaviləsinə münasibətdə tətbiq edilə bilməz.

14. Məhkəmə həmçinin iddiaçının müqavilə qiymətinin bazar qiymətinə uyğun olmaması əsası ilə xitam edilməsi dəlilinə dair hüquqi qiymətləndirilmə apararaq qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin 8.2-ci bəndinə əsasən tərəflər arasında müqavilənin qanunauyğun icra olunmaması və ya düzgün şəkildə icra olunmaması halında məsuliyyət daşıdıqları qeyd olunmuşdur. Halbuki, belə halın cavabdeh tərəfindən yol verilməsi müəyyən edilmir.

15. Məhkəmə müqavilə şərtlərini mövcud qanunvericiliyin icarə münasibətləri ilə bağlı müddəalarını nəzərə alaraq hesab etmişdir ki, icarəyə verən hər hansı pozuntu olmadan müqavilə münasibətlərinə xitam verilməsi qanuna uyğun hesab edilməməlidir. Əksinə, iddiaçının bu cür yanaşması, MM-in məqsədlərinə (mülki dövriyyə azadlığının, sabitliyinin təmin edilməsi) və prinsiplərinə (iradə sərbəstliyi və müqavilə azadlığı), “iqtisadiyyatın bazar münasibətləri əsasında inkişafı” və “azad sahibkarlığa təminat verilməsi” ilə bağlı konstitusion göstərişlərin məqsəd və hüquqi funksiyalarına zidd olmaqla yanaşı, gündəlik həyat ehtiyaclarına da uyğun deyildir.

16. Məhkəmə, tərəflər arasında bağlanmış müqaviləni etibarlı müqavilə hesab etməklə, həmin müqavilədə və mülki qanunvericilikdə müqavilənin ləğv edilməsinə əsas ola biləcək hazırki işə tətbiq ediləcək hər hansı halın mövcud olmadığını, xüsusən cavabdeh tərəfindən müqavilə şərtlərinin pozulmasına yol verilməməsini, icarə müqaviləsinin 2029-cu ilə kimi qüvvədə olmasını nəzərə alaraq və iddiaçının sadəcə (müqavilədə sabit məbləğ kimi müəyyən edilən) icarə haqqının artırılması arzusundan irəli gələrək müqavilənin vaxtından əvvəl ləğv edilməsi barədə göndərilmiş bildirişi qanunsuz (etibarsız) hesab edərək iddianın əsassız olduğu nəticəsinə gəlmişdir.

17. Məhkəmə gəldiyi nəticəni MM-in 139-1.1.3, 140, 144.1, 148.2, 149.2, 385.1, 398.2, 399.1, 404.1, 404.2, 406.1, 421, 422, 425, 442, 675, 684.1, 700.1 və 700.3-cü maddələrinə, “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə , “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.3-cü maddəsinə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - “MPM”) 14.1, 14.2, 77.1 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

18. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

19. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-**/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edənməruzəçi hakim L.Əliyeva, hakimlər S.Cəfərov və T.Mahmudova). Məhkəmə kollegiyası tərəflər arasında bağlanmış müqavilənin həmin müqavilə növü üçün qanunvericilikdə nəzərdə tutulmuş forma tələblərinə riayət edilmədən bağlandığından etibarsız əqd olması barədə iddiaçının dəlilinə münasibətdə qeyd etmişdir ki, icarə hüququ məhdud əşya hüquqlarına xas olan bir neçə əlamətə (təqib hüququəşyanın mülkiyyətçisi dəyişdikdə icarə hüququnun saxlanılması, daşınmaz əmlak üzərində 20. müddəti 11 aydan çox olan icarə hüquqlarının dövlət qeydiyyatına alınması) malik olsa da, hüquqi təbiətinə görə öhdəlik hüququdur. Belə ki, əşya hüququndan fərqli olaraq həmin hüququn obyektini əşya deyil, borclu şəxsin (icarəyə verənin) hüquqauyğun hərəkətləri (icarə sahəsini icarəçinin istifadəsinə təqdim etməsi) təşkil edir.

21. Ona görə də, məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, MM-in 144 və 394cü maddələrində nəzərdə tutulmuş forma tələbləri icarə müqaviləsinə şamil edilmir.

22. İddiaçının istinad etdiyi icarə obyektinin ümumiyyətlə daşınmaz əmlak obyekti kimi daşınmaz əmlakın reyestrində qeydiyyata alınmaması və belə olan halda iddiaçının həmin əmlakı icarəyə vermək hüququnun olmaması barədə dəlillərinə münasibətdə qeyd edilmişdir ki, birincisi, mübahisəli qeyri-yaşayış sahəsinin istifadə hüququ iddiaçıya məxsus olan torpaq sahəsində tikilməklə iddiaçının həmin qeyri-yaşayış sahəsinə dair “hüquq gözləntisi”nə malik olması işin mübahisəsiz halıdır.

23. Digər tərəfdən iddiaçı mübahisəli icarə müqaviləsini bağlayarkən icarə obyekti olan qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun olmamasını və həmin qeyriyayayış sahəsinin ümumiyyətlə daşınmaz əmlak obyekti kimi qeydiyyata alınmamasını bilirdi. Belə halda isə iddiaçının müqavilənin bağlanmasından 5 ilə yaxın müddət keçdikdən sonra qeyd edilən hallara istinad etməklə, müqavilənin etibarsız əqd kimi dəyərləndirilməsini tələb etməsi mülki hüququn təməl prinsipləri olan vicdanlılıq və estoppel prinsiplərinə uyğun davranış hesab edilmir.

24. İddiaçı cavabdehə bildiriş göndərməklə müqavilənin birtərəfli qaydada vaxtından əvvəl ləğv edilməsi barədə iradəsini ifadə etmişdir. Belə olan halda iddianın əsaslılığı iddiaçı tərəfindən müqavilənin birtərəfli qaydada ləğv edilməsinin qanuna və müqavilə şərtlərinə uyğun olub-olmamasından asılıdır.

25. Mübahisəli müqavilədə icarə müqaviləsinə xitam verilməsi əsasları 9-cu bənddə nəzərdə tutulmuş və həmin bənddə icarəyə verənin müqaviləyə birtərəfli qaydada xitam vermək hüququ icarəçinin 4 ay ərzində icarə haqqını ödəmədiyi və ya öz öhdəliklərini sistematik yerinə yetirmədiyi hallarla məhdudlaşdırılmışdır. Müqavilənin “Müqavilənin müddəti” adlanan 2-ci bəndində isə qeyd edilmişdir ki, icarə verən tərəfindən müqaviləyə vaxtından əvvəl xitam verilə bilməz.

26. İddiaçının müqaviləni birtərəfli qaydada ləğv etmək hüququna malik olmasını əsaslandırmaq üçün istinad etdiyi 8.3-cü bəndinə əsasən isə müqavilənin müddəti icarəyə verən tərəfindən və ya hər hansı bir səbəbdən vaxtından əvvəl xitam verildikdə, icarəyə verən icarəçi tərəfindən marketin fəaliyyəti üçün çəkdiyi xərclərini və quraşdırdığı və söküb apara bilmədiyi avadanlığın dəyərini icarəçiyə ödəyir.

27. Məhkəmə kollegiyası müqavilənin yuxarıda göstərilən şərtlərinin bir-biri ilə müqayisəli və sistemli şəkildə şərhi edərək belə qənaətə gəlmişdir ki, müqavilənin 2-ci bəndi icarəyə verən tərəfindən müqaviləyə vaxtından əvvəl xitam verilməsi üçün həmin müqavilənin 9-cu bəndində nəzərdə tutulmuş əsaslar mövcud olmadığı halda müqavilənin icarəyə verən tərəfindən xitam verilməsinin, yəni müqavilənin əsaslandırılmamış birtərəfli ləğvinin qarşısının alınmasına yönəldilmişdir. Müqavilənin 8.3-cü bəndi isə məhz 9-cu bənddə nəzərdə tutulan əsaslarla müqaviləyə icarəyə verən tərəfindən xitam verildiyi hallara aid olmaqla həmin bəndin icarəyə verənin qanunda və ya müqavilədə nəzərdə tutulmuş əsas olmadan müqaviləni birtərəfli qaydada vaxtından əvvəl ləğv etmək hüququnu müəyyən edən şərt kimi təfsir edilməsi üçün əsas yoxdur.

28. İcarəçinin icarə müqaviləsinə xitam vermək hüququndan məhrum edilməsinin qanunazidd olması, yəni sözügedən müqavilə şərtlərinin etibarsız olması barədə iddiaçının dəlillərinə münasibətdə kollegiya vurğulamışdır ki, birincisi, yuxarıda da qeyd edildiyi kimi mübahisəli müqavilənin şərtlərini sistemli şəkildə təfsir etdikdə müəyyən edilir ki, müqavilə icarəyə verən tərəfindən müqaviləyə vaxtından əvvəl ləğv edilməsini hüququnu tam şəkildə istisna etməmiş, belə bir imkanı müqavilədə göstərilən əsaslarla məhdudlaşdırmışdır.

29. Hazırkı halda iddiaçı qanunda və ya müqavilədə nəzərdə tutulmuş əsaslar olmadan müddəti müəyyənləşdirilmiş icarə müqaviləsini birtərəfli qaydada vaxtından əvvəl ləğv etməkdə haqlı olmamışdır.

30. İcarə müqaviləsi ilə yalnız qeyri-yaşayış sahəsinin icarəyə verildiyi halda cavabdehin həmin qeyri-yaşayış sahəsinin ətrafında yerləşən, iddiaçının istifadəsində olan torpaq sahəsindən də hər hansı əsas olmadan istifadə etməsi, həmin sahəni zəbt etməsi barədə arqumentlərinə münasibətdə kollegiya qeyd etmişdir ki, iddiaçının sözügedən arqumentinin araşdırılması məqsədilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, lakin ekspert ekspertiza tədqiqatının aparılmasından imtina etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı PHŞ-nin mütəxəssisi tərəfindən verilmiş rəydə isə mübahisəli torpaq sahəsinin hasarsız olması, eləcə də qeyri-yaşayış binasının tikintialtı sahəsinin 0,2651 ha olması, yəni həmin iddiaçının istifadəsinə verilmiş 0,28 ha torpaq sahəsinin cüzi bir hissəsinin açıq sahə olması müəyyən edilmişdir.

31. Eynilə iş üzrə keçirilmiş yerində müayinə zamanı da cavabdehin icarə obyekti olan qeyri-yaşayış sahəsindən istifadəsi üçün zəruri olan (giriş-çıxış, malların boşaldılması və yüklənməsi) torpaq sahəsi istisna olmaqla hər hansı torpaq sahəsindən istifadə etməsi öz təsdiqini tapmamışdır, eləcə də mübahisəli torpaq sahəsinin hasarsız olmaqla cavabdehdən başqa şəhər sakinləri tərəfindən də gediş-gəliş üçün istifadə edilməsi müəyyən edilmişdir.

32. Mübahisəli icarə müqaviləsinin ləğv edilməsi barədə iddiaçı tərəfindən göndərilmiş bildirişin qanuna və müqavilə şərtlərinə zidd olmaqla etibarsız olduğunu və belə olan halda hər hansı hüquqi nəticə yaratmadığını, eləcə də mübahisəli müqaviləyə iddiaçı tərəfindən birtərəfli qaydada xitam verilməsi üçün qanunda və ya müqavilədə nəzərdə tutulmuş əsasların mövcud olmadığını nəzərə alaraq kollegiya hesab etmişdir ki, iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

33. Apellyasiya məhkəməsi gəldiyi birinci instansiya məhkəməsinin istinad etdiyi maddi və prosessual hüquq normaları ilə əsaslandırmışdır.

34. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsi xahiş edilmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri:

35. Apellyasiya məhkəməsi ilk növbədə MM-in 144.1-ci maddəsinin tələblərini düzgün tətbiq etməmişdir. Həmin maddənin tələbinə əsasən, “daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir.” Birinci instansiya məhkəməsi kimi, apellyasiya məhkəməsi də qüvvədə olan mülki qanunvericiliyi, xüsusən, MM-in 394-cü maddəsini tətbiq etmək əvəzinə mənbəyi bəlli olmayan “hüquq nəzəriyyəsi”ni rəhbər tutmuşdur. Halbuki, mülki qanunvericiliyin, yuxarıda qeyd olunan məsələləri aşkar tənzim edən normaları nəzərdə tutduğu hakimin diqqətindən yayınmışdır. MM-in 394-cü maddəsinin tələbinə əsasən, “Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir.” “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 19.1-ci maddəsinin tələbinə əsasən, “Daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır.” Təəsüf ki, məhkəmənin qənaətinə, daha doğrusu nəzəriyyəsinə görə, qeyd olunan normaların əhəmiyyəti yoxdur.

36. Apellyasiya məhkəməsi müqavilənin şərtlərini sistemli şəkildə təfsir etməyə cəhd etmişdir. Lakin bu cəhdi uğurlu hesab etmək olmaz. Belə ki, apellyasiya instansiyası məhkəməsi mübahisəli icarə müqaviləsinin 2.6, 8.3 və 9-cu bəndlərini qarşılıqlı və sistemli təhlil etdiyini göstərsə də, gəldiyi nəticə müqavilənin həqiqi məzmununa, bəndlərin dil quruluşuna və müqavilələrin təfsiri prinsiplərinə uyğun deyildir. Məhkəmə faktiki olaraq müqavilədə olmayan məhdudlaşdırıcı şərti müqaviləyə əlavə etmiş, bununla da tərəflərin iradəsini deyil, öz təfsir modelini üstün tutmuşdur. Bu isə maddi hüquq normalarının düzgün tətbiq edilməməsinə səbəb olmuşdur. Apellyasiya məhkəməsi hesab etmişdir ki, 8.3-cü bənd icarəyə verənə müqaviləni vaxtından əvvəl birtərəfli qaydada ləğv etmək hüququ vermir, yalnız 9-cu bənddə nəzərdə tutulmuş əsaslarla xitam verildiyi hallarda hüquqi nəticələri - yəni kompensasiya öhdəliyini - müəyyən edir. Məhkəmənin bu nəticəsi müqavilənin mətnindən irəli gəlmir. Çünki nə 8.3-cü bənddə, nə də 2.6-cı bənddə 9-cu bəndə birbaşa istinad mövcud deyildir. Əgər tərəflərin iradəsi həqiqətən 8.3-cü bəndi yalnız 9-cu bənddə sadalanan hallarla məhdudlaşdırmaq olsaydı, müqavilədə bunun açıq və birmənalı şəkildə ifadə olunması gözlənilərdi. Apellyasiya məhkəməsi 2.6-cı bəndi də həddindən artıq geniş və mütləq qadağa kimi qəbul etmişdir. Halbuki həmin bənddə yalnız “birtərəfli qaydada xitam vermək hüququna malik deyil” ifadəsi vardır; yəni bu bəndin təbii mənası icarəyə verənin səbəbsiz, özbaşına, heç bir hüquqi prosedur və nəticə nəzərə alınmadan müqaviləni istənilən vaxt birtərəfli qaydada dayandıra bilməməsidir. Bu bənddən o nəticə çıxmır ki, müqavilə heç bir halda vaxtından əvvəl icarəyə verən tərəfindən xitam oluna bilməz. Əksinə, 8.3-cü bənd məhz belə xitam halını ehtimal edir və bunun iqtisadi-hüquqi nəticəsini-kompensasiya ödənilməsini-əvvəlcədən müəyyən edir. Deməli, 2.6-cı bəndi 8.3-cü bəndlə birlikdə oxuduqda aydın olur ki, müqavilə icarəyə verənin tam sərbəst, əsassız, nəticəsiz xitam hüququnu inkar edir, lakin vaxtından əvvəl xitam ehtimalını ümumiyyətlə istisna etmir; sadəcə belə halda icarəçinin mənafelərinin kompensasiya mexanizmi ilə qorunmasını nəzərdə tutur. Müqavilə azadlığı prinsipi də bu məsələdə nəzərə alınmalıdır. Tərəflər uzunmüddətli icarə münasibəti qurmuş, sonradan qiymət şəraiti əsaslı dərəcədə dəyişmiş, icarəyə verən müqavilə şərtlərinin yenidən razılaşdırılmasını təklif etmiş, qarşı tərəf isə müəyyən artımı qəbul etsə də (məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaçıya hər ay 12000-15000 (hazırkı icarə haqqından dəfələrlə artıq) icarə haqqı ödəməyə hazır olduqlarını, lakin iddiaçının bunu qəbul etmədiyini bəyan etmişdir), icarəyə verəni qane etməyən şərtlər irəli sürmüşdür. Belə şəraitdə tərəflər arasında əvvəlki iqtisadi balansın pozulduğu və müqavilənin əvvəlki redaksiyada davam etdirilməsinin icarəyə verən üçün əvvəlcədən gözlənilən nəticəni təmin etmədiyi mübahisəsizdir. Bu faktlar xitam tələbinin özbaşına və əsassız olmadığını, real iqtisadi dəyişiklik fonunda irəli sürüldüyünü göstərir. Ona görə də apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş müqavilə şərtlərinin yuxarıda göstərilən hüquqi yanaşma əsasında yenidən qiymətləndirilməlidir.

37. Apellyasiya instansiyası məhkəməsi tərəflər arasında bağlanmış “icarə müqaviləsi”nin 8.3-cü bəndinə ümumiyyətlə əhəmiyyət verməmiş və həmin müqavilə şərtinə heç bir münasibət bildirməmişdir. Halbuki, həmin bəndə əsasən, cavabdehə bildiriş göndərilərək bəyan edilmişdir ki, sonuncu ilə bağlanılmış icarə müqaviləsinə iddiaçı tərəfindən vaxtından əvvəl xitam verilir (müqavilə ləğv edilir) və cavabdehin faktiki istifadəsində olan ünvan 2 məhəllə ünvanında yerləşən sahəsi 1570 kv.m olan qeyriyaşayış sahəsinin və həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin boşaldılması tələb olunur. Bununla da, apellyasiya instansiyası məhkəməsi həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

38. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Kassasiya baxışının hədləri

39. İş üzrə apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

40. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

Tətbiq edilən hüquq

41. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu

152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. … 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. …”

“Maddə 157. Mülkiyyətin müdafiəsi … 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. … 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. …”

“Maddə 421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları

421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. …”

“Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq

425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. …”

“Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı

Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.”

“Maddə 675. Əmlak kirayəsi müqaviləsi

Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.”

“Maddə 685. Kirayəyə verənin hüquqi müdafiə vasitələri ... 685.2. Kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini aşağıdakı hallarda ləğv edə bilər: 685.2.1. kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə; 685.2.2 ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə. ...”

“Maddə 700. İcarə müqaviləsi

700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.”

42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...”

“Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...”

“Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” ...” “Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı

217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

...

217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

...”

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1ci maddəsi).

44. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir. Belə ki, apellyasiya məhkəməsi mübahisənin həlli baxımından tərəflər arasında bağlanmış icarə müqaviləsinin 2.6, 8.3 və 9-cu bəndlərini qarşılıqlı əlaqədə və sistemli şəkildə təhlil etmiş, belə nəticəyə gəlmişdir ki, 8.3-cü bənd icarəyə verənə istənilən səbəbdən müqaviləni birtərəfli qaydada ləğv etmək hüququ vermir. Həmin bənd yalnız qanunda və ya müqavilədə nəzərdə tutulmuş əsaslarla müqaviləyə vaxtından əvvəl xitam verildiyi hallarda kompensasiya öhdəliyini müəyyən edir. Müqavilənin 2.6-cı bəndində isə icarəyə verənin birtərəfli qaydada müqaviləyə xitam vermək hüququnun istisna edilməsi açıq şəkildə nəzərdə tutulmuşdur.

45. Həmçinin müəyyən edilmişdir ki, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmiş, icarə haqqını ödəmiş, müqavilədə və MM-in 421.2 və 685-ci maddələrində nəzərdə tutulan müqavilənin birtərəfli qaydada ləğvi üçün əsas verən hər hansı pozuntuya yol verməmişdir. İddiaçının müqaviləni ləğv etmək istəyi yalnız bazar qiymətlərinin dəyişməsi və icarə haqqının artırılması arzusu ilə əsaslandırılmışdır ki, bu hal müqavilənin birtərəfli qaydada müqavilənin ləğvi üçün qanuni əsas hesab edilə bilməz.

46. Məhkəmə kollegiyası kassasiya şikayətinin apellyasiya instansiyası məhşkəməsinin icarə müqaviləsinin forması ilə bağlı qüvvədə olan mülki qanunvericiliyi, xüsusən, MM-in 394-cü maddəsini tətbiq etmək əvəzinə mənbəyi bəlli olmayan “hüquq nəzəriyyəsi”ni rəhbər tutması, MM-in 144.1 və 394-cü maddələrinin pozulmasına dair dəlillərini əsassız hesab edərək qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun 2025ci il ## #### tarixli qərardadı ilə icarə münasibətlərinin əşya deyil, məhz öhdəlik hüquqi təbiətə malik olmasına aydınlıq gətirilərək göstərilmişdir ki, kirayə və icarə münasibətləri də öhdəlik hüququ xarakteri daşımaqla Mülki Məcəllənin məhz “Müqavilələrdən əmələ gələn öhdəliklər” adlı 7-cı bölməsinin 23 və 24-cü Fəsillərinin normaları ilə tənzimlənir.

47. Nəzərə alınmalıdır ki, MM-də icarə müqaviləsinin məhz notarial qaydada bağlanmalı olmasına dair imperativ tənzimləmə müəyyən edilməmişdir.

48. Kassasiya şikayətində göstərilən digər dəlillər eyni ilə apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. Kollegiya işin yuxarıda qeyd olunan müəyyən edilmiş hallarını, MM-in icarə münasibətlərini tənzimləyən normalarının tələblərini (§41) və müqavilənin şərtlərini (§2) birgə təhlil edərək, hesab edir ki, şikayətdə göstərilən hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verilmişdir. Ona görə də, eyni dəlillər üzrə təkrar qiymətləndirmə aparılmasını zəruri hesab etmir.

49. Məhkəmə kollegiyası kassasiya şikayətinin işin faktiki hallarına əsaslanan dəlillərinə münasibətdə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsindən fərqli olaraq, hazırkı icraat çərçivəsində məhkəmənin həmin dəlillər üzrə MPM-nin 407.2-ci maddəsinin tələblərinə əsasən araşdırma aparılmır və onlara qiymət verilmir. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşır.

50. Göstərilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, məhkəmə tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, iş üzrə qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

51. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara alır:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-**/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar