Məhkəmə qərarları › İş №2-2(1-8)-219/2026

Ali Məhkəmə Qərar — İş №2-2(1-8)-219/2026

14.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-219/2026 14.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati kollegiyalarının İddiaçı “xxxx” MMC-nin cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Abbasov Aqil Əzizağa oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət qarışıq tərkibdə İddiaçı “xxxx” MMC-nin cavabdeh Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsi tələbinə dair” iş üzrə məhkəmə aidiyyəti ilə bağlı məsələyə baxıldı. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Naxçıvan MR Babək Rayon Məhkəməsindəki icraat

1. İddiaçı “xxxx” (bundan sonra – “iddiaçı”) iddia ərizəsi ilə Naxçıvan MR Babək Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh (bundan sonra – “cavabdeh”) 2024-cü il # ####### tarixli AZL-**** saylı "Daxili lizinq" müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 2025-ci il ## ###### tarixə ödənilməmiş 734.14 manat gecikdirilmiş əsas, 913.48 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 594.26 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan "Chevrolet Cobalt" markalı, **-YC-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 6702.20 manat olmaqla, ümumilikdə 8944.08 manat borc və ödənilmiş 109.44 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Naxçıvan MR Babək Rayon Məhkəməsinin 2026-cı il ## ###### tarixli e-*(***)- ***/**** nömrəli qərardadı ilə mülki işin aidiyyəti üzrə baxılması üçün Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – G.İsmayıl).

3. İddiaçı barəsində olan vergi məlumatları üzrə “EMİS”- dən çıxarışdan belə məlum olur ki, (VÖEN - **********) 2021-ci il # ###### tarixdən aktiv kommersiya hüquqi şəxsdir.

4. Cavabdeh barəsində olan vergi məlumatları üzrə “EMİS”- dən çıxarışdan isə belə məlum olur ki, o, (VÖEN - 0301187722) 2025-ci il ## ###### tarixdən əsas fəaliyyət növü “Şəxsi maşınların sürücü ilə icarəsi” olmaqla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində qeydiyyatdadır və fəaliyyətini müvəqqəti dayandırmış vergi ödəyicisidir.

5. Məhkəmə qeyd etmişdir ki, tərəflərin izahatı əsasında müəyyən olunur ki, mübahisə predmetini təşkil edən tələb tərəflərin ayrı-ayrılıqda həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəlir. Belə ki, lizinq predmeti vergi ödəyicisi olaraq şəxsi maşınların icarəsi ilə məşğul olan cavabdehin fəaliyyət istiqaməti ilə üstüstə düşməklə onun həmin lizinq müqaviləsini bağlamaqla öz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə yönəlmiş fəaliyyətinin nəticəsi olan tələb olduğu görünür. Mübahisə predmeti subyekt tərkibindən asılı olmayaraq ümumi məhkəmələrdə baxılmalı olan tələblərə daxil deyildir. Mübahisə tərəflərin ayrıayrılıqda həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəlir. Belə olan halda iddia tələbinə kommersiya mübahisəsi olduğundan ümumi məhkəmədə baxıla bilməz.

6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 24.2, 24.3, 25.1, 26.1, 31.1, 32.1, 32.2, 32.3, 32.4, 32.5, 32.6, 32.7, 34, 45.1-ci maddələrinə və “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il ## ######## (bundan sonra – “Plenum Qərarı”) tarixli qərarına istinadla əsaslandırmışdır.

b) Naxçıvan MR Kommersiya Məhkəməsindəki icraat

7. Naxçıvan MR Kommersiya Məhkəməsinin 2026-cı il ## #### tarixli e-*-*(*-**)- ***/**** nömrəli qərardadı ilə iş məhkəmə aidiyyəti məsələsinin müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir (hakim – E.Salmanov).

8. Məhkəmə bildirmişdir ki, Elektron Məhkəmə İnformasiya Sistemindən Çıxarışdan göründüyü kimi cavabdehin adına VÖEN 2025-ci il ## ###### tarixində açılmış, yəni iddiaçı ilə 2024-cü il # ####### tarixli, AZL-**** saylı “Daxili lizinq” müqaviləsi bağlanan zaman cavabdeh vergi ödəyicisinin eyniləşdirmə nömrəsinə malik olmamış, nəticə etibarilə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs qismində vergi uçotuna alınmamışdır. Bu isə onun həmin tarixdə sahibkarlıq fəaliyyəti subyekti statusuna malik olmadığını təsdiq edir. Fiziki şəxs fərdi sahibkar statusunu məhz müvafiq vergi orqanında fərdi sahibkar kimi dövlət qeydiyyatından keçdiyi və ona VÖEN (Vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) verildiyi tarixdən etibarən qazanır. Qanunvericiliklə fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan işlərin kommersiya məhkəməsində baxılmasına iki halla yol verilsə də, hazırkı mübahisə bu hallara uyğun gəlmir.

9. Məhkəmə gəldiyi nəticəni İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair 2020-ci il ## ######## tarixli Ali Məhkəmənin Plenumunun Qərarına, MMin 13, MPM-in 24.2, 25.1, 26.1, 26.2, 31.1, 32.3, 32.7-ci maddələrinə istinadla əsaslandırmışdır.

Tətbiq edilən hüquq

10. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il ## ######## tarixli, ** saylı Qərarının (bundan sonra – “Plenum Qərarı”) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“... 11.O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.

12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olubolmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.

26. Fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan işlərin kommersiya məhkəməsində baxılması imkanını qanunvericilik iki halla məhdudlaşdırmışdır. Birinci hala, mübahisənin xarakterinin sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldiyi (bu Qərarın 13-cü bəndi) kommersiya hüquqi şəxslərinin korporativ mübahisələrini, ikinci hala isə MPM-in 30-cu maddəsinin tələbləri baxımından onların iştirakı ilə olan mülki mübahisənin digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halı aid etmək olar. ...”

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 24. Mübahisələrin məhkəməyə aidiyyəti 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. ...”

“Maddə 25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti

25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. ...”

“Maddə 26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti

26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. ...”

Ali məhkəmənin mövqeyi

12. Qarışıq məhkəmə tərkibi birinci instansiya məhkəmələrinin hər birinin dəlillərini işin materialları ilə birgə araşdıraraq hesab edir ki, aşağıdakı səbəblərdən iş Naxçıvan MR Babək Rayon Məhkəməsinə göndərilməlidir.

13. MPM-in 24.2, 25.1 və 26.1-ci maddələrinin əlaqəli təhlilindən belə nəticəyə gəlinir ki, mübahisənin kommersiya məhkəməsinin aiddiyyətində olubolmamasının müəyyən edilməsi üçün: 1) tərəflərin subyektiv tərkibi; 2) mübahisənin predmeti və 3) hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlılığı müəyyən olunmalıdır.

14. Mülki Məcəllənin 13-cü maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. MPM-in 1-ci maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür.

15. Plenum Qərarının 11 və 12-ci bəndində (bax § 10) formalaşdırılmış hüquqi mövqelərdən aydın olur ki, qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. İşin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəlməli olması nəzərə alınmalıdır.

16. Qarışıq məhkəmə tərkibi qeyd edir ki, hazırkı işin halları ondan ibarətdir ki, cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada vergi orqanında uçota alınmış, fərdi sahibkar statusuna malik olan vergi ödəyicisi, iddiaçı isə hüquqi şəxsdir.

17. Hazırda məhkəmələr arasında olan fikir ayrılığının əsas səbəbi mübahisənin tərəflərin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı yaranması ilə bağlı olmuşdur.

18. İş materiallarından görünür ki, mübahisənin tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəlməsini təsdiq edəcək hər hansı tutarlı sübut mövcud deyildir. Tərəflər arasında imzalanmış “daxili lizinq müqaviləsi”ndə birbaşa lizinq predmetinin hansı məqsədlə verilməsi əks etdirilməmiş, həmçinin iş materiallarından görünür ki, müqavilə bağlanan zaman cavabdeh vergi ödəyicisinin eyniləşdirmə nömrəsinə malik olmamış, onun adına VÖEN ## ###### 2025-ci il tarixində açılmışdır.

19. Bu hallar isə mübahisənin məhz tərəflərin birlikdə və ya ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq faəliyyəti ilə bağlı yaranması qənaətinə gəlmək üçün yetərli deyildir.

20. Göründüyü kimi işdə olan məlumatlardan tərəflərin sahibkarlıq fəaliyyətini həyata keçirməsini müəyyənləşdirmək qeyri-mümkündür.

21. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Belə ki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Hakim çəkişmə prinsipinə əməl etməklə işlərin məhkəmə iclasında məhkəmə araşdırmaları aparılmasına, mahiyyəti üzrə işə baxılıb qətnamə qəbul edilməsinə yönələn bütün lazım olan hərəkətləri etməlidir (MPMin 9.3, 14.1 və 165-ci maddələrinə əsasən).

22. MPM-in 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri yalnız sahibkarlıq fəaliyyəti ilə bağlı mübahisələrə baxa bilər. Eyni zamanda, yuxarıda qeyd olunan qanunvericilik normalarında sahibkarlıq fəaliyyətinin mahiyyəti də aydınlaşdırılmışdır. Hazırkı vəziyyətdə mübahisənin hər iki tərəfin sahibkarlıq fəaliyyətindən irəli gəldiyini hazırkı iş materialları ilə müəyyən etmək olmur.

23. Göstərilənləri ümumiləşdirərək qarışıq məhkəmə tərkibi belə qənaətə gəlir ki, mübahisənin hər iki tərəfin qarşılıqlı və ya ayrılıqda sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlib-gəlməsi tam və ətraflı (o cümlədən, hazırki iş üzrə lizinq müqaviləsinin bağlanması ilə bağlı cavabdeh tərəfindən iddiaçıya təqdim edilmiş ilk sənədlər də tələb olunub tədqiq edilməklə) araşdırılmaqla yenidən məhkəmə aidiyyəti müəyyən edilməlidir.

24. Qarışıq məhkəmə tərkibi şərh edilənləri və MPM-nin 32.7, 403-1.6, 403-1.7, 403- 1.9 və 403-1.9.1-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı “xxxx” MMC-nin cavabdeh Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsi tələbinə dair” iş əlavə araşdırma aparılmaqla məhkəmə aidiyyətinin yenidən müəyyən edilməsi üçün iddia ərizəsinin verildiyi Naxçıvan MR Babək Rayon Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar