Məhkəmə qərarları › İş №2-2(1-8)-229/2026

Ali Məhkəmə Qərar — İş №2-2(1-8)-229/2026

21.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-229/2026 21.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının Iddiaçı “X8” MMC-nin cavabdeh “xxxx” MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsindən irəli gələn öhdəliklərin icra edilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Qarayev Sənan Məmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı “X8” MMC-nin cavabdeh “xxxx” MMC-yə qarşı “borcun ödənilməsi tələbinə dair” kommersiya işi üzrə Naxçıvan MR Ali Məhkəməsi Kommersiya Kollegiyasının *-*(***)-**/**** nömrəli 2026-cı il ## ###### tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları

1. "X9” MMC (satıcı) və “xxxx” MMC (alıcı) arasında bağlanmış 2021-ci il # ####### tarixli alqı-satqı müqaviləsinə əsasən müvafiq olaraq satıcı cəmiyyətdə istehsal olunan məhsulların alıcıya satışını təmin edir, alıcı isə elektron qaimə və ya rəsmi qaimə fakturalar əsasında həmin malları qəbul edib məhsulların dəyərini ödəmək barədə öhdəlik götürür. Həmin müqavilənin: - 2.1.Malların təhvil verilməsi satıcının anbarında rəsmi qaimə fakturanın (və ya elektron qaimənin) imzalanmasından sonra alıcı tərəfindən qəbul edilir. - 3.1. Qiymət elektron qaimə və ya rəsmi qaimə fakturada qeyd edilir. - 3.2. Ödəniş bank vasitəsi ilə və ya nağd formada elektron qaimə (və ya rəsmi qaimə faktura) əsasında həyata keçirilir. - 3.3. Dəyəri əvvəlcədən ödənilmədiyi halda alıcıya məhsul satışı dayandırılır. - 4.1. Hazırkı müqavilə qeyd olunan hər iki tərəfin səlahiyyətli edilmiş nümayəndələri tərəfindən imzalandığı və möhürləndiyi tarixdən etibarən qüvvəyə minir və ## ###### 2022-ci il tarixədək qüvvədə qalır.

2. 2023-cü il ## ###### tarixdə verilmiş kommersiya qurumunun dövlət reyestrindən çıxarışlardan məlum olur ki, “X9” MMC (VÖEN **********) 2010-cu il ## ###### tarixdə qeydiyyata alınmışdır, nizamnamə kapitalının miqdarı 300,00 manat, əvvəlki təsisçi (nizamnamə kapitalında mayalarının miqdarı 100%) X4, hazırkı təsisçi (nizamnamə kapitalında mayalarının miqdarı 100%) X6r.

3. Ümumi yığıncağın 2023-cü il ## ###### tarixli qərarı ilə "X9” MMC-nin adının dəyişdirilərək "X8” MMC edilməsi qərara alınmış, 2023-cü il ## ###### tarixdə dövlət qeydiyyatına alınmış “Nizamnaməsi”nin 1.5-ci bəndində isə cəmiyyətin əvvəlki adının "X9” MMC olması göstərilmişdir.

4. 2023-cü il ## ###### tarixdə verilmiş kommersiya qurumunun dövlət reyestrindən çıxarışdan isə görünür ki, “X8” MMC (VÖEN **********) 2010-cu il də qeydiyyata alınmışdır, nizamnamə kapitalının miqdarı 300,00 manat, təsisçi və qanuni təmsilçi (nizamnamə kapitalında mayalarının miqdarı 100%) X6r.

5. “X8” MMC ilə “xxxx” MMC arasında satış olunan mallar haqqında məlumatdan görünür ki, “X8” MMC tərəfindən “xxxx” MMC-yə ümumilikdə 1762695.90 manat dəyərində buğda satılmışdır.

6. “X9” MMC üzrə 2022-ci il ## ###### tarixli Tahıl5-24825 sənəd nömrəli, 2022ci il ## ###### tarixli Tahıl5-24849 sənəd nömrəli və 2022-ci il # ###### tarixli Tahıl5-24970 sənəd nömrəli satış fakturalarından (061190) görünür ki, müvafiq olaraq 17.982,72 manat, 17.487,66 manat və 18.303,84 manat dəyərində buğda Əliyev Sadiqə (** BG ***) təhvil verilmiş və göndərildiyi cari ünvan kimi Bayram Paşayev qeyd edilmişdir.

Iş üzrə məhkəmə icraatı

a) Birinci instansiya məhkəməsindəki icraat

7. “X8” MMC (bundan sonra – “iddiaçı”) “xxxx” MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə arasında elektron qaimə əsasında yaranmış və təsdiq olunmuş 51.000 manat, dövlət rüsumu üçün ödənilmiş 245 manat, ümumilikdə 51.245 manatın cavabdehdən alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. Iddia tələbi belə əsaslandırılmışdır ki, cavabdeh ilə aralarında buğdanın alınması ilə bağlı alqı-satqı müqaviləsi imzalanmış, qarşılıqlı olaraq ticari əlaqələrdə olmuşlar. Müqaviləyə əsasən buğda cavabdehə satılmış, həmçinin həmin satılan malların dəyəri cavabdehə rəsmi qaydada e qaimə əsasında vurulmuş, cavabdeh tərəfindən də həmin rəsmi e qaimə təsdiq olunmuşdur. Lakin cavabdeh öz üzərinə düşən öhdəliyi tam və vaxtında icra etməmiş, belə ki, cavabdehin hal-hazırda 51000 manat elektron qaimədən borcu yaranmış, bununla bağlı cavabdehlə danışıqlar aparılsa da, bir nəticəsi olmamışdır. 9.

10. Məhkəmə göstərmişdir ki, cavabdehin nümayəndəsi nümayəndə2 məhkəmə hazırlıq mərhələsində izahatından iddianı etiraf etdiyi məlum olur, lakin o, məhkəmə baxışı iclasında tələbi qəbul etmədiyini bildirmişdir. Təqdim olunan müqavilədən və tərəflərin izahatlarından görünür ki, "X9” MMC ilə cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmaqla ticarət əlaqəsi yaranmış və "X9” MMC-nin adı dəyişilərək "X8” MMC olmuşdur.

11. Həmçinin iş materiallarında olan elektron qaimələrdən görünür ki, iddiaçı yaranan borc barədə cavabdeh tərəfi xəbərdar etmiş, pretenziya ilə borcun ödənilməsini cavabdeh tərəfdən tələb etmiş, lakin cavabdeh elektron qaimələrə dair etirazının olub-olmaması barədə sübutları təqdim etməmişdir. Həmçinin cavabdehin nümayəndəsi izahatında onların borcunun olmamasını araşdırdığını, borcun silinməsini bildirsə də, bu halı təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - MM) 6.2, 324.1, 324.2, 385.1 və 389.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 9.1, 14.2, 76.1, 76.2, 77.1, 88, 107, 108.1-108.1.1, 112.1-112.1.1, 119.1, 217.3- 217.5, 218.1, 218.3 və 220.4-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “şahid1anın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MIÜMK-nın ##.##.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2006-cı il ## ### və “N.Hacıyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2020-ci il ## #### tarixli Qərarlarına istinadla əsaslandırmışdır.

13. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələblərinin təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Naxçıvan MR Ali Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## ###### tarixli, *-*(***)-**/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər – S.Bəylərli (sədrlik edən və məruzəçi), V.Quliyev və M.Allahverdiyev).

15. Apellyasiya baxışı zamanı şahid şahid3 ifadəsində göstərmişdir ki, onun imzasının olduğu 2022-ci il 18 və 21 noyabr tarixli satış fakturalarında göstərilən taxıl məhsulları həqiqətən də götürülmüşdür. Çünki taxıl götürülmədən satış fakturasına imza atmaq qeyri-mümkündür. Anbarda mal yüklənərək gəlib tərəzidən çıxandan sonra onlar malın sistemdə qeydiyyatını aparmış və sistemdən də fakturanı vurub çıxartmışlar. Təhvil alan və verən qarşılıqlı imzalamış, sonra kassaya göndərmişlər. Bu məsələnin üstündən 3 il keçdiyinə görə taxılın hansı şirkətə getdiyini və kimə verildiyini tam xatırlamır. şahid1 tanıyır, o “X9” MMC-dən mal götürən sürücülərdən biri olmuşdur.

16. Şahid şahid2 ifadəsində göstərmişdir ki, o, “X9” MMC-də satış bölməsinə nəzarət etmişdir. Ümumi qayda belə olmuşdur ki, mallar gəlib tərəzidə qeydiyyatdan keçmiş, satış bölməsinə daxil olmuş, malın çəkisinə görə qiymət müəyyənləşmiş, sistemə işlənmiş, həmin sənədin bir nüsxəsi onlarda qalmış, bir nüsxəsi isə həmin taxılı aparan sürücüyə verilmişdir. 2022-ci il # ###### tarixli satış fakturasında göstərilən malın sənədini o imzalamışdır. Həmin vaxtdan çox müddət keçdiyinə görə sürücü şahid1 adlı şəxsi xatırlamır.

17. Şahid şahid1 ifadəsində göstərmişdir ki, o, Teyyubu yox, onun qardaşı Bayram Paşayevi, “xxxx” MMC-də işləyən Samiq və Anar adlı şəxsləri tanımışdır. Xalasının oğlu X1 bir neçə maşınını, həmçinin “Kamaz 53212” markalı ** BG *** dövlət qeydiyyat nişanlı yük maşınını o etibarnaməsiz idarə etmiş, 20 manat sürücü pulu almış və dəyirmandan taxılı maşına yükləyib “xxxx” MMC-yə aparmışdır. O orada pulu ödəyib imza çəkib aparmışdır. Hətta bir iki dəfə ödənişlərdə 500, 1000 manat kəsir olmuşdur deyə maşını buraxmamışlar ki, “pul ödənildikdən sonra maşın buradan çıxa bilər”. O da həmin zaman Samiqə zəng vurmuş, sonuncu gətirib pulu ödəyəndən sonra o maşını oradan çıxartmışdır. Göstərilən 3 qaimə üzrə ona verilən malı o, “xxxx” MMCyə aparmış, sənədləri isə Anar, Samiq yaxud da Bayram Paşayevə vermişdir. Satış fakturalarının tarixi yadında deyil, lakin həmin yerdən o davamlı mal aparmış, hər bir malın da pulunu nağd şəkildə ödəyib malı oradan çıxartmışdır. Həmin ödənişləri ya Samiq, ya da o etmişdir. Cavabdeh ilə iddiaçı arasında olan alqı-satqıdan, buğdanın qiyməti və çəkisindən, cavabdehin iddiaçıya nə qədər ödəniş etməsindən onun xəbəri olmamış, o sadəcə sürücü kimi gedib malı daşımışdır.

18. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2025-ci il # ###### tarixli *-**-*-**/*-*****/**** nömrəli məlumatın təqdim edilməsi barədə məktubundan məlum olur ki, 2025-ci il # ###### tarixə “xxxx” MMC-nin fəaliyyəti aktivdir. Elektron qaimə-fakturalar “X8” MMC tərəfindən “xxxx” MMC-yə göndərilmiş və sistem tərəfindən təsdiqlənmişdir.

19. Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Naxçıvan Muxtar Respublikası Daxili Işlər Nazirliyinin Dövlət Yol Polisi Idarəsinin 2026-cı il # ###### tarixli 3-13-43- 14/2- */**** nömrəli məktubundan görünür ki, Babək rayonu, Sirab kənd sakini X3 adında olmuş “Kamaz 53212” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobil 2022-ci il ## ###### tarixdə alqı-satqı müqaviləsi əsasında satılaraq X1 adına qeydiyyata alınmışdır. Həmin avtomobilin idarə olunmasına etibarnamələr müxtəlif vaxtlarda şahid1 (2024-cü il # #######-2033-ci il # ###) və digər 8 nəfərə verilmişdir.

20. Kollegiya göstərmişdir ki, “X9” MMC üzrə 2022-ci il ## ###### tarixli Tahıl5- 24825 sənəd nömrəli, 2022-ci il ## ###### tarixli Tahıl5-24849 sənəd nömrəli və 2022ci il # ###### tarixli Tahıl5-24970 sənəd nömrəli satış fakturalarından (061190) görünür ki, müvafiq olaraq 17.982,72 manat, 17.487,66 manat və 18.303,84 manat dəyərində buğda Əliyev “Sadiqə” (** BG ***) təhvil verilmiş və göndərildiyi cari ünvan kimi Bayram Paşayev qeyd edilmiş, şahid qismində dindirilmiş şahid1 ifadəsində “göstərilən 3 qaimə üzrə ona verilən malı özünün etibarnaməsiz idarə etdiyi “Kamaz 53212” markalı ** BG *** dövlət qeydiyyat nişanlı yük maşını ilə “xxxx” MMC-yə aparıb təhvil verdiyini” bildirmiş, satılmış 53.774,22 manat məbləğində buğda ilə bağlı EBCJ 418569 seriya nömrəli 2022-ci il ## ###### tarixli, EBCJ 533584 seriya nömrəli 2022ci il ## ###### tarixli və EBCK 365221 seriya nömrəli 2022-ci il # ###### tarixli elektron qaimə-fakturalar iddiaçı tərəfindən hazırlanıb təsdiq edilərək portal vasitəsilə cavabdehin elektron kabinetinə göndərilmiş, cavabdeh həmin qaimələr üzrə malların təhvil verilməməsi barədə iddiaçıya heç bir pretenziya göndərməmiş və həmin qaimələr “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.3-3.4-cü bəndlərinə müvafiq olaraq 5 gün müddətində düzəliş üçün qaytarılmayaraq proqram təminatı tərəfindən təsdiq edilmişdir.

21. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya bildirmişdir ki, 2021ci il # ####### tarixli alqı-satqı müqaviləsindən görünür ki, satıcı ("X9” MMC-nin direktoru X2) və alıcı (cavabdehin direktoru X5) azad iradə ifadəsi əsasında, mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtlərə riayət olunmaqla həmin müqaviləni bağlamış, bu müqavilə iddia qaldırılanadək mübahisələndirilməmiş, nə birinci instansiya, nə də apellyasiya instansiyası məhkəməsində onun etibarsızlığını təsdiq edən hər hansı bir sübut təqdim olunmamış və bununla bağlı heç bir mötəbər dəlil müəyyən edilməmişdir. "X9” MMC yenidən təşkil edilməmiş, adı və təsisçisi (nizamnamə kapitalında mayalarının miqdarına müvafiq olaraq) dəyişdirilmişdir. Bu isə kreditor və borclulara münasibətdə cəmiyyətin hüquq və vəzifələrinə təsir etmir, yəni tərəflər arasında sözügedən müqavilə qüvvədə olmuşdur.

22. Apellyasiya şikayətinin (cavabdehin nümayəndəsinin) "X9" MMC-yə borcları olsa da, "X9” MMC satıldığı zaman ona olan borclarının silinməsi” dəlili ilə bağlı kollegiya qeyd etmişdir ki, cavabdehin nümayəndəsi nümayəndə2 birinci instansiya məhkəməsində 2025-ci il ## #### tarixdə keçirilən məhkəmə hazırlıq iclasında “bizim borcumuz vardı, bundan imtina etmək olmaz, biz o pulu ödəməkdən, borcumuzdan imtina etmirik, ancaq gücümüz çatası səviyyədə xahiş edirik bizə dəstək olasınız, bu borc 51000 manat yox 60.000 manat idi, dəyirmanı da işlədib ödəyirdik. Iddia tələbini qəbul edirəm” (İ cild, i/v. 93), 2025-ci il ## ###### tarixdə keçirilmiş hazırlıq iclasında “biz deyirik ki, fevral ayına qədər ayı 1000 manatdan ödəyək, sonra qaldıraq 2000 manatdan ödəyək, bunlar heç cür razılaşmırlar. Borcu etiraf edirik, borcdan imtina etmirik” (İ cild, i/v. 124), 2025-ci il # ######## tarixdə keçirilmiş məhkəmə baxışı iclasında “rəhbərlik səviyyəsində bu işlə bağlı araşdırma apardım, 4 müəssisə olmuşuq və bu borc bizim üzərimizdən silinib, bizim heç bir sistemdə borc mövcud deyil” (İ cild, i/v. 143), 2025-ci il ## ######## tarixdə keçirilmiş baxış iclasında “bizim qarşı tərəfə borcumuz mövcud deyil, bizə heç bir qaimə gəlməyib” (İ cild, i/v. 158) kimi ifadələr vermiş, apellyasiya baxışında isə göstərmişdir ki, “51.000 manat o müəssisə üçün bir problem olmamış, sonra onların arasında söbhət olmuş və “X9” MMC-dən onlara deyilmişdir ki, “bu pul sizin adınızdan silinəcək”, “məhsullarından azaldıb çıxırdılar deyə borcdan silinmə getmiş, borcları şifahi şəkildə silmişlər”, “Onlara çirkli taxıl verilmiş, onlar onu təmizləyərək istifadə etdiklərinə görə onun pulunu çıxmışlar”, “malın alınmasını bilmir, 51.000 manat borcları olmuş, lakin 18 və 21 noyabr, # ###### 2022-ci il tarixli elektron qaimələr üzrə olmamışdır”, “həmin qaimələr üzrə “X9” MMCnin onlara verəcəyi olmuşdur deyə onların borclarını silmişlər. Silinmə ilə bağlı sənədi iddiaçı tərəf verməlidir. Onların qarşı tərəfə heç bir borcları yoxdur”, “5 il bundan əvvəl 51.000 manat borc olmuş və bağlanmışdır”. Göründüyü kimi cavabdehin nümayəndəsi iddia tələbi üzrə cavabdehin iddiaçıya 51.000 manat borcunun olmasını gah etiraf, gah inkar etmiş, ancaq nə birinci instansiya məhkəməsində, nə də apellyasiya baxışında qeyd olunan məbləğin ödənilməsini təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Borcun silinməsi isə ya ödənişlə, ya da tərəflərin qarşılıqlı razılığı ilə (borcun bağışlanması, qarşılıqlı tələblərin əvəzləşdirilməsi və s.) həyata keçirilə bilər, lakin iş materiallarından həmin halların baş verməsi müəyyən olunmur.

23. Hazırkı halda müqavilədə tərəflər satılan malın dəyərinin əvvəlcədən ödənilməsi, ödənilmiş vəsaitə uyğun dəyərdə malın isə qaimə-faktura əsasında təqdim olunmasına dair razılığa gəlmişlər. Ancaq cavabdehin və iddiaçının nümayəndələrinin izahatlarından aşkar şəkildə məlum olur ki, tərəflər arasında malların alqı-satqısı zamanı həm müqaviləyə uyğun olaraq malın dəyərinin qabaqcadan ödənilməsi, həm də müqavilə şərtlərindən fərqli qaydada malın dəyərinin əvvəlcədən deyil, müəyyən müddət sonra ödənilməsi üzrə işgüzar adət formalaşmışdır.

24. Şahid şahid1 ifadəsində “satış fakturalarının tarixinin yadında olmaması, həmin yerdən davamlı mal aparması, hər bir malın pulunu nağd şəkildə ödəyib malı oradan çıxartması” barədə göstərdikləri ilə bağlı kollegiya qeyd etmişdir ki, şahidin iddia tələbində qeyd olunan malların dəyərini ödəməsini göstərməsi müəyyən sübutetmə vasitələrinin zəruriliyi baxımından məqbul sübut hesab edilmir, sübutların mümkünlüyünə görə yolverilməzdir və məhkəmə tərəfindən ödəniş faktını təsdiq edən sübut kimi qəbul olunmur. Cavabdeh tərəf isə ona satılmış malların dəyərinin ödənilməsi barədə müqavilənin 3.2-ci bəndində nəzərdə tutulmuş qaydada hər hansı bank vasitəsi ilə ödəniş sənədini və ya nağd formada ödənişi təsdiq edən elektron qaimə və ya rəsmi qaimə fakturanı (kassa mədaxil orderini) təqdim etməmişdir.

25. Apelyasiya instansiyası məhkəməsi öz mövqeyini MM-in 385.1, 386.1, 425.1, 441.4, 448.1, 567, 599.1, 599.2, Vergi Məcəlləsinin 71-1, MPM-in 14.2, 77.1, 81, 88, 119, 217, 218-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** nömrəli 2021-ci il # ###### tarixli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”na, "Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il ## #### tarixli Qərarı və “xxxx” MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il # ###### tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il ## ##### tarixli Qərarındakı hüquqi mövqelərə istinadla əsaslandırmışdır.

26. Cavabdeh qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyasına qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

27. Kassator göstərmişdir ki, “xxxx” MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il # ###### tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il ## ##### tarixli Qərarda göstərilən hallar əksinə cavabdeh tərəfindən verilmiş şikayətin təmin olunması əsası kimi qəbul olunmalıdır. Belə ki, bu işin faktiki hallarına baxdıqda yalnız elektron qaimələrin tərtib olunması əsasında iddia təmin olunmuşdur. Lakin tərəflər arasında yaranmış işgüzar münasibətlər, ödəniş qaydaları, öhdəliklərin icrasının rəsmiləşdirilməsinə (rəsmləşdirilməməsi) dair sübutlara qiymət verilmədən mübahisələndirilən qətnamə qəbul olunmuşdur.

28. Vergi Məcəlləsinin 71-1.1.1, 71-1.1.2-ci maddələri üzrə - işin mübahisəsiz halı isə odur ki, mallar təhvil verilərkən elektron qaimə tərtib və təqdim olunmamışdır. Qeyd olunan nəqliyyat vasitəsi ilə malların daşınması belə öz təsdiqini tapmamışdır. Belə ki, “Kamaz 53212” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobil 2022-ci il ## ###### tarixdə alqı-satqı müqaviləsi əsasında satılaraq X1 adına qeydiyyata alınmışdır ki, bu tarix elektron qaimələrin tərtib olunmasından sonrakı dövrə təsadüf edir. Yəni mallar verilmədən 1 ay əvvəl qaimələrin tərtib olunması qanunvericiliklə nəzərdə tutulmamışdır. Malların təhvil verilməsini təsdiq edən sənəd olmadığı kimi, məhkəmənin istinad etdiyi şahid ifadələri də tərtib olunmuş elektron qaimələrin tarixləri ilə üst-üstə düşmür.

29. MPM-in 81, 88-ci maddələri üzrə - məhkəmə işin hallarına və sübutlara düzgün qiymət verməmişdir. Şahid şahid1 verdiyi ifadənin bir hissəsini iddiaçının xeyrinə qiymətləndirir, lakin cavabdehin mövqeyinə uyğun gələn hissəsini sübut kimi qəbul etməkdən imtina etmişdir. Iddianın predmetini təşkil edən 3 ədəd elektron qaimə üzrə ümumi məbləğ 53 774.22 manat təşkil etdiyi halda tələb olunan vəsaitin isə 51 000 manat olmasına baxmayaraq yaranmış fərqin hansı qaydada ödənilməsi araşdırılmamışdır.

30. Digər məsələlərdə göstərilmişdir ki, məhkəmə hesab edir ki , elektron qaiməyə dair cavabdeh düzəliş verməyibsə malları da qəbul etmiş sayılır. Lakin məhkəmə malların təhvil-təsliminə dair aktları tələb etməmişdir. Məhkəmə şahid ifadəsini təhviltəslim aktı kimi qiymətləndirərək şikayəti təmin etməmişdir. Tərəflər arasında yaranmış işgüzar adətlərdən ödənişlərin nəğd qaydada aparılması müəyyən olunduğu halda və işin halları da bu faktı təsdiq etdiyi halda məhkəmənin bunu təsdiq edəcək sübutları tələb etməsi və iddiaçıdan da təhvil-təslim aktlarını tələb etməməsi qəbul olunmazdır. Cavabdehlə müqavilə bağlayan “X9” MMC yenidən təşkil edilməmiş, adı və təsisçisi dəyişdirilmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Kassasiya baxışının hədləri

32. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

33. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

Tətbiq edilən hüquq

34. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 385. Öhdəlik anlayışı

385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.”

“Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. ...”

“Maddə 441. Öhdəliklərin qarşılıqlı icrası ... 441.4. Əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyinin icrasını həyata keçirmədiyinə baxmayaraq öhdəliyin qarşılıqlı icrası həyata keçirilərsə, digər tərəf öz öhdəliyini icra etməlidir. ...”

“Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı

Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

“Maddə 445. Borclunun icranı gecikdirməsi ... 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; ...”

“Maddə 567. Alğı-satqı müqaviləsi

Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

“Maddə 599. Alınan əşyaların qabaqcadan ödənilməsi 599.1. Alqı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirir. 599.2. Alıcı əşyanı qabaqcadan ödəmək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir.”

35. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

Maddə 71-1. Elektron qaimə-fakturaları 71-1.1. Bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən (göndərən), işləri görən və xidmətləri göstərən, habelə malların təsərrüfatdaxili yerdəyişməsini həyata keçirən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı aşağıdakı müddətlərdə təqdim (tərtib) etməlidir: 71-1.1.1. bu Məcəllənin 71-1.5.1-ci,... maddələrində nəzərdə tutulmuş hallarda - mallar göndərilən (verilən) vaxt; 71-1.1.2. əvvəlcədən sifariş edilməyən malların təqdim edilməsi üzrə – malların təhvil verilməsini təsdiq edən sənədin verildiyi tarixdən 5 gün müddətində; ... 71-1.5. Vergi ödəyicisi tərəfindən aparılan əməliyyatlar zamanı əməliyyatın xarakterindən asılı olaraq aşağıdakı növdə elektron qaiməfaktura verilir: 71-1.5.1. malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə; ...”

36. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** nömrəli 2021-ci il # ###### tarixli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları” (bundan sonra “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”);

1. Ümumi müddəalar 1.2. Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir. ...

3. Elektron qaimə-fakturanın tətbiqi və istifadəsi 3.2. Elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir. 3.3. Cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər. 3.4. Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaiməfakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir.

37. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...”

“Maddə 77. Sübutetmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”

“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri

416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”

Kassasiya instansiya məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi).

39. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarı).

40. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının və sübutların qiymətləndirilməsi ilə bağlı məsələ işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilib-verilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilibedilməməsini yoxlayır.

41. Işin faktiki hallarını araşdıran məhkəmələr tərəfindən göstərilmişdir ki, cavabdehin nümayəndəsi iddia tələbi üzrə cavabdehin iddiaçıya 51.000 manat borcunun olmasını gah etiraf, gah inkar etmiş, ancaq nə birinci instansiya məhkəməsində, nə də apellyasiya baxışında qeyd olunan məbləğin ödənilməsini təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. Digər tərəfdən cavabdehin vəkil-nümayəndəsi isə izahatında “cavabdehin “X9” MMC-yə 51.000 manat borcunun olmasını, “X9” MMC “X8” MMC-yə çevriləndən sonra cavabdehin borcunun dövlət tərəfindən silinməsini, ancaq borcun silinməsi ilə bağlı rəsmi bir sənədin olmamasını” göstərmişdir. Apellyasiya məhkəməsi əsaslı olaraq qeyd etmişdir ki, borcun silinməsi isə ya ödənişlə, ya da tərəflərin qarşılıqlı razılığı ilə (borcun bağışlanması, qarşılıqlı tələblərin əvəzləşdirilməsi və s.) həyata keçirilə bilər, lakin iş materiallarından həmin halların baş verməsi müəyyən olunmur.

42. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və onu da bildirir ki, apellyasiya instansiyası məhkəməsinin qiymətləndirməsi şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə tam cavab verir. Kollegiya həmin hüquqi qiymətləndirmə və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.

43. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozuntusuna dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq norması düzgün tətbiq edilmişdir.

44. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

45. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Naxçıvan MR Ali Məhkəməsi Kommersiya Kollegiyasının *-*(***)-**/**** nömrəli 2026-cı il ## ###### tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar