Məhkəmə qərarları › İş №2-2(1-8)-246/2026

Ali Məhkəmə Qərar — İş №2-2(1-8)-246/2026

15.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-246/2026 15.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: prosessual müddətin bərpası Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Şamayev Elşad Yaquboviç və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## ###### tarixli *- *(***)-***/**** nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İş üzrə məhkəmə icraatı

1. İddiaçı İddiaçı MMC (bundan sonra-“iddiaçı”) cavabdeh Cavabdeh (bundan sonra-“cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 18.113,39 manat borc, 1.800 manat cərimə, 5.000 manat maddi ziyan və 164,74 manat dövlət rüsumu olmaqla, cəmi 25.078,13 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. Gəncə Kommersiya Məhkəməsinin 2025-ci il ## ### tarixli e-*-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, tərəflər arasında bağlanmış 2022-ci il # ###### tarixli **/**-*** nömrəli “xam pambığın alğı-satqı müqaviləsi”nə əsasən 18.113,39 manat əsas borc və 905,66 manat cərimə borcu olmaqla, cəmi 19.019,05 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır (hakim Ə.Məmmədli).

3. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın təmin olunmaması xahiş edilmişdir.

4. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il # #### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edənməruzəçi hakim A.İsgəndərova, hakimlər R.Mamedov və M.Məmmədov).

5. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv olunaraq, işin yenidən araşdırılması məqsədilə apellyasiya məhkəməsinə göndərilməsi xahiş edilmişdir.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2025-ci il ## ### tarixli e-*-*(***)- ***/**** nömrəli qərardadı ilə cavabdehin kassasiya şikayəti qeyri-mümkün hesab edilmiş və şikayətin geri qaytarılması məsələsinə baxılması üçün işin apellyasiya məhkəməsinə göndərilməsi qərara alınmışdır (məruzəçi hakim R.Qurbanov, hakimlər E.Şamayev və A.Hüseyn).

7. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il # ###### tarixli *-*(***)-***/**** nömrəli qərardadı ilə cavabdehin kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır (sədrlik edən-məruzəçi hakim A.İsgəndərova, hakimlər R.Mamedov və M.Məmmədov).

8. Cavabdeh yenidən apellyasiya məhkəməsinin qətnaməsindən kassasiya vermiş, eləcə də kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.

9. Həmin ərizə onunla əsaslandırılmışdır ki, kassasiya şikayətinin geri qaytarılması ilə bağlı qərardad cavabdehin vəkili (nümayəndəsinin) elektron kabinetinə yüklənməmişdir. Halbuki, o, iş üzrə vəkil kimi rəsmi qaydada iştirak etmiş və səlahiyyətləri qüvvədə olmuşdur.

10. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qərardadı ilə cavabdeh tərəfindən kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə təmin olunmamış, kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır (sədrlik edənməruzəçi hakim A.İsgəndərova, hakimlər R.Mamedov və A.Bayramov).

11. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, apellyasiya məhkəməsinin qətnaməsi 2025-ci il ## #### tarixində cavabdehin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış kabinetinə yerləşdirilmiş, sonuncu 2025-ci il ## ######## tarixində qətnamədən kassasiya şikayəti vermiş və kassasiya məhkəməsinin qərardadında göstərilənlər nəzərə alınmaqla apellyasiya məhkəməsinin 2025-ci il # ###### tarixli qərardadı ilə kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Qərardadın nəticə hissəsində cavabdeh tərəfin diqqətinə çatdırılmışdır ki, qərardadı rəsmi qaydada qəbul etdiyi vaxtdan 10 iş günü ərzində qərardadın əsaslandırıcı hissəsində göstərilmiş nöqsanları aradan qaldırdıqdan sonra yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər.

12. Məhkəmənin qərardadı 2025-ci il # ###### tarixində cavabdehin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirilmiş, kassasiya şikayətinin verilməsində sözügedən nöqsanı aradan qaldırmaq üçün müəyyən edilmiş müddət 2025-ci il ## ###### tarixində başa çatmışdır. Lakin cavabdeh tərəf həmin müddətədək nöqsanı aradan qaldırmaqla, yenidən kassasiya şikayəti ilə məhkəməyə müraciət etməmiş, cavabdehin vəkilinin (nümayəndəsi) hazırkı kassasiya şikayəti və şikayət verilməsi üçün prosessual müddətin bərpası barədə ərizəsi 2026-cı il ## ###### tarixində “Elektron məhkəmə” informasiya sisteminə yerləşdirilmişdir.

13. Qərardad cavabdehin elektron kabinetinə mülki prosessual qanunvericiliyin tələbələrinə əsasən yerləşdirilmişdir. Belə ki, mülki prosessual qanunvericiliyə görə tərəflər, üçüncü şəxslər, ərizəçilər, maraqlı şəxslər, pozulmuş və ya barəsində mübahisə edilən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan ictimai təşkilatlar, dövlət orqanları və digər orqanlar işdə iştirak edən şəxslərdir. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir.

14. Beləliklə, kassasiya şikayəti verilməsi üçün prosessual müddətin buraxılmasının üzrlü səbəbdən baş verməsi müəyyən edilməmişdir.

15. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - “MPM”) 10-1.3, 46, 128.1, 130.1, 133.1, 133.5, 135.5, 135.6, 135.8, 405.0.1 və 408.1.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

16. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək onun ləğv edilməsi və kassasiya şikayətinin qəbul olunmasını xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

17. Kassasiya şikayətinin yenidən verilməsi üçün müəyyən edilmiş prosessual müddətin ötürülməsi cavabdehin təqsirindən baş verməmişdir. Belə ki, qanunvericiliyin mahiyyətinə görə, nümayəndə (vəkil) işdə iştirak etdiyi halda məhkəmə bildirişlərinin və prosessual sənədlərin ona təqdim olunması müdafiə hüququnun effektiv təminatının ayrılmaz hissəsidir. Sənədin vəkilə deyil, birbaşa tərəfə məxsus elektron kabinetə yerləşdirilməsi prosessual hüquqların real həyata keçirilməsini faktiki olaraq mümkünsüz etmiş, müdafiə hüququnun effektiv həyata keçirilməsinə mane olmuş, nəticədə kassasiya şikayətinin yenidən təqdim olunması üçün nəzərdə tutulan müddət ötürülmüşdür.

18. Azərbaycan Respublikası Konstitusiyasına və mülki prosessual qanunvericiliyə görə, hər kəsin məhkəmə müdafiəsi və ədalətli məhkəmə araşdırması hüququ vardır. Bundan əlavə, Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, məhkəməyə çıxış hüququ formalizmin həddindən artıq tətbiqi nəticəsində məhdudlaşdırıla bilməz. Bundan əlavə, tərəfin seçdiyi vəkil vasitəsilə müdafiə olunmaq hüququ ədalətli məhkəmə araşdırmasının mühüm tərkib hissəsidir. Dövlət orqanlarının prosessual sənədləri vəkilə deyil, birbaşa tərəfə göndərməsi müdafiə hüququnun effektiv həyata keçirilməsinə maneə yarada bilər və bu, Konvensiyanın 6-cı maddəsinin pozuntusu kimi qiymətləndirilə bilər. Eyni zamanda, tərəfin seçdiyi vəkil vasitəsilə müdafiə olunmaq hüququ formal xarakter daşımır, dövlət orqanları bu hüququ praktik və effektiv şəkildə təmin etməlidir.

19. Məhkəmə sənədinin vəkilə deyil, birbaşa tərəfə göndərilməsi müdafiə hüququnun effektiv həyata keçirilməsinə maneə yaratdıqda, bu, Konvensiyanın 6-cı maddəsinin pozuntusuna səbəb ola bilər. Cavabdeh və vəkili qərardaddan vaxtında məlumatlandırılmadıqları üçün kassasiya şikayətini qanunla müəyyən edilmiş müddətdə yenidən təqdim etmək imkanından məhrum olmuşlar. Bu səbəbdən müddətin ötürülməsi üzrlü hesab edilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.

Kassasiya baxışının hədləri

21. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qərardadın qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 10-1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının elektron qaydada aparılması ... 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. ...”

“Maddə 46. İşdə iştirak edən şəxslərin tərkibi Tərəflər, üçüncü şəxslər, ərizəçilər, maraqlı şəxslər, pozulmuş və ya barəsində mübahisə edilən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan ictimai təşkilatlar, dövlət orqanları və digər orqanlar işdə iştirak edən şəxslərdir.”

“Maddə 128. Prosessual müddətlərin müəyyən edilməsi və hesablanması 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. ...”

“Maddə 130. Prosessual müddətlərin buraxılmasının nəticələri 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. ...”

“Maddə 133. Prosessual müddətlərin bərpası 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. ... 133.5. Müddətin bərpasından imtina barədə qərardad çıxarılır. ...”

“Maddə 135. Məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi ... 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. ... 135.8. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.”

“Maddə 405. Kassasiya şikayəti vermə müddəti

405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində; ...”

“Maddə 408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: ... 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa; ...”

“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri

416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”

Kassasiya instansiya məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası cavabdeh tərəfindən verilmiş kassasiya şikayətini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qərardadının ləğvi üçün əsas hesab etmir.

24. Belə ki, mülki prosessual qanunvericiliyin yuxarıda istinad olunan normalarının (§22) məzmunundan göründüyü kimi, vaxtında şikayət verilməməsi və prosessual müddətin buraxılması müəyyən hüquqi nəticələr yaradır. Belə ki, şikayətin verilmə müddətinin keçməsi ilə qətnamə qanuni qüvvəyə minir və icraya yönəldilir, prosessual müddətin bitməsi ilə müvafiq prosessual hərəkətləri etmək hüququ keçmiş olur və prosessual müddətin bərpası üçün müddəti buraxmış şəxs özünün subyektiv mülahizələrini deyil, konkret üzrlü səbəbləri təqdim etməyə borcludur.

25. Buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları göstərilməlidir. Həmin müddətdə müvafiq prosessual hərəkətləri yerinə yetirməsinə maneçilik yaradan istənilən həyati hal üzürlü səbəb hesab edilə bilər. Bu zaman konkret haldan çıxış etmək zəruridir (məsələn şəxsin xəstəliyi, ailənin xəstə üzvünə qulluq etmənin zəruriliyi, müddətli xidməti ezamiyyət və s.).

26. “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın ## ###### 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2008-ci il # ### tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.

27. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassator tərəfindən müddətin ötürülməsini üzrlü edən, onun iradəsi və hərəkətlərindən asılı olmayan səbəblərə istinad edilmədiyindən və belə səbəblərə dair sübutlar apellyasiya məhkəməsinə təqdim edilmədiyindən müddətin bərpasına dair ərizəsi əsassız olmuşdur.

28. Odur ki, kassasiya şikayətinin buraxılmış prosessual müddətin bərpasından imtina edilməsindən və kassasiya şikayətinin qaytarılmalı olmasından ibarət apellyasiya instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.

29. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinə əməl edildiyindən, iş üzrə qəbul edilmiş qərardad dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edlməməlidir.

30. Məhkəmə kollegiyası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq

qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar