Məhkəmə qərarları › İş №2-2(1-8)-25/2026

Ali Məhkəmə Qərar — İş №2-2(1-8)-25/2026

17.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-25/2026 17.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı “ZA Group İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsi, alınmış əşyanın ödənilməsi, öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, iddiaçı “ZA Group İnşaat” MMC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2025-ci il ## ####### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. “ZA Group İnşaat” MMC (satıcı) ilə alıcı qismində Cavabdeh MMC (alıcı) arasında 2024-cü il ## #### tarixli, **/**** nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin: -1.1-ci bəndinə əsasən satıcı müqavilədə müəyyən olunmuş şərtlərlə müxtəlif növ tikinti materiallarını alıcıya satmağı, alıcı isə həmin şərtlər daxilində malı qəbul edib dəyərini ödəməyi öhdəsinə götürür. -3.1-ci bəndinə əsasən alıcı müqavilənin şərtlərinə uyğun qaydada təhvil verilmiş malın dəyərini ödəməlidir. -4.1-ci bəndinə əsasən müqavilə üzrə hesablaşma, müqavilənin və müvafiq qiymətlərin razılaşma protokolunun şərtlərinə uyğun mal təhvil verildikdən əvvəl və ya mal təhvil verildikdən sonra qanunvericiliyə uyğun qaydada təsdiq edilmiş elektron qaiməfakturaya və ona uyğun qaydada təqdim edilmiş hesab-fakturaya əsasən 5 iş günü ərzində köçürmə yolu ilə aparılır.

2. Tərəflərin imza və möhürü ilə təsdiq edilmiş qiymət razılaşdırılması protokollarından görünür ki, tərəflər protokolda adıçəkilən mal(lar) barədə razılığa gəlmişdirlər. Protokolun 1-ci qeydinə əsasən alıcı tərəfindən protokolda göstərilən malların dəyəri, mallar təhvil verildikdən sonra 5 iş günü ərzində ödənilməlidir.

3. Tərəflərin imza və möhürü ilə təsdiq edilmiş təhvil-təslim aktlarından görünür ki, “ZA Group İnşaat” MMC tərəfindən Cavabdeh MMC-yə müxtəlif dəyərdə mallar təhvil verilmişdir.

4. “ZA Group İnşaat” MMC tərəfindən Cavabdeh MMC-yə ümumi dəyəri 68007,80 manat (ƏDV ilə birlikdə) təşkil edən elektron qaimələr göndərilmişdir.

5. 2025-ci il ## ##### tarixli üzləşmə aktından müəyyən olunur ki, Cavabdeh MMCnin “ZA Group İnşaat” MMC-yə 2025-ci il ## ##### tarixə olan borcu 36273,47 manat təşkil edir. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı “ZA Group İnşaat” MMC (bundan sonra-“iddiaçı”) cavabdeh Cavabdeh MMC-yə (bundan sonra-“cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən müqavilə üzrə öhdəliklərin icra edilməməsinə görə yaranmış 36.273,47 manat pulun (borc), 604,56 manat faiz və dövlət rüsumuna görə ödənilmiş 200,64 manat olmaqla, ümumilikdə 37078,67 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən elektron qaimə-fakturalar əsasında ümumilikdə 68.007,80 manat (ƏDV ilə birlikdə) dəyərində müxtəlif mallar (müxtəlif növ tikinti materialları) təqdim edilmişdir. Təqdim edilmiş malların dəyərindən ümumilikdə 31.734,34 manat (ƏDV ilə birlikdə) ödənilmiş, 36.273,47 manat (ƏDV ilə birlikdə) borc qalmışdır. Həmin məbləğin ödənilməsi ilə bağlı cavabdehə 2025-ci il # ### tarixbydə pretenziya məktubu göndərilmiş, 36.273,47 manat (ƏDV ilə birlikdə) məbləğində qalıq borcun 10 gün müddətində iddiaçının hesabına ödənilməsi tələb edilmiş, lakin borc məbləği bu günədək ödənilməmişdir. Göründüyü kimi, iddiaçı (kreditor) alqı-satqı müqaviləsinin 2.1-ci bəndinə əsasən müqavilə qüvvəyə mindikdən sonra malları cavabdehə qanunvericiliklə və müqavilə üzrə müəyyən edilmiş normalara uyğun olan keyfiyyətdə, qarşılıqlı razılaşdırılmış çeşiddə və miqdarda təhvil vermək öhdəliyini vaxtında icra etmiş və müqavilənin 4.1-ci bəndinə əsasən elektron qaimə-faktura əsasında təhvil vermiş, lakin cavabdeh (borclu) müqavilənin 3.1 və 4.1-ci bəndlərini pozaraq, aldığı malların dəyərini 5 (beş) iş günü ərzində ödəməli olduğu halda, tam ödəməmişdir. İddiaçı (satıcı) 2024-cü il ## #### tarixli, **/**** saylı alqı-satqı müqaviləsi ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişin tam həyata keçirilməsini cavabdehdən dəfələrlə tələb etmiş, pretenziya məktubu göndərmiş, lakin bugünədək təqdim edilmiş malların tam dəyəri ödənilməmiş, bununla da cavabdeh (borclu) tərəfindən müqavilə şərtləri pozularaq, müqavilə üzrə öhdəliklər tam icra edilməmişdir. Cavabdeh müqavilə üzrə öhdəliklərini vaxtında və tam icra etməməklə, kreditorun (iddiaçı) 36.273,47 manat məbləğində pul vəsaitini sonuncu elektron qaimə fakturanın təqdim edildiyi 2025-ci il # ###### tarixdən bu günədək keçən 4 (dörd) aydan artıq müddətdə qanunsuz saxlamağa, qaytarmaqdan boyun qaçırmağa, ödənilməsini gecikdirməyə görə həmin vəsaitdən əlavə illik 5 (beş) faiz olmaqla, 604,56 manat məbləğində (36273,47 manat *5 faiz=1.813,68 manat; 1813,68/12 ay*4 ay=604,56 manat) faiz ödəməlidir və kreditorun həmin faiz məbləğini tələb etmək hüququ var.

8. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır.

9. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il ## #### tarixli e-*-*(***)-****/**** saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdehdən 36273,47 manat borc, 604,56 manat 5%-lə hesablanmış faiz borcu, ödənilmiş dövlət rüsumuna görə 200,63 manat olmaqla, ümumilikdə 37078,66 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması qət edilmişdir (hakim Z.Axundova).

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Belə ki, iddiaçı alqı-satqı müqaviləsinə əsasən malı alıcının mülkiyyətinə versə də, cavabdeh qəbul etdiyi malın əvəzində müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəməmiş, borcu yaranmışdır. Həmin hal işdə olan sübutlarla (müqavilə, qiymət razılaşdırılma protokolları, təhvil-təslim aktları, elektron qaimələr, üzləşmə aktı) öz təsdiqini tapır.

11. Məhkəmə əsas borca münasibətdə iddia tələbini təmin edərkən mülki qanunvericiliyin alqı-satqı müqaviləsinə aid normalarını, müqavilə şərtlərini, cavabdehin alqısatqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini, cavabdehin qəbul etdiyi malın əvəzində müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını, belə olan halda isə iddiaçının həmin məbləğin ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab etmişdir ki, borcun mövcudluğu müqavilə, təhvil-təslim aktları, elektron qaimələr, üzləşmə aktı və işdə olan digər sübutlarla öz təsdiqini tapır.

12. Belə ki, iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş sübutlardan (qiymət razılaşdırılma protokolları, təhvil-təslim aktları, elektron qaimələr) müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 68007,78 manat dəyərində mal təhvil verilmişdir. Təhviltəslim aktları hər iki tərəfdən imza və möhürlə təsdiq olunmuşdur. Bundan əlavə, tərəflər arasında 2025-ci il ## ##### tarixli üzləşmə aktı tərtib olunmuş, həmin aktla alqı-satqı müqaviləsi üzrə cavabdehin iddiaçıya olan borcunun 36273,47 manat olduğu tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

13. İddia tələbinin əsas borcun gecikdirilməsinə görə (4 ay müddət üçün) illik 5%-lə hesablanmış faiz borcunun tutulması hissəsinə dair məhkəmənin qənəati ondan ibarət olmuşdur ki, cavabdeh tərəfindən borc vaxtında ödənilmədiyindən iddiaçının faiz borcunun cavabdehdən tələb etmək hüququ vardır , borcun gecikdirilməsinə görə 604,56 manat (altı yüz dörd manat əlli altı qəpik) 5%-lə hesablanmış faiz borcu (36273,47x5:100:12x4=604,56) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 385.1, 386.1, 442, 445.1, 445.7, 448.1, 567, 598.1 və 598.2-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 14.2, 76.1, 77, 107, 119.1 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

15. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ####### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim T.Mahmudova, hakimlər Z.Şirinov və L.Əliyeva).

17. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki cavabdeh təqdim edilmiş malların müqavilədə qeyd edildiyi kimi lazımi keyfiyyətdə olmadığnı bildirsə də, bu barədə qarşı tərəfə müraciət etməsi, satılmış malda həqiqətən qüsurların olması və bu qüsurların malda alıcıya təhvil verilənədək yarandığı barədə məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir.

18. MM-nin 587.2-ci maddəsi ilə alıcıya hüquq verilir ki, əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin. Hazırkı halda alıcı müqavilənin icrasından, yəni satılan malın dəyərinin ödənilməsindən imtina etmişdir. Eyni zamanda 588.1-ci maddədə nəzərdə tutulur ki, əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir.

19. Belə olan halda məhkəmə tərəfindən aşağıdakı halların mövcudluğu araşdırılmaqla mübahisəyə hüquqi qiymət verilməlidir: satılmış malın keyfiyyətinə dair tələblər əhəmiyyətli dərəcədə pozulmuşdurmu; alıcı malın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirmişdirmi.

20. Beləliklə, əşyanın qüsurlarının verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirmək vəzifəsi alıcının üzərinə düşür. Lakin cavabdeh həmin halları təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Bu baxımdan, iddiaçı Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən verilmiş əşyaların ödənilməmiş dəyərlərinin ödənilməsini tələb etməkdə haqlıdır və ona görə də, həmin hissədə iddia tam əsaslı olmuşdur.

21. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 386.1, 398.1, 399.1, 442, 445.1, 445.2, 445.2.1, 445.2.2, 445.7, 448.1, 448.2, 567, 581.1, 581.2, 588.1, 589.1, 598.1, 598.2, 600.1 və 600.4-cü maddələrinə və MPM-in 14.2, 77.1, 88 və 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

22. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. MM-in 385.1,386.1, 567, 598.1, 598.2, 442, 445.1, 445.7, 448.1-ci maddələri üzrəiddiaçı tərəfindən cavabdehə təqdim edilən malların dəyərinin qismən ödənilməsinin başlıca səbəbi təqdim edilmiş malların müqavilədə qeyd edildiyi kimi lazımi keyfiyyətdə olmaması olmuşdur. Yəni cavabdeh müqavilə üzrə almış olduğu malların dəyərini iddiaçıya ödəməyə başlamış, lakin mallarda qüsurların olması səbəbindən ödənişlər dayandırılmışdır. Cavabdeh tərəfindən bu xüsusat apellyasiya şikayətində də qeyd edilmişdir. Lakin işə baxan məhkəmə kollegiyası bu halı araşdırmamışdır. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən satılan malların keyfiyyəti onların uyğunluq sertifikatında qeyd edilən texniki göstəricilərə uyğun gəlməlidir. Həmçinin müqaviləyə əsasən malların keyfiyyəti müqavilənin şərtlərinə əsasən beynəlxalq standart və normalara uyğun olmalıdır. Satıcı təqdim etdiyi malların keyfiyyətinə görə bu müqavilə ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. İddiaçı tərəfindən təqdim edilmiş mallardakı qüsurlar ilə bağlı tərəflərindən dəfələrlə şifahi olaraq məlumat verilməsinə baxmayaraq iddiaçı bu halı təkzib etmişdir. Göründüyü kimi iddiaçı müqavilə üzrə malın keyfiyyətinə dair öhdəliyini lazımınca icra etməmiş və işə baxan məhkəmələr bu halı araşdırmamışdır.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Kassasiya baxışının hədləri

25. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq bütövlükdə yoxlanılacaqdır.

26. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

Tətbiq edilən hüquq

27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında nəzərdə tutulmuşdur:

“Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. ...”

“Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. ...”

“Maddə 567. Alqı-satqı müqaviləsi Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.”

“Maddə 581. Əşyaların keyfiyyəti 581.1. Satıcı alıcıya keyfiyyəti alqı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. 581.2. Alqı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. 581.3. Əşyanı nümunəyə və (və ya) təsvirə əsasən satarkən, satıcı alıcıya nümunəyə və (və ya) təsvirə uyğun gələn əşya verməyə borcludur. 581.4. Satılan əşyanın keyfiyyəti barəsində məcburi tələblər olduqda, sahibkarlıq fəaliyyəti ilə məşğul olan satıcı alıcıya həmin məcburi tələblərə uyğun gələn əşya verməyə borcludur. Tərəflər arasında razılaşmaya əsasən satıcı keyfiyyət üçün müəyyənləşdirilmiş məcburi tələblərə nisbətən daha yüksək tələblərə uyğun gələn əşya verə bilər.”

“Maddə 582. Malın keyfiyyəti üçün qarantiya 582.1. Satıcının alıcıya verməli olduğu əşya alıcıya verildiyi məqamda bu Məcəllənin 581ci maddəsində nəzərdə tutulan tələblərə uyğun gəlməlidir, bu şərtlə ki, alğı-satqı müqaviləsində əşyanın həmin tələblərə uyğunluğunu müəyyənləşdirməyin ayrı məqamı nəzərdə tutulmasın. Verilən əşya bu cür əşyaların adətən istifadə edildiyi məqsədlər üçün ağlabatan müddət ərzində yararlı olmalıdır. ...”

“Maddə 587. Lazımi keyfiyyətli olmayan əşyanın verilməsinin nəticələri

587.1. Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. 587.3. Bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilmiş qüsurların aradan qaldırılması və ya əşyanın əvəz edilməsi tələbini alıcı, əgər əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, irəli sürə bilər. 587.4. Komplektə daxil olan əşya hissələri lazımi keyfiyyətli olmadıqda alıcı əşyanın həmin hissəsi barədə bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində nəzərdə tutulan hüquqları həyata keçirə bilər. 587.5. Əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alğı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.”

“Maddə 598. Alınmış əşyanın ödənilməsi 598.1. Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. ... 598.3. Əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. ...” “Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi

600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. .. 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.”

28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...”

“Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...” “Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”

“Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. ... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab etmir. Belə ki, cavabdehin kassasiya şikayətinin əsas dəlili müqaviləyə əsasən lazımi keyfiyyətdə malın təqdim olunmaması ilə bağlıdır.

30. Lakin cavabdeh təqdim olunmuş malların müqavilədə qeyd edildiyi kimi lazımi keyfiyyətdə olmadığını bildirsə də, bu barədə qarşı tərəfə müraciət etməsi, satılmış malda həqiqətən qüsurların olması və bu qüsurların malda alıcıya təhvil verilənədək yarandığı barədə işə mahiyyəti üzrə baxmaq və sübutları qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələrə hər hansı sübut təqdim edə bilməmişdir.

31. Bu baxımdan məhkəmə kollegiyası eyni məzmunlu apellyasiya şikayətinin dəlillərinin əsassız olması ilə bağlı apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, gəlinən nəticə MM-in 567, 581, 589 və 598-ci maddələrinin, eləcə də MPM-in 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə uyğun olmuşdur. 32.Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

33. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara alır:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ####### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar