Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-251/2026 28.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının Iddiaçı “xxxx” MMC-nin cavabdeh “xxxx” MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilədən irəli gələn öhdəliklərin icra edilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Abbasov Aqil Əzizağa oğlu və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, iddiaçı “xxxx” MMC-nin cavabdeh “xxxx” MMC-yə qarşı “pul tələbinə dair” Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının *-*(*-*)-*/**** nömrəli 2026-cı il ## ###### tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları
1. “xxxx” MMC (Satıcı) ilə Cavabdeh MMC (Alıcı) arasında bağlanmış 2023-cü il ## ##### tarixli, */EXP/**** nömrəli X2 müqaviləyə əsasən bu müqavilənin qüvvədə olduğu müddətdə Satıcı, bundan sonra "Mal" adlandırılacaq, trikotaj parçanı təhvil verməyi, Alıcı isə qəbul etməyi və haqqını ödəməyi öhdəsinə götürür. Mallar bu müqavilənin spesifikasiyalarında tərəflərin razılaşdırdıqları miqdarda, çeşiddə, qiymətlərlə və müddətlərdə partiyalarla tədarük edilir. Həmin müqavilənin: - 1.3-cü bəndinə əsasən, Bazis tədarük şərtlərinin şərhi qaydaları ("Incoterms-2010") bu müqavilə çərçivəsində tərəflər üçün məcburi xarakter daşıyır. Tədarük şərtləri bu müqavilənin spesifikasiyalarında müəyyən edilir. - 2.1-ci bəndinə əsasən, Müqavilənin ümumi məbləği 500000,00 ABŞ dolları məbləğində müəyyən edilir və bu Müqavilənin Spesifikasiyalarında göstərilən və onun tərkib hissəsini təşkil edən təhvil verilmiş mal partiyalarının məbləğindən ibarətdir. Malın qiymətinə malın özünün, taranın, qablaşdırma və markalanmanın dəyərinin, bu malların ixrac rüsumlarının ödənilməklə ixrac gömrük rəsmiləşdirilməsinin, digər rüsumların və təyinat yerinə çatdırılma (fraxt) dəyərinin cami daxildir. - 2.3-cü bəndinə əsasən, malların ödənişi, spesifikasiyalarda tərəflərin razılaşdıqları müddətlərdə Satıcının hesabına pul vəsaitlərinin nağdsız şəkildə köçürülməsi yolu ilə həyata keçirilir. - 2.4-cü bəndinə əsasən, malın dəyəri müqaviləyə əlavə edilmiş * nömrəli spesifikasiyaya əsasən ödənilir və göstərilən qiymətlər heç bir halda dəyişdirilə bilməz. - 8.2-ci bəndinə əsasən, bu müqavilədə həll olunmayan bütün məsələlərlə bağlı tərəflərin münasibətləri Azərbaycan Respublikasının qanunvericiliyi (tətbiq edilən qanun) ilə tənzimlənir. - 9.5-ci bəndinə əsasən, bu müqavilə imzalandıqdan sonra qüvvəyə minir və 2023-cü il ## ###### tarixinədək etibarlıdır.
2. A EDC121808 YB * nömrəli, EK202400063643 TD * nömrəli, A EDC470841YB * nömrəli, A EK20240006568YB * nömrəli, A EK20240039148 YB * nömrəli, A EK20240006568 YB * nömrəli, A A EDC324575 YB * nömrəli, A EDC017493 YB * nömrəli, A EDC159739 YB * nömrəli X1 əsasən ümumi çəkisi 104391,5 kq çəkidə trikotaj pambıq parça məhsulu “xxxx” MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilməsi üçün gömrük ərazisinə göndərilmişdir.
3. Elektron qaimələrə görə “xxxx” MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş malların ümumi dəyəri 553452,75 ABŞ dolları təşkil etmişdir.
4. “xxxx” MMC-nin direktoru R.N.Umarov ilə Cavabdeh MMC-nin direktoru Cavid Ağayev tərəfindən imzalanmış və Cavabdeh MMC-nin möhürü ilə təsdiq edilmiş “ 2025-ci il # ##### tarixli, */EXP/**** nömrəli X2 müqavilə üzrə üzləşmə aktı”nın surətindən görünür ki, həmin aktı imzalamaqla tərəflər Cavabdeh MMC-nin 2025-ci il # ##### tarixinə “xxxx” MMC-nin xeyrinə 76433,75 ABŞ dolları borcu olduğunu təsdiq etmişlər.
5. 2025-ci il ## #### tarixli pretenziya məktubu ilə müqaviləyə əsasən yaranmış 87077,13 ABŞ dollar borcun 3 gün müddətində tamamilə ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Iş üzrə məhkəmə icraatı
a) Birinci instansiya məhkəməsindəki icraat
6. “xxxx” MMC (bundan sonra – “iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aralarında bağlanmış 2023-cü il ## ##### tarixli, */EXP/**** nömrəli müqavilə üzrə 76433,75 ABŞ dolları məbləğində əsas borc və 7643,38 ABŞ dolları məbləğində cərimə, cəmi 84077,13 ABŞ dolları məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Iddia tələbi işin yuxarıda sadalanan faktiki hallarına istinadla belə əsaslandırılmışdır ki, tərəflər arasında 2023-cü il # #### tarixindən 2025-ci il ## ######## tarixədək dövr ərzində cəmi 12 halda malların tədarükü həyata keçirilərək, cəmi 553452,75 ABŞ dolları dəyərində pambıq trikotaj parça cavabdehə təqdim edilmişdir. Tədarük edilmiş mallar iddiaçı tərəfindən Özbəkistan Respublikasından ixrac edilmiş və cavabdeh tərəfindən Azərbaycan Respublikasına idxal edilmişdir. Tədarük edilmiş mallara görə cavabdeh tərəfindən bu günədək, yəni 2023-cü il ## ##### tarixindən 2024-cü il ## #### tarixədək dövr ərzində 477019 ABŞ dolları məbləğində ödəniş həyata keçirilmişdir. Iddiaçı tərəfindən bir neçə dəfə tədarük edilmiş mallara görə qalıq borcun ödənilməsi barədə cavabdehə müraciət olunmasına baxmayaraq, iddiaçının haqlı tələbi cavabdeh tərəfindən təmin edilməmişdir. Iddiaçı, cavabdehə göndərilmiş pretenziyada, müqavilə üzrə qalıq borcun cəmi 10% miqdarında, 7643,38 ABŞ dolları məbləğində cərimənin ödənilməsini tələb etmiş, yəni, iddiaçı ədalətlilik prinsipi mövqeyindən çıxış edərək, iddia tələbinin cərimə məbləğinə münasibətdə bir hissəsini azaltmışdır.
8. Şirvan Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, 2025-ci il ## ###### tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 2023-cü il ## ##### tarixli, */EXP/**** nömrəli müqavilə üzrə 76433,75 ABŞ dolları məbləğində əsas borc və 500 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 76933,75 ABŞ dolları məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur (hakim Z.Abbasov).
9. Məhkəmə ilk növbədə göstərmişdir ki, işdə tərəflər arasında bağlanmış müqavilədə mübahisəyə tətbiq ediləcək maddi hüquq barədə şərt razılaşdırıldığı üçün tərəflərin razılaşması əsas götürülməklə Azərbaycan Respublikasının qanunvericiliyinin mübahisəyə tətbiq edilməsinə hər hansı bir hüquqi maneə yoxdur və buna görə də mübahisə Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq edilməklə həll edilməlidir.
10. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında malların nisyə satışını nəzərdə tutan alğı-satqı müqaviləsinin bağlandığı, həmin müqavilənin etibarsızlığına dəlalət edən halların olmadığı, iddiaçı tərəfindən cavabdehə alqı-satqının obyekti olan malların təhvil verilməsi, təhvil verilmiş malların ümumi dəyərinin 553452,75 ABŞ dolları məbləğində olması və cavabdehin 2025-ci il # ##### tarixinə iddiaçıya 76433,75 ABŞ dolları məbləğində borcunun olması işin mübahisəsiz hallarını təşkil edir.
11. Məhkəmə araşdırması zamanı və ondan əvvəl də cavabdeh tərəflər arasında imzalanmış üzləşmə aktını mübahisələndirməmiş, həmin aktın etibarsızlığına dair tələb irəli sürməmişdir. Buna görə də, tərəflər arasında imzalanmış 2025-ci il # ##### tarixli üzləşmə aktının məzmunu ilə müəyyən edilən xüsusatlar iş üzrə sübuta yetirilmiş hal kimi qəbul edilməlidir. Cavabdeh borcunu etiraf etdiyinə və onun tərəfindən mübahisələndirilməmiş üzləşmə aktı mövcud olduğuna görə həmin hissədə iddiaçı sübutetmə vəzifəsindən azad olunmuşdur.
12. Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirsə də, öz etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir, etirazını əsaslandıra bilməmişdir.
13. Məhkəmə, iddia tələbini cərimənin tutulması hissəsində qismən əsaslı hesab edərək qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə görə, müqavilə üzrə nəzərdə tutulmuş malın dəyərini razılaşdırılmış müddətdə ödəməzsə cərimə ödəmək öhdəliyini cavabdeh öz üzərinə götürmüşdür. Lakin məhkəmə, cərimənin məbləğinin əsas borca nisbətini, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən tutulacaq cərimə məbləğinin azaldılaraq 500 ABŞ dolları məbləğində müəyyən edilməsi işin hallarına mütənasib və ədalətli olar.
14. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin (bundan sonra – “MM”) 385.1, 425.1, 427.3, 442, 445.1, 445.2.1, 462.1, 465.2, 466.2.1, 467, 597.1, 598.1, 600.1, 600.4, 882.1, 882.2, 882.5, Mülki Prosessual Məcəllənin (bundan sonra – “MPM”) 14.2, 77.1, 217, 28, 440.1, 443.0, 443.0.7-ci maddələrinə, Azərbaycan Respublikasının 2002-ci il ## ###### tarixli, ***-IIQ nömrəli Qanunu ilə Azərbaycan Respublikasının qoşulduğu “Təsərrüfat fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar mübahisələrin həll edilməsi qaydası haqqında” 1992-ci il Kiyev Sazişinə, “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununa istinadla əsaslandırmışdır.
15. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, onun ləğv olunması, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(*-*)-*/**** nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim – C.Imanov, hakimlər – Q.Əliyev və T.Kərimov).
17. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razlaşaraq Kollegiya göstərmişdir ki, apellyasiya şikayətində malların keyfiyyətsiz olması barədə irəli sürülən dəlillər iş materialları ilə təsdiqini tapmamış, bu barədə yetərli və inandırıcı sübutlar təqdim edilməmişdir. Malların keyfiyyəti ilə bağlı müqavilə şərtlərinə uyğun qaydada iradların irəli sürüldüyü və ya müqavilədə nəzərdə tutulmuş mexanizmlərin tətbiq edildiyi sübuta yetirilməmişdir. Həmçinin, iddiaçı tərəfindən təqdim edilmiş yazılı sübutların məcmusu malların təhvil verildiyini və ödəniş öhdəliyinin yarandığını təsdiq edir.
18. Bundan başqa cavabdeh ona göndərilmiş pretenziyaya münasibət bildirməmiş və məhkəməyə etiraz təqdim edərək malları qüsurlu olması barədə hər hansı fikir ifadə etməmişdir. Ümumiyyətlə cavabdeh aralarında ticarət dövriyyəsi olduğu müddətdə də malların qüsurlu olmasına dair iddiaçıya hər hansı bildiriş, məktub yazışma və s. verməmişdir.
19. Kollegiya cavabdehin iddiaçıya 5000 dollar ödəməsini və həmin ödənişin üzləşmə aktında nəzərə alınmaması ilə bağlı dəlilinə münasibətdə qeyd etmişdir ki, cavabdeh tərəfindən təqdim edilən qəbz 2023-cü il ## ### tarixində edilib. Üzləşmə aktı isə 2025-ci il # ##### tarixdə tərtib edilmişdir. Üzləşmə aktı cavabdeh tərəfindən imzalanmış və onun möhürlə təsdiq edilmişdir. Belə olan halda Kollegiya üzləşmə aktını daha mötəbər sübut kimi qəbul etmişdir.
20. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 425.1, 427.3, 442, 445.1, 445.2.1, 462.1, 465.2, 597.1, 598.1, 600.1, 600.4, 882.1, 882.2, 882.5, MPMin 14.2, 77.1, 119.1, 217, 440.1, 443.0, 443.0.7-ci maddələrinə, Azərbaycan Respublikasının 2002-ci il ## ###### tarixli, ***-IIQ nömrəli Qanunu ilə Azərbaycan Respublikasının qoşulduğu “Təsərrüfat fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar mübahisələrin həll edilməsi qaydası haqqında” 1992-ci il Kiyev Sazişinə, “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununa və Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2023-cü il ## ###### tarixli **/**** nömrəli Qərarına istinadla əsaslandırmışdır.
21. Cavabdeh kassasiya şikayəti verərək, onun ləğv edilməsi və işin yenidən baxılmaq üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
22. MM-in 587.1, 587.2-ci maddələri üzrə - apellyasiya məhkəməsi malların keyfiyyətsiz olması ilə bağlı cavabdehin dəlillərini rədd edərkən işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, nəticədə maddi və prosessual hüquq normalarını pozaraq əsassız nəticəyə gəlmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş izahatlarda və sübutlarda iddiaçı tərəfindən göndərilmiş malların əhəmiyyətli hissəsinin keyfiyyətsiz olduğu, həmin malların istifadəyə yararsız vəziyyətdə olduğu və bu barədə iddiaçı tərəfə məlumat verildiyi açıq şəkildə göstərilmişdir. Hətta bu malların cavabdehin anbarında saxlanıldığı bildirilmişdir. Bu halın yoxlanılması üçün xüsusi bilik tələb olunduğundan məhkəmə tərəfindən əmtəəşünaslıq ekspertizasının təyin edilməsi zəruri olduğu halda, apellyasiya məhkəməsi tərəfindən bu istiqamətdə heç bir araşdırma aparılmamışdır. Məhkəmə cavabdeh tərəfindən müqavilə üzrə nəzərdə tutulmuş mexanizmlərin tətbiq edilmədiyini qeyd etsə də, tərəflər arasında olan faktiki yazışmalar və münasibətlər nəzərə alınmamışdır. Belə ki, cavabdeh tərəfindən təqdim edilmiş “Telegram” platforması üzərindən aparılmış yazışmalarda iddiaçı tərəf malların keyfiyyəti ilə bağlı problemlərin mövcudluğunu faktiki olaraq inkar etməmiş, əksinə bu halları dolayısı ilə təsdiq etmişdir. Lakin məhkəmə bu sübutlara ümumiyyətlə hüquqi qiymət verməmişdir. Məhkəmə cavabdehin iddiaçıya hər hansı pretenziya təqdim etmədiyini əsas kimi göstərmişdir. Halbuki müasir ticarət dövriyyəsində tərəflər arasında münasibətlər yalnız formal yazılı məktublarla deyil, elektron kommunikasiya vasitələri ilə də həyata keçirilir və bu cür yazışmalar da sübut kimi qəbul edilməlidir. Məhkəmə bu xüsusatı nəzərə almadan sübutları formal yanaşma ilə qiymətləndirmişdir.
23. MPM-in 88-ci maddəsi üzrə - məhkəmə nəzərə almamışdır ki, ödəniş bank köçürməsi ilə təsdiq olunan birbaşa maliyyə əməliyyatıdır və belə sənədin hüquqi qüvvəsi yalnız formal xarakter daşıyan üzləşmə aktı ilə aradan qaldırıla bilməz. Cavabdeh tərəfindən üzləşmə aktının faktiki hesablaşmaları əks etdirmədiyi və formal şəkildə imzalandığı bildirilsə də, məhkəmə bu halı araşdırmamış, aktın həqiqiliyi və düzgünlüyünü yoxlanılmadan onu üstün sübut kimi qəbul etmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş 5000 ABŞ dolları məbləğində ödəniş tapşırığına münasibətdə iddiaçı tərəfin həmin ödənişi qəbul etmədiyini və mübahisələndirdiyini nəzərə alsa da, bu ziddiyyətli halın aradan qaldırılması üçün zəruri olan mühasibatlıq ekspertizasını təyin etməmiş, ödənişin faktiki həyata keçirilib-keçirilmədiyini və tərəflər arasında hesablaşmalarda necə nəzərə alındığını araşdırmamışdır.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Iddiaçı kassasiya şikayətinə etiraz ünvanlayaraq, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş və göstərmişdir ki, cavabdeh “əmtəəşünaslıq ekspertizsının təyin edilməsi”ni göstərsə də, sonuncu tərəfindən malların keyfiyyətsiz olması ilə bağlı iddiaçıya hər hansı pretenziya, etiraz, müraciət verilməmiş, yaxud malların qüsuruna dair sənəd (qüsur aktı və s.) təqdim olunmamışdır. Nəzərə almaq lazımdır ki, belə etiraz, pretenziya və ya məlumat malların qəbulundan sonrakı 10 gün ərzində verilməli idi. Əmtəəşünaslıq ekspertizası təyin edilməsi tələbinin təmin edilməsi isə iddiaçının hüquqlarının aşkar pozulması ilə nəticələnə bilər. Belə ki, malların təqdim edilməsindən artıq uzun müddət (aylar və ya illər) ötmüşdür və bu müddət ərzində cavabdeh tərəfindən malların qeyri-münasib şəraitdə saxlanıldığı nəzərə alınarsa, əmtəəşünaslıq ekspertizasının nəticəsi, malların cavabdehə çatdırıldığı vaxta olan keyfiyyətinə uyğun gəlməyə bilər. Cavabdehin vermiş olduğu kassasiya şikayətində əsaslandığı maddi hüquq normaları düzgün əks etdirilməmişdir.
Kassasiya baxışının hədləri
25. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
26. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
Tətbiq edilən hüquq
27. Azərbaycan Respublikasının 2002-ci il ## ###### tarixli, ***-IIQ nömrəli Qanunu ilə Azərbaycan Respublikasının qoşulduğu “Təsərrüfat fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar mübahisələrin həll edilməsi qaydası haqqında” 1992-ci il Kiyev Sazişi. Maddə 1. Bu Saziş təsərrüfat subyektləri arasında müqavilə və digər mülki hüquq münasibətlərindən, onların dövlət orqanları ilə və digər orqanlarla münasibətlərindən irəli gələn işlərin həll edilməsi məsələsini, habelə onlara dair qərarların icrası məsələsini tənzimləyir. ... Maddə 4. X3 iştirakçısı olan dövlətinin səlahiyyətli məhkəməsi bu Sazişin 1-ci maddəsində göstərilən mübahisələrə baxılmasına haqlıdır, əgər X3 iştirakçısı olan həmin dövlətin ərazisində mübahisənin predmeti olan müqavilə üzrə öhdəlik yerinə yetirilmişdirsə və ya tam və ya qismən yerinə yetirilməliydisə (1-ci bəndin “c” yarımbəndi), X3 iştirakçısı olan dövlətlərin səlahiyyətli məhkəmələri, əgər mübahisənin həmin məhkəməyə verilməsi haqqında yazılı razılaşma mövcuddursa, işlərə digər hallarda da baxmağa səlahiyyətlidir (2-ci bənd). ... Maddə 11. Tərəflərin əqdlər üzrə hüquq və öhdəlikləri, əgər Tərəflər arasında digər razılaşma əldə edilməyibsə, əqdin bağlandığı (baş verdiyi) yerin qanunvericiliyinə əsasən müəyyən edilir (“e” bəndi).
28. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.”
“Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
“Maddə 445. Borclunun icranı gecikdirməsi ... 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; ...”
“Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.”
“Maddə 466. Zərər və dəbbə pulu 466.1. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. 466.2. Qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: 466.2.1. zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; 466.2.2. dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; 466.2.3. kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. 466.3. Öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məhdud məsuliyyətin müəyyənləşdirildiyi hallarda dəbbə pulu çatmayan və ya dəbbə pulundan yuxarı hissədə və ya onun əvəzinə ödənilməli olan zərər həmin məhdudiyyətlə müəyyənləşdirilmiş həddə qədər tutula bilər.”
“Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.”
“Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
“Maddə 598. Alınmış əşyanın ödənilməsi 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. …”
“Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.”
29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...”
“Maddə 28. Əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin iştirak etdiyi işlərin aidiyyəti Əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin iştirak etdikləri işlərə, əgər dövlətlərarası sazişlərlə, beynəlxalq müqavilələrlə və ya tərəflərin sazişi ilə digər hallar nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının məhkəmələri bu Məcəllə ilə müəyyən edilmiş aidiyyət qaydalarına uyğun olaraq baxırlar.”
“Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”
“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”
“Maddə 440. Xarici şəxslərin iştirakı ilə olan işlər üzrə icraat 440.1. Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. ...”
“Maddə 443. Xarici şəxslərin iştirakı ilə olan işlər üzrə Azərbaycan Respublikası məhkəmələrinin səlahiyyəti 443.0. Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan həmçinin aşağıdakı işlərə baxmağa haqlıdır: ... 443.0.7. iddia icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəldikdə; ...” Kassasiya instansiya məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi).
31. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarı).
32. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və onu da bildirir ki, şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir. Kollegiya həmin hüquqi qiymətləndirmə və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.
33. Bununla belə məhkəmə kollegiyası qeyd edir ki, baxılan iş üzrə iddiaçı tərəfindən müqavilə şərtlərinə uyğun olaraq malların cavabdehə təhvil verilməsi, cavabdeh tərəfindən isə malların qəbul edilməsi mübahisəsizdir. Belə olan halda iddiaçı ödənilməmiş pul məbləğini cavabdehdən tələb etməkdə haqlı olmuşdur.
34. Malların keyfiyyətsiz olması ilə bağlı cavabdehin dəlillərinə münasibətdə isə işin faktiki hallarını araşdıran apellyasiya məhkəməsi tərəfindən göstərilmişdir ki, malların keyfiyyəti ilə bağlı müqavilə şərtlərinə uyğun qaydada iradların irəli sürüldüyü və ya müqavilədə nəzərdə tutulmuş mexanizmlərin tətbiq edildiyi sübuta yetirilməmişdir. Cavabdeh malların qüsurlu olması ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmiş, ümumiyyətlə aralarında ticarət dövriyyəsi olduğu müddətdə də malların qüsurlu olmasına dair iddiaçıya hər hansı bildiriş, məktub yazışma və s. verməmişdir.
35. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozuntusuna dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq norması düzgün tətbiq edilmişdir.
36. Kollegiya onu da qeyd edir ki, məhkəmə kollegiyasının hazırkı mövqeyi iddiaçı tərəfdən verilmiş kassasiya şikayətinə qarşı etirazın dəlillərini də əhatə etdiyindən onların əlavə qiymətləndirilməsinə zərurət yoxdur.
37. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
38. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının *-*(*-*)-*/**** nömrəli 2026-cı il ## ###### tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.