Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-257/2026 22.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin maraqlı şəxs Кос Ramazanın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə QƏRARİ Açar sözlər: Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında (sahibkarlıq fəaliyyəti ilə bağlı olduqda) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qarayev Sənan Məmməd oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin maraqlı şəxs Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il # ###### tarixli *-*(*-*)-**/**** nömrəli qətnaməsindən ərizəçi tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. Reyestr məlumatlarına əsasən, Maraqlı şəxs “Sair ixtisaslaşdırılmış tikinti işləri” fəaliyyəti üzrə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi uçotuna alınmış, ona 2023-cü il ## ###### tarixdə ********** nömrəli VÖEN verilmişdir.
İş üzrə məhkəmə icraatı
a) Birinci instansiya məhkəməsindəki icraat
2. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi (bundan sonra-“ərizəçi”) ərizə ilə məhkəməyə müraciət edərək, Кос Ramazanın (bundan sonra-“maraqlı şəxs”) dövlət büdcəsinə olan borcunun ödənilməsini təmin etmək üçün onun (doğulduğu tarix ##.##.1988-ci il, Türkiyə Respublikası, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi ******, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi MYİ 718275) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Ərizə onunla əsaslandırılmışdır ki, 2025-ci il ## ####### tarixə vergi ödəyicisi olan maraqlı şəxsin İşsizlikdən Sığorta Fonduna 0,65 manat, dövlət büdcəsinə 2714,7 manat (o cümlədən, vergilər üzrə 2561,27 manat, faizlər üzrə 153,43 manat) olmaqla, ümumilikdə 2715,35 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən 2025-ci il ## ###### tarixli 255002**********, 2025-ci il ## ### tarixli **************** nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğlərini ödəməmişdir. Reyestr məlumatlarına əsasən maraqlı şəxs Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 163L ünvanında qeydiyyatdadır.
4. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il ## ###### tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə ərizə rədd edilmişdir (hakim Z.Axundova).
5. Məhkəmə hesab etmişdir ki, vergi ödəyicisi olan maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün əsaslar müəyyən edilmir.
6. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi idarəsinin vergi borcu barədə məlumatın verilməsinə dair rəsmi internet səhifəsindən (https://www.e taxes.gov.az/) əldə olunmuş 2025-ci il ## ####### tarixli vergi borcu barədə məlumatda vergi ödəyicisi olan maraqlı şəxsin borcunun olmadığı (0,00 manat) göstərilir. Eyni zamanda vergi ödəyicisinin İşsizlikdən Sığorta Fonduna borcunun 0,65 manat olduğu qeyd olunur.
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinin İ bəndinə, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 23.1.15-3, 24.1.2-1-ci maddələrinə istinadla əsaslandırmışdır.
8. Ərizəçi tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və ərizənin təmin olunması barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il # ###### tarixli *-*(*-*)-**/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edənməruzəçi hakim E.Həsənov, hakimlər T.Qocayev və S.Cəfərov).
10. Apellyasiya instansiyası məhkəməsi ilk növbədə qeyd etmişdir ki, hətta maraqlı şəxsin 740,84 manat vergi borcu vardırsa belə, bu məbləğə görə onun hərəkət azadlığını məhdudlaşdırmaq mütənasib tədbir saylıla bilməz.
11. Apellyasiya şikayətində maraqlı şəxsin dəqiqləşdirilmiş vergi bəyannamələri üzrə kameral vergi yoxlamasının başa çatmadığı irəli sürülsə də, məhkəmə kollegiyası qeyd etmişdir ki, kameral qaydada yoxlanılmalı olan məbləğ mövcud borc anlamına gəlmir. Həmçinin, əgər kameral yoxlama nəticəsində vergi ödəyicisinin vergi borcunun olduğu müəyyən olunarsa, hazırkı iş üzrə gəlinən nəticə vergi orqanının yenidən məhkəməyə müraciət etməsinə maneə törətmir.
12. Bundan başqa, kollegiya göstərmişdir ki, VM-in 65 və 89-cu maddələrində vergilər üzrə borcların alınması qaydasını nəzərdə tutulmuşdur. Hazırkı halda vergi orqanının məhkəməyə müraciət etməmişdən əvvəl borcun ödənilməsinin təmin edilməsi üçün hansı tədbirlər görməsi (tələb olunan vəsaitin şəxsin hesablarından silinməsi üçün müvafiq banklara müraciət etməsi, onlardan vəsaitin çatışmazlığına dair cavablar alması, hüquqi şəxsin əmlakının üzərinə ixtisaslaşdırılmış açıq hərracdan satılması məqsədilə həbs qoyulması, yaxud kifayət qədər belə əmlakların mövcud olmamasına dair rəsmi məlumatlar əldə etməsi və s.) iş materiallarından müəyyən olunmur.
13. Halbuki ərizəçi tərəfindən Vergi Məcəlləsində nəzərdə tutulan digər tədbirlərin tətbiq edilib-edilməsi və onların tətbiqinin nəticə verməməsi barədə sübutlar təqdim edilməli və yalnız bundan sonra ölkədən getmə hüququnun məhdudlaşdırılmasının tətbiqinin zəruriliyi əsaslandırılmalıdır.
14. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinə, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1, 23.1.15-3, 32.1, 65.1, 65.2, 77.1, 77.3, 78.1, 89.3-cü və MPM-nin 14.1, 14.2, 355-5.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
15. Ərizəçi tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və ərizənin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
16. Vergi ödəyicisi tərəfindən 2023, 2024 və 2025-ci ilin gəlir vergisi üzrə ##.##.2025 və ##.##.2025-ci il tarixlərində hesablanmış vergi məbləğləri azaldılmışdır. Vergi ödəyicisi tərəfindən 2023, 2024 və 2025-ci ilin gəlir vergisi üzrə ##.##.2025 və ##.##.2025-ci il tarixlərində verilmiş azalmaların qəbul edilməsi məsələsi araşdırılmadan qətnamə qəbul edilmişdir. Belə ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən 2024cü ilin gəlir vergisi üzrə 2025-ci il ## ###### tarixli, *-**-*-*/*-*******/**** nömrəli “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” Qərar ilə vergi ödəyicisinin təqdim etdiyi bəyannamə üzrə 23,82 manat vergi məbləğinə 1491,18 manat əlavə vergi məbləği hesablanmış, beləliklə vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində 2024-cü ilin gəlir vergisi üzrə müəyyən edilmiş vergi məbləği 1515 manat olmuşdur. Həmçinin, 2025-ci il ## ###### tarixli “Kameral vergi yoxlaması (FŞGV 2023) üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktub da vergi ödəyicisinə göndərilərək vergi ödəyicisinin ##.##.2025-ci il tarixdə sonuncu təqdim etdiyi 2023-cü il gəlir vergisi bəyannaməsində (600 manat azalma) aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması üçün müvafiq sənədlər tələb edilmişdir. Qeyd olunan halda Vergi Məcələsinin 37.2-ci maddəsini nəzərə almalı idi. Bakı Apellyasiya Məhkəməsi hazırkı faktiki vəziyyətə uyğun dəyərləndirmə aparmamış, gələcək ehtimallar əsasında qiymətləndirmə həyata keçirərək və qeyd edilən situasiyanı da əsassız olaraq vergi orqanının əleyhinə şərh edərək qanunsuz və əsassız qərar qəbul etmişdir. Vergi ödəyicisinin azalma təqdim etməsi hazırda onun borcunun mövcud olmaması anlamına gəlmir, məhkəmə ilk olaraq öz təsdiqini tapmış halları müəyyən etməli, vergi ödəyicisinin azalma təqdim etməsi vergi orqanı tərəfindən təsdiqlənməmiş, həmçinin yoxlama müddəti olan 60 iş günü də keçməmişdir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassassiya şikayətinə qarşı etiraz göndərilməmişdir.
Kassasiya baxışının hədləri
18. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq bütövlükdə yoxlanılacaqdır.
19. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında nəzərdə tutulur: “Maddə 28. Azadlıq hüququ ... III. Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. ...” “Maddə 71. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı ... II. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. ...”
“Maddə 73. Vergilər və başqa dövlət ödənişləri I.Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. .....”
21. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasinin Konstitusiya Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 3. Qanun əsasında insan hüquqlarının və azadlıqlarının məhdudlaşdırılmasına dair tələblər ... 3.6. Azərbaycan Respublikasının Konstitusiyasında göstərilən digər əsaslarla yanaşı, Konstitusiyanın 28-ci maddəsinin III hissəsində, 32-ci, 33-cü, 49-cu, 50-ci, 51-ci, 58-ci maddələrində göstərilən hüquqlar və azadlıqlar və 47-ci maddəsində göstərilən söz azadlığı dövlət təhlükəsizliyi mənafeləri üçün, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün, cinayətin qarşısının alınması məqsədi ilə; Konstitusiyanın 32-ci, 33-cü, 49-cu, 50-ci və 58-ci maddələrində göstərilən hüquqlar və azadlıqlar və 47-ci maddəsində göstərilən söz azadlığı həmçinin iğtişaşların qarşısının alınması üçün; Konstitusiyanın 28-ci maddəsinin III hissəsində, 49-cu, 50-ci və 58-ci maddələrində göstərilən hüquqlar və azadlıqlar, 47-ci maddəsində göstərilən söz azadlığı və 48-ci maddəsinin II hissəsində göstərilən hər hansı dinə etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ həmçinin ictimai təhlükəsizliyin qorunması üçün; Konstitusiyanın 28-ci maddəsinin III hissəsində, 32-ci və 33-cü maddələrində göstərilən hüquqlar və azadlıqlar və 48-ci maddəsinin II hissəsində göstərilən hər hansı dinə etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ həmçinin ictimai qaydanın təmin edilməsi üçün, Konstitusiyanın 32-ci və 33-cü maddələrində göstərilən hüquqlar və azadlıqlar həmçinin ölkənin iqtisadi rifahı mənafeləri üçün; Konstitusiyanın 47-ci maddəsində göstərilən söz azadlığı və 50-ci maddəsində göstərilən məlumat azadlığı həmçinin dövlətin ərazi bütövlüyü mənafelərinin təmin edilməsi məqsədi ilə, digər şəxslərin nüfuzu və ya hüquqlarının müdafiəsi üçün, məxfi qaydada əldə edilmiş məlumatın açıqlanmasının qarşısının alınması və ya məhkəmənin nüfuzunun və qərəzsizliyinin təmin edilməsi üçün; Konstitusiyanın 48-ci maddəsinin II hissəsində göstərilən hər hansı dinə etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ sağlamlığın və ya mənəviyyatın və ya digər şəxslərin hüquq və azadlıqlarının qorunması məqsədi ilə məhdudlaşdırıla bilər.”
22. Azərbaycan Respublikasının Vergilər Məcəlləsinin müvafiq müddəalarında nəzərdə tutulur:
“Maddə 16. Vergi ödəyicisinin vəzifələri 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.1. qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək; ...” “Maddə 23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.15-3. vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək; ...” “Maddə 24. Vergi orqanlarının vəzifələri 24.0.2-1.vergi orqanları vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur. ...” “Maddə 65. Vergilər üzrə borcların alınması qaydası 65.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir.
“Maddə 77. Vergi öhdəliyi 77.1. Vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. ... 77.3. Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. ...”
“Maddə 78. Vergi öhdəliklərinin yerinə yetirilməsi 78.1. Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. ...”
23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 355-5. Ərizənin verilməsi ... 355-5.1. vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. ...”
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1ci maddəsi).
25. Ərizəçinin kassasiya şikayətində qeyd etdiyi dəlillər, apellyasiya şikayətinin əsaslandırılması üçün irəli sürdüyü dəlillərlə eyniyyət təşkil edir.
26. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və qeyd edir ki, şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün qiymət verilmişdir.
27. Kollegiya həmin hüquqi qiymətləndirmə və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, məhkəmə tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, iş üzrə qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
28. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə
Qərara alır:
Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il # ###### tarixli *-*(*-*)-**/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.