Məhkəmə qərarları › İş №2-2(1-8)-26/2026

Ali Məhkəmə Qərar — İş №2-2(1-8)-26/2026

08.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-26/2026 08.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: öhdəliyin icrası, pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Şamayev Elşad Yaquboviçdən və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1.İddiaçı MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında bağlanmış 2020-ci il 24 tarixli tarixli 01№-li alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən, satıcı alıcıya gübrə və pestisid (mal) satmağı, alıcı isə həmin malı qəbul edib müqavilə üzrə razılaşdırılmış qaydada dəyərini satıcıya ödəməyi öhdələrinə götürmüşlər. Həmin müqavilə İddiaçı MMCnin adından MMC-nin direktoru X1, Cavabdeh MMC-nin adından X3 (bundan sonra- “S.Fətəliyev”) tərəfindən imzalanmış, hər iki hüquqi şəxsin möhürləri ilə təsdiqlənmişdir. Müqavilənin: -2.1-ci bəndinə əsasən, müqavilə predmetinin xüsusiyyətləri nəzərə alınaraq (gübrə və pestisid kənd təsərrüfatı sahəsində istifadə olunduğu, mövsümi yığımla, əkinlə və s. ilə əlaqədar satılmış malın dəyərinin ödənişlərinin ləngiməsi halında) malın qiyməti alıcı tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankının ödəniş gününə olan ABŞ dollarına münasibətdə məzənnəsi nəzərə alınmaqla həyata keçirilməlidir; -2.2-ci bəndinə əsasən, müqavilənin 2.1-ci bəndində elektron qaimə-faktura təqdim edildiyi günlə, malın dəyərinin ödənişinin həyata keçirildiyi gün ABŞ dollarının manata olan məzənnə fərqi nəzərdə tutulur; -4.1-ci bəndinə əsasən, satıcı malı müqaviləyə uyğun olaraq alıcı tərəfindən ödəniş həyata keçirildikdən sonra 3 (üç) gün ərzində və yaxud ödənişin həyata keçirilməsi ilə bağlı müqavilədə razılaşdırılmış müddət müəyyən edildikdə alıcıya malı qabaqcadan təhvil verməyi öhdəsinə götürür; -4.2-ci bəndinə əsasən, satıcı malın təhvil verilməsindən əvvəl elektron qaiməfakturanı və digər zəruri sənədləri alıcıya təqdim etməlidir; -5.1-ci bəndinə görə, alıcı malları 1 (bir) həftə qabaqcadan satıcıya sifariş etməlidir; -5.2-ci bəndinə əsasən, alıcı sifariş olunan malın dəyərini sifariş təsdiq edildikdən və satıcının təqdim etdiyi elektron qaimə-fakturanı aldıqdan sonra həyata keçirir; -8.1-ci bəndinə əsasən, bu müqavilə imzalandıqdan və təsdiq edildikdən sonra tərəflər arasında bağlanan əvvəlki müqavilə öz hüquqi qüvvəsini itirir. 2.2020-ci il ## ####### tarixli üzləşmə aktında göstərilmişdir ki, “müştəri və ya onun səlahiyyətli nümayəndəsi pulunu ödəmək şərtilə 267 069 ABŞ dolları (manat ekvivalenti ilə) dəyərində malı İddiaçı MMC-nin nümayəndəsindən qəbul etmiş və dəyərini hazırkı tarixədək ödəməmişdir. Müştəri və onun səlahiyyətli nümayəndəsi 267 069 ABŞ dolları borc məbləğini ... tarixədək və ya akta * saylı əlavədə göstərilən müddətlərdə hissələrlə ödəniləcəyini təsdiq edir. Əks təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görüləcəkdir”. Həmin üzləşmə aktını İddiaçı MMC-nin adından X2, Cavabdeh MMC-nin adından isə Fətəliyev Sabir Cəmil oğlu imzalamış, akt Cavabdeh MMC-nin möhürü ilə təsdiq olunmuşdur. 3.Üzləşmə aktına 2020-ci il ## ####### tarixli * saylı Əlavə ilə, 267 069 ABŞ dolları məbləğində borcun 2020-ci il ## ####### və 2021-ci il # ###### müddətlərinədək hissələrlə ödənilməsi razılaşdırılmışdır. Həmin Əlavəni İddiaçı MMC-nin adından X2, Cavabdeh MMC-nin adından isə Fətəliyev Sabir Cəmil oğlu imzalamış, sənəd Cavabdeh MMC-nin möhürü ilə təsdiq olunmuşdur. 4.S.Fətəliyev 2004-cü il ## ###### tarixindən Cavabdeh MMC-də hüquqşünas vəzifəsində işləmiş, 2019-cu il ## ### tarixində əmək müqaviləsinə xitam verilmişdir. 5.Cavabdeh MMC (icarəyə verən) ilə “xxxx” MMC (icarəçi) arasında 2019-cu il # ### tarixində icarə müqaviləsi bağlanmış, müqaviləyə əsasən icarəyəverən, daimi istifadəsində olan Abşeron rayonu, Hövsan Südçülük sovxozunun ərazisindəki 35,80 ha torpaq sahəsi üzərində inşa etdirdiyi və mülkiyyəti hesab olunan 14 ha istixananı bütün avadanlıq, qurğu və digər infrastrukturları ilə birlikdə 5 il müddətinə icarəçinin istifadəsinə verməyi, icarəçi isə həmin obyekti qəbul edib ondan istifadə etməklə orada kənd təsərrüfatı məhsulları istehsal edib satmağı və icarəyə verənə əmlakdan istifadəyə görə razılaşdırılmış icarə haqqı ödəməyi öhdələrinə götürmüşlər. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı İddiaçı MMC (bundan sonra-“iddiaçı”) cavabdeh Cavabdeh MMC-yə (bundan sonra-“cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə arasında bağlanılmış 2020-ci il ## ####### tarixli alqı-satqı müqaviləsinə əsasən yaranmış 267.069 ABŞ dolları məbləğində borcun cavabdehdən alınıb xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 7.İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə arasında Bakı şəhərində bağlanılmış 2020-ci il ## ####### tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdehə ümumi dəyəri 267 069 dollar olan gübrə və pestisid satmış, lakin cavabdeh tərəfindən satılmış malın dəyəri ödənilməmiş, dəfələrlə yazılı və şifahi müraciətlər olunmasına baxmayaraq, cavabdeh müxtəlif bəhanələrlə alqı-satqı müqaviləsi üzrə öhdəliklərini könüllü yerinə yetirməkdən yayınmışdır. Aralarında bağlanmış 2020-ci il ## ####### tarixli üzləşmə aktı ilə cavabdeh sifariş olunan malın dəyərini sifariş təsdiq edildikdən və iddiaçının təqdim etdiyi elektron qaimə-fakturanı aldıqdan sonra həyata keçirməli idi. Cavabdehlə mübahisənin məhkəməyədək həll olunması üçün mediasiya proseduruna tərəfindən əməl olunmaqla Mediasiya Şurasına müraciət edilmiş, mediasiya prosesi Lənkəran * saylı Mediasiya Təşkilatının “prosesin davam etdirilə bilməməsi barədə” 2023-cü il ## ###### tarixli MŞL/MT014/2023- ***** saylı arayışı ilə rəsmiləşdirilmişdir. 8.Şirvan Kommersiya Məhkəməsinin 2025-ci il ## ###### tarixli qərardadına əsasən işin baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. 9.Cavabdehin iddia ərizəsinə dair təqdim etdiyi etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının irəli sürdüyü iddia tələbi həqiqəti əks etdirmir. Belə ki, müqavilə cavabdeh tərəfindən imzalanmadığından, bu qədər məbləğin də onun tərəfindən ödənilməsi absurddur. Həmçinin cavabdeh ilə “xxxx” MMC arasında 2019-cu il # ### tarixində icarə müqaviləsi bağlanılmış, həmin icarə müqaviləsinin şərtlərinə uyğun olaraq cavabdehə məxsus olan Abşeron rayonu, Hövsan Südçülük sovxozunun ərazisində yerləşən 35,80 ha torpaq sahəsi üzərində inşa edilmiş və mülkiyyətində olan 14 ha istixana bütün avadanlıq, qurğu və digər infrastrukturları ilə birlikdə icarəyə verilmişdir. Sözügedən icarə müqaviləsi 5 illik müddətinə, yəni 2024-cü il # ### tarixinədək bağlanılmışdır. İcarə müqaviləsinin şərtlərinə uyğun olaraq, “xxxx” MMC üzərinə götürdüyü öhdəliyi icra etmədiyindən, icarə müqaviləsi 2023-cü il ## #### tarixindən birtərəfli qaydada ləğv edilmişdir. İddia ərizəsinə əlavə edilmiş materiallardakı 2020-ci il ## ####### tarixli ** №-li alqı-satqı müqaviləsinin bir tərəfdən iddiaçı, direktor X1 şəxsində (satıcı) və digər tərəfdən alıcı şəxsində hüquqi şəxs cavabdeh ilə bağlandığı göstərilmişdir. 2020-ci il ## ####### tarixində müqavilə bağlanan zaman cavabdehin rəhbərinin ölkədə olmamasından istifadə olunaraq müqaviləni ##.##.2004-##.##.2019-cu illərdə Cəmiyyətdə hüquqşünas vəzifəsində çalışmış, bu cür müqaviləyə imza etmək səlahiyyəti olmayan S.Fətəliyev imzalamışdır. Müqavilə Cəmiyyətin möhüründən istifadə edilərək möhürlənmiş, onun bütün səhifələri cavabdeh adından müqavilə imzalamağa səlahiyyəti olmayan S.Fətəliyev tərəfindən imzalanmışdır. Həmçinin, sözügedən alqı-satqı müqaviləsi bağlandığı zaman cavabdehə məxsus olan Abşeron rayonu, Hövsan Südçülük sovxozunun ərazisində yerləşən 35,80 ha torpaq sahəsi üzərində inşa edilmiş və mülkiyyətində olan 14 ha istixana bütün avadanlıq, qurğu və digər infrastrukturları ilə birlikdə “xxxx” MMC-yə icarəyə verilmişdir. Bundan başqa 2019-cu il ## ### tarixdə cavabdeh ilə müqaviləsinə xitam verilmiş S.Fətəliyev “xxxx” MMC-də çalışmağa başlamışdır.Həmin istixana onların istifadəsində deyil, “xxxx” MMC-nin istifadəsində olmuşdur, həmçinin gübrə və pestisidlər də oraya göndərilmişdir. Sadəcə pul yeyintisinə görə və cavabdehə ziyan vurmaq məqsədilə bu müqavilə onların adından bağlanılmışdır. Faktiki olaraq həmin dövrdə cavabdeh fəaliyyət göstərməmişdir. 2020-ci il ## ####### tarixli üzləşmə aktına nəzər saldıqda görünür ki, iddiaçı adından təmsilçi olaraq X2 imza etmiş (səlahiyyətli olması məlum deyil) və imza etmək səlahiyyəti olmayan S.Fətəliyev arasında bağlanılaraq müştərinin obyekti, təsis sənədləri barədə məlumatda S.Fətəliyevin sadəcə olaraq şəxsiyyət vəsiqəsinin təqdim edildiyi göstərilmişdir. Yəni onun imza etmək səlahiyyətini təsdiq edən hər hansı bir hüquqmüəyyənedici sənəd əlavə edilməmişdir. Bilindiyi kimi, müqavilə üzrə satıcı alıcıya mallar göndərdikdə (işlər gördükdə, xidmətlər göstərdikdə) onların ödənilməsi üçün hesab-faktura göndərir, bundan sonra üzləşmə aktı və təhvil təslim aktı əlavə edilir. İşin materiallarına nəzər salsaq görərik ki, sözügedən üzləşmə aktına sənədlərin heç biri əlavə edilməmişdir. Həmçinin gübrə və pestisidin cavavdeh tərəfindən alınmasına dair təhvil-təslim aktı da yoxdur. Beləliklə sözügedən müqavilənin görüntü üçün bağlandığı göz önündədir. Sözügedən alqı-satqı müqaviləsinin 8.2-ci maddəsinə əsasən, həmin müqavilə 1 il ərzində qüvvədədir. Həmçinin 2020-ci il ## ####### tarixli üzləşmə aktına * saylı Əlavədə borc məbləğinin sonuncu ödəmə tarixi 2021-ci il # ###### tarixidir. Qeyd edilən tarixdən indiyə kimi bir neçə il keçmiş və qarşı tərəfdən onlara heç bir şikayət və ya pretenziya daxil olmamışdır. Cavabdehin hüquqşünası olmuş (həmin vaxt müqaviləsi xitam olunmuş) S.Fətəliyevin imzaladığı müqavilə uydurma əqddir, əhəmiyyətsizdir. Sadəcə olaraq görünüş üçün bağlanmışdır. Alqı-satqı müqaviləsi 2020-ci il ## ####### tarixində bağlanılıb, 2021-ci il ## ####### tarixində isə qüvvədən düşmüşdür. Belə ki, müddət ötürülmüşdür. Bundan başqa, elektron kabinetə pretenziya məktubu göndərilməmişdir. Məhz bu səbəblərdən iddia tələbi tamamilə əsassızdır və qanun çərçivəsində yolverilməzdir.

10. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il ## #### tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir (hakim G.Namazova).

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının nümayəndəsi hazırkı borc məbləğinin cavabdehə 2017-2019-cu illər ərzində təhvil verilmiş mallara görə olmasını bildirsə də, həmin dövrdə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi, alıcının mallara dair sifarişi, tərəflər arasında həmin mallara dair qiymət razılaşma protokolu, malların təhvil-təsliminə dair sənədlər məhkəməyə iddiaçı tərəfindən təqdim edilməmişdir.

12. Beləliklə, iddiaçı tərəfindən cavabdehə tələb olunan məbləğ dəyərində malların satılması iş materialları ilə müəyyən edilməmişdir.

13. İddiaçının borcun mövcudluğunu rəsmiləşdirmək üçün 2020-ci il ## ####### tarixində tərəflər arasında müqavilə bağlanılması və üzləşmə aktının imzalanmasına dair dəlilinə münasibətdə məhkəmə qeyd etmişdir ki, müqavilənin 8.1-ci bəndinə əsasən bu müqavilə imzalandıqdan və təsdiq edildikdən sonra tərəflər arasında bağlanan əvvəlki müqavilə öz hüquqi qüvvəsini itirir. Həmin müqavilə ilə müəyyən edilir ki, tərəflər arasında əvvəllər hər hansı alqı-satqı müqaviləsi mövcud olmuş olsaydı belə, 2020-ci ildən bağlanan müqavilədən sonra, əvvəlki müqavilələr öz hüquqi qüvvəsini itirir.

14. Tərəflər arasında bağlanmış 2020-ci il tarixli müqavilədə MM-nin 399.2-ci maddəsində nəzərdə tutulan hal (bağladıqları müqavilənin şərtləri onların müqavilə bağlanana qədər yaranmış münasibətlərinə də tətbiq edilməsi ilə bağlı müddəa) öz əksini tapmamış, əksinə tərəflər 2020-ci il müqavilə ilə əvvəlki münasibətlərin öz qüvvəsini itirməsini müəyyən etmişlər.

15. Məhkəmənin qənaətinə görə birincisi, 2017-2019-cu illər ərzində cavabdehə hər hansı malın təhvil verilməsi/satılması iş materialları ilə müəyyən edilmədiyi, möhtəbər və təqzibolunmaz sübutlar ilə təsdiq edilmədiyi üçün, ikincisi, sonradan tərəflər arasında imzalanmış 2020-ci il tarixli müqavilədə həmin müqavilənin tərəflər arasında (ehtimal olunan) əvvəllər mövcud olan 267069 ABŞ dollarlıq alqı-satqı münasibətlərinə də tətbiq edilməsi şərti müəyyən edilmədiyi üçün iddia tələbi təmin edilə bilməz.

16. Tərəflər arasında imzalanmış alqı-satqı müqaviləsinə və üzləşmə aktına gəldikdə isə məhkəmə qeyd etmişdir ki, birincisi, üzləşmə aktında 267069 ABŞ dollarlıq borcun mallara görə mövcudluğu əks olunsa da, hansı satılmış mallara (adı, çəkisi, qiyməti və s.) görə yaranması müəyyən edilmir (nə müqavilədən, nə aktdan), nə də ki aktda həmin borcun 2017-2019-cü illər ərzində satılmış mallara görə yaranması öz əksini tapmır. İkincisi, iddiaçının nümayəndəsi özü etiraf edir ki, 2020-ci il tarixli müqavilə və üzləşmə aktı imzalandıqdan sonra hər hansı mal cavabdehə satılmamışdır.

17. Cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizə ilə bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçının cavabdehə satmadığı/təhvil vermədiyi mallara görə borc məbləğinin tələb edilməsi üçün hər hansı əsası mövcud deyildir. Hətta zənn edilsə belə iddiaçı tərəfindən 2017-2019-cu illər ərzində cavabdehə mallar satılmış, yenə də iddia ərizəsi təmin edilə bilməz, belə ki, iddiaçı tərəfin izahatına əsasən borc məbləği üzrə sonuncu verilən mal 2019-cu ilə təsadüf edir (2020-ci ildə hər hansı malın cavabdehə satılmaması/təhvil verilməməsi işin mübahisəsiz halıdır), iddia ərizəsi ilə isə ilk öncə Şirvan Kommersiya Məhkəməsinə 2024-cü il # ######## tarixində müraciət edilmişdir (iddia müddəti ən geci dekabr 2022-ci il tarixində bitmişdir).

18. Beləliklə, məhkəmə araşdırılması zamanı malların 2017-2019-cu illər ərzində cavabdehə satılması öz təsdiqini tapmış olsa idi belə, iddiaçı, MM-in 373.2-ci maddəsində nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürməklə iddia qaldırmışdır.

19. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - “MM”) 372.1, 372.2, 373.2, 375.2, 377.1, 377.2, 377.3, 375.2, 378, 380.1, 385.1, 389.1, 390.1, 399.1, 399.2, 425.1, 567, 568.1, 570.1, 570.1.1, 570.1.2, 570.2, 579.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il ## ###### tarixli, “L.İ. Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının ## #### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2007-ci il # #### tarixli Qərarlarına, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin (bundan sonra - “MPM”) 14.1, 14.2, 77.1, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

20. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

b) Apellyasiya instansiya məhkəməsindəki icraat

21. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun məbləğinin iddiaçının özünə aid olunması qət edilmişdir (sədrlik edən-məruzəçi hakim E.Həsənov, hakimlər S.Cəfərov və T.Qocayev).

22. Apellyasiya instansiyası məhkəməsi 2020-ci il ## ####### tarixli müqavilənin başqa əqdi pərdələmək (yalan əqd) üçün bağlanıb-bağlanmaması ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında bağlandığı bildirilən müqavilə alqı-satqı münasibətini rəsmiləşdirmək üçün bağlanmamışdır. Alqı-satqı müqaviləsi satıcının müəyyən əşyanı alıcının mülkiyyətinə verəcəyi, alıcının isə həmin əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini, yəni əşyanın qiymətini satıcıya ödəyəcəyi haqqında razılaşma olduğu halda; qeyd olunan müqavilə üzrə isə cavabdehə hər hansı mal satılmayaraq, 2017, 2018, 2019cu illərdə cavabdehə verilən mallara görə yarandığı irəli sürülən borcun mövcudluğunun etirafı rəsmiləşdirilmişdir.

23. Məhkəmə kollegiyası hesab etmişdir ki, müqaviləni imzalayan şəxslər, əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən başqa bir hüquqi prosedur həyata keçirmiş, mövcud borcun etirafı ilə bağlı razılaşmalarını alqı-satqı müqaviləsi ilə pərdələmişlər, odur ki, 2020-ci il ## ####### tarixli müqaviləni etibarlı alqı-satqı müqaviləsi kimi qəbul etmək mümkün deyildir.

24. İddiaçının iddia tələbinə 2020-ci il ## ####### tarixli müqavilə ilə pərdələnmiş 2020-ci il ## ####### tarixli üzləşmə aktı və həmin üzləşmə aktına * saylı Əlavə kontekstində qiymət verilməlidir; belə ki, sözügedən üzləşmə aktına cavabdehin 2017, 2018, 2019-cu illərdə yaranmış borcunu etiraf etməsinin rəsmiləşdirildiyi sənəd kimi baxılması mümkündür.

25. Digər tərəfdən, 2020-ci il ## ####### tarixli müqaviləni cavabdehin adından həmin MMC ilə əmək müqaviləsinə 2019-cu il ## ### tarixdə xitam verilmiş olan Sabir Fətəliyev imzalamış, onun belə səlahiyyətə sahib olduğu isə müəyyən edilməmişdir.

26. Kollegiyanın qənaətinə görə, artıq cavabdeh ilə əlaqəsi qalmayan keçmiş işçinin imzaladığı, lakin MMC-nin möhürü ilə təsdiqlənmiş sənəd o halda həmin MMC üçün öhdəlik yaradan “şübhədən kənar” mötəbər sübut kimi qiymətləndirilə bilərdi ki, onda əks olunan məlumatlar digər yanaşı sübutlarla öz təsdiqini tapmış olardı.

27. Üzləşmə aktını da Cavabdeh MMC-nin adından həmin MMC ilə əmək müqaviləsinə ## ### 2019-cu il tarixində xitam verilmiş olan X3 imzalamışdır.

28. Hüquqi şəxsin möhürü ilə təsdiq olunmuş sənəddəki imzanın həmin hüquqi şəxsin qanuni və ya müvafiq səlahiyyət verilmiş təmsilçisi tərəfindən icra edilməməsi belə sənədlərin etibarlılığını birmənalı şübhə altına almasa da, kollegiyanın qənaətinə görə işin halları, cavabdehin möhürü ilə təsdiqlənmiş sözügedən üzləşmə aktının həmin MMC üçün öhdəlik yaradan etibarlı sənəd kimi qiymətləndirilməsinə imkan vermir. Belə ki, bir qayda olaraq möhürün saxlanmasına məsul olan şəxs məhz sənədə hüquqi şəxsin adından imza etmək (təmsilçilik) səlahiyyətini həyata keçirən şəxs olur-S.Fətəliyev isə işlədiyi dövrdə belə bu statusa sahib şəxs olmamışdır.

29. Üzləşmə aktında əks olunan məlumatlar cavabdeh tərəfindən bəyənilməyərək 2017, 2018, 2019-cu illərdə alınmış mallara görə yaranmış borcun tam ödənildiyi irəli sürülmüş, üzləşmə aktındakı məlumatların düzgünlüyü başqa heç bir sübutla öz təsdiqini tapmamışdır.

30. Kollegiya onu da qeyd etmişdir ki, yuxarıda şərh olunan qənaət, birinci instansiya məhkəməsinin iddia müddəti ilə bağlı yanaşmasına haqq qazandırır; belə ki, əgər tərəflər arasında 2020-ci il ## ####### tarixdə etibarlı alqı-satqı və ya borcun etirafı müqaviləsi bağlanmamışdırsa, cavabdehə 2019-cu ildə satılmış mala görə ödənişin tələb edilməsinin iddia müddəti ən geci 2022-ci ilin dekabr ayında bitmişdir.

31. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 5.3, 14.2.1, 324.1, 324.2, 324.4, 324.5, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 339.1, 339.2, 340.1, 340.2, 385.1, 386.1, 390.1, 390.2, 398.1, 398.2, 399.1, 404.1, 404.2, 404.3, 404.4, 425.1, 442, 445.2.1, 448.3, 456, 531.1, 531.3, 567, 598.1, 600.1 və 600.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2004-cü il ## ######## tarixli, 2005-ci il # ###### tarixli, 2018-ci il ## #### tarixli, 2021-ci il # ##### tarixli, 2020-ci il ## #### tarixli, 2021-ci il ## ######## tarixli, “2022-ci il ## #### tarixli, 2020-ci il # ###### tarixli Qərarlarına və MPM-in 14.2, 77.1, 88 və 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

32. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri:

33. MM-in 390, 404.1, 531.1-ci maddələri üzrə-məhkəmə ilk növbədə tərəflərin həqiqi iradəsini-yazılı ifadəsinin arxasındakı əsl niyyəti və məqsədini nəzərə almalı, şərtlərin yalnız lüğəti izahı deyil, müqavilənin digər müddəaları ilə müqayisədə mənası da araşdırmalı və ən nəhayət bütövlükdə müqavilə, müqavilənin ayrı-ayrı bəndləri bir-birindən təcrid olunmuş şəkildə yox, sənədin tam məzmunu və məqsədi fonunda qiymətləndirilməlidir.

34. Tərəflər arasında olan münasibətə MM-in 531.1-ci maddəsinin tələbləri tətbiq edilməli idi. Belə ki, tərəflər arasında alqı-satqı münasibəti yaranmış, 2020-ci il ## ####### tarixdə 2017-2019-cu illər ərzində baş vermiş alqı-satqını ümumiləşdirib, bir borc altında birləşdirərək yeni bir müqavilə ilə malın verilməsini, pulun hansı müddətə ödənilməli olduğunu nəzərdə tutmuşlar. Belə ki, həmin maddənin tələbinə görə , novasiya ilə – tərəflər əvvəlki öhdəliyi ləğv edib, onun yerinə yeni öhdəlik yaradır, əvvəlki öhdəlik artıq qüvvədən düşür, yalnız yeni razılaşma qüvvədə qalır. Bəlli olduğu kimi novasiya eyni şəxslər arasında mümkündür, yəni öhdəlikdə iştirak edən borclu və kreditor dəyişmir, sadəcə öhdəliyin predmeti (məsələn, pul əvəzinə mal vermək) və ya icra üsulu (məsələn, nağd pul əvəzinə köçürmə yolu ilə ödəmə) dəyişir. Cavabdeh ilə bağlanmış 2020-ci il ## ####### tarixli müqavilə ilə tərəflər 2017-2019-cu illər ərzində verilmiş mallara dair alqı-satqı müqaviləsi bağlamışlar. Mülki qanunvericilikdə bu müqavilənin şərtlərini qadağan edən hər hansı bir müddəa yoxdur. Onlarda bu hüquqdan istifadə edərək müqaviləni bağlamışlar.

35. MM-in 337.1-ci maddəsi üzrə-həm birinci instansiya, həm də apellyasiya məhkəməsində verdikləri izahatda bildirmişlər ki, 3 il ərzində tərəflər arasında gübrə və pestisidlərin alqı-satqısı həyata keçirilib, müəyyən qədər ödənişlər olub. 2020-ci ildə artıq cavabdeh tərəfdən ödəniş olmadığından borcların alınması məqsədi ilə birlikdə rəsmiləşdirmə işləri aparmağı qərara almışlar. Tərəflərin məqsədi cavabdeh tərəfindən borcun etirafı və bir il ərzində borcu ödəyəcəyinə vəd verməsi, iddiaçı tərəfdən isə borcun alınmasına dair əllərində bir sənədin olması olmuşdur. Tərəflər yeni müavilə ilə keçmiş borcları yeni müqavilədə təcəssüm etdirmişlərr, yəni novasiya həyata keçirmişlər. 3 il ərzində ayrı-ayrı şifahi olaraq bağlanmış borcu bir müqavilə ilə, konkret borc rəqəmi ilə əhatə etmişlər. Prosedur cəhətdən, müqavilənin tərtibi cəhətdən müəyyən qüsurlara yol verilmişdir, amma tərəflərin güddüyü real məqsəd yaranmış borcun qaytarılması ilə bağlı olmuşdur. 2017-2019-cu illər ərzində yaranmış alqı-satqı müqaviləsi novasiya olaraq xitam edilmiş, əvəzində yeni borc yaranmışdır. Müqaviləni imzalayan şəxs S.Fətəliyev uzun müddət Cəmiyyətdə işləmiş və direktor olmasa da faktiki olaraq şirkəti idarə etmişdir. İddiaçıdan mal alan da həmişə o olmuşdur. İddiaçı direktor kimi onu tanımış və ondan borcun ödənilməsi tələb edilmişdir. Cavabehin nümayəndəsi iclas zamanı bildirib ki, 2019cu ildə cavabdeh öz fəaliyyətini dayandırıb. Fəaliyyəti dayandırılan bir şirkətin möhürü işdən çıxan bir əməkdaşına niyə verilib. Yaxud da cavabdehin iddia etdiyi kimi S.Fətəliyev ilə iddiaçının rəhbərliyi qanunsuz gəlir əldə etmək məqsədi ilə bu müqavilə və üzləşmə aktlarını imzalayıblarsa o zaman niyə S.Fətəliyevin cinayət əməli barədə bu günə qədər hüquq-mühafizə orqanlarına müraciət etməmişlər. Mümkündürmü bir keçmiş işçi 400000 manatdan artıq saxta sənəd hazırlayaraq cavabdehə ziyan vurmaq istəyir, amma onlar bu şəxs barədə heç bir tədbir görmək istəmirlər. Birinci instansiya məhkəməsində və apellyasiya məhkəməsində “niyə hüquq-mühafizə orqanlana müraciət etmirsiz” sualına “xxxx” deyə cavab verir. Şirkətin fəaliyyətinin dayandırılmasına və S.Fətəliyevin işdən çıxmasına baxmayaraq yenə də həmin şirkətə rəhbərlik etməsi artıq danılmaz bir faktdır. Baxmayaraq ki, Cəmiyyətdə əmək fəaliyyətinə xitam verilib faktiki olaraq onların mövqeyini ifadə etmişdir. Əks halda möhür onda olmazdı. Əgər qanunsuz gəlir əldə etmək məqsədi güdübsə hüquq-mühafizə orqanlarına şikayət edərdilər.

36. MPM-in 88-ci maddəsi üzrə-məhkəmə kollegiyasının digər bir qərəzi isə iddia müddətinin başlanması anını 2017 və ya 2019-cu illərdən götürməsidir. Məhkəmə kollegiyası təqdim etdikləri aktları və müqavilənin 2020-ci il ## ####### tarixdə imzalanmasını, 2021-ci il # ###### tarixədək borcun ödənilməsi barədə tərəflərin razılaşmasını, məhz 2021-ci il # ###### tarixdən iddiaçının iddia qaldırmaq hüququnun yaranmasını, mediasiya təklifinin 2023-cü il ## ###### tarixdə göndərildiyini, 2023-cü il ## ###### tarixdə tərəflər arasında mediasiya prosesinin keçirilməsini araşdırmamışdır. İddia müddəti malların verildiyi andan hesablanmalı olması qaranlıq qalır. Hər iki instansiya iddia müddətini məhz 2017-2019-cu illərdən götürmüşdür. Axı 2020-ci ilin ## #######ında üzləşdirmə aktına görə 2021-ci ilin ######ın #-ə qədər cavabdeh yaranmış borcu ödəməyi üzərində götürmüşdür.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

37. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Kassasiya baxışının hədləri

38. İş üzrə apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

39. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

Tətbiq edilən hüquq

40. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 324. Əqd anlayışı və onun növləri

324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 324.6. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir.”

“Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. ...”

“Maddə 340. Uydurma və yalan əqdlərin etibarsızlığı

340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.”

“Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. ...” “Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. ...”

“Maddə 390. Müqavilə azadlığı

390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. ...” “Maddə 404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. ...” “Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. ...” “Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.”

“Maddə 531. Öhdəliyə novasiya nəticəsində xitam verilməsi 531.1. Öhdəliyə tərəflər arasında mövcud olmuş ilkin öhdəliyin eyni şəxslər arasında digər predmet və ya icra üsulu (novasiya) nəzərdə tutan başqa öhdəliklə əvəz edilməsi haqqında tərəflərin razılaşması ilə xitam verilir. ...” “Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.”

“Maddə 882. Mövcud borcun etirafı haqqında mücərrəd müqavilə

882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. 882.3. Bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur. 882.4. Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. 882.5. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir.”

41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...”

“Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...”

“Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” ...”

“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”

Kassasiya instansiya məhkəməsinin mövqeyi

42. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə tərəflər arasında 2020-ci il ## ####### tarixli ** nömrəli müqavilə və eyni tarixli üzləşmə aktı imzalanmışdır.

43. İddiaçı hazırki iddiasında həmin müqaviləyə və üzləşmə aktına istinadla, cavabdehə verdiyi malın dəyərini tələb edir.

44. Cavabdeh isə iddiaya etiraz edərək həmin müqavilənin və üzləşmə aktının onu imzalamaq səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmasına, müqaviləyə əsasən cavabdehə hər hansı malın verilməməsinə istinad edir.

45. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan müqavilənin hüquqi təbiətinə qiymət verərək göstərmişdir ki, tərəflər arasında 2020-ci il ## ####### tarixli müqavilə alqısatqı münasibətini rəsmiləşdirmək üçün bağlanmamış, müqaviləni imzalayan şəxslər əslində mövcud borcun etirafı ilə bağlı razılaşmalarını alqı-satqı müqavilə ilə pərdələşmişlər.

46. Digər tərəfdən məhkəmə qeyd etmişdir ki, iddiaçının iddia tələbinə 2020-ci il ## ####### tarixli müqavilə ilə pərdələnmiş eyni tarixli üzləşmə aktı və həmin üzləşmə aktına * saylı Əlavə kontekstində qiymət verilməlidir. Həmin sənədləri isə cavabdehin adınadan, həmin MMC ilə əmək müqaviləsinə 2019-cu il ## ### tarixində xitam verilmiş olan Sabir Fətəliyev imzaladığı üçün məhkəmə, iddia tələbinin müvafiq üzləşmə aktına istinadla təmin olunmasını mümkün saymamışdır.

47. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir.

48. Belə ki, apellyasiya instansiyası məhkəməsi iddianın qanuni əsasını mövcud borcun etirafı haqqında müqavilə təşkil etməsi, tərəflər arasında bağlanmış 2020-ci il ## ####### tarixli müqavilənin məhz 2017-2019-cu illər ərzində verildiyi iddia olunan mallara görə yaranmış borcun etirafı məqsədilə bağlanması qənətinə gəlsə də, MM-in həmin münasibətləri tənzimləyən 882-ci maddəsinin dispozisiya şərtlərinin mövcud olubolmaması ilə bağlı hüquqi dəyərləndirmə aparmamış, ziddiyyətli nəticəyə gəlmişdir.

49. Nəzərə alınmalıdır ki, borcun etirafı institutu tərəflər arasındakı hər hansı (müqavilədən, yaxud qanundan irəli gələn) öhdəlik üzrə mövcud olan borcun təsdiqlənməsini, əvvəlki hüquq münasibətlərinə istinad edilmədən etiraf olunmuş borcun nəzərə alınmasını təmin edir. Digər mənada, tərəflər borcun etirafına dair sənəd tərtib etməklə əslində özlərinin əvvəlki mübahisəli münasibətlərini bu formada rəsmiləşdirilən yazılı sübutla yeni müstəviyə keçirmiş olurlar (barışıq sazişinə oxşar formada). Bununla da tərəflər əvvəlki qeyri-müəyyən münasibətləri mücərrəd hal kimi qəbul edərək yeni razılaşmanı əsas götürürlər. Məhz buna görə Mülki MM-in 882-ci maddəsindəki mövcud borcun etirafı haqqında razılaşma “mücərrəd” müqavilə adlandırılmışdır. Borc etiraf edildikdən sonra onun əsasında dayanan mübahisəli hallara və ya əslində belə bir öhdəliyin olmamasına istinad edilməsi yolverilməz sayılır. Təsadüfi deyil ki, qanunverici (MM.m.882.2) mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etirazın irəli sürülə bilməyəcəyini nəzərdə tutmuşdur. Borcun etirafına dair əqdə istinad edən kreditor(lar) müqavilədə göstərilən məbləğdə alacaqlarının olduğunu sübut etmək yükündən azad olurlar. Borcunu etiraf edən borclu isə mübahisə halında öz öhdəliyini icra etdiyini sübuta yetirmək vəzifəsi daşıyır. Məlum olduğu kimi öhdəliyini icra edən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verir və öhdəliyin kreditorun xeyrinə lazımınca icrası ona xitam verilməsi üçün əsasdır.

50. Məhkəmə kollegiyası 2020-ci il ## ####### tarixli üzləşmə aktının cavabdeh tərəfdən səlahiyyətli şəxs tərəfindən imzalanmamasına münasibətdə qeyd edilməsini zəruri hesab edir ki, apellyasiya instansiyası məhkəməsi üzləşmə aktının cavabdehin hüquqi şəxsin möhürü ilə təsdiq edilməsi, bu halın cavabdeh tərəfindən mübahisələndirilməməsi, sözügedən üzləşmə aktını cavabdehin adından imzalayan S.Fətəliyevlə əmək müqaviləsinə xitam verilməsinə baxmayaraq, hüquqi şəxsin mühüm rekvizitlərindən biri olan möhürün hansı səbəbdən sonuncuda olması, onun cavabdehlə bağlılığı barədə hüquqi qiymətləndirmə aparmamışdır.

51. Məhkəmə kollegiyası hesab edir ki, hüquqi şəxs üçün müəyyən hüquq və vəzifələr yaradan və həmin hüquqi şəxsə məxsus möhürlə təsdiq edilən sənədin qiymətləndirilməsi zamanı nəzərə alınmalıdır ki, hüquqi şəxs mülki dövriyyənin daha mütəşəkkil subyektidir. Onun işçi işə qəbul etmək, icra və nəzarət orqanları yaratmaq, hüquq münasibətlərinə rəsmi forma verən möhür və rekvizitlərə malik olmaq imkanları var. Reyestrdə qeydə alınması və möhürə malik olması onunla hüquq münasibətinə daxil olan fiziki və ya digər hüquqi şəxsdə ona təqdim edilmiş sənədlərin rəsmi xarakterə malik olması barədə əminlik yaradır. Bu zaman sənədin möhürlə təsdiq edildiyini görən şəxs həmin sənədin mötəbərliyini və səlahiyyətli şəxs tərəfindən imzalandığını güman etməkdə haqlıdır. Çünki bir qayda olaraq möhürün saxlanmasına məsul olan şəxs məhz sənədə hüquqi şəxsin adından imza etmək səlahiyyətinə malik olan şəxs olur.

52. Odur ki, öz möhürü ilə təsdiq edilmiş sənədi mübahisələndirən hüquqi şəxs, sənədin tərtib edildiyi tarixdə möhürün oğurlanması, itirilməsi və ya maddi məsul şəxsin iradəsindən asılı olmayan səbəblərdən üçüncü şəxslərin əlinə keçməsi və istifadə edilməsi barədə halları sübut etməlidir. Baxılan işdə cavabdeh tərəfindən belə sübutların təqdim olunması müəyyən olunmur.

53. Göründüyü kimi işə tam hüquqlu məhkəmə kimi baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə tam, hərtərəfli, obytektiv araşdırma aparılmamış, qətnamə tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olaraq düzgün əsaslandırılmamış, bununla da MPM-nin 88 və 217-ci maddələrinin tələbləri pozulmuşdur.

54. “Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2008-ci il ## #### tarixli qərarı)

55. Beləliklə, məhkəmə kollegiyası bu qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. Yeni apellyasiya baxışında mübahisəli hallar, habelə bu hallar üzrə sübutetmə yükü düzgün müəyyən edilməklə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmalı, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, tərəflərin dəlillərinin hansı səbəbdən qəbul edilib-edilməməsi əsaslandırılmalı, ədalətli məhkəmə araşdırması hüququ təmin olunmaqla mübahisəyə qanunvericiliyə uyğun qaydada yekun hüquqi qiymət verilməlidir

56. Məhkəmə kollegiyası MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq,

qərara aldı:

Kassasiya şikayəti qismən təmin olunsun. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar