Məhkəmə qərarları › İş №2-2(1-8)-264/2026

Ali Məhkəmə Qərar — İş №2-2(1-8)-264/2026

28.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-264/2026 28.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının Iddiaçı “xxxx” ASC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsindən irəli gələn öhdəliklərin icra edilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Qarayev Sənan Məmməd oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı “xxxx” ASC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı “pul tələbinə dair” kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının *- *(***)-****/**** nömrəli 2026-cı il ## ###### tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları

1. “xxxx” ASC (alıcı) ilə Cavabdeh MMC (satıcı) arasında bağlanmış 2021-ci il ## ######## tarixli, D-JTT ***/**** nömrəli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən satıcı e-qaimə fakturalarda göstərilən materialları satmağı, alıcı isə qeyd olunan malları almağı öz öhdəsinə götürür. Həmin müqavilənin: - 3.1-ci bəndinə əsasən satıcı malları ödəniş 100% edildiyi vaxtdan sonra alıcıya malların istehsal edildiyi yerdən təhvil verməyi öhdəsinə götürür. - 5.1-ci bəndinə əsasən müqavilə üzrə satılan malların ümumi qiyməti hesab fakturalar və müqaviləyə əlavələrdə müəyyən olunur. - 5.2-ci bəndinə əsasən müqavilə üzrə müəyyən olunmuş malların qiymətini alıcı satıcıdan malları almazdan əvvəl 100% ödəməlidir. - 9.3-cü bəndinə əsasən müqavilənin müddəti 2021-ci il ## ######## tarixindən 2021-ci il ## ###### tarixədək təyin edilir.

2. 2021-ci il ## ###### tarixli * nömrəli əlavəyə əsasən tərəflər arasında imzalanmış alqı-satqı müqaviləsinin müddəti 2022-ci il ## ###### tarixinə qədər uzadılmışdır.

3. 2023-cü il ## ###### tarixli, * nömrəli üzləşmə aktına əsasən Cavabdeh MMCnin “xxxx” ASC-yə 2023-cü il ## ###### tarixinə olan borcu 80094,92 manat əsas, 14508,7 manat ƏDV borcu təşkil edir. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

4. 2023-cü il ## #### tarixli, * nömrəli üzləşmə aktına əsasən Cavabdeh MMCnin “xxxx” ASC-yə 2023-cü il ## #### tarixinə olan borcu 74883,05 manat əsas, 13570,57 manat ƏDV borcu təşkil edir. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

5. “xxxx” MMC, “xxxx” ASC və “X1” MMC arasında imzalanmış 2022-ci il ## ### tarixli razılaşmaya görə “X1” MMC-nin “xxxx” ASC-yə 214001 manat (ƏDV xaric) borcu vardır. “xxxx” MMC-nin “X1” MMC-yə beton alışına görə 83754 manat (ƏDV daxil), sement alışına görə 67827 manat (ƏDV daxil) borcu vardır. Sement alışı ilə bağlı “X1” MMC tərəfindən göndərilən elektron qaimələr “xxxx” MMC tərəfindən qəbul edilməyib. Eyni zamanda “xxxx” MMC-nin “X1” MMC-nin distribüteri Cavabdeh MMCyə 80000 manat borcu vardır. Danışıqlara əsasən “X1” MMC-nin “xxxx” ASC-yə 100000 manat (ƏDV xaric) ödəniş edəcək, bundan dərhal sonra “xxxx” MMC “X1” MMC-nin distribüteri Cavabdeh MMC-yə olan borcunu tam bağlayacaqdır. Eyni zamanda 67827 manat (ƏDV daxil) məbləğində sement alqı-satqısına görə tərəflər arasında müqavilə bağlanacaq və “xxxx” MMC bu borcla bağlı elektron qaimələri qəbul edəcəkdir. Bu əməliyyatlar bitdikdən sonra “X1” MMC “xxxx” ASC-yə olan qalıq 114001 manat borcunu ödəyəcəkdir. Razılaşmada qeyd edilmişdir ki, bu razılaşma yalnız razılaşmanı imzalayan şəxslər üçün işlərin idarə olunması məqsədilə hüquqi qüvvəyə malikdir.

6. “xxxx” ASC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş pretenziya məktubu ilə borc məbləğinin 3 iş günü ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

Iş üzrə məhkəmə icraatı

a) Birinci instansiya məhkəməsindəki icraat

7. “xxxx” ASC (bundan sonra – “iddiaçı”) 2025-ci il ## ### tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 74883,05 manat əsas, 13570,57 manat ƏDV borcunun Cavabdeh MMC-dən (bundan sonra – “cavabdeh”) tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Iddia tələbi işin yuxarıda sadalanan faktiki hallarına istinadla belə əsaslandırılmışdır ki, cavabdeh əməkdaşlıq etmək üçün iddiaçıdan avans olaraq 100000 manat ödəniş istəmiş, iddiaçı 2022-ci il 11 və 18 avqust tarixlərdə cəmi 97600 əsas, 17659,62 manat ƏDV hesabına ödəniş etmişdir. Cavabdeh bir müddət iddiaçını ehtiyyat hissələri ilə təmin etsə də (12716,95 manat əsas, 2289,05 manat ƏDV), sonradan iflas etdiyini bildirmişdir. Cavabdehə öz biznes fəaliyyətini yaxşılaşdırmaq üçün xeyli zaman şərait yaradılsa da, o nə ehtiyyat hissələrini təchiz edir, nə də aldığı vəsaiti geri qaytarmaq istəyir.

9. Cavabdeh tərəfindən “xxxx” MMC ilə arasında imzalanmış 2017-ci il # ####### tarixli, JTT-CH **/**/** nömrəli alqı-satqı müqaviləsi, alqı-satqı müqaviləsinə * nömrəli əlavə, “xxxx Holdinq” MMC ilə arasında imzalanmış 2021-ci il # ###### tarixli, D-JTT **/**** nömrəli malların satışı üzrə diler hüquqlarının verilməsinə dair müqavilə və həmin müqavilələr əsasında tərtib edilmiş elektron qaimələr əlavə edilmişdir. 10.Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, 2025-ci il ## ####### tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehdən 74883,05 manat əsas borc, 13570,57 manat ƏDV olmaqla, ümumilikdə 88453,62 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması qət olunmuşdur (hakim Z.Axundova).

11. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, müqavilə şərtlərinə əsasən müqavilə üzrə müəyyən olunmuş malların qiymətini alıcı satıcıdan malları almazdan əvvəl ödəmək öhdəliyi götürmüş, həmin öhdəliyini yerinə yetirmiş, satıcı malları ödəniş edildiyi vaxtdan sonra alıcıya təhvil verməyi öhdəsinə götürsə də, həmin öhdəliyini lazımınca yerinə yetirməmişdir.

12. Məhkəmə müqavilə şərtlərini, cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini, qabaqcadan ödəniş məbləğini almış satıcının əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmədiyindən alıcının əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb etmək hüququnun yarandığını nəzərə alaraq hesab etmişdir ki, iddia təmin edilməlidir. Borcun mövcudluğu isə iş materialları ilə öz təsdiqini tapmışdır.

13. Iddiaçı cavabdeh tərəfindən etirazın əsası kimi təqdim olunmuş, yuxarıda qeyd olunan 2022-ci il ## ### tarixli razılaşmaya münasibətdə qeyd etmişdir ki, iddiaçı cavabdehə köçürdüyü vəsaitin cavabdehin istinad etdiyi aktla heç bir əlaqəsi yoxdur. Belə ki, iddiaçı ilə cavabdeh bu aktdan əvvəl də kommersiya əlaqələrində olub, dəfələrlə ondan məhsul alıb. Iddianın istinad edildiyi müqavilə bu aktdan 1 il əvvəl, 2021-ci il ## ######## tarixdə bağlanıb. Ikincisi, aktda da göstərilib ki, cavabdehə borclu olan şirkət “xxxx Holdinq” MMC-dir və borcu da məhz o ödəyəcək. Aktda yazılmayıb ki, “xxxx Holdinq” MMC-nin borcunu “xxxx” ASC ödəyəcək. Əlavə olaraq qeyd edilməlidir ki, cavabdehin istinad etdiyi həmin razılaşmanın “Qeyd” hissəsində razılaşmanın yalnız razılaşmanı imzalayan şəxslər üçün işlərin idarə olunması məqsədilə hüquqi qüvvəyə malik olduğu qeyd edilmişdir və həmin akt hazırkı iddianın rədd edilməsi üçün əsas ola bilməz.

14. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin (bundan sonra – “MM”) 385.1, 386.1, 567, 598.1, 599.1, 599.3, 442, 448.1, 462.1, 467, Mülki Prosessual Məcəllənin (bundan sonra – “MPM”) 107, 119.1, 121.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

15. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, onun ləğv olunması, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim – T.Mahmudova, hakimlər – Z.Şirinov və L.Əliyeva).

17. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razlaşaraq Kollegiya apellyasiya şikayətinin dəlilinə münasibətdə göstərmişdir ki, cavabdeh üzləşmə aktını mübahisələndirməmiş, borcun başqa məqsədlə yarandığını isə mötəbər sübutlarla əsaslandırmamışdır. Bu səbəbdən üzləşmə aktı tərəflər arasındakı alqı-satqı münasibətlərindən irəli gələn borcun etirafı kimi qəbul edilməlidir.

18. Kollegiya cavabdehin “borcun əslində iddiaçı MMC-nin rəhbərinin digər öhdəlikləri ilə bağlı olması” barədə arqumentini əsassız hesab edərək göstərmişdir ki, mübahisəli üzləşmə aktı iki hüquqi şəxs arasında bağlanmışdır. Cavabdehin istinad etdiyi 2022-ci il ## ### tarixli "Razılaşma" isə bu müqavilədən kənar şəxslər (üçüncü tərəflər) arasındakı münasibətləri əks etdirir. Fərqli subyektlər arasındakı münasibətlərin bu işə aidiyyəti yoxdur. Bununla yanaşı, istinad olunan razılaşmada iddiaçının cavabdehə borcunun olmadığı göstərilir və qeyd olunur ki (1.-ci bənd), “Danışıqlara əsasən “X1” “xxxx” ASC-yə 100000 manat ödəniş edəcək, bundan dərhal sonra isə “xxxx Holdinq” MMC “X1” MMC-nin distribyuteri Cavabdeh MMC-yə olan borcunu bağlayacaq”. Işin hallarından isə görünür ki, Cavabdeh MMC-yə köçürülən mübahisəli məbləğ “xxxx Holdinq” MMC deyil, “xxxx” ASC tərəfindən ödənilib. Eyni zamanda, ödəniş hər hansı borcu bağlamaq üçün deyil, məhz məhsul alışı üçün alqısatqı müqaviləsi üzrə ödəniş öhdəliyini reallaşdırmaq üçün həyata keçirilib. Əgər bu borc ödənişi kimi edilmişdirdisə, əvvəla borclu “xxxx Holdinq” MMC tərəfindən həyata keçirilməli, ikincisi, ödəniş məhz borc ödənişi kimi rəsmiləşdirilməli idi.

19. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 13, 52.2, 385.1, 386.1, 425.1, 442, 445.2.1, 567, 598.1, 599.1, 599.3, MPM-in 14.2, 77.1, 88, 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

20. Cavabdeh kassasiya şikayəti verərək, onun ləğv edilməsi və apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

21. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin III hissəsi və MM-in 324.5, 404, 431, 560-cı maddələri üzrə - 2022-ci il ## ### tarixli Razılaşma tərəflər arasında qarşılıqlı öhdəliklərin ödənilməsi və əvəzləşdirilməsini tənzimləyir. Orada həmçinin Nəsib Yusubov (iddiaçının sahibi və rəhbəri) tərəfindən “xxxx” MMCnin cavabdehə olan 80000 manat borcun ödənilməsi də nəzərdə tutulub. Iddiaçı tərəfindən cavabdehə köçürülmüş məbləğ də məhz “xxxx” MMC-nin borcunun ödənilməsi olmuşdur. Cavabdehin Razılaşmanın tərəfi olması tələb olunmur. Razılaşmada qeyd edilmişdir ki, bu razılaşma yalnız razılaşmanı imzalayan şəxslər üçün işlərin idarə olunması məqsədilə hüquqi qüvvəyə malikdir. Yəni onun cavabdeh üçün hüquqi qüvvəyə malik olmasına ehtiyac yoxdur. Əsas odur ki, iddiaçı “xxxx” MMCnin cavabdehə olan borcunu ödəyib. Məhkəmə Mülki Məcəllənin 431-ci maddəsini ümumiyyətlə tətbiq etməmişdir. Halbuki, dəfələrlə bildirmişlər ki, iddiaçının cavabdehə ödənişinin mahiyyəti məhz bu maddə çərçivəsində olub. Iddiaçının iştirakçısı faktiki olaraq ona məxsus olan digər hüquqi şəxs vasitəsilə öhdəliyi könüllü icra edib. Bu əsnada müqavilənin və sənədlərin necə rəsmiləşdirilməsi ikinci dərəcəli məsələdir. Iddiaçının sahibi və rəhbəri onun üçün hüquqi qüvvəsi olan Razılaşmanı imzalamış və sahibi rəhbəri (Nəsib Yusubov) olduğu digər hüquqi şəxsin borcunu cavabdehə iddiaçı vasitəsilə ödəmişdir. Bundan sonra iddiaçı təxmini 3 il ərzində cavabdehdən nə mal, nə də vəsaitin geri qaytarılmasını tələb etmişdir.

22. MPM-in 14.2, 77.1, 88, 217.4-cü maddələri üzrə - tərəflərindən müvafiq sübutlar, o cümlədən Razılaşma təqdim edilsə də, məhkəmə bu sübuta adekvat qiymət verməmişdir. Halbuki, iddiaçı həmin Razılaşmanın həqiqi olduğunu etiraf etsə də, onun bağlanması və icrasına dair heç bir ağlabatan mövqe ortaya qoymamışdır.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Iddiaçı tərəfdən verilmiş kassasiya şikayətinə etirazda göstərilmişdir ki, 2022ci il ## ### tarixli "Razılaşma" “X1” MMC ilə iddiaçı arasında bağlanıb, MM-nin 431-ci maddəsinin mənasına görə, "öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər". Indiki halda, 3-cü şəxs (vəkil Ə.H.-nın iddia etdiyi kimi) “xxxx” MMC iddiaçının borcunu yalnız “X1” MMC-yə ödəyə bilərdi, həmin Razılaşmada tərəf olmayan indiki cavabdehə yox. “X1” MMC ilə cavabdeh ayrı-ayrı hüquqi şəxslərdir və iddiaçının cavabdehə heç bir borcu olmayıb və “xxxx” MMC-nin “X1” MMC-yə olan borcunun cavabdehə heç bir aidiyyatı ola bilməz. Müqavilə üzrə öhdəliyin icrasının tələb edilməsi, "vəzifələrin pozulması" və "əvvəlki rəftara zidd hüquq" hesab edilə bilməz. Cavabdeh kassasiya şikayətində Mülki Məcəllənin və Mülki Prosessual Məcəllənin müxtəlif normalarının pozulmasını iddia etsə də, həmin normaların necə pozulmasına dair sübut və dəlillər göstərməmiş, maddələrin məzmununu yazmaqla kifayətlənmişdir.

Kassasiya baxışının hədləri

24. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

25. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

Tətbiq edilən hüquq

26. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.”

“Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. ...”

“Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

“Maddə 445. Borclunun icranı gecikdirməsi ... 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; ...”

“Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

“Maddə 598. Alınmış əşyanın ödənilməsi 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. …”

“Maddə 599. Alınan əşyaların qabaqcadan ödənilməsi 599.1. Alqı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. ... 599.3. Qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. ...”

27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...”

“Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”

“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri

416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”

Kassasiya instansiya məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi).

29. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarı).

30. Işin faktiki hallarını araşdıran aşağı instansiya məhkəmələri tərəfindən iddiaçı tərəfindən cavabdehə qabaqcadan ödəniş olunması mübahisəsiz olaraq müəyyən edilmişdir.

31. Cavabdeh 2022-ci il ## ### tarixli "Razılaşma"ya istinad edərək, iddiaçı tərəfindən köçürülmüş məbləğin məhz “xxxx” MMC-nin borcunun ödənilməsi ilə bağlı olmasını bildirir.

32. Kollegiya hesab edir ki, apellyasiya məhkəməsi əsaslı olaraq göstərmişdir ki, cavabdehin istinad etdiyi "Razılaşma" müqavilədən kənar şəxslər (üçüncü tərəflər) arasındakı münasibətləri əks etdirir. Digər tərəfdən mübahisəli ödəniş hər hansı borcu bağlamaq üçün deyil, məhz məhsul alışı üçün alqı-satqı müqaviləsi üzrə ödəniş öhdəliyini reallaşdırmaq üçün həyata keçirilib. Əgər bu borc ödənişi kimi edilmişdirdisə, əvvəla borclu “xxxx Holdinq” MMC tərəfindən həyata keçirilməli, ikincisi, ödəniş məhz borc ödənişi kimi rəsmiləşdirilməli idi.

33. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və onu da bildirir ki, şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir. Kollegiya həmin hüquqi qiymətləndirmə və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.

34. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozuntusuna dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq norması düzgün tətbiq edilmişdir.

35. Kollegiya onu da qeyd edir ki, məhkəmə kollegiyasının hazırkı mövqeyi iddiaçı tərəfdən verilmiş kassasiya şikayətinə qarşı etirazın dəlillərini də əhatə etdiyindən onların əlavə qiymətləndirilməsinə zərurət yoxdur.

36. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

37. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının *-*(***)-****/**** nömrəli 2026-cı il ## ###### tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar