Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-266/2026 22.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının Ərizəçi Azərbaycan Respublikası Ərizəçi maraqlı şəxs Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə QƏRARİ Açar sözlər: Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında (sahibkarlıq fəaliyyəti ilə bağlı olduqda) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, ərizəçi Azərbaycan Respublikası Ərizəçi maraqlı şəxs Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(*-*)-***/**** nömrəli qətnaməsindən ərizəçi tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları
1. Maraqlı şəxs (VÖEN: **********) 2016-cı il # ###### tarixində vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınmışdır.
2. 2025-ci il ## ###### tarixə çap olunmuş şəxsi hesab vərəqəsinə əsasən 2024cü il 7 noyabr tarixində 2023-cü ilin gəlir vergisi üzrə analoji (B) hesablama qaydasında 25 115,20 manat vergi borcu hesablanmış, 2024-cü il ## ###### tarixində cari bəyannamə təqdim edilərək həmin məbləğ azaldılmışdır. 2025-ci il ## #### tarixində dəqiqləşmiş kameral yoxlama bəyannaməsi əsasında 25 105,20 manat vergi borcu hesablanmış, 2025-ci il ## #### tarixdə bu məbləğ ləğv edilmiş, həmin tarixdə yenidən dəqiqləşmiş kameral yoxlama bəyannaməsi ilə 25 115,20 manat vergi borcu və 9 165,46 manat faiz borcu hesablanmışdır.
3. Maraqlı şəxs ərizəçiyə qarşı “qanunsuz inzibati aktın ləğv edilməsi” barədə iddia ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, 2025-ci il 12 mart tarixli “vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması” haqqında qərarın ləğvini xahiş etmişdir.
Iş üzrə məhkəmə icraatı
a) Birinci instansiya məhkəməsindəki icraat
4. Ərizəçi Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsi (bundan sonra-“ərizəçi”) maraqlı şəxs Maraqlı şəxs (bundan sonra-“maraqlı şəxs”) qarşı ərizə ilə məhkəməyə müraciət edərək, maraqlı şəxsin dövlət büdcəsinə olan 34 264,66 manat, Icbari Tibbi Sığorta Fonduna 0,39 manat borcunun ödənilməsini təmin etmək üçün maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir
5. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün ## ####### 2025-ci il tarixinə vergi ödəyicisi olan Maraqlı şəxs Icbari Tibbi Sığorta Fonduna 0,39 manat, dövlət büdcəsinə 34 264,66 manat məbləğində (o cümlədən vergilər üzrə 25 099,2 manat, faizlər üzrə 9 165,46 manat) olmaqla, ümumilikdə 34 265,05 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir.
6. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il # ###### tarixli *-*(***)-****/**** saylı qətnaməsi ilə ərizə təmin edilməmişdir (hakim N.Əhmədova).
7. Məhkəmə gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, maraqlı şəxs ərizəçiyə qarşı ## ###### 2025-ci il tarixində iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, 2025-ci il ## #### tarixli *-**-*-*/*-******/**** nömrəli qərarın (25105,2 manat borcun hesablanması ilə bağlı) ləğv edilməsini xahiş etmişdir. Başqa sözlə, hesablanmış vergi borcu ilə bağlı mübahisə olduğu və hazırda maraqlı şəxsin dövlət büdcəsinə olan borcu ## ###### 2025-ci il tarixindən inzibati məhkəmə icraatı qaydasında mübahisələndirildiyi halda, ərizəçi həmin mübahisə üzrə nəticəni gözləmədən adıçəkilən borc üzrə maraqlı şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılmasını xahiş etmişdir. Odur ki hazırda maraqlı şəxsin vergi borcunun mövcudluğu barədə birmənalı nəticəyə gəlmək mümkün deyildir. Hazırkı icraatda vergi borcunun mübahisələndirilməsi, borcun (borc məbləğinin) əsaslı olub-olmaması məsələlərinin araşdırılmasına yol verilməsə də, nəzərə alınmadır ki, məhkəmə tərəfindən məhdudiyyətin tətbiq edilməsinin əsası qismində məhz vergi borcunun mövcudluğu çıxış edir. Ərizənin əsasında duran borcun mübahisələndirilməsi isə məhdudiyyətin tətbiq edilməsinin qanuni əsasının qiymətləndirilməsi məsələsini ortaya çıxarır.
8. Qeyd olunan kateqoriyadan işlərin xüsusi icraatda baxılması əsası kimi hüquq haqqında mübahisənin olmaması çıxış edir. Lakin vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizəyə baxılması üzrə icraatda tənzimləmənin xüsusiyyəti belə qənaətə gəlməyə əsas verir ki, qeyd olunan işlər üzrə mübahisənin olması prosessual baxımdan ərizənin baxılmamış saxlanılması üçün deyil, rəddi üçün əsas ola bilər. Belə ki, bu icraatın tərəfi olan subyektlər arasında ərizənin əsasında duran borc məbləğləri ilə bağlı mübahisənin həlli mülki icraat qaydasında deyil, inzibati məhkəmə icraat qaydasında mümkün olduğundan, başqa sözlə, ərizə baxılmamış saxlandığı halda, tərəflər arasında borcla bağlı yaranmış mübahisənin mülki icraatda həlli prosessual baxımdan mümkün olmadığından adıçəkilən normanın məzmunu ilə məqsədi arasında hazırkı halda mövcud olan boşluğun həmin normanın şərhi ilə aradan qaldırılması zərurəti yaranır. Belə olan halda , ərizə baxılmamış saxlanılmalı deyil, mahiyyəti üzrə həll edilməlidir.
9. Bundan əlavə, vergi orqanı hazırkı işlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl borcun ödənilməsinin təmin edilməsi üçün görülən tədbirlər, onların – bank hesablarına dair sərəncam verilməsi, öhdəlik yerinə yetirilmədikdə ixtisaslaşdırılmış açıq hərracdan və ya ticarət şəbəkələri vasitəsi ilə satılması məqsədilə vergi ödəyicisinin əmlakının siyahıya alınması, yaxud kifayət qədər belə əmlakların mövcud olmamasına dair rəsmi məlumatlar əldə etməsi və s. nəticə verib-verməməsi ilə bağlı sənədləri ərizəyə əlavə etməmişdir.
10. Qeyd etmək lazımdır ki, Vergi Məcəlləsinin 65-ci maddəsində vergilər üzrə borcların alınması qaydasını nəzərdə tutulmuşdur. Vergi qanunvericiliyində vergi öhdəliyinin təmin edilməsi ilə bağlı vergi orqanlarının səlahiyyətli olduqları məcburiyyət tədbirlərinin seçilməsi zamanı “növbəliliyə” riayət edilməsi barədə hər hansı müddəa nəzərdə tutulmamışdır. Lakin belə müddəanın olmaması ilkin mərhələdə istənilən növ məcburiyyət tədbirinin tətbiq edilməsi imkanı kimi qiymətləndirilməməlidir. Çünki hüquqi dövlətin ali prinsiplərindən biri olan mütənasiblik prinsipinin tələbinə görə, hüquqa müdaxilənin yolverilən hesab edilə bilməsi üçün onun qanuni məqsədə yönəlməsi özözlüyündə kifayət deyildir, bu zaman həm də müxtəlif toqquşan maraqlar arasında ağlabatan və ədalətli tarazlığa da əməl olunmalıdır. Elə Avropa Məhkəməsi də bu qəbildən olan işlərə münasibətdə analoji hüquqi mövqe formalaşdırımışdır.
11. Həmçinin eyni əsaslara görə Avropa Məhkəməsinin, hətta Azərbaycan Respublikasının əleyhinə çıxarılmış qərarı da mövcuddur. Belə ki, “Demokratiya və Insan Hüquqları Resurs Mərkəzi və Mustafayev Azərbaycana qarşı iş” üzrə qərarında göstərilmişdir ki, nə vergi orqanları, nə də ölkədaxili məhkəmələr ərizəçiyə səfər qadağası tətbiq etmədən öncə sözügedən vergi borcunu almağa cəhd etmiş, xüsusilə də tələb edilən vergi borcunun ərizəçilərin bank hesablarında olan puldan tutulmasını və ya ərizəçinin məhkəmə prosesində açıq-aydın tələb etməsinə baxmayaraq, ona məxsus hər hansı digər aktivlərə həbs qoyulmasını düşünmüşlər. Vergi orqanları və yerli məhkəmələr vergi borcunun alınması üçün ölkədən getmək hüququnun məhdudlaşdırılması zərurəti ilə bağlı hər hansı arqument irəli sürməmişlər (Demokratiya və Insan Hüquqları Resurs Mərkəzi və Mustafayev Azərbaycana qarşı № 74288/14 və 64568/16, 2021-ci il ## ####### tarixli qərarı, §§ 93-94).
12. Hazırkı işdə maraqlı şəxs barəsində Avropa Məhkəməsinin formalaşdırdığı hüquqi mövqelərə uyğun görülmüş ilkin xarakterli tədbirlərin nəticələri barədə iş materiallarında məlumat yoxdur. Belə ki, ilkin tədbirləri effektiv tətbiq etmədən (məsələn, əmlakın siyahıya alınması, siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərraclarda satılması barədə iddia qaldırması və s.), tükətmədən birbaşa hüquqi şəxsin icra orqanın rəhbərinin konstitusion hüququnun məhdudlaşdırılması üçün müraciət etmək anlaşılan deyil, həmin müraciətin gözləntisi qeyri-müəyyəndir. Halbuki ərizədə maraqlı şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılmasının məhz borcun ödənilməsinə yönəlməsi barədə tutarlı dəlillər irəli sürülməli idi.
13. Hazırkı halda-vergi borcunun inzibati məhkəmə icraatı qaydasında mübahisələndirildiyi, vergi orqanı tərəfindən borcun alınması üçün gördüyü digər tədbirlər və onların nəticə verib-verməməsi (ixtisaslaşdırılmış açıq hərracdan və ya ticarət şəbəkələri vasitəsi ilə satılması məqsədilə vergi ödəyicisinin əmlakının siyahıya alınması, yaxud kifayət qədər belə əmlakların mövcud olmamasına dair rəsmi məlumatlar əldə etməsi və s.) barədə məlumat təqdim edilmədiyi nəzərə alındıqda maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti işin halları ilə təsdiqlənmir.
14. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab etmişdir ki, maraqlı şəxsin konstitusion hüququnu məhdudlaşdırmaq Avropa Məhkəməsinin və Konstitusiya Məhkəməsinin yuxarıdakı hüquqi mövqelərində qeyd olunan mütənasiblik meyarına cavab vermir
15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Vegi Məcəlləsinin ( bundan sonra-“VM”) 1,4 16.1.1, 15-3, 24.0.2-1, 77.3 və 78.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin ( bundan sonra-“MPM”) 355-5.1 və 355-7.3cü maddələrinə istinadla əsaslandırmışdır.
16. Ərizəçi tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(*-*)-***/**** nömrəli qətnaməsi ilə ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır ( sədrlik edən-məruzəçi hakim T.Qocayev, hakimlər S.Cəfərov və E.Həsənov).
18. Məhkəmə kollegiyası hesab etmişdir ki, hazırkı işdə maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün əsas yoxdur.
19. Ərizəçinin apellyasi şikayətinin fərdi sahibkarın ölkədən getmək hüququnun məhdudlaşdırılması üçün onun dövlət büdcəsinə ödənilməmiş borcunun olması kifayət edərək, bu halın qanunvericiliyə görə müstəqil əsas olması, vergi borcunun inzibati qaydada mübahisələndirilməsi onun mövcudluğunu aradan qaldırmaması ilə bağlı apellyasiya şikayətinin dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası göstərmişdir ki, VM-in 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini qanunla müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, vergi orqanı hesablanmış vergilər üzrə borcların və faizlərin ödənilməsini təmin etmək məqsədilə fiziki şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Lakin belə məhdudiyyət şəxsin konstitusion hüququna müdaxilə olmaqla yalnız qanunla nəzərdə tutulmuş hallarda və konkret işin hallarından irəli gələn zərurət mövcud olduqda tətbiq edilə bilər. Buna görə də məhkəmə belə tədbirin tətbiqi üçün hüquqi və faktiki əsasların mövcudluğunu qiymətləndirməlidir.
20. Iş materiallarına əsasən, vergi borcu vergi ödəyicisinin təqdim etdiyi bəyannamə əsasında deyil, vergi orqanı tərəfindən aparılmış yoxlama nəticəsində qəbul edilmiş inzibati akt əsasında hesablanmışdır. Həmin aktın qanunauyğunluğu isə vergi ödəyicisi tərəfindən məhkəmə qaydasında mübahisələndirilmiş və bu barədə iş Bakı Inzibati Məhkəməsinin icraatındadır. Inzibati aktın məhkəmə qaydasında mübahisələndirilməsi həmin aktın qüvvəsini öz-özlüyündə aradan qaldırmasa da, belə halda borcun yaranmasının hüquqi əsasının məhkəmə tərəfindən yoxlanılması prosesi davam edir. Bu səbəbdən şəxsin konstitusion hüquqlarının məhdudlaşdırılması barədə məsələ həll edilərkən məhkəmə mövcud vəziyyətin bütün halları, o cümlədən mübahisənin mahiyyəti və borcun formalaşmasının hüquqi əsasları nəzərə alınmaqla tədbirin zəruriliyini ayrıca qiymətləndirməlidir.
21. Ölkədən getmək hüququnun məhdudlaşdırılması borcun ödənilməsini təmin etməyə yönəlmiş xüsusi tədbir olmaqla yalnız həmin tədbirin tətbiqinin zəruri və əsaslı olduğunu göstərən hallar mövcud olduqda tətbiq edilə bilər. Bu baxımdan vergi orqanı tərəfindən borcun tutulması üçün görülmüş digər tədbirlər, vergi ödəyicisinin əmlak vəziyyəti, borcun icrasından yayınma ehtimalını göstərən hallar və ya borcun digər üsullarla tutulmasının mümkün olmaması barədə sübutlar təqdim edilməlidir. Lakin iş materiallarında belə halların mövcudluğunu təsdiq edən sübutlar təqdim edilməmişdir.
22. Apellyasiya şikayətində göstərilən icraatın dayandırılması barədə dəlillərə münasibətdə kollegiya qeyd etmişdir ki, iş üzrə icraatın dayandırılması yalnız digər iş üzrə qəbul ediləcək qərarın hazırkı işə baxılmasını mümkünsüz etdiyi hallarda tətbiq olunur. Hazırkı işdə isə məhkəmə ölkədən getmək hüququnun məhdudlaşdırılması üçün zəruri əsasların mövcud olub-olmamasını mövcud sübutlar əsasında qiymətləndirir. Birinci instansiya məhkəməsi bu tədbirin tətbiqi üçün yetərli əsasların təqdim edilmədiyi qənaətinə gəlmişdir və məhkəmə kollegiyası həmin nəticə ilə razılaşmışdır.
23. Apellyasiya məhkəməsi gəldiyi nəticəni VM-in 16.1, 23.1.15-3, 24.1, 77.3, 78.1-ci maddələrinə və MPM-nin 14.2, 77.1, 355-5.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
24. Ərizəçi tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və ərizənin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
25. Azərbaycan Respublikasının Konstitusiyasının 73 cü maddəsinin İ hissəsi, VMin 11, 16.1.1, 23.1.15-3, 65, 77.1, 77.3, 78.1-ci maddələri üzrə- Hazırkı iş üzrə fərdi sahibkar barədə tətbiq olunmasını istədiyi məhdudiyyət tədbiri qanuni olmaqla yanaşı, həm də çatmaq istədiyi məqsədə mütənasibdir. Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsi öz mahiyyəti etibarilə maddi-prosessual xarakter daşıyır və tətbiqi üçün iki kafi şərt müəyyən edir: vergi ödəyicisinin qəti müəyyən edilmiş borcunun mövcudluğu; həmin borcun qanunla müəyyən edilmiş müddətdə ödənilməməsi. Qanunverici bu normada məhdudiyyətin tətbiqini vergi orqanının mülahizəsinə və ya məhkəmənin "yayınma ehtimalı" kimi ehtimallarına deyil, obyektiv hüquqi faktın (ödənilməmiş borcun) mövcudluğuna bağlamışdır. Vergi borcuna görə ölkədən getmək hüququnun məhdudlaşdırılması publik-hüquqi məcburi tədbirdir. Burada vergi orqanının sübutetmə yükü borcun məbləği və ödəniş müddətinin keçməsi ilə məhdudlaşır. Məhkəmənin bu normanı mülki-prosessual təminat tədbirləri ilə eyniləşdirməsi hüquqi səhvdir.
26. Hazırda borc faktiki olaraq vergi ödəyicisinin şəxsi hesab vərəqəsində (ŞHV) aktivdir. Inzibati akt ləğv edilənə qədər o, hüquqi qüvvədədir. Məhkəmə gələcəkdə ehtimal olunan nəticəyə (aktın ləğv edilməsi ehtimalına) əsaslanıb qərar verə bilməz; o, mövcud hüquqi vəziyyətə (borcun aktiv olmasına) əsaslanmalıdır.
27. Borc faktı rəsmi dövlət sənədi (yoxlama aktı və bildiriş) ilə sübut olunursa və həmin sənəd qüvvədən düşməyibsə, məhkəmənin "yetərli əsas yoxdur" qənaəti sübutların qiymətləndirilməsi deyil, sübutların inkar edilməsidir. Göründüyü kimi, vergi orqanı konstitusion hüquqların qorunmasının əhəmiyyətini nəzərə alaraq ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etməmişdən öncə, öz təşəbbüsü ilə qanunvericiliklə tələb olunmayan bir çox tədbirləri həyata keçirmişdir.
28. Eyni zamanda, vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən 2021-ci il 22 oktyabr tarixli **************** nömrəli və 2025-ci il ## ###### tarixli **************** nömrəli borcun ödənilməsinə dair bildirişlər göndərilməklə yaranmış borcun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsi tələb edilmişdir.Maraqlı şəxsin aidiyyəti olduğu sahibkarlıq subyekti üzrə mövcud bank hesablarına Vergi Məcəlləsinin 65-ci maddəsində nəzərdə tutulmuş qaydada sərəncamlar göndərilmişdir (şikayətə əlavə olunur). Yaranmış borc məbləğinin ödənilməsi vergi ödəyicisi tərəfindən təmin edilmədiyi üçün bildiriş göndərildikdən sonra 2025-ci il ## ###### tarixində ona ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət edilə biləcəyi barədə SMS göndərilmişdir. Həmçinin maraqlı şəxsin dövlət büdcəsinə olan borcunun 6000 manat hissəsində ödənilməsini təmin etmək üçün siyahıya alınmış əmlakın satılması barədə iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət olunmuş və iş məhkəmənin icraatındadır. Qeyd olunan tədbirlər nəticəsiz qaldığından vergi ödəyicisinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət edilmişdir.
29. MPM-in 217-ci, 254-cü, 355.5.1-ci maddələrinə həmin normaların məzmunu sadalanmaqla istina edilmişdir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Kassassiya şikayətinə qarşı etiraz göndərilməmişdir.
Kassasiya baxışının hədləri
31. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq bütövlükdə yoxlanılacaqdır.
32. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
Tətbiq edilən hüquq
33. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında nəzərdə tutulur: “Maddə 28. Azadlıq hüququ ... III. Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. ...” “Maddə 71. Insan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı ... II. Insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. ...” “Maddə 73. Vergilər və başqa dövlət ödənişləri I.Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. .....”
34. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasinin Konstitusiya Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 3. Qanun əsasında insan hüquqlarının və azadlıqlarının məhdudlaşdırılmasına dair tələblər ... 3.6. Azərbaycan Respublikasının Konstitusiyasında göstərilən digər əsaslarla yanaşı, Konstitusiyanın 28-ci maddəsinin III hissəsində, 32-ci, 33-cü, 49-cu, 50-ci, 51-ci, 58-ci maddələrində göstərilən hüquqlar və azadlıqlar və 47-ci maddəsində göstərilən söz azadlığı dövlət təhlükəsizliyi mənafeləri üçün, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün, cinayətin qarşısının alınması məqsədi ilə; Konstitusiyanın 32-ci, 33-cü, 49-cu, 50-ci və 58-ci maddələrində göstərilən hüquqlar və azadlıqlar və 47-ci maddəsində göstərilən söz azadlığı həmçinin iğtişaşların qarşısının alınması üçün; Konstitusiyanın 28-ci maddəsinin III hissəsində, 49-cu, 50-ci və 58-ci maddələrində göstərilən hüquqlar və azadlıqlar, 47-ci maddəsində göstərilən söz azadlığı və 48-ci maddəsinin II hissəsində göstərilən hər hansı dinə etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ həmçinin ictimai təhlükəsizliyin qorunması üçün; Konstitusiyanın 28-ci maddəsinin III hissəsində, 32-ci və 33-cü maddələrində göstərilən hüquqlar və azadlıqlar və 48-ci maddəsinin II hissəsində göstərilən hər hansı dinə etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ həmçinin ictimai qaydanın təmin edilməsi üçün, Konstitusiyanın 32-ci və 33-cü maddələrində göstərilən hüquqlar və azadlıqlar həmçinin ölkənin iqtisadi rifahı mənafeləri üçün; Konstitusiyanın 47-ci maddəsində göstərilən söz azadlığı və 50-ci maddəsində göstərilən məlumat azadlığı həmçinin dövlətin ərazi bütövlüyü mənafelərinin təmin edilməsi məqsədi ilə, digər şəxslərin nüfuzu və ya hüquqlarının müdafiəsi üçün, məxfi qaydada əldə edilmiş məlumatın açıqlanmasının qarşısının alınması və ya məhkəmənin nüfuzunun və qərəzsizliyinin təmin edilməsi üçün; Konstitusiyanın 48-ci maddəsinin II hissəsində göstərilən hər hansı dinə etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ sağlamlığın və ya mənəviyyatın və ya digər şəxslərin hüquq və azadlıqlarının qorunması məqsədi ilə məhdudlaşdırıla bilər.”
35. Azərbaycan Respublikasının Vergilər Məcəlləsinin müvafiq müddəalarında nəzərdə tutulur:
“Maddə 16. Vergi ödəyicisinin vəzifələri 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.1. qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək; ...” “Maddə 23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.15-3. vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək; ...” “Maddə 24. Vergi orqanlarının vəzifələri 24.0.2-1.vergi orqanları vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur. ...” “Maddə 65. Vergilər üzrə borcların alınması qaydası 65.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir.
“Maddə 77. Vergi öhdəliyi 77.1. Vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. ... 77.3. Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. ...”
“Maddə 78. Vergi öhdəliklərinin yerinə yetirilməsi 78.1. Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. ...”
36. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 355-5. Ərizənin verilməsi ... 355-5.1. vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. ...”
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1ci maddəsi).
38. Ərizəçinin kassasiya şikayətində qeyd etdiyi dəlillər, apellyasiya şikayətinin əsaslandırılması üçün irəli sürdüyü dəlillərlə eyniyyət təşkil edir.
39. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və qeyd edir ki, şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün qiymət verilmişdir.
40. Kollegiya həmin hüquqi qiymətləndirmə və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, məhkəmə tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, iş üzrə qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
41. MPM-in 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara alır:
Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il ## ###### tarixli 2-2(3-6)-118/2026 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.