Məhkəmə qərarları › İş №2-2(1-8)-271/2026

Ali Məhkəmə Qərardad — İş №2-2(1-8)-271/2026

05.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-2(1-8)-271/2026 05.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı İddiaçı Firmasının cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Kompleks Qazma İşləri” Trestinə qarşı, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Kompleks Qazma İşləri” Trestinin İddiaçı Firmasına qarşı qarşılıqlı iddia tələblərinə dair QƏRARDADİ 2-2(1-8)-271/2026 Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi - müəyyən olunmuş məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilmədikdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Babayev Zəki Baba oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı Firmasının cavabdeh AR DNŞ-nin “Kompleks Qazma İşləri” Trestinə qarşı pul öhdəliyinin icrasının gecikdirilməsinə görə hesablanmış cərimənin, bunun nəticəsində vurulmuş ziyanın əvəzinin və gecikmə faizinin tutulması barədə ilkin, AR DNŞ-nin “Kompleks Qazma İşləri” Trestinin İddiaçı Firmasına qarşı malların çatdırılmasının gecikdirilməsinə görə hesablanmış cərimənin tutulması barədə qarşılıqlı iddia tələblərinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(***)- ****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı Firması tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə baxılarkən aşağıdakılar müəyyən edilmişdir. İş üzrə məhkəmə icraatı

1. İddiaçı Firması (bundan sonra – “iddiaçı”) AR DNŞ-nin “Kompleks Qazma İşləri” Trestinə (bundan sonra – “cavabdeh”) qarşı iddia və daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 751.674,37 manat məbləğində cərimənin, cavabdeh tərəfindən ödənişin gecikdirilməsinə görə 748.006,68 manat məbləğində ziyanın və 976.812,63 manat məbləğində gecikmə faizinin, 2.694,08 manat dövlət rüsumunun yəni cəmi 2.479.187,76 manatın cavabdehdən tutularaq iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. Cavabdeh qarşılıqlı iddia və daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, tələb edilən 751.674,37 manat cərimə məbləğinə əlavə olaraq 400.396,33 manat məbləğində iddiaçı tərəfindən ödənişin gecikdirilməsi nəticəsində yetirilmiş ziyanın (inflyasiya faizinin) və 246.559,72 manat məbləğində gecikmə faizinin, boşdayanma xərci qismində 1.258.800 manatın, 2.118,72 manat dövlət rüsumunun, yəni cəmi 2.659.549,14 manatın iddiaçıdan tutularaq cavabdehin xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

3. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il ## #### tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə ilk iddia tələbinin qismən təmin edilməsi, cavabdehdən 1.299,90 manat dəbbə pulu, 33 manat dövlət rüsumu olmaqla ümumilikdə 1.332,90 manatın tutulub iddiaçıya ödənilməsi, ilkin iddia tələbinin qalan hissədə təmin olunmaması, həmçinin qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət olunmuşdur (hakim – Ü.Həsənova).

4. İddiaçı apellyasiya şikayəti verərək onun ləğv və ilkin iddia tələbinin tam həcmdə təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ilkin iddia tələbi üzrə cavabdehdən 1.299,90 manat dəbbə pulunun və 33 manat dövlət rüsumunun tutulması və 748.006,68 manat zərərin əvəzinin tutulması tələbinin təmin olunmaması ilə bağlı hissələrdə ləğv edilməsi, iddiaçının 751.674,37 manat məbləğində cərimənin cavabdehdən xeyrinə tutulması tələbinin təmin olunması, cavabdehdən 751.674,37 manat tutularaq iddiaçıya ödənilməsi, iddiaçının 748.006,68 manat zərərin əvəzinin tutulması tələbinin təmin olunmaması qət edilmiş, qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılmışdər. (sədrlik edən – Z.Şirinov, hakimlər – L.Əliyeva və T.Mahmudova).

6. İddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin tam şəkildə təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

7. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv, ilkin iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

8. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri

8.1 Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: ... 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda: 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) ... 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə: 100 manat ...”

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonar – “MPM”) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 404-1. Kassasiya şikayətinin mümkünlüyünün yoxlanılması

404-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. 404-1.2. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. …”

"Maddə 407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər ... 407.4. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur.”

"Maddə 408. Kassasiya şikayətinin qaytarılması

408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: ... 408.1.3. kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə; ...”

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

10. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddiaçı tərəfindən verilən kassasiya şikayəti qanunun tələblərinə cavab vermədiyindən, qeyri-mümkün hesab edilməli və icraata qəbul edilməməlidir.

11. Belə ki, işdən göründüyü kimi ilkin iddia tələbinin ümumi məbləği 2.476.493,68 manatdır. MPM-ə və Dövlət rüsumu haqqında qanunun tələblərinə görə (§8-9) kassasiya şikayəti verilərkən qanunla nəzərdə tutulmuş qaydada və məbləğdə dövlət rüsumu ödənilməlidir.

12. Hazırkı halda ilk iddiaçı tərəfindən ilkin iddia tələbinin məbləğinə - 2.476.493,68 manat məbləğə münasibətdə 1.014,12 manat dövlət rüsumu ödəməli olduğu halda, yalnız 826,2 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu isə MPM-in və Dövlət rüsumu haqqında qanunun yuxarıda istinad olunan tələblərinə uyğun deyil.

13. Qeyd olunanlara əsasən kassasiya şikayəti Ali Məhkəmənin icraatına qəbul edilə bilməz. Bu səbəbdən kassasiya şikayətinin Ali Məhkəmənin icraatına qəbulu qeyri-mümkün sayılmalı və şikayət onun geri qaytarılması məsələsinə baxılması üçün işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

14. Bununla belə nəzərə alınmalıdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən ilk iddiaçının kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxıldıqdan sonra iş cavabdehin kassasiya şikayətinə baxılması üçün Ali Məhkəməyə qaytarılmalıdır.

15. Şərh olunanları nəzərə alaraq və MPM-in 402, 408-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı Firması tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar