Məhkəmə qərarları › İş №2-2(1-8)-294/2026

Ali Məhkəmə Qərar — İş №2-2(1-8)-294/2026

21.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-294/2026 21.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının Iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsi üzrə pul tələbi, iddia müddəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı “xxxx” MMC-nin cavabdeh “xxxx” MMC-yə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(*-*)-**/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları 1.“xxxx” MMC ilə “xxxx” MMC arasında bağlanmış 2020-ci il # #### tarixli, ********** nömrəli alqı-satqı müqaviləsinə (bundan sonra-“alqı-satqı müqaviləsi”) əsasən: bu müqavilədə müəyyən edilmiş şərtlər əsasında satın alınan malları “Satıcı” təhvil verməyi, “Alıcı” isə malların dəyərini ödəməyi öhdəsinə götürür. Malların hər vahidinin qiymətinə daşınma xərcləri də daxildir. Həmin müqavilənin: -4.4-cü bəndinə əsasən malın təhvil verilmə tarixi qaimə-fakturada nəzərdə tutulan və imza edilən tarix hesab edilir. -5.4-cü bəndinə əsasən mal əskik təchiz olunduğu və ya keyfiyyətsiz olduğu halda Alıcı tərəfindən Satıcıya irəli sürülən bütün tələblərin əks olunduğu Akt tərtib olunur. -5.8-ci bəndinə əsasən malın təhvil verilməsinin gecikdirilməsi halında və ya Malın təchizatı mümkün olmadıqda Satıcı Alıcıya hər gecikdirilən gün üçün gecikdirilmiş Malın ümumi dəyərinin 0.01%-i miqdarında cərimə ödəməlidir. -10.1-ci bəndinə əsasən Bu Müqavilə imzalandığı andan qüvvəyə minir və 1 (bir) il müddətində qüvvədə qalır, bu şərtlə ki, Müqaviləyə bu Müqavilənin 10.5-ci maddəsinə uyğun olaraq Alıcı tərəfindən vaxtından əvvəl xitam verilməsin. -10.6-cı bəndinə əsasən bu müqavilənin müddətinin bitməsinə 30 (otuz) təqvim günü qalmış ona xitam vermək haqqında hər hansı bir tərəfin yazılı müraciəti olmadıqda bu müqavilənin müddəti növbəti 1 (bir) il müddətinə uzadılmış hesab edilir. 2.“xxxx” MMC-yə məxsus bank hesabından çıxarışdan görünür ki, “xxxx” MMC tərəfindən 2023-cü il ## ##### tarixində ****** saylı qaimə üzrə 300 manat ödəniş həyata keçirilmişdir. Iş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

3. Iddiaçı “xxxx” MMC (bundan sonra –“iddiaçı”) cavabdeh “xxxx” MMC-yə (bundan sonra-“cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 15.873.23 manat məbləğində malların dəyərinin, 1.500 manat dəyərində cərimə məbləğinin, həmçinin 142.12 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.Iddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehdən 15.873.23 manat (ƏDV daxil) məbləğində malların dəyərinin, 1500 AZN dəyərində faiz məbləğinin, həmçinin 142.12 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. 5.Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən ümumi dəyəri 174,056.78 AZN olan müvafiq mallar cavabdehə təhvil verilmişdir. Müqavilə üzrə 158,183.53 AZN məbləğində ödəniş həyata keçirilmiş, lakin həmin tarixdən uzun müddətin keçməsinə baxmayaraq, cavabdeh tərəfindən bu günədək ödənilməli olan 15.873.23 AZN məbləğində qalıq borcun ödənilməsi təmin edilməmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM) 439.3-cü və 449.1-ci maddələrinə əsasən, cavabdeh iddiaçıya 1500 AZN dəyərində cərimə məbləği ödəməlidir. 6.Cavabdehin nümayəndəsi iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddiaçı cavabdehə qarşı qanunvericiliklə müəyyən olunmuş iddia müddətini ötürmüşdür. Tərəflər arasında “alqı-satqı müqaviləsi” 2020-ci il # #### tarixində bağlanmış, habelə iddiaçı tərəfindən iddia ərizəsində ehtiva edilən tələb üzrə dəqiqləşmə aparılmamış, yəni tərəflərindən ödəniş olunmadığı və açıq qaldığı iddia edilən qaimələr təsdiqlənərək məhkəmə sisteminə əlavə olunmamışdır. Bu da onu göstərir ki, iddia üzrə irəli sürülən tələb iddiaçı tərəfindən sübut olunmamışdır. MM-in 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 7.Iddiaçının nümayəndəsinin iddia müddətinin tətbiqi barədə ərizəyə etirazı onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsinin 10.6-cı bəndinə əsasən bu müqavilənin bitməsinə 30 təqvim günü qalmış ona xitam vermək haqqında hər hansı bir tərəfin yazılı müraciəti olmadıqda, müqavilənin müddəti növbəti 1 il müddətinə uzadılmış hesab edilir. Həmin bəndə əsasən bildirir ki, tərəflər arasında 2020-2022-ci illər ərzində ********** nömrəli alqı-satqı müqaviləsi qüvvədə olmuş, həmin müddət ərzində tərəflər arasında alqı-satqı münasibətləri mövcud olmaqla bu münasibətlər davamlı xarakter daşımışdır. Müqavilənin qüvvədə olduğu 2020-2022-ci illər ərzində hər hansı hərəkətlə iddia müddətinin hesablanması əsassızdır. Alqı-satqı münasibətləri üzrə cavabdeh tərəfindən bank hesabları vasitəsi ilə iddiaçının bank hesabına müvafiq məbləğlərdə pul vəsaitləri ödənilmiş və bu ödənişlərin olmasını təsdiq edən müvafiq maliyyə-mühasibatlıq və bank sənədləri məhkəməyə təqdim olunmuşdur. Həmçinin cavabdeh tərəfindən hazıradək keçirilmiş məhkəmə iclaslarında iddiaçı arasında alqı-satqı münasibətlərinin olmasını və həmin alqı-satqı münasibətləri üzrə cavabdeh tərəfin iddiaçı tərəfin hesabına pul vəsaitlərinin ödənilməsi mübahisələndirilməmişdir. Əksinə məhkəmə hazırlıq iclası zamanı cavabdeh tərəf iddia tələbi üzrə borc məbləğini qəbul etdiyini bildirməklə borcu etiraf etmişdir. Iddiaçı tərəfindən sonuncu dəfə 2022-ci il ## ### tarixdə cavabdeh tərəfə elektron qaimə göndərilməklə mallar təhvil verilmiş və bu elektron qaimənin göndərilməsi tərəflər arasında alqı-satqı münasibətlərinin həmin tarixədək davam etdiyini sübut edən haldır. Əks halda iddiaçı cavabdehə malları təhvil verməsəydi və tərəflər arasında alqı-satqı münasibətləri mövcud olmasaydı onda cavabdeh “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.3 və 3.4-cü bəndlərinin tələblərinə görə, iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina etməli və ya ən azından, bununla bağlı öz etirazlarını iddiaçıya bildirərdi. Həmçinin cavabdeh tərəfindən alınan mallara görə iddiaçının bank hesabına ödənişlər edilərək borcun etirafı ilə bağlı hərəkətlər edildiyindən, iddia müddətinin tətbiq edilməsi üçün əsaslar mövcud deyildir. Cavabdeh ilə bağlanılmış alqı-satqı müqaviləsi üzrə yaranmış borc öhdəliyinin ödənilməsinə dair iddiaçı tərəfindən məhkəməyə müraciət edilən zaman iddia müddəti ötürülməmişdir. 8.2025-ci il ## #### tarixli məhkəmə hazırlıq iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya münasibət bildirərək qeyd etmişdir ki, iddia tələbini qismən qəbul edirlər. Qarşı tərəflə barışıq sazişinin imzalanması üçün danışıqlar aparılırdı. Hüquqlarını müdafiə etdiyi şirkətin fəaliyyəti artıq iki ildir ki, dayandırılıb və bu borc barədə məlumatları olmayıb. Səlahiyyətli nümayəndələr işləri təhvil verəndə müəyyən texniki səhvlərə yol veriblər və bu məbləği bilməyiblər və vaxtında ödəməyiblər. Cavabdeh tərəf bu məsələ ilə bağlı dəfələrlə danışdı və şirkətin rəhbərləri tərəfindən fərqli təkliflər oldu. Cavabdehin rəhbərliyi tərəfindən təklif olundu ki, 50% güzəşt olunsun və onlar bu borcu ödəsin, qarşı tərəf buna razılaşmadı. Hal-hazırda barışıq sazişinin imzalanmasına maneə törədən məsələ ondan ibarətdir ki, toplam 7-8 qaimə üzrə yaranmış borc məbləğidir ki, həmin qaimələrin 6- 7-si 2021-ci ilə aiddir və 2021-ci ildən qarşı tərəfin tələbetmə hüququ yaranmışdırsa 2024cü ildə artıq tələbetmə hüququnun müddəti iddia müddətinə əsasən bitmişdir. Qarşı tərəflə danışanda bunu bildirib, və qeyd eləyib ki, orda təxminən 3500-4000 manata yaxın olan bir hissədir və təklif etdi ki, həmin hissədə güzəşt olunsun iddia müddətinin ötdüyünü nəzərə alaraq, qalan məbləği isə cavabdeh ödəsin. Bu gün cavab verilib ki, buna razı deyillər, o formada güzəşt edə bilərlər ki, tam məbləğin hissə-hissə ödənilməsi üçün vaxt verə bilərlər və bir hissəsi barışıq sazişi ilə məhkəməyə müraciət edilsə, barışıq sazişi təsdiq edilənə qədər ödənilsin, qalan hissəsini isə 2 fərqli hissələrə bölünməklə sonradan ödənilsin. Cavabdehin rəhbərliyi buna razı olmadığını bildirdi. 9.Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2025-ci il # ####### tarixli, */**** saylı ekspert rəyinə əsasən rəyin tədqiqi hissəsində göstərildiyi kimi, təqdim edilən sənədlərə (elektron qaimələr, hesabdan çıxarış məlumatları və.s) əsasən cavabdehin iddiaçıya olan borcu 15.873,25 (ƏDV-li) manat məbləğində müəyyən edilmiş. O cümlədən, 174.056,78 manat (elektron qaiməyə əsasən təqdim edilən mallar) - 158.183,53 (aparılmış ödənişlər), iş materiallarında olan ödəniş sənədlərinə əsasən (hesabdan çıxarış məlumatları) alqı-satqı müqaviləsi üzrə cavabdeh tərəfindən alınmış mallara görə iddiaçıya edilmiş sonuncu ödəniş 2023-cü il ## ##### tarixində 300 manat məbləğində olmuşdur. Məhkəmənin ekspertiza təyini haqqında qərardadında ekspert qarşısında “qalıq borc məbləği hansı e-qaimələr (tarixli və nömrəsi) üzrədir” suala qoyulmuşdur. Bununla bağlı qeyd edilir ki, alqı-satqı müqaviləsi üzrə müəyyən edilmiş borc məbləği iş materiallarında öz əksini tapmış iddiaçı tərəfindən təqdim edilmiş elektron qaiməfakturalar (cild 1, vərəq 21-65 və cild 2, vərəq 195-208) üzrədir və həmin elektron qaiməfakturalarda tarixlər və nömrələr qeyd edilmişdir.

10. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il ## ###### tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir (hakim G.Namazova).

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibəti yaranmışdır. Iddiaçı müqaviləyə əsasən öhdəliklərini icra edərək malları cavabdehə təhvil versə də, cavabdehin iddiaçıya ödənilməmiş borcu yaranmışdır. Cavabdeh tərəf məhkəmə hazırlıq iclasında iştirak edən zaman malların təhvil verilməsini mübahisələndirməmiş, sadəcə bəzi qaimələr üzrə iddia müddətinin ötdüyünü bildirmişdir.

12. Göndərilmiş e-qaimələr və aparılmış ödənişlər nəzərə alınmaqla qalıq borc məbləğinin nə qədər təşkil etməsinin müəyyən edilməsi məqsədi ilə iş üzrə ekspertiza təyin edilmiş, ekspert rəyinə əsasən cavabdehin iddiaçıya olan borcu 15.873,25 (ƏDV-li) manat məbləğində müəyyən edilmiş, o cümlədən, 174.056,78 manat (elektron qaiməyə əsasən təqdim edilən mallar) - 158.183,53 (aparılmış ödənişlər) müəyyən edilmişdir.

13. Məhkəmə cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizəni əsassız hesab edərək rədd edilməsi barədə qənaətini onunla əsaslandırmışdır ki, birincisi cavabdeh həmin ərizəsini formal tərtib edərək, dəqiq olaraq hansı e-qaimələr üzrə iddia müddətinin keçdiyini əsaslandıra bilməmiş, digər tərəfdən ekspert rəyindən də görünür ki, tərəflər arasında bağlanmış müqavilə üzrə cavabdehin sonuncu ödənişi 2023-cü il ## ##### tarixində 300 manat məbləğində olmuşdur. Həmin tarixdən isə 3 illik iddia müddəti keçməmişdir.

14. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla - müqavilə, e-qaimələr, ödəniş sənədləri və ekspert rəyi ilə təsdiqini tapdığı üçün, iddia tələbinin 15.873,25 manat borca dair hissədə təmin olunması üçün əsaslar mövcuddur.

15. Borcun ödənişinin gecikdirilməsinə görə 1500 manat faiz borcunun tutulması tələbinə münasibətdə məhkəmə qeyd etmişdir ki, borcun ödənişinin gecikdirilməsi iş materialları və cavabdehin nümayəndəsinin izahatı ilə təsdiqini tapdığı üçün, illik 5% ilə hesablanmaqla faiz borcunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbində iddiaçı haqlı olmuşdur.

16. Məhkəmə gəldiyi nəticəni MM-in 373.2, 377.2, 380.1, 380.2, 443.1, 445.7, 567, 568.1, 579.1, 600.1, 600.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1, 218.3-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 2009-cu il # #### tarixli Qərarına istinadla əsaslandırmışdır.

17. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(*-*)-**/**** nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilmişdir (sədrlik edən-məruzəçi hakim T.Mahmudova, hakimlər L.Əliyeva və Z.Şirinov).

19. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, cavabdeh iddiaçı tərəfindən malların təhvil verilməsinin işin materialları ilə sübut olunmadığını bildirsə də, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə ekspertiza təyin edilmiş və ekspert rəyinə əsasən iddiaçı tərəfindən 174.056,78 manat dəyərində elektron qaimə göndərilmişdir, cavabdeh tərəfindən qaimələr üzrə cəmi 158.183,53 ödəniş edilmişdir. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 4.4-cü bəndinə əsasən malın təhvil verilmə tarixi qaiməfakturada nəzərdə tutulan və imza edilən tarix hesab edilir.

20. Kollegiya qeyd etmişdir ki, işin faktiki hallarından tərəflər arasında bağlanmış alqısatqı müqavilədən müəyyən edilir ki, tərəflər malların təhvil verilməsini təsdiq edilməsini təhvil-təslim aktının tərtib edilməsi ilə şərtləşdirməmişdirlər, halbuki, cavabdeh, təhvil-təslim aktının tərtib edilib təsdiq edilməsini müqavilənin mühüm şərti hesab edirdisə, bu xüsusat tərəflər arasında bağlanan müqavilədə öz əksini tapmalı idi.

21. Digər tərəfdən kollegiya qeyd etmişdir ki, cavabdehin nümayəndəsi (qanuni təmsilçisi) apellyasiya şikayətində iddiaçı tərəfindən malların təhvil verilməsini mübahisələndirsə də, işin hallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə müvafiq elektron qaimələr göndərilmiş, həmin qaimələrə cavabdeh tərəfindən hər hansı etiraz verilməmişdir.

22. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs olaraq, mübahisələndirmədiyi elektron-qaimələrin hüquqi nəticələri ilə bağlı risk daşıyır.

23. Kollegiya borcun ödənişinin gecikdirilməsi iş materialları ilə təsdiqini tapdığı üçün, mübahisələndirilən qətnamənin 1500 manat faiz borcunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində də qanuni və əsaslı olması qənaətinə gəlmişdir.

24. Kollegiya iddia müddətinin keçməsi barədə apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Cavabdehlə bağlanmış 2020ci il # #### tarixli müqavilə 1 illik müddətinə bağlanmış və bu müqavilədə nəzərdə tutulmuşdur ki, müqaviləyə xitam vermək barədə tərəflər arasında razılıq olmadığı təqdirdə müqavilənin müddəti yalnız növbəti 1 il üçün uzadılır. Belə ki, bu hesablama ilə müqavilənin müddəti 2022-ci il # #### tarixində bitdiyindən həmin müqavilələr üzrə iddia müddətlərinin axımı həmin tarixlərdən başlanmışdır. Iddia ərizəsi 2025-ci il # ###### tarixində məhkəməyə təqdim edilmiş olduğundan iddiaçı iddia müddətini ötürməmişdir.

25. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 13, 385.1, 386.1, 425.1, 442, 445.2.1, 445.7, 449.1, 567, 598.1, 599.1, 600.4-cü maddələrinə və MPM-in 14.2, 77.1, 88, 217.3-cü maddələrinə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 2004-cü il ## ######## Qərarına istinadla əsaslandırmışdır.

26. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

27. “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il ## #### tarixli ** nömrəli Qərarında dəyişiklik edilməsi barədə # ###### 2021-ci il tarixli, ** nömrəli qərarı və MM-in 404.1-ci maddəsi üzrə - sistemin avtomatik olaraq qaiməni təsdiq etməsi onu şəxsin təsdiq etməsi mənasını vermir. Təhvil-təslim aktının olmamasını isə iddiaçıya münasibətdə məhkəmə o halda bağışlaya bilərdi ki, qaimələr cavabdehin özü tərəfindən təsdiqlənmiş olsun. Əgər cavabdeh elektron qaimələri sistem üzərindən özü təsdiq etsə idi, yəni sistemdə “sistem tərəfindən təsdiqləndi” ifadəsi yerinə “təsdiqləndi” ifadəsi olsa idi, bu gün cavabdehin xidmətin həqiqətdə olub-olmamasını təsdiq etmək üçün akt tələb etmək hüququ olmazdı. Çünki, bu halda xidməti sistem üzərində təsdiqləməklə qəbul etdiyini etiraf etmiş olardı. Tərəflər arasındakı işgüzar münasibətlərə əsasən xidmət göstərildikdən sonra müvafiq xidmətə uyğun qaimə göndərilir və həmin qaimə üzrə ödəniş edilirdi, xidmət təhvil təslim aktıyla rəsmiləşdirilmirdi. Lakin bu o demək deyil ki, xidmətin göstərildiyini təsdiq edən hər hansı sənəd tərtib olunmamalıdır. Məhkəmə sisteminə əlavə edilən qaimələrin siyahısından görünür ki, iddiaçının mübahisələndirdiyi və ödənilmədiyini iddia etdiyi qaimələrin hamısı sistem tərəfindən təsdiqlənib, cavabdeh tərəfindən təsdiq edilməyib. 2023cü il ## ##### tarixdə tərəflərindən edilən ödəniş də məhz açıq qalmış köhnə qaimələrdən biri üzrə olmuşdur. Hal-hazırkı situasiyada nə qaimələrin cavabdeh tərəfindən təsdiq edilməsi, nə də iddiaçının iddia etdiyi qaimələr üzrə xidmətin göstərildiyini təsdiq edən aktların olması təsdiqlənmədiyindən və sübuta yetirilmədiyindən, reallıqda isə bu hərəkətlərin hər hansı birinin (qaimələrin özü tərəfindən təsdiqlənməsi, aktların imzalanması) cavabdeh tərəfindən edilməməsi, üstəlik iddiaçı tərəfindən imzalanmaq üçün akt təqdim edilməməsi göstərir ki, iddiaçının tələbi əsassız olmuş və sübut edilə bilinməmişdir. Sözügedən elektron qaimə fakturalar şirkət tərəfindən deyil, məhz proqram təminatı tərəfindən təsdiq edilmişdir. Həmçinin, təhvil-təslim aktları olmadığından həmin elektron qaimələrin heç bir sübutedici qüvvəsi yoxdur. Eyni zamanda, tərəflər arasında bağlanmış ********** nömrəli müqavilənin 5.2-ci bəndinə əsasən satıcı malı təhvil verilməsi ilə birlikdə hesab-fakturanı və digər zəruri sənədləri alıcıya təqdim etməlidir. Məhkəmə isə qeyd edir ki, cavabdeh təhvil-təslim aktının tərtib edilib təsdiq edilməsini mühüm şərt hesab edirdisə, bu xüsusat tərəflər arasında bağlanan müqavilədə öz əksini tapmalı idi. Bu müqavilənin 5.2-ci maddəsi göstərir ki, tərəflər təhvil təslimin müvafiq qaydada rəsmiləşdirilməsi barədə müqavilədə razılığa gəliblər. Burada “təhvil verilməsi ilə birlikdə hesab-faktura və digər zəruri sənədlər” dedikdə məhz təhvil anının rəsmiləşdirilməsi üçün zəruri olan sənədlərdən, aktdan söhbət gedir. Bu situasiyada müqavilənin 5.2-ci bəndi nəzərə alınmalı idi. Belə ki, heç bir halla bu xidmətlərin həqiqətən icra edildiyini təsdiqləyən heç bir sübut olmadan cavabdehin üzərinə belə öhdəlik qoyula bilməz.

28. MM-in 373.2, 375.2-ci maddələri üzrə-müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Tərəflər arasında müqavilə 2020-ci il # #### tarixdə 1 illik müddətinə bağlanmışdır və bu müqavilədə nəzərdə tutulmuşdur ki, müqaviləyə xitam vermək barədə tərəflər arasında razılıq olmadığı təqdirdə müqavilənin müddəti yalnız növbəti 1 il üçün uzadılır. Belə ki, bu hesablama ilə müqavilənin müddəti 2022-ci il # #### tarixində bitmişdir. Iddiaçı isə 2025-ci il # ###### tarixdə məhkəməyə müraciət etmişdir. Həmçinin ərizədə bu da bildirilmişdir ki, iddiaçının təqdim etdiyi qaimələrdən sonuncuların tarixinə baxılsa müəyyən olunur ki, həmin qaimələrin tarixi üzrə də tələb etmə müddəti keçmişdir. Həmin qaimələr bir-bir məhkəmənin diqqətinə çatdırılmışdır.

29. MPM-in 88, 103.1, 167.1.2, 217, 385.1.1, 385.1.2, 385.1.4-cü maddələri üzrəqaimələrin cavabdeh tərəfindən təsdiqlənməməsi, aktların olmaması məhkəmə tərəfindən nəzərə alınmamışdır. Birinci instansiya məhkəməsində təyin edilmiş ekspertiza nəticəsində ekspert yalnız sistemə yüklənmiş bütün qaimələrin məbləğini toplamış, sonra iddiaçının təqdim etdiyi ödənişləri çıxmışdır. Bu cür ekspertizanın aparılması heç bir halda təsdiq etmir ki, həqiqətən iddiaçı tərəfindən iddia edilən xidmətlər göstərilib və bunu cavabdeh qəbul edib. Habelə, bu situasiyada ekspert rəyi məhkəmənin qərar qəbul etməsi üçün mötəbər hüquqi qüvvəsi olan sənəd kimi qəbul edilməməlidir. Əlavə olaraq ekspert rəyi belə, hansı qaimələrin açıq qaldığını müəyyən etməmişdir, hansı ki, məhkəmənin ekspertiza təyin etməkdə məqsədi bu idi. Əlavə olaraq, hal-hazırkı situasiyada estoppel prinsipinin də pozulması əlamətləri mövcuddur. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır. Lakin məhkəmə tərəfindən bu prinsipin tələbi pozulmuşdur. Iddiaçı tərəfindən zəruri sənədlər təqdim edilməmiş, iddia lazımi qaydada sübut olunmamış, buna baxmayaraq məhkəmə iddiaçının xeyrinə əsassız qərar qəbul etmişdir.

30. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyində bildirir ki, cavabdeh tərəf məhkəmə hazırlıq iclasında iştirak edən zaman malların təhvil verilməsini mübahisələndirməmiş, sadəcə bəzi qaimələr üzrə iddia müddətinin ötdüyünü bildirmişdir. Lakin tərəflərindən 2025-ci il # ### tarixdə məhkəmə sisteminə əlavə edilmiş sənəddə də qeyd olunmuşdur ki, məhkəmə iclası zamanı cavabdehin nümayəndəsinə aktların olubolmaması ilə bağlı sual verilmiş və bu suala cavab olaraq bildirilmişdir ki, qaimələr yalnız məbləği təsdiq edir, belə bir xidmətin, münasibətin olması isə aktlarla təsdiq olunmalıdır. Iddiaçının iddia etdiyi məbləğin həqiqiliyini təsdiqləyə biləcək müvafiq təhvil-təslim aktlarının olub-olmaması ilə bağlı araşdırma aparılmış, lakin təhvil-təslim aktı, yaxud yüklərin anbara təhvil verilməsinə dair hər hansı sənəd müəyyən edilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, cavabdeh ərizəsini formal tərtib edərək dəqiq olaraq hansı e-qaimələr üzrə iddia müddətinin keçdiyini əsaslandıra bilməmişdir. 2025-ci il # ### tarixdə məhkəmə sisteminə əlavə edilmiş sənəddə bu məlumatlar da müvafiq olaraq öz əksini tapmışdır. Lakin məhkəmə heç bir halı araşdırmamışdır, əsassız qərar çıxarmışdır.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Kassasiya baxışının hədləri

32. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq bütövlükdə yoxlanılacaqdır.

33. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

Tətbiq edilən hüquq

34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında nəzərdə tutulmuşdur:

“Maddə 372. Iddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. ...”

“Maddə 373. Iddia müddətləri ... 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. ...”

“Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. ...”

“Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.”

“Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. ...”

“Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. ...”

“Maddə 567. Alqı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.”

“Maddə 598. Alınmış əşyanın ödənilməsi 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. ... 598.3. Əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. ...” “Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi

600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. .. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.”

35. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...”

“Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...”

“Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı

217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. .....”

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi).

37. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarı).

38. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab etmir.

39. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallarına əsasən tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən iddiaçı tərəfindən cəmi dəyəri 174.056,78 manat olan mal cavabdehə təqdim olunmuş, 158.183,53 manat məbləğində ödəniş aparılmış, iddia olunan borc qalmışdır.

40. Cavabdeh kassasiya şikayətində həmin borcun miqdarının müəyyən edildiyi ekspert rəyini ümumi ifadələrlə mübahisələndirsə də, işə mahiyyəti üzrə baxılarkən rəyin mötəbərliyini şübhə altına alan sübutlar təqdim etməmişdir.

41. Kassasiya şikayətinin digər dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyniyyət təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, şikayətdə göstərilən hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verilmişdir. Kollegiya həmin hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşdığından, təkrar qiymətləndirmə aparılmasını zəruri hesab etmir.

42. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

43. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara alır:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2026-cı il ## ###### tarixli *- *(*-*)-**/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar