Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-300/2026 16.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının Iddiaçı “X1 Company” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun (məruzəsi ilə), Qarayev Sənan Məmməd oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Iddiaçı “X1 Company” MMC-nin cavabdeh Cavabdeh qarşı pulun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları
1. Təchizatçı “X1 Company” MMC ilə alıcı Cavabdeh arasında 2023-cü il # ###### tarixli, S***/** saylı “Təchizat” müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, təchizatçı alıcıya spirtli məhsulları satmağı, alıcı isə həmin malları qəbul edib müqavilə ilə razılaşdırılmış qaydada dəyərini təchizatçıya ödəməyi öz öhdəsinə götürmüşdür.
Iş üzrə məhkəmə icraatı
a) Birinci instansiya məhkəməsindəki icraat
2. Iddiaçı “X1 Company” MMC (bundan sonra – “iddiaçı”) cavabdeh Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2023cü il # ###### tarixli, S***/** saylı "Təchizat" müqaviləsi (bundan sonra – “təchizat müqaviləsi”) əsasında 125.107,02 manat əsas, 12.510,7 manat dəbbə pulu və 427,62 manat ödənilən dövlət rüsumu olmaqla cəmi, 138.045,34 manat məbələğində pulun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Iddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış təchizat müqaviləsinin “hesablaşma qaydaları” başlıqlı 4-cü bəndinə əsasən, bu “Müqavilə”nin 2.4-cü bəndinə uyğun olaraq malların satıcı qüvvələr tərəfindən çatdırılması hallarda, təhvil verilmiş malın ödənişi onun satıldığı tarixdən etibarən 30 təqvim günü müddətində satıcının ödəniş hesabına vəsait köçürülməklə, qaimə və (və ya) qaiməfakturalarda göstərilən qiymətlərlə həyata keçirilir. Malların müvafiq partiyasının bir hissəsinin realizasiyası zamanı alıcı satılan malın bir hissəsini bu bənddə müəyyən edilmiş müddətdə ödəməlidir. Lakin istənilən halda, təhvil verilmiş hər bir mal partiyası üçün ümumi ödəniş müddəti hesab-fakturada göstərilən çatdırılma tarixindən 90 təqvim günündən gec olmamalıdır. Malların qablaşdırılması və etiketləşdirilməsi dəyəri bu müqaviləyə əsasən onun dəyərinə daxildir. Satıcının ödəniş hesabına vəsait daxil olduğu andan təhvil verilmiş mallar ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin tələblərinə uyğun nağd ödənişlərin həyata keçirilməsini tənzimləyən qaydalara əsasən, çatdırılmış malların nağd şəkildə ödənişi mümkündür. Lakin həmin müqavilə əsasında baş tutmuş alqı-satqı proseslərini təsdiq edən müştəri sifarişləri və iddia ərizəsinə əlavə edilən elektron-qaimə fakturaları əsasında mallar təchizatçı tərəfindən alıcının mülkiyyətinə verilməsinə baxmayaraq, alıcı elektron qaimələrə əsasən ƏDV daxil olmaqla 125.107,02 manat malın dəyərini, tərəflərin müqavilə üzrə razılaşdırdıqları, eləcə də, alıcının üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq təchizatçıya, yəni iddiaçıya ödəməmişdir. Mübahisələrin həlli ilə bağlı müddəaları nəzərdə tutan 6-cı bəndin tələbinə görə tərəflər arasında bütün mübahisələr Azərbaycan Respublikasının mövcud qanunvericiliyi ilə məhkəma qaydasında həll olunur. Müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı alıcıya pretenziya məktubu gödəndilmiş, lakin borcun ödənilməsi ilə bağlı heç bir tədbir görülməmişdir. Müqaviləyə əsasən, iş/satış hesabatları qaydalarına riayət olunmadıqda “Alıcı” “Satıcı”ya hər gecikən gün üçün 0.3% dəbbə pulu (cərimə) ödəyir. 4.2-ci bəndə əsasən hesabatların vaxtında təqdim edilmədiyi halda “Alıcı” razılaşır ki, “Satıcı” təhvil verilmiş bütün “Mal”lara görə penya hesablayır. Hesabatlar 4.2-ci bənddə göstərilən müddətdə təqdim edilmədikdə, “Alıcı” razılaşır ki, “Satıcı” bütün çatdırılmış “Mal”ın dəyərinə görə cərimələri hesablayır və onu satılmış hesab edir. Cərimənin ödənilməsi “Alıcı”nı bu “Müqavilə” üzrə öhdəliklərin yerinə yetirilməsindən azad etmir.
4. Cavabdeh iddia tələbinə qarşı etirazında bildirmişdir ki, bu məsələ ilə bağlı qarşı tərəfə vaxtında pretenziya və etiraz məktubu təqdim edilmişdir. Şirkətin rəhbərliyi onunla əlaqə saxlayaraq əməkdaşlıq təklif etmiş və bildirmişdir ki, digər spirtli içkilərin satışını dayandırmalı, yalnız həmin şirkətin məhsullarını satmalıdır. Şirkət rəhbərliyi ona ərazi, depozit, yüksək faizli endirim və vitrinlərdə yer almaq üçün əlavə ödənişlər vəd etmişdir. O, şirkətin rəhbərliyinə bildirmişdir ki, spirtli içki satışında ərazidə borclar çoxdur. Rəhbərlik isə cavab vermişdir ki, narahat olmasın, ona 300.000 manat məbləğində girovsuz depozit veriləcək, bu vəsaitlə ərazidə satış fəaliyyəti problemsiz davam edəcəkdir. O, bu təklifi qəbul etmiş və digər şirkətlərin mallarını geri qaytarmışdır. Daha sonra şirkət “xxxx” MMC ilə əməkdaşlığa başlamış və həmin şirkət cavabdehə məhsul göndərmişdir. Cavabdeh öz vəsaiti hesabına ticarət obyektlərində məhsulların vitrinlərdə sərgilənməsi üçün ödənişlər etmiş, hər ay satış fəaliyyətini həyata keçirmişdir. Lakin şirkətdə tez-tez rəhbərlik dəyişdiyindən, hər yeni rəhbər fərqli göstərişlər vermişdir. Təxminən bir il ərzində cavabdeh məhsul satışı ilə məşğul olmuş, lakin sonradan şirkət nümayəndələri ona bildirmişlər ki, ərazidə həmin məhsullar 35% aşağı qiymətlə satılır. Cavabdeh bu haldan narazı qalmış və məsələ barədə satış müdiri Nizami adlı şəxsə məlumat vermişdir. Müdir cavabında bildirmişdir ki, oxşar hallar bütün ərazilərdə müşahidə olunur və şirkətdə oğurluqlar baş verməkdədir. Ərazi üzrə satış həcmi aşağı düşmüş, alıcılar endirimlərə baxmayaraq mal qəbul etməmiş və ödənişləri 30-35% azaldılmış formada həyata keçirmişlər. Cavabdeh bu barədə dəfələrlə rəhbərliyə məlumat vermiş, lakin ona yalnız “narahat olmasın, endirimlər nəzərə alınacaq” cavabı verilmişdir. Məlum olmuşdur ki, müqavilənin bitməsinə 5 ay qalmış şirkət yenidən “xxxx” MMC ilə müqavilə bağlamışdır. Cavabdeh hər ay 5.000–10.000 manat məbləğində ödəniş etmiş, lakin məhsullar sonradan “xxxx” şirkəti tərəfindən onların qiymətindən 30% aşağı qiymətlə satışa çıxarılmışdır. Bu hal cavabdehin regiondakı satış nüfuzuna zərbə vurmuşdur. Cavabdeh rəhbərliyə müraciət edərək bildirmişdir ki, şirkət müqavilə şərtlərini pozmuşdur, endirimlərin və vitrin ödənişlərinin qarşılanmasını tələb etmişdir. Rəhbərlik cavab vermişdir ki, bu tələblər nəzərə alınacaq. Cavabdeh ümumilikdə 389.271 manat məbləğində mal almış, lakin xəbərdarlıq edilmədən əlavə mal yazılmış, nəticədə verilən mallardan 288.990 manatı geri qaytarmış və 60.000 manat ödəmişdir. Daha sonra cavabdeh barəsində Dövlət Təhlükəsizliyi Xidmətinə şikayət daxil olmuş, bu yolla onu qorxutmağa cəhd edilmişdir. Iş yerində oğurluq halları aşkarlanmış və DTX tərəfindən audit yoxlaması aparılmışdır. Cavabdehə bildirilmişdir ki, əgər borcu olmasa, işinə xitam verilməyəcək. Lakin yoxlama nəticəsində işinə xitam verilmişdir. Audit yoxlaması zamanı müəyyən edilmişdir ki, bir sıra malların qaiməsi yazılmış, lakin faktiki olaraq mallar təhvil verilməmişdir. Qaytardığı 80.000 manatlıq malın qaiməsi də tərtib edilməmişdir. Audit yoxlamasının nəticələrinə əsasən, cavabdehə yeni malın verilməsinin mümkün olmadığı barədə akt tərtib edilmişdir.
5. Şirvan Kommersiya Məhkəməsinin 2025-ci il # ####### tarixli, e-*-*(***)- ****/**** nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin olunaraq, cavabdehdən təchizat müqaviləsi üzrə 35.501,64 manat məbləğində əsas borc, 300 manat məbləğində cərimə borcu və ödənilmiş 197,41 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 35.999,05 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim – Z.Abbasov).
6. Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında, iddiaçının tədarük etdiyi içəcək məhsullarının şərtləşdirilən ərazidə cavabdeh tərəfindən və cavabdehin öz adından satışının təşkil edilməsi, malların üçüncü şəxslərə satışından (realizə edilməsindən) əldə edilən vəsaitin cavabdeh tərəfindən iddiaçıya ödənilməsinə dair razılıq əldə olunmuşdur və həmin razılığı tərəflər təchizat müqaviləsi adlandırdıqları müqavilə ilə rəsmiləşdirmişlər. Bundan başqa tərəflər müqavilədə əlavə olaraq cavabdeh tərəfindən satılan mallar və satılmayan malların qalıqları haqqında məlumatın iddiaçıya verilməsi öhdəliyi, iddiaçının öz təşəbbüsü ilə cavabdeh tərəfindən satılan, həmçinin satılmayan malların qalığının yoxlanılması hüququna malik olması, iddiaçının çatdırılma tarixindən gec olmayaraq cavabdehə yeni “Qiymət cədvəli” təqdim etməklə təchiz olunan malların qiymətini dəyişdirmək hüququna malik olması nəzərdə tutulmuşdur. Iddiaçı qeyd edilən müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra edərək müvafiq olaraq malları cavabdehə təhvil verdiyini, lakin cavabdehin müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etməyərək aldığı (realizı etdiyi) malların dəyərini tam şəkildə ödəmədiyini iddia etmişdir. Cavabdeh isə iddianı qəbul etmədiyini, iddiaçıya borcunun olmadığını bildirmişdir.
7. Həmçinin müəyyən edilmişdir ki, cavabdeh iddiaçıya məxsus məhsulları nisyə qaydada alaraq, müəyyən olunmuş fəaliyyət regionunda şirkətin müəyyənləşdirdiyi qiymətlər əsasında satışının təşkil edilməsini, iddiaçı isə cavabdehi müvafiq mallarla təchiz etməyi öhdələrinə götürmüşlər.
8. Məhkəmə qeyd etmişdir ki, işin müəyyən edilmiş hallarına, tərəflər arasında təşəkkül tapmış münasibətlərin xarakterinə və hüquqi mahiyyətinə görə daha çox alqısatqıya dair münasibətləri ehtiva etdiyi müəyyən olunduğu üçün təchizat müqaviləsi üzrə mübahisə mülki qanunvericiliyin alqı-satqı müqaviləsinə dair normaları tətbiq edilməklə həll edilməlidir. Belə ki, müqavilə şərtlərinə və işin müəyyən edilmiş faktiki hallarına görə, cavabdehin iddiaçıdan təhvil aldığı malları öz mülkiyyətinə qəbul etməyi və sonra həmin malları üçüncü şəxslərə realizə etməyi öhdəsinə götürdüyü müəyyən olunmuşdur. Tərəflər arasında alqı-satqı və kommersiya konsensiyası müqavilələrinin ünsürlərini əhatə edən qarışıq müqavilənin bağlandığı, həmin müqavilənin etibarsızlığına dəlalət edən halların olmadığı, qarışıq müqavilə üzrə cavabdehin mal alışına görə iddiaçıya 2024-cü il # ###### tarixə ümumilkdə cəmi 38.383 manat məbləğində borcunun olduğu işin mübahisəsiz hallarını təşkil etmişdir. Məhkəmə araşdırması zamanı və ondan əvvəl də cavabdeh tərəflər arasında imzalanmış üzləşmə aktını mübahisələndirməmiş, həmin aktın etibarsızlığına dair tələb irəli sürməmişdir. Iddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında adı çəkilən üzləşmə aktında cavabdehin borcunun 128.507,02 manat təşkil etdiyininin qeyd olunduğunu, bununda 77.108,78 manat hissəsinin cavabdehin anbarında olan satılmayan malların dəyəri olduğu, 51.398,24 manat hissəsinin isə realizə edilmiş malların dəyəri olduğu, üzləşmə aktında texniki səhv olaraq yekun borc məbləğinin 51.398,24 manat olaraq göstərildiyini bildirmişdir. 2024-cü il # ###### tarixli üzləşmə aktında cavabdehin yekun borcunun 51.398,24 manat məbləğində olması göstərilməklə yanaşı, həmin akta cavabdeh tərəfindən yazılmış qeyddə cavabdehin borcunun məbləğinin 2024-cü il # ###### tarixə 38.383 manat təşkil etməsi qeyd olunmuş və iddiaçının nümayəndəsi tərəfindən həmin qeyd imzalanaraq təsdiq edilmişdir. Göründüyü kimi, 2024-cü il # ###### tarixli üzləşmə aktında iki müxtəlif borc məbləğləri qeyd edilmişdir. Belə olan halda, üzləşmə aktının tərtib edildiyi 2024-cü il # ###### tarixinə cavabdehin borclu olduğu məbləği sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Iddiaçı tərəfindən cavabdehə sonuncu dəfə 2023-cü il ## ######## tarixində mal göndərilməsinə dair elektron qaimə təqdim olunmuşdur. Bu tarixdən və eləcə də üzləşmə aktının tərtib edildiyi 2024-cü il # ###### tarixindən sonra tərəflər arasında alqı-satqı münasibətləri olmamışdır, yalnız cavabdeh tərəfindən iddiaçının hesabına 2024-cü il ## ###### tarixdə 1.016,95 manat, 2024-cü il # ####### tarixində 1.016,95 və 2024-cü il # ###### tarixində 847,46 manat olmaqla, ümumilikdə cəmi 2.881,36 manat məbləğində ödəniş həyata keçirilmişdir. Beləliklə, mübahisə tərəflərinin hər ikisinin təsdiq etdikləri mübahisəsiz borc məbləği 38.383 manat təşkil etmişdir. Buna görə də, tərəflər arasında imzalanmış 2024-cü il # ###### tarixli üzləşmə aktına edilmiş qeyddə göstərilən borc məbləği (38.383 manat) iş üzrə sübuta yetirilmiş fakt kimi qəbul edilməlidir. Göründüyü kimi cavabdeh 2024-cü il # ###### tarixinə iddiaçıya 38.383 manat məbləğində borcunun olmasını 2024-cü il # ###### tarixli üzləşmə aktı ilə etiraf etmişdir. Cavabdeh borcunu qismən etiraf etdiyinə və onun tərəfindən mübahisələndirilməmiş üzləşmə aktı mövcud olduğuna görə həmin hissədə iddiaçı sübutetmə vəzifəsindən azad olunmuşdur. Beləliklə, üzləşmə aktı ilə müəyyən edilmiş hal, yəni cavabdehin 2024-cü il # ###### tarixinə iddiaçıya 38.383 manat məbləğində borcunun olması işin mübahisəsiz halı kimi qəbul edilməlidir.
9. Işin mübahisəli halını cavabdeh tərəfindən təhvil alınmış malların dəyərinin tam şəkildə ödənilməməsi barədə iddiaçının tələbi və alınmış mallara görə iddiaçıya borcunun olmamasına dair cavabdehin etirazı təşkil etmişdir. Iddiaçı təhvil verilmiş mallara görə cavabdehin ödənilməmiş 128.507,02 manat məbləğində borcunun qalmasını mötəbər dəlillərlə sübut edə bilməmişdir. Həmçinin, işin aşkar edilmiş həqiqi hallarına əsasən mövcud borcun məbləğinin 38.383 manat təşkil etdiyi müəyyən olunduğuna və ödənilməmiş borcunun olmadığını iddia etdiyinə görə bu iddiasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşmüşdür. Lakin, işdə olan sənədlərə əsasən cavabdeh yalnız üzləşmə aktının tərtib edildiyi 2024-cü il # ###### tarixindən sonra iddiaçının hesabına 2024-cü il ## ###### tarixində 1.016,95 manat, 2024-cü il # ####### tarixində 1.016,95 və 2024-cü il # ###### tarixində 847,46 manat olmaqla, ümumilikdə cəmi 2.881,36 manat məbləğində ödəniş etdiyini sübut edə bilmişdir. Bununla da, cavabdehin alınan mallara görə ödənilməmiş borcunun məbləğinin 35.501,64 manat təşkil etməsi öz təsdiqini tapmışdır. Tərəflər arasında bağlanmış müqavilədən yaranan öhdəlik cavabdeh tərəfindən lazımi qaydada icra edilmədiyinə görə həmin müqavilə üzrə borcun cavabdehdən tutulması barədə iddiaçının hazırki tələbi irəli sürməsi üçün subyektiv hüququ yaranmışdır və həmin hüquq cavabdehin qanunsuz hərəkətləri nəticəsində pozulmuşdur.
10. Məhkəmə, iddia tələbini təchizat müqaviləsi üzrə cavabdeh tərəfindən öhdəliklərin pozulması ilə əlaqədar cərimənin tutulması hissəsində qismən əsaslı hesab edərək qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə görə, cavabdeh müqavilə üzrə öhdəliklərin pozuntusuna yol verdiyi təqdirdə iddiaçıya cərimə ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Işin halları ilə cavabdeh tərəfindən öhdəliklərini pozduğu müəyyən edildiyinə görə, onun iddiaçıya cərimə ödəmək öhdəliyi yaranmışdır. Həmçinin tutulacaq məbləğ təmin edilmiş əsas borcun məbləğinə mütənasib olaraq 300 manat həcmində müəyyən edilməlidir.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 404.5, 425.1, 427.3, 442, 445.1, 445.2.1, 462.1, 465.2, 567, 597.1, 598.1, 600, 882.1, 882.2, 882.5-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
12. Iddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi əsas borcun müəyyən olunan 35.501,64 manat məbləği hissədə dəyişdirilmiş və əsas borcun məbləğinin 125.091 manat müəyyən olunması qət edilmişdir (sədrlik edən – Q.Əliyev, hakimlər – T.Kərimov və C.Imanov).
14. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında təchizat müqaviləsinin bağlandığı, həmin müqavilə üzrə 2023-cü il ## ###### tarixindən iddiaçı tərəfindən cavabdehə ümumilikdə 389.491 manat dəyərində mal verilməsi, verilən mallardan 205.000 manat dəyərində malın qaytarılması, alınan mallara görə cavabdeh tərəfindən sonuncu 2024cü il # ###### tarixli qarşılıqlı üzləşmə aktı tərtib olunan tarixədək 560.00 manat, sonradan isə 3.400 manat ödəniş edilməsi, üzləşmə aktı tərtib olunan tarixə cavabdehin anbarında iddiaçıya məxsus 77.108,78 manat dəyərində malın qalması işin mübahisəsiz hallarıdır.
15. Işin mübahisəli halları ondan ibarət olmuşdur ki, cavabdeh 2024-cü il # ###### tarixli qarşılıqlı üzləşmə aktı tərtib olunan tarixədək 56.000 manat deyil, daha çox məbləğdə, yəni 69.000 manat ödəniş etdiyini, anbarında qalan 77.108,78 manat dəyərində malları isə iddiaçıya qaytardığını, iddiaçı isə üzləşmə aktı tərtib olunan tarixədək cavabdeh tərəfindən cəmi 56.000 manat ödəniş edildiyini, anbarda olan malların isə qaytarılmadığını bildirirlər.
16. Cavabdeh iddiaçıdan ümumilikdə 389.491 manat dəyərində mal aldığını etiraf etdiyindən, alınan malların dəyərinin ödənilməsi, yaxud anbarında qalan malların iddiaçıya qaytarılması sübutlarını vermək bütövlükdə cavabdehin üzərinə düşür. Lakin cavabdeh tərəfindən 2024-cü il # ###### tarixli qarşılıqlı üzləşmə aktı tərtib olunan tarixədək 56.000 manat deyil, daha çox məbləğdə, yəni 69.000 manat ödəniş edilməsinə, həmçinin anbarında qalan 77.108,78 manat dəyərində malların iddiaçıya qaytarılmasına dair hər hansı bir sübut verilməmişdir.
17. Belə olan halda isə, mübahisələndirilən hissədə əsas borcun qalıq məbləği aşağıdakı kimi müəyyən olunmuşdur: 389.491 manat verilən ümumi malların dəyəri çıxılsın qaytarılan 205.000 manat dəyərində mal, qalıq 184.491 manat təşkil etmişdir; 184.491 manat dəyərində qalıq maldan ödənilən 56.000 manat çıxıldıqda 128.491 manat dəyəri ödənilməmiş mal qalır (halbuki tərəflərin tərtib etdiyi 2024-cü il # ###### tarixli qarşılıqlı üzləşmə aktında həmin rəqəm 128.507,02 manat müəyyən edilmişdir); 2024-cü il # ###### tarixli qarşılıqlı üzləşmə aktından sonra edilən 3.400 manat ödəniş nəzərə alınsa, cavabdehin iddiaçıdan aldığı mallara görə ödəməli olduğu borc məbləğ 125.091 manat təşkil etmişdir.
18. Iddiaçı cavabdehlə arasında bağlanmış müqavilənin şərtlərindən irəli gələn, öhdəliklərin vaxtında və lazımınca icra edilməməsinə görə hesablanmış dəbbə pulunun tutulmasını məhkəmənin istinad etdiyi qanunvericilik aktı normaları baxımından tələb etməkdə haqlı olmuşdur. Bununla belə məhkəmə hesab etmişdir ki, hər hansı müqavilə, o cümlədən alqı-satqı müqaviləsi münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsulu, öhdəliklərin icra olunmaması halında isə nəzərdə tutulan maliyyə sanksiyasıdır. Buna görə də, cavabdehin həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasına səbəb olan dəbbə məbləğinin tənasübsüz surətdə yüksək olması düzgün deyil. Bu baxımdan kollegiya cərimə məbləğinin azaldılması hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni və əsaslı saymışdır.
19. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 329.2, 329.3, 385.1, 386.1, 427.2, 427.4, 442, 445.2.1, 448.1, 448.2, 460.1, 462.1, 465.2, 467, 567, 597.1, 598.1, 600.1 və 600.4-cü, MPM-in 14.2, 76.1, 77.1, 88, 89.1 və 106.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
20. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
21. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsi və MM-in 600.1-ci üzrə - mallar cavabdehə satış üçün verilmiş, malların bir hissəsi geri qaytarılmış, qalıq mallar mövcud olmuş və iddiaçının mülkiyyətində qalmışdır, tərəflər arasında hesablaşma isə tam və qəti şəkildə aparılmamışdır. Şirvan Kommersiya Məhkəməsi bu halları nəzərə alaraq yalnız 35.501 manat borc müəyyən etmişdir. Apellyasiya instansiya məhkəməsi isə yeni sübut olmadan yalnız mübahisəli üzləşmə aktına əsaslanaraq borcu 125.091 manata qədər artırmışdır. Məhkəmə özü də təsdiq etmişdir ki, ümumi mal dövriyyəsi 389.491 manat, geri qaytarılan malar 205.000 manat, ödənişlər ən azı 56.000 manat, anbarda qalıq 77.108,78 manat. Bu isə göstərir ki, mübahisənin əsas predmeti borcun mövcudluğu yox, düzgün hesablanmasıdır. Müqavilə münasibətlərinin real icrası nəzərə almayaraq apellyasiya instansiya məhkəməsi 2024-cü il # ###### tarixli üzləşmə aktını borcun sübutu kimi qəbul etsə də, onun hüquqi mahiyyətini düzgün müəyyən etməmişdir. Üzləşmə aktı borcun qəti tanınması deyil, mühasibat sənədidir və orada açıq qeyd var “dəqiqləşmə aparılacaq”. Bu sənəd qəti borc öhdəliyi yaratmır, yalnız ara hesablaşmadır.
22. MPM-in 88-ci maddəsi üzrə - qalıq malların hüquqi rejimi ümumiyyətlə nəzərə alınmamışdır. Məhkəmə qeyd etmişdir ki, 77.108,78 manatlıq mal cavabdehin anbarında olub. Lakin bu malların taleyi üzrə hüquqi nəticə çıxarılmayıb. Kommersiya münasibətlərinin demək olar ki, ilk günündən səmimi olmayan və cavabdehi hüquqmühafizə orqanları ilə hədələməsi, DTX izahat alınan zaman hesabat adı altında aldadaraq qalıq malları sənədsiz götürməsi və cavabdehin onlara bu barədə dəfələrlə edilən etirazları nəzərə almayaraq, tez-tez rəhbərliyi dəyişən və əsassız varlanma niyyəti şirkətin mübahisəli üzləşmə aktını qəbul etməsi əsassızdır. Həmin üzləşmə aktı əsas sənəd ola bilməz, orada həmin şirkətin əməkdaşının qeydinin məhkəmə tərəfindən nəzərə alınmaması məhkəmənin sübutlarla yaxşı tanış olmadığını göstərir. Üzləşmə aktında “dəqiqləşdiriləcək” qeydi aparılmış, lakin məhkəmə bu dəqiqləşmənin aparılıb-aparılmadığını araşdırmamış və nəticədə yanlış qərar qəbul etmişdir.
23. MM-in 427.4, 448.1, 600.4-cü maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il # ###### tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaiməfakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 1.2, 1.3 və 2.5.3-cü bəndləri üzrə - müqavilə münasibətlərinin real icrası nəzərə alınmamışdır. Belə ki, mallar satış üçün verilmişdir, satış qiymətləri bazarda 30-35% aşağı düşmüşdür, satış mümkün olmamışdır. Iddiaçının mala 30-35 faiz endirim edəcəyinin deməsi və faktiki olaraq daha sonra işgüzar adət çərçivəsində verdiyi vədə əməl etməməsi kimi vacib fakt məhkəmə tərəfindən araşdırılmamış və ümumiyyətlə görməzdən gəlinmişdir. Mübahisədə daha uzaq baxış bucağından baxıldıqda iddiaçının əvvəlcədən niyyətinin aldatmaq olduğu və verdiyi vədə əməl etməməsi açıq aşkar görünmüşdür. Məhkəmə işi obyektiv araşdırlması və həqiqəti müəyyən etmək üçün iddiaçının bütün bu hərəkətlərini qiymətləndirməli idi. Bu zaman onun anbardan malları apardığ və əsasszı varlanmaq üçün bunu etiraf etmədiyini açıq-aydın görmək olardı.
24. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi və MPM-in 5.1, 14.2, 77.1, 372, 384 və 392.2-ci maddələri üzrə - məhkəmə şikayətinin hər bir dəlilini ayrıca, aydın və əsaslandırılmış hüquqi qiymət verməmişdir. Məhkəmə iş üzrə əhəmiyyət kəsb edən haları və faktları araşdırmamışdır. Üzləşmə aktını faktiki olaraq mütləq sübut kimi qəbul etmişdir. Digər sübutları (cavabdehin izahatı, qaytarma faktı) nəzərə alınmamış və sənədlər arasında ziddiyyət aradan qaldırılmamışdır. Məhkəmə maların faktiki hərəkətini, geri qaytarılma mexanizmini, real satış dövriyyəsini tam araşdırmamış və nəticədə işi natamam araşdırmışdır. Məhkəmə yeni sübut təqdim edilmədən birinci instansiya məhkəməsinin nəticəsini köklü dəyişmişdir. Bu isə apellyasiya instansiyasının səlahiyyət həddinin aşılmasıdır. Apellyasiya üzləşmə aktını “etiraf” kimi qəbul etmişdir. Halbuki etiraf yalnız qəti, şərtsiz və mübahisəsiz olduqda hüquqi nəticə doğurur. Bu halda isə etiraf şərtli və mübahisəlidir, çünki etirafın özündə məsələnin dəqiqləşdiriləcəyi qeyd olunmuşdur.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Iddiaçı kassasiya şikayətinə qarşı etirazında qeyd etmişdir ki, Şirvan Kommersiya Məhkəməsinə digər sübutlarla bərabər təqdim edilmiş 2024-cü il # ###### tarixli "Qarşılıqlı üzləşmə aktı"nda cavabdeh öz imzası ilə həmin tarixə iddiaçıya satdığı mallara görə 51.398,24 manat borcun, anbarda isə 77.108,78 manat dəyərində mal qalığının olmasını təsdiqləmişdir. Sadə hesablama yolu ilə müəyyən etmək olar ki, cavabdehin 2024-cü il # ###### tarixə şirkətə satılmış və anbarda olan mallara görə cəmi 128.507,02 manat borcu var idi. 2024-cü il # ###### tarixindən sonra cavabdeh tərəfindən heç bir mal geri qaytarılmamış, 3.400 manat pul ödənilmiş, bununla da 125.107,02 manat borcu qalmışdır. Bununla bərabər, cavabdeh ilə iddiaçı arasında imzalanmış 2023-cü il # ###### tarixli S***/** saylı müqaviləyə əsasən debitor və kreditor borclarının müəyyən edilməsinin düzgünlüyünün yoxlanılmasına dair qüvvədə olan audit standartlarına uyğun hesabatın tərtib edilməsi və əminliyin formalaşdırılmasına dair rəy verilməsi məqsədilə Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən verilmiş lisenziyalar əsasında fəaliyyət göstərən "xxxx" MMC və "xxxx" MMC tərəfindən hazırlanmış X3 (rəyində) 2025-ci il ## ####### tarixə cavabdehin iddiaçıya kreditor borcunun 125.107,01 manat təşkil etməsi faktı öz əksini tapmışdır.
Kassasiya baxışının hədləri
26. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə tam yoxlanılacaqdır.
Tətbiq edilən hüquq
27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.”
“Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər.”
“Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.”
“Maddə 597. Satılan əşyanın qiyməti 597.1. Alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.”
“Maddə 598. Alınmış əşyanın ödənilməsi 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.”
“Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.”
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.”
“Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.”
“Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.” “Maddə 392. Apellyasiya instansiyası məhkəməsi qətnaməsinin məzmunu 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.”
“Maddə 407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.”
“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1.Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
29.Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir. 30.Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir. 31.Kassasiya şikayətinin dəlilləri isə əsaslı hesab edilə bilməz. 32.Belə ki, məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab etmir və bildirir ki, apellyasiya instansiyası məhkəməsinin qiymətləndirməsi şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə tam cavab verir. Kollegiya həmin hüquqi qiymətləndirmə ilə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür. 33.Kassasiya şikayətinin dəlillərinin işin hallarının tam araşdırılmaması və sübutlara düzgün qiymət verilməməsi ilə əlaqələndirilməsi isə əsassızdır. 34.Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirinə görə kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz. 35.Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarında da qeyd edilmişdir ki, ...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olubolmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunubolunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə 2004-cü il ## ##### tarixli Qərarı). 36.Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının və sübutların araşdırılması və qiymətləndirilməsi ilə bağlı məsələ işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilibverilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır. 37.Apellyasiya instansiyası məhkəməsi də öz səlahiyyətləri daxilində sübutları və işin hallarını qiymətləndirmiş və müəyyən etdiyi hallara əsasən kassasiya şikayətində qeyd edilən maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmişdir. 38.Kassasiya şikayətində qeyd olunan prosessual hüquq normalarının pozulması barədə dəlillər o vaxt əsaslı hesab edilə bilərdi ki, apellyasiya məhkəməsi tərəfindən MPMin 14.1, 217.3, 218.1-ci maddələrinin tələbləri pozularaq işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasın, cavabdehin istinad etdiyi dəlillərə və təqdim edilmiş sübutlara qiymət verilməsin, habelə məhkəmə qətnaməsi əsaslandırılmasın. Lakin hazırkı işdə həmin pozuntulara yol verilməmiş, habelə MPM-in 392.2-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edildiyini qətnamədə göstərmişdir. 39.Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. 40.Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDI:
Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.