Məhkəmə qərarları › İş №2-2(1-8)-310/2026

Ali Məhkəmə Qərar — İş №2-2(1-8)-310/2026

25.05.2026 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-310/2026 25.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının Ərizəçi Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş Idarəsinin xüsusi icraat qaydasında maraqlı şəxs Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsi üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun məruzəsi ilə, hakimlər Şamayev Elşad Yaquboviç və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, Ərizəçi Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş Idarəsinin xüsusi icraat qaydasında maraqlı şəxs Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il ## #### tarixli *-*(***)-***/**** nömrəli qərardadından ərizəçi tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Iş üzrə məhkəmə icraatı

1. Ərizəçi Ərizəçi (bundan sonra – “ərizəçi”) xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 2025-ci il ## #### tarixə hesablanmış dövlət büdcəsinə olan 26.099,19 manat məbləğində vergi borcunun, Dövlət Sosial Müdafiə Fonduna olan 6,56 manat məbləğində borcun və Icbari Tibbi Sığorta Fonduna olan 0,75 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün vergi ödəyicisi - 1975-ci il # #### təvəllüdlü Maraqlı şəxs (bundan sonra – “maraqlı şəxs”) (VÖEN: 2904606192) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Sumqayıt Kommersiya Məhkəməsinin 2025-ci il ## ###### tarixli, e-*-*(***)- ****/**** nömrəli qətnaməsi ilə ərizə təmin edilmişdir (hakim H.Alıyeva).

3. Maraqlı şəxs apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi, icraatın dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

4. Sumqayıt Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli, *-*(***)-***/**** nömrəli qətnaməsi ilə maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Kommersiya Məhkəməsinin 2025-ci il ## ###### tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi, ərizəçinin maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsinin təmin edilməməsi qət edilmişdir (hakimlər İ.Dəmirov (sədrlik edən, məruzəçi), Z.Məmmədov və R.Xəlilov).

5. Ərizəçi kassasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və ərizənin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il ## #### tarixli *-*(***)-***/**** nömrəli qərardadı ilə qətnamədən verilmiş kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.

7. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, prosessual qanunvericiliyə əsasən kassasiya şikayətinə vəkilin orderinin əlavə edilməsi zəruridir. Lakin hazırkı kassasiya şikayəti ilə müəyyən edilir ki, məhkəmə qətnaməsi 2025-ci il ## ###### tarixdə çıxarılsa da, kassasiya şikayəti verilməsi üçün vəkil vəkil1 adına order 2025-ci il ## ###### tarixdə, yəni qətnamə çıxarılmamışdan əvvəl alınmışdır. Bundan əlavə orderdə tapşırığın məzmunu kimi vergi borcu və onunla əlaqədar olan mübahisələr üzrə işə dair qeyd edilsə də, hazırkı məhkəmə mübahisəsi ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədədir. Qeyd edilən hallar orderin hazırkı mübahisə üzrə verilmədiyini və vəkilin hazırkı iş üzrə səlahiyyətlərinin təsdiq olunmadığını göstərir.

8. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 67.1, 407.4, 408.1 və 408.3-cü maddələrinə və Azərbaycan Respublikası Vəkillər X1 2018-ci il ## ######## tarixli qərarı ilə təsdiq olunmuş “Vəkil orderi və ondan istifadə qaydası haqqında” Əsasnamənin 1.5 və 5.1-ci bəndlərinə istinad etməklə əsaslandırmışdır.

9. Ərizəçi kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsi və qətnamədən ərizəçi tərəfindən verilmiş kassasiya şikayətinin mümkün hesab olunaraq işə baxılmasını xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri 10.

11. MPM-in 406, 408-ci maddələri üzrə - məhkəmənin qeyd etdiyi MPM-in 408.1.3cü maddəsi hazırkı işin qaytarılması üçün əsassızdır və formal olaraq qeyd edilmişdir. Çünki sözügedən norma qeyd edir ki, kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə şikayət geri qaytarıla bilər. Lakin inzibati orqanın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı kassasiya şikayətinə müvafiq qaydada vəkil orderi əlavə etmişdir. Eyni zamanda, MPM-in 408-ci maddəsində sadəcə vəkil orderinin əlavə edilməsi vurğulamış, order ilə bağlı digər xüsusi tələb qoyulmamışdır. Bu onu deməyə əsas verir ki, qanunvericiliyin tələblərinə müvafiq olaraq vəkil orderinin əlavə edildiyi halda, kassasiya şikayətinin geri qaytarılması əsassızdır.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Kassasiya baxışının hədləri

13. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qərardadın qanuniliyi və əsaslılığı MPM-in 416-cı maddəsinə uyğun olaraq tam yoxlanılacaqdır.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq maddələrində aşağıdakı müddəalar əks etdirilir:

“Maddə 67. Vəkilin prosesdə məcburi iştirakı 67.1. Kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər.”

“Maddə 407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.4. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur.”

“Maddə 408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.3. kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə; 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır.”

15. Azərbaycan Respublikası Vəkillər X1 ##.##.2018-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Vəkil orderi və ondan istifadə qaydası haqqında” Əsasnamənin müvafiq maddələrində aşağıdakı müddəalar əks etdirilir:

“Maddə 1. Əsas anlayışlar 1.5. Vəkil orderi (bundan sonra - order) – müvəkkil ilə vəkil (vəkil qurumu) arasında bağlanmış müqavilə əsasında vəkilə verilən tapşırıq üzrə yalnız bir istintaq (təhqiqat) orqanında və ya bir məhkəmə instansiyasında təmsilçilik və hüquqi yardımın göstərilməsi, inzibati tapşırıq üzrə isə müqavilədə göstərilən idarə və təşkilatlarda təmsilçilik səlahiyyətlərinin verilməsini təsdiq edən unikal nömrəsi olan sənəddir (* nömrəli Əlavə).”

“Maddə 5. Istifadə edilməmiş və vizual cəhətdən köhnəlmiş order markalarının qaytarılması və onların məhv edilməsi 5.1. Istifadə edilməmiş, vizual cəhətdən köhnəlmiş (bundan sonra qaytarılmalı) order markası Rəyasət Heyətinə geri qaytarılır və “Order markalarının qaytarılması barədə Akt”la (* saylı Əlavə) rəsmiləşdirilir. Akt məsul şəxs və qaytarılmalı order və markalarını qaytaran şəxs tərəfindən imzalanmaqla təsdiq edilir.”

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

16. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməlidir.

17. Belə ki, qanunvericilikdə orderin verilmə tarixinin mübahisələndirilən məhkəmə aktının qəbul edilmə tarixindən sonra olmasına dair hər hansı tələb nəzərdə tutulmayıb və vəkilin müəyyən instansiyada hüquqi yardım göstərməsi barədə tapşırığın əvvəlcədən rəsmiləşdirilməsi prosessual qanunvericiliyin tələblərinə zidd hesab edilə bilməz.

18. Həmçinin orderdə tapşırığın məzmunu kimi “vergi borcu və onunla əlaqədar mübahisələr”in göstərilməsi də hazırkı mübahisə üzrə vəkilin səlahiyyətlərini istisna etmir. Çünki hazırkı xüsusi icraat qaydasında baxılan iş vergi ödəyicisinin vergi borcunun ödənilməsini təmin etmək məqsədilə onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə ilə bağlıdır və vergi borcundan irəli gələn münasibətlə əlaqədardır. 19.Bundan başqa, apellyasiya instansiyası məhkəməsinin “Vəkil orderi və ondan istifadə qaydası haqqında” Əsasnamənin 5.1-ci bəndinə istinad etməsi də əsaslı hesab edilə bilməz. Həmin norma istifadə edilməmiş və vizual cəhətdən köhnəlmiş order markalarının geri qaytarılması və məhv edilməsi prosedurunu tənzimləyir, kassasiya şikayətinə əlavə edilmiş orderin hüquqi qüvvəsinin və ya vəkilin təmsilçilik səlahiyyətlərinin qiymətləndirilməsi ilə bağlı məsələləri əhatə etmir. 20.Kollegiya qeyd edir ki, kassasiya şikayətinin geri qaytarılması prosessual qanunla nəzərdə tutulmuş istisna xarakterli tədbirdir və yalnız qanunda birbaşa müəyyən edilmiş əsaslar mövcud olduqda tətbiq edilə bilər. Məhkəmə qanunda nəzərdə tutulmayan formal mülahizələrə əsaslanaraq şəxsin kassasiya qaydasında məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıra bilməz. 21.Beləliklə, kassasiya şikayətinə MPM-in 407.4-cü maddəsinin tələbinə uyğun olaraq vəkil orderi əlavə edildiyindən, MPM-in 408.1.3-cü maddəsində nəzərdə tutulmuş geri qaytarma əsası mövcud olmamışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən isə həmin normanın tətbiqi düzgün olmamışdır.

22. Qeyd olunanları və MPM-in 418.3-cü maddəsinin tələblərini nəzərə alaraq kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli və iş materialları növbəti prosessual hərəkətlərin yerinə yetirilməsi üçün kassasiya instansiyası məhkəməsinin icraatında saxlanılmalıdır.

23. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Ərizəçi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## #### tarixli *-*(***)-***/**** nömrəli qərardadı ləğv edilsin. Növbəti prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş materialları hazırkı məhkəmənin icraatında saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar