Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-33/2026 01.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının Iddiaçı İddiaçı MMC-nin cavabdeh “xxxx” QSC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Babayev Zəki Baba oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı İddiaçı MMC-nin cavabdeh “xxxx” QSC-yə qarşı “borcun ödənilməsi tələbinə dair” kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının *- *(***)-***/**** nömrəli 2025-ci il # ###### tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları
1. Ekspeditor qismində “xxxx” MMC ilə sifarişçi qismində “xxxx” QSC arasında 2022-ci il # ###### tarixli ****** nömrəli nəqliyyat-eskpedisiya xidmətlərinin satın alınmasına dair müqavilə bağlanmışdır. Həmin müqavilənin: - 1-ci bəndinə (müqavilənin predmeti) əsasən ekspeditor sifarişçinin sifarişinə əsasən müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan Əlavə 1-də qeyd edilən 18 ədəd xxxx-dəmir yolu maşınlarının və əlaqədar ehtiyat hissələrinin sifarişçi tərəfindən müəyyən edilmiş marşrutla daşınması məqsədi ilə nəqliyyat eskpedisiya xidmətlərini müqavilədə nəzərdə tutulan qaydada və qiymətlə sifarişçiyə təqdim etməyi, sifarişçi isə öz növbəsində müqaviləyə müvafiq qaydada təqdim edilən xidmətləri təhvil alıb müqavilədə müəyyən olunan qiymətini ekspeditora ödəməyi öhdəsinə götürür. - 11.1-ci bəndinə əsasən müqavilə üzrə göstərilən xidmətlər müqabilində sifarişçi tərəfindən ekspeditora ödəniləcək ümumi məbləğ bütün vergi və digər xərclər daxil 934.065 manat təşkil edir. Müqavilə üzrə ödəmələr sifarişçi tərəfindən müqavilədə nəzərdə tutulan qaydada və məbləğdə, ekspeditorun təqdim etdiyi sənədlər (qaimələr, aktlar, digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 15 bank günündən gec olmamaq şərti ilə aparılır (1.2-ci bənd). - 16.1-ci bəndinə əsasən müqavilənin icrası müddətində sifarişçi aşkar olunmuş qüsurlar haqqında ekspeditora dərhal bildiriş verməlidir. Bildirişdə qüsurların aradan qaldırılması üçün məsuliyyət müddəti göstərilməlidir.
2. QSC ilə “xxxx” MMC arasında 2022-ci il # ###### tarixli ****** nömrəli nəqliyyateskpedisiya xidmətlərinin satın alınmasına dair müqaviləyə Əlavə 1 ilə xidmətlərin həcmi, spesifikasiyası və qiymətləri müəyyənləşdirilmişdir.
3. Adıçəkilən müqaviləyə Əlavə 1 ilə aşağıda qeyd olunan məbləğlərdə VMT 865 C/GR markalı drezinlərin Italiya Respublikası, Poviglio şəhəri (RE) 42028, Via Romana 99 ünvanından Azərbaycan Respublikası, Bakı şəhəri, Biləcəri qəsəbəsi, M.Hüseyn küçəsi 12 ünvanına çatdırılması (Incoterms 2020:DAP Baku): 437.580 manat olan 10 ədəd, 338.703,75 manat olan 7 ədəd, 43.758.0 manat olan 1 ədəd,53.519,4 manat olan demontaj edilmiş ehtiyat hissələrinin yuxarıda qeyd olunan ünvana çatdırılması (standart çadır ilə), 60.503,85 manat, sığorta dəyəri 24.140.170 Azərbaycan manatı olan malların müqavilənin 13-cü bölməsi üzrə nəzərdə tutulan sığorta xərcləri daxil olmaqla, ümumilikdə 934.065 manat məbləğində xidmətlərin göstərilməsi razılaşdırılmışdır. * nömrəli Əlavənin “Qeyd” hissəsində yükləmə zamanı sərbəst vaxt (lowbed): 8 saat (demuraj - 255,0 AZN / saat), boşalma zamanı sərbəst vaxt (low-bed): 48 saat demuraj - 680,0 (AZN / günlük), yükləmə və boşalma zamanı sərbəst vaxt (standart yük maşını): 48 saat (demuraj - 255,0 AZN təşkil etdiyi qeyd olunur.
Iş üzrə məhkəmə icraatı
a) Birinci instansiya məhkəməsindəki icraat
4. Iddiaçı İddiaçı MMC (bundan sonra-“iddiaçı”) cavabdeh “xxxx” QSC-yə (bundan sonra-“cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaranmış 71.387,42 manat əsas borc, həmçinin öhdəliyinin icra edilməməsi nəticəsində yaranmış 1 illik 5 faiz hesabı ilə 20 ay üçün 5.949 manat gecikmə borcu, dövlət rüsumu və bank xərci olaraq 304,16 manat məbləğində xərcin, ümumilikdə 77.640,58 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. Iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə aralarında bağlanmış ****** nömrəli 2022-ci il # ###### tarixli müqavilə əsasında şirkət cavabdehə bir sıra daşıma xidmətləri göstərmişdir. Həmin müqaviləyə əsasən MMC tərəfindən müvafiq malların – yəni 18 ədəd “xxxx” avadanlığının daşınması həyata keçirilmiş və QSC-yə müvafiq qaydada təhvil verilmişdir. Daşınmaların həyata keçirilməsi zamanı MMC tərəfindən QSC-yə mütəmadi status hesabatları təqdim edilmişdir. Malların – “xxxx” avadanlığının QSC tərəfindən təhvil alınmasını təsdiq edən sənəd qismində QSC-nin müvafiq əməkdaşı tərəfindən təsdiq edilmiş “xxxx” sənədləri çıxış edir. MMC öz üzərinə götürdüyü öhdəlikləri tam olaraq icra edib bütün malları vaxtında QSC-yə çatdırsa da, QSC ödənişlə bağlı öhdəliyi tam şəkildə icra etməmiş və hazırda QSC-nin MMC-yə 71.387,42 manat məbləğində borcu yaranmışdır. Daşıma başa çatdıqdan və mallar tam təhvil verildikdən bir ay müddət sonra onlara malların – “xxxx”nin birində zədələnmə olduğu bildirilmiş və qalan borc məbləğinin məhz bu səbəbdən ödənilməsi QSC tərəfindən saxlanılmışdır. Iddiaçı tərəfindən göstərilmiş 71.387,42 manat dəyərində xidmətin ödənişi uzun müddətdir cavabdeh tərəfindən şifahi və yazılı müraciətlərə baxmayaraq ödənilmir. 6.
7. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il ## ###### tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehdən 33.183,86 manat borc, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 138,17 manat olmaqla, cəmi 33.322,03 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir (hakim – Z.Axundova).
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin etirazının əsası kimi qeyd etdiyi iddiaçının direktorunun müqavilə üzrə 71.387,43 manat borc məbləğinin güzəşt edilməsini əks etdirən elektron poçt məktubu hazırkı iddianın təmin olunmaması üçün əsas ola bilməz. Belə ki, iş materiallarına əlavə olunmuş əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X1 əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2.a (tərəflərdən birinin təşəbbüsü ilə) bəndi ilə 2023-cü il # ### tarixində xitam verilmişdir. X1 tərəfindən müqavilə üzrə 71.387,43 manat borc məbləğinin güzəşt edilməsi barədə ifadələrin əks olunduğu elektron poçt məktubu cavabdehə 2023-cü il ## ###### tarixində ünvanlanmışdır. Belə olan halda X1 müqavilə üzrə 71.387,43 manat borc məbləğinin güzəşt edilməsi barədə iradə ifadəsini bildirməkdə səlahiyyətli şəxs olmamışdır.
9. 18-ci drezində qüsurun olması ilə bağlı müqavilənin 16.1-ci bəndinə əsasən müqavilənin icrası müddətində sifarişçinin aşkar olunmuş qüsurlar haqqında ekspeditora dərhal bildiriş verməli olduğunu, belə bir bildirişin ekspeditora təqdim edilməsinə dair heç bir mötəbər sübutun təqdim edilmədiyini əsas götürərək məhkəmə hesab etmişdir ki, cavabdehin etirazının dəlili kimi əsaslandırdığı bu hal da əsassızdır.
10. Məhkəmə iddiaçı tərəfin iddia tələbinin demurajla bağlı məbləğin ödənilməsi hissəsi ilə bağlı heç bir sübut təqdim edə bilmədiyini, müqavilə üzrə cavabdeh tərəfindən 900.881,14 manat ödənişin həyata keçirilməsini, (934.065-900.881,14), müqavilə üzrə cavabdehin qalıq borcunun 33.183,87 manat təşkil etməsini nəzərə alaraq hesab etmişdir ki, 33.183,86 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan hissədə təmin edilməməlidir.
11. Iddia tələbinin yaranmış 1 illik 5 faiz hesabı ilə 20 ay üçün 5.949 manat gecikmə borcuna aid hissədə məhkəmə göstərmişdir ki, tərəflər arasında bağlanmış müqavilədən görünür ki, iddiaçı tərəfindən müqaviləni imzalayan şəxs həmin vaxt direktor olmuş Məhəmməd Rzayev olmuşdur. Yuxarıda qeyd olunan, borc və həmin məbləğin güzəşt edilməsi barədə olan e-mail yazışmaları aparılan vaxt direktorun dəyişməsi cavabdehə məlum olmamışdır. Cavabdeh tərəfdə belə bir qənaət formalaşmışdır ki, həmin məbləğ ona güzəşt edilib, çünki direktorla danışıqlar aparılıb, razılıq əldə olunubdur. Ona görə də öhdəlik cavabdehin təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməyib və bu, gecikdirmə sayılmamalıdır. Ona görə də iddia həmin hissədə təmin edillməməlidir.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 386.1, 390.1, 442, 445.1, 445.5, 448.1, 850.1, 851, 852.1, 852.2, 852.3, 852.4-ci; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 76.1, 77.1, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
13. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki ilk icraat
14. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il # ##### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – T.Mahmudova, hakimlər – L.Əliyeva və Z.Şirinov)
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmış və göstərmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin 16.1-ci bəndinə əsasən müqavilənin icrası müddətində sifarişçinin aşkar olunmuş qüsurlar haqqında ekspeditora dərhal bildiriş verməli olduğu halda, belə bir bildirişin ekspeditora təqdim edilməsinə dair heç bir mötəbər sübut təqdim edilməmişdir. Ona görə də cavabdehin apellyasiya şikayətində əsaslandığı bu hal da əsassızdır.
16. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 386.1, 390.1, 442, 445.1, 445.5, 448.1, 850.1, 851, 852.1, 852.2, 852.3, 852.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 14.2, 76.1, 77, 107, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
17. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
c) Kasssasiya instansiyası məhkəməsindəki ilk icraat
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il # ###### tarixli *-*(***)-***/**** nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır (sədrlik edən – R.Qurbanov, hakimlər – B.Məmmədli və A.Abbasov).
19. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, cavabdehin iddiaya qarşı etirazının qanuni əsasını MM-in 546-cı maddəsi (borcun bağışlanması ilə öhdəliyə xitam verilməsi) təşkil edir. Apellyasiya instansiyası məhkəməsi isə həmin maddənin dispozisiya şərtlərini müəyyən etməklə işdə olan sübutlar və cavabdehin dəlilləri üzrə hüquqi dəyərləndirmə aparmamış və yalnız qeyd etmişdir ki, X1 müqavilə üzrə borc məbləğinin güzəşt edilməsi barədə iradə ifadəsini bildirməkdə səlahiyyətli şəxs olmadığı üçün onun tərəfindən müəssisəyə ödənilməli borcun güzəşt edilməsi səlahiyyəti də yoxdur. Çünki məktubu yazan zaman müəssisənin direktoru olmamış və ya hər hansısa formada müəssisəni təmsil edərək güzəşt məktubu yazmaq üçün səlahiyyətinin olması halı müəyyən olunmamışdır. Lakin məhkəmə tərəfindən cavabdehin istinad etdiyi hallar, yəni həmin məktubun iddiaçı MMC-nin korporativ elektron poçt ünvanı vasitəsi ilə göndərilməsi, yazışmanın surətinin MMC-nin digər əməkdaşlarının elektron poçt ünvanlarına da göndərilməsi, digər aidiyyəti əməkdaşların həmin güzəşt məktubundan məlumatı olması, MMC-nin direktorunun bu məsələyə reaksiya verməməsi, müqavilənin bağlandığı tarixdən 2023-cü il # ### tarixinə kimi direktor olmuş M.Rzayevin telefon danışıqlarında, görüşlərdə və elektron poçt vasitəsilə yazışmalarda iştirak etməsi, iddiaçının nümayəndəsinin ilk məhkəmə iclaslarında M.Rzayevin direktor olmasının və borcun güzəşti ilə bağlı elektron məktub yazmasının etiraf etməsi ilə bağlı hallar və cavabdehin istinad etdiyi MM-in 331, 358, 406.3-ci maddələri üzrə hüquqi dəyərləndirmə aparılmamışdır.
20. Kassasiya instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 331.1, 358.1, 358.2, 406.1, 406.2, 406.3 və 546-cı, MPM-in 217, 220.4, 392 və 416-cı maddələrinə istinadla əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
21. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il # ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim S.Cəfərov, hakimlər-E.Həsənov və T.Qocayev)
22. Məhkəmə iddiaçının əvvəlki direktoru olmuş Məhəmməd Rzayev tərəfindən cavabdehə (Vüsal Ağakişiyevə) ünvanlanmış 2023-cü il ## ###### tarixli elektron poçt məktubu ilə bağlı qeyd etmişdir ki, Məhəmməd Rzayev məktub göndərilən vaxtı artıq həmin qurumda rəsmi işləməsə də, həmin məktubun iddiaçı MMC-nin korporativ elektron poçt ünvanı vasitəsi ilə göndərilməsi, yazışmanın surətinin MMC-nin digər əməkdaşlarının elektron poçt ünvanlarına da göndərilməsi, digər aidiyyəti əməkdaşların həmin güzəşt məktubundan məlumatı olması, MMC-nin direktorunun bu məsələyə reaksiya verməməsi, müqavilənin bağlandığı tarixdən 2023-cü il # ### tarixinə kimi direktor olmuş M.Rzayevin telefon danışıqlarında, görüşlərdə və elektron poçt vasitəsilə yazışmalarda iştirak etməsi, iddiaçının nümayəndəsinin ilk məhkəmə iclaslarında M.Rzayevin direktor olmasını və borcun güzəşti ilə bağlı elektron məktub yazmasını etiraf etməsi ilə bağlı hallar nəzərə alınaraq, Məhəmməd Rzayev iddiaçının adından məktub ünvanlamaqda səlahiyyətli olmuşdur. Lakin həmin məktub qeyd-şərtlə, yəni “siz bizimlə əməkdaşlığı davam etdirsəniz” şərti ilə yazılmışdır. Lakin həmin şərt realizə olunmadığından, borcun güzəştə gedilməsi barədə qeyd də qüvvəyə minməmişdir və bu hal heç bir hüquqi nəticə yaratmır. Belə ki, həm iş materialları, həm də tərəflərin nümayəndələrinin ifadələrindən qurumlar arasında sonradan hər hansı əməkdaşlığın aparılmaması faktı müəyyən edilmişdir.
23. 18-ci drezinin digər drezinlərdən fərqli olaraq qüsurlu çatdırılması ilə bağlı Kollegiya göstərmişdir ki, həmin drezinin qüsurlu çatdırılması ilə bağlı tərəflər arasında hər hansı qüsur aktı və ya bu halı təsdiqləyən digər bir sənəd tərtib edilməmişdir. Həmçinin, tərəflər arasında bağlanmış müqavilənin 16.1-ci bəndinə əsasən müqavilənin icrası müddətində sifarişçinin aşkar olunmuş qüsurlar haqqında ekspeditora dərhal bildiriş verməlidir. Lakin cavabdeh tərəfindən belə bir bildirişin ekspeditora təqdim edilməsinə dair heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayətinin dəlili kimi əsaslandırdığı bu hal da əsassızdır.
24. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 386.1, 442, 445.1, 445.5, 448.1, 546, 850.1, 851, 852.1, 852.2, 852.3, 852.4-cü, MPM-in 14.1, 14.2, 77.1, 119.1, 218.1ci maddələrinə istinadla əsaslandırmışdır.
25. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
26. MM-in 328, 546-cı maddələri üzrə - 546-cı normada borcun bağışlanması zamanı riayət edilməli olan yeganə şərt aydın şəkildə qeyd olunur və bu institutun tətbiqi hər hansı digər əlavə şərtlərlə əlaqələndirilmir. Öhdəliyə xitam verilməsinin səbəbi Ekspeditor tərəfindən Sifarişçiyə əsassız güzəştə gedilməsi deyil, məhz 18-ci drezinin gec çatdırılması, qüsurların müəyyən edilməsi və həmin qüsurların ADY-nin hesabına aradan qaldırılması olmuşdur. Lakin həmin səbəb nəticəsində öhdəliyə xitam verilməsinin rəsmiləşdirilməsi borcun bağışlaması formasında olmuşdur. Nəticədə, əməkdaşlığın davam etdirilməsi həmin güzəşt üçün qeyd-şərt kimi müəyyən edilə bilməz. Belə qeyd-şərt ADY-nin hüququnun, yəni lazımı qaydada icra edilməmiş öhdəliyə (18-ci drezinin gec və qüsurlu çatdırılması) görə ödəniş etməmək hüququnun məhdudlaşdırılması ilə nəticələnir. “Lakin siz də bizimlə əməkdaşlığı davam etdirirsiniz” cümləsini şərt kimi qiymətləndirmək doğru deyil, nə iddia ərizəsində, nə birinci instansiya, nə də apelyasiya instansiya məhkəməsindəki birinci icraatında iddiaçı ümumiyyətlə belə bir şərtin olmasına istinad etməmişdir. Borcun güzəşt edilməsinin səbəbi drezinin zədələməsi olub, əməkdaşlığın davam etdirilməsi deyildir.
27. MPM-in 77, 88, 217-ci maddələri üzrə - məhkəmə cavabdeh tərəfindən verilmiş sübutlara əhəmiyyət verməmişdir. “Əməkdaşlıq davam etdirilməmişdir” qeyri-müəyyən ifadə olsa da, hər bir halda mülki prosessual qanunvericilik baxımından sübut edilməsi zəruri olan iddiadır. Lakin iddiaçının bu iddiası sübut edilməmişdir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı etiraz göndərilməmişdir.
Kassasiya baxışının hədləri
29. Iş üzrə apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
30. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
Tətbiq edilən hüquq
31. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında nəzərdə tutulmuşdur:
“Maddə 328. Şərtlə bağlanmış əqdlər ... 328.3. Tərəflərin iradəsindən asılı olan şərt, yəni baş verməsi və ya baş verməməsi yalnız tərəflərin əqddəki arzusundan asılı olan şərt etibarsızdır. Belə şərtlə bağlanmış əqd etibarsızdır. ...”
“Maddə 331. Yazılı əqd 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər.”
“Maddə 358. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. 358.2. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur.”
“Maddə 406. Müqavilənin forması 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 406.2. Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. 406.3. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə bu Məcəllənin 331.1-ci maddəsinə uyğun olaraq məktubların, teleqramların, elektron sənədlərin və ya digər verilənlərin mübadiləsi yolu ilə bağlana bilər.”
“Maddə 546. Borcun bağışlanması anlayışı Kreditorun borclunu onun üzərinə düşən vəzifədən azad etməsi (borcun bağışlanması) ilə öhdəliyə xitam verilir, bu şərtlə ki, həmin hərəkət kreditorun əmlakı barəsində başqa şəxslərin hüquqlarını pozmasın.”
“Maddə 850. Yük daşınması müqaviləsi 850.1. Yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.”
32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 77. Sübut etmə vəzifəsi
77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...”
“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri
416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
33. MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.
34. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
35. Işin materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq məhkəmə kollegiyası aşağıdakılara əsasən belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmalı və yeni qərar qəbul olunaraq, iddia rədd edilməlidir.
36. Belə ki, aşağı instansiya məhkəmələrinin müəyyən etdiyi işin mübahisələndirilməyən hallarına görə tərəflər arasında bağlanmış 2022-ci il # ###### tarixli, ****** nömrəli nəqliyyat-eskpedisiya xidmətlərinin satın alınmasına dair müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, müqavilənin ümumi dəyəri 934.065 manat razılaşdırılmış, müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə drezinlərin daşınması xidmətləri göstərilmiş və cavabdeh tərəfindən müqavilə üzrə cəmi 900881,14 manat ödəniş həyata keçirilmişdir.
37. Iddiaçı tələbində cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, daşıma başa çatdıqdan və mallar tam təhvil verildikdən bir ay müddət sonra cavabdehin onların birində zədələnmə olduğu və qalan 71.387,42 manat borc məbləğinin bu səbəbdən ödənilmədiyini bildirdiyini göstərmişdir.
38. Cavabdeh isə iddiaya etirazında göstərmişdir ki, 18-ci drezin digər drezinlərdən fərqli olaraq gec çatdırılmış, çatdırıldıqdan sonra məlum olmuşdur ki, qeyd olunan drezin zədələnmiş, zədə yeri sonradan suvaq ilə örtülmüşdür. Bu haqda 2023-cü il # ###### tarixində akt da tərtib olunmuşdur. Bu məsələ ilə bağlı iddiaçının rəhbərliyi ilə görüşlər təşkil olunmuş və nəticədə tərəflər razılığa gəlmişdir ki, zədələnmiş drezinin təmirini cavabdeh öz üzərinə götürür, iddiaçı isə müqavilə üzrə qalıq borc məbləğini cavabdehə güzəşt edir. Şirkətin direktoru cavabdehə mail vasitəsilə ünvanlanmış məktubda bunu qeyd etmişdir.
39. Iş materiallarında olan iddiaçının direktoru olmuş Məhəmməd Rzayev tərəfindən cavabdehə (Vüsal Ağakişiyevə) ünvanlanmış 2023-cü il ## ###### tarixli elektron poçt məktubunda göstərilmişdir ki, “Biz sizə 71.387,42 AZN güzəşt etmiş oluruq. Lakin, siz də, bizimlə əməkdaşlığı davam etdirirsiniz.”
40. Işin birinci apellyasiya baxışı zamanı məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçının əvvəlki direktoru olmuş X1 əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2.a (tərəflərdən birinin təşəbbüsü ilə) bəndi ilə 2023-cü il # ### tarixdə xitam verilmişdir, odur ki, sonuncu borc məbləğinin güzəşt edilməsi barədə iradə ifadəsini bildirməkdə səlahiyyətli şəxs olmadığı üçün onun müəssisəyə ödənilməli borcun güzəşt edilməsi səlahiyyəti də yoxdur. Çünki məktubu yazan zaman müəssisənin direktoru olmamış və ya hər hansısa formada müəssisəni təmsil edərək güzəşt məktubu yazmaq üçün səlahiyyətinin olması halı müəyyən olunmamışdır.
41. Lakin ikinci apellyasiya baxışı zamanı kassasiya instansiyasının göstərişlərini nəzərə alan apellyasiya instansiyası məhkəməsi Məhəmməd Rzayev tərəfindən cavabdehə (Vüsal Ağakişiyevə) ünvanlanmış 2023-cü il ## ###### tarixli elektron poçt məktubu ilə bağlı göstərmişdir ki, Məhəmməd Rzayev məktub göndərilən vaxtı artıq həmin qurumda rəsmi işləməsə də, həmin məktubun iddiaçının korporativ elektron poçt ünvanı vasitəsi ilə göndərilməsi, yazışmanın surətinin iddiaçının digər əməkdaşlarının elektron poçt ünvanlarına da göndərilməsi, digər aidiyyəti əməkdaşların həmin güzəşt məktubundan məlumatı olması, iddiaçının direktorunun bu məsələyə reaksiya verməməsi, müqavilənin bağlandığı tarixdən 2023-cü il # ### tarixinə kimi direktor olmuş M.Rzayevin telefon danışıqlarında, görüşlərdə və elektron poçt vasitəsilə yazışmalarda iştirak etməsi, iddiaçının nümayəndəsinin ilk məhkəmə iclaslarında M.Rzayevin direktor olmasını və borcun güzəşti ilə bağlı elektron məktub yazmasını etiraf etməsi ilə bağlı hallar nəzərə alınaraq, Məhəmməd Rzayev iddiaçının adından məktub ünvanlamaqda səlahiyyətli olmuşdur.
42. Bununla belə apellyasiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, məktubun məzmununda “biz sizə 71.387,43 manat güzəşt etmiş oluruq. Lakin, siz də bizimlə əməkdaşlığı davam etdirirsiniz.” ifadələri qeyd olunmuşdur. Göründüyü kimi, həmin məktub qeyd-şərtlə, yəni “siz bizimlə əməkdaşlığı davam etdirsəniz” şərti ilə yazılmışdır. Lakin həmin şərt realizə olunmadığından, borcun güzəştə gedilməsi barədə qeyd də qüvvəyə minməmişdir və bu hal heç bir hüquqi nəticə yaratmır. Belə ki, həm iş materialları, həm də tərəflərin nümayəndələrinin ifadələrindən qurumlar arasında sonradan hər hansı əməkdaşlığın aparılmaması faktı müəyyən edilmişdir.
43. Kollegiya apellyasiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır, belə ki, qanunvericiliyin tələbinə əsasən tərəflərin iradəsindən asılı olan şərt, yəni baş verməsi və ya baş verməməsi yalnız tərəflərin əqddəki arzusundan asılı olan şərt etibarsızdır. Belə şərtlə bağlanmış əqd etibarsızdır (MM 328.3-cü maddəsi).
44. Göründüyü kimi apellyasiya instansiya məhkəməsinin məktubda qeyd olunan və şərt kimi əsas götürdüyü - “siz bizimlə əməkdaşlığı davam etdirsəniz” – ifadəsi MM-in istinad olunan 328.3-cü müddəasına uyğun olaraq tərəflərin iradəsindən asılı olan şərt olduğundan (yəni onun baş verməsi və ya baş verməməsi yanlız tərəflərin əqddəki arzusundan asılı olan şərt) özlüyündə etibarsız olmuşdur.
45. Bu baxımdan da apellyasiya məhkəməsinin etibarsız hesab olunan şərtə istinad edərək, həmin şərtin realizə olunmaması əsası ilə borcun güzəştə gedilməsi barədə qeydin qüvvəyə minməməsi barədə qənaəti qanunvericiliyin tələblərinə uyğun olmamışdır.
46. Yuxarıda da göstərildiyi kimi tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmış, iddiaçı müqavilə üzrə cavabdehə drezinlərin daşınması xidmətlərini göstərmiş və cavabdeh tərəfindən müqavilə üzrə 900881,14 manat ödəniş həyata keçirilmiş, iddiaçının direktoru olmuş M.Rzayev tərəfindən cavabdehə ünvanlanmış məktubda göstərilmişdir ki, qalan 71.387,43 manat güzəşt edilmişdir.
47. Belə olan halda qalan borc məbləğinin iddiaçı tərəfindən cavabdehə güzəşt edildiyi müəyyən olunduğundan, iddiaçının həmin məbləği yenidən tələb etməsi yolverilməzdir.
48. MM-in 546-cı maddəsinin tələblərinə əsasən kreditorun borclunu onun üzərinə düşən vəzifədən azad etməsi (borcun bağışlanması) ilə öhdəliyə xitam verilir, bu şərtlə ki, həmin hərəkət kreditorun əmlakı barəsində başqa şəxslərin hüquqlarını pozmasın.
49. Qeyd olunanların hüquqi nəticəsi ondan ibarətdir ki, cavabdehin müqavilə üzrə öhdəliyinə borcun bağışlanması ilə xitam verilmişdir. Ona görə də, hazırki iddia təmin edilə bilməz.
50. Apellyasiya məhkəməsi isə müəyyən edilən hallar üzrə MM-in qeyd olunan tələblərinə uyğun qiymətləndirmə aparmamış və nəticədə MPM-in 217-ci maddəsinə uyğun olmayan qətnamə qəbul etmişdir.
51. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (MPM-in 80, 81, 88-ci maddələri).
52. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 217.1, 217.3, 217.4-cü maddələri).
53. MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
54. MPM-nin 417.1.4-cü maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər.
55. Göstərilənləri və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDI:
Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının *-*(***)-***/**** nömrəli 2025-ci il # ###### tarixli qətnaməsi ləğv edilsin. Iş üzrə yeni qərar qəbul edilsin. Iddiaçı İddiaçı MMC-nin cavabdeh “xxxx” QSC-yə qarşı “borcun ödənilməsi tələbinə dair” iddiası rədd edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.