Məhkəmə qərarları › İş №2-2(1-8)-351/2026

Ali Məhkəmə Qərar — İş №2-2(1-8)-351/2026

16.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-351/2026 16.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinə və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun (məruzəsi ilə), Qarayev Sənan Məmməd oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı MMC-nin cavabdehlər cavabdeh2 MMC və “xxxx” MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026cı il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh2 MMC tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları 1.İddiaçı MMC (satıcı) ilə cavabdeh2 MMC (alıcı) arasında 2023-cü il ## ###### tarixli ASL*** nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, satıcı lizinq obyektini müqavilədə müəyyən edilmiş şərtlərlə alıcıya satmağı, alıcı isə xüsusi olaraq lizinq alana lizinqə vermək məqsədilə lizinq obyektini qəbul etməyi və qiymətini müqavilə ilə müəyyənləşdirilmiş qaydada və şərtlərlə satıcıya ödəməyi öhdələrinə götürmüşlər. Müqavilənin * saylı Əlavəsinə görə, lizinq obyekti 25 ha alma bağı üçün damlama tipli suvarma sistemidir, Qəbələ rayonunun Vəndam kəndində quraşdırılacaqdır. Müqaviləyə əsasən, lizinq obyektinin satıcı tərəfindən alıcıya təhvil verilməsi hər iki tərəfin və ya onların səlahiyyəti nümayəndələrinin təhvil-təslim aktını imzalaması ilə həyata keçirilir. 2.cavabdeh2 MMC (lizinq verən) ilə “xxxx” MMC (lizinq alan) arasında bağlanmış 2023-cü il ## ###### tarixli PL*** saylı lizinq müqaviləsinə əsasən, lizinq verən lizinq obyektini lizinq alanın müraciəti əsasında lizinq ödənişlərinin həyata keçirilməsi müqabilində və Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə və müqavilənin müddəalarına uyğun olaraq lizinq alanın istifadəsinə təqdim edir. Müqavilənin * saylı Əlavəsinə görə, lizinq obyekti 25 ha alma bağı üçün damlama tipli suvarma sistemidir, qiyməti 181.900 manatdır, Qəbələ rayonunun Vəndam kəndində quraşdırılacaqdır. Iş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat 3.Iddiaçı İddiaçı MMC (bundan sonra – “iddiaçı”) cavabdehlər cavabdeh2 MMC və “xxxx” MMC-yə (bundan sonra birlikdə – “cavabdehlər”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən iddiaçı ilə cavabdeh2 MMC arasında 2023-cü il ## ###### tarixində ASL*** nömrəli alqı-satqı müqaviləsinə və 2023-cü il ## ###### tarixində cavabdeh2 MMC ilə “xxxx” MMC arasında PL*** nömrəli lizinq müqaviləsinə əsasən yaranmış 170.000 manat məbləğində pul vəsaitinin müştərək qaydada alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.Iddia onunla əsaslandırılmışdır ki, 2023-cü il ## ###### tarixli cavabdeh cavabdeh2 MMC ilə “xxxx” MMC arasında bağlanmış PL*** nömrəli lizinq müqaviləsinə və iddiaçı ilə cavabdeh2 MMC arasında bağlanmış ASL*** nömrəli alqısatqı müqaviləsinə görə satıcı iş üzrə iddiaçı “xxxx” MMC-yə təqdim etməli və cavabdeh2 MMC isə “xxxx” MMC-dən aldığı ödənişləri iddiaçıya ödəməlidir. Belə ki tərəflər arasında bağlanmış ASL*** nömrəli alqı-satqı müqaviləsinin 3.4-cü bəndinə əsasən, alıcı cavabdeh2 MMC, satıcının təqdim etdiyi və alıcı tərəfindən mübahisələndirilməyən hesab-faktura əsasında ödənişi satıcının bank hesabına köçürmə yolu ilə həyata keçirməlidir. cavabdeh2 MMC ilə üçüncü tərəf olan “xxxx” MMC arasında da 2023-cü il ## ###### tarixində PL*** nömrəli lizinq müqaviləsi əsasən cavabdeh2 MMC lizinq verən, “xxxx” MMC isə lizinq alan qismində çıxış etmişdir. Həmin müqavilənin 4.3 və 4.4-cü bəndlərinə əsasən, lizinq obyektinin dəyərinin müəyyən hissəsi dövlət tərəfindən subsidiya formasında, digər hissəsi isə ilkin ödəniş kimi lizinq alandan ödənilməlidir. Həmin müqavilənin 4.4 cü bəndinə görə lizinq alan tərəfindən lizinq obyektinin razılaşdırılmış dəyərinin minimum 20 faizi həcmində ilkin ödəniş qaydasında lizinq verənə ödənilir. Həmin müqavilənin 4.9-cu bəndinə uyğun olaraq lizinq alan lisinq ödənişini gecikdirdikdə ödənilməsi gecikdirilən lizinq ödənişinin 0.1 faizinə bərabər dəbbə pulu ödənilməlidir. Həmin müqavilənin 5.8ci maddəsinə görə lizinq alanla satıcı və ya lizinq verən arasında lizinq obyekti ilə əlaqədar hər hansı mübahisənin olması və belə mübahisəli vəziyyətin davam etməsi lizinq alanı lizinq ödənişi ödəmək öhdəliyindən azad etmir. Iddiaçı ilə cavabdeh2 MMC arasında 2023-cü il ## ###### tarixində ASL*** nömrəli alqı-satqı müqaviləsinin Prembulasında göstərilir ki, alıcı lizinq xidmətlərinin göstərilməsi ilə məşğuldur. Satıcı lizinq obyektini satmaq, alıcı isə xüsusi olaraq lizinq obyektini lizinq alana lizinqə vermək üçün almaq niyyətindədir. Həmin müqavilənin 2.1-ci bəndinə görə satıcı lizinq obyektini bu Müqavilədə müəyyən edilmiş şərtlərlə alıcıya satmağı, alıcı isə xüsusi olaraq lizinq alana lizinq vermək məqəsi ilə lizinq obyektini qəbul etməyi və qiyməti bu müqavilə ilə müəyyənləşdirilmiş qaydada və şərtlərlə satıcıya ödəməyi öz üzərinə götürür. Müqavilədə nəzərdə tutulduğu kimi iddiaçı öz ödəliyini yerinə yetirməsinə, malı lizinq alana təhvil verməsinə baxmayaraq, nə cavabdeh2 MMC, nə də “xxxx” MMC öz maliyyə öhdəliklərini yerinə yetirməmişdir. Iddiaçı müqavilə üzrə bütün öhdəliklərini tam şəkildə icra etmişdir. Belə ki, suvarma sistemi vaxtında təhvil verilmiş, müvafiq sənədlər və hesab-faktura təqdim olunmuşdur. Müvafiq olaraq iddiaçının qanuni tələblərinə baxmayaraq, cavabdehlər bu borcu könüllü şəkildə bu günə qədər ödəməmişdilər. 5.“xxxx” MMC iddiaya etiraz etmiş və bildirmişdir ki, iddiaçının “xxxx” MMC-yə qarşı iddia qaldırmaq hüququ yoxdur. Çünki, “xxxx” MMC-nin iddiaçı qarşısında öhdəliyini müəyyən edən müqavilə mövcud deyil. Iddiaçı hüquqi normaları səhv təfsir edərək qeyd etmişdir ki, lizinq müqaviləsi üçtərəfli müqavilədir. Bu səbəbdən dəymiş ziyan lizinq verənlə lizinq alan tərəfindən müştərək olaraq ödənilməlidir. Qanunvericiliyə əsasən lizinq müqaviləsi üçtərəfli bağlana bilər. Lakin, hazırkı iş üzrə fərqli subyektlər arasında fərqli müqavilələr bağlanmışdır. Heç bir müqavilədə “xxxx” MMC-nin iddiaçı qarşısında öhdəliyini müəyyən edən norma mövcud deyil. Tərəflər arasında üçtərəfli müqavilə bağlansaydı belə, yenə lizinq alanın satıcı qarşısında öhdəliklərini müəyyən edən şərtlər olmadığı halda satıcının lizinq alana qarşı tələb hüququ yarana bilməzdi. Mövcud müqavilələr üzrə cavabdeh2 MMC-nin iddiaçı qarşısında, “xxxx” MMC-nin isə cavabdeh2 MMC qarşısında hüquq və öhdəlikləri yaranmışdır. 6.Bakı Kommersiya Məhkəməsinin 2025-ci il # ####### tarixli e-*-*(***)- ****/**** nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim – G.Həşimova) 7.Məhkəmə müəyyən etmişdir ki, hazırkı iş üzrə yalnız tərəflər arasında imzalanmış alqı-satqı, lizinq müqavilələri və 2020-ci il ## #### tarixli gömrük bəyannaməsi təqdim edilmişdir. Iddiaçı ilə cavabdeh2 MMC arasında 2023-cü il ## ###### tarixli ASL*** saylı alqı-satqı müqaviləsinin 4.2-ci bəndinə əsasən lizinq obyektinin satıcı tərəfindən Alıcıya təhvil verilməsi hər iki tərəfin və ya onların səlahiyyəti; nümayəndələrinin təhvil-təslim Aktını imzalaması ilə həyata keçirilir. Lakin iddiaçı tərəfindən malın təhvil verilməsinə dair heç bir sübut məhkəməyə təqdim edilməmişdir. 2020-ci il ## #### tarixli gömrük bəyannaməsi isə yuxarıda qeyd olunan alqı-satqı müqaviləsinin predmeti olan malın göndərən (ixracatçı) Garant LLC tərəfindən malı qəbul edən (idxalatçı) İddiaçı ünvanlanmış ümumi invoys dəyəri 92.000 ABŞ dolları olan damla sulama sistemi AR-in gömrük sərhədindən keçirilərək rəsmiləşdirilməsini təsdiq edir. Odur ki, həmin bəyannamə malın məhz cavabdeh2 MMC-yə təhvil verilməsini təsdiq edən birbaşa və ya dolayı sübut kimi qiymətləndirilə bilməz. Iddiaçı 170.000 manat dəyərində malların cavabdehə verilməsini birbaşa təsdiq edən sənədləri (məsələn, təhvil-təslim aktı) məhkəməyə təqdim etməmişdir. Iddiaçı tərəfindən elektron qaimələrlə yanaşı borcun əsaslığını sübut edən digər sənədlər iddiaçının nümayəndəsinə məhkəmənin hazırlıq iclaslarında dəfələrlə təklif olunmasına baxmayaraq, (təhvil-təslim aktı, borcların üzləşdirilməsi aktı, elektron qaimələrin cavabdeh tərəfindən təsdiqlənməsi barədə sənəd və s.) məhkəməyə təqdim edilməmişdir. Odur ki, iddiaçının cavabdeh2 MMCyə alqı-satqı müqaviləsi üztə 170.000 manat məbləğində borcunun olması öz təsdiqini tapmamışdır. 8.Iddianın “xxxx” MMC-yə aid olan hissədə məhkəmə qeyd etmişdir ki, iddiaçının “xxxx” MMC-yə qarşı “pul” tələbinə dair iddia qaldırsa da belə bir tələblə iddia qaldırmağa subyektiv hüququnun, qanuni və müqavilə əsasının olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, iddiaçı ilə “xxxx” MMC arasında mübahisə predmeti olan avadanlıq barəsində öhdəlik hüquq münasibətləri yaranmamışdır. cavabdeh2 MMC ilə “xxxx” MMC arasında lizinq müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətlərinin yaranması iddiaçının heç bir hüququnu pozmamışdır. 9.Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 442, 443.1, 445.7, 448.1 və 567-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 107 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. 10.Iddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat 11.Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – iddia tələbinin cavabdeh2 MMC-yə münasibətdə təmin edilməməsi ilə bağlı hissədə ləğv olunaraq iddiaçının cavabdeh2 MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinin təmin edilməsi, cavabdeh2 MMC-dən 170.000 manat tutularaq iddiaçıya ödənilməsi, qətnamənin qalan hissədə, yəni iddia tələbinin “xxxx” MMC-yə münasibətdə təmin edilməməsi ilə bağlı hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən – Z.Şirinov, hakimlər – T.Mahmudova və L.Əliyeva). 12.Məhkəmə qeyd etmişdir ki, 2023-cü il ## ###### tarixli ASL*** nömrəli alqısatqı müqaviləsini yalan və ya uydurma əqd hesab etmək mümkün deyildir. Iddiaçı ilə cavabdeh2 MMC arasında bağlanmış 2023-cü il ## ###### tarixli alqı-satqı müqaviləsi üzrə alqı-satqı predmetinin (25 ha alma bağı üçün damlama tipli suvarma sisteminin) iddiaçı tərəfindən bilavasitə cavabdeh2 MMC-yə təhvil verildiyinə dair sübut olmasa da, iddiaçı həmin predmeti Gürcüstan Respublikasında yerləşən şirkətdən 92.000 ABŞ dollarına satın almış, predmet Azərbaycan Respublikasına gətirilmiş və “xxxx” MMC-yə təhvil verilmiş, Qəbələ rayonunun Vəndam kəndində quraşdırılmışdır. 13.2023-cü il ## ###### tarixli alqı-satqı müqaviləsinin, alqı-satqı predmetinin xüsusi olaraq lizinq alana lizinqə verilmək məqsədilə bağlandığını və bu məqsədə nail olunduğunu nəzərə alaraq kollegiya hesab etmişdir ki, predmetin cavabdeh2 MMC-yə təhvil verildiyinə dair müvafiq aktın olmaması, iddiaçının malın dəyərini məhz alıcıdan (cavabdeh2 MMC-dən) tələb etməsinə maneə yarada bilməz. Başqa sözlə, nə qədər ki, alqı-satqı müqaviləsinin predmeti lizinq alandadır və lizinq alan hazırkı dövrdə də ondan istifadə edir, habelə nə qədər ki, həmin predmet lizinq alana məhz cavabdeh2 MMC tərəfindən təhvil verilmişdir, belə olan halda cavabdehin müvafiq müqaviləni mübahisələndirməsi və malın dəyərini ödəməkdən imtina etməsi dürüstlük qaydasına ziddir. Alqı-satqı müqaviləsi üzrə öhdəliyini pozaraq onu icra etməyən, risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh2 MMC müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. 14.2023-cü il ## ###### tarixli təhvil-təslim aktının birinci instansiya məhkəməsində təqdim edilməməsi səbəbindən ona istinad olunmasının yolverilməzliyi barədə irəli sürülən arqumentlərə münasibətdə kollegiya qeyd etmişdir ki, həmin sübut cavabdeh2 MMC-nin (lizinq verən) və “xxxx” MMC-nin (lizinq alan) səlahiyyətli nümayəndələrinin tərtib etdikləri sənəd olmaqla onun iddiaçı tərəfindən təqdim olunmasını tələb etmək sübutetmə qaydalarına uyğun deyildir və həm bu hal, həm də iddiaçının müvafiq sübutu niyə görə apellyasiya icraatı zamanı təqdim edə bildiklərinə dair verdiyi izah, yaranmış vəziyyətin iddiaçıdan asılı olmayan səbəblə əlaqədar olduğu qənaətinə gəlməyə əsas verir. 15.Məhkəmə “xxxx” MMC-yə aid hissədə iddia tələbini əsaslı hesab etməmiş və həmin hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Belə ki, “xxxx” MMC-nin iddiaçı qarşısında müqavilədən irəli gələn hər hansı öhdəliyi mövcud deyildir. 16.Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 3, 14.2.1, 16.1, 324.1, 324.2, 324.4, 324.5, 337.1, 337.5, 340.1, 340.2, 385.1, 386.1, 386.2, 404.1, 404.2, 404.4, 425.1, 442, 445.2.1, 560.1, 560.3, 560.3.4, 567, 598.1, 599.1, 600.1 və 600.4cü maddələrinə, MPM-in 14.2, 77.1, 78.1, 88, 106.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. 17.cavabdeh2 MMC kassasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və birinci instansiya məhkəməsinin e-*-*(***)-****/**** saylı, 2025-ci il # ####### tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri 18.MM-in 570-ci maddəsi üzrə - cavabdeh2 MMC müqavilə subyekti olan malları almamış və müqavilə üzrə ödəniş etmək öhdəliyi olmamalıdır. Iş materiallarından göründüyü kimi, iddiaçı və cavabdeh2 MMC arasında bağlanmış 2023-cü il ## ###### tarixli, ASL*** nömrəli alqı satqı müqaviləsi üzrə heç bir təhviltəslim aktı mövcud olmamasına baxmayaraq, məhkəmə səhvən müqavilə üzrə satıcının əşyanı vermək vəzifəsini yerinə yetirdiyi qənaətinə gəlmişdir. 19.MM-in 568-ci maddəsi üzrə - malların alıcıya verilməsi, həmçinin onların texniki pasportlarının, keyfiyyət sertifikartının və başqa sənədlərinin verilməsi ilə bağlı heç bir sübut təqdim edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi qeyd olunan sübutlar olmadan malların alıcıya verilməsinin baş tutduğu ilə bağlı mövqe bildirmişdir. 20.MM-in 592.2-ci maddəsi üzrə - cavabdeh tərəfindən müqavilənin 4-cü bəndində qeyd olunmuş ödənişin həyata keçirilməməsi onun müqaviləyə marağının itməsi kimi qiymətləndirilməli və əgər mallar təhvil verilsəydi belə cavabdehin razılığı ilə həyata keçirilməli idi. Cavabdehin müqaviləyə marağının itməsi özünü onda da göstərmişdir ki, o, iddiaçıya 2023-cü il ## ###### tarixli, ASL*** nömrəli alqı-satqı müqaviləsinə xitam verilməsi ilə bağlı təsdiqlənmiş 2024-cü il # #### tarixli akt təqdim etmişdir. Lakin akt iddiaçı tərəfindən təsdiq edilməmişdir. Məhkəmə cavabdehin qeyd olunan müqaviləyə marağının itməsi faktını və malları təhvil almaq niyyətinin olmamasını nəzərə almamışdır. Mövcud müqavilə şərtlərinə əsasən, alıcı yalnız müqavilə üzrə ödənişi etdikdən sonra satıcı malları alıcıya təhvil verməli idi. Əgər cavabdeh2 MMC tərəfindən ödəniş həyata keçirilməmişdirsə, iddiaçı müqavilə üzrə malları çatdırmır. Bu da sübut edir ki, həqiqətən də, qeyd olunan mallar cavabdeh2 MMC-yə təhvil verilməmişdir. Məhkəmə qeyd olunan məsələni araşdırmamış və heç bir sübut olmadan malların alıcı tərəfindən təhvil alındığı qənaətinə gəlmişdir. 21.MM-in 399-cu maddəsi üzrə - iddiaçı bildirmişdir ki, sözügedən avadanlıqların lizinq alana (“xxxx” MMC-yə) verilməsi faktiki olaraq, 2022-ci ildə baş tutmuş və 2023-cü il ## ###### tarixli, ASL*** nömrəli alqı-satqı müqaviləsi həmin təhvildən çox-çox sonra imzalanmışdır. Qeyd olunan müqavilədə həmin müqavilənin qüvvəsinin əvvəlki münasibətlərə də, şamil edilməsi ilə bağlı bənd mövcud olmamışdır. Bu səbəbdən, məhkəmə işin faktiki hallarını araşdırarkən, avadanlıqların lizinq alana verilməsi halının mövcud alğı-satqı müqaviləsi çərçivəsində baş verməməsi halını diqqətdən qaçırmışdır. Belə ki, ASL*** nömrəli alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş avadanlıq 2022-ci ildə quraşdırılmış avadanlıqla eyni ola bilməzdi. 22.MM-in 598-ci maddəsi üzrə - müqavilədə ayrı qayda nəzərdə tutularaq müəyyən edilmişdir ki, mallar ödənişdən sonra 10 gün ərzində çatdırılmalı idi. Məhkəmə işi araşdırarkən bu ayrı qaydanı nəzərə almamışdır. 23.MPM-in 9.1-ci maddəsi üzrə - məhkəmə iddiaçının sübutlarına və hətta təqdim edə bilmədiyi sübutlara əsaslanan arqumentlərini əsaslı hesab etsə də, müvafiq olaraq cavabdehin təqdim etdiyi sübutları qiymətləndirməmiş və tərəflərin bərabərliyi prinsipini pozmuşdur. Belə ki, cavabdeh müqavilələrin ləğv edilməsi ilə bağlı aktları təqdim etsə də, müqaviləyə olan marağın itdiyini sübut etməyə çalışsa da, qeyd olunan sübutlar məhkəmə tərəfindən nəzərə alınmamışdır. 24.MPM-in 76-cı maddəsi üzrə - iddiaçı cavabdeh və 3-cü şəxsə aid olan PL*** nömrəli lizinq müqaviləsi üzrə təhvil-təslim aktını təqdim etmiş və qeyd etmişdir ki, guya ASL*** nömrəli alqı-satqı müqaviləsinin predmeti olan mallar ilə lizinq müqaviləsində qeyd edilən mallar eynidir. Lakin, mallar eyni marka və modelə aid olsa da, eyni mallar olmaya bilər. Həmçinin sözügedən müqavilələrin mətnində birbirilərinə heç bir istinad yoxdur. Məhkəmə həmin malların eyniləşdirilməsi ilə bağlı araşdırma aparmamış və həmçinin iddiaçının başqa şəxslərə aid olan təhvil-təslim aktının hansı yol ilə əldə etməsini araşdırmamışdır. Qeyd olunan sənəd qanunsuz yol ilə əldə edilsə də, məhkəmə həmin sübutu mötəbər sübut kimi qiymətləndirmişdir. 25.MPM-in 77.1-ci maddəsi üzrə - iddiaçı alqı-satqı müqaviləsi üzrə malların cavabdehə təhvil verilməsi ilə bağlı heç bir sübut təqdim etməsə də, məhkəmə tamamilə əsassız və sübutlara söykənmədən malların təhvil verilməsi qənaətinə gəlmişdir. 26.MPM-in 372.1 və 372.2-ci maddələri üzrə - məhkəmə işdə olmayan sübut əsasında və ümumiyyətlə heç bir sübutla öz təsdiqini tapmayan bir mövqe göstərmiş və müvafiq qanunsuz qərar vermişdir. Iddiaçı lizinq müqaviləsi üzrə təhvil-təslim aktını yeni sübut kimi apellyasiya instansiya məhkəməsinə təqdim etmiş, lakin həmin sübutun birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırmamışdır. Apellyasiya məhkəməsi birinci instansiyanın düzgün hüquqi nəticəsini aradan qaldırarkən ASL029 müqaviləsi üzrə tələb olunan təhvil-təslim aktının mövcud olmamasına lazımi hüquqi qiymət verməmiş, müqavilədə müəyyən edilmiş təhvil qaydasını faktiki olaraq nəzərə almamışdır. Apellyasiya məhkəməsi nəzərə almamışdır ki, iddiaçı adi fiziki şəxs deyil, kommersiya fəaliyyəti ilə məşğul olan hüquqi şəxsdir. Belə şəxsdən sənədlərin saxlanılması, uçotu və məhkəməyə vaxtında təqdim edilməsi məsələsində daha yüksək peşəkarlıq və ehtiyatlılıq gözlənilir. Hüquqi şəxs kimi o, öz sənəd dövriyyəsini, arxiv sistemini, mühasibat uçotunu və daxili nəzarət mexanizmini elə təşkil etməlidir ki, fəaliyyətinin həyata keçirilməsi və məhkəmə müdafiəsi konkret bir işçinin iradəsindən və ya fiziki mövcudluğundan asılı vəziyyətə düşməsin. Əks yanaşma hüquqi şəxsin öz daxili idarəetməsində yol verdiyi nöqsanların prosessual üstünlüyə çevrilməsinə və qarşı tərəfin prosessual hüquqlarının məhdudlaşdırılması ilə nəticələnir. Nəzərə alınmalıdır ki, sübutun vaxtında təqdim edilməməsi iddiaçının daxili təşkilati səhlənkarlığının nəticəsidir və “tərəfdən asılı olmayan səbəb” kimi qiymətləndirilə bilməz. Apellyasiya məhkəməsi iddiaçının bildirdiyi əsasın obyektiv və aradan qaldırıla bilməyən maneə təşkil edib-etmədiyini araşdırmadan, iddiaçının öz daxili təşkilati nöqsanını MPM-in 372.2-ci maddəsində nəzərdə tutulan “tərəfdən asılı olmayan səbəb” kimi qəbul etməklə prosessual hüquq normasını düzgün tətbiq etməmişdir. Hazırkı iş üzrə məhkəmə iddiaçının nümayəndəsinin izahatına əsaslanaraq suvarma sistemlərinin 2022-ci ilin yayında quraşdırıldığını qəbul etmiş, eyni zamanda həmin quraşdırmanı 2023-cü il ## ###### tarixli ASL029 və PL*** nömrəli müqavilələrinin icrası kimi qiymətləndirmişdir. Halbuki həmin müqavilələr 2023-cü il ## ###### tarixində bağlanmışdır. Müqavilə bağlanana qədər həmin müqavilədən irəli gələn heç bir hüquq və vəzifə, o cümlədən satıcının malı təhvil vermək öhdəliyi mövcud olmamışdır. 2022-ci ildə baş verdiyi iddia olunan quraşdırma sonradan bağlanmış müqavilənin icrası hesab edilə bilməz. Müqavilədə də onun əvvəlki münasibətlərə şamil ediləcəyini nəzərdə tutan hər hansı müddəa mövcud deyil. Apellyasiya məhkəməsi hüquqi faktlarla hüquqi nəticə arasındakı səbəb-nəticə əlaqəsini pozmuş, hüquqi nəticəni onu doğuran hüquqi faktdan əvvəl mövcud hesab etmişdir. Məhkəmə Qəbələ rayonunun Vəndam kəndində suvarma sisteminin quraşdırılması faktına istinad etsə də, həmin avadanlığın məhz 2023-cü il ## ###### tarixli ASL*** nömrəli alqı-satqı müqaviləsinin predmeti olan avadanlıq olduğunu təsdiq edən heç bir sübuta istinad etməmişdir. Iş materiallarında Qəbələ rayonunda quraşdırıldığı iddia edilən avadanlığın seriya nömrələrinin, zavod nömrələrinin, texniki göstəricilərinin və ya digər fərqləndirici əlamətlərinin ASL*** nömrəli müqavilədə göstərilən lizinq obyekti ilə eyniləşdirilməsinə imkan verən heç bir sənəd mövcud deyildir. Belə olan halda, Qəbələdə hər hansı damlama tipli suvarma sisteminin mövcud olması avtomatik olaraq həmin avadanlığın mübahisə predmeti olan mal olduğunu sübut etmir. Apellyasiya məhkəməsi bu eyniliyin hansı sübutlarla müəyyən edildiyini göstərmədən ehtimala əsaslanan nəticəyə gəlmişdir. Damlama tipli suvarma sistemi 2022-ci il ## #### tarixində Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olmuş, müvafiq gömrük bəyannaməsi tərtib edilmişdir. Gömrük bəyannaməsi malın Azərbaycan Respublikasının gömrük ərazisinə gətirildiyini və gömrük rəsmiləşdirilməsindən keçdiyini təsdiq edən sənəddir. Həmin sənəd satıcı ilə alıcı arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə öhdəliyin icrasını və ya malın alıcıya təhvil verilməsini təsdiq edən hüquqi sənəd hesab edilə bilməz. Bu sənəd yalnız malın xaricdən gəlməsini və idxalçının iddiaçı olmasını sübut etmişdir. Apellyasiya məhkəməsi hüquqi qiymət verməmişdir ki, gömrük bəyannaməsi müqavilənin bağlanmasından əvvəlki dövrə aiddir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 27.Iddiaçı kassasiya şikayətinə qarşı etirazında qeyd etmişdir ki, kassator texniki pasportun, keyfiyyət sertifikatının və başqa sənədlərin verilməməsini bildirmişdir. Bu dəlil əslində suvarma sistemlərinin alınmasının cavabdeh tərəfindən bir daha təsdiqidir. Yəni, mal verilib, ancaq pasportu verilməyib. Amma təhvil-təslim protokolundan görünür ki, maların təhvil verilməsi ilə eyni zamanda xidmət (servis) kitabçası, istismar təlimatı da verilmişdir. Malların verilməsini göstərən sənədin «Təhvil-təslim aktı» yox, «təhvil-təslim protokolu» olması qeyd edilən maddənin pozulması deyil. Əsas məsələ maların təsdiq edilməsini təsdiq edən bir sənədin olamsıdır ki, o da kommersiya mübahisəsi üzrə işdə mövcuddur. Suvarma sistemlərinin 2022-ci ilin iyun ayında gəlməsi bir faktdır. Bunu gömrük bəyannaməsi də təsdiq edir. Maların 2023-cü ilin ## ######ında rəsmiləşdirilməsinə gəldikdə isə bir daha qeyd edilir ki, suvarma sistemləri açıq bazarda satılan bir mal deyil. Onlar xüsusi olaraq sifariş əsasında gətirilir və həmin mala görə subsidiya verildiyini görə hər üç kommersiya qurumu bundan yararlanmağa çalışır. 2022-ci ilin iyun ayından malar sadəcə “xxxx” MMC-nin bağında saxlancda olub və tərəflər sənədləşdirdikdən və təhvil-təslim protokolu imzaladıqdan sonra lizinq verənin, sonra isə lizinq alanın mülkiyyətinə keçib. Tərəflər müqavilə bağlayıb, iddiaçı müqavilə üzrə bütün öhdəlikləri yerinə yetirib. Hazırda məhkəmə mübahisəsinin əsası da ondan ibarətdir ki, cavabdehlər öhdəliklərini yerinə yetirmir. Onların marağının itməsi iddiaçının tələbinin rəddi üçün əsas ola bilməz. Cavabdeh alqı-satqı müqaviləsi, lizinq müqaviləsi və təhvil-təslim protokolunda bir fərq belə görməyib. Hamısının eyni mallar olması danılmaz bir faktdır. Cavabdehin təqdim etdiyi müqavilənin ləğv edilməsi ilə bağlı aktlar 2024-cü il # #### tarixdə imzalanıb və aktın digər tərəfinin hər hansı bir imzası və möhürü yoxdur. Müqavilənin ləğv edilməsinə dair aktı nə zaman göndərilməsi və iddiaçının onu almasına dair hər hansı bir sübut məhkəməyə təqdim edilməyib. Hətta Bakı Apellyasiya Məhkəməsində aktın göndərilməsinə dair sübutun təqdim edilməsi ilə bağlı məhkəmə iclası təxirə salınmışdır. cavabdeh2 MMC öz öhdəliyini yerinə yetirməmək üçün müxtəlif bəhanələr gətirsə də, malın alınmamasına, müqavilənin bağlanmamasına dair və ya görünüş üçün bağlanmasına dair hər hansı bir sübut gətirə bilməmişdir. Kassasiya baxışının hədləri 28.Kassasiya şikayətində iddianın qismən təmin edilən hissəsi mübahisələndirildiyi üçün apellyasiya məhkəməsinin qətnaməsi yalnız həmin hissədə və MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə yoxlanılacaqdır. Tətbiq edilən hüquq 29.Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. “Maddə 340. Uydurma və yalan əqdlərin etibarsızlığı 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.” “Maddə 404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 404.4. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir.” “Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.” “Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə 560. Hüquqdan sui-istifadənin qadağan edilməsi 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi;” “Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə 598. Alınmış əşyanın ödənilməsi 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.” “Maddə 599. Alınan əşyaların qabaqcadan ödənilməsi 599.1. Alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir.” “Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.” 30.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 88. Sübutların qiymətləndirilməsi

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”

“Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.”

“Maddə 407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.”

“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1.Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

31.Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir. 32.Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir. 33.Kassasiya şikayətinin dəlilləri isə əsaslı hesab edilə bilməz. 34.Belə ki, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab etmir və bildirir ki, apellyasiya instansiyası məhkəməsinin qiymətləndirməsi şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə tam cavab verir. Kollegiya həmin hüquqi qiymətləndirmə ilə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür. 35.Əlavə olaraq kollegiya qeyd edir ki, kassasiya şikayətində qeyd edilən təhvil-təslim aktının sübut kimi qəbul edilməsinin yolverilməzliyi, həmin sübutun apellyasiya instansiyasında qəbul edilməsinin MPM-in 372.2-ci maddəsinə zidd olması, malların eyniləşdirilməsinin mümkün olmaması, gömrük bəyannaməsinin hüquqi əhəmiyyət daşımaması, müqavilənin faktiki icra edilməməsi, malların cavabdehə təhvil verilməməsi, müqaviləyə marağın itməsi və borcun yaranmasının sübut edilməməsi barədə arqumentləri də mahiyyət etibarilə apellyasiya instansiyası məhkəməsinin sübutlara verdiyi qiymətləndirmənin yenidən nəzərdən keçirilməsinə hesablanmışdır. 36.Halbuki apellyasiya instansiyası məhkəməsi həmin məsələlərə münasibət bildirmiş, təqdim edilmiş sübutları qarşılıqlı əlaqədə qiymətləndirmiş və gəldiyi nəticəni hüquqi cəhətdən əsaslandırmışdır. Kassasiya şikayətində isə həmin hüquqi əsaslandırmanın maddi və ya prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə nəticələndiyini göstərən əsaslı arqumentlər irəli sürülməmiş, faktiki halların yenidən qiymətləndirilməsi tələb olunmuşdur. 37.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi müəyyən etdiyi faktiki hallar üzrə istinad etdiyi maddi hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə sübutların qəbul edilməsi və qiymətləndirilməsi zamanı MPM-in tələblərinə riayət etmişdir. 38.Kassasiya şikayətinin dəlillərinin işin hallarının tam araşdırılmaması və sübutlara düzgün qiymət verilməməsi ilə əlaqələndirilməsi isə əsassızdır. 39.Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirinə görə kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz. 40.Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarında da qeyd edilmişdir ki, ...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə 2004-cü il ## ##### tarixli Qərarı). 41.Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının araşdırılması və sübutların qiymətləndirilməsi ilə bağlı məsələlər işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilib-verilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilibedilməməsini yoxlayır. 42.Apellyasiya instansiyası məhkəməsi də öz səlahiyyətləri daxilində sübutları və işin hallarını qiymətləndirmiş və müəyyən etdiyi hallara əsasən kassasiya şikayətində qeyd edilən maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmişdir. 43.Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. 44.Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDI:

Cavabdeh cavabdeh2 MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar