Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-368/2026 11.09.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının Iddiaçı İddiaçınin cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun (məruzəsi ilə), Qəribov Bəhman Fərhad oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə borc” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il # #### tarixli *-*(*-*)-***/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları
1. Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh MMC arasında 2024-cü il ## ###### tarixli, ***** saylı “Yanacağın pərakəndə satışı müqaviləsi” bağlanmışdır. Müqaviləyə əsasən dövlət standartlarına cavab verən dizel yanacağın "Smart" kartlar vasitəsilə alıcıya satışını, alıcı isə, yanacağın dəyərinin ödənilməsini və kartın qəbul edilməsini öhdəsinə götürmüşdür.
2. Müqaviləyə əsasən satıcı tərəfindən alıcıya 19 sayda, cəmi dəyəri ƏDV daxil 358.561,70 manat olan elektron qaimə-fakturalar göndərilmiş, həmin qaimələr üzrə alıcı tərəfindən ƏDV daxil 291.267,16 manat məbləğində pul ödənilmişdir.
Iş üzrə məhkəmə icraatı
a) Birinci instansiya məhkəməsindəki icraat
3. Iddiaçı İddiaçı MMC (bundan sonra – “iddiaçı”) cavabdeh Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında bağlanmış 2024-cü il ## ###### tarixli, ***** saylı “Yanacağın pərakəndə satışı müqaviləsi” (bundan sonra – “müqavilə”) üzrə yaranmış 67.295,64 manat məbləğində pulun və 292.00 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 67.587,64 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Iddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış müqavilənin 1.1ci bəndinə əsasən, satıcı müvafiq dövlət standartlarına cavab verən dizel yanacağın “SMART” kartlar vasitəsilə alıcıya satışını, alıcı isə, yanacağın dəyərinin ödənilməsini və kartın qəbul edilməsini öz öhdələrinə götürürlər. Sözügedən müqavilənin 3.2.2-ci bəndinə əsasən, alıcı yanacağın dəyərini satıcı tərəfindən verilən hesab-faktura əsasında sonradan ödəyir. Lakin, cavabdeh tərəfindən müqavilənin 3.2.2-ci bəndi kobud şəkildə pozulmuş, müqavilə üzrə ödənilməli olan ümumi məbləğdən cavabdehin 67.295,64 manat məbləğində borcu qalmış və bu günə kimi sözügedən məbləğ ödənilməmişdir. Belə ki, iş üzrə müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə 358.561,70 manat məbləğində yanacaq satılmış, həmin məbləğ üzrə cavabdeh tərəfindən iddiaçıya müxtəlif vaxtlarda hissə-hissə, son ödəniş 2025-ci il ## ###### tarixində həyata keçirilməklə 291.267,16 manat ödəniş edilmiş və bununla da iddiaçıya 67.295,64 manat məbləğində borcu yaranmışdır.
5. Cavabdehin iddiaya etiraz etmiş və yalnız ödədikləri məbləğ üzrə yanacağı qəbul etdiklərini bildirmişdir.
6. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il # ###### tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim – K.Hüseynov).
7. Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında malların göndərilməsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq 358.651,70 manat məbləğində yanacaq satmış, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş və aldığı yanacağın dəyərini müəyyən olunmuş müddətdə tam, 67.295,64 manatı ödəməmişdir. Cavabdehin iddiaçıya borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla (elektron qaimələr, ödəniş cədvəlləri, hesabat) öz təsdiqini tapmışdır. Buna görə də, iddiaçının cavabdehdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 637.2-ci maddəsinə əsasən satdığı malların dəyərini tələb etmək hüququ yaranmışdır və onun tələbi haqlıdır.
8. Cavabdehin nümayəndəsi ödəniş etdikləri həcmdə yanacaq aldıqlarını, qalan yanacağın verilmədiyini bildirsə də, iddiaçının sistemlərindən çıxartdığı hesabatdan qalan 67.295,64 manat həcmində də yanacaq verdiyi məlum olur. Eyni zamanda cavabdehin nümayəndəsi ödəniş etdiyi hissədə yanacağın verilməsi ilə bağlı tərəflər arasında hər hansı təhvil-təslim aparılmasını təsdiq edən hər hansı sənəd təqdim etməmişdir. Bu da onu göstərir ki, iddiaçı tərəfindən yanacağın verilməsi sistemdəki hesabatla təsdiq olunmuşdur.
9. Məhkəmə mövqeyini MM-in 567, 600.1, 600.4, 627.1, 630.1, 631.1 və 637.2ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 107-ci maddələrinə istinadla əsaslandırmışdır.
10. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il # #### tarixli *-*(*-*)-***/**** nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – L.Əliyeva, hakimlər – T.Mahmudova və Z.Şirinov).
12. Kollegiya qeyd etmişdir ki, iddiaçının cavabdehə ƏDV daxil (358.561,70 manat) məbləğində malların təqdim etməsi faktı həmin mallara dair iddiaçı tərəfindən cavabdehə göndərilmiş elektron qaimələrlə, kartlar üzrə hesabatlarla və elektron qaimələr üzrə cavabdeh tərəfindən edilmiş qismən ödənişlərlə (ƏDV daxil cəmi 291.267,16 manat məbləğində) öz təsdiqini tapmışdır.
13. Iddiaçı tərəfindən yalnız ƏDV daxil 291.267,16 manat məbləğində malların təqdim edilməsi və həmin malların dəyərinin ödənilməsi, iddiaçının ödənilməsini təqdim etdiyi 67.295,64 manat malların təqdim edilməsinə dair sübutların (məs., təhviltəslim aktlarının və s.) olmaması, elektron qaimələrin isə özü-özlüyündə malların təqdim edilməsini birbaşa təsdiq etməməsi barədə cavabdehin dəlillərinə münasibətdə kollegiya qeyd etmişdir ki, cavabdeh təqdim edilməsini mübahisələndirmədiyi mallarla bağlı tərəflər arasında təhvil-təslim aktların mövcudluğu iş materiallarına əsasən müəyyən edilmir. Belə olan halda isə kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır ki, tərəflər arasında işgüzar münasibətlər məhz malların təqdim edilməsinin elektron qaimələr göndərilməklə rəsmiləşdirilməsi istiqamətində formalaşmışdır.
14. Mübahisəli müqavilənin dizel yanacağının alqı-satqısı ilə bağlı bağlanması, təqdim edilmiş elektron-qaimələrin “malın adı” bölməsində dizel ilə yanaşı benzin məhsullarının da qeyd edilməsi barədə cavabdehin dəlillərinə münasibətdə isə qeyd edilmişdir ki, tərəflər arasında mübahisəli müqavilə çərçivəsində dizel alqı-satqısı ilə yanaşı benzin alqı-satqısının da həyata keçirilməsi faktı cavabdehi alınmış dəyərini ödəmək öhdəliyini aradan qaldırmır və hazırkı iddianın rədd edilməsi üçün əsas vermir.
15. Təqdim edilən elektron qaimələrin bir qisminin təsdiq edilməməsi barədə cavabdehin dəlillərinə münasibətdə qeyd edilmişdir ki, iddiaçının tələbini əsaslandırmaq üçün iş materiallarına əlavə etdiyi 9 ədəd elektron qaimənin hər birinin üzərində şrtix-kod mövcuddur, yəni həmin elektron qaimələr təsdiqlənmiş statusa malikdirlər. Digər tərəfdən iddiaçı tərəfindən cavabdehə göndərilmiş elektron qaimələrin siyahısından görünür ki, düzəliş üçün qaytarılmış ƏDV daxil 3,3 manat dəyərində 2025-ci il # #### tarixli elektron qaimə istisna olmaqla digər elektron qaimələr cavabdehin özü və ya sistem tərəfindən təsdiqlənmişdir. Həmçinin o da vurğulanmalıdır ki, düzəliş üçün qaytarılmış 3,3 manat dəyərində MT2504 seriyalı ******** saylı elektron qaimədə göstərilmiş 3 litr A-92 markalı benzinin satışı kartlar üzrə hesabatda (2025-ci il ## #### tarixində Horadizdə kartdan satış) da əks edilmişdir (bax, iş.səh.71, 19-cu sıra).
16. Belə olan halda məhkəmə kollegiyası alqı-satqı münasibətlərində satıcı olan iddiaçı tərəfindən alıcı olan cavabdehə ƏDV daxil 358.561,70 manat mal verildiyini, eləcə də cavabdehin adına olan yanacaq kartlarında istifadə edilməmiş 1,1 manat pulun qaldığını, cavabdehin isə təqdim edilmiş malların müqabilində yalnız ƏDV daxil 291.267,16 manat məbləğində pul ödədiyini nəzərə alaraq hesab etmişdir ki, alqı-satqı müqaviləsi üzrə ƏDV daxil 67.295,64 manat (358.561,7+1,1-291.267,16) məbləğində borcun cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
17. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 442, 443.1, 448.1, 567, 598.1 və 600.1-ci, MPM-in 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
18. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il # ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 1.2-ci bəndi üzrə - məhkəmə elektron qaimə-fakturaları xidmətlərin göstərilməsinin və öhdəliklərin icrasının sübutu kimi qiymətləndirərək cavabdehin hüquqlarının pozulmasına səbəb olmuşdur. Elektron qaimə yalnız vergi uçotu sənədidir, heç bir halda xidmətlərin faktiki icrasını təsdiqləmir. Qeyd edilənlərə əsasən cavabdeh bildirmişdir ki, elektron-qaimənin tərtibi özlüyündə işlərin faktiki icrasını təsdiqləmir, elektron-qaimə yalnız vergi məqsədləri üçün ilkin uçot sənədidir. Məhkəmənin elektron-qaiməyə həddindən artıq hüquqi qüvvə verərək malların təhvil verilməsini məhz elektron qaimə ilə də təsdiqləndiyini bildirməsi Qaydaların məqsədinə zidddir.
20. MPM-in 13.7-ci maddəsi üzrə - məhkəmə subutları qarşılıqlı olaraq qiymətləndirməyib. Iddiaçının öz sistemindən çıxarış (hesabat) kimi təqdim etmiş olduğu sənəddəki kartların cavabdehə təhvil verilib verilmədiyini araşdırmadan yalnız e-qaimələrin mövcudluğuna istinad edərək qərar qəbul etmişdir.
21. MPM-in 217-ci maddəsi üzrə - cavabdehə münasibətdə mübahisələdirilən qətnaməni qanuni və əsaslı hesab etmək olmaz. Məhkəmə tərəfindən maddi və prossesual hüquq normalarının pozuntularına yol verilməsi ilə işə obyektiv baxılmayıb və sonda düzgün olmayan qətnamə çıxarılmışdır.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Kassasiya baxışının hədləri
23. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə tam yoxlanılacaqdır.
Tətbiq edilən hüquq
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.”
“Maddə 598. Alınmış əşyanın ödənilməsi 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.”
“Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.”
25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.”
“Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.”
“Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.”
“Maddə 392. Apellyasiya instansiyası məhkəməsi qətnaməsinin məzmunu 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.”
“Maddə 407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.”
“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1.Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.
27. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.
28. Kassasiya şikayətinin dəlilləri isə əsaslı hesab edilə bilməz.
29. Belə ki, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab etmir və bildirir ki, apellyasiya instansiyası məhkəməsinin qiymətləndirməsi şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə tam cavab verir. Kollegiya həmin hüquqi qiymətləndirmə ilə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.
30. Eyni zamanda, kassasiya şikayətinin dəlilləri mahiyyət etibarilə işin hallarına, mövcud sübutların məzmununa, onların bir-biri ilə əlaqəli şəkildə qiymətləndirilməsinə və çıxarılan faktiki nəticələrə yenidən qiymət verilməsini tələb edir. Belə ki, cavabdeh işin hallarına və sübutlara istinad etməklə apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi faktiki halların fərqli qiymətləndirilməli olduğunu bildirir.
31. Kassasiya şikayətində qeyd edilən prosessual hüquq normalarının pozulması barədə dəlillər də sübutların düzgün qiymətləndirilməməsi və işin hallarının tam araşdırılmaması ilə əsaslandırılmışdır.
32. Halbuki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirinə görə kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.
33. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarında da qeyd edilmişdir ki, ...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə 2004-cü il ## ##### tarixli Qərarı).
34. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının araşdırılması və sübutların qiymətləndirilməsi ilə bağlı məsələlər işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilib-verilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilibedilməməsini yoxlayır.
35. Apellyasiya instansiyası məhkəməsi də öz səlahiyyətləri daxilində sübutları və işin hallarını qiymətləndirmiş və müəyyən etdiyi hallara əsasən kassasiya şikayətində qeyd edilən maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmişdir.
36. Kassasiya şikayətində qeyd olunan prosessual hüquq normalarının pozulması barədə dəlillər o vaxt əsaslı hesab edilə bilərdi ki, apellyasiya məhkəməsi tərəfindən MPM-in 14.1, 217.3, 218.1-ci maddələrinin tələbləri pozularaq işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasın, cavabdehin istinad etdiyi dəlillərə və təqdim edilmiş sübutlara qiymət verilməsin, habelə məhkəmə qətnaməsi əsaslandırılmasın. Lakin hazırkı işdə həmin pozuntulara yol verilməmiş, habelə MPMin 392.2-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən apellyasiya şikayətinin təmin edilmədiyini qətnamədə göstərmişdir.
37. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
38. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il # #### tarixli *-*(*-*)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.