Məhkəmə qərarları › İş №2-2(1-8)-384/2026

Ali Məhkəmə Qərar — İş №2-2(1-8)-384/2026

11.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-384/2026 11.09.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının Iddiaçı Iddiaçı ASC-nin cavabdeh Cavabdeh\ qarşı iş üzrə QƏRARİ Açar sözlər: icarə haqqı tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Iddiaçı Iddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il # #### tarixli *-*(*-*)-**/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları

1. Iddiaçı ASC ilə Cavabdeh arasında 2024-cü il ## ###### tarixli **-IS/** nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, ”xxxx” ASC-yə məxsus Quba rayonunda atmosfer kontrollu (qaz sistemli) soyuducu kamera hər ay 3.000 manat ödəniş etmək şərtilə, müvəqqəti istifadə üçün 4 ay müddətinə Cavabdeh istifadəyə verilmişdir. Müqavilə üzrə ümumi istifadə haqqı 12.000 manat təşkil etmişdir.

Iş üzrə məhkəmə icraatı

a) Birinci instansiya məhkəməsindəki icraat

2. Iddiaçı Iddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – “iddiaçı”) cavabdeh X1 (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12.000 manat məbləğində əsas borc, 912 manat məbləğində cərimə və 128,74 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 13.040,74 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Iddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 2024-cü il ## ###### tarixli **-IS/** nömrəli müqaviləyə əsasən, iddiaçıya məxsus atmosfer kontrollu (qaz sistemli) soyuducu kamera cavabdehin müvəqqəti istifadəsinə verilmişdir. Tərəflər arasında bağlanmış müqavilə şərtlərinə əsasən sözügedən atmosfer kontrollu soyuducu kameran hər ay 3.000 manat məbləğində ödəniş edilməsi müqabilində müvəqqəti istifadə üçün 4 ay müddətinə cavabdehin istifadəsinə verilməsinə baxmayaraq, hansısa ödəniş yerinə yetirilməmişdir. Cavabdehin iddiaçıya hal-hazırda qeyd edilən müqavilə üzrə 12.000 manat məbləğində borcu yaranmışdır. Tərəflər arasında başlanmış müqavilənin 3.2-ci maddəsinə əsasən, istifadə haqqı üzürsüz səbəbdən vaxtında ödənilmədikdə müəyyən edilmiş müddətdən keçən hər gün üçün istifadəçi (cavabdeh) tərəfindən icarə haqqının 0,1 faizi həcmində cərimə ödənilir. Qeyd edilən bəndə əsasən, hazırkı dövrədək olan borcun məbləği 12.000 manat və gecikdirilmiş günlər üzrə hesablanmış cərimənin məbləği 912 manat təşkil etmişdir. Cavabdeh vaxtında iddiaçıya olan borcunu qaytarmadığından iddiaçı dəfələrlə ondan yaranmış borcun ödənilməsini tələb etsə də, cavabdeh bu günə kimi müxtəlif bəhanələrlə borcunu ödəməkdən yayınmışdır. Buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

4. Məhkəmənin 2025-ci il ## ###### tarixli iclasında iştirak etmiş iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, həmçinin bildirmişdir ki, tərəflər arasında bağlanmış 2024-cü il ## ###### tarixli müqavilə istifadə müqaviləsi adlandırılsa da, tərəflər arasında faktiki olaraq icarə münasibətləri mövcud olmuşdur. Soyuducu kamera hazırda da cavabdehin istifadəsindədir. Soyuducu kameranın istifadəsi mövsümi xarakter daşıyır, yəni il ərzində yalnız 4 ay istifadə edilir. Həmin kamera əvvəldən eyni yerdə quraşdırılmışdır və hər il cavabdehə icarəyə verilir. Hətta yaxın zamanda cavabdeh həmin soyuducu kameranı öz mülkiyyətinə keçirəcəkdir. Lakin buna baxmayaraq, cavabdeh soyuducu kameranı istifadə etdiyi müddət üçün ödənişləri ödəməlidir.

5. Cavabdeh birinci instansiya məhkəməsinin iclaslarında iştirak etməmiş və iddiaya etiraz bildirməmişdir.

6. Sumqayıt Kommersiya Məhkəməsinin 2025-ci il ## ###### tarixli e-*-*(***)- ****/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin olunması, cavabdehdən 12000 manat məbləğində əsas borc, 600 manat məbləğində cərimə, 127,8 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 12.727,8 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim – F.Həmidli).

7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında icarə müqaviləsinin hüquqi təbiətinə uyğun olan 2024-cü il ## ###### tarixli **-IS/** nömrəli müqavilə bağlanmış, müqavilə öhdəliyinə uyğun olaraq iddiaçı atmosfer kontrollu (qaz sistemli) soyuducu kameranı hər ay 3.000 manat məbləğində ödəniş edilməsi şərtilə, müvəqqəti istifadə üçün 4 ay müddətinə cavabdehin istifadəsinə (icarəsinə) vermiş, cavabdeh isə müqavilə öhdəliklərinə tam riayət etməyərək həmin obyektin istifadəsi (icarəsi) ilə əlaqədar ödənişləri icra etməmiş və nəticədə onun iddiaçıya 12.000 manat məbləğində borcu yaranmışdır.

8. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, 2024-cü il t23 noyabr arixli **- IS/** nömrəli müqaviləyə əsasən cavabdehdən 12.000 manat məbləğində borcun iddiaçının xeyrinə tutulması hissəsi əsaslıdır və təmin edilməlidir.

9. Iddia tələbinin cavabdehdən 912 manat məbləğində cərimənin tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan (müqavilənin yuxarıda istinad edilmiş 3.2-ci bəndi) iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

10. Qeyd olunanlarla bağlı məhkəmə hesab etmişdir ki, tələb olunan cərimənin əsas borc məbləğinə nisbəti, o cümlədən həm iddiaçının, həm də ki, cavabdehin əmlak mənafeləri və işin digər halları nəzərə alınmaqla iddia tələbinin cavabdehdən 912 manat məbləğində cərimənin tutulmasına aid hissəsi qismən təmin edilməli, tələb edilən cərimənin məbləği azaldılaraq cavabdehdən cəmi 600 manat məbləğində cərimə tutulmalıdır.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 425.1, 427.3, 462.1, 465.2, 467, 675, 700.1, 700.2, 700.3-cü Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 88, 106.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

12. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il 4 mart tarixli *-*(*-*)-**/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim Z.Məmmədov, hakimlər İ.Dəmirov və R.Xəlilov).

14. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin əsaslandırması və gəldiyi nəticə ilə razılaşmış və əlavə olaraq apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, cavabdehin apellyasiya şikayətinin əsas dəlilinə görə tərəflər arasında hazırkı mübahisə predmeti olan avadanlıqlarla bağlı alqı-satqı müqaviləsi bağlanmış və avadanlıqların ümumi dəyəri 70.000 manat qiymətləndirilmişdir. Müqavilənin 3.1-ci bəndində göstərildiyi kimi həmin avadanlığın dəyərini təşkil edən vəsaiti 2025-ci ilin ## ###### tarixədək tam ödənməli olduğundan və yalnız tam ödəniş olduqdan sonra müqavilə cavabdehə təqdim edildiyindən həmin müqaviləni vaxtında məhkəməyə təqdim edə bilməmişdir.

15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh qeyd olunan dəlillərlə əlaqədar tərəflər arasında atmosfer kontrollu (qaz sistemli) soyuducu kameraya dair bağlanmış 2025-ci il ## ###### tarixli alqı-satqı apellyasiya baxışı zamanı məhkəmə kollegiyasına təqdim edildiyindən həmin müqavilə MPM-in 372.2-ci maddəsinin tələbləri baxımından ümumiyyətlə sübut kimi qəbul edilməməlidir. Belə ki, hazırkı mübahisəyə birinci instansiya məhkəməsində baxılarkən məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh hər-hansı üzrlü səbəblər göstərmədən məhkəmə iclaslarında iştirak etməmiş, həmin müqavilənin birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırmamışdır.

16. Digər tərəfdən həmin müqavilənin mövcudluğu iddia tələbinin təmin olunmasını aradan qaldıran hal kimi də qiymətləndirilə bilməz. Belə ki, nə iddiaçının iddiasını əsaslandırdığı 2024-cü il ## ###### tarixli müqavilədə, nə də cavabdehin təqdim etdiyi 2025-ci il ## ######## tarixli alqı-satqı müqaviləsində cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri (istifadəyə görə nəzərdə tutulmuş 12.000 manat pulun alğısatqı müqaviləsində ümumi məbləğdən çıxılmalı olması) təsdiq edən hər-hansı şərt müəyyən olunmamışdır. Iddiaçı tərəflər arasında avadanlığın istifadəsinə dair müqavilə bağlanarkən həmin avadanlığın gələcəkdə alqı-satqı yolu ilə cavabdehin mülkiyyətinə keçiriləcəyi təqdirdə icarə haqqının alqı-satqı məbləğindən çıxılacağı ilə bağlı hər-hansı mötəbər sübut təqdim etməmiş, məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi həm birinci instansiya məhkəməsində, həm də apellyasiya instansiya məhkəməsində verdiyi izahatlarda müvafiq avadanlığın sonradan cavabdehin mülkiyyətinə keçsə belə, həmin avadanlıqdan istifadəyə görə 12.000 manat borcun ödənilməli olduğunu və həmin məbləğin alq-satqı zamanı avadanlığın ümumi dəyərindən silinəcəyi ilə bağlı tərəflər arasında hər hansı razılıq olmadığını bildirmişdir. Eyni zamanda 2024-cü il ## ###### tarixli müqavilənin 2.3-cü bəndində qeyd olunmuşdur ki, soyuducu kameranın istifadəyə verilməsi onun üzərində mülkiyyət hüququnun yaranmasına səbəb olmur, ancaq istifadə hüququ yaradır.

17. Məhkəmə kollegiyası yaranmış mübahisəni müqavilə şərtləri çərçivəsində həll etməklə və tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmaqla belə qənaətə gəlmişdir ki, istifadə hüququ qaydasında cavabdehin icarəsinə verilmiş avadanlığın 4 aylıq istifadəsi üçün 12.000 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, 2024-cü il ## ###### tarixli müqavilənin 2.2.2-ci maddəsinə əsasən istifadəçi müqavilə şərtlərinə tam uyğun qaydada istifadə haqqını ödəməyi öhdəsinə götürmüş, lakin öhdəliklərini yerinə yetirməyərək avadanlığın 4 aylıq istifadəsi üçün aylıq ödənişləri həyata keçirməmişdir.

18. Məhkəmə kollegiyası gəldiyi nəticəni MM-in 385.1, 425.1, 427.3, 675, 700.1, 700.2, 700.3-cü, MPM-in 14.2, 77.1, 88, 217.1, 217.3, 217.4, 372, 372.1, 372.2, 372.6, 372.7, 384.0.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

19. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

20. MM-in 385.1-ci maddəsi üzrə - iddiaçının hazırkı tələb üzrə öz hərəkətlərinə hüquqi ixtiyar verən subyektiv hüququn üç əsas elementinin heç biri tələb irəli sürülən anda mövcud olmamışdır.

21. MM-in 152-ci maddəsi üzrə - mübahisə predmeti olan və iddianın əsaslandırılması üçün istinad olunan əşyaya mülkiyyət hüququnun cavabdehə məxsus olması ilə bağlı işin hallarına düzgün hüquqi qiymət verilməmiş, alqı-satqı bağlandığı andan icarə münasibətlərinə xitam verildiyi nəzərə alınmamışdır.

22. Digər məsələlər hissəsində qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tələb olunan icarə haqqı üzrə məbləğlə bağlı yüklülüklərin həmin əmlakı alqısatqı yolu ilə özgəninkiləşdirdiyi andan cavabdehə keçməsinə və həmin andan da həmin yüklülüklərin tələbetmə hüququnun iddiaçı tərəfə aid olmamasına, qeyd olunan yüklülüklə bağlı susqunluq nümayiş etdirməklə və sonradan hazırkı tələbi irəli sürməklə iddiaçının mülki hüququn əsas prinsipi olan “vicdanlılığın tələb etdiyi tərzdə davranmalı olması” prinsipini pozmaqla cavabdehə qarşı ədalətsiz mövqe sərgiləməsinə, hüquqdan suiistifadəyə yol verməsinə dair işin hallarına düzgün hüquqi qiymət verməmiş, faktiki mülkiyyətçi olan şəxsdən həmin əmlakın kirayədə olma haqqının tutulması kimi geriyə dönüşü əks etdirən hüquqi nəticəyə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri

24. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə tam yoxlanılacaqdır.

Tətbiq edilən hüquq

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.”

“Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.”

“Maddə 427. Öhdəliyin icrası müddəti 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.”

“Maddə 675. Əmlak kirayəsi müqaviləsi Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.”

“Maddə 700. Icarə müqaviləsi 700.1. Icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. Icarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. Icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.”

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.”

“Maddə 407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.” “Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.

28. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.

29. Kassasiya şikayətinin dəlilləri isə əsaslı hesab edilə bilməz.

30. Belə ki, məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab etmir və bildirir ki, apellyasiya instansiyası məhkəməsinin qiymətləndirməsi şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə tam cavab verir. Kollegiya həmin hüquqi qiymətləndirmə ilə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.

31. Əlavə olaraq şikayətin dəlillərinə dair kollegiya qeyd edir ki, hazırkı mübahisənin predmeti avadanlığın sonradan kimin mülkiyyətinə keçməsi deyil, həmin avadanlıqdan əvvəlki dövrdə müqavilə əsasında istifadə edilməsinə görə yaranmış pul öhdəliyinin icra olunub-olunmamasıdır. Sonrakı tarixdə bağlanmış alqı-satqı müqaviləsinin mövcudluğu əvvəlki müqavilə üzrə artıq yaranmış və icra edilməmiş pul öhdəliyini, tərəflər arasında bunun əksinə dair razılaşma olmadıqda, aradan qaldırmır.

32. Eyni zamanda, cavabdehin iddiaçının vicdanlılıq prinsipini pozması, hüquqdan sui-istifadə etməsi və ədalətsiz mövqe sərgiləməsi barədə dəlilləri də əsassızdır. Çünki həmin dəlillərin əsasını təşkil edən hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış, məhkəmə tərəflərin müqavilə üzrə öhdəliklərini və müqavilə şərtlərini nəzərə alaraq müvafiq hüquqi qiymətləndirmə aparmışdır.

33. Kassasiya şikayətinin dəlillərinin işin hallarının tam araşdırılmaması ilə əlaqələndirilməsi isə əsassızdır.

34. Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirinə görə kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının araşdırılması və sübutların qiymətləndirilməsi ilə bağlı məsələlər işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilibverilməməsi

35. və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır.

36. Apellyasiya instansiyası məhkəməsi də öz səlahiyyətləri daxilində sübutları və işin hallarını qiymətləndirmiş və müəyyən etdiyi hallara əsasən kassasiya şikayətində qeyd edilən maddi hüquq normalarının pozulmasına yol verməmişdir.

37. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

38. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDI:

Cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il # #### tarixli *-*(*-*)-**/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar