Məhkəmə qərarları › İş №2(3-6)-3811/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-3811/2026

14.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-3811/2026 14.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Babayev Fuad Fikrət oğlu və Bəhrəmzadə Sabit Xanlar oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 qızının katibliyi ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh İB-nə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)- ***/**** saylı, ## ### 2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ##.##.2024-cü il tarixində 1123200410 qeydiyyat nömrəsi ilə İddiaçı adına qeydiyyata alınmışdır. Həmin ünvanda iddiaçının istifadəsində olan smart-kart tipli qaz sayğacı istifadəyə yararsız vəziyyətə düşmüş, bundan sonra abonent hesabında 542,80 manat məbləğində borc yaranmışdır. Hazırda iddiaçı həmin borcun silinməsini xahiş edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı İddiaçı cavabdeh Cavabdeh İB-nə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bakixanov qəs, Zabrat küç, **A nömrəli ünvanda yerləşən evə dair adına əsassız hesablanmış 542,80 manat məbləğində borcun ************** nömrəli abonent kodundan silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Zabrat küçəsi **A nömrəli ev onun xüsusi mülkiyyətindədir. Evin qaz sayğacı kartla işləyir və o, müəyyən məbləğdə karta pul yükləyərək qaz sayğacından istifadə edir. Lakin, qaz sayğacı 2025-ci ilin may ayında xarab olmuş və sayğacda 542,80 manat borc yazılmışdır. Halbuki, iddiaçı həmin məbləğdə qazdan istifadə etməmişdir. Qaz sayğacı xarab olaraq ona borc göstərmişdir. İddiaçı həmin ayda kartına 20 manat pul yükləmiş və qazdan istifadə etmişdir. Cavabdeh İB-nin nümayəndəsi sayğaca baxış keçirmiş və sayğacı yoxlamaq üçün çıxarıb aparmışdır. Hazırda ona məxsus evə mexaniki sayğac quraşdırılmışdır. Cavabdeh İB əsassız olaraq yazılmış borcu ondan tələb edir və iddiaçı həmin borc ilə razı olmadığından, məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən hesablanmış borc abonent kodundan silinməlidir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## ### 2026-cı il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh istehsalat Birliyi tərəfindən *************** nömrəli abonent koduna hesablanmış 542,80 manat məbləğində borcun silinməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının istifadəsində olan smart-kart tipli qaz sayğacı istifadəyə yararsız vəziyyətə düşmüş, bundan sonra abonent hesabında 542,80 manat məbləğində borc yaranmışdır. Cavabdeh İB-nin nümayəndəsi məhkəmə iclasında sayğacın müddətinin bitdiyini və “mənfiyə işlədiyini” etiraf etmişdir. Lakin, cavabdeh tərəfindən həmin borcun hansı konkret sərfiyyata, hansı dövr üzrə istifadəyə və hansı texniki göstəricilərə əsasən hesablandığını təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Həmçinin məhkəmə hesab etmişdir ki, cavabdehin bu izahatı əslində sayğacın texniki cəhətdən nasaz vəziyyətdə olduğunu təsdiq edir. “Qazdan istifadə Qaydaları”nın 4.8-ci maddəsinə əsasən isə, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə məsuliyyət məhz qaz paylayıcısının üzərinə düşür. Bu səbəbdən sayğacın istismar müddətinin bitməsi və ya texniki nasaz vəziyyətə düşməsi istehlakçının deyil, qaz paylayıcısının nəzarət və cavabdehlik sahəsinə aid hal hesab olunur. Həmçinin “Qaz sayğaclarının çıxarılması və Dövlət qeydiyyatına göndərilməsi qaydaları”na əsasən sayğac dövlət yoxlamasına göndərildikdə onun göstəriciləri və texniki vəziyyəti barədə müvafiq sənədləşdirmə aparılmalıdır. Cavabdeh tərəfindən sayğacın yoxlanılmasının nəticələrinə dair hər hansı akt və ya borcun düzgün hesablandığını təsdiq edən sənəd təqdim edilməmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdehin istinad etdiyi hallar ehtimal xarakterli olmaqla iddiaçıya hesablanmış borcun qanuni və əsaslı olmasını təsdiq etmir. Məhkəmə sübutları qiymətləndirərkən “əsaslı şübhədən kənar” sübut standartından çıxış etməlidir. Hazırkı işdə cavabdeh tərəfindən təqdim edilmiş izahat və sənədlər həmin standart baxımından kifayət etmir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçının abonent koduna hesablanmış 542,80 manat məbləğində borc əsaslı hesab edilə bilməz və həmin məbləğin abonent hesabından silinməsi barədə iddia təmin olunmalıdır. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən qaz sayağacı mənfiyə işləməsi səbəbindən (sayğac ağıllı mexanizminin dayanması vəsait qurtararsa bloklaya bilməməsi lakin mexaniki hissəsi isə işləyərək qaz sərfiyatını qeydə alması) iddiaçı tərəfindən özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə birliyin əməkdaşları tərəfindən tərtibir görülmüşdir. Daha sonra həmin akt əsasında “Dəymiş ziyanın bərpasına dair” tələbnamə təsdiq edilmişdir (iş materialarında vardır). Həmin tələbnaməyə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həcminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi, iddiaçı İddiaçı qanunazid, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacın işləməməsi səbəbilə qeyri-qanuni istifadə etməklə Cavabdeh İB-nə böyük məbləğdə ziyan vurmuşdur. Belə olan halda birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək, səhv nəticəyə gələrək, əsassız qətnamə qəbul etmişdir. Halbuki, iş materiallarına əlavə edilmiş sübutlar iddia tələbinin rədd edilməsinə əsas verdiyi halda, birinci instansiya məhkəməsi əsassız yerə iddia tələbini təmin etmişdir. İddiaçının ona vurulmuş maddi zərərin əvəzini tam ödənilməsini tələb etmək və s. hüququnun olmasına, həmçinin buna əsas olan sübutların olmasına, həmin maddi hüquq normasına qətnamədə istinad olunmasına baxmayaraq, birinci instansiya məhkəməsi iddia tələbinin vurulmuş maddi zərərin əvəzinin cavabdehdən tutulması hissəsində qismən təmin etməklə səhv nəticəyə gəlmiş, qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi sübutlara faktların müəyyən edilməsi, mötəbərliyi baxımından obyektiv, qərəzsiz, hərtərəfli araşdırılmasını və sonra hüquq normalarına müvafiq olaraq düzgün qiymətləndirilməsini təmin etməmişdir. Belə olmasaydı 1-ci instansiya məhkəməsi iddia tələbinin rəd ediməsini qət edərdi. Mülki iş, abonent saldosu, aktlar araşdırılsada və qeyri-obyektiv nəticə əldə edilərək qətnamə çıxarılmışdır. Bundan başqa, iddiaçı İddiaçı aid olan 100405701810000 abonent koduna hesablanaraq vurulmuş məbləğ onun tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Eyni zamanda, iddia tələbinin təmin edilməsi abonenti təbii qazla təchiz edən və onun dəyərini yığmaq öhdəliyini daşıyan Cavabdeh İstehsalat Birliyinin hüququnun pozulması kimi qiymətləndirilməlidir. Sayğacdan kənar xəttə qanunsuz qoşulma öz-özlüyündə sayğaca təbii qazın sərfiyyatının istifadə olunan qədərindən az göstərilməsinə nail olmaq üçün edilən hərəkət kimi qiymətləndirilməlidir. Cavabdeh tərəfindən qanunsuz istifadə edilmiş təbii qazın həcmini (qeydə alınmayan) hesablayaraq müvafiq akta qeyd etmişdir. Belə ki, dəymiş ziyan həcmi birliyin mütəxəssisləri tərəfindən hesablanmışdır. Dəymiş ziyanın həcminin hesablanmasında mütəxəssislər abonentin faktiki istifadəsində olan qaz cihazlarının (işlədiciləri) sərfiyyat göstəriciləri əsasında hesabat aparmışlar. Məlum məsələdi ki, abonent təbii qazı sayğacsız istifadə edərkən qənaət etmək barədə düşünməyəcək, əksinə israf edərək təbii qazı talayacaqdır. Bunun nəticəsi olaraq da, birinci instansiya məhkəməsinin gəldiyi səhv nəticə qazpaylayıcı şirkətin hüquqlarını kobud surətdə pozmuşdur. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş tərəflər Məhkəmə Kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci ilin ## ### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: (əvvəllər qüvvədə olan) 4.5. Qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 4.6. Qaz sayğaclarının üzərində AİBNDA-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “Qaz sayğaclarının çıxarılması və dövlət qeydiyatına göndərilməsi qaydaları”:

2. Dövlət yoxlamasına gətirilən sayğacların qeydiyyatı və sənədləşdirilməsi. 2.1. Sayğaclar xətdən açıldıqdan sonra 10 iş günü (Bakı, Sumqayıt, Abşeron üzrə 5 iş günü) müddətində “İnformasiya Texnologiyaları və Rabitə İdarəsinə” gətirilir. 2.2. Dövlət yoxlamasına gətirilən sayğacın, qəbul edilərkən göstəricisi və plombların nömrəsi siyahıda göstərilən rəqəmlərə uyğun olmadıqda xüsusi qeydiyyat aparılır və “İnformasiya Texnologiyaları və Rabitə İdarəsi” tərəfindən Cavabdeh İstehsalat Birliyinə məlumat verilir. 2.3. İstehlakçının istəyi ilə qaz xəttinin üzərindən açılmış sayğacının yoxlanılmasının bütün mərhələlərində, həmçinin sınaq qurğusunda iştirakı təmin edilir.

Mülki Prosessual Məcəllə:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Məhkəmə Kollegiyasının mövqeyi

Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq, tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarından müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ##.##.2024-cü il tarixində 1123200410 qeydiyyat nömrəsi ilə İddiaçı adına qeydiyyata alınmışdır. Həmin ünvanda iddiaçının istifadəsində smart-kart tipli qaz sayğacı olmuş, sonradan həmin sayğacın nasaz vəziyyətə düşməsi ilə əlaqədar abonent hesabında 542,80 manat məbləğində borc yaranmışdır. İddiaçı həmin borcun faktiki qaz sərfiyyatına uyğun olmadığını, sayğacın nasazlığı nəticəsində formalaşdığını bildirərək 542,80 manat məbləğində borcun abonent kodundan silinməsini tələb etmiş, birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Apellyasiya şikayətinin dəlillərindən isə görünür ki, cavabdeh həmin məbləğin iddiaçının sayğacın işləməməsindən istifadə etməklə təbii qazdan qanunsuz istifadə etməsi nəticəsində yaranmış zərərin əvəzi olduğunu iddia edir. Cavabdehin mövqeyinə görə, sayğacın ağıllı mexanizminin dayanmasına və vəsait bitdikdə bloklanmamasına baxmayaraq, mexaniki hissənin işləməsi nəticəsində qaz sərfiyyatı qeydə alınmış, bu hal əsasında akt tərtib edilmiş və dəymiş ziyanın bərpasına dair tələbnamə hazırlanmışdır. Məhkəmə Kollegiyası “Qazdan istifadə Qaydaları”nın 4.8-ci, 4.9, 5.2-ci maddələrinin tələbləri baxımından hesab edir ki, cavabdehin göstərilən dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, hazırkı mübahisənin həlli baxımından, ilk növbədə müəyyən edilməli olan məsələ 542,80 manat məbləğində borcun hansı hüquqi və faktiki əsasla hesablanması, həmin məbləğin konkret hansı dövr üzrə qaz sərfiyyatına aid olması və bu sərfiyyatın hansı mötəbər məlumatlar əsasında müəyyən edilməsidir. Hazırkı iş üzrə cavabdeh tərəf özü də sayğacın normal işləmədiyini və “mənfiyə işlədiyini” bildirmişdir. Belə olan halda, sayğacın texniki nasazlığı ilə əlaqədar yaranmış vəziyyətin istehlakçının təqsirli hərəkəti nəticəsində baş verdiyini sübut etmək cavabdehin üzərinə düşür. Lakin iş materiallarında iddiaçının sayğaca müdaxilə etməsi, sayğacdan kənar qaz xəttinə qanunsuz qoşulması, sayğacın plombuna və ya digər hissələrinə müdaxilə etməsi, yaxud qaz sərfiyyatının qəsdən qeydə alınmamasına yönəlmiş hər hansı hərəkətə yol verməsi barədə mötəbər və obyektiv sübut mövcud deyildir. Cavabdeh tərəfindən istinad edilən aktın və həmin akt əsasında tərtib edilmiş “Dəymiş ziyanın bərpasına dair” tələbnamənin mövcudluğu öz-özlüyündə iddiaçının qaz xəttinə qanunsuz qoşulmasını və təbii qazdan qeyri-qanuni istifadə etməsini sübut etmir. Həmin sənədlərdə göstərilən nəticənin hansı obyektiv texniki göstəricilərə, ölçmə nəticələrinə və ya digər müstəqil sübutlara əsaslandığı müəyyən edilməlidir. Halbuki, cavabdeh tərəfindən bu halı təsdiq edən mötəbər texniki sənəd, dövlət yoxlamasının nəticəsi və ya digər obyektiv sübut məhkəməyə təqdim edilməmişdir. Xüsusilə qeyd edilməlidir ki, sayğacın “mənfiyə işləməsi” ilə istehlakçının sayğacdan kənar xəttə qanunsuz qoşulması arasında birbaşa və zəruri səbəbli əlaqə yoxdur. Sayğacın texniki nasazlığı qaz paylayıcısının üzərinə düşən məsuliyyət məsələsini yaradırsa, sayğacdan kənar qanunsuz qoşulma isə istehlakçının konkret təqsirli hərəkətinin sübut edilməsini tələb edir. Cavabdeh bu iki fərqli halı eyniləşdirməklə kifayətlənmiş, lakin iddiaçının məhz qanunsuz qoşulma yolu ilə qaz sərf etdiyini sübut edə bilməmişdir Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi “abonent qazı sayğacsız istifadə edərkən qənaət etmək barədə düşünməyəcək, əksinə israf edəcəkdir” məzmunlu mülahizələr isə kollegiyanın qənaətinə görə sübutetmə vasitəsi kimi qəbul edilə bilməz. Belə ki, bu qəbildən olan ehtimallar konkret istehlakçının konkret dövrdə faktiki olaraq nə qədər qaz istifadə etdiyini və qanunsuz istifadə edib-etmədiyini təsdiq etmir. Mülki prosessual qanunvericiliyə əsasən tərəfin istinad etdiyi hal ehtimal və fərziyyə ilə deyil, müvafiq və mötəbər sübutlarla təsdiq edilməlidir. Mülki Prosessual Məcəllənin 77.1ci maddəsi də hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğunu müəyyən edir. Bu baxımdan, cavabdehin “sayğacdan kənar xəttə qanunsuz qoşulma” barədə dəlili xüsusi əhəmiyyət daşıyır. Lakin həmin dəlilin təsdiqi üçün iddiaçının qaz xəttinə müdaxilə etdiyini göstərən texniki baxış aktı, plombun pozulmasını təsdiq edən sənəd və ya digər obyektiv sübutlar təqdim edilməmişdir. Təkcə cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş aktda belə bir nəticənin göstərilməsi həmin nəticənin mübahisəsiz və mötəbər fakt kimi qəbul edilməsinə imkan vermir. Əksinə, iş materiallarından görünür ki, nasaz olduğu bildirilən smart-kart tipli qaz sayğacı sonradan qaz paylayıcısı tərəfindən çıxarılmış və hazırda ünvanda mexaniki qaz sayğacı quraşdırılmışdır. Lakin çıxarılmış sayğacın texniki vəziyyətinin dövlət yoxlaması nəticəsində müəyyən edilmiş konkret göstəriciləri, sayğaca müdaxilə olub-olmaması və onun nasazlığının səbəbləri barədə işə mötəbər sənəd təqdim edilməmişdir. “Qaz sayğaclarının çıxarılması və Dövlət qeydiyyatına göndərilməsi qaydaları”nın 2.1 və 2.2-ci bəndləri sayğacların dövlət yoxlamasına təqdim edilməsi və onların göstəricilərinin, plomblarının sənədləşdirilməsi ilə bağlı müvafiq prosedur müəyyən edir. Hazırkı iş üzrə isə sayğacın yoxlanılması nəticəsində onun texniki vəziyyətini və iddiaçının müdaxiləsini təsdiq edən mötəbər nəticə təqdim olunmadığından, cavabdehin hesablamasının düzgünlüyünü yalnız həmin tərəfin öz izahatı və tərtib etdiyi sənədlər əsasında qəbul etmək mümkün deyildir. Məhkəmə Kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi cavabdehin təqdim etdiyi sübutları nəzərdən keçirmiş, sayğacın nasaz olması, borcun hansı sərfiyyat və hansı texniki göstəricilər əsasında hesablanmasının müəyyən edilməməsi, habelə iddiaçının qanunsuz qoşulma və ya digər təqsirli hərəkətinin mötəbər sübutlarla təsdiq edilməməsi hallarını düzgün qiymətləndirmişdir. Beləliklə, cavabdeh tərəfindən iddiaçıya hesablanmış 542,80 manat məbləğində borcun faktiki sərf edilmiş qazın dəyəri olduğunu, yaxud iddiaçının təqsirli və qanunsuz hərəkətləri nəticəsində qeydə alınmamış qaz sərfiyyatına görə hesablandığını sübut edən kifayət qədər mötəbər sübutlar təqdim edilməmişdir. Məhkəmə Kollegiyası həmçinin hesab edir ki, apellyasiya şikayətinin “dəymiş ziyanın cavabdeh tərəfindən hesablandığına görə həmin məbləğin iddiaçı tərəfindən ödənilməli olması” barədə dəlili də əsassızdır. Belə ki, zərərin məbləğinin cavabdehin öz əməkdaşları tərəfindən hesablanması həmin məbləğin mötəbər və mübahisəsiz hesab edilməsi üçün əsas deyildir. Əvvəlcə istehlakçının qanunsuz və təqsirli hərəkəti, həmin hərəkətlə zərər arasında səbəbli əlaqə və zərərin faktiki məbləği sübut edilməlidir. Hazırkı işdə isə bu halların məcmusu mötəbər sübutlarla təsdiq olunmamışdır. Kollegiyanın qənaətinə görə cavabdehin apellyasiya şikayətində istehlakçının təqsirli hərəkətləri nəticəsində qaz paylayıcısına vurulmuş zərərin ödənilməsinə dair müqavilə müddəalarına istinad etməsi də nəticəni dəyişmir. Belə ki, ilk növbədə iddiaçının hüquqazidd və təqsirli hərəkətinin, o cümlədən qazdan qanunsuz istifadə etməsinin sübuta yetirilməsi zəruridir. Belə sübut olmadığı halda, həmin normaların iddiaçıya qarşı tətbiqi üçün hüquqi əsas yaranmır. Eyni zamanda, birinci instansiya məhkəməsinin qətnaməsində qeyd edilən kimi, fiziki şəxs olan istehlakçının qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə məsuliyyətin qaz paylayıcısının üzərinə qoyulması barədə “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndi də nəzərə alınmalıdır. Bu normanın mövcudluğu qarşısında sayğacın texniki nasazlığından yaranan nəticələrin istehlakçının üzərinə qoyulması yalnız həmin nasazlığın istehlakçının təqsirli hərəkəti nəticəsində baş verdiyi mötəbər sübutlarla müəyyən edildikdə mümkün ola bilər. Beləliklə, apellyasiya şikayətinin dəlilləri əsasən cavabdehin öz əməkdaşlarının izahatına, aktına və həmin akt əsasında aparılmış hesablamaya əsaslanır. Lakin həmin sənədlərlə iddiaçının konkret olaraq sayğacdan kənar xəttə qanunsuz qoşulması və qeydə alınmamış qazdan istifadə etməsi mötəbər şəkildə sübuta yetirilməmişdir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət verməlidir və heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bu baxımdan birinci instansiya məhkəməsinin cavabdeh tərəfindən təqdim edilmiş sübutların 542,80 manat məbləğində borcun qanuni və əsaslı olmasını təsdiq etmək üçün kifayət etmədiyi barədə nəticəsi işin müəyyən edilmiş faktiki hallarına və sübutların qiymətləndirilməsi qaydalarına uyğundur. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas yaratmır. Birinci instansiya məhkəməsi iddiaçının abonent koduna hesablanmış 542,80 manat məbləğində borcun əsaslı və qanuni hesablanmasını cavabdehin sübut edə bilmədiyini düzgün müəyyən etmiş və iddianın təmin edilməsi barədə qanuni və əsaslı nəticəyə gəlmişdir. Eyni zamanda, Məhkəmə Kollegiyası cavabdeh tərəfindən aktda göstərilən müdaxilənin məhz iddiaçı tərəfindən edilməsini təsdiq edən hər hansı sübutun məhkəmələrə təqdim edilməməsi aktda əks olunan halları həqiqətə uyğun olmayan hallar kimi qiymətləndirir və iddiaçının mübahisələndirdiyi borcun itirilmiş qazın məbləğinə görə yaranmış borc olmasına dair apellyasiya şikayətinin dəlilləri əsassızdır. Qeyd olunanlara əsasən, Məhkəmə Kollegiyasının qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası,

Qət etdi:

Cavabdeh Cavabdeh İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## ### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar