Məhkəmə qərarları › İş №2-2(1-8)-443/2026

Ali Məhkəmə Qərar — İş №2-2(1-8)-443/2026

22.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-443/2026 22.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xxxx xxxx Agentliyinin cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: lizinq müqaviləsi, lizinq ödənişləri, öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qarayev Sənan Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Işin halları

1. “xxxx” ASC ilə Cavabdeh xxxx “MMC”) arasında bağlanmış 2014-cü il ## ######## tarixli **-LA/** nömrəli lizinq müqaviləsinə (bundan sonra – “lizinq müqaviləsi”) əsasən lizinq verən ümumi dəyəri 2.248.800 manat olan Samux rayonunda 2 ha sahədə xüsusi polietilen örtüklü kompleks istixana avadanlıqlarının (bundan sonra – “Obyekt”) dəyərini lizinq ödəniş qrafıkində (* nömrəli əlavə) göstərilən qaydada ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 10 il müddətədək lizinqə verir. Həmin müqavilələrin 4.2-ci bəndinə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir.

2. Lizinq müqaviləsinə cərimənin hesablanması qrafikinə əsasən lizinq alan tərəfindən texnika üçün 2018-ci ilin III rübündən başlayaraq 2024-cü ilin III rübünə qədər olan dövrdə ümumilikdə 92.529,17 manat məbləğində cərimə ödənişləri edilməli idi.

3. Lizinq müqaviləsinə cərimənin hesablanması qrafikinə əsasən lizinq alan tərəfindən texnika üçün 2014-cü ilin IV rübündən başlayaraq 2024-cü ilin IV rübünə qədər olan dövrdə ümumilikdə 168.660 məbləğində cərimə ödənişləri edilməli idi.

4. 2018-ci il ## #### tarixli D-**-LA/** nömrəli lizinq müqaviləsinə dəyişiklik edilməsi barədə tərəflər arasında razılaşma imzalanmışdır.

5. “xxxx” ASC-nin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2020-ci il ## ###### tarixli **** nömrəli Fərmanına əsasən “xxxx” ASC-nin adı dəyişdirilərək “xxxx” ASC adlandırılmış və “xxxx” ASC-nin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Agentliyinə keçmişdir.

6. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il # #### tarixli e-*-*(***)-***/**** nömrəli qətnaməsi ilə cavabdeh MMC-dən 2015-ci il ## ###### tarixli ***-GL/** nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi 2023-cü il ## ###### tarixinə hesablanmış 1.388 manat gecikdirilmiş borc və 65 manat cərimə borcu; 2014-cü il ## ######## tarixli **-LA/** nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi 2023-cü il ## ###### tarixinə hesablanmış 1.251.168 manat gecikdirilmiş borc və 60.000 manat cərimə borcu, hüquqi yardımla bağlı 500 manat, 400 manat mediasiya xərci olmaqla, cəmi 1.312.621 manat məbləğində pul vəsaiti tutularaq xxxx Agentliyin xeyrinə ödənilməsi qət edilmişdir.

7. Agentlik tərəfindən verilmiş 2025-ci il # ###### tarixli maliyyə arayışına əsasən 2018ci il ## #### tarixli D-**-LA/** nömrəli lizinq müqaviləsi üzrə lizinq alan MMC-nin gecikdirilmiş borcu 379.212 manat, cərimə borcu 92.529,17 manat olmaqla cəmi borc 471.741,17 manat təşkil edir.

8. Agentliyinin pretenziya məktubu ilə təsdiq edilir ki, MMC-yə lizinq müqaviləsi üzrə borcun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

Iş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

9. Agentlik (bundan sonra – “xxxx”) 2024-cü il ## ###### tarixində MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, lizinq müqaviləsi üzrə maliyyə arayışının tərtib edildiyi 2024-cü il # ###### tarixinə hesablanmış 379.212 manat gecikdirilmiş borcun və hesablanmış 92.529,17 manat cərimə borcunun, hüquqi yardımla bağlı 500 manat məbləğinin cəmi 472.241,17 manat pul vəsaitinin cavabdehdən tutularaq xxxxya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

10. Iddia tələbi yuxarıda qeyd olunan işin halları ilə (bax §§1-7) əsaslandırılmışdır.

11. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək, iddianın rədd edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

12. Bakı Kommersiya Məhkəməsinin 2026-cı il # ###### tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehdən 379.212 manat əsas borcun, 7.000 manat cərimənin, 500 manat vəkil xərci və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 676,71 manat məbləğində dövlət rüsumunun tutularaq xxxxnın xeyrinə ödənilməsi; iddianın qalan hissədə rədd olunması qət edilmişdir (hakim – G.Həşimova).

13. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, “xxxx” ASC ilə cavabdeh arasında lizinq müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. “xxxx” ASC həmin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh lizinq ödənişlərini ödəniş qrafiklərinə uyğun olaraq həyata keçirməməklə lizinq müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməmiş, nəticədə cavabdehin lizinq müqavilələri üzrə gecikdirilmiş borcu yaranmışdır.

14. Tərəflərin izahatları əsasında məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında liziq münasibətlərinə əsaslanan müqavilə münasibətlərinin olması, cavabdehin xxxxya müəyyən məbləğdə borcunun olması işin mübahissəzi halıdır. Tərəflər arasında mübahisələndirilən hal - borcun məbləği ilə bağlıdır. Borc məbləğinin müəyyən edilməsi ilə bağlı məhkəmə tərəfindən məhkəmə-mühasibatlıq ekspetizası təyin edilsə də, ekspert tərəfindən rəy verilməkdən imtina edilmiş, iş üzrə prosessual müddətin tamam olması nəzərə alınaraq, məhkəmə işə məhkəmə ekspertizası təyin olmadan, iş materiallarında olan digər sübutlar əsasında baxılmasını mümkün hesab etmişdir.

15. Məhkəmə qeyd etmişdir ki, Bakı Kommersiya Məhkəməsinin 2024-cü il # #### tarixli e-*-*(***)-***/**** nömrəli qətnaməsi ilə “xxxx” ASC ilə cavabdeh arasında lizinq müqaviləsi ilə cavabdehdən 2023-cü il ## ###### tarixinə hesablanmış borc tutulmuş, hazırkı iddia tələbi ilə isə həmin tarixdən sonra yaranan 2024-cü il # ###### tarixinə hesablanmış borc tələb olunur.

16. Məhkəmə hesab etmişdir ki, hazırkı iş üzrə cavabdehin xxxxya 2024-cü il # ###### tarixinə lizinq müqaviləsi üzrə 379.212 manat məbləğində borcunun yaranması iş materiallarında olan sübutlarla, ödəniş qrafiki, maliyyə arayışı və digər sübutlarla təsdiq olunur. Cavabeh tərəfinən hər hansı ödəniş edilməsinə dair heç bir sübut məhkəməyə təqdim edilməmişdir.

17. Məhkəmə qanunvericilik normalarını, eləcə də cavabdehin mübahisəli lizinq müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmədiyini, nəticədə cavabdehin lizinq ödənişləri üzrə 379.212 manat məbləğində gecikdirilmiş borcunun yarandığını, lizinq müqaviləsində öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə ödənilməsi nəzərdə tutulduğunu, eləcə də Azərbaycan Respublikası Prezidentinin 2020-ci il ## ###### tarixli Fərmanına əsasən sözügedən lizinq müqaviləsi üzrə “xxxx” ASC-nin bütün hüquq və öhdəliklərinin xxxxya keçdiyini nəzərə alaraq hesab etmişdir ki, xxxx həmin müqavilələr üzrə əsas borcun və dəbbə pulunun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır.

18. Cavabdehdən tutulacaq dəbbə pulunun məbləğinə münasibətdə məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq lizinq müqaviləsi üzrə dəbbə pulu 7.000 manat məbləğində müəyyən edilməlidir.

19. Məhkəmə gəldiyi nəticəni MM-in 385.1, 442, 443.1, 448.1, 462.1, 467, 747.1-ci; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 119.1, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

20. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv, iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

21. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il ## ##### tarixli *-*(*-*)-***/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət olunmuşdur (sədrlik edən – L.Əliyeva, hakimlər – T.Mahmudova və Z.Şirinov).

22. Məhkəmə kollegiyası ilk növbədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır ki, xxxx MM-in 747.1-ci maddəsinin tələblərinə əsasən mübahisəli müqavilə əsasında yaranmış lizinq ödənişləri üzrə borcun ödənilməsini tələb etmək hüququna malikdir.

23. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il # #### tarixli e-*-*(***)-***/**** nömrəli qətnaməsi ilə mübahisəli müqavilə üzrə 2023-cü ilin iyul-avqust ayları üçün borcun tutulması qət edildiyi halda hazırkı iddia ərizəsində tələb edilən borc məbləğinə də həmin aylar üzrə borcun daxil edilməsi barədə cavabdehin dəlillərinə münasibətdə kollegiya qeyd etmişdir ki, sözügedən qətnaməyə əsasən cavabdehdən 2023-cü il ## ###### tarixli maliyyə arayışında əks olunmuş borc tutulmuşdur. Bununla bağlı qeyd edilməlidir ki, mübahisəli lizinq müqaviləsi üzrə ödəniş qrafikinə əsasən lizinq ödənişləri rüblük hesablandığından və maliyyə arayışının tərtib edildiyi tarixdə (2023-cü il ## ######) 2023-cü ilin III rübü tamamlanmadığından həmin arayış tərtib edildiyi tarixə 2023-cü ilin ödəniş qrafikində III rüb üçün nəzərdə tutulan lizinq ödənişinin ödənilməsi müddəti çatmamışdır, yəni həmin arayışda əks olunmuş borc 2023-cü ilin III rübünədək (iyul ayınadək) olan müddət üçün hesablanmış borcu əhatə etmişdir.

24. Sözügedən qətnamə ilə ödənilməsi qət edilmiş borcun 2023-cü ilin iyul-avqust ayını əhatə etməməsi hazırkı iddia verilərkən məhkəmə təqdim edilmiş maliyyə arayışından da aydın şəkildə görünür. Belə ki, həmin arayışa əsasən mübahisəli müqavilə üzrə ödənilməli olan lizinq ödənişlərinin cəmi məbləği 1.858.428 manat təşkil etmişdir. Həmin məbləğdən cəmi 15.000 manat məbləğində ödəniş edilmişdir, * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin 2017-ci il # ###### tarixli qətnaməsi üzrə ödənilməmiş 213.048 manat və Bakı Kommersiya Məhkəməsinin 2024-cü il # #### tarixli qətnaməsi üzrə ödənilməmş 1.251.168 manat borc mövcuddur. Sözügedən məlumatlara əsasən aydın olur ki, müqavilə üzrə yuxarıda göstərilən qətnamələr ilə əhatə edilməyən qalıq borc məbləği məhz 379.212 manat (1.858.428-15.000-213.048-1.251.168) təşkil edir.

25. Odur ki, Bakı Kommersiya Məhkəməsinin 2024-cü il # #### tarixli e-2-2(113) ***/**** nömrəli qətnaməsi ilə cavabdehdən tutulması qət edilmiş borc 2023-cü ilin iyul ayınadək (II rübün sonunadək) olan dövrü əhatə etdiyi halda hazırkı iddiaya əsasən isə 2023cü ilin iyul ayı daxil olmaqla həmin tarixdən sonrakı dövrdə yaranmış öhdəliklərin icrası tələb edilir. Beləliklə, hazırkı iddia ərizəsində ödənilməsi tələb edilən borc ilə qətnaməyə əsasən ödənilməsi qət edilmiş borcun eyni dövrü əhatə etməsi barədə cavabdehin dəlili əsassızdır.

26. Bundan başqa, iddianın dəbbə pulunun tutulması hissəsinə münasibətdə isə kollegiya qeyd etmişdir ki, cavabdehin lizinq müqaviləsi üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilələrdə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan xxxx cavabdehdən əsas borcu ilə yanaşı dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Eyni zamanda birinci instansiya məhkəməsi tərəfindən dəbbə pulu olaraq tutulması qət edilmiş məbləğlər borc məbləğinə nəzərən tənasübsüz surətdə yüksək olmadığından həmin məbləğlərin azaldılması üçün əsas yoxdur.

27. Iş üzrə ekspertiza keçirilməməsinə gəldikdə isə, kollegiya qeyd etmişdir ki, hazırkı halda lizinq müqaviləsi üzrə qalıq borcun adi riyazi hesablama aparmaqla müəyyən edilməsi mümkün olduğundan, yəni mühasibatlıq sahəsində xüsusi bilik tələb etmədiyindən ekspertizanın keçirilməsinə zərurətin mövcudluğu müəyyən edilmir.

28. Lizinq obyektindən istifadə edilməməsi barədə dəlilə gəldikdə isə, kollegiya qeyd etmişdir ki, lizinq müqaviləsi üzrə lizinq obyektlərinin cavabdehə təhvil verilməklə sonuncunun istifadəsinə verilməsi işin mübahisəsiz halını təşkil edir. Lizinq alanın istifadəsinə verilmiş lizinq obyektindən öz iradəsinə uyğun olaraq istifadə etməməsi isə sonuncunu lizinq ödənişlərini ödəmək öhdəliyindən azad etmir.

29. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 442, 462.1, 467, 747.1, 748-10.4-cü; MPM-in 77.1, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

30. Cavabdeh kassasiya şikayəti verərək, həmin qətnamənin ləğv, iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) kassasiya şikayətinin dəlilləri

31. MM-in 385.1, 386.1, 442, 443.1, 448.1, 462.1, 467, 747.1-ci maddələri üzrə - Apellyasiya məhkəməsi işin hallarını tam və obyektiv araşdırmadan birinci instansiya məhkəməsinin səhv nəticələrini qüvvədə saxlamışdır. Tərəflər arasında lizinq müqaviləsi bağlansa da, müqavilə predmeti olan istixana avadanlıqları cavabdehin faktiki istifadəsinə verilməmiş, cavabdeh isə həmin əmlakdan istifadə etmədiyini və onun geri qəbul olunmasını dəfələrlə xxxxya bildirmişdir. Buna baxmayaraq, xxxx əmlakı qəbul etməkdən imtina etmiş, eyni zamanda həmin müqavilə üzrə borcun tutulması ilə bağlı iki dəfə məhkəmə qaydasında tələb irəli sürmüşdür. Halbuki, Bakı Kommersiya Məhkəməsinin 2024-cü il # #### tarixli qanuni qüvvəyə minmiş qətnaməsi əsasında tutulmuş borc tam ödənilmişdir. Hazırkı iş üzrə tələb olunan 379.212 manat borcun hesablanmasında isə əvvəlki qətnamə ilə əhatə olunmuş 2023-cü ilin III rübünə aid məbləğlər yenidən nəzərə alınmış, nəticədə eyni dövr üzrə təkrar hesablama aparılmışdır. Bu səbəbdən borcun məbləği düzgün müəyyən edilməmiş, cərimə də əsassız tətbiq olunmuşdur.

32. Borcun düzgün hesablanıb-hesablanmadığının, əvvəlki ödənişlərin və təkrar hesablamanın olub-olmamasının müəyyən edilməsi məqsədilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilsə də, ekspertiza üçün zəruri sənədlər xxxx tərəfindən təqdim edilmədiyindən ekspert rəy verməkdən imtina etmişdir. Buna baxmayaraq, məhkəmələr ekspertiza keçirilmədən və mübahisəli maliyyə hesablamalarını xüsusi biliklər əsasında araşdırmadan qətnamə qəbul etmişlər. Eyni zamanda, iş materiallarında lizinq obyektinin cavabdehə faktiki təhvil verilməsini təsdiq edən sübutlar mövcud olmadığı halda, apellyasiya məhkəməsi həmin halı mübahisəsiz qəbul etmişdir. Bundan başqa, obyektin istifadə olunmaması və cavabdehin onu qaytarmaq niyyətinə baxmayaraq, 0,1 faiz gündəlik cərimənin tətbiqi və 7.000 manat məbləğində saxlanılması da işin hallarına uyğun olmamışdır. Bu səbəbdən apellyasiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir.

33. MPM-in 4.1, 9, 76, 77, 88, 217-ci maddələri üzrə - Işə baxan məhkəmə işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış, cavabdeh tərəfin izahat və dəlillərinə lazımi hüquqi qiymət verməmiş, nəticədə MPM-in qeyd olunan maddələrinin tələblərini pozaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Həmin pozuntular isə MPM-in 418-ci maddəsinə uyğun olaraq apellyasiya məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğvi üçün əsas yaradır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

34. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Kassasiya baxışının hədləri

35. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

36. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403.1 və 416-cı maddələri).

Tətbiq edilən hüquq

37. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. ...”

“Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.”

“Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. ...”

“Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.”

“Maddə 747. Lizinq müqaviləsi 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. ...”

“Maddə 748-10. Lizinq ödənişləri ... 748-10.4. Lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. ...”

38. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...”

“Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...”

“Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”

“Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. ... 217.3. Qətnamə is üzrə müəyyən edilmiş həqiqi Hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. ...”

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini aşağıdakı səbəblərə görə əsassız hesab edir.

40. Ilk olaraq kassasiya şikayətinin, tərəflər arasında lizinq müqaviləsi bağlansa da, müqavilə predmeti olan istixana avadanlıqları cavabdehin faktiki istifadəsinə verilmədiyi, cavabdehin isə həmin əmlakdan istifadə etmədiyi və onun geri qəbul olunması barədə dəfələrlə xxxxya bildirməsi barədə dəlilinə münasibətdə qeyd edilməlidir ki, iş materialları ilə tərəflər arasında əvvəlki dövrləri əhatə edən müqavilə öhdəlikləri üzrə ödənilməmiş borc məbləğləri üzrə 2017-ci il # ###### və 2024-cü il # #### tarixli, qüvvədə olan məhkəmə qətnamələri ilə tərəflər arasında lizinq müqaviləsindən irəli gələn hüquq münasibətlərinin mövcudluğu, müqavilə üzrə öhdəliyin yaranması, eləcə də həmin öhdəliklərə əsasən yaranan borc məbləğlərinin ödənilməli olması mübahisəsiz şəkildə təsbit edilmişdir.

41. Kassasiya şikayətinin, hazırkı iş üzrə tələb olunan 379.212 manat borcun hesablanmasında isəəvvəlki qətnamə ilə əhatə olunmuş 2023-cü ilin III rübünə aid məbləğlərin yenidən nəzərə alınması, nəticədə eyni dövr üzrə təkrar hesablama aparılması barədə dəlilinə münasibətdə isə qeyd edilməlidir ki, eyni dəlil apellyasiya şikayətində də qeyd edilmiş və Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il ## ##### tarixli *-*(*-*)-***/**** nömrəli qətnaməsi ilə həmin dəlil araşdırılaraq qiymətləndirilmiş və müəyyən edilmişdir ki, mübahisəli lizinq müqaviləsi üzrə ödəniş qrafikinə əsasən lizinq ödənişləri rüblük hesablandığından həmin borc 2023-cü ilin III rübünədək (iyul ayınadək) olan müddət üçün hesablanmış borcu əhatə etmişdir. Bu təsbit isə doğrudur və bu nöqteyi nəzərdən kassasiya şikayətinin həmin dəlili də əsaslı hesab edilə bilməz.

42. Kollegiya kassasiya şikayətinin ekspertiza keçirilməməsi və müəyyən edilmiş dəbbə pulunun işin hallarına uyğun olmaması dəlillərini də əsassız hesab edir.

43. Belə ki, Mülkü Prosessual Məcəllənin tələblərinə görə ekspertiza yalnız iş üzrə xüsusi bilik tələb edən halların müəyyən edilməsi zərurəti yarandıqda təyin edilir. Hazırkı halda isə əsas borcun hüquqi əsası və əvvəlki dövr üzrə məbləği qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə artıq müəyyən edilmiş, hazırkı iş üzrə tələb olunan qalıq borc isə iş materiallarında olan ödəniş qrafikləri, maliyyə arayışları və əvvəlki məhkəmə aktları əsasında müəyyən edilmişdir.

44. Həmçinin dəbbə pulunun hesablanması müqavilədə nəzərdə tutulmuş şərtlər və müəyyən edilmiş əsas borc məbləği əsasında sadə riyazi hesablamaların aparılmasını tələb etdiyindən, həmin məsələlərin həlli üçün xüsusi mühasibatlıq biliyinə ehtiyac olmamışdır. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin ekspertiza keçirilməsinə zərurətin olmaması barədə gəldiyi nəticə əsaslı olmuşdur.

45. Birinci instansiya məhkəməsi dəbbə pulunun məbləğini Mülki Məcəllənin 467-ci maddəsinə uyğun olaraq tənasübsüz yüksək hesab etdiyindən 7.000 manatadək azaltmış, apellyasiya instansiyası məhkəməsi isə həmin nəticəni qanuni və əsaslı hesab etmişdir.

46. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

47. Odur ki, iş üzrə cavabdeh Cavabdeh MMC-nin kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il ## ##### tarixli *-*(*-*)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

48. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDI:

Cavabdeh MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il ## ##### tarixli *-*(*-*)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar