Məhkəmə qərarları › İş №2-2(1-8)-50/2026

Ali Məhkəmə Qərar — İş №2-2(1-8)-50/2026

17.04.2026 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-50/2026 17.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının Ərizəçi Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 Saylı Ərazi Vergilər Baş Idarəsinin maraqlı şəxs Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsi üzrə QƏRARİ Açar sözlər: Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında (sahibkarlıq fəaliyyəti ilə bağlı olduqda) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun (məruzəsi ilə), Qəribov Bəhman Fərhad oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Ərizəçi Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 Saylı Ərazi Vergilər Baş Idarəsinin maraqlı şəxs Maraqlı şəxs ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsindən ərizəçi tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Iş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

2. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 Saylı Ərazi Vergilər Baş Idarəsi (bundan sonra – “ərizəçi”) ərizə ilə məhkəməyə müraciət edərək, fiziki şəxs Maraqlı şəxs (bundan sonra – “maraqlı şəxs”) Icbari Tibbi Sığorta Fonduna 345,96 manat, Dövlət Sosial Müdafiə Fonduna 1.822,59 manat olmaqla ümumilikdə 2.168,55 manat borcunun ödənilməsini təmin etmək üçün ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Ərizə onunla əsaslandırılmışdır ki, yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə iş üzrə maraqlı şəxsə Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra – “VM”) 65-ci maddəsinə əsasən 2025-ci il ## ##### tarixli 2550020632270000 və **************** nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir.

4. Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəyə qarşı etirazında bildirilmişdir ki, ödəmədiyi vəsait Icbari Tibbi Sığorta Fonduna və Dövlət Sosial Müdafiə Fonduna olmuşdur. Ödənişin həyata keçirilməməsi səbəbi o olmuşdur ki, aidiyyəti qurum ondan qanunun tələbi ilə deyil, özlərinin apardığı hesabat ilə borc tələb etmişdir. Ərizəçinin təqdim etdiyi ərizədə ümumi borc məbləği 2.168,55 manat göstərilmiş, lakin xəbərdarlıq məktubunda 2.942,45 manat qeyd olunmuşdur. Odur ki, hesablamada ərizəçi yanlışlığa yol vermişdir.

5. Şəki Kommersiya Məhkəməsinin 2025-ci il ## ######## tarixli, e-*-*(***)- ****/**** nömrəli qətnaməsi ilə ərizə təmin edilmişdir (hakim – E.Hüseynova).

6. Məhkəmə müəyyən etmişdir ki, maraqlı şəxsin vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun Icbari Tibbi Sığorta Fonduna və Dövlət Sosial Müdafiə Fonduna borcu vardır.

7. Məhkəmə ərizəyə qarşı verilmiş etirazı əsassız hesab edərək bildirmişdir ki, maraqlı şəxs tərəfindən etirazın dəlillərini sübut edəcək sənədlər məhkəməyə təqdim edilməmişdir.

8. Həmçinin məhkəmə maraqlı şəxs tərəfindən təqdim edilən 2021-ci il tarixdən 2025-ci il tarixədək ödədiyi vergi borcu və gəlirlərini əks etdirən sənədə münasibətdə qeyd etmişdir ki, həmin sənəd birtərəfli qaydada tərtib olunduğundan və həqiqəti əks etdirməsi təsdiq olunmadığından mötəbər sübut kimi qəbul edilmir.

9. Məhkəmə mövqeyini VM-nin 16.1.1, 23.1.15-3 və 24.0.2-1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 78.1, 119.1, 119.2, 355-5.1, 355-5.2 və 355-7.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

10. Maraqlı şəxs həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, ərizənin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə maraqlı şəxsin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək ərizə rədd edilmişdir (sədrlik edən – Ə.Kərimov, hakimlər – E.Hüseynov və Z.Sadiqovov).

12. Məhkəmə bildirmişdir ki, vergi borcu müəyyən edildikdən sonra ərizəçinin digər tədbirlər görmədən birbaşa hazırkı ərizə ilə müraciət etməsi onun mütənasiblik prinsipinə riayət etmədiyini göstərir. Iş materiallarından ərizəçinin məhkəməyə müraciət etməmişdən əvvəl borcun ödənilməsinin təmin edilməsi üçün hansı tədbirlər görməsi (tələb olunan vəsaitin şəxsin hesablarından silinməsi üçün müvafiq banklara müraciət etməsi, onlardan vəsaitin çatışmazlığına dair cavablar alması, hüquqi şəxsin əmlakının üzərinə ixtisaslaşdırılmış açıq hərracdan satılması məqsədilə həbs qoyulması, yaxud kifayət qədər belə əmlakların mövcud olmamasına dair rəsmi məlumatlar əldə etməsi və s.) müəyyən olunmamışdır. Həmçinin apellyasiya baxışı zamanında ərizəçi tərəfindən hər hansı bir məlumat məhkəməyə təqdim edilməmişdir.

13. Məhkəmə müəyyən etmişdir ki, “Elektron məhkəmə” informasiya sistemindən çıxarışa görə, maraqlı şəxsin mülkiyyətində həm daşınmaz əmlak (torpaq sahəsi və fərdi yaşayış evi), həm də yol nəqliyyat vasitəsi vardır. Maraqlı şəxsin borcu olduğu halda onun əmlakının siyahıya alınması və ya əmlakın siyahıya alınması üçün tədbirin görülməsi, əmlakının olmaması ilə bağlı ərizəçi məhkəməyə hər hansı sənəd təqdim etməmişdir.

14. Apellyasiya məhkəməsi gəldiyi nəticəni VM-nin 16.1.1, 23.1.15-3, 24.0.2-1, 77.1 və 78.1-ci maddələrinə, MPM-in 14.2, 77.1, 88, 119.1, 119.2 və 119.5-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

15. Ərizəçi həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv, ərizənin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

16. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsi, VM-in 16.1.1, 23.1.15-3, 37.1, 37.2, 77.1, 78.1, 149.2, 151.1, 151.3 və 152.1-ci maddələri üzrə - ərizəçi vergi ödəyicisinin aidiyyəti bank hesablarına sərəncamlar göndərmiş və bunu təsdiq edən sənədləri iş materiallarına əlavə etmişdir. Qanunvericiliyə əsasən hesabda vəsait olduqda və ya sonradan daxil olduqda bank həmin vəsaiti avtomatik olaraq müvafiq məbləğdə tutur və bu öhdəliyin icrası üçün bankların məsuliyyəti nəzərdə tutulmuşdur. VM vergi borcunun ödənilməsi üsulları arasında belə tədbirlərin tətbiqinə dair ardıcıllıq müəyyən edilməmişdir. Bununla yanaşı, maraqlı şəxsə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə xəbərdarlıq göndərilmiş, borc ödənilmədiyindən 15 gün sonra və daha sonra 60 gün keçdikdən sonra müvafiq SMS-lər təqdim edilmiş, lakin borcun ödənilməsi təmin olunmamışdır. Görülmüş tədbirlər nəticəsiz qaldığından, son təsir tədbiri kimi ölkədən getmək hüququnun məhdudlaşdırılması üçün məhkəməyə müraciət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən hər kəs vergiləri vaxtında və tam ödəməlidir. Maraqlı şəxs borcu ödəmək niyyətində olduğunu bildirsə də, ödənişləri vaxtında həyata keçirməmişdir. Onun əmlakını sataraq borcu ödəməsi, həmin əmlakın siyahıya alınması və satılması üçün məhkəməyə müraciət edilməsindən daha səmərəli hesab olunur.

17. MPM-in 4.1, 76.3, 88, 175, 217.4 və 355-5.1-cimaddələri üzrə - məhkəmə tərəfindən işdə olan sübutlar düzgün araşdırılmamış və ərizəçinin dəlillərinə düzgün münasibət bildirilməmişdir. Iş üzrə maraqlı şəxsin şəxsi hesab vərəqəsinə əsasən onun dövlət büdcəsinə borcunun olması barədə dəlillər məhkəmənin diqqətinə çatdırılsa da məhkəmə iş materiallarında olan dəlillərə düzgün qiymət verməmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Kassasiya baxışının hədləri

19. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə tam yoxlanılacaqdır.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikası Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 12. Dövlətin ali məqsədi İ. Insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.”

“Maddə 28. Azadlıq hüququ III. Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər.”

“Maddə 71. Insan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı II. Insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.”

21. Azərbaycan Respublikası Vergi Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 16. Vergi ödəyicisinin vəzifələri 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.1. qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək;”

“Maddə 23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.15-3. vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək;”

“Maddə 65. Vergilər üzrə borcların alınması qaydası 65.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir. 65.2. Bu Məcəllənin 65.2.1.1-ci və 65.2.1.4-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla digər hallarda vergi orqanının hesabladığı və ya yenidən hesabladığı vergilər, faizlər və ya tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit və ya elektron pul təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam verir. Bu zaman kredit və ya elektron pul təşkilatları və ya bank əməliyyatlarını aparan şəxslər tərəfindən hesablarda dondurulmuş vəsaitdən artıq olan pul vəsaitinə dair hesabdan məxaric edilməsini nəzərdə tutan vergi ödəyicisinin ödəmə tapşırıqları icra edilir.” “Maddə 89. Əmlakın siyahıya alınması 89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. 89.2. Əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. 89.4. Vergi ödəyicisi olan hüquqi şəxsin bütün əmlakı, vergi ödəyicisi olan fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa digər əmlakı siyahıya alına bilər.”

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 355-5. Ərizənin verilməsi 355-5.1. Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.”

Maddə 355-7. Ərizəyə baxılması və qətnamənin qəbul edilməsi 355-7.3. Işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir.”

“Maddə 407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər. 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.”

“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”

Kassasiya instansiya məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.

24. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.

25. Kassasiya şikayətində ifadə olunmuş dəlillər isə əsaslı hesab edilə bilməz.

26. Belə ki, MPM-in 355-5-ci maddəsinin dispozisiya şərtlərindən müəyyən edilir ki, vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının məqsədini hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin edilməsi təşkil edir.

27. Eyni zamanda, VM-dən müəyyən edilir ki, həmin məbləğlərin ödənilməsinin təmin edilməsinin bir neçə üsulu mövcuddur. Belə ki, vergi orqanları tərəfindən VM-in 65 və 89-cu maddələrinin tələblərinə uyğun olaraq vergi ödəyicisinə məxsus bank hesablarının üzərinə sərəncamlar qoyulması və əmlaklarının siyahıya alınaraq satılması da nəzərdə tutulmuşdur.

28. Nəzərə alınmalıdır ki, qanunvericilikdə vergi öhdəliyinin təmin edilməsi ilə bağlı vergi orqanlarının səlahiyyətli olduqları məcburiyyət tədbirlərinin seçilməsi zamanı “növbəliliyə” riayət edilməsi barədə hər hansı müddəa nəzərdə tutulmamışdır. Lakin bu hal ilkin mərhələdə istənilən növ məcburiyyət tədbirinin tətbiq edilməsi imkanı kimi də qiymətləndirilməməlidir. Çünki, hüquqi dövlətin ali prinsiplərindən biri olan mütənasiblik prinsipinin tələbinə görə, hüquqa müdaxilənin yolverilən hesab edilə bilməsi üçün onun qanuni məqsədə yönəlməsi öz-özlüyündə kifayət deyildir, bu zaman həm də müxtəlif toqquşan maraqlar arasında ağlabatan və ədalətli tarazlığa da əməl olunmalıdır.

29. “X2 (X1) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2017-ci il ## ### tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə qanunvericiliyə uyğun olaraq işə baxarkən, hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır.

30. Bununla bağlı, Avropa Məhkəməsinin bir sıra qərarlarında da göstərilmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair * saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir (məs. Battista Italiyaya qarşı (Battista v. Italy), № *****/**, 2014-cü il # ###### tarixli qərarı; Xlyustov Rusiyaya qarşı (Khlyustov v. Russia, 2013), № *****/** 2013-cü il ## #### tarixli qərarı).

31. Avropa Məhkəməsinin mövqeyinə görə, müdaxilə “təcili ictimai ehtiyaca” cavab verirsə, xüsusilə qanuni məqsədə mütənasibdirsə və onu əsaslandırmaq üçün milli hakimiyyət orqanları tərəfindən verilən səbəblər “müvafiq və yetərli”dirsə qanuni məqsədlər üçün “demokratik cəmiyyətdə zəruri” hesab olunur. Vətəndaşın ümumi maraqları ilə hərəkət azadlığı hüququ arasında ədalətli tarazlığın olub-olmaması məsələsi işin bütün xüsusiyyətlərinə görə nəzərə alınmalıdır.

32. Avropa Məhkəməsinin Reiner Bolqarıstana qarşı iş üzrə qərarında isə göstərilmişdir ki, belə bir yüksək məbləğdə ödənilməmiş verginin qaytarılmasında ictimai maraq ərizəçinin hüquqlarına müvafiq məhdudiyyətlər yarada bilər. Dövlətlər öz fiskal siyasətlərini tərtib və təşkil etmək, vergilərin ödənilməsini təmin etmək məqsədilə tədbirlər görmək üçün müəyyən qiymətləndirmə sərbəstliyinə malikdirlər (Reiner Bolqarıstana qarşı (Riener v. Bulgaria), № HYPERLINK "https://hudoc.echr.coe.int/eng" \l "{%22appno%22:[%2246343/99%22]}"46343/99, 2006-cı il ## ### tarixli qərarı, § 119).

33. Beləliklə, hazırkı növ ərizələr üzrə işlərə baxılarkən mütənasiblik prinsipinin tələblərinin nəzərə alınması mütləq xarakter daşıyır. Lakin mütənasiblik prinsipi üzrə qiymətləndirmə formal şəkildə deyil, ümumi məyarlar və hər bir konkret işin bütün xüsusiyyətləri nəzərə alınmaqla aparılmalıdır.

34. Belə ki, mütənasiblik prinsipinin tələbləri baxımından nəzərə alınmalı olan ümumi maraq qismində vergi borclarının, eləcə də məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqı borclarının dövlət büdcəsinə alınmasının təmin edilməsi çıxış edir. Buna görə, sözügedən borclar dövlətin şərtsiz tələbi kimi bütün vergi ödəyicilərinə şamil olunur. Qeyd edilən ödənişlərin ödəmək (o cümlədən qanunvericiliklə müəyyən edilmiş müvafiq vaxtda və miqdarda) hər bir şəxsin konstitusion vəzifələrindən biridir. Vergi ödəyicilərinin bu vəzifəsində cəmiyyətin bütün üzvlərinin ictimai maraqları öz əksini tapmışdır. Dövlət yalnız vergi ödəyicilərinin deyil, həmçinin cəmiyyətin digər üzvlərinin də hüquq və qanuni mənafelərinin qorunması məqsədilə vergi hüquq münasibətlərini tənzimləmək sahəsində qanuni tədbirlər görmək hüququna və vəzifəsinə malikdir. Odur ki, sözügedən borclar ödəyicilər tərəfindən könüllü ödənilmədikdə qanunvericilikdə nəzərdə tutulmuş məcburetmə vasitələrinin tətbiqi ilə alına bilər. Digər tərəfdən, cəmiyyətin ümumi maraqları həmçinin onu tələb edir ki, həmin borcların mümkün qədər operativ qaydada və tam məbləğdə büdcəyə ödənilməsi təmin edilməlidir.

35. Fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin diqqətə alınmalı olan maraqları qismində isə o hallar çıxış edir ki, əgər qanunvericilikdə nəzərdə tutulan digər üsulların həyata keçirilməsi və nəticədə həmin üsullar vasitəsilə vergi öhdəliklərinin real icra edilməsinin təmin edilməsi mümkündürsə, həmin şəxslərin ölkədən getmə hüququ məhdudlaşdırıla bilməz. Eyni zamanda, fiziki şəxs və ya hüquqi şəxsin icra orqanının rəhbəri digər üsulların həyata keçirilməsini və diqqətəlayiq hər hansı digər maraqlarının nəzərə alınmasını tələb edə bilərlər. Belə diqqətəlayiq maraqlar hər bir konkret haldan asılı olaraq dəyişə biləcəyi üçün məhkəmə tərəfindən hər işin xüsusi halları nəzərə alınmaqla qiymətləndirilməlidir. Məhkəmə məhz xüsusi hallardan çıxış etməklə və həmin xüsusi halları mütənasiblik prinsipinin tələbləri ilə əlaqələndirməklə qərar verməlidir.

36. Hazırkı iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlardan maraqlı şəxsin mülkiyyətində əmlakların olduğu görünür.

37. Göründüyü kimi hazırkı işin halları ondan ibarətdir ki, maraqlı şəxsə münasibətdə qanunvericilikdə nəzərdə tutulan digər üsulların həyata keçirilməsi və nəticədə həmin üsullar vasitəsilə vergi öhdəliklərinin real icra edilməsinin təmin edilməsi mümkündür. Belə olan halda isə maraqlı şəxsin ölkədən getmə hüququnun məhdudlaşdırılması mütənasiblik prinsipinin tələbləri baxımından məqbul hesab edilə bilməz.

38. Kassasiya şikayətində qeyd edilən işdə olan sübutların düzgün qiymətləndirilməməsi ilə bağlı dəlillərə dair kollegiya qeyd edir ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirinə görə kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.

39. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab etmir və belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması nəticəsinə gəlmək üçün əsaslar mövcud deyildir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

40. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDI: Ərizəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar