Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-57/2026 17.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının Iddiaçı “xxxx” ASC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun ödənilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları
1. Sifarişçi “xxxx” ASC ilə icraçı Cavabdeh MMC arasında 2023-cü il ## #### tarixli GMB/**/**** nömrəli müqavilə bağlanılmışdır. Müqaviləyə əsasən icraçı sifarişçinin sifarişi əsasında avtomobillərin mühərriklərinin təmirini, texniki xidmət göstərilməsini və ehtiyat hissələri ilə təmin olunmasını, sifarişçi isə müqavilə şərtlərinə uyğun olaraq ödəniş etməyi öz üzərinə götürmüşdür.
Iş üzrə məhkəmə icraatı
a) Birinci instansiya məhkəməsindəki icraat
2. Iddiaçı “xxxx” ASC (bundan sonra – “iddiaçı”) cavabdeh Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 17.714,16 manat əsas borc, icranı gecikdirməyə görə 10.710 manat dəbbə pulu, vəkil xidmət haqqına görə 300 manat, iddianın məhkəməyə verilməsi üçün ödənilmiş rüsum kimi 266 manat pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
3. Iddia onunla əsaslandırılmışdır ki, iddiaçı 2023-cü il ## #### tarixli ****** nömrəli elektron qaimə üzrə 17.714,16 manat avans ödəniş etdiyi halda, cavabdeh iddiaçının etibarından sui-istifadə edərək, ona qeyd edilən məbləğdə ehtiyat hissələrini təhvil verməmişdir. Beləliklə, cavabdehin iddiaçıya 17.714,16 manat borcu yaranmışdır. Bundan başqa müqavilənin 4.2-ci bəndinə əsasən, işin vaxtında təhvil verilməməsinə görə icraçı sifarişçiyə hər gecikdirilmiş gün üçün gecikdirilmiş məbləğin 0.1 faizi məbləğində cərimə ödəməlidir. Bu məbləğ isə iddianın məhkəməyə təqdim olunduğu tarixədək (21 ay, 630 gün*17 manat) 10.710 manat təşkil etmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il ## #### tarixli e-2-2(113)-1451/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunaraq, 2023-cü il ## #### tarixli müqaviləyə əsasən əsas borc üzrə 17.478,16 manat, cərimə borcu üzrə 400 manat olmaqla, ümumilikdə 17.878,16 manat pul, hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 300 manat pul və dövlət rüsumunun əvəzi olaraq 144,34 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir (hakim – K.Hüseynov).
5. Məhkəmə qeyd etmişdir ki, qanunvericiliyin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Həmçinin, tərəflər arasında olan müqavilə münasibətləri alqı-satqı və xidmət müqaviləsinin elementlərini özündə əks etdirməklə, qarışıq müqavilədir. Belə ki, cavabdeh tərəf iddiaçı tərəfi müvafiq olaraq ehtiyat hissələri ilə təmin edərək, onun dəyişdirilməsini həyata keçirməli idi. Hazırda iddiaçı cavabdehə onun tərəfindən təqdim edilən 2023-cü il ## #### tarixli EBDB seriyalı ****** nömrəli dəyəri 17.714,16 manat olan elektron qaimə əsasında 17.714,16 manat məbləğində avans ödənişi etdiyini, lakin cavabdeh tərəfindən ehtiyat hissələrinin təhvil verilmədiyini bildirərək, ödənilmiş vəsaitin geri qaytarılmasını xahiş etmişdir. Iş materiallarına iddiaçı tərəfindən əlavə edilmiş ödəniş sənədlərindən məlum olur ki, 2023-cü il ## #### tarixində iddiaçı tərəfindən cavabdehə 14.812 manat və 2.666,16 manat, ümumilikdə 14.478,16 manat məbləğində ödəniş edilmişdir. Cavabdeh tərəf məhkəmə iclaslarında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddiaya etiraz etməmiş, qeyd olunan müqavilə üzrə işlərin icrasına və malların verilməsinə dair məhkəməyə sənəd təqdim etməmişdir. Göründüyü kimi, iddiaçı tərəf cavabdehə 14.478,16 manat pul ödəmiş, cavabdeh tərəf isə iddiaçını ehtiyat hissələri ilə təmin etməmişdir. Belə olan halda, məhkəmə iddianı əsas borcun tələb olunması hissəsində qismən əsaslı hesab edərək, 17.478,16 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qənaətinə gəlmişdir.
6. Həmçinin məhkəmə hazırkı işin hallarını nəzərə alaraq, cavabdehin əsas borcuna münasibətdə 400 manat məbləğində dəbbə pulunun daha ağlabatan və ədalətli olması qənaətinə gəlmişdir.
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 390.1, 390.4, 404.5, 462.1, 467, 567 və 599.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1 və 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
8. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddianın rədd olunmasını xahiş etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – Z.Şirinov, hakimlər – T.Mahmudova və L.Əliyeva).
10. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında olan müqavilə münasibətləri alqı-satqı və xidmət müqaviləsinin elementlərini özündə əks etdirməklə, qarışıq müqavilədir. Belə ki, cavabdeh tərəf iddiaçı tərəfi müvafiq olaraq ehtiyat hissələri ilə təmin edərək, onun dəyişdirilməsini həyata keçirməli idi. Iş materiallarına iddiaçı tərəfindən əlavə edilmiş ödəniş sənədlərindən məlum olur ki, 2023-cü il ## #### tarixində iddiaçı tərəfindən cavabdehə 14.812 manat və 2.666,16 manat, ümumilikdə 14.478,16 manat ödəniş edilmişdir.
11. Məhkəmə kollegiyası “birinci instansiya məhkəməsində icraat zamanı iştiraklarının təmin olunmamasına” dair apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı MPM-lə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Iş materiallarına əsasən, məhkəmə iclaslarının vaxtı və yeri barədə bildiriş cavabdehə məxsus elektron kabinetə əlavə olunmuş, bu halı cavabdeh apellyasiya şikayətinin dəlillərində də təsdiq etmişdir. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
12. Cavabdeh apellyasiya şikayətinin dəlillərində “məhkəmə iclaslarında iştirak etməmə səbəblərindən iddiaya dair etiraz və sübutlarını təqdim edə bilmədiklərini” qeyd etmiş, apellyasiya icraatı zamanı yeni sübut 2023-cü il ## #### və 2023-cü il ## ##### tarixli təhvil-təslim aktlarını elektron kabinetə əlavə etmişdir. Mülki prosessual qanunvericiliyə görə, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Nəzərə alınmalıdır ki, müvafiq prosessual norma həm də hüquqi müəyyənliyin təmin olunması, hüquq münasibətlərinin iştirakçılarının intizamlandırılması və vaxtında həyata keçirilməyən prosessual hərəkətlər, habelə etinasız davranışlar üçün məsuliyyəti məhz onların özlərinin daşıması məqsədinə xidmət edir. Birinci instansiya məhkəməsində icraat zamanı cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini, iddia tələbinə etirazın təqdim olunmamasını məhkəmə iclaslarında iştirak edilməməsini və sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqenin ifadə olunmamasını kollegiya iş üzrə yekun qənaətə gələrkən nəzərə almışdır.
13. Insan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir. Mülki prosessual qanunvericiliyin tələbinə görə, mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.
14. Bundan başqa, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişə əsasən, X2 ilə iddiaçı arasında olan əmək müqaviləsinə 2023-cü il # ###### tarixində Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş Bakı Kommersiya Məhkəməsinin 2024-cü il ## #### tarixli *- *(***)-****/**** nömrəli qanuni qüvvəsini almış Cavabdeh MMC-nin ”xxxx” MMC-yə qarşı pul tələbinə dair məhkəmə qətnaməsindən görünür ki, şahid qismində ifadəsi alınmış X2 2023-cü il # ###### tarixindən “xxxx” MMC-də işə başladığını bildirmişdir. Apellyasiya instansiyasında təqdim olunan dəyəri 17.714,19 manat olan ehtiyat hissələrinin təhviltəslim aktından görünür ki, akt X2 tərəfindən 2023-cü il ## #### tarixində imza edilməklə qəbul olunmuşdur. Göründüyü kimi, apellyatorun təqdim etdiyi 2023-cü il ## #### tarixli ehtiyat hissələrinin təhvil-təslim aktı sübut kimi qəbul edilsə belə, həmin akt M.Hüseynov tərəfindən iddiaçının işçisi olmadığı tarixdə imzalanmışdır. Beləliklə, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisləndirilən hissədə qanuni və əsaslı olmaqla işin hallarına uyğun olmuş, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassız olmuşdur.
15. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 390.1, 390.4, 404.5, 462.1, 467, 567 və 599.3-cü maddələrinə, MPM-in 10-1.1, 10-1.2, 10-1.3, 77.1 və 372.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
16. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
17. MPM-in 2.2-ci maddəsi üzrə - qanunçuluğun bərqərar edilməsi mülki məhkəmə icraatının əsas vəzifələrindən biridir. Qanunçuluğun bərqərar edilməsi dedikdə, baxılan iş üzrə maddi hüququn işin müəyyən olunmuş hallarına uyğun, düzgün təfsir və tətbiq edilməsi başa düşülür. MPM-in 386 və 387-ci maddələri üzrə maddi hüququn tətbiqinə dair aşağıda qeyd olunan dəlillər qanunçuluğun bərqərar edilməsi prinsipinə riayət olunmaması və MPM-in 2-ci maddəsinin pozulması kimi qiymətləndirilməlidir.
18. MPM-in 217-ci maddəsi üzrə - apellyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmadığından, həmçinin apellyasiya şikayətindəki dəlillərə münasibət bildirilmədən hüquqi qiymət verilmədiyindən, eləcə də iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmadığından, MPM-in 217.1-217.3-cü maddəsinin tələbləri pozulmuş və bu pozuntu iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnmişdir.
19. MPM-in 386 və 387-ci maddələri üzrə - məhkəmələr iş üzrə müəyyən edilmiş hallara maddi hüquq normalarını düzgün tətbiq etməmiş, beləliklə maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Bu isə iş üzrə cavabdehin hüquqlarının, mənafeyi və qanuni maraqlarının, həmçinin Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə müdafiəsi hüququnun pozulması ilə nəticələnmişdir.
20. MPM-in 88-ci maddəsi üzrə - apellyasiya məhkəməsi apellyasiya icraatı zamanı işin həqiqi hallarını əks etdirəcək hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, əksinə şikayətin təmin edilməməsini yalnız “2023-cü il ## #### tarixli ehtiyat hissələrinin təhvil-təslim aktı sübut kimi qəbul edilsə belə, həmin akt M.Hüseynov tərəfindən iddiaçının işçisi olmadığı tarixdə imzalanmışdır” mövqeyi ilə əsaslandırmaqla qətnamə qəbul etmiş, bununla da MPM-in 88-ci maddəsinin tələbinin pozulmasına yol vermiş və bu pozuntu iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnmişdir. Belə ki, tərəflər arasında yaranmış etibarlı münasibətlərdən irəli gələrək, mübahisəli müqavilə üzrə dəyəri 17.714,19 manat olan ehtiyat hissələrinə dair müvafiq təhvil-təslim aktını X2 2023-cü il ## #### tarixində imzalamaqla, mallar iddiaçı tərəfindən qəbul edilmişdir və bu da işin mübahisəsiz halıdır.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.
Kassasiya baxışının hədləri
22. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə tam yoxlanılacaqdır.
Tətbiq edilən hüquq
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 209. Işə mahiyyəti üzrə baxmağın qurtarması 209.3. Işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edilənədək işdə iştirak edən şəxslər tərəfindən onlara məlum olan hallar və sübutlar təqdim olunmamışsa, işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edildikdən sonra heç kəs məhkəmə iclasında araşdırılmamış hallara və sübutlara istinad etməyə haqlı deyildir.”
“Maddə 361. Apellyasiya şikayətinin məzmunu 361.4. Apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyrimümkün olduğunu əsaslandırsın.”
“Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.”
“Maddə 380. Sübutların araşdırılması 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.” “Maddə 407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.”
“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”
Kassasiya instansiya məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.
25. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.
26. Kassasiya şikayətinin dəlilləri isə əsaslı hesab edilə bilməz. Belə ki, həmin dəlillər sübutların düzgün qiymətləndirilməməsi və işin hallarının tam araşdırırlmaması ilə əlaqələndirilmişdir.
27. Halbuki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirinə görə kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.
28. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarında da qeyd edilmişdir ki, ...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olubolmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunubolunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə 2004-cü il ## ##### tarixli Qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının araşdırılması və sübutların qiymətləndirilməsi ilə bağlı məsələlər işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilibverilməməsi
29. və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır.
30. Apellyasiya instansiyası məhkəməsi də öz səlahiyyətləri daxilində sübutları və işin hallarını qiymətləndirmiş və bu zaman kassasiya şikayətində qeyd edilən prosessual hüquq normalarının pozulmasına yol verməmişdir.
31. Bundan başqa, birinci instansiya məhkəməsində gedən icraat və keçirilən iclaslar barədə məlumatlı olan cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, eyni zamanda iddiaçının istinad etdiyi halları mübahisələndirməmiş, apellyasiya icraatı zamanı isə iddiaya etiraz etmiş və yeni sübutları elektron kabinetə əlavə etmişdir.
32. Halbuki, MPM-in 209.3, 361.4, 372.2 və 380.1-ci maddələrinin birgə təfsirindən müəyyən edilir ki, birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edildikdən sonra işdə iştirak edən şəxslər məhkəmə iclasında araşdırılmamış hallara və sübutlara istinad edə bilməzlər.
33. Apellyasiya icraatında isə həmin hallara və sübutlara yalnız o halda istinad edilə bilər ki, işdə iştirak edən şəxslər onların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Lakin cavabdeh tərəfindən gətirilmiş əsaslandırma düzgün olaraq apellyasiya məhkəməsi tərəfindən əsassız hesab edilmişdir.
34. Ona görə də, apellyasiya instansiyası məhkəməsinin cavabdehin istinad etdiyi hallar və təqdim etdiyi sübutlar üzrə araşdırma aparmaq vəzifəsi olmamışdır. Bununla yanaşı, məhkəmə tərəfindən cavabdehin istinad etdiyi dəlillərə qiymət verilmişdir.
35. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
36. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDI:
Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.