Məhkəmə qərarları › İş №2-2(1-8)-629/2026

Ali Məhkəmə Qərar — İş №2-2(1-8)-629/2026

02.09.2026 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-629/2026 02.09.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: aidiyyətlə bağlı məhkəmələr arası fikir ayrılığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, İnzibati Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlu və Mülki Kollegiyasının hakimi Abbasov Aqil Əzizağa oğlundan ibarət qarışıq tərkibdə, iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin İddiaçı cavabdeh Cavabdeh qarşı “tikililərin sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilməsi” tələbinə dair iş üzrə məhkəmə aidiyyəti ilə bağlı məsələyə baxıldı. İş üzrə məhkəmə icraatı a) Gədəbəy Rayon Məhkəməsindəki icraat

1. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qanunsuz olaraq * saylı RMTM-nin Yanıxlı meşəbəyliyinin ** saylı dolayının ** saylı kvartalında quraşdırmış olduğu tikililərin sökülməsi və həmin torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, * saylı RMTM-nin əməkdaşları tərəfindən 2024-cü il ## ##### tarixində meşələrin qorunub mühafizə olunması, meşə fondu torpaqlarının istifadə vəziyyəti ilə əlaqədar Mərkəzin Yanıxlı meşəbəyliyinin ** saylı dolayının ** saylı kvartalında təbii adı “Şahzadə” bulağı adlanan ərazisində yoxlama aparılmışdır. Yoxlama zamanı Gədəbəy rayon Qoşabulaq kənd sakini Cavabdeh lazımı icazə olmadan özbaşına olaraq 0.20 ha ərazidə yerləşən 1 ədəd 4.0x2.0 m ölçüdə mətbəx quraşdırılması faktı müəyyən edilmişdir. Bu barədə ***** nömrəli akt tərtib edilmişdir. Bununla Cavabdeh meşə fondu torpağını zəbt etdiyinə görə Torpaq Məcəlləsinin 111-ci maddəsinin və özbaşına tikililər quraşdırdığına görə Mülki Məcəllənin 180.1 maddəsinin tələblərini pozmuşdur.

3. Gədəbəy Rayon Məhkəməsinin 2026-cı il ## #### tarixli *(***)-**/**** nömrəli qərardadı ilə işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – F.Mirzəquliyev).

4. Qərardad onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Məhkəmələrinin Elektron Məhkəmə İnformasiya Sistemindən tərəflərin vergi məlumatları üzrə çıxarışdan vergi ödəyicisi kimi qeydiyyata alınmaları müəyyən olunur. İş üzrə cavabdeh vergi ödəyicisidir və sahibkarlıq fəaliyyəti ilə məşğul olur.

b) Gəncə Kommersiya Məhkəməsindəki icraat

5. Gəncə Kommersiya Məhkəməsinin 2026-cı il ## ###### tarixli e-2-2(4-12)- 1593/2026 qərardadı ilə işin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – Ə.Məmmədli).

6. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında mübahisə fərdi sahibkar statusuna malik olan fiziki şəxsin meşə fonduna aid torpaq sahəsinə qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan həmin torpaq sahəsini özbaşına zəbt etməsindən və orada istirahət məqsədilə tikinti və quruculuq işləri aparması ilə əlaqədar yaranmışdır. İddiaçı isə öz iddia ərizəsində cavabdehdən qanunsuz olaraq meşə fonduna aid torpaq sahəsində quraşdırılmış olduğu tikililərin sökülməsini və torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilməsini xahiş etmişdir. Göründüyü kimi tərəflər arasında mübahisə əşya hüquqi münasibətlərdən irəli gələn mübahisədir.

7. Meşə fondu torpaqları dövlət mülkiyyətində olan torpaqlardır. Meşə fondu torpaqlarından səmərəli və məqsədyönlü istifadənin təmin olunması, onun mühafizəsi, qorunması və bərpası sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak edən qurum Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətidir. İddiaçı isə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətidir yerli bölməsidir.

8. Belə olan halda məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il ## ######## tarixli ** saylı qərarının (bundan sonra – “Plenum Qərarı”) 25-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin İddiaçı ilə cavabdeh fərdi sahibkar Cavabdeh arasında olan münasibətlərin xarakteri mahiyyət etibarilə iqtisadi xarakterli olmadığından bu mübahisələrə ümumi məhkəmələrdə baxılmalıdır.

Tətbiq edilən hüquq

9. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il ## ######## tarixli ** nömrəli qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“...

11. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır”. ...

25. Qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn tələblərinə kommersiya məhkəməsində baxılması üçün mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Mübahisə qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların sahibkarlıq fəaliyyətlərindən irəli gəlmədikdə isə, işə kommersiya məhkəmələrində baxılması imkanı, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda mümkün olacaqdır. Beləliklə, məhkəmələr nəzərə almalıdır ki, əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi üzrə tələblərdə və ya deliktdən irəli gələn tələblərdə mübahisənin məhz hər iki tərəfin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi məhkəmə aidiyyətini müəyyən edən həlledici meyardır. Dövlət və bələdiyyə orqanlarına münasibətdə isə qeyd edilməlidir ki, müqavilədən irəli gələn öhdəlik hüquqi münasibətlərdən fərqli olaraq, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə onların sahibkarlıq subyektləri ilə olan münasibətlərinin xarakteri mahiyyət etibarilə iqtisadi xarakterli olmadığından bu mübahisələrə ümumi məhkəmələrdə baxılmalıdır. ...”

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 24. Mübahisələrin məhkəməyə aidiyyəti ... 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. ...”

“Maddə 25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. ...”

“Maddə 26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. ...”

Ali məhkəmənin mövqeyi

11. Qarışıq məhkəmə tərkibi birinci instansiya məhkəmələrinin hər birinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı səbəblərdən iş baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilməlidir.

12. Kommersiya məhkəmələrinin baxmalı olduğu işlər sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrdir. MPM-in 24.2, 25.1 və 26.1-ci maddələrinin (bax § 10) tələblərindən aydın olur ki, işin kommersiya məhkəməsinə aidiyyətinin olub-olmamasının müəyyən edilməsi üçün: 1) tərəflərin subyektiv tərkibi; 2) mübahisənin predmeti və 3) hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlılığı amillərinin hər üçü mövcud olmalıdır.

13. Eyni zamanda, Plenum Qərarının 11-ci bəndində formalaşdırılmış hüquqi mövqelərə (bax § 9) görə, mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır.

14. İş materiallarından məlum olur ki, hazırki iş üzrə iddiaçı dövlət orqanı, cavabdeh isə fərdi sahibkar statusuna malik olan fiziki şəxsdir. Tərəflər arasında mübahisə isə fərdi sahibkar statusuna malik olan fiziki şəxsin meşə fonduna aid torpaq sahəsinə qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan həmin torpaq sahəsini özbaşına zəbt etməsindən və orada istirahət məqsədilə tikinti və quruculuq işləri aparması ilə əlaqədar yaranmışdır. Göründüyü kimi, hazırkı mübahisə tərəflər arasında həmin torpaq sahəsilə bağlı müqavilə münasibətləri üzrə deyil, əşya hüquqi münasibətlərdən irəli gəlmişdir.

15. Plenum Qərarının 25-ci bəndində dövlət və bələdiyyə orqanlarına münasibətdə isə qeyd edilmişdir ki, müqavilədən irəli gələn öhdəlik hüquqi münasibətlərdən fərqli olaraq, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə onların sahibkarlıq subyektləri ilə olan münasibətlərinin xarakteri mahiyyət etibarilə iqtisadi xarakterli olmadığından bu mübahisələrə ümumi məhkəmələrdə baxılmalıdır (bax § 9).

16. Yuxarıda göstərilənləri nəzərə alaraq qarışıq məhkəmə tərkibi belə qənaətə gəlir ki, hazırkı mübahisə kommersiya mübahisəsi hesab edilə bilməz, bu səbəbdən də ona ümumi məhkəmədə baxılmalıdır.

17. Şərh olunanlara əsasən qarışıq məhkəmə tərkibi MPM-in 32.7, 403-1.6, 403-1.7, 403-1.9 və 403-1.9.1-ci maddələrini rəhbər tutaraq

Qərara aldı:

İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin İddiaçı cavabdeh Cavabdeh qarşı iş məhkəmə aidiyyəti qaydalarına uyğun olaraq mahiyyəti üzrə baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar