Məhkəmə qərarları › İş №2-2(1-8)-63/2026

Ali Məhkəmə Qərar — İş №2-2(1-8)-63/2026

15.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-63/2026 15.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı pul tələbinə dair kommersiya işi üzrə QƏRAR Açar sözlər: müqavilə münasibətlərindən irəli gələn mübahisələr, alqı-satqı müqaviləsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı pul tələbinə dair kommersiya işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli, *-*(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları

1. Fiziki şəxs sahibkarlıq subyekti haqqında məlumatdan görünür ki, Cavabdeh sahibkarlıq subyekti kimi 2021-ci il # ###### tarixində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi - VÖEN (5501771392) verilmişdir və o, hal-hazırda ünvan 1 ünvanında qeydiyyatdadır.

2. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 2022-ci il ## ###### tarixli ***/** nömrəli alğı-satqı müqaviləsinə əsasən, satıcı alıcı tərəfindən göndərilmiş sifarişlərə uyğun olaraq bu müqaviləyə əlavə şəklində olan qaimə-fakturalarda qeyd olunan malları alıcıya satır, alıcı isə həmin malları qəbul edib dərhal ödənişləri həyata keçirir.

3. Elektron qaimə-fakturaların surətlərinə əsasən, iddiaçı İddiaçı MMC tərəfindən cavabdeh Cavabdeh aşağıdakı elektron qaimələr əsasında mal təqdim edilmişdir: - # ###### 2023-cü il tarixli EBCM ****** nömrəli elektron qaimə üzrə 24.799,49 manat - ## ###### 2023-cü il tarixli EBCM ****** nömrəli elektron qaimə üzrə 19.748,71 manat - ## ###### 2023-cü il tarixli EBCP ****** nömrəli elektron qaimə üzrə 6.247,87 manat - ## ### 2023-cü il tarixli EBDG ****** nömrəli elektron qaimə üzrə 19.252,84 manat - # ####### 2023-cü il tarixli EBDP ****** nömrəli elektron qaimə üzrə 6.259,11 manat.

4. Iddiaçı İddiaçı MMC-nin “xxxx” ASC-də olan bank hesabından çıxarışlara əsasən, cavabdeh Cavabdeh tərəfindən aşağıdakı elektron qaimələr üzrə ödənişlər həyata keçirilmişdir: - # ###### 2023-cü il tarixli EBCM ****** nömrəli elektron qaimə; - ## ###### 2023-cü il tarixli EBCM ****** nömrəli elektron qaimə; - ## ###### 2023-cü il tarixli EBCP ****** nömrəli elektron qaimə; - ## ### 2023-cü il tarixli EBDG ****** nömrəli elektron qaimə; - # ####### 2023-cü il tarixli EBDP ****** nömrəli elektron qaimə. Həmin qaimələr üzrə iddiaçının bank hesabına ümumilikdə 16.138 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsindəki icraat

5. Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – “iddiaçı”) cavabdeh Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 60.170,02 manat məbləğində əsas borcun və 271 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Iddia onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış ## ###### 2022-ci il tarixli ***/** saylı alğı-satqı müqaviləsinə əsasən, iddiaçı tərəfindən cavabdehə aşağıdakı elektron qaimələr üzrə mal satılmışdır: - # ###### 2023-cü il tarixli EBCM ****** nömrəli elektron qaimə üzrə 24.799,49 manat; - ## ###### 2023-cü il tarixli EBCM ****** nömrəli elektron qaimə üzrə 19.748,71 manat; - ## ###### 2023-cü il tarixli EBCP ****** nömrəli elektron qaimə üzrə 6.247,87 manat; - ## ### 2023-cü il tarixli EBDG ****** nömrəli elektron qaimə üzrə 19.252,84 manat; - # ####### 2023-cü il tarixli EBDP ****** nömrəli elektron qaimə üzrə 6.259,11 manat. Satılmış malların ümumi dəyəri 76.308,02 manat təşkil etmişdir. Cavabdeh tərəfindən ödənişlər edilmişdir: - EBCM ****** nömrəli qaimə üzrə: ## ###### 2023-cü il tarixdə 1.850 manat, ## #### 2023-cü il tarixdə 1.888 manat, ## ######## 2023-cü il tarixdə 1.500 manat və ## ####### 2023-cü il tarixdə 1.500 manat; - EBCM ****** nömrəli qaimə üzrə: # #### 2023-cü il tarixdə 2.900 manat; - EBCP ****** nömrəli qaimə üzrə: ## ##### 2023-cü il tarixdə 700 manat; - EBDG ****** nömrəli qaimə üzrə: # #### 2023-cü il tarixdə 2.800 manat; - EBDP ****** nömrəli qaimə üzrə: # ###### 2023-cü il tarixdə 3.000 manat. Beləliklə, ümumi satılmış malların dəyəri olan 76308.02 manat məbləğində vəsaitdən 16.138 manat məbləğində ödəniş edilmiş, 60.170,02 manat məbləğində borc isə bu günədək ödənilməmiş qalmışdır. Cavabdehə pretenziya göndərilərək borcun ödənilməsi üçün 3 gün müddət müəyyən edilsə də, həmin tələb nəticəsiz qalmışdır.

7. Şirvan Kommersiya Məhkəməsinin 2025-ci il ## #### tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim – Z.Abbasov).

8. Məhkəmə qeyd etmişdir ki, iddia ərizəsində tələb olunan borc məbləğinin iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsinin sübutetmə yükü cavabdehin üzərinə düşür. Lakin cavabdeh tərəfindən iddia tələbinin tam və ya qismən əsassızlığına dair sübut məhkəməyə təqdim edilməmişdir.

9. Belə olan halda məhkəmə, işdə olan sənədləri və işin müəyyən edilmiş digər hallarını nəzərə alaraq hesab etmişdir ki, iddia edildiyi kimi cavabdeh tərəfindən alınan malların qiymətini təşkil edən 60170,02 manat məbləğində pulun şərtləşdirilmiş müddətdə ödənilməməsi öz təsdiqini tapır.

10. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş və işin araşdırılması nəticəsində sübuta yetirilmiş faktiki halları belədir ki, iddiaçı müqavilə üzrə öhdəliyini icra edərək alğı-satqı obyekti olan malları cavabdehin mülkiyyətinə vermişdir, lakin cavabdeh malları təhvil alsa da, dəyərini tam ödəməmişdir. Buna görə də məhkəmə hesab etmişdir ki, iddiaçının pul tələbinə dair iddiası qanuni və əsaslıdır.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 567, 597.1, 598.1, 600.1, 427, 600.4 və 119.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

12. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

b) Apellyasiya instansiya məhkəməsindəki icraat

13. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli, *-*(***)-***/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – C.Imanov, hakimlər – T.Kərimov, Q.Əliyev).

14. Məhkəmə şikayətin cavabdehin əmək münasibətlərində olmaqla iddiaçının işçisi olması və buna görə də onlar arasında olan münasibətlərin əmək hüquq münasibətlərindən irəli gəlməsindən ibarət dəlilinə münasibətdə qeyd etmişdir ki, cavabdeh iddiaçı ilə 2022-ci il ## ###### tarixinədək əmək hüquq münasibətlərində olmuş, məhz 2022-ci il ## ###### tarixində onunla iddiaçı arasında əmək müqaviləsinə xitam verilmiş, bundan sonra elə 2022-ci il ## ###### tarixində cavabdehlə alqı-satqı müqaviləsi bağlanmış və bundan sonra cavabdehlə iddiaçı alqı-satqı münasibətlərində olmuşdur. Həmin vaxtdan sonra iddiaçı cavabdehə qaimələr üzrə mal vermiş, cavabdeh də həmin malların satışını təşkil etməklə pullarını iddiaçıya tam ödəməmişdir. Kollegiyanın iclası zamanı cavabdeh bu halları özü də təsdiq etmişdir.

15. Həmçinin məhkəmə işin hallarında qeyd edilən qaimələrə istinadən bildirmişdir ki, apellyasiya baxışında zərurət yarandığından, iddiaçı tərəfindən 2023-cü il ## ### tarixində EBDG ****** saylı, 2023-cü il ## ###### tarixində EBCP ****** saylı, 2023-cü il # ####### tarixində EBDP ****** saylı, 2023-cü il ## ###### tarixində EBCM ****** saylı, 2023-cü il # ###### tarixində EBCM ****** saylı elektron qaimələrin cavabdeh tərəfindən oxunaraq təsdiq edilib-edilməməsi, yoxsa avtomatlaşdırılmış vergi informasiya sistemində 5 gün müddət bitdikdən sonra sistemin özü tərəfindən təsdiq edilib-edilməməsi barədə müvafiq arayış verilməsi Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Idarəsindən xahiş edilmiş və sorğuya cavabda həmin qaimələrin bəzilərinin sistem, bəzilərinin isə cavabdehin özü tərəfindən təsdiq edilməsi göstərilmişdir.

16. Məhkəmə müəyyən etmişdir ki, qaimələr üzrə təhvil verilmiş malların ümumi dəyəri 76.308,02 manat təşkil edir, bu məbləğdən ödənilmiş 16.138 manat çıxıldıqda 60.170,02 manat borc qalığı yaranır və cavabdeh yalnız 15.876 manat borcunun qaldığını bildirsə də, bu barədə kollegiyaya hər hansı mötəbər sübut təqdim etməmişdir.

17. Məhkəmə gəldiyi nəticəni MM-in 567, 597.1, 598.1, 600.1, 600.4-cü maddələrinə, MPM-in 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır.

18. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmasını xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri:

19. MM-in 385.1-ci maddəsi üzrə - cavabdeh MM-in 385.1-ci maddəsinə istinad edərək bildirir ki, öhdəliyin mövcudluğu üçün ilk növbədə tərəflər arasında etibarlı alqı-satqı münasibətinin və malların faktiki təhvil verilməsinin sübuta yetirilməsi zəruridir. Onun fikrincə, 76.308,02 manat dəyərində malın satıldığını təsdiq edən müqavilə, malların siyahısı və ya təhvil-təslim aktı iş materiallarında mövcud deyildir və bu səbəbdən borc öhdəliyinin yarandığı sübuta yetirilməmişdir. Cavabdeh iddia edir ki, o, iddiaçı şirkətin əmək müqaviləsi əsasında çalışan işçisi olmuş, malları öz adından deyil, şirkətin tapşırığı ilə üçüncü şəxslərə satmışdır və şirkət digər şəxslərdən ala bilmədiyi vəsaiti ondan tələb edir. Həmçinin bildirir ki, adına rəsmiləşdirilmiş VÖEN və asan imza faktiki olaraq onun istifadəsində olmamış, elektron qaimələr və müvafiq əməliyyatlar iddiaçı şirkətin əməkdaşları tərəfindən həyata keçirilmişdir. Bu səbəbdən tərəflər arasında müstəqil alqısatqı müqavilə münasibətinin mövcud olmadığını göstərir. Eyni zamanda qeyd edir ki, elektron qaimələrdən məlumatı olmamış, onları qəbul etməmiş və asan imzadan istifadə etməmişdir. Yalnız faktiki olaraq götürdüyü malların dəyərini hissə-hissə ödəmiş, hesablamasına əsasən 15.876 manat borcu qalmışdır, lakin bu məbləği konkret qaimə və ya müqavilə üzrə borc kimi tanımır. Cavabdehin mövqeyinə görə, məhkəmələr asan imzanın kim tərəfindən əldə olunması və istifadə edilməsi, elektron qaimələrin faktiki olaraq kim tərəfindən qəbul edilməsi məsələlərini tam və hərtərəfli araşdırmadan nəticəyə gəlmiş və işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir.

20. MM-in 425.1-ci maddəsi üzrə - hazırda iddiaçı öz hüquqlarını vicdanlı şəkildə yerinə yetirmir. Belə ki, cavabdeh iddiaçı təşkilardan heç vaxt qeyd edilən məbləğdə mal almamışdır. Cavabdeh iddiaçı təşkilatın əmək müqaviləsi ilə işləyən işçisi olmuş və vəzifəsi də malların satılması olmuşdur. Apellyasiya şikayətinə qoşma kimi əlavə edilmiş əmək müqavləsi bildirişlərindən də görünür ki cavabdehin vəzifəsi satış təmsilçisi olmuşdur. Iş materialarında olan sənədlərə nəzər yetirdikdə aydın görmək olur ki, cavabdehlə bağlanmış əmək müqaviləsinə 2022-ci il ## ###### tarixdə xitam verilmiş və iddiaçı da məhz həmin tarixli müqaviləyə istinad edir. Göründüyü kimi hazırki iş üzrə iddiaçı vicdansızlıq edərək heç bir hüquqi və faktiki əsası olmayan hazırki iddia tələbində israr etməkdə davam edir.

21. MPM-in 88, 218.1-ci maddələri üzrə - Cavabdeh qeyd edir ki, apellyasiya instansiyası onun şikayət dəlillərini qətnamədə tam və düzgün əks etdirməmiş, bir sıra arqumentlərə ümumiyyətlə hüquqi qiymət verməmiş və həmin halları araşdırmamışdır. Xüsusilə, məhkəmə yalnız elektron qaimələrin oxunub-oxunulmaması ilə bağlı sorğu verməklə kifayətlənmiş, lakin əsas dəlil olan asan imzanın cavabdehin faktiki istifadəsində olmaması məsələsini araşdırmamışdır. Asan imzanın kim tərəfindən əldə edilməsi, hansı tarixlərdə və hansı ərazilərdə istifadə olunması, həmin tarixlərdə cavabdehin mobil telefonunun yerləşmə məlumatları ilə uyğunluq məsələsi yoxlanılmamışdır. Bu baxımdan, məhkəmə sübutları hərtərəfli və obyektiv araşdırmadan, sübutetmə yükünü iddiaçının üzərindən götürərək cavabdehin üzərinə qoymuşdur. Malların konkret məbləğdə cavabdehə satılmasını sübut etmə vəzifəsi iddiaçının üzərinə düşdüyü halda, iddiaçı tərəfindən müqavilə, təhvil-təslim aktı və ya digər mötəbər sübutlar təqdim edilməmiş, məhkəmə isə yalnız elektron qaimələrə istinad etməklə iddianı təmin etmişdir ki, bu da prosessual normaların pozulması kimi qiymətləndirilməlidir.

c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

22. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Kassasiya baxışının hədləri

23. Iş üzrə apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

24. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

Tətbiq edilən hüquq

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 567. Alğı-satqı müqaviləsi

Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.”

“Maddə 597. Satılan əşyanın qiyməti

597.1. Alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. ...”

“Maddə 598. Alınmış əşyanın ödənilməsi

598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. ...”

“Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi

600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. ... 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. ...”

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...”

“Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...”

“Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” ...”

“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyindən və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli, *-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

28. Məhkəmə kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır və ilkin olaraq bildirir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından, həmçinin məhkəməyə bildirdiyi faktiki halların müvafiq maddi hüquq normasının nizamlama təsirinin dairəsinə düşüb-düşməməsinin yoxlanılması və qiymətləndirilməsindən ibarətdir. Hazırki iş üzrə irəli sürülmüş iddia tələbinin qanuni əsası aşağı instansiya məhkəmələrində işin faktiki halları və sübutlar əsasında müəyyən edilmiş, faktiki hallar qanunvericiliyin müvafiq normalarındakı qaydalarla uzlaşmış, habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmamışdır.

29. Işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarına görə, cavabdeh müqavilə üzrə götürdüyü öhdəliyi tam icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Cavabdeh tələb edilən borc məbləğinin əsassız olmasına dair əsaslı arqument irəli sürə bilməmişdir. Belə ki, MPM-in 77.1-ci maddəsində müəyyən olunmuş sübutetmə qaydası onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.

30. Apellyasiya instansiyası iddiaçının müqavilə üzrə öhdəliklərini yerinə yetirməsi və buna dair sübutları təqdim etdiyi halda, cavabdehin müqavilə üzrə öhdəliklərini icra etməməsi qənaətinə gələrkən, kassasiya şikayətində istinad edilən normalar üzrə hər hansı hüquq pozuntusuna yol verməmişdir.

31. Apellyasiya məhkəməsi qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə almaqla, haqlı olaraq iddianın əsaslı olması qənaətinə gəlmişdir.

32. Məhkəmə kollegiyası bildirir ki, kassasiya şikayətində istinad olunan hallara dair mötəbər sübutlar aşağı instansiya məhkəmələrinə təqdim olunmamış, iddiaçı isə istinad etdiyi hallara dair müvafiq sübutları təqdim etmişdir. Belə vəziyyətdə əksini sübutetmə vəzifəsi cavabdehin üzərində olmuş, sonuncu isə şikayətində göstərdiyi məsələlər üzrə mötəbər sübutlarını təqdim edə bilməmişdir.

33. MPM-in 77.1-ci maddəsində müəyyən olunmuş sübutetmə qaydası onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Istisnanı yalnız MPM-in 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il ## #### tarixli Qərarında qeyd olunmuşdur ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.

34. Kassasiya şikayətinin dəlilləri əsassız olmaqla yanaşı, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır. MPM-in 385-ci maddəsinin tələbinə görə belə dəlillər apellyasiya qaydasında məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası cavabdehin dəlillərinə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır.

35. Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qətnaməsini mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki kassasiya məhkəməsinin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmiş olsun. Hazırkı halda mübahisələndirilən məhkəmə aktında kassasiya şikayətinin dəlilləri üzrə maddi və prosessual hüquq normalarının pozuntusunun aşkar olunması müəyyən edilmir.

36. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmamışdır. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli, *-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. Yuxarıda göstərilənlərə və MPM-in 416, 417, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası

Qərara aldı:

Kassasiya şikayəti təmin olunmasın. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli, *-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar