Məhkəmə qərarları › İş №2-2(1-8)-67/2026

Ali Məhkəmə Qərar — İş №2-2(1-8)-67/2026

17.04.2026 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-67/2026 17.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının Ərizəçi Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş Idarəsinin maraqlı şəxs Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə QƏRARİ Açar sözlər: Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında (sahibkarlıq fəaliyyəti ilə bağlı olduqda) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun (məruzəsi ilə), Qəribov Bəhman Fərhad oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Ərizəçi Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş Idarəsi maraqlı şəxs Maraqlı şəxs ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli *- *(***)-***/**** nömrəli qətnaməsindən ərizəçi tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Iş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

2. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş Idarəsi (bundan sonra – “ərizəçi”) ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan "xxxx" MMC-nin Işsizlikdən sığorta fonduna 1,6 manat, Icbari Tibbi Sığorta Fonduna 6,75 manat, "X1" MMC-nin Icbari Tibbi Sığorta Fonduna 25,62 manat, Işsizlikdən sığorta fonduna 6,54 manat, dövlət büdcəsinə 4.273,02 manat məbləğində, Dövlət Sosial Müdafiə Fonduna 40,91 manat olmaqla, ümumilikdə 4.354,44 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs (bundan sonra – “maraqlı şəxs”) barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra – “VM”) ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün ##.##.2025-ci il tarixə vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: 1406440311) Işsizlikdən sığorta fonduna 1,6 manat, Icbari Tibbi Sığorta Fonduna 6,75 manat, dövlət büdcəsinə 0 manat məbləğində, "X1" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: 1006639081) Icbari Tibbi Sığorta Fonduna 25,62 manat, Işsizlikdən sığorta fonduna 6,54 manat, dövlət büdcəsinə 4273,02 manat məbləğində (o cümlədən, vergilər üzrə 2963,05 manat, faizlər üzrə 1269,97 manat, maliyyə sanksiyası üzrə 40 manat), Dövlət Sosial Müdafiə Fonduna 40,91 manat olmaqla, ümumilikdə 4354,44 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinəvə müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə VM-in 65-ci maddəsinə əsasən ##.##.2025-ci il tarixli 2550020820991300, ##.##.2025-ci il tarixli 2550020813274500, ##.##.2025-ci il tarixli 2550021117645500, ##.##.2024-cü il tarixli 2450020897624200, ##.##.2023cü il tarixli 2350021281444800, ##.##.2025-ci il tarixli 2550021170136300, ##.##.2024-cü il tarixli **************** nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğlərini ödəməmişlər.

4. Şəki Kommersiya Məhkəməsinin 2025-ci il # ######## tarixli e-*-*(***)- ****/**** nömrəli qətnaməsi ilə ərizə təmin edilmişdir (hakim – E.Hüseynova).

5. Məhkəmə müəyyən etmişdir ki, vergi ödəyicisi olan "xxxx" MMC-nin Işsizlikdən sığorta fonduna 1,6 manat, Icbari Tibbi Sığorta Fonduna 6,75 manat, "X1" MMC-nin Icbari Tibbi Sığorta Fonduna 25,62 manat, Işsizlikdən sığorta fonduna 6,54 manat, dövlət büdcəsinə 4.273,02 manat məbləğində, Dövlət Sosial Müdafiə Fonduna 40,91 manat olmaqla, ümumilikdə 4.354,44 manat borcu vardır.

6. Məhkəmə hesab etmişdir ki, vergi ödəyicisi olan hüquqi şəxslər tərəfindən dövlət büdcəsinə və müvafiq fondlara olan borcunun ödənilməsini təmin etmək üçün qeyd olunan hüquqi şəxslərin rəhbəri iş üzrə maraqlı şəxsin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır.

7. Məhkəmə mövqeyini VM-in 1.4, 16.1.1, 23.1.15-3 və 24.0.2-1-ci, “Sosial sığorta haqqında Azərbaycan Respublikası Qanununun 9-1.1-ci, “Işsizlikdən sığorta” haqqında Azərbaycan Respublikası Qanununun 6.2.2 və 6.2.3-cü, “Tibbi sığorta” haqqında Azərbaycan Respublikası Qanunun 15-5.2.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 78.1, 119.1, 355- 5.1, 355-5.2 və 355-7.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

8. Maraqlı şəxs həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsi və ərizənin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə maraqlı şəxsin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq ərizə rədd edilmişdir (sədrlik edən – E.Hüseynov, hakimlər – Z.Sadiqov və Ə.Kərimov).

10. Məhkəmə qeyd etmişdir ki, vergi borcu müəyyən edildikdən sonra vergi orqanının digər tədbirlər görmədən birbaşa hazırkı ərizə ilə müraciət etməsi vergi orqanının mütənasiblik prinsipinə riayət etmədiyini göstərir. Həmçinin vergi orqanı hazırkı işlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl borcun ödənilməsinin təmin edilməsi üçün heç bir tədbir görməmişdir. Bank hesabına sərəncam qoyulması, digər tədbilərin görülüb-görülməməsi (öhdəlik yerinə yetirilmədikdə ixtisaslaşdırılmış açıq hərracdan və ya ticarət şəbəkələri vasitəsi ilə satılması məqsədilə vergi ödəyicisinin əmlakının siyahıya alınması, yaxud kifayət qədər belə əmlakların mövcud olmamasına dair rəsmi məlumatlar əldə etməsi və s.), nəticə veribverməməsi ilə bağlı sənədləri ərizəyə əlavə etməmişdir. Halbuki ərizəçi tərəfindən VM-də nəzərdə tutulan digər tədbirlərin tətbiq edilib-edilməsi və onların tətbiqinin nəticə verməməsi barədə sübutlar təqdim edilməli və yalnız bundan sonra ölkədən getmə hüququnun məhdudlaşdırılmasının tətbiqinin zəruriliyi əsaslandırılmalıdır. Vergi qanunvericiliyində nəzərdə tutulan hallar maraqlı şəxsə münasibətdə səmərəli, gözlənilən nəticəni verə bilən tədbir sayıla bilməz. Belə ki, (Azemis elektron məhkəmə sistemi, şəxsi məlumatlar və sərhədkeçmə məlumatlarından) maraqlı şəxs heç vaxt xaricə səfər etməmiş, həmçinin onun ümumvətəndaş pasportu da mövcud deyildir.

11. Məhkəmə vurgulamışdır ki, vergi ödəyicisi olan hüquqi şəxslərin müvafiq olaraq işsizlikdən sığorta fonduna 1,6 manat və 6,54 manat, icbari Tibbi Sığorta Fonduna 6,75 manat və 25,62 manat, Dövlət Sosial Müdafiə Fonduna isə 40,91 manat borcları vardır. Göründüyü kimi, həmin məbləğlər olduqca az olmaqla ümumi borc məbləğinin cüzi hissəsini təşkil edir. Bu baxımdan da həmin məbləğlərə görə maraqlı şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması adekvat olmamışdır.

12. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 28 və 71-ci, VM-nin 16.1.1, 23.1.15-3, 77.1, 77.3, 78.1, 89.1 və 89.3cü, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9.3.6-1-ci, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.6-cı, MPM-in 14.2, 77.1, 88 və 355-5.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

13. Ərizəçi həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv, ərizənin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

14. Azərbaycan Respublikası Konstitusiyasının 71.1, 71.2, 73.1-ci və VM-nin 11, 16.1.1, 23.1.15-3, 65, 77.1, 77.3, 78.1-ci maddələri üzrə - maraqlı şəxsin aidiyyəti olduğu sahibkarlıq subyektləri üzrə mövcud bank hesablarına qanunvericilik normalarında nəzərdə tutulmuş qaydada sərəncamlar göndərilmişdir. Belə ki, 2025ci il ## #### tarixli 25956506015, 25956506016, 25956506019 və *********** nömrəli sərəncamlara əsasən “xxxx” MMC və “X1” MMC-nin vergilər üzrə borclarını və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün “xxxx” QSC, “xxxx” ASC-də olan bank hesablarına sərəncamlar verilmişdir. Apellyasiya instansiya məhkəməsi qətnaməsində məhkəməyə müraciət etməmişdən əvvəl borcun ödənilməsinin təmin edilməsi tələb olunan vəsaitin şəxsin hesablarından silinməsi üçün müvafiq banklara müraciət etməsi ilə əlaqədar tədbirin görülmədiyini qeyd edərkən işin faktiki halları ilə bağlı sübutlara düzgün hüquqi qiymət verməmiş və ziddiyyətli məqamlara yol vermişdir. Vergi ödəyicisi olan "X1" MMC yə "xxxx" MMCyə vergi borcların ödənilməsinə dair bildirişlər göndərilmişdir. Həmin bildirişlərə görə, borcun 5 gün müddətində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi tələb edilmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi də bildirilmişdir. Eləcə də vergi ödəyicisinə müvafiq bildirişlər göndərildikdən sonra borc ödənilmədiyindən ona 15 gündən sonra SMS göndərilmişdir. Yaranmış borc məbləğinin ödənilməsi yenə də vergi ödəyicisi tərəfindən təmin edilmədiyi üçün bildiriş göndərildikdən 60 gün sonra ona ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət edilə biləcəyi barədə SMS göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin qətnaməsində maraqlı şəxsin heç vaxt xaricə səfər etməməsi, həmçinin onun ümumi vətəndaş pasportunun da mövcud olmaması dəlilinə münasibətdə kassator qeyd etmişdir ki, şəxsin əvvəl xarici ölkəyə səfər etməməsi gələcəkdə də səfər etməyəcəyi kimi başa düşülməməlidir. Həmçinin, 2025-ci ildə ümumi vətəndaş pasportu olmadan yalnız şəxsiyyət vəsiqəsi ilə Azərbaycan vətəndaşları üçün xarici ölkəyə səfər etmək mümkündür.

15. MPM-in 82.4, 88, 175, 217, 220.4 və 355.5.1-ci maddələri üzrə - işdə olan sübutlar düzgün, hərtərəfli araşdırılmamış və sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə qətnaməsində vergi orqanı tərəfindən vergi ödəyicisinin bank hesablarına sərəncamların göndərilmədiyini bildirsə də, iş materiallarından da göründüyü kimi vergi ödəyicisinin bank hesabına göndərilmiş sərəncamlar ərizə ilə birlikdə birinci instansiya məhkəməsinə təqdim olunmuşdur.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Kassasiya baxışının hədləri

17. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə tam yoxlanılacaqdır.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 12. Dövlətin ali məqsədi İ. Insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.”

“Maddə 28. Azadlıq hüququ III. Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər.”

“Maddə 71. Insan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı II. Insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.”

19. Azərbaycan Respublikası Vergi Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 16. Vergi ödəyicisinin vəzifələri 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.1. qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək;”

“Maddə 23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.15-3. vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək;”

“Maddə 65. Vergilər üzrə borcların alınması qaydası 65.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir. 65.2. Bu Məcəllənin 65.2.1.1-ci və 65.2.1.4-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla digər hallarda vergi orqanının hesabladığı və ya yenidən hesabladığı vergilər, faizlər və ya tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit və ya elektron pul təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam verir. Bu zaman kredit və ya elektron pul təşkilatları və ya bank əməliyyatlarını aparan şəxslər tərəfindən hesablarda dondurulmuş vəsaitdən artıq olan pul vəsaitinə dair hesabdan məxaric edilməsini nəzərdə tutan vergi ödəyicisinin ödəmə tapşırıqları icra edilir.”

“Maddə 89. Əmlakın siyahıya alınması 89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. 89.2. Əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. 89.4. Vergi ödəyicisi olan hüquqi şəxsin bütün əmlakı, vergi ödəyicisi olan fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa digər əmlakı siyahıya alına bilər.”

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 355-5. Ərizənin verilməsi 355-5.1. Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.”

Maddə 355-7. Ərizəyə baxılması və qətnamənin qəbul edilməsi 355-7.3. Işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir.”

“Maddə 407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər. 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.”

“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”

Kassasiya instansiya məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.

22. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.

23. Kassasiya şikayətində ifadə olunmuş dəlillər isə əsaslı hesab edilə bilməz.

24. Belə ki, MPM-in 355-5-ci maddəsinin dispozisiya şərtlərindən müəyyən edilir ki, vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının məqsədini hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin edilməsi təşkil edir.

25. Eyni zamanda, VM-dən müəyyən edilir ki, həmin məbləğlərin ödənilməsinin təmin edilməsinin bir neçə üsulu mövcuddur. Belə ki, vergi orqanları tərəfindən VMin 65 və 89-cu maddələrinin tələblərinə uyğun olaraq vergi ödəyicisinə məxsus bank hesablarının üzərinə sərəncamlar qoyulması və əmlaklarının siyahıya alınaraq satılması da nəzərdə tutulmuşdur.

26. Nəzərə alınmalıdır ki, qanunvericilikdə vergi öhdəliyinin təmin edilməsi ilə bağlı vergi orqanlarının səlahiyyətli olduqları məcburiyyət tədbirlərinin seçilməsi zamanı “növbəliliyə” riayət edilməsi barədə hər hansı müddəa nəzərdə tutulmamışdır. Lakin bu hal ilkin mərhələdə istənilən növ məcburiyyət tədbirinin tətbiq edilməsi imkanı kimi də qiymətləndirilməməlidir. Çünki, hüquqi dövlətin ali prinsiplərindən biri olan mütənasiblik prinsipinin tələbinə görə, hüquqa müdaxilənin yolverilən hesab edilə bilməsi üçün onun qanuni məqsədə yönəlməsi öz-özlüyündə kifayət deyildir, bu zaman həm də müxtəlif toqquşan maraqlar arasında ağlabatan və ədalətli tarazlığa da əməl olunmalıdır.

27. “X3 (X2) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2017-ci il ## ### tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə qanunvericiliyə uyğun olaraq işə baxarkən, hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır.

28. Bununla bağlı, Avropa Məhkəməsinin bir sıra qərarlarında da göstərilmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair * saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir (məs. Battista Italiyaya qarşı (Battista v. Italy), № *****/**, 2014-cü il # ###### tarixli qərarı; Xlyustov Rusiyaya qarşı (Khlyustov v. Russia, 2013), № *****/** 2013-cü il ## #### tarixli qərarı).

29. Avropa Məhkəməsinin mövqeyinə görə, müdaxilə “təcili ictimai ehtiyaca” cavab verirsə, xüsusilə qanuni məqsədə mütənasibdirsə və onu əsaslandırmaq üçün milli hakimiyyət orqanları tərəfindən verilən səbəblər “müvafiq və yetərli”dirsə qanuni məqsədlər üçün “demokratik cəmiyyətdə zəruri” hesab olunur. Vətəndaşın ümumi maraqları ilə hərəkət azadlığı hüququ arasında ədalətli tarazlığın olub-olmaması məsələsi işin bütün xüsusiyyətlərinə görə nəzərə alınmalıdır.

30. Avropa Məhkəməsinin Reiner Bolqarıstana qarşı iş üzrə qərarında isə göstərilmişdir ki, belə bir yüksək məbləğdə ödənilməmiş verginin qaytarılmasında ictimai maraq ərizəçinin hüquqlarına müvafiq məhdudiyyətlər yarada bilər. Dövlətlər öz fiskal siyasətlərini tərtib və təşkil etmək, vergilərin ödənilməsini təmin etmək məqsədilə tədbirlər görmək üçün müəyyən qiymətləndirmə sərbəstliyinə malikdirlər (Reiner Bolqarıstana qarşı (Riener v. Bulgaria), № HYPERLINK "https://hudoc.echr.coe.int/eng" \l "{%22appno%22:[%2246343/99%22]}"46343/99, 2006-cı il ## ### tarixli qərarı, § 119).

31. Beləliklə, hazırkı növ ərizələr üzrə işlərə baxılarkən mütənasiblik prinsipinin tələblərinin nəzərə alınması mütləq xarakter daşıyır. Lakin mütənasiblik prinsipi üzrə qiymətləndirmə formal şəkildə deyil, ümumi məyarlar və hər bir konkret işin bütün xüsusiyyətləri nəzərə alınmaqla aparılmalıdır.

32. Belə ki, mütənasiblik prinsipinin tələbləri baxımından nəzərə alınmalı olan ümumi maraq qismində vergi borclarının, eləcə də məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqı borclarının dövlət büdcəsinə alınmasının təmin edilməsi çıxış edir. Buna görə, sözügedən borclar dövlətin şərtsiz tələbi kimi bütün vergi ödəyicilərinə şamil olunur. Qeyd edilən ödənişlərin ödəmək (o cümlədən qanunvericiliklə müəyyən edilmiş müvafiq vaxtda və miqdarda) hər bir şəxsin konstitusion vəzifələrindən biridir. Vergi ödəyicilərinin bu vəzifəsində cəmiyyətin bütün üzvlərinin ictimai maraqları öz əksini tapmışdır. Dövlət yalnız vergi ödəyicilərinin deyil, həmçinin cəmiyyətin digər üzvlərinin də hüquq və qanuni mənafelərinin qorunması məqsədilə vergi hüquq münasibətlərini tənzimləmək sahəsində qanuni tədbirlər görmək hüququna və vəzifəsinə malikdir. Odur ki, sözügedən borclar ödəyicilər tərəfindən könüllü ödənilmədikdə qanunvericilikdə nəzərdə tutulmuş məcburetmə vasitələrinin tətbiqi ilə alına bilər. Digər tərəfdən, cəmiyyətin ümumi maraqları həmçinin onu tələb edir ki, həmin borcların mümkün qədər operativ qaydada və tam məbləğdə büdcəyə ödənilməsi təmin edilməlidir.

33. Fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin diqqətə alınmalı olan maraqları qismində isə o hallar çıxış edir ki, əgər qanunvericilikdə nəzərdə tutulan digər üsulların həyata keçirilməsi və nəticədə həmin üsullar vasitəsilə vergi öhdəliklərinin real icra edilməsinin təmin edilməsi mümkündürsə, həmin şəxslərin ölkədən getmə hüququ məhdudlaşdırıla bilməz. Eyni zamanda, fiziki şəxs və ya hüquqi şəxsin icra orqanının rəhbəri digər üsulların həyata keçirilməsini və diqqətəlayiq hər hansı digər maraqlarının nəzərə alınmasını tələb edə bilərlər. Belə diqqətəlayiq maraqlar hər bir konkret haldan asılı olaraq dəyişə biləcəyi üçün məhkəmə tərəfindən hər işin xüsusi halları nəzərə alınmaqla qiymətləndirilməlidir. Məhkəmə məhz xüsusi hallardan çıxış etməklə və həmin xüsusi halları mütənasiblik prinsipinin tələbləri ilə əlaqələndirməklə qərar verməlidir.

34. Hazırkı işin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilən halları isə ondan ibarətdir ki, maraqlı şəxsə münasibətdə qanunvericilikdə nəzərdə tutulan digər üsulların həyata keçirilməsini təsdiq edən kifayət qədər sübutlar təqdim edilməmişdir. Ona görə də, digər üsullar vasitəsilə vergi öhdəliklərinin real icra edilməsinin təmin edilməsinin qeyri-mümkün olması müəyyən edilməmişdir.

35. Bu baxımdan kollegiya qeyd edir ki, maraqlı şəxsin ölkədən getmə hüququnun məhdudlaşdırılması mütənasiblik prinsipinin tələbləri baxımından məqbul hesab edilə bilməz.

36. Kassasiya şikayətində qeyd edilən işdə olan sübutların düzgün qiymətləndirilməməsi ilə bağlı dəlillərə dair kollegiya qeyd edir ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirinə görə kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.

37. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab etmir və belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması nəticəsinə gəlmək üçün əsaslar mövcud deyildir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

38. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDI:

Ərizəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar