Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-76/2026 08.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Elmi-İstehsalat Firması “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsi, öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Şamayev Elşad Yaquboviç və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, iddiaçı Elmi-İstehsalat Firması “xxxx” MMC-nin cavabdeh “X1” MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1.Elmi-İstehsalat Firması “xxxx” MMC (alıcı) ilə “X1” MMC (satıcı) arasında ******/* nömrəli, 2024-cü il ## ###### tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: - 1.1-ci bəndinə əsasən Satıcı aşağıdakıları satır, Alıcı isə alır və dəyərini ödəyir: Elektrotexniki avadanlıq, digər yanaşı mallar və materiallar (bundan sonra - Mallar). - 1.2-ci bəndinə əsasən malların adı (siyahısı), miqdarı, bir vahidinin qiyməti, tədarük şərtləri və ümumi dəyəri bu Müqavilənin ayrılmaz hissəsi olan hesab-fakturalarda göstərilir. - 8.1-ci bəndinə əsasən Müqavilənin ümumi məbləği 4 719 093 rubl təşkil edir və Malın dəyərini, qablaşdırma, markalanma xərclərini ehtiva edir. Müqavilənin valyutası Rusiya rubludur. Müqavilə üzrə ödəniş valyutası Rusiya rubludur. - 8.2-ci bəndinə əsasən tədarük olunmuş mala görə ödənişlər alıcı tərəfindən hesabfakturalarda göstərilmiş şərtlərlə və müddətdə Satıcının bu müqavilədə göstərilmiş hesablaşma hesabına bank köçürməsi yolu ilə həyata keçirilir. Ödəniş tarixi Alıcının hesabından ödənişin daxil olması tarixi hesab edilir. 2.2024-cü il ## ###### tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, Elmi-İstehsalat Firması “xxxx” MMC tərəfindən “X1” MMC-nin hesabına 4.719.092.98 manat pul köçürülmüşdür. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı Elmi-İstehsalat Firması “xxxx” MMC (bundan sonra-“iddiaçı”) “X1” MMC-yə (bundan sonra-“cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə geri qaytarılmalı olan 4.719.092,98 Rusiya Rublunun, 364 manat dövlət rüsumunun, 1140 manat gecikmə faizinin və hüquqi xidmət xərcləri olaraq 436.650,0 Rusiya Rublunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 2024-cü il ## ###### tarixli, ******/** nömrəli alqı-satqı müqaviləsi üzrə iddiaçı tərəfindən 2024-cü il ## ###### tarixində 4.719.092,98 Rusiya Rublu ödənilmiş, lakin hal-hazıradək qeyd olunan ödəniş müqabilində heç bir mal təqdim olunmamışdır. Eyni zamanda cavabdeh tərəfindən təqdim olummuş, 2024-cü il ## #### tarixli məktubda malların təqdim olunmasının mümkün olmadığı bildirilmiş və vəsaitlərin 2024-cü il ## ##### tarixinədək geri qaytarılacağı barədə könüllü öhdəlik götürülmüşdür. Müqavilənin 3.3-cü bəndinə əsasən Salıcı tərəfindən öncədən ödəniş zamanı mallar 90 gün ərzində göndərilməlidir, əks halda isə ödəniş Satıcı tərəfindən komissiyalar çıxmamaqla 30 gün ərzində geri qaytarılmalıdır. Müqavilənin müvafiq müddəasını tətbiq edərək belə qənaətə gəlmək olar ki, malların son təqdim olunma tarixi 2024-cü il ## ### tarixi kimi müəyyənləşdirilməli, təqdim olunmadıqda isə ödəniş 2024-cü il ## #### tarixinədək geri qaytarılmalı idi. Lakin cavabdeh 2024-cü il ## ##### tarixindən artıq malları təqdim etməyəcəyini bildirmiş və həmin vaxtdan iddiaçının vəsaitlərini əsassız olaraq özündə saxlamağa davam etmişdir. Cavabdeh tərəfindən götürülmüş öhdəliklər bugunədək icra edilməmişdir və iddiaçının vəsaitləri əsassız olaraq saxlanılmışdır. Həmçinin bu hal üzrə müvafiq məhkəmə qərarı olmazsa, iddiaçının da ölkəsində maliyyə vəsaitlərinin ölkədən çıxarılaraq geri qaytarılmaması səbəbindən əlavə sanksiyalar yükünə səbəb olacaqdır. 5.Cavabdehin nümayəndəsi məhkəmə iclasında izahatında bildirmişdir ki, iddiaçı ilə aralarında alqı-satqı müqaviləsi imzalanmış, və onun hesabına iddiaçı tərəfindən iddia ərizsəində qeyd olunan məbləğdə pul köçürülmüşdür, lakin onun tərəfindən pul malları almaq üçün digər şirkətin hesabına köçürüldükdə həmin pul məbləği sanskiyaya düşdüyündən, malları alması mümkün olmamışdır. Yaranmış borcu qəbul etmiş və müqavilə üzrə öhdəliklərinin onlardan asılı olmayan səbəbdən vaxtında icra edə bilmədiyindən ona vaxt verilməsini xahiş etmişdir. 6.Bakı Kommersiya Məhkəməsinin 2025-ci il # ### tarixli e-*-*(***)-***/**** saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdehdən 4.719.092,98 Rusiya Rublu əsas borc, 1140 manat gecikmə faizini və hüquqi xidmət xərcləri olaraq 1000 manat və 364 manat dövlət rüsumu məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir (hakim G.Həşimova). 7.Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən iddiaçı üzərinə düşən öhdəlikləri tam icra edərək, müqavilə üzrə ödənişləri cavabdehə ödəmiş, cavabdeh isə ödənilən pulun müqabilində iddiaçıya mal verməmiş, bununla da müqavilə öhdəliklərini pozmuşdur. Nəticədə cavabdehin iddiaçıya 4.719.092,98 rubl məbləğində borcu yaranmışdır. 8.Cavabdehin səlahiyətli nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatla müəyyən olunur ki, tərəflər arasında müqavilənin imzalanması, iddiaçı tərəfindən cavabdehə iddia ərizəsində qeyd olunan məbləğdə pulun köçürülməsi və malın cavabdehdə tərəfindən iddiaçıya çatdırılmaması işin mübahisəsiz halıdır. 9.Məhkəmə müvafiq qanunvericilik normalarını, eyni zamanda cavabdeh müqaviləyə əsasən ödənilən məbləğin müqabilində iddiaçını müqavilə ilə nəzərdə tutulmuş mal ilə təchiz etməməklə müqavilə öhdəliklərini lazımi qaydada icra etməməsini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, eləcə də iddiaçı cavabdehdən 4.719.092,98 rubl məbləğində pul vəsaitini tələb etdiyini nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən həmin pul tutularaq iddiaçıya ödənilməlidir.
10. İddia tələbinin əsas borcun ödənilməsinin gecikməsinə görə illik 5%-lə hesablanmış pulun tutulması hissəsinə münasibətdə cavabdeh tərəfindən öhdəkilərin icra edilməsi üçün gecikdirildiyi müddəti, yəni 2024-cü il ## ##### tarixdən (pretenziya məktubu göndərilən tarix) keçən müddəti və əsas borc məbləğini nəzərə alaraq belə qənaətə gəlmişdir ki, həmin hissədə iddia təmin edilməlidir.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 385.1, 386.1, 442, 445.7, 448.1, 567, 598.1 və 598.2-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 107, 115.0.1, 119.1 və 121.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
12. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin qismən ləğv edilməsi və iddia tələbinin tam rədd edilməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim Z.Şirinov, hakimlər T.Mahmudova və L.Əliyeva).
14. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşmış və apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, fakturada malın xüsusiyyətləri göstərilməlidir. Cavabdehin qeyd etdiyi kimi fakturada sanksiya qoyulacaq malın qeyd olunmasında iddiaçı şirkətin hər hansı təqsiri müəyyən olunmur.
15. Məhkəmə kolllegiyası qeyd etmişdir ki, cavabdehin nümayəndəsi (direktoru) Qanuni nümayəndə birinci instansiya məhkəməsində icraat zamanı, həm də apellyasiya icraatı zamanı onun hesabına iddiaçı tərəfindən iddia ərizəsində qeyd olunan məbləğdə pul köçürüldüyünü etiraf etmiş, lakin onun tərəfindən pul digər şirkətin hesabına köçürüldükdə həmin pul məbləğinə sanksiyaya görə blok qoyulmuş, pulun geri alınması üçün cəhd etdiyini bildirmişdir.
16. Apellyator apellyasiya şikayətinin dəlillərində qeyd etdiyi hallara dair hər hansı sübut təqdim etməmişdir.
17. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 439.1, 386.1, 442, 445.7, 462.1, 467, 567, 598.1 və 598.2-ci maddələrinə, “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanununun 1.2-ci maddəsinə, “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2023-cü il ## ###### tarixli **/**** nömrəli Qərarının 5.10-cu bəndinə və MPM-in 77.1, 443.0.2, 443.0.7-ci maddələrinə istinadla əsaslandırmışdır.
18. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması üçün həmin məhkəmə instansiyasına qaytarılması haqqında yeni qərar qəbul edilməsi xahiş edilmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. MM-in 385.1, 386.1, 448.4, 567, 598.1, 598.2, 747.1, 748.1.8, 748.2.9-cu maddələri üzrə- MM-nin 448.4-cü maddəsinə əsasən ondan asılı olmayan səbəblərə görə məsuliyyət daşımır. Məhkəmə kollegiyası işin faktiki hallarını araşdırarkən qeyd edilən maddi hüquq normasını tədbiq etməklə iddianı rədd edilməsi nəticəsinə gəlmək əvəzinə qeyd edilən öhdəliyin pozulması ilə bağlı normaları tətbiq edərək alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəlikləri kimi normalarını tətbiq etmişdir. Kollegiya öz gəldiyi gənaətini yalnız Bakı Kommersiya Məhkəməsinin hüquqi mövqeyinə əsasən əsaslandıraraq həmin qətnamədəki maddi hüquq normalarını formal olaraq təkrarlamaqla tədbiq etmişdir. Bu da qeyd edilən maddi hüquq normalarına düzgün olmayan yanaşma kimi qəbul edilməlidir.
20. Şirkət olaraq müqavilə öhdəliyi götürdükləri zaman danışıqlar apararaq sanksiya altında Rusiya Federasiyası üçün qadağan olunan mal gətirmək niyyətində olmayaraq belə bir öhdəlik də götürməmişlər və sanksiyalı mal olmağını da bilməmişlər. Mal Azərbaycan Respublikasına gəlməli idi. Malın birinci hissəsini sanksiya altında olmadığı üçün şirkət olaraq icra edərək Rusiya Federasiyasına göndərmişlər. Müqavilə imzalamış, pul köçürülmüşdür. X2 Respublikasına çıxmalı idi, Türkiyə Respublikasından isə müqavilə imzalanarkən də alıcı Rusiya şirkəti ilə dəfələrlə aydınlaşdırılıb ki, sanksiya olunmamış mal tələb edilir. Beləliklə də əsas şərt ondan ibarət olmuşdur ki, Rusiya Federasiyasına sanksiya qoyulmamış mal şərti ilə sifariş verilərək öhdəlik götürülmüşdür ki, Azərbaycan Respublikası vasitəsi ilə Rusiya Şirkətinə göndəriləcəkdir. Bildirilmişdir ki, müqavilə öhdəliyi və şərtləri ilə üzərlərinə gətirilməsini götürmüş olduqları mala sanksiya qoyulmamışdır. Malın alınması üçün 30.000 Avro pul tərəflərindən ödənilmişdir. Həmin ödəniş sənədini apellyasiya şikayətinə də əlavə etmişlər. Avropa bankında pul vəsaiti blok edilmişdir. Hal-hazırda da qaytarılması mümkün olmamışdır. İddiaçı şirkətin öz təqsiri üzündən fakturalarda sanksiya qoyulmuş mal növü göstərildiyindən, alıcı şirkət onların şirkəti aldadaraq fakturalarda ilk növbədə sanksiya qoyulmuş mallar sırasına aid olan mal növü göstərdiyindən və fakturalarda Rusiya şirkətinə gedən mal kimi göstərilmiş olduğundan cavabdehdən asılı olmayan hallara və səbəblərə görə müqavilənin icrası başa çatmamışdır və malın Azərbaycan Respublikasına idxalı baş tutmamışdır. Heç bir sənəddə malın Rusiya Federasiyasına göndərilməsi göstərilməməli idi. Azərbaycan Respublikasına daxil olduqdan sonra Azərbaycan şirkəti adından reksport olunacaqdır. O mal çıxa bilərdi, bank köçürmə qaydalarına əsasən köçürməyə sviftə faktura əlavə edilir. Rusiya alıcı şirkəti müqavilə şərtlərini pozduğuna görə və cavabdehdən yanlış olaraq gizlətməklə fakturalarda “Rusiya Federasiyası üçün” malın gətirilməsini göstərməsi səbəbindən bir daha qeyd edirlər ki, Avropa ölkəsində tərəflərindən ödənilmiş pul vəsaiti bloklanmışdır. Beynəlxalq bank vasitəsi ilə bunu araşdırmaq çox asandır. Mal Azərbaycan Respublikasına idxal olunmalı idi, üç tərəfli müqavilə əsasında mal Azərbaycan Respublikasında şirkət tərəfindən qəbul edilməli idi. Reyksportdan sonra Azərbaycan Respublikasına mal gətirilməli idi. Alıcının səhvi ucbatından cavabdehə şirkət olaraq bildirmədən fakturalarda sanksiya altında olan mal göstərilmiş və Rusiya ölkəsinə ixrac olunması öz tərəflərindən göstərildiyi üçün cavabdeh müqavilə öhdəliyinin icra olunmamasına məsuliyyət daşımırlar. Fakturalarda malın Rusiya Dövləti üçün alınması və sifariş olunması göstərilməməli idi. İddiaçı şirkət bu səhvi etdiyindən müqavilə öhdəliyi üçün şirkət olaraq məsuliyyət daşımırlar.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Kassasiya baxışının hədləri
22. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq bütövlükdə yoxlanılacaqdır.
23. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
Tətbiq edilən hüquq
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında nəzərdə tutulmuşdur:
“Maddə 390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. ...”
“Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.”
“Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. ...”
“Maddə 445. Borclunun icranı gecikdirməsi ... 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. (2023-cü il ## ###### tarixli 822- VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 445.7-ci maddə yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir). ...” “Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. ...”
“Maddə 567. Alqı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.”
“Maddə 568. Satıcının əşyanı vermək vəzifəsi 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. ...” “Maddə 575. Əşyanı vermək vəzifəsinin icra edilməməsinin nəticələri 575.1. Əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. ...” “Maddə 599. Alınan əşyaların qabaqcadan ödənilməsi 599.1. Alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. 599.2. Alıcı əşyanı qabaqcadan ödəmək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. 599.3. Qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. ...”
25. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 1. Qanunun tətbiqi dairəsi və tətbiq edilməli hüququn müəyyən edilməsi
1.1. Bu Qanun xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq normalarını müəyyən edir. ... 1.3. Tətbiq ediləcək hüququ müəyyən etmək barədə tərəflərin razılığı aydın ifadə olunmalı və ya bütövlükdə götürülməklə müqavilənin şərtlərindən və işin hallarından bilavasitə irəli gəlməlidir. ...”
26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...” “Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...” “Maddə 106. İşdə iştirak edən şəxslərin izahatları
106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. ...”
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab etmir.
28. Belə ki, hazırkı işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən iddiaçı üzərinə düşən öhdəlikləri tam icra edərək, müqavilə üzrə ödənişləri cavabdehə ödəmiş, cavabdeh isə ödənilən pulun müqabilində iddiaçıya malları təhvil verməmişdir. Malların təhvil verilməməsi cavabdeh tərəfindən mübahisələndirilməmişdir.
29. Cavabdeh malların təhvil verilməməsinin iddiaçının təqsiri ucbatından olduğunu bildirsə də, bunu təsdiq edən sübutları işə baxan məhkəmələrə təqdim etməmişdir.
30. Qeyd olunmalıdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM-in 14.2, 77.1, 80, 81-ci maddələri).
31. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə MM-in alqı-satqı müqaviləsini tənzimləyən normalarının tələblərinə uyğun olmuş, kassasiya şikayətində istinad olunan maddi hüquq normalarının pozuntusuna yol verilməmişdir.
32. Kassasiya şikayətinin məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlı dəlilləri üzrə qeyd edilməlidir ki, hazırkı icraat çərçivəsində araşdırma aparılmır, onlara qiymət verilmir (MPM, maddə 407).
33. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
34. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara alır:
Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.