Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-81/2026 08.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının Ərizəçi x1 maraqlı şəxs X3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Ərizəçi x1 maraqlı şəxs X3 qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsindən ərizəçi tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları
1. x1“əmlakın siyahıya alınması haqqında” 2022-ci il ## ######## tarixli *********** nömrəli qərarının surətindən görünür ki, X3 vergi öhdəliyi Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirilmədiyi üçün əmlakının siyahıya alınması qərara alınmışdır.
2. “Əmlakın siyahıya alınması haqqında” 2022-ci il ## ######## tarixli *********** nömrəli protokoldan görünür ki, vergi ödəyicisi kimi X3 dövlət büdcəsinə ödənilməmiş borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə özünün iştirakı ilə ona məxsus 21.000 manat dəyərində əmlak siyahıya alınmışdır, bu barədə müvafiq akt tərtib olunmuşdur.
3. x1 tərəfindən X3 ünvanlanmış 2023-cü il # ###### tarixli **************** nömrəli xəbərdarlıq məktubundan görünür ki, həmin məktubda X3 2022-ci il ## ######## tarixində müvafiq borcuna görə 21.000 manat dəyərində əmlaklarının siyahıya alındığı bildirilmiş və həmin tarixdən 30 gün müddətində vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar dövlət büdcəsinə tam ödənilmədikdə, siyahıya alınmış əmlakların satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq edilmişdir.
4. Bakı Inzibati Məhkəmənin 2024-cü il ## #### tarixli qərarı ilə X3 2023-cü il ## ###### tarixinə dövlət büdcəsinə ödənilməmiş 16.436,69 manat borcunun ödənilməsini təmin etmək məqsədilə onun 21.000 manat məbləğində siyahıya alınmış əmlakın hərrac vasitəsilə satılması qərara alınmışdır.
Iş üzrə məhkəmə icraatı
a) Birinci instansiya məhkəməsindəki icraat
5. x1 (bundan sonra-“ərizəçi”) maraqlı şəxs X3 (bundan sonra-“maraqlı şəxs”) qarşı ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan fiziki şəxs tərəfindən dövlət büdcəsinə olan 2.091,9 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 152,66 manat, Işsizlikdən Sığorta Fonduna olan 6,44 manat borcun ödənilməsini təmin etmək üçün maraqlı şəxs barəsində (şəxsiyyəti təsdiq edən sənədin FIN nömrəsi– *******, seriya və nömrəsi AA3941305) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi (bundan sonra-“VM”) ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün 2025-ci il # ####### tarixinə vergi ödəyicisi olan maraqlı şəxsin (VÖEN: 5701455282) Işsizlikdən Sığorta Fonduna 6,44 manat, Dövlət Sosial Müdafiə Fonduna 152,66 manat, dövlət büdcəsinə 2.091,9 manat (o cümlədən, əmlaka yönəldilən məbləğ üzrə vərəqə 2.091,9 manat) olmaqla, ümumilikdə 2.251 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə VM-in 65-ci maddəsinə əsasən 2022-ci il ## ###### tarixli 2250021267737100, 2023-cü il ## ###### tarixli 2350020498025600, 2022-ci il # ###### tarixli **************** nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir.
7. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il ## ####### tarixli e-2-2(113)- 8220/2025 nömrəli qətnaməsi ilə ərizə rədd edilmişdir (hakim K.Hüseynov).
8. Məhkəmə qeyd etmişdir ki, işə əlavə olunmuş şəxsi hesab vərəqində 2.091,9 manat vergi borcunun əmlaka yönəldildiyi və ödənmə tarixinin 2025-ci il ## ##### tarixi qeyd olunduğu göstərilmişdir.
9. Internet Vergi Idarəsinin vergi borcu barədə məlumatına görə isə maraqlı şəxsin adına (VÖEN: 5701455282) 2025-ci il ## ####### tarixinə olan vergi borcu 0 manat təşkil etmişdir. Bundan başqa maraqlı şəxsin vergi ödəyicisi olan fiziki şəxs kimi Icbari Tibbi sığorta Fonduna (6,44 manat) və Dövlət Sosial Müdafiə Fonduna (152,66 manat) olan borcu cüzi məbləğ təşkil etdiyindən, maraqlı şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması üçün əsas ola bilməz. Belə ki, borcun ödənilməsinin təmin edilməsi üçün tətbiq olunan tədbirlə tələb edilən borc arasında mütənasiblik olmalıdır. Ölkədən getmək məhdudiyyətinin tətbiqi üçün maraqlı şəxsin vergi borcunu ödəməkdən yayınma məqsədilə ölkədən getmək ehtimalı olmalıdır. Belə olan halda, maraqlı şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması üçün əsas mövcud olmamışdır.
10. Beləliklə, ərizəçinin irəli sürdüyü faktiki hallar onun tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Nəzərə alınmalıdır ki, hər hansı tələb üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi ərizəçinin tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
11. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyinə görə, müdaxilə “təcili ictimai ehtiyaca” cavab verirsə, xüsusilə qanuni məqsədə mütənasibdirsə və onu əsaslandırmaq üçün milli hakimiyyət orqanları tərəfindən verilən səbəblər “müvafiq və yetərli”dirsə qanuni məqsədlər üçün “demokratik cəmiyyətdə zəruri” hesab olunur. Vətəndaşın ümumi maraqları ilə hərəkət azadlığı hüququ arasında ədalətli tarazlığın olubolmaması məsələsi işin bütün xüsusiyyətlərinə görə nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə belə qənaətə gəlmişdir ki, ərizə təmin edilməməlidir.
12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyanın 71-ci maddəsinin 2-ci hissəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X2 (X1) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 2017-ci il ## ### tarixli Qərarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 355-5 və 335-7-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
13. Ərizəçi həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, ərizənin təmin olunmasını xahiş etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – Z.Şirinov, hakimlər – T.Mahmudova və L.Əliyeva).
15. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, şəxsi hesab vərəqində 2.091,9 manat vergi borcu əmlaka yönəldilmiş və ödənmə tarixi 2025-ci il ## ##### tarixi qeyd edilmişdir. Internet Vergi Idarəsinin vergi borcu barədə məlumatından isə müəyyən edilmişdir ki, maraqlı şəxsin adına (VÖEN: 5701455282) 2025-ci il ## ####### tarixinə olan vergi borcu 0 manat təşkil edir.
16. Hazırda tələb olunan borc məbləği əmlaka yönəldilmiş, əmlakların satılması ilə bağlı hərracın keçirilməsinə dair məhkəmə qərarı qanuni qüvvəyə minmişdir. Indiki halda maraqlı şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması demokratik cəmiyyətdə zəruri və mütənasib olmamışdır. Belə ki, şəxsin ölkədən getmək hüququnu məhdudlaşdırmaq üçün borcun həcmi, onun sabitliyi və ya proqnozlaşdırıla bilən dinamik artımı, yəni müəyyənliyi və vergi ödəyicisinin borc məbləği barədə lazımınca xəbərdar edilməsi, onun mübahisəyə qədərki davranışları, müvafiq borcların vaxtıvaxtında
17. ödənilməsi kimi halları, bu məcburiyyət tədbiri tətbiq edilmədən müvafiq borcların ödənilməsi imkanları kimi şərtləri nəzərə almaq mütənasibliyin əsas tələblərindəndir. Əks yanaşma onunla nəticələnər ki, şəxsin konstitusion vəzifəsi ilə konstitusion hüququ arasında balans pozular və konstitusion hüququn mahiyyəti dəyişər, həmçinin dövlətin və başqa şəxslərin mənafeləri ilə maraqlı şəxsin individual mənafeləri arasında mütənasiblik pozular ki, bu da demokratik cəmiyyətin tolerantlıq, plüralizm kimi dəyərlərinə ziddir.
18. “X4rşı” işdə isə məhkəmə qeyd etmişdir ki, hökümət ölkəni tərk etmək hüququnun məhdudlaşdırmanın zəruriliyinin nədən ibarət olmasını izah etməmiş, zəruriliyə əsas olan halları göstərməmişdir. Nəticədə xaricə getmək hüququnun məhdudlaşdırılmasının mütənasibliyinin zəruri qiymətləndirilməsi aparılmamış, bu məhdudiyyətin tətbiq edilməsi əsaslandırılmamış, ərizəçinin vəziyyəti öyrənilməmişdir. Bütün hallarda, daxili hakimiyyət orqanları şəxsin öz ölkəsini tərk etmək hüququna qoyulan məhdudiyyətin əvvəlcədən və tətbiq edildiyi müddətdə əsaslandırılmış və işin hallarına nəzərən mütənasib olmasına nəzarət etməlidir. Daxili hakimiyyət orqanları şəxsin sərbəst hərəkət etmək hüququnu məhdudlaşdıran tədbirlərin əsaslandırılmış olubolmadığını vaxtaşırı nəzərdən keçirmədən onları uzun müddət tətbiq edə bilməz.
19. Hazırkı qəbildən olan işlərin həllində vergi orqanları və məhkəmələr tərəfindən mütənasiblik prinsipinin (görülən məhdudlaşdırma tədbirinin gözlənin nəticələrə adekvat olması) gözlənilməsi mühüm əhəmiyyət kəsb edir. Işə baxan məhkəmələr hər bir halda məhdudiyyət tətbiq edərkən bu tədbirin mütənasiblik meyarına cavab verib-verməməsinin araşdırılmalıdır. Sadəcə borcun mövcud olması bu məhdudiyyətin tətbiq edilməsi üçün kifayət deyildir.
20. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9.3.6-cı maddəsinə, VM-in 16.1.1, 23.1.15-3, 24.0.2-1, 77.3 və 78.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X2 (X1) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 2017-ci il ## ### tarixli Qərarına, MPM-in 26.2 və 355- 5.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
21. Ərizəçi həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv, ərizənin isə təmin olunmasını xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
22. Maraqlı şəxsin 2022-ci il ## ######## tarixinə dövlət büdcəsinə ödənilməmiş 20.575,39 manat borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 21.000 manat məbləğində siyahıya alınmış əmlakın hərracda satılması barədə vergi orqanı tərəfindən Bakı Inzibati Məhkəməsinə müraciət olunmuşdur. Bakı Inzibati Məhkəməsinin 2024-cü il ## #### tarixli e-*-*(***)-****/**** nömrəli qərarı ilə vergi orqanının iddiası təmin edilmiş, cavabdehin 2023-cü il ## #### tarixinə borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 16.436,69 manat borcunun ödənilməsini təmin etmək məqsədilə onun 21.000 manat məbləğində siyahıya alınmış əmlakı hərrac vasitəsilə satılması qərara alınmışdır. Qeyd olunan qərar qanuni qüvvəyə mindikdən sonra borc məbləği əmlaka yönəldilən məbləğ üzrə vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə işlənilmişdir.
23. Qanunvericiliyə uyğun olaraq sifarişin alındığı tarixdən 3 ay keçməsinə baxmayaraq, siyahıya alınmış əmlaklar ticarət şəbəkəsində satılmadığı üçün Bakı Kommersiya Məhkəməsinin 2024-cü il ## ### tarixli e-*-*(***)-****/**** nömrəli icraat vərəqəsinin icrası mümkün olmamışdır.
24. Əmlakın siyahıya alınma tədbiri, həmçinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı məhkəməyə ərizə ilə müraciətin edilməsi vergi orqanının hüququ kimi qanunvericilikdə təsbit olunmuş, hər iki tədbir borcun ödənilməsi üçün təsir tədbiri vasitəsi kimi müəyyən edilmişdir. Qeyd etmək lazımdır ki, vergi qanunvericiliyi göstərilən hüquqların ardıcıllığını və ya bir-birindən asılılığını müəyyən etməmişdir. Bu üsulların paralel, yaxud biri digərindən müstəqil şəkildə həyata keçirilməsi imkanı qanunvericiliklə məhdudlaşdırılmamışdır.
25. Mövcud təcrübə göstərir ki, borcların vergi ödəyicisinin əmlakı hesabına ödənilməsi kifayət qədər vaxt və inzibati resurs tələb edən tədbirdir. Belə ki, siyahıya alınması mümkün olan əmlakın müəyyən edilməsindən həmin əmlakın özgəninkiləşdirilməsinə qədər olan çoxsaylı mərhələlərin keçilməsi həddindən artıq vaxt, eləcə də əlavə subyektlərin iştirakını (hərracın təşkilatçısı kimi çıxış edən müvafiq orqan və ticarət şəbəkələri) tələb edir və bir sıra hallarda yekunda əmlak satılmamış qaldığı üçün mülkiyyətçiyə qaytarılır. Göründüyü kimi, bu tədbirin vergi öhdəliklərinin məcburi icrası vasitəsi olaraq önə çəkilməsi inzibati imkanların qənaəti prinsipi ilə qəti şəkildə uzlaşmır.
26. Işə əlavə edilmiş fiziki şəxs haqqında məlumatdan görünür ki, vergi ödəyicisinin bank hesabı olmadığı üçün vergi orqanı tərəfindən sərəncam qoyulmamışdır.
27. Hazırkı iş üzrə inzibati orqanın borclu hüquqi şəxsin rəhbəri barədə tətbiq olunmasını istədiyi məhdudiyyət tədbiri qanuni olmaqla yanaşı, həm də çatmaq istədiyi məqsədə mütənasibdir. Belə ki, burada söhbət borclu hüquqi şəxsin rəhbərinin ölkədən çıxışına qadağanın yalnız həmin borc məbləği ödənilənədək qoyulmasından gedir. Belə ki, VM-in 24.1.2-1-ci maddəsinə əsasən, vergi orqanları vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.
Kassasiya baxışının hədləri
29. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
30. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
Tətbiq edilən hüquq
31. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 16. Vergi ödəyicisinin vəzifələri 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.1. qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək; ...”
“Maddə 23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: ... 23.1.15-3. vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək; ...”
“Maddə 24. Vergi orqanlarının vəzifələri 24.1. Vergi orqanları: ... 24.1.2-1. vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə; ...”
“Maddə 77. Vergi öhdəliyi ... 77.3. Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. ...”
“Maddə 78. Vergi öhdəliklərinin yerinə yetirilməsi 78.1. Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. ...”
32. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 9. Azərbaycan Respublikası vətəndaşlarının ölkədən getmək və ölkəyə gəlmək hüququ ... 9.3. Vətəndaşın ölkədən getmək hüququ yalnız aşağıdakı hallarda müvəqqəti məhdudlaşdırıla bilər: ... 9.3.6. məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədinin könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək; ...”
33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X2 (X1) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 2017-ci il ## ### tarixli Qərarında aşağıdakılar nəzərdə tutulur:
“... Konstitusiyanın 28-ci maddəsinin III hissəsində və beynəlxalq-hüquqi sənədlərdə təsbit olunmuş bu hüquqların vacibliyinə baxmayaraq, onlar mütləq deyil və məhdudlaşdırıla bilər. Konstitusiyada bu hüquqlara dair məhdudiyyətlərin hədləri dəqiq müəyyən olunmuşdur (Konstitusiyanın 71-ci maddəsinin II hissəsi və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3-cü maddəsi). Belə ki, onların məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüquqlarının mahiyyətini dəyişməməlidir. ...”
34. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti ... 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.”
“Maddə 355-5. Ərizənin verilməsi 355-5.1. Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. ...”
Kassasiya instansiya məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi).
36. Ərizəçinin kassasiya şikayətində qeyd etdiyi dəlillər, apellyasiya şikayətinin əsaslandırılması üçün irəli sürdüyü dəlillərlə eyniyyət təşkil edir.
37. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir. Belə ki, işin mübahisə olunmayan hallarına görə, maraqlı şəxsin dövlət büdcəsinə olan borcunun ödənilməsinin təmin məqsədilə sonuncuya qarşı Bakı Inzibati Məhkəməsinə müraciət olunmuş, həmin məhkəmənin 2024-cü il ## #### tarixli qərarı qəbul edilmişdir. Qərar qanuni qüvvəyə minərək, icraya yönədilmişdir.
38. Göründüyü kimi, ərizəçinin eyni vergi borcunun alınması üçün artıq vergi qanunvericiliyinin tələblərinə müvafiq olaraq digər məhdudlaşdırıcı tədbir (eyni vergi borcuna görə siyahıya alınmış əmlakın satılması) görülmüşdür.
39. Məhkəmə kollegiyası ərizəçi tərəfindən vergi ödəyicisinin dövlət büdcəsinə olan borcuna görə artıq bir məhdudlaşdırıcı tədbirin görüldüyünü, buna baxmayaraq ikinci məhdudiyyətin tətbiqinin zəruriliyinin əsaslandırılmadığını nəzərə alaraq, şikayətin həmin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir.
40. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmişdir. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
41. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
qərara alır:
Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.